SİRLƏr xəZİNƏSİ



Yüklə 0,58 Mb.
səhifə1/17
tarix31.01.2017
ölçüsü0,58 Mb.
#6766
  1   2   3   4   5   6   7   8   9   ...   17
NİZAMİ GƏNCƏVİ

SİRLƏR XƏZİNƏSİ



* * *
Şəfqətli, ədalətli tanrının adı ki var,

Hikmət xəzinəsini açan açardır, açar.

Hər sözün, düşüncənin odur əvvəli sonu.

Nə söyləsən, tanrının adıyla qurtar onu.

Qüdrətilə varlığa həyat verər həyatda,

Əbədiyyət timsalı özüdür kainatda.

Ən ulu sərkərdədir gərdişdəki aləmə,

Cavahir həmaili yaraşıqdır qələmə.

Hər səxavət çeşməsi yaranıbdır əliylə,

Kainatı qurubdur öz qadir əməliylə.

O, gizli pərdəsini açar sirli göylərin,

Üstünə pərdə çəkər hər günahın, hər şərin.

Bəzəyər qaş-daşıyla sinəsini hər dağın,

Ləpəsi - suyun hüsnü, gül-çiçəyi - torpağın.

Arifləri hər zaman fəzilətə səsləyər

Nemətini sevəni nemətilə bəsləyər.

Ağlın zərif sapına muncuğu yaraşıqdır,

Ağlın tutqun gözləri qüdrətilə işıqdır.

Müqəddəs alınlara səcdə damğası vurur,

Tacıyla tacidarlar yer üzündə taxt qurur.

Pozulmaz hökmləri hökmüylə pozan odur,

Günahları əfv edən, mərhəmət yazan odur.

Harayı bir darğadır məhşərdən qorxanlara,

Çeşməsi həyat verər təlaş yaxan canlara.

Dəyişməzdir varlığı, dəyişməzdir xisləti,

Dəyişdirər varlığı, kainatı, xilqəti.

Əzəməti yanında iki dünya əbəsdir.

Əvvəlimiz, sonumuz anicə bir nəfəsdir.

Təməlləri sarsılmaz kainatda yox tayı,

Bu mülkün bir sahibi varmı ondan savayı?

Yaratdığı yerlə göy çox boşalıb dolacaq.

Bu varlıq olmasa da - olmuş, olub, olacaq.

Peyğəmbərlər can atdı ilk sirrinə xilqətin,

Bu sirri açammadı, bu sirr çətindir, çətin.

Sirlər dəryasıdır əzəl gündən bu dünya.

Sonsuz səhradır mülkü, əbədidir bu səhra.

Əvvəlini arasan - əzəlsiz bil sən onu.

Axırını sorsalar - sonsuzluqdadır sonu.

Keşməkeşli həyatda canlı, cansız nə ki var.

Hamı onun köləsi, özü qadir hökmdar.

Ondan başqa nə varsa, ömrü deyil əbədi,

Onun ülvi varlığı bilməz ki, heçlik nədi.

Könlündə cilvələnən huri-mələk özüdür.

Nərgiz gözlərindəki nurlu bəbək özüdür.

Üzündə ismətin də, qısqanclığın da odu.

O, həm göz yaşı verər, həm də məhəbbət odu.

Ecazkar qüdrətinə min-min afərin söylər

Parlaq aylı, günəşli, sonsuz cəlallı göylər.

Gizləsə kərəmini nurlu pərdədə - tüldə.

Bitməz şəkər qamışı, bitməz tikanlı gül də.

Yaşıllıq - kərəmiylə canlanıb abad oldu,

Varlığın kölələri yoxluqdan azad oldu.

Dünyanı yaratmağa o, can atdığı zaman,

Dolaşıqlı fələyin çətin işləri yaman.

Məşəqqətli düyünü açdı qadir əməli,

Gecənin saçlarından qopdu gündüzün əli.

Cavahir boyunbağı göyün boynunda yandı.

Gecənin qıvrım saçı ulduzlarla darandı.

Kəməndindən çıxmağa məgər fələk çalışdı?

Torpağın kəmərində yeddi ulduz alışdı,

Günəş ağ qəba geydi, ay isə qara cübbə,

Yarandı mavi göydə dümağ, qapqara qübbə.

Gövhər səpən buludlar mirvari səpsin deyə,

Göydə qopdu gurultu, şimşək döndü nizəyə.

Qəlbindən dərya açdı buludların zöhrəsi,

Xızırın çeşməsilə güldü çəmən çöhrəsi.

Kəhrəba zərrə yağdı sübhün camı günəşdən.

Daşlar yağan zərrəni təşnətək uddu dən-dən.

Suyla od ülfət tutdu təbiətdə birinci,

Daşda yaqut yarandı, bəyaz sədəfdə inci.

Buxarlandı küləkdən yerin ürək qanı - su,

Daşın qanlı bağrında qana qatdı yaqutu.

Fələk açdı comərdlik bağındakı gülləri,

Dillərdə dastan etdi söz quşu bülbülləri.

Dilin tər xurmasından ürəyə nəşə doldu,

Ağızın incisinə qulaq bir sədəf oldu.

Bircə göz qırpımında gözünü yumdu guya,

Kəraməti can verdi həyat bəxş etdi suya.

Tökdü yerin saçların cahanın qucağına,

Asilik xalı qoydu Adəmin yanağına.

Getdi qızıl lövhədən natəmizlik qubarı.

Buludun göz yaşını gülə səpdi, baharı.

Ulduzlar pardaqladı çöhrəsini səmanın.

Gül-çiçəyin üstündə canı əsdi səbanın.

Bağrına qan axan gil - bəşərin ilk təməli,

Tutdu ağlın nəbzini ürəklə loğman əli.

Təbəssüm qəmi qovdu açıldı, güldü çöhrə,

Gecələrə nəğməkar, müğənni oldu Zöhrə.

Qaranlıq ənbər saçır qucağında gecənin,

Təzə ay bir sırğadır qulağında gecənin.

Söz dünyanı dolaşıb, sirlər açıb başıyla.

Sındırıbdır başını dərgahının daşıyla.

Quru, boş xəyallarla çox gəzib hər yeri o,

Yenə əliboş dönüb qapısından geri o.

Ürək də sorağında dolaşdı çox, tapmadı,

Göz də xeyli aradı, gördü ki, yox, tapmadı.

Ağıl dedi: "Çatdırım axtarışı mən sona".

Ədəbi gözləmədi, ədəb öyrətdim ona.

Kim başını keçirib bu sehrli halqaya,

Dönübdür sorağında bənizi solğun aya

Mələklər qanadlanıb cəlalını öyərlər,

Kəramət sahibləri qapısını döyərlər.

Qulluq halqası taxıb ərşi-fələyin özü,

Torpağın qəlbinə də od salıb eşqin közü.

Şəfadır xəstələrə, sinəsi dağlılara,

Qasidi nicat verər ayağı bağlılara.

Dərgahına pərdədir hicablı fələk ki var,

Pərdəsini yırtmağa əl atmamış ruzigar.

Sökə bilsə pərdəni, fələk çətin sökərdi,

Söksəydi, göy üzünü yer üzünə tökərdi.

Aciz yeri bağlayıb yəhərinin qaşına,

Nizami göz yaşını tökər yerin daşına.

Zavalsızdır birliyi, sonsuzdur cah-cəlalı,

Əbədidir cahanda şahlığı, şah cəlalı.

Könül can aynasının qubarını hey silər,

Qapısının torpağı olmağı şərəf bilər.

Gül-çiçəyə can verər dərgahının torpağı,

Gülzarının yanında yalandır İrəm bağı.

Qüdrətinə sübutdur Nizaminin varlığı,

Canı - vəhdət tarlası, könlü - gülüzarlığı.




MİNACAT

1
Sən, ey bütün varlığa həyat verən, can verən!

Gildən yaranmışlara nəfəs verən, qan verən!

Bayrağın altındadır, ulu tanrı, xilqətin,

Biz səninlə mətinik, sənsə əzəldən mətin.

Mümkünmüdür bənzədək varlığını bir şeyə?

Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə.

Dəyişməyən özünsən bu sonsuz kainatda,

Ölməzliyin timsalı varlığındır həyatda.

Biz hamımız faniyik, əbədiyyət sənindir,

Uca göylər, qüdsiyyət, təmiz niyyət sənindir.

Hökmünlə, fərmanınla dolandırırsan yeri.

Sütunsuz saxlayırsan yaşıl günbəz göyləri.

Donqar, qozbel fələyi sən gətirdin dövrana,

Vücudun qazanında duz qatdın duzsuz cana.

Fitrətin səkil göydə yaratsa əks-səda.

Səndən başqa kim deyər: "Allah, mənəm" dünyada.

Sən olmasan, gəlməzdi eşqin quşu pərvaza;

Mehraba uyan aşiq uymaz ki, işvə-naza.

Dünya qalan zamandan kərəminin selində,

Yer üzünü inlədir ağır yükü belində.

Kərəm beldən gəlməsə, görsə köməksizdi yer,

Çoxdan qarnı cırıqdı, çoxdan göbəksizdi yer.

Səcdə həmayilini kim deməz: mən taxaram,

Səndən başqa varlığa səcdə haramdır, haram.

Səndən danışmayanda susa bilmək yaxşıdır.

Sənsiz yada nə düşsə yaddan silmək yaxşıdır.

Nur camından nur içər gecənin saqisi Ay,

Səhərin qumruları damında salar haray

Təklikdə görün gözə, aç üzdən pərdəni sən,

Qurtar gün camalınla bu zülmətdən məni sən.

Gücün gucsüz fələyi təzələsin yenidən,

Dünyanın kələfini çözələsin yenidən.

Poz belə bir dövranın xeyirlə şər işini,

Dağıt səyyarələrin seyrini, gərdişini.

Kəs dillərin sözünü, kəs dillərin özünü,

Əzəlki fənalığa qaytar yerin özünü.

Zülmət aşiqlərini işıqsız zülmətə at.

Cavahirə uyanlar görməsin cavahirat.

Altıbucaqlı taxtı devir, yıx əməlinlə,

Uçsun doqquz pilləli minbər fələk əlinlə

Yerdə gilə qarışsın ayın nurlu haləsi,

Sınsın Zühəl daşıyla Zöhrənin piyaləsi.

Gecənin həmayili ulduzları tök yerə.

Gecə gündüz quşları həsrət qalsın şəhpərə.

Gil-palçıq təpəsini kürü yerin üzündən,

Bir kərpic qəlibi də yayınmasın gözündən.

Asimanın alnından gecənin tozunu al.

Ucalmağa tapmasın Cəbhə, Əxbiyə macal.

Yeni varlıq yaratmaq düşsə də öz öhdənə,

Əvvəlki yoxluğuna varlığı qaytar, yenə.

Dünyanın nizamını yenidən qur, təzələ.

Çarxı qütbün başına dönməkdən azad elə.

Suyunla zülm odunu söndür yer üzündə sən,

Torpağı yelə tapşır sehranda, düzündə sən.

Münəccim kitabını yandırıb qora döndər,

Münəccim səcdə qılan kahini kora döndər.

Bürcündən çıxar ayı, qoy yersiz qalsın hilal,

Bu pərdəni götür ki, boşa çıxsın boş xəyal.

Tanrının varlığına olmaz onda sözləri,

Yoxluğa məhkumluğa şahid olar özləri.

Qəzəbinə gələsi çoxdur aramızda, çox.

Gileyli, şikayətçi yoxdur aramızda, yox.

Kimin qanını töksən, halaldır qanı sənə,

Sən kimi dara çəksən, qurbandır canı sənə.

Qəlbi ağlın nuruyla döndərmisən qəndilə.

Şirin-şirin danışmaq öyrətmisən sən dilə.

Hökmünlə vaxt olar ki, uzanar da gecələr,

İşıqlı gündüzünü qoymaz darda gecələr.

Sənsən qütbə mətanət, çarxa dövran, hərəkət.

Varlıq bağı suyundan alıb bəhər, bərəkət.

Qönçə açıb ağzını deyir ki: kölənəm mən.

Gülün canı olsam da, sənsiz tez ölənəm mən.

Nəsimdən xumar deyil nəstərəni bu bağın,

Gözünə tutiyatək işıq verib torpağın.

Şölə saçan çırağa döndərmisən süsəni,

Dil açıb, öz dilində alqışlayır o səni.

Nizami vəhdətinin carçısı bir bəndədir,

Hər iki dünyada da nicat gözü səndədir.

Düşüncə dünyasını hünərlə abad eylə,

Boynunu qəm yükündən ömürlük azad eylə.

2
Sən, ey bəşər yox ikən, əzəl gündən var olan.

Sən - əbədi qalansan, biz - torpaq, qubar olan.

Dövran özü yəhərlər mindiyin kəhərini.

Yeddi fələk çiynində gəzdirər yəhərini.

Dərbədər dolanaraq "pənah ol" deyənik biz,

Qapının halqasıtək qapını döyənik biz.

Nəğmə səsi, ney səsi qoy yayılsın hər yerə,

Könülaçan nəğməkar özünsən könüllərə.

Sorağınla nəsibdir sonsuz ümid, qorxu, dərd,

Günahları bağışla, sən ki, comərdsən, comərd!

Köməksiz biçarəyik, əlinlədir çarəmiz,

Sən də çarə qılmasan, kimdən umaq çarə biz?

Dağınla dağlanmışıq, - damğamız aşikara,

Yad damğalı tazıyla şahlar çıxmaz şikara.

Taleyimiz belədir, pozu yoxdur yazıya,

Sən bizi döndərmisən bir damğalı tazıya.

Aman, bu necə dildir, - qanad verib sözünə.

Ar bilir dinməyi də, susmağı da özünə.

Hardan qanad almışam? Bir belə uçmaq nədir?

Mən kiməm? Səcdə ilə torpağı qucmaq nədir?

Can necə bu dəryadan keçməyə yol tapıbdır?

Ürək necə belə bir çeşməyə yol tapıbdır?

Lal kimi heyrətdəyik, nə deyək dost-tanışa?

Allahı tanıyanın dili olmaz danışa.

Peşmanıq, yersiz sözlər çox çıxar dilimizdən,

Sənsə səxavətini gəl əsirgəmə bizdən.

Uça-uça gəlmişik bu, cəlallı dərgaha.

Qalıbdır ümidimiz, gümanımız allaha.

Həmdəm ol, ey dərdlinin hər dərdinə təsəlli.

Çarəsizə çarəsən, loğmanlığın da bəlli,

Köç gedib, biz qalmışıq, gəlmir zınqırov səsi,

Kimsəsizik, kimsəsən, kimsəsizlər kimsəsi!

Kimə pənah aparaq səndən başqa dünyada?

Pənah varmı sığınaq? Amandır, yetiş dada!

Yalnız öz dərgahındır bizim qibləgahımız,

Əgər sən də olmasan, kim olar pənahımız?!

Dərgahına əl açan varmıdır bizim qədər?!

Gözlərindən qan saçan varmıdır bizim qədər?!

Keçməsən - günahkarıq, bağışlasan - günahsız,

Pənah ol pənahsıza, qoy qalmayaq pənahsız.

Nizaminin adında şərəfli adın vardır,

Qulluğuna layiqsə, - cəlallı hökmdardır.

Alqışın nemətilə barındır, dilini aç,

Onun könül mülkünə şer-sənət nuru saç.

SONUNCU PEYĞƏMBƏRİN ŞƏNİNƏ
Varlığın lövhəsinə ilk söz yazanda qələm, -

Əhmədin "əlif"ini yazıbdır onda qələm.

"Əlif" "hey"i mülkünə hakim edəndən bəri,

"Dal" onun boyunbağı, "mim" də ki bir kəməri.

Bu kəmər, boyunbağı edib camal sahibi,

Səadət dünyasında olub kamal sahibi.

Bu günbəz ki, kərpici saçar firuzətək nur, -

Onun cənnət bağında tər-təzəcə turuncdur.

Turuncun adətidir: gül açmaz ilk baharda,

Meyvəsi yetişəndə gəlib çıxar bahar da.

Peyğəmbərlik bayrağı göylərə qalxan vədə

Sonuncu peyğəmbərlik verildi Məhəmmədə.

Ay - zəbərcəd üzükdür, nurlandırır dağ-daşı,

Məhəmməd möhürüylə parlayır onun qaşı.

Dünyanın sırğasıdır adındakı hər bir "mim",

Hər iki cahanı da edib özünə təslim.

Yer üzünə elçidir, İsatək qulu vardır,

Müjdəçi müjdəçidir, çapar da ki çapardır.

Dünyaya dərs almamış natiq kimi gəlibdir,

Dərsi - Məsihin "mim"i, Adəmdəki "əlif"dir.

"Ənbiya" kəlməsinin həm əvvəli həm sonu.

Əhdinə, vəfasına "əlif"tək düz bil onu.

Varlığı ən işıqlı bir nöqtədir varlığa,

Hər sözü, hər kəlamı səslər bəxtiyarlığa.

Təkəbbür, lovğalıq da o bilmədi cahanda,

Cahandan uca başı əyilmədi cahanda.

Kəlamıyla təlimin artdı şöhrəti, şanı,

Əlçatmaz, ünyetişməz fələklərdir eyvanı.

Müqəddəs dərgahında hicabdadır nəbilər,

Müqəddəslik onunla ləkələnmək nə bilər.

Günahkarın gözləri kor qalıb qürbətdə də.

Məkkədən xərac alıb, bac alıb qürbətdə də.

Sükutu səni yaxar, göz kor olar tüstünə.

İstəyi pərdə çəkər günahların üstünə.

Ədalətlə yatırar hər qovğanı, savaşı,

Onu sevməmək olmaz, sevəni sanma naşı.

Varlıq dəyirmanını fırlandıran oxdu, ox,

Üstümüzdə ağadır, səxavəti çoxdu, çox.

Əzəliyyət dərsindən əbədilik dərs alıb,

Ürəyinə qürbətin öz çırağı nur salıb. -

İşığıyla dolubdur günəşin qızıl tası,

Meracından Ay olub göydə hilal parçası.

Ərşdə merac gecəsi öz taxtını qurubdur.

Başına tac qoyubdur, belə kəmər vurubdur.

Gecənin səməndinə nal vurub, göyə uçub,

Nəfəsinə yer üzü dar gəlib, - deyə uçub.

Səhərin mələkləri səkil atı gətirib,

Həsrətindən, darıxan yer üzünə yetirib.

Alapaça toxdayıb, nəfəs alır haçandır,

Nizami - yəhərinin örtüyünü açandır.



PEYĞƏMBƏRİN MERACI
Gecənin bir aləmi o günəş göydə yandı,

Aləmi nurlandıran məşəli alovlandı.

Fələk gəcavəsinə göz olmuşdu gözüylə,

Ay, Zöhrə məşəlini gəzdirirdi özüylə.

Yeddi iqlim, altı səmt, dörd cəhət öz yerində,

Kainatın özü, də, yox oldu nəzərində.

Gündüzün ürəyini həsrəti oda yaxdı,

Gecənin qulağına vüsalı sırğa taxdı.

Düşməninin gözləri gedən zaman yuxuya,

Yuxunu cilovladı o, ülvi bir duyğu yad.

Dünyanın qəfəsində qəlbi sıxılır deyə.

Uçdu könlünün quşu səssiz-səmirsiz göyə.

Qanad salıb dayandı qulluğunda mələklər.

Sevincindən bilmədi heç neyləsin fələklər.

Ruhu qanadlı quşdu, canı ona qəfəsdi,

Qəlbini qəlbimizə tay eləmək əbəsdi.

Mübarək qədəmini haraya ki basardı,

Hər tağ onun önündə uçan qala, hasardı.

Heyrətindən gəlmişdi vəcdə iki cahan da,

Baş əyib eləyirdi səcdə iki cahan da,

Ayağı toxunduqca uça-uça pilləyə,

Hər dəfə ucalırdı uca-uca pilləyə.

Yelqanadlı köhləni arxada qoyub uçdu.

Atının tərliyini mələklər göydə qucdu.

Kainat dəryasında oldu parlaq bir inci,

O inciylə parladı göyün tacı birinci.

Torpağın öküzündən dür qapdı göy öküzü,

Gecənin gövhərilə güldü zülmət göy üzü.

Bu səfərdə göylərdən töhfə aldı, bac aldı.

Cövzadan kəmər aldı, Xərçəngdənsə tac aldı.

Sünbül döndü, ətirli, təravətli sünbülə,

Əsədin pəncəsinə qolazlandı Sünbülə.

Gecənin siqlətini ölçməkdimi qərəzi?

Zöhrə onu çəkirdi əllərində Tərəzi.

Çəkməyə daşı yoxdu, necə çəkəydi Mizan?!

Siqlətinə mat qalıb ona baş əydi Mizan

Zanbaqtək quyruğuna zəhər dolub Əqrəbin,

Süsənbər zəhərini kəsən olub Əqrəbin.

Kamanın oxu süzüb yayındı başqa yana,

Dönmədi otlağında Oğlağın, bağrı qana.

Günəş camallı Yusif Dol içində oturdu,

Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu.

Həməlin sinəsində qurdu Sürəyya taxtı.

Gül-çiçəyin ordusu düzə axdı, nə axdı.

Yüksək cəlallı bağın, gülü hər yanı sardı,

Yer üzü çiçəkləri sayrışan ilk bahardı.

Gecə gündüzə döndü göydə günəşmi güldü?

Xəzan bilməz baharda sərvə dönən bir güldü.

Nərgizli, güllü bağda ürəyi də axmadı.

Sürməli nərgiz gözü bir gülə də baxmadı.

Yeddi göyün hikməti ona bəlliydi daha,

Mübarək qədəmini basmalıydı dərgaha.

Yırtdıqca ulduzların pərdəsini ayağı

Mələklərin çiynində dalğalandı bayrağı.

O ənbər nəfəsindən gecə bilmədi məlal.

Atının dırnağından bir nala döndü hilal.

Bu merac gecəsində qatı zülmət heç nədi,

Buraqın ayağından şimşək öpmək istədi.

At deyil, göyərçindi, kəklikdi, qızıl quşdu,

Ya humaydı, qumrudu, - bəs bu necə uçuşdu?

Firuzə döşəməli pillələrlə yüksəldi.

Ərşlə dizbədiz olub, gültək əl üstə gəldi.

Ərş evində sidrəni əyninə köynək saydı,

Ərş ətəyində qaldı, başı ərşdən ucaydı.

Müşayət eləyənlər özlərini yordular,

Əldən-dildən düşdülər, dirəndilər, durdular.

O, qərib yolçu kimi heyrətə düşdü daha,

Qapını döymək üçün yaxınlaşdı dərgaha.

O müqəddəs pərilər, mələklər artıq hanı?

Tənha qalan özüydü, bir də təxti-rəvanı.

Elə yolla getdi ki, yoxdu, bircə sirdaşı,

Sirdaşı tənhalıqdı burda hər qədəm başı.

Kim onunla bu sirrin dərgahına yovuşdu.

Mənəvi aləmiylə ülviyyətə qovuşdu.

O, xilqətin başına şərəfli bir tac oldu,

Ərş bu ülvi nemətə əbədi möhtac oldu.

Asimanda elə ki, başa vurdu yolları,

Bayrağını yellətdi ərşin büllur qolları.

O cismani varlığın yalnız nəfəsdi canı,

Onunla yol gedirdi can mülkünün sultanı.

Elə ki ərş evini dolaşdı başdan-başa,

Təlaş cana, ürəyə yol açdı başdan-başa.

Bədən öz xəznəsinə pənah apardı daha,

Göz onu axtarsa da, çətin tapardı daha.

Bir göz ki əzəl gündən qüdrətdən nur alıbdır.

Qaranlığa, zülmətə daim işıq salıbdır.

Yollar yoran qədəmi necə mətindi, mətin,

Göz önündən götürdü pərdəsini xilqətin.

Getdikcə, sonsuz yollar çoxaltdı təlaşını,

Çıxartdı kainatın yaxasından başını.

Məkansız bir məkanın dərgahına çatanda.

Comərdliyin nuruyla nurlandı qəlbi canda.

Onu sirli pərdədə qısqanclıq bürüyəndə.

Çaşqınlığın əlinə keçdi cilov, yüyən də.

Həşəmətli dərgaha səcdəylə basdı ayaq,

Vüsal öz əlləriylə hicabı açdı bayaq.

Aya - qədəm atmağı atdı başın üstünə,

Can min təlaş gətirdi bir təlaşın üstünə.

Qədəmi incimədi, dönmədi də yolundan,

Axtardı. "Gəl" deyərək tutan hanı qolundan?

Hər sözün ixtiyarsız sədasıdır hər kəlam,

Salamına cavabdı eşitdiyi o "salam".

Ecazkar bir işıq ki, hey yanırdı sönmədən,

Gözlərinə göründü boş xəyala dönmədən.

Cövhərsiz mayasızdır gözə dəyən varlığı,

Hər varlıqdan uzaqdır görünməyən varlıqı.

Tanrının dərgahında qəlbi nura büründü,

Xəlvətdə görünən kəs aşkarda da göründü.

Onu gözdən gizləmək çətin olar, şübhəsiz.

"Görməmişəm" deyənin korluğu var, şübhəsiz.

Məbudun ziyarəti savabdır, savab, bəli,

Camalı görməlidir, görməlidir, görməli!

Bu sehrli pərdənin yoxdu yeri, məkanı,

Vüsalına çatmağa imkan hanı, vaxt hanı?

Kim arayıb, axtarıb bu pərdədə yerini.

Ha çalışıb, tapmayıb heç bir yerdə yerini.

Varlığına varsa da, hanı olduğu dərgah?

Allah ola bilməzdi yeri bilinsə hərgah.

Qüdrətini danma ki, kafirlik, xamlıq olar,

Yerini axtarma ki, o da avamlıq olar.

Sanma görüb-görüşdü peyğəmbər də özüylə,

Gördü ağlın gözüylə, ürəyinin gözüylə.

Başına qaldıraraq həqiqətin camını,

Mərhəmət badəsilə məst elədi hamını.

Tanrının iltifatı həmdəm oldu, öyündü.

Haqq - rəhimli, qılıqlı, o da ki, ərköyündü.

Şəkər dodaqlarına xoş təbəssümdü adət,

Dilədi ümmətinə bəxtiyarlıq, səadət.

Hikmət xəzinəsindən vara yetirdi cəhdi,

Bəxtəvərə döndərdi hər diləyi, hər əhdi.

İqtidar sahibitək döndü haqq dərgahından,

Yer üzündə hamidir o, hamıya yaxından.

Eşqin ülvi gücüylə göylərə yüksəldi də,

Bir nəfəsə getdi də, bir nəfəsə gəldi də.

Hər kəlamın, hər sözün möhürdür dilimizə,

Ətrin - can məlhəmidir, onu çox görmə bizə.

Bu comərdlik mülkündə ol səxavətli hami.

Qoy sözünü şəninlə başa vursun Nizami.





Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin