Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat


Oxu təlimi üzrə işlərin nəzəri və didaktik əsasları



Yüklə 131,95 Kb.
səhifə6/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
OTM (mühazirə mətnləri) yeni

3. Oxu təlimi üzrə işlərin nəzəri və didaktik əsasları
Oxu təlimi üzrə işlərin nəzəri və didaktik əsaslarını tədqiq etmək üçün əvvəlcə “Şüur nədir?”, “Şüurluq nədir?‖, “Bunlar arasındakı fərq nədən ibarətdir?‖, “Oxunun şüurluluğu ilə digər vərdişləri arasındakı qarşılıqlı əlaqə necə baş verir?‖ və s. suallara cavab axtarmaq lazım gəlir. İctimai varlığın inikası olan şüur obyektiv reallığı, maddi aləmdə cərəyan edən hadisələri, prosesləri özündə əks etdirir, onun adekvatı olur. Birincisi, şüur təbiət və cəmiyyət haqqında biliklərin məcmuyudur. İdrakın müxtəlif proseslərinin (duyğu, qavrayış, təfəkkür, təxəyyül, hafızə və s.) köməyi ilə bizim biliklərimiz fasiləsiz olaraq zənginləşir, dəqiqləşir və bitkinləşir. İkincisi, insanın şüuru ilə maddi varlıq arasındakı münasibətləri qarşılaşdırmağı, fərqləndirməyi, özünün hərəkətlərini, gündəlik fəaliyyətlərini qiymətləndirməyi, daxili aləminə nəzər salmağı, zənginləşdirməyi həyata keçirir. Uçüncüsü isə şüur qarşıya qoyulmuş məqsədəuyğun fəaliyyətin formalaşmasını təmin edir: məsələn, tutaq ki, hər hansı bir mətnin məzmununun şüurlu şəkildə dərindən mənimsənilməsi, yaxud birbirinə zidd olan iki obrazın (müsbət və mənfı) qarşılaşdırılması və səciyyələndirilməsi oxu təliminin qarşısında məqsəd kimi qoyulmuşdur. Beləliklə, məzmunun mənimsənilməsi, obrazların ayrı-ayrılıqda xarakterlərinin səciyyələndirilməsi şagirdin məqsədyönlü praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Deməli, insanın məqsədyönlü fəaliyyəti onun şüurluğunu təmin edir. Bu prosesdə oxu özünəməxsus funksiya yerinə yetirir, nəticədə biliklər xəzinəsi zənginləşir və inkişaf edir.
Görkəmli psixoloqlar göstərirlər ki, şüur və fəaliyyət vəhdət təşkil edır. Şüur şagirdin praktik fəaliyyətinin əsasıdır. Onun əsasında şagird oxuya yiyələnir; oxuduğunu qavrayır, başa düşür, yadına salır, lazım gəldikdə məzmununu danışır; ətraf aləm haqqında biliklərə yiyələnir. Şüurlu oxu prosesində şagirdlər mətndə işlənən bütün söz və cümlələrin həqiqi və məcazi mənasını öyrənməklə orada irəli sürülən əsas fıkirləri bir-birindən ayırd etməyi bacarmalıdırlar. Əks təqdirdə, şagird hər hansı mətni şüurlu oxumursa, mətndəki sözlərin, ifadələrin, cümlələrin məzmununu düzgün başa düşmürsə, onu mexaniki hafızəyə əsasən yadda saxlayırsa, oxuduğunun ideya, məzmununu da düzgün müəyyənləşdirə bilmir. Quru əzbərçiliyə əsaslanan bu oxu, əzbərlənən məzmun tez də yaddan çıxacaqdır. Deməli, oxu materiallarının dərindən mənimsənilməsi, dərk olunması şüurlu oxunun nəticəsidir.
Qeyd etdiyimiz kimi oxu təliminin ən mühüm keyfiyyətlərindən biri oxunun şüurluluğudur ki, savad təlimi dövründən oxunun şüurluluğu təmin olunmazsa, şagird sonralar oxuduğunun mahiyyətini dərk etməkdə çətinlik çəkəcəkdir. Oxunun şüurluluğu oxunmuş mətnin məzmununun şagirdlər tərəfindən mənimsənilməsini tələb edir. Oxunun şüurluluğunun təmin edilməsi ibtidai siniflərdə çox zəruridir. Oxu prosesində bir çox sözlərin mənasının dərk olunmaması və ya yanlış dərk olunması mətnin məzmununun başa düşülməməsinə gətirib çıxarır. Əsərin məzmununu anlaşılmaması həmçinin oxu sürətinin, ifadəli oxu bacarıqlarının ləngiməsinə səbəb olur. Şagirdlərin şüurlu oxu bacarıqlarına daha fəal yiyələnmələri üçün qavrayışın dərinləşdirilməsinə yönəlmiş məşğələlərin təşkili məsləhətdir. Məsələn: Şagirdlərin mətnin məzmununu qavramağa hazırlaşması; əsər oxunandan sonra iki-üç sualla məzmunun necə qavrandığının yoxlanması; lüğət üzrə işlərin aparılması; əsərə planının tərtib edilməsi; seçmə oxunun təşkili; mətnin məzmunun nağıl edilməsi; idraki və tərbiyəvi nəticənin çıxarılması; mətnin məzmununun uşaqların həyatı ilə əlaqələndirilməsi.
Şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnməsi üçün şüurlu oxu mühüm şərtdir. Ona görə də ibtidai siniflərdə izahlı oxu dərsləri təşkil edilməlidir. Oxu zamanı lüğət üzrə aparılan işlər məhz oxu prosesinin şüurluluğunun təmin olunması məqsədini güdür. İzahlı oxu və lüğət üzrə işlərin aparılması şagirdlərin fəallığı və sözlərin izahına dair bacarıqlara yiyələnməsi ilə müşayiət edilir.Şüurluluq:

  • mətndə hər bir sözün;

  • söz birləşməsinin;

  • cümlənin mənasının dərk olunmasında;

  • bütövlükdə mətnin məzmununun başa düşülməsində;

  • şagirdlərin mətndəki hadisə və surətlərə öz münasibətini bildirməsində özünü göstərir.

Şüurlu oxu zamanı şagird:

  • mətnin məzmununu başa düşür;

  • hekayədəki əsas fikri izah edir;

  • əsərdəki faktları təsvir edir;

  • əsərdəki şəxsin davranış motivlərini,

  • münasibətini, niyyətini müəyyənləşdirir;

  • müəllifin fikrini, əsərin ideyasını başa düşür;

  • əsərə öz münasibətini bildirir;

  • yazılı nitqdə durğu işarələrinin funksiyasını başa düşür;

  • əsərdə qəhrəmanın fikirlərini başa düşür və ona münasibət bildirir; 

  • oxuduğu əsasında həyat həqiqətlərini başa düşür.

Oxu prosesində vəziyyətdən asılı olaraq müxtəlif çətinliklər meydana çıxır. Şifahi nitq uşağa tanış olan situasiyada baş verir və aydın başa düşülür. Mətndə isə yazılı nitqdən istifadə olunur. Oxunun şüurluluğuna nail olmaq üçün aşağıdakı vasitələrdən istifadə olunması məqsədəuyğundur:

  • Əyaniləşdirmək (mövzunun dərk olunmasında şəkillərdən istifadə mühüm əhəmiyyət kəsb edir);

  • Mətnin məzmununun şagirdlərin həyat müşahidələri ilə əlaqələndirilməsi;

  • Mətndəki söz, ifadə və cümlələrin məntiqi mənası və emosional çalarlığının açılması;

  • Mətndəki obrazların konkretləşdirilməsi;

  • Mənası çətin sözlərin dəqiq izah edilməsi.

Oxunun şüurluluğunun təmin edilməsi üçün məllim əvvəlcədən mətni oxuyub, təhlilini aparmalıdır. Mətndə olan yeni söz və ifadələrin izahı yollarını müəyyənləşdirməlidir. Məsələn: mətn üzrə təqribi olsa da real varlığı yaratmaq: mətnin, ondakı faktların, hadisələrin məzmununu izah etmək; mətnin məzmunu əsasında emosional mühit yaratmaq, hekayənin əsas fikrini izah etmək; hadisə və faktların təsvirində iştirak edən şəxsin davranış motivlərini və məzmununun arxasında hadisələrin mənasını görmək; müəllifin məqsədini, əsərin ideyasını başa düşmək; əsərin məzmununu başa düşmək onu qiymətləndirmək və öz münasibətini bildirməyi bacarmaq; yazılı nitqin ifadəliliyini (durğu işarələri, sözlərin sırası, nida, digər ifadə vasitələri) başa düşməyi öyrətmək; müəllifin ustalığını, əsərin ideyasını, başlıca mənasını, qəhrəmanın fikirlərini, həyəcanını ifadə etmək üçün işlətdiyi ifadələri başa düşmək və dəyərləndirmək; oxuduğu əsasında müasir həyatımızın həqiqətlərini
başa düşmək və qiymətləndirmək .
Oxunan materialın məzmunu şagirdin yaddaşına bütövlükdə həkk olunur, şagird onun müxtəlif epizodlarını, hissələrini, ayrı-ayrı obrazları, onların hərəkətini məntiqi ardıcıllıqla izləyir, təhlil edir, daxili məna və rabitələrini, incəliklərini öyrənir.
Şagirdin tam fəaliyyətini təmin etmək üçün oxunun düzgünlüyünə, sürətinə, ifadəliliyinə və şüurluluğuna xüsusi diqqət yetirilməli, bunlar arasındakı qarşılıqlı əlaqələr, birinin digərinin inkişafına göstərdikləri müsbət təsir nəzərə alınmalıdır.
Oxunun səmərəliliyi mətnin məzmununun açılmasına xidmə edən sualların qoyuluşundan çox asılıdır. Metodik ədəbiyyat və məktəb təcrübəsi sübut edir ki, bu sualları xarakterinə görə üç şəkildə qruplaşdırmaq olar:

  • oxunmuş mətnin məzmununu şagirdlərin təsəvvüründə yenidən nlandırmağa xidmət edən suallar;

  • oxunmuş mətnin məzmununun, əsas məğzinin, ideyasının açılmasına, hadisələrin necə cərəyan etməsinə, onların səbəb və nəticə əlaqələrinin müəyyənləşdirilməsinə və s. xidmət edən suallar;

  • oxunmuş mətndən əsas nəticənin çıxarılmasına, mətnin məzmununun ictimai həyatla, uşaqların müşahidə və təcrübələri ilə əlaqələndirilməsinə xidmət edən suallar.

Oxu təliminə müəyyən tələblər verilir:

  • məzmunun müxtəlif vasitələrlə əyaniləşdirilməsi;

  • məzmunun şagirdlərin müşahidələri, şəxsi təcrübələri ilə əlaqələndirilməsi və onların aldıqları bilik və bacarıqlarının dairəsinin genişləndirilməsi və elmi əsaslar zəminində sistemə salınması;

  • mətndəki söz və ifadələrin, ayrı-ayrı cümlələrin emosionalekspressiv məna çalarlığının şagirdlərin şüurunda tam mənası ilə əks olunması;

  • mətndəki söz və ifadələrin, obrazların konkretləşdirilməsi və abstraktlaşdırılması üçün situasiyanın yaradılması;

  • mətndəki əsas fikrin, məzmunun və ideyanın şagirdlərə mənimsədilməsi.

Bu tələbləri həyata keçirmək üçün məktəb təcrübəsində ən optimal iş formalarından istifadə olunmalıdır:

  • mətndəki çətin söz və obrazlı ifadələrin şagirdlərə seçdirilməsi, onlarm sinonimlərinin axtarılıb tapdırılması, mənaların arasındakı fərqli cəhətlərin izah etdirilməsi və yaxud müəllim tərəfindən aydınlaşdırılması;

  • sözlə onun ifadə etdiyi əşya, təbiətin konkret obyekti arasında əlaqənin yaradılması;

  • oxşar və bir-birinə əks olan müxtəlif əşyanın ümumi və fərqli cəhətlərinin müqayisə əsasında müəyyənləşdirilməsi, bir neçə əlamətin tapdırılması və ən əsaslarının ayrılması;

  • emosional-ekspressiv məna çalarlı sözlərin stilistik cəhətdən neytral vahidlərlə müqayisə etdirilməsi və həmçinin onların mənalarının açdırılması, yaxud müəllim tərəfindən izah edilməsi;

  • mətndəki antonim sözlərin seçdirilməsi və mənalarının izah etdirilməsi;

  • mətndəki çoxmənalı sözlərin seçdirilməsi və onların izah etdirilməsi;

  • müxtəlif obrazlar, onların hərəkəti arasındakı oxşar və bənzər cəhətləri ifadə edən söz və söz birləşmələrinin seçdirilməsi;

  • müxtəlif mətnlərdə eyni əşyaya aid olan epitetlərin müqayisə etdirilməsi və onlarin emosional-ekspressiv məna çalarlığının müəllim və şagirdlər tərəfindən izah edilməsi, şagirdlərin özlərinə epitet seçdirilməsi;

  • mətnin məzmunu ilə əlaqədar şəkillərin tərtibi və onlara başlıqların verilməsi;

  • mətndə iştirak edən iki-üç obrazın müqayisəli şəkildə xarakteristikasının tərtib etdirilməsi;

  • oxunmuş materialın yaradıcı (yığcam, müxtəsər, kitabda olduğu kimi və öz sözləri ilə, mətndə nağıl edəni dəyişməklə, məzmunla bağlı illüstrasiyalarla və s.) nağıl etdirilməsi;

  • əvvəlcədən verilmiş söz və ifadələri işlətməklə mətnin məzmununun nağıl etdirilməsi;

  • mətnin müəyyən epizodlarını, fabulasını, onlara yaxm olanları ilə əvəz etməklə nağıl etdirilməsi;

  • dialoqlu mətnlərin mimik və jelistikulyasitik hərəkətlərlə (improviziya üzrə) nağıl etdirilməsi;

  • təsvir olunan hadisənin, süjetin dinamik inkişafına uyğun şəkil və sözlərlə bir neçə kadrın tərtibi, yaxud ekranlaşdırılması;

  • oxunmuş mətnin məntiqi cəhətdən bitkin hissələrə ayrılması,

  • onlara başlıqların verilməsi, başqa sözlə, plan tərtib etdirilməsi;

  • mətnin məzmununa uyğun şifahi hekayələrin qurdurulması;

  • hekayənin sonunda verilmiş atalar sözlərinin həmin hekayənin məzmun və ideyasına nə dərəcədə uyğunlaşdırılması, aydınlaşdırılması və məzmunu ilə bağlı atalar sözlərinin tapdırılması.

IV sinif şagirdlərinin mətn üzərində iş prosesi zamanı şagirdlərdə təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətləri, müstəqil fıkir söyləmək, fakt və hadisələrə düzgün qiymət vermək bacarıqları formalaşdırır.

4. Oxu vərdişlərinin təkmilləşdirilməsi


I-IV siniflərdə oxu təliminin əsas vəzifələrindən biri şagirdlərin oxu vərdişlərinin təkmilləşdirilməsidir. Məlumdur ki, oxu texnikasının dörd komponenti (düzgünlük, sürət, ifadəlilik və şüurluluq) mövcuddur. Şagird mətndəki sözləri düzgün oxumadıqda, onların mənasını da anlamır, onda səhv, yanlış təsəvvürlər yaranır. Bunlar şagirdin oxunan mətnin məzmununu şüurlu şəkildə mənimsəmələrinə, müstəqil və yaradıcı düşünmələrinə və məzmunu şüurlu şəkildə nağıl etmələrinə mane olur. Ona görə də şagirdlər belə səhvə yol verdikdə müəllim onları təkrar oxutdurmalıdır. Oxunun şüurluluğunda ikinci əsas məsələ sürətdir. lazımi oxu sürətinə yiyələnməyən şagird bütün diqqətini ayrı-ayrı sözlərin, cümlələrin düzgün oxunmasına yönəldir. Təsvir olunan fakt və hadisələri, obrazları, onların hərəkətini yadlarında saxlaya bilmir, xarakterlərini müəyyənləşdirməyi bacarmırlar. Beləliklə də, mətnin məzmunu gizli qalır, açılmır. Ümumiyyətlə, oxu təlimi prosesində şagirdlərdə düzgün, sürətli ifadəli oxumaq bacarıqlarının formalaşdırılması məzmunun şüurlu mənimsənilməsinə əsaslı təsir göstərməklə, onların real varlıq haqqındakı təsəvvürlərini zənginləşdirir, nitq və təfəkkürlərinin inkişafına güclü təkan verir. İstər səsli , istərsə də səssiz oxu aşağıdakı tələblərə cavab verməlidir.

  • düzgünlük;

  • sürət;

  • şüurluluq;

  • ifadəlilik;

Bu tələblərin hər biri ayrı-ayrılıqda əhəmiyyətlidir və onların arasında aşağıdakı qanunauyğunluqlar var:

  • Oxunun sürəti onun şüurluluğu ilə tənzimlənmirsə, öz-özlüyündə o qədər də əhəmiyyət daşımır.

  • Oxunun düzgünlüyü mətnin məzmununun dərk edilərək oxunmasına xidmət edən bir vasitədir.

  • Oxunun ifadəliliyi də əsərin ideyasının, ondakı başlıca fikrin obrazlı, canlı, nəticə etibarı ilə şüurlu mənimsənilməsinə xidmət edir. Düzgünlük, şüurluluq, sürətlilik ifadəli oxu üçün əsas şərt hesab olunur.

Oxu prosesində normal sürət, rəvanlıq, səlislik, düzgünlük olmasa, ayrı-ayrı sözlərin mənası başa düşülsə də, hissələr, fikirlər arasında əlaqə qırılar, mətn rabitəli qavranılmaz. Oxunun düzgünlüyü dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • sözlərin aydın, səlis tələffüzü ̶ yəni onları təhrif etmədən, heca və səsləri buraxmadan, əlavə etmədən, yerini dəyişmədən oxumaq;

  • sözlərin vurğusunu düzgün işlətmək və vurğusuna görə sözün mənasının dəyişməsinə yol verməmək;

  • ədəbi tələffüz qaydalarına (orfoepik qaydalara) riayət etmək;

  • mətni sözlərlə deyil, rabitəli şəkildə, yəni cümlələrlə, yalnız cümələlərin sonunda fasilə verməklə oxumaq;

  • mətndə durğu işarələrinin tələblərinə əməl etmək;

  • sözü qrammatik cəhətdən dəyişməmək, başqa bir sözlə əvəz etməmək;

  • cümləni söz buraxmadan və ya yeni söz əlavə etmədən oxumaq;

  • sözləri və cümlələri təkrarlamadan oxumaq;

  • kəkələmə, tıntınlıq, pəltəklik kimi nitq qüsurlarına yol verməmək.

Oxunun düzgünlüyünün pozulması hallarına aşağı siniflərdə daha çox rast gəlinir. Yaxşı oxuyan şagirdlər də bəzən yorulduqda diqqətləri yayınır və səhvlərə yol verirlər. Bunun əsas səbəbi oxunan sözlərin düzgün qavranılmamasıdır. Bu halda şagird ya həmin sözün aid olduğu cümlənin mənasına əsaslanır, ya da o sözü mətndən kənarda dərk edir. Oxumağa yeni başlayan şagirdlər sözü adətən daxil olduğu mətndən (cümlədən) kənarda dərk edirlər. Şagirdlər bəzən sözdəki hecaların və ya hərflərin sayını azaldaraq, bəzən isə hecalarla oxuyurlar. Düzgün oxu bacarığı formalaşdırmağın əsas şərtlərindən biri də oxunun sürətini tənzimləməkdir. Mətndəki çətin sözləri əvvəlcədən yazı taxtasına yazıb, təhlil etmək uşaqları düzgün oxuya hazırlayır. Çətin sözləri hecalara bölüb xorla oxumaq isə oxu texnikasına yiyələnməni sürətləndirir. Oxunmuş mətn şagirdlərə yenidən oxutmaq “oxu sahəsini” genişləndirir. Təkrar oxu zamanı şagirdlərin marağı azalmasın deyə hər dəfə yeni tapşırıq vermək lazımdır. Müəllim daim şagirdlərin oxusuna nəzarət etməli, səhvlərə vaxtında düzəliş etməlidir. Oxunun düzgünlüyünə nəzarətə şagirdlərin özləri də cəlb olunmalıdırlar.
Oxunun düzgünlüyü artikulyasiyanın dəqiqliyindən asılıdır. Oxu zamanı müəllim sözlərin yazıldığı kimi oxunmasına yol verməməli, sözlərin düzgün tələffüzünü təmin etmək üçün şagirdləri orfoepik qaydalarla tanış etməlidir. Oxunun düzgünlüyünün pozulmasına danışıq üzvlərinin qüsurlu olması da səbəb ola bilər. Məsələn, “z”, “r”, “s”, “ş” hərflərini düzgün tələffüz edə bilməmək və s. Nitqində qüsur olan bu cür şagirdləri müəllim daim nəzarətdə saxlamalıdır. Onlara fərdi yanaşmaq, loqopeddən kömək istəmək və evdə müstəqil işlətmək lazımdır.
Sürətli oxu mətnin tam və keyfiyyətli mənimsənilməsini təmin edən və qeyri-ənənəvi metodlarla yerinə yetirilən oxudur. O, fəal, yaradıcı idrak prosesidir. Bu prosesdə oxucu faktları, hökmləri təhlil edir, müqayisələr aparır və nəticədə yeni biliyin təməli qoyulur. Nə qədər paradoksal olsa da, çox vaxt sürətli oxuda mətn asta oxudan daha yaxşı mənimsənilir. L.S.Vıqotski hələ 1931-ci ildə yazırdı: “İnsanlar, adətən, elə hesab edirlər ki, asta oxuyarkən anlama daha yüksək olur. Əslində isə sürətli oxuda anlama daha yaxşı olur. Sürətli oxuda proseslər sürətlə baş verdiyi üçün anlama sürəti də həmin tempə uyğunlaşır”.
Oxunu normal sürəti ifadəliliyi və məzmunun şüurlu başa düşməsini təmin edir. Həddən artıq ləng oxu sözlər və cümlələr arasında əlaqənin hiss olunmamasına, məzmunun mexaniki şəkildə qavranmasına səbəb olur.
Normal sürətlə oxumaq oxu zamanı baş verən psixi proseslərin başa düşülməsi üçün əlverişli şərait yaradır. Bəs oxunu normal sürəti necə olmalıdır? Hər bir şagird üçün normal oxu sürəti olur. Tədricən bu sürət tələb olunan normaya cavab verir. Sürəti süni şəkildə artırmaq düzgün deyil. Bədii, xüsusilə klassik ədəbiyyatı yüksək sürətlə oxumaq təbiətin gözəl guşəsinin üstündən reaktiv təyyarə ilə uçub keçməyə bənzəyir. Bu zaman, doğrudur, şagird gördüyü mənzərə ilə əlaqədar ümumi təsəvvür əldə edə bilmir, lakin oranın füsunkar gözəlliyi, cazibədarlığı, qəlbləri ovsunlayan, əsrarəngizliyi diqqətdən yayınacaqdır. Həddən artıq sürətli oxu da məzmunun incəliklərini mənimsəməyə imkan vermir, uşaqları tələskənliyə alaışdırır. Oxu təmkinlə dərkedilən olmalıdır.
Müasir proqramın tələbinə görə ayrı-ayrı siniflərdə dərs ilinin sonunda oxunun sürəti belə olmalıdır:
I sinifdə dəqiqədə 25-30 söz
II sinifdə dəqiqədə 45-50 söz
III sinifdə dəqiqədə 75-80 söz
IV sinifdə dəqiqədə 95-100 söz
İbtidai siniflərdə oxunun sürəti oxunan mətndə sözlərin heca-hərf tərkibindən, sözlərin mənalarının şagirdlərə nə dərəcədə tanış olmasından, materialın çətinlik dərəcəsindən asılı olur. Müəllim çalışmalıdır ki, təxminən III sinfin axırlarında IV sinfin əvvəllərində şagirdlərin oxusunun sürəti onların şıfahi nitqinin sürətinə yaxınlaşsın.
Oxunun normal sürətinə o vaxt nail olmaq mümkündür ki, şagirdin görmə dairəsi ayrı-ayrı sözləri deyil, birdən-birə bir neçə sözü, söz birləşməsini, cümləni görmək vərdişinə yiyələnsin. Belə psixoloji məqsəd yalnız mərkəzi görmə sahəsindən deyil, həm də gözün soldan sağa tərəf ardıcıl hərəkəti ilə ətraf görüş dairəsindən məlumat almağa imkan verir.
Oxunun yüksək sürəti tədris informasiyasının düzgün qavranması prosesinin səthi getməsinə səbəb olduğu kimi, həddən artıq ləng oxu isə şagirdlərin səs simvolikasını duymalarına mane olur. Odur ki, oxunun sürətliliyi üzrə iş apararkən onun anlamının sürətinə uyğun inkişaf etməsi təmin olunmalıdır. Yüksək sürət, şübhəsiz, onun müəllifi üçün oxunun şüurlululuğunu da təmin edə bilməz.
Sürətli oxu texnikasının mənimsənilməsində vərdiş olduqca əhəmiyyətlidir. İnsan hələ uşaqlıqdan özündə müxtəlif vərdişlər formalaşdırır: hərəkət edir, velosiped sürür, üzür və s. Bu hərəkətlər ardıcıl baş verdikdə vərdişə çevrilir və ömrü boyu davam edir. Məsələn, üzməyi bacarırsınızsa, istənilən situasiyada suda boğulmayacaqsınız. Misal üçün, təsadüfən suya düşsəniz və ya dostlarınız sizi körpüdən itələsələr belə (hətta geyimli şəkildə olsanız da), üzməyi bacarmayan insanlardan fərqli olaraq boğulmayacaqsınız. Buna bənzər hadisə sürətli oxu vərdişinə sahib insanlarda da baş verir. Bu metodla siz həmişə sürətlə oxuyacaq, informasiya okeanının üzərində qalacaq və bu okeanın sizi batırmasına imkan verməyəcəksiniz. Bununla yanaşı, sürətli oxumaqla siz oxu sürətinin əsirinə çevrilmirsiniz. Belə ki, oxunun sürəti hər dəfə mətnin növünə və məqsədinə görə tənzimlənir.
Oxunun sürəti hər bir şagirdin tələffüz orqanlarının düzgün və sərbəst fəaliyyətindən də çox asılıdır. Ona görə də müəllim daim şagirdlərin nitq aparatının daim inkişaf etdirilməsi və onların tələffüz nöqsanlarının aradan qaldırılması qayğısına qalmalıdır.
Şagirdlərin oxu sürətini tənzim etmək üçün aşağıdakı priyomlardan istifadə etmək məsləhət görülür:

  • Mətnin oxunmasından əvvəl sualların qoyulması (Bu priyom tələskənliyin qarşısını alır. Şagirdlər başa düşürlür ki, cavab vermək üçün araşdırmaq, fikirləşmək lazımdır)

  • Dramlaşdırma (Dramlaşdırma prosesində şagird əsərdə iştirak edən şəxsin xarakterinə, onun danışığına uyğun sürət seçir. O, həm də öz oxusunun sürətini yoldaşlarının oxu sürətinə uyğunlaşdırmağa çalışır)

  • Dioloji mətnin oxunması. Dialoq şəklində mətn iki şagird tərəfindən oxunur: biri sualları, digəri cavabları oxuyur. Belə mətn oxunarkən sualları yaxşı oxuyan şagirdə tapşırmaq lazımdır ki, cavab verən öz oxu sürətini uyğunlaşdıracaq nümunə görsün.

  • Əzbərlənmiş şerin oxunması (Adətən, şeir orta sürətlə oxunur. Şeir əzbərdən oxuyan şagird istər-istəməz həmin sürəti nəsr əsərlərinə də keçirməyə çalışır);

  • Mətnin hissə-hissə oxunması (Belə terminlərdə yaxşı oxuyanın fəaliyyəti ilə başlanmalıdır. Sonra oxuyanlar hekayənin ümumi ahəngini pozmaqla təsir qüvvəsini azaltmamaq məqsədilə həmin sürəti gözləməyə çalışırlar. Bu prosesdə şagirdlərin oxu sürətini düzəltmək üçün həddən artıq ləng oxuyanı sürətlə oxuyandan sonra, həddən artıq sürətlə oxuyanı isə ləng oxuyandan sonra oxutmaq məqsədəuyğundur);

  • Seçmə oxu (Əsərin qəhrəmanının xarakteristikasını, fəslin əlamətlərini bildirən sözləri tapmaq kimi tapşırıqlar şagirdləri mətni aramla, müşahidə apara-apara oxumağa vadar edir);

  • Saniyəölçənlə sürətli və şüurlu oxumaq üzrə yarışın keçirilməsi;

Oxunun normal sürəti ifadəliliyin və məzmunun şüurlu başa düşülməsini təmin edir.
Şüurluluq dedikdə, hər bir sözün, söz birləşməsinin, cümlənin və bütövlükdə mətnin mənasının başa düşülməsi nəzərdə tutulur. Oxunun şüurluluğu mətnin məzmununun şagirdlər tərəfindən mənimsənilməsini tələb edir. Oxu prosesində vəziyyətdən asılı olaraq müxtəlif çətinliklər yaranır. Şifahi nitq uşağa tanış olan bir situasiyada baş verdiyi üçün aydın başa düşülür, ancaq mətndə isə yazılı işarələrlə hələ uşağın öyrəşmədiyi məsələlərdən bəhs olunur. Mətnə aid şəkillər bu çətinliyi aradan qaldırır. Şüurlu oxu təlimi nəticəsində şagirdlər aşağıdakı bacarıqlara yiyələnməlidirlər:

  • Mətni, mətndəki faktları, hadisələrin məzmununu başa düşmək;

  • Mətnin məzmunu əsasında ideyasını izah etmək;

  • Hadisələrin və faktların təsvirində iştirak edən şəxsin davranış motivlərini, münasibətlərinin niyyətini görmək;

  • Əsərin ideyasını başa düşmək;

  • Mətnin məzmununu anlamaq, onu qiymətləndirmək və ona öz münasibətini bildirmək;

  • Yazılı nitqin ifadəliliyini (durğu işarələrini) başa düşmək;

  • Müəllifin ustalığını, əsərin ideyasını, başlıca mənasını, qəhrəmanın fikirlərini və s. başa düşmək və qiymətləndirmək;

  • Mətnin əsasında duran həyat həqiqətlərini anlamaq və qiymətləndirmək.

Şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün müəllimə aşağıdakı məşğələləri təşkil etmək tövsiyə olunur:

  • Məzmunun qavranılmasına şagirdləri hazırlamaq;

  • Məzmunun qavranılma səviyyəsini yoxlamaq;

  • Lüğət üzrə iş aparmaq;

  • Əsərin planını tərtib etmək;

  • Məzmununu nağıl etmək;

  • Nəticə çıxarmaq;

  • Məzmunu əlaqələndirmək.

İbtidai siniflərdə oxunun mühüm tələblərindən biri onun ifadəliliyidir. Oxunun ifadəliliyi həm anlayışın dərinləşməsi, həm də emosiyanın, təxəyyülün inkişafı, estetik zövqün tərbiyəsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Parlaq, ifadəli oxu uşaqların diqqətini qavramalı olduqları başlıca fikrə cəlb edir, məzmunu tam aydın, obrazlı şəkildə çatdırır. İfadəli oxu prosesində oxucu əsərin ideya məzmununa daxil olmaqla obrazların, lövhələrin xarakter xüsusiyyətlərini açmalı, hadisələrə, qəhrəmanların hərəkətlərinə, daxili aləminə, müəllifin münasibətini, hisslərini dəqiq göstərməlidir.
İfadəli oxu üçün şagirdlərə verilən ilkin tələblər aşağıdakı kimi olmalıdır:

  • Danışdığın kimi oxu;

  • Sadə və təbii oxu;

  • Oxuda durğu işarələrinin tələbini gözlə;

  • Sözləri aydın və düzgün tələffüz et;

  • Ayrı - ayrı adamların sözlərini oxuyarkən, hər şəxsin xarakterinə görə səsini dəyişdir;

  • Oxuduğun mətnin məzmununa uyğun olaraq, səsini ölç və lazım olan yerdə onu qüvvətləndirib-zəiflətməyi bacar;

  • Oxuduğun cümlələrdə yalnız fikrini deyil, eyni zamanda orada ifadə edilən hissləri də verməyə çalış;

  • Qrammatik, məntiqi və emosional vurğunu gözlə;

  • Oxu zamanı yalnız durğu işarələrinin tələbinə görə deyil, eyni zamanda mənaya görə də lazımi fasilələrə əməl et;

  • Oxu zamanı nəfəsini idarə etməyi bacar.

İfadəli oxu üçün şagirdlərin səviyyəsinə müvafiq verilən bu tələblər hər hansı bir mətnin oxunmasında irəli sürülməlidir. İfadəli oxuda müxtəlif hallar, hisslər, həyəcanlar (şadlıq, qəmginlik, təəccüb, qorxu və s.) verilir. Bir sıra halları nitqdə ifadə etmək şagirdlərə əvvəlcədən məlumdur. Şagirdlər öz adi danışıqlarında sorğu, yumşaq danışıq (incə söhbət), kobud cavab vermək, şıltaqlıq etmək və s. bu kimi hallarda intonasiyadan bacarıqla istifadə edirlər. Lakin daha mürəkkəb hiss və həyəcanları, məsələn, kinayə, istehza, zarafat, səmimiyyət və s. ifadə etməkdə çətinlik çəkirlər. Buna görə müəllim şagirdlərə nitqdə olan bu mürəkkəb əhval-ruhiyyəni ifadə etməyi oxu dərslərində öyrətməlidir.
İbtidai siniflərdə şagirdlərin ifadəli oxu üzrə ilkin vərdişlərə yiyələnmələri müəllimin özünün bu vərdişlərə necə yiyələnməsindən, şagirdlərə necə nümunə olmasından asılıdır.
Oxunun ifadəliliyinin təmin edilməsi üçün ilkin şərt mətnin məzmununun şüurlu mənimsənilməsidir. İfadəlilik isə öz növbəsində şüurluluğu artırır. İfadəli oxu vərdişlərinin yaradılması müəllimdən səbirli, qətiyyətli olmağı, müntəzəm və sistemli iş aparmağı tələb edir. Şagirdlərin emosional, ifadəli nitqə yiyələnmələri üçün ilk növbədə nitq texnikası üzrə iş aparılmalıdır. ”Nitq texnikası”anlayışına oxu və danışıq prosesində tənəffüs, səs və diksiya daxildir.

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin