Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə135/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   131   132   133   134   135   136   137   138   ...   147
 

 

YANDIRIR BU ÖLÜM... 

 

Fikrət Əmirov vəfat etdi... 



Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da 

dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin 

saflığından, təmizliyindən deyəcək. 



 

419


Düzdür, illər keçəcək, dünyanın böyüklü, kiçikli müxtəlif konsert zallarında, 

radioda, televiziyada «Azərbaycan», «Azərbaycan qravürləri», «Azərbaycan 

kapriççiosu» dünən və bu gün olduğu kimi, yenə  də Fikrət  Əmirovun doğma 

xalqından, doğma torpağından söhbət açacaq. 

Düzdür, illər keçəcək, Sevilin ariyası yenə də insan iradəsindən xəbər verəcək, 

Balaşın ariyası  dərdləri təzələyəcək, «Nəsimi» insan xislətinin böyüklüyündən, 

«Nizami» insan dühasının ucalığından deyəcək, «Min bir gecə» bu gün olduğu kimi, 

yenə də etibardan və xəyanətdən söz salacaq, şuxluq gətirəcək, yalnız müəllifin yox, 

xalqın istedadından söyləyəcək... 

Düzdür, bütün bunlar belədir, düzdür, Fikrət Əmirov sənəti heç vaxt ölməyəcək

həmişə bizimlə bir yerdə olacaq, nəvələrimizlə, nəticələrimizlə bir yerdə olacaq, 

əsrləri adlayacaq, amma yenə də... yenə də yandırır bu ölüm... 

Insan getdi... Bütün ölümlər kimi, bu ölüm də vaxtsız oldu. 

Xəstə Qasım hələ dörd əsr bundan əvvəl sazı sinəsinə sıxıb deyirdi: 

 

Neçə qəhrəmanlar gəldi dünyaya, 



Köç vaxtı yetişdi, tez oldu getdi... 

 

Əlbəttə, Xəstə Qasım düz deyir, belədir, beyin bunu dərk edir, amma ürək dərk 



etmir, ürək dərk etmək istəmir. 

X  ə s t ə    Q  a  s  ı m: «Dünya dediyin bir fanidir, fani, əzəl Nuh gəlmişdi, 

görünmür, hanı?» – soruşurdu və  əlbəttə, bu sual cavabsızdır, bunu bilirik, dərk 

edirik, amma hər dəfə  də bu dünyadan bir insan köçəndə sarsılırıq, bütün 

hisslərimizi, həyəcanlarımızı matəm toranı bürüyür. 

Həmin insan yalnız özünə, yalnız öz ailəsinə, yaxınlarına, dostlarına yox, bütün 

xalqa, vətənə  məxsus olanda, o sarsıntı daha dözülməz olur, o toran işıq ucu 

görünməyən bir zülmətə çevrilir. 

Həmin insan sənətkar olanda, öz əzizləri ilə birgə, xalqı, vətəni ilə birgə, kitablar 

da ağlayır, simfoniyalar, tablolar da ağlayır. 

Ağlamaların ən müdhişidi bu. 

 

Dəli könül, məndən sənə əmanət: 



Demə bu dünyada qalım yaxşıdı. 

 

Yox, aşıq baba, yox, Xəstə Qasım, qalım yaxşıdı, ölümdənsə qalım yaxşıdı və 



sən dəli könlünün sözünü kəsmə, bu dünyada qalım yaxşıdı... 

Nə  təəssüf ki, nə acı ki, «ölüm»lə bağlı, «qalım»la bağlı insanın iqtidarı 

daxilində bir şey yoxdur. 

Və bu yerdə, əlbəttə, insanların ən xoşbəxti sənətkardır, əsl sənətkar. 

Fikrət Əmirov kimi sənətkar. 

Fikrət Əmirovun sənəti «qalım»lı sənətdir. 

O sənətdə Fikrət  Əmirovun duyğuları yaşayır, hissləri, həyəcanları yaşayır, 

Fikrət Əmirovun ürəyi döyünür. 

Bu, ömrün vəfasızlığı, sənətin isə, vəfası, ilqarıdı... 

Həmin duyğular, hisslər və  həyəcanlar, həmin ürək döyüntüsü həmişəlikdir, 

daimidir... 

...amma yenə də... yenə də yandırır bu ölüm... 



 

 


 

420


24 fevral 1984.  

Bakı. 

 

 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin