NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   ...   9   10   11   12   13   14   15   16   17
XIV BÖLÜM 
 
AZƏRBAYCAN LEGĠONERLƏRĠNĠN ƏDƏBĠ-BƏDĠĠ,  
ĠDEOLOJĠ-SĠYASĠ ĠRSĠ 
 
İkinci Dünya müharibəsi illərində legioner həyatı yaşamağa məcbur olmuş 
həmvətənlərimiz  ədəbiyyat,  tarix,  incəsənət,  mətbuat,  əllinci  illərdən  isə 
ideologiya, siyasət sahəsində çox zəngin irs yaratmışlar. Şübhəsiz, bu irsi zamanın, 
dövrün,  onların  məcbur  yaşadıqları  mühitin  şərtlərindən  kənarda  tədqiq  etmək 
qeyri-mümkündür. 

Qeyd  olunmalıdır  ki,  legionerlərimizin  məhz  bu  istiqamətdəki  fəaliyyəti 
haqqında  ilk  geniş  məlumat  1995-ci  ildə  “Müsavat”  jurnalının  5-ci  sayında 
verilmişdir.  (157)  Sonradan,  2001-ci  ildə  “Ekspress”  (103-104)  və  “525-ci 
qəzet”lərdə  legion  ədəbiyyatı  nümunələri  çap  olundu.  Beləliklə,  XX  əsr 
tariximizin,  eləcə  də  XX  əsr  Azərbaycan  ədəbiyyatımızın  böyük  bir  sahəsinin 
öyrənilməsi imkanı yarandı. 
Legionerlərimizin  ədəbi-tarixi,  ideoloji-siyasi  və  mətbu  fəaliyyətinin 
öyrənilməsinin  bir  əhəmiyyəti  də  Azərbaycanın  müstəqilliyi  haqqına  sahib 
olmasının,  zəngin  keçmişə  malik  xalq  kimi  yaşamasının  dünya  ictimaiyyətinə 
çatdırılmasında  idi.  Legionerlərin bu sahədəki  fəaliyyəti  göstərirdi ki,  onlar hansı 
ölkədə  və  necə  şəraitdə  yaşamalarından  asılı  olmayaraq  Azərbaycanın 
ədəbiyyatını, tarixini, mədəniyyətini yaşatmış və təbliğ etmişlər. 
Şübhəsiz  ki,  legion  irsini  Azərbaycan  mühacirətindən  ayrılıqda  təsəvvür 
etmək  qeyri-mümkün  olsa  da,  lakin  özünəməxsus  spesifik  xüsusiyyətləri  də  yox 
deyildir. 
Azərbaycan  legionerlərinin  mətbu,  siyasi  və  ədəbi-tarixı  irsinin 
yaşadılmasında  onların  nəşr  etdikləri  qəzet  və  jurnalların,  broşuraların, 
məcmuələrin  böyük  əhəmiyyəti  vardır.  Bu  mətbu  orqanlarda  xalqımızın  tarixi, 
ədəbiyyatı,  dili  təbliğ  edilmiş,  milli  ruh,  vətənpərvərlik  hissi  qorunub 
saxlanılmışdır. 
Legion  ədəbiyyatının  ilk  nümunələrinə  1942-ci  ildən  Almaniyanın  Berlin 
şəhərində    nəşrə  başlayan    “Azərbaycan”  qəzetində  rast  gəlmək  mümkündür.  M. 
Musazadənin (Qarsalani) redaktorluğu ilə nəşr edilən qəzet toxunduğu əhəmiyyətli 
məsələlərə  və  dairəsinə  topladığı  ədəbi  qüvvələrin  mədəni,  mənəvi  əlaqələri 
qoruyub saxlamasma görə dəyərli idi. 
“Azərbaycan” qəzetinin ədəbiyyat səhifəsində legionerlər müxtəlif adlar və 
təxəllüslərlə  öz  yazılarını  çap  etdirirdilər:  legionçu  Ucadağlı,  Bülövlü  Əhməd, 
Əsiri-Şirvani,  R.  Ümid,  legionçu  Qürbətzadə,  Əsəd  Eldost,  M.  Çələbioğlu, 
legionçu T. Mustafayev, legionçu Daşqın, H. Əli, legionçu Miskin, legionçu Nəbi, 
legionçu Miryaqub, legionçu Bəxtiyarlı və s. 
Qeyd edək ki, legion ədəbiyyatında əsas başlıca mövzu Vətən həsrəti, Vətən 
sevgisidir. Bu şerlərdə və ədəbi nümunələrdə  Azərbaycanın həsrəti, doğma  yurdu 
görmək,  oraya  qayıtmaq  istəyi  çox  təsirli  səhnələr  yaradır.  Legioner  Ucadağlı 
“Mən” şerində bu həsrəti belə ifadə edirdi: 
Soruşma halımı vəfalı dostum,  
Çünki vətənimdən aralıyam mən.  
Uçan durnalarla uçmaq istərəm.  
İncə qanadlardan yaralıyam mən. (7) 
Legioner Ucadağlının “A dağlar” şerində də vətən məhəbbəti, yurd həsrəti 
əsas aparıcı motivə çevrilmişdir. Müəllif uzaq düşdüyü elinin-obasının həsrət dolu 
ağrısından əzab çəkərək bir zaman qoynunda gəzdiyi dağlara üz tutaraq deyir: 

Bir gözəl ceyranım, bəyaz sinəlim,  
Gəzərdi sinəndə sənin, a dağlar!  
Ürəyim sevinib qəlbim şad olur,  
Camalın görəndə sənin, a dağlar! 
 Güllərin xəzana dönəndən bəri,  
Sönübdür könlümün bil ki, şəhpəri.  
Qırat ilxıları, qoç sürüləri  
Toplanmır dövrəndə sənin, a dağlar! (157) 
Vətən  sevgisi,  yurd  həsrəti  legioner  Bülövlü  Əhmədin  də  yazılarında  öz 
əksini tapırdı: 
Mən sevirəm milləti, həm vətəni,  
Millətim Türk, vətənimdir Azəri!  
Şanlı bir ölkədir, yoxdur heç misli,  
Hər dürlü səfası vardır ölkəmin. (7) 
Legion  ədəbiyyatında  Stalin  rejimini  pisləyən,  bolşevik  ideologiyasını  sərt 
tənqid  atəşinə  tutan  poeziya  nümunələri  də  çoxluq  təşkil  edir.  Şerlərin  birində 
göstərilirdi: 
Vuraq bolşevizmin dağılsın kökü, 
 Azadlığın əsl zamanı gəlmiş. (104) 
 
Digər legioner T. Mustafayev isə “Ana” şerində yazırdı: 
Şir kimi girmişəm bu gün meydana
 Soyğunçu bolşevik məhv olsun deyə.  
Qoy ağ günəş doğsun Azərbaycana,  
Məhəbbət bayrağı ucalsın göyə. (104) 
 
Vətənin  azadlığı  və  istiqlalı  mövzusunda  legion  ədəbiyyatında  çoxlu 
nümunələrlə  qarşılaşmaq  mümkündür.  Belə  nümunələrdən  birinə  -  legioner 
Yıldırımın “Var bizim ellər” şerinə diqqət yetirək: 
Yüksələr göylərə ziynətli taxtım,  
Açılar bağlanmaz taleyin, baxtın.  
Vətən! Yaxınlaşır azadlıq vaxtın,  
Parlaq gələcəyin var, bizim ellər. (103). 
 
Legioner  Nəbinin  şerlərində  isə  vətən  məhəbbəti,  vətən  ayrılığı  hissləri 
olduqca emosional və təsirlidir: 
Mən sənə qurbanam vətən, sən nə qədər şirinsən,  
El bilir, aləm bilir Fərhad mənəm, Şirin sən.  
Oylağısan, yurdusan pələngin sən, şirin sən,  
Sən mənim ürəyimsən, ürək bəndsiz olmaz. 
 Könül vətənsiz olmaz! (103). 

 
Legionerlərin şerlərində doğma Azərbaycana həsrət, vüsal ümidləri, vətənin 
hüsnünü, gözəlliyini tərif elementləri oxunaqlı və poetikdir. 
Legioner  M.  Çələbioğlu  öz  fikir  və  duyğularını  qoşma  janrında  da  ifadə 
edərək yazırdı: 
Mən ağlaram, can ağlar,  
Canlarda vicdan ağlar.  
Qara geyir, a dostlar,  
Azərbaycan qan ağlar. (103) 
Legioner  Miskin  isə  “Ey  cavanlar”  şerində  vətən  azadlığı  hisslərini  belə 
ifadə edirdi: 
Sən bir cəsur türk oğlusan, qəhrəman!  
Azad elə öz yurdunu düşməndən! (7) 
Qeyd edək ki, legionerlərin yaradıcılığında sevgi, məhəbbət duyğulu şerlər 
də  üstünlük  təşkil  edir.  “Əsiri-Şirvani”  təxəllüslü  bir  legioner  “Can,  a  sevgilim” 
şerində yazırdı: 
Nə qədər istərəm olum mən də şad,  
Əsla olmayıram qüssədən azad.  
Gecə-gündüz edirəm dərd əlindən dad,  
Dönübdür ürəyim qana, sevgilim! (157). 
 
Legioner Daşqının “Gözəl qız” şeri də bu baxımdan oxunaqlıdır: 
Nə gözəl çəkibdir kamil sənətkar,  
Qaşların bənzəyir yaya, gözəl qız.  
Gözlərin göylərin sürəyyasıdır, 
Buxağın şux salır aya, gözəl qız. 
 Qırqovul bəzəkli, tuti dilli sən,  
Tovuz yaraşıqlı, durna tellisən,  
Mina gərdənlisən, incə bellisən,  
Heyranam qamətə, boya, gözəl qız! (103) 
 
Qeyd edək ki,  legionerlərimizin ədəbi yaradıcılığında  qəzəl  janrına  da  rast 
gəlmək  mümkündür.  Legioner  şair  Şamil  Atabəyin  “Bu  imiş”  qəzəli  təsirli  və 
ifadəlidir: 
Bəxtimin, taleyimin hökmü-qisası bu imiş,  
Həm səadətli günün sonda sədası bu imiş.  
Bir bəla ilə qərib qürbətə düşdüm, nə edim,  
Tanrının mən yazığa rəhmi-rəvası bu imiş. (13, s. 22) 
 
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının gözəl nümunələrini yaratmış bəzi 
legionerlərin  də  şəxsiyyətini  müəyyənləşdirmək  mümkün  olmuşdur.  Belə  ki, 

“Legionçu Daşqın” imzası ilə çıxış edən müəllif tanınmış şair Məzahir Daşqındır. 
(86)  “Legionçu  Qürbətzadə”  təxəllüsü  Sovet  İttifaqı  Qəhrəmanı  olmuş  Mehdi 
Hüseynzadəyə,  “Əsiri-Şirvani”  imzası  isə  hazırda  Azərbaycan  radiosunda  çalışan 
Əlihəsən Şirvanlıya məxsusdur. 
Sovet  İttifaqı  Qəhrəmanı  olmuş  Mehdi  Hüseynzadənin  legioner  həyatı 
yaşaması  bəzi  mübahisələrə  səbəb  olsa  da  və  bununla  bağlı  Azərbaycan 
mətbuatında  bir  çox  müxtəlif  mövqeli  yazılar  çap  olunsa  da,  (256)  onun 
“Azərbaycan”  qəzetində  şerlərinin  və  bəzi  sənədlərin  tapılması  faktların 
doğruluğunu sübut etdi. 
Qeyd  etdiyimiz  kimi,  Mehdi  Hüseynzadə  şerlərini  “Qürbətzadə”  təxəllüsü 
ilə yazırdı. (104) Onun yaradıcılığından bəzi nümunələrə diqqət edən müəllif “Yar 
gəlir dedim” şerini aşıqvari bir üslubda oxuculara təqdim edirdi: 
Neylərəm nəşəni o nazlı yarsız,  
Sevginiz olarsa, bunu duyarsız.  
Baxıb qəhqəhəmə söyləmə arsız, 
Bəlkə uzaqlardan yar gəlir, dedim! (104) 
Müəllifın  “Görən  olsaydı”  şerində  də  həsrət,  kədər,  ayrılıq  motivləri 
üstünlük təşkil edir: 
Qərib bir ölkədə təkcə qalanda, 
 Baxıb üfüqlərə ilham alanda,  
Acıqlanma mənə yada salanda,  
Vətəndə qoyduğum nazlı dilbəri. (104) 
Göründüyü  kimi,  Qürbətzadənin  şerləri  olduqca  oxunaqlıdır.  Qeyd     
etdiyimiz kimi, legionerlərimizin bəzilərinin yaradıcılığında felyeton nümunələrinə 
də rast gəlinir və bir neçə tarixi əsərlərin də yazıldığı haqqında məlumatlar vardır. 
Əllinci illərdən başlayaraq legionerlorin fəaliyyətində siyasi, mətbu, ideoloji 
yazılara üstünlük verilirdi. Türkiyənin Ankara şəhərində “Azərbaycan” jurnalında, 
Almaniyanın  Münhen  şəhərində  isə  eyni  adlı  dərgidə  legionerlər  fəaliyyətlərini 
davam etdirirdilər. 
Mayor  Ə.  Fətəlibəyli  Düdənginskinin  əllinci  illərdəki  mətbu  fəaliyyəti 
xüsusi  olaraq  dəyərləndirilməlidir.  Məşhur  legionerin  həmin  dövrdəki  ilk   
məqalələrindən  biri  tanınmış  musiqi  xadimimiz,  böyük  bəstəkar  Ü.  Hacıbəyliyə  
həsr  edilmişdir. Müəllif öz məqaləsini belə adlandırmışdır: “Azərbaycan xalqının 
böyük  oğlu”.  Ə.  Düdənginski  məqalədə  Üzeyir  bəyin  Azərbaycan  musiqisi 
tarixindəki  mövqeyini  yüksək  dəyərləndirir  və  böyük  bəstəkarın  Sovetlər  
Birliyində  kommunist  rejiminin qurbanı olduğunu göstərirdi. Belə ki, 1920-ci ilə 
qədər “Leyli və Məcnun”, “Şah Abbas”, “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Rüstəm 
və Söhrab” kimi operalar yazan, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal 
alan”  operettalarını  hazırlayan  Ü.  Hacıbəyli  Sovet  dövründə  1938-ci  ilə  qədər 
susmağa məcbur oldu. Üzeyir bəyi isə hər tərəfdən təzyiq altında saxlayırdılar. Ə. 
Düdənginski  yazırdı:  “Üzeyir  bəyin  bu  susma  dövründə  Azərbaycan  musiqisi  və 

bilhassə opera sənəti olduqca gerilədi. Sovetlər başqa yollara baş vurdular. Bir çox 
kompozitorlar  dəvət  etdilər.  Bunların  içərisindən  kompozitor  Qliyer,  sevimli 
kompozitorumuz Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasını, çox fikirləşmədən 
və  utanmadan  “Şah  Sənəm”  operasına  “çevirdi”.  Rus  və  başqa  Avropa 
operalarından  istifadə  etmək  istədilər.  Bu  səmərəsiz  təcrübələrə  çox  vaxt  və  para 
məsrəf  etdikdən  sonra,  Sovetlər  18  il  yaradıcı  illərdən  məhrum  etdikləri  Üzeyir 
Hacıbəyliyə həyasız üzlərini çevirməyə məcbur oldular”. (112, s. 6-7) 
Ə.  Düdənginski  haqlı  olaraq  qeyd  edirdi  ki,  Sovetlər  Birliyində  hansı 
cəhdlər göstərilsə də, Ü. Hacıbəylinin adını Azərbaycan tarixindən, Şərq və Türk-
müsəlman musiqisindən ayrı tutmaq qeyri-mümkündür. 
Ə.  F.  Düdənginskinin  “Sovet  təcavüzünün  Koreyada  məhvi”  məqaləsində 
isə  Sovetlər  Birliyinin  siyasəti  tənqid  edilməkdədir.  Müəllif  yazırdı:  “Koreyada 
müharibəni  törədən  Kreml  bütün  dünyada  müharibə  alovunu  yaymağa  çalışır. 
Siyasi  Büro  bütün  Asiyada  müharibəni  genişləndirmək  üçün  Koreya 
avantürasından birbaşa  Yaponiyaya hücum etmək  üçün istifadə  məqsədini  güdür. 
Eyni  zamanda  Sovetlər  bütün  imkanlarından  istifadə  edib  Avropada  müharibəyə 
hazırlığı  davam  etdirir,  Şərqi  Almaniyada  Silahlı  Qüvvələrini  bərpa  edir,  azad 
dünyaya hücum etmək üçün bütün kommunist qüvvələri səfərbərliyə alır”. (355, s. 
3) 
Ə.  Düdənginski  sovetlərin  təcavüzkar  siyasətini  ifşa  edərək  göstərir  ki, 
Sovet  dövləti 1950-ci  ilin iyunun 25-də  Koreyanın  şimalında  hazırladığı ordunun 
köməyi  ilə  Cənubi  Koreyaya  qarşı  müharibəni  başladı.  Sovet  dövlətinin  bu 
təcavüzkar  siyasətini  ABŞ-ın  BMT-dəki  nümayəndəsi  belə  açıqlayırdı:  burada 
sxem  çox  asandır:  hansısa  ölkədə  kommunist  üsyanı  təşkil  etmək,  sonra 
təcavüzkara  kömək  üçün  öz  diviziyalarını  göndərmək  və  onları  “könüllülər” 
adlandırmaq,  sonra  isə  hücumun  qurbanlarına  göstəriləcək  beynəlxalq  köməyə 
etiraz etmək. 
Ə.  Düdənginski  ABŞ  nümayəndəsinin  bu  fikrini  əsas  götürüb  qeyd  edirdi 
ki,  burada  Stalinin  hərbi  doktrinasının  qısa  və  dəqiq  xarakteristikası  verilmişdir. 
Müəllif göstərir ki, Kreml təəssüflər ki, Sovet təcavüzünün dünya xalqlarının ciddi 
etirazı ilə qarşılanacağını unutmuşdu. 
Belə ki, məhz bu təcavüzdən sonra bütün dünya xalqları vahid, azad dünya 
uğrunda  mübarizə  aparmaqdadırlar.  Ə.  Düdənginski  məqalənin  sonunu  belə 
yekunlaşdırırdı:  “Azad  xalqların  müasir  mübarizəsinin  əsas  əlamətlərindən  biri 
odur  ki,  o  yalnız  öz  ölkəsi  daxilində  kommunizmə  qarşı  yönəlməmişdir,  eyni 
zamanda  bu  mübarizə  dünya  xalqlarının  azadlığını  və  milli  müstəqilliyini 
təhlükəyə  salan,  yeni  müharibə  təşkilatçısı  olan  Sovet  imperializminə  qarşı 
istiqamətlənmişdir”. (355, s. 5) 
Ə.  F.  Düdənginski  “Kommunizm  xalqlara  həyat  təmin  edə  bilərmi?” 
məqaləsində  isə  kommunist  ideologiyasının  mənasızlığını  sübuta  yetirir.  Müəllif 
göstərir  ki,  bolşeviklərin  marksizmdə  diqqət  yetirdikləri  başlıca  xətt  proletariatın 

diktaturasıdır.  Burada  bütün  qalan  suallar  ona  tabe  edilmişdir.  Proletariatın 
diktaturası  üçün  başlıca  vasitə  sinfi  mübarizə  və  vətəndaş  müharibəsidir.  Marksa 
görə proletariat diktaturasının başlanğıc mərhələsi bütün köhnəni və keçmiş dövlət 
maşınını dağıtmaq, ikinci mərhələdə isə yeni dünya qurmaqdır. Müəllif göstərir ki, 
marksizmi  əsas  götürən  Stalin  özünün  qəddar  prinsipləri  ilə  üzərində  qurduğu 
sosializmdə  siniflər  mübarizəsini  əsas  götürür  və  qeyri-proletar  elementləri  məhv 
edir.  Ə.  Düdənginski  Lenin  və  Stalinin  dövlət  quruculuğundakı  səhvlərini 
açıqlayaraq  U.  Çörçillin  Lenin  haqqında  dediklərini  əsaslı  sayır:  “Proletar 
inqilabının dahi rəhbəri öz həyatında iki dəfə səhv etmişdir: birincisi, o, doğulanda; 
ikincisi,  dünyadan  köçəndə.  Əgər  o,  doğulmasaydı,  kommunizm-bolşevizm  və 
bolşevik  inqilabı  olmazdı.  Əgər  o,  ölməsəydi,  kommunizmin  məhvini  və  həyata 
keçmədiyini  böyük  bir  realist  kimi  anlayıb  öz  enerjisini  başqa  istiqamətə 
yönəldərdi”. (356, s. 24) 
Ə.  Düdənginski  bu  məqaləsində  sosialist  quruluşunun  ciddi  nöqsanlarını 
göstərir və haqlı əsaslandırır  ki,  kommunist inqilabı başqa ölkələrdə  baş tutmadı. 
Bu  müddətdə  həmin  dövlətlərdə  orta  təbəqə  artdı,  möhkəmləndi  və  varlandı. 
Maraqlıdır  ki,  Ə.  Düdənginski  bu  yazısında  bolşeviklərin  nəzəriyyəsini  tənqid 
edərkən bir çox tanınmış filosofların əsərlərini, ideyalarını da təhlil edir. Məsələn, 
Feyerbaxın  materialist  təlimlərindən  danışarkən  onun  Hegelə  münasibətindəki 
nöqsanları da göstərir. (356, s. 27) 
Ə.  Düdənginskinin  “Kommunizm  xalqlara  həyat  təmin  edə  bilərmi?” 
məqaləsi  də  Sovet  gerçəkliyinin  tənqidi  baxımından  dəyərlidir.  Azərbaycan     
Milli  Birlik  Məclisinin    birinci  sessiyasındakı  çıxışını  sonradan  bu  adla  nəşr   
etdirən  Ə.  Düdənginski  kommunizmi  bir  nəzəriyyə  olaraq  təhlil  etdikdən  sonra 
belə qənaətə gəlir: “Kommunizm nəzəriyyəsi hələ Rusiya inqilabına qədər həyatda 
inkar  edilmişdi.  Hakimiyyəti  ələ  keçirən  Lenin  onu  yalnız  NEP-lə  (Yeni  İqtisadi 
Siyasət)  qoruyub  saxlaya  bildi  ki,  bu  da  bütünlüklə  kommunizmdən  uzaqlaşmaq 
demək  idi.  Nə  vaxt  ki,  dünya  proletar  inqilabı  özünü  doğrultmadı,  Avropa 
xalqlarının geniş inkişaflı milli hissləri buna imkan vermədi və Türkiyədəki milli 
azadlıq  hərəkatı  milli  inqilabla  başa  çatdı,  onda  Lenin  partiyadakı  ideoloji 
parçalanmanı  və  Sovet  hökumətinin  mövcudluğunu    dünya    qarşısında    qorumaq  
üçün  “Bir  ölkədə sosializmin qurulmaq imkanları” nəzəriyyəsini irəli sürdü” (226, 
s. 11) 
Ə.  Fətəlibəyli  “SSRİ-yə  qarşı  psixoloji  müharibə  haqqında”  olan  əsərində 
isə  Qərb-SSRİ  münasibətlərini  ciddi  təhlil  edir.  Kommunist  rejiminə  qarşı 
müharibənin  vacibliyindən  danışan  Ə.  Fətəlibəyli  məqaləsini  belə  yekunlaşdırır: 
“SSRİ-yə  qarşı  psixoloji  müharibənin  digər  növləri  aşağıdakılardır:  “iqtisadi 
tədbirlər,  Marşall  planı,  Trumen  doktrinası,  qərb  ölkələrinin  birgə  diplomatik 
fəaliyyəti,  Atlantika  Paktı  və  s.  SSRİ-yə  qarşı  psixoloji  müharibənin  ən  öldürücü 
zərbəsi Vahid Azad Dünya Uğrunda Hərəkat olacaq ki,  onun  da  əsasını  Amerika   

Komitəsi  ilə  əməkdaşlıq  edən  Sovet  xalqlarının  Azadlığı  Liqası  təşkil  edəcək”. 
(354, s. 22) 
Ə.  Fətəlibəyli  məqalələrində  Sovet  dövlətinin  siyasətini  kəskinliklə  tənqid 
edir,  onun  iç  mahiyyətini  göstərirdi.  O,  “Kreml  hürr  dünyanın  gözü  önündə 
hürriyyət  əleyhinə  “Xalqlar”  Konqresi  çağırdı”  adlı  yazısında  Moskvanın 
təşəbbüsü  və  maddi  yardımı  ilə  1952-ci  ilin  dekabrın  12-də  Vyanada  keçirilən 
“Xalqların Sülhü Müdafiə” Konfransını “Politbüronun” növbəti oyunu adlandırırdı. 
Göstərirdi  ki,  Sovet  dövləti  əslində  bu  konfransla  öz  daxili  və  xarici 
siyasətindəki  neqativ  cəhətləri  pərdələmək  məqsədi  güdür.  Ə.  Fətəlibəyli  fikrini 
belə  yekunlaşdırırdı:  “Dağınıq  halda  olan  antikommunist  ictimai  təşkilatlarının 
birləşərək tək və hürr bir dünya uğrunda böyük bir hərəkət yaratmalarının zamanı 
artıq  gəlmiş.  Bu  hərəkət  bütün  dünya  hürriyyəti  uğrunda  Sovet  imperializminə 
qarşı amansız hərəkətə keçməlidir”. (113, s. 26) 
Ə.  Fətəlibəyli  “Sovet-Fin  hərbi”  əsərində  isə  sovet  dövlətinin  bəzi  gizli 
hərbi planlarını açıqlayırdı. Göstərir ki, Qızıl Ordunun Siyasi İdarə müdiri Kremlin 
tapşırığını ifadə edərək bildirirdi ki, almanlar Polşanı 18 gündə məğlub etdi, biz isə 
3  milyon  800  minlik  Finlandiyanı  bir  həftəyə  məğlub  etməliyik  ki,  bütün  Avropa 
bizə  baş  əysin.  Lakin  bunun  əksinə  olaraq  Sovet  qoşunları  finlərin  qəhrəman   
müqaviməti  ilə  üzləşdilər,  tezliklə  7-ci  ordunun  rəhbərliyi  də  dəyişdirildi.  Bu, 
Sovet  Ordusunda  ciddi  problemlərin  olduğunu  göstərirdi.  Ə.  Fətəlibəyli  yazırdı: 
“Bütün  dünya  Fin  əsgərlərinin  qəhrəmanlığına  heyran  idi.  Finlərin  həyatı      və 
zəhmətsevərlikləri daha artıq heyranlığa layiqdir”. (114, s. 13). 
Ə.  Fətəlibəyli  “Kommunizm  –  utopiyadır”  məqaləsində  öz  fikirlərini   
“Proletar  diktatorluğu”,  “Proletarlaşma  və  dövlət  nəzəriyyəsi”,  “Diamat” 
bölmələrində  qruplaşdırır,  geniş  təhlillər  aparır,  kommunizmin  nəzəri  fıkirlərinin 
puçluğunu  göstərir  və  yazırdı:  “Əgər  cəzalandırdığı  Sovet  xəncəri  kommunizmin 
özünə büsbütün zidd olan hansı bir forma yaradardı, əcəba? Şübhəsiz ki, bu forma 
bütün  insani  hürriyyətləri  ehtiva  edən  kommunizmə  daban-dabana  zidd  olan 
demokrasi olacaqdı”. (115, s. 26). 
Ə.Fətəlibəyli  yazılarında  Azərbaycan  legionerlərinin  vətənimizin  azadlığı 
və  müstəqilliyi  uğrunda  döyüşən  insanlar  olduğunu  daima  vurğulayırdı.  Onun 
general  Lazar  Biçeraxova  yazdığı  açıq  məktubda  bu  məqamlar  belə  açıqlanırdı:  
“Stalin  Hitlerlə  Polşanı  bölən,  Baltik  ölkələrinin  müstəqilliyini  əlindən  alan, 
Finlandiyanı darmadağın edən vaxt biz nəfəsimizi içimizə çəkib İngiltərə,  Fransa,  
Skandinaviya  və  b.  Avropa  ölkələri  tərəfindən  SSRİ-yə  qarşı  müharibə 
başlanacağını  gözləyirdik.  Biz  o  vaxt  həm  Stalinə,  həm  də  Hitlerə  qarşı  onlarla 
təbii  müttəfiq  ola  bilərdik.  Lakin...  məsələ  başqa  cür  oldu.  Qərb  ölkələrinin 
vətənpərvərlik borcu onları SSRİ, bizi isə  Almaniya ilə bağladı. Bizim xatirimizə   
Qərb dövlətləri Kremilə ittifaqdan imtina etmədikləri kimi biz də onların xatirinə, 
atalarımızın ənənələrini tapdalayıb xalqımızı kölə  halına  salmış Böyük Rusiya və 
Sovet İttifaqı uğrunda vuruşa bilməzdik”. (116) 

Azərbaycan legionerlərindən daha  çox mətbu fəallıq göstərənlərdən biri də 
Məcid Musazadə (Qarsalani) idi. Qeyd edək ki, M. Musazadənin mətbu fəaliyyəti  
çoxşaxəlidir.  Belə  ki,  1942-1945-ci  illərdə  Azərbaycan  legionçularının 
“Azərbaycan”  qəzetinə  başçılıq  etmiş  M.  Musazadə  mətbu  fəaliyyətini  50-ci 
illərdən  davam  etdirməyə  başladı.  50-ci  illərdəki  ilk  fəaliyyəti  dövründə  o,  daha 
çox  Azərbaycan  folkloru  araşdırmalarına,  el  ədəbiyyatı  nümunələrinin  nəşrinə 
üstünlük  verirdi.  Bu  mənada  onun  çoxlu  sayda  bayatılarımızı,  atalar  sözlərini, 
tapmacaları  çap  etməsi,  Xəstə  Qasımla  Ləzgi  Əhmədin  deyişməsini,  H.  Cavid 
yaradıcılığındakı folklor nümunələrinin təbliği əhəmiyyətlidir. (9, s.23-30); (10, s. 
27-29). 
M.  Musazadənin  bu  dövrdəki  mətbu  irsi  sırasında  “Üzeyir  Hacıbəylinin 
“Leyli-Məcnun”  operasının  45-ci  ildönümünə  ithaf  edirəm”  məqaləsi  maraqlıdır. 
Məqalədə  o,  böyük  bəstəkarımız  Üzeyir  bəyin  Azərbaycan  mədəniyyəti  və 
musiqisi  tarixindəki  mövqeyini  açıqlayır,  həyat  və  fəaliyyəti  ilə  bağlı  geniş 
məlumatlar verir. (11, s. 3-10). 
Onun  yaradıcılığında  “Azadlıq”  radiosunda  hazırladığı  verilişlər  də  xüsusi 
yer tutur. Bu verilişlər içərisində “Azərbaycan Qızıl Ordusunun qurulması və ləğv 
edilməsi”  (158),  “Stalin  terrorunun  qurbanları:  Əliheydər  Qarayev”  (159), 
“Azərbaycanın  Şaumyan  fitnəkarlığından  qurtulması  münasibəti  ilə”  (160) 
yazılarının  Azərbaycanın  XX  əsr  tarixinin  öyrənilməsi  baxımından  böyük 
əhəmiyyəti vardır. 
M.  Musazadə  70-80-ci  illərdə  yazdığı  məqalələrində  Sovet  hökuməti 
tərəfdarlarının  aqibətindən  bəhs  edirdi.  Onun  “Stalin  terrorunun  qurbanları” 
məqaləsi  Azadlıq  radiosunda  da  səslənirdi:  “Danışır  Azadlıq  radiosu.  Əziz 
dinləyicilər, bu il Stalin təmizləmələrinin 50-ci ildönümü tamam olur. Bu dəhşətli 
terror  Azərbaycanda  da  yüzlərlə  siyasi  və  dövlət  xadiminin,  ziyalının,  tələbənin, 
şair  və  ədibin,  kəndlinin  və  hətta  fəhlənin  ölümünə  səbəb  olmuşdur.  Bu  günkü 
söhbətimizdə bütün səyini, bacarığını, Azərbaycanda Sovet hakimiyyətinin qurulub 
möhkəmlənməsi  yolunda  sərf  edən,  görkəmli  siyasi  və  partiya  xadimlərindən 
Əliheydər Qarayevin sovetləşdirilmədən əvvəlki fəaliyyətindən sözaçacağıq”.(159) 
Qeyd  edək  ki,  M.  Musazadənin  mətbu  fəaliyyətində  ermənilərin  yaratdığı 
qondarma  “Dağlıq  Qarabağ”  probleminə  çox  sərt  münasibət  vardır.  Onun  bu 
mövzudakı  yazıları  sırasında  “Qarabağın  zəngin  tarixinə  dair”  əsəri  xüsusilə 
əhəmiyyətli və dəyərlidir. (161) 
“Qarabağın  zəngin  tarixinə  dair”  əsərində  müəllif  narahatlıqla  bildirir  ki, 
son  vaxtlar  dünya  mətbuatı,  radio  və  televiziyalar  Qarabağda  törədilmiş  süni 
münaqişəni  genişcəsinə  şərh  edir,  azərbaycanlıları  Sumqayıt  hadisələrinə  görə 
fanatik,  cəlladlar  və  adamöldürənlər  kimi  qələmə  verirlər.  Təəssüflər  ki, 
azərbaycanlıların  hansı  dəhşətli  şəraitdə  qətlə  yetirilmələrinə  isə  münasibət 
bildirmirlər. 

M.  Musazadə  tarixi  faktlara  istinadən  göstərir  ki,  Qarabağ  heç  zaman 
ermənilərin  olmamışdır,  nə  indi,  nə  qədim  dövrlərdə.  Tanınmış  Gürcüstan,   
Azərbaycan,  Ermənistan,  eləcə  də  rus tarixçiləri belə bir nəticəyə gəlmişlər ki, 
eramızdan  əvvəl  4-cü  əsrədək  bu  ərazidə  heç  zaman  ermənilər  olmamışlar. 
Qarabağ  erməniləri  orada  sonradan  məskunlaşıblar:  XIX  əsrin  əvvəllərində  çar 
Rusiyasının  himayəsi  və  qayğısı  nəticəsində  Türkiyədən  və  İrandan  gəliblər.  M. 
Musazadə  elmi  əsərində  alman  tarixçisi  Henrix  Zimmferin  1923-cü  ildə  yazdığı 
“Ermənistan  yeni  dövrdə”  məqaləsinə  istinadla  yazırdı:  “Böyük  Ermənistan”ın 
mövcudluğu  iddiası  əsaslı  deyil  və  elmi  axtarışlar  tələb  edir”.  O,  Qarabağ 
ermənilərinin  əsassız  tələblərinə  belə  münasibət  bildirir:  “Qarabağ  erməniləri   
deyirlər ki, onlar Azərbaycan dövləti  tərəfindən unudulub, istismar olunub. Faktlar 
isə  əksini  deyir.  Qarabağda  126  000  erməni  yaşayır.  (Nyu-York  Tayms.  
11.03.1988). Sonuncu illərin  rəsmi məlumatına görə, Qarabağda  1715  çarpayılıq 
xəstəxana, 286 həkim, 1470 nəfər orta tibb işçisi var. Vilayət mineral bulaqlar, isti 
sular,  sanatoriya  və  istirahət  mərkəzləri  ilə  zəngindir.  Qarabağın  234  məktəbində 
38 000 erməni məktəblisi oxuyur. Burada bir çox teatr, milli xor və rəqs qrupu,  3 
muzey  və  178 kinoteatr  vardır. Stepanakertdə, eləcə  də  4 rayonda  erməni dilində 
qəzetlər  çıxır,  erməni  dilində  radio  verilişləri  gedir.  Onlar  şikayət  edirlər  ki, 
universitetləri  yoxdur,  lakin  harada  görünüb  ki,  126  000  əhali  üçün  universitet 
olsun?” (161). 
M.  Musazadənin  bu  dəyərli  əsəri  Əlimuxtar  Ordubadinin  1990-cı  ildə 
Parisdə  fransız  dilində  hazırlayıb  Monrealda  nəşr  etdirdiyi  “Qafbüro,  Dağlıq 
Qarabağ,  Stalin”  kitabında  çap  olunub,  bir  çox  ölkələrdə  yayılıb.  Azərbaycanın 
haqq  səsinin  dünya  ictimaiyyətinə  çatdırılmasında  və  ərazi  bütövlüyümüzün 
qorunması baxımından bu əsərin əhəmiyyəti böyük idi. 
Qeyd  olunmalıdır  ki,  M.  Musazadənin  şəxsi  arxivində  Qarabağ  hadisələri 
ilə  bağlı  BMT-nin  Baş  katibi  Peres  de  Heylerə  və  Türkiyənin  o  zamankı   
prezidenti Turqut  Özala ünvanladığı məktublar da vardır. (162-163) 
M. Musazadənin 90-cı illərdə Azərbaycana göndərdiyi, müəllifı müharibədə 
həlak  olmuş  H.  Haqverdiyevin  hazırladığı  “Nizami”  portreti  mədəniyyətimizə  
onun qəlbən bağlılığının nəticəsidir. 
M.  Musazadə  mətbu  yaradıcılıqla  yanaşı,  tərcümə  ilə  də  məşğul  olmuş,    
Qurban  Səidin  (bəzi  mənbələrdə  Y.V.  Çəmənzəminli,  bəzilərində  isə  Lev  
Nissinbaum  (1905-1940) 1938-ci ildə Vyanada alman dilində çap olunmuş məşhur 
“Əli  və  Nino”  romanını  azərbaycan  türkcəsinə  çevirmişdir.  (174)  Həmin  əsər 
1993-cü  ildə  Bakıda  ayrıca  kitab  olaraq  nəşr  edilmişdir.  Bu  maraqlı  romanın 
tərcüməsindən  bəzi  hissələr  1972-ci  ildə  Azadlıq  radiosunda  da  səslənmiş,  lakin 
sonradan Mirzə Xəzərin tərcümə işi kimi “Azərbaycan” jurnalında nəşr edilmişdir. 
Bununla  əlaqədar  M.  Musazadə  öz  etirazını  bildirərək,  yaxın  tanışlarından  olan 
Rufa  xanıma  yazırdı: “Hörmətli Rufa  xanım!  “Əli və  Nino”  romanının birinci  və 
son  iki  səhifələrinin  surətini  çıxardım.  Tərcüməsı  mənimdir,  buna  şübhəniz  ola 

bilməz.  Allaha  çox  şükür olsun ki,  hələlik bir neçə şahidim  həyatdadır”. (20) Bu 
tərcümə ilə bağlı M. Musazadənin Bakıda yaşayan oğlu N. Musayev də mətbuatda 
öz etirazını bildirmiş, atasının müəllif hüquqlarını müdafiə etmişdır. (166) 
Qeyd  edək  ki,  M.  Musazadənin  1990-cı  ildə  Azərbaycan  mətbuatına      -   
“Gənclik”  jurnalına  göndərdiyi  məktub  onun  məcburiyyətdən  legioner  həyatı 
yaşamağını  göstərirdi.  Həmin  məktubda  o  yazırdı:  “Stalin  əmr  etmişdi  ki,  hər 
cəbhəçi əsgərə əlli güllə verilsin. Bunlardan 49-nu o, düşmənə atmalı, əllincisi ilə 
öz həyatına son qoymalıdır. Düşmənə əsir düşmək olmaz. Bunu hər kəs bilməlidir. 
Sən  saydığını  say,  gör  fələk  nə  sayır,  demişlər.  Hər  şeydən  əvvəl,  güllə  tüfənglə 
atılır. Ön cəbhədəki əsgərlərdən bir çoxunun tüfəngi yox idi. Cəbhəyə sürülən ordu 
nəfərlərinə  əmr  vermişdilər  ki,  silahlarımız  qıt  olduğundan  cəbhədə  həlak  olan 
yoldaşlarınızın  silahını  alıb  mübarizəni  davam  etdirməlisiniz. Hərbi ləvazimat, 
ərzaqla  təminat  haqqında  danışmağa  dəyməz.  Milyonlarla  qızıl  əsgərin  əsir 
düşməsi  də  elə  bu  başsızlığın,  kor  siyasətin  nəticəsi  idi.  ABŞ,  İngiltərə,  Fransa 
hökumətləri, Qırmızı Xaç Cəmiyyətinin vasitəsi ilə öz əsirlərinin qeydinə qaldığı, 
onların  ailələri  ilə  məktublaşmalarını,  bağlama  göndərmək  imkanlarını  təmin 
etdikləri halda, sovet əsirləri tif, ishal və digər xəstəliklərdən düşərgələrdə milçək 
kimi  qırılırdılar.  Stalinin  ən  qiymətli  kapital  adlandırdığı  biçarə  insanlar  beləcə   
məhv olurdular. Hələ bu da kafi deyilmiş, Stalinin rəzil tərəfdarlarından insafsızlıq   
iliyinə hopmuş qorxunc İlya Erenburq müharibə bitəndən dərhal sonra mətbuat və 
radio ilə bəyan etmişdi ki, biz düşmənə əsir düşən Sovet əsgərlərini göydə, suyun 
və  torpağın  altında  gizlənmiş  olsalar  belə,  tapıb  lazımi  cəzalarını  verəcəyik. 
Marksizm-leninizm  “mərhəmətinə”,    kommunizm  “insafına”  bundan  daha  bariz 
misal zənnimcə çətin tapılar”. (164, s. 38). 
Azərbaycanın  görkəmli  mətbuat  xadimi  olan,  xalqının  azadlıq  və 
müstəqilliyi  uğrunda  çətin  bir  mücadilə  aparmış  M.  Musazadənin  məqalələrinin 
ciddi, geniş araşdırılmasına böyük ehtiyac vardır. (21) 
Azərbaycan legionerlərindən Fuad Əmircanın da mətbu irsi olduqca maraqlı 
və zəngindir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Azərbaycanın  
Maliyyə Naziri işləmiş Əbdüləlibəy Əmircanın oğlu olan Fuad Əmircan bolşevik 
ordularının  gəlişi  ilə  1923-cü  ildə  Türkiyəyə  getmək  məcburiyyətində  qalır.    
İstanbulda  Qalatasaray  məktəbini  bitirdikdən  sonra  əvvəl  Parisdə,  sonra  da 
Almaniyada təhsil alan F. Əmircan 1941-ci ildə “Təsviri Əfkar” qəzetinin müxbiri 
olaraq Almaniyada çalışır və elə burada Azərbaycan legionerləri ilə əlaqə saxlayır. 
F.  Əmircanın  fəallığı  ilə  Azərbaycan  legionerlərinin  “Azərbaycan”,  “Hücum” 
qəzetləri və “Milli Birlik” jurnalı nəşr edilir. F. Əmircan 1943-cü ildə Azərbaycan 
Milli  Birlik  Məclisi  sədrinin  müavini  seçilir.  1943-cü  ilin  noyabr  ayında  Milli 
Azərbaycan Komitəsinin birinci qurultayında F. Əmircana böyük etimad göstərilir 
və o, Azərbaycan Milli Komitəsinə Başqan yardımçısı seçilir. (147, s. 26). 
İkinci  Dünya  hərbindən  sonra  F.  Əmircan  müxtəlif  mətbu  orqanlarda 
“Dəryal”  təxəllüsü  ilə  məqalələrlə  çıxış  edir.  Bu  baxımdan  onun  “Kafkasya” 

jurnalındakı  yazıları  maraqlıdır.  F.  Əmircan  mətbuat  sahəsindəki  fəaliyyəti  ilə 
yanaşı, yüksək dövlət vəzifələrində də çalışmışdır. Belə ki, o, 1955-1961-ci illərdə 
Türkiyənin Almaniya səfirliyində mətbuat attaşesi, sonradan isə Ankarada Mətbuat 
İşləri  Komitəsinin  direktoru  olaraq  çalışmışdır.  O,  1961-1974-cü  illərdə 
“Amerikanın  səsi”  Radiosunun  Türkiyə  şöbəsinin  direktoru  işləmişdir.  1974-cü 
ildə Verner Hoferlə birgə onun “Dünyaya iki baxış” kitabı nəşr edilmişdir. 
F. Əmircanın mətbu fəaliyyəti sırasında bədii-publisistik yazılar, hekayələr, 
qeydlər  xüsusi  yer  tutur.  Onun  yazılarında  Azərbaycanı  işğalda  saxlayan  Sovet 
rejimi  kəskinliklə  tənqid  edilir.  F.  Əmircanın  legioner  mətbuatında  və  sonradan 
Almaniyadakı,  Türkiyədəki  qəzet  və  jurnallardakı  yazıları  ciddi  öyrənilməyə  və 
tədqiq olunmağa layiqdir. 
Azərbaycan  legionerlərinin  ən  fəallarından  biri  də  doktor  Məhəmməd 
Kəngərlidir. Hazırda Türkiyənin Ankara şəhərində yaşayan M. Kəngərli mətbuatda 
çoxlu sayda məqalələrlə, yazılarla çıxış etmiş, kommunist ideologiyasına qarşı sərt 
mübarizə  aparmışdır.  M.  Kəngərlinin  fəaiiyyətində  diqqəti  cəlb  edən  bir  mühüm 
cəhət  də  onun  Azərbaycanın  müstəqilliyi  mübarizəsində  inamlı  olması,  o  dövrdə 
keçirilən bir sıra konfranslarda fəallıq göstərməsidir. 
M.  Kəngərli  əsası  1949-cu  ilin  fevralında  qoyulan  Azərbaycan  Kültür 
Dərnəyinin fəallarından olmuş, Ankarada bu günə qədər yayınlanan “Azərbaycan” 
dərgisində çoxlu sayda məqalələrlə çıxış etmişdir. 
M.  Kəngərli  1951-ci  ilin  noyabr  ayının  30-da  Münhendə  Şərqi  Avropa, 
Qafqaz  və  Türküstan  mühacirlərinin  keçirdiyi  toplantıda  iştirak  etmiş,  digər 
xalqlarla  birgə  Azərbaycanı  da  istismar  edən  Sovetlər  Birliyinin  imperialist 
siyasətini tənqid etmişdir (142, s.48). 
1986-cı  ilin  mayın  10-da  məhz  M.  Kəngərlinin  də  yaxından  fəallığı  ilə 
Azərbaycan  Kültür  Dərnəyi  Türk  Standartlar  İnstitutunun  konfrans  salonunda 
“Ermənilərin  Şərqi  Anadoluda  və  Azərbaycanda  yapdıqları  qətliam  və  terror” 
mövzusunda  elmi  seminar  keçirmişdir.  Seminarı  toplantı  Başqanı  olaraq 
Məhəmməd  Kəngərli  açmışdır.  Seminara  Türkiyənin  əsgər  dövlət  nazirlərindən 
təşəkkür  dolu  teleqramlar  göndərilmişdir.  Türkiyə  mətbuatında  geniş  yer  alan 
seminar haqqında məlumat “Türkiyənin səsi” radiosunda 16 dildə yayınlanmışdı. 
Qeyd  edək  ki,  mühacirətdə  yaşamağına  baxmayaraq  M.  Kəngərli  yaxın 
əməl  dostları  ilə  birgə  Azərbaycan  ictimai-siyasi  mühitinə  təsir  göstərməyə, 
əlaqələr  qurmağa  çalışırdılar.  Bu  əlaqələr  vasitəsi  ilə  onlar  M.  Ə.  Rəsulzadənin 
əsərlərini,  yayınladıqları  mətbu  yazıları  müxtəlif  vasitələrlə  Azərbaycana 
çatdırırdılar.  Tanınmış  alimimiz  Xudu  Məmmədov,  şair  Bəxtiyar  Vahabzadə, 
dirijor  Niyazi,  professor  Abbas  Zamanov  və  başqaları  ilə  M.  Kəngərli  sıx 
münasibətlər yaratmışdı. 
1988-ci  ildə  ermənilərin  Azərbaycana  ərazi  və  Qarabağ  torpaqlarını  ələ 
keçirmək iddiaları xalqda böyük etirazlar doğuranda M. Kəngərli də mətbuatda və 
keçirilən konfranslarda ermənilərin hərəkətlərini, Sovetlər Birliyi rəhbərlərinin isə 

ermənipərəst  mövqeyini  kəskin  tənqid  etdi.  M.  Kəngərlinin  və  digər  əqidə 
dostlarının fəallığı ilə Azərbaycan Kültür Dərnəyi tərəfindən Qarabağ hadisələri ilə 
bağlı müxtəlif dillərdə bir çox sənədlər, kitabçalar da yayınlandı. Sonralar ingiliscə 
çap edilən “Dağlıq Qarabağ faciəsi” kitabçası bu mənada əhəmiyyətli idi. (402) 
1988-ci  ilin  dekabrın  3-də  Azərbaycan  Kültür  Dərnəyində  ermənilərin 
Azərbaycanda və Ermənistanda törətdikləri qanlı cinayətlərlə bağlı böyük mətbuat 
konfransı  keçirildi.  30-a  yaxın  yerli  və  xarici  jurnalistin  iştirak  etdiyi  mətbuat 
konfransını  Azərbaycan  Milli  Mərkəz  başqan  vəkili  doktor  Məhəmməd  Kəngərli 
və  Baş  katib  Əhməd  Qaraca  açmışdı.  (195,  s.  133).  M.  Kəngərli  qətiyyətlə 
jurnalistlərə  bildirmişdi:  “Kimsənin  bizdən  alacağı  yoxdur,  hamısından  alacağız, 
ermənilərə  veriləcək  nə  bir  qarış  torpağımız,  nə  də  bir  udum  suyumuz  vardır”. 
(195, s. 265). 
Əslində M. Kəngərlinin belə mətbuat konfranslarını keçirməkdə bir başlıca 
məqsədi  də  obyektiv  faktları  jurnalistlərə  çatdırmaq  idi.  Belə  ki,  bəzi  hallarda 
Azərbaycanda və Ermənistanda baş verən hadisələri obyektiv əks etdirmirdilər. Bu 
problemlə bağlı M. Kəngərli əqidə dostu Ə. Qaraca ilə birgə 1989-cu ildə mayın 8-
də  İstanbulda  keçirilən  “Uluslararası  Mətbuat  İnstitutu”  Qurultayı  Başqanlığına 
yazılı müraciət etdi. Müraciətdə bildirilirdi ki, bəzi mətbuat orqanlarında Naxçıvan, 
Zəngəzur  və  Qarabağ  bölgələrinin  1923-cü  ildə  Stalinin  əmri  ilə  Ermənistandan 
alınaraq  Azərbaycana  verilməsi  yanlış  göstərilir  və  xahiş  olunurdu  ki,  bu  xətalar 
aradan götürülsün”. (195, s. 265) 
M.  Kəngərli  əməl  dostları  ilə  öz  etirazlarını  Avropa  Parlamenti 
Başqanlığına  da  bildirirdi.  Belə  ki,  1989-cu  ildə  göndərilən  etiraz  məktubunda 
fransız  millət  vəkili  Simon  Veymlin  ermənipərəst  mövqeyi  və  onun  1989-cu  ilin 
iyulun  9-dan  13-dək  Strasburqda  keçirilən  Avropa  Parlamentinin  aylıq 
toplantısında  “Qarabağ  məsələsinin  ermənilərin  istəkləri  formasında  həlli”  qərarı 
kəskin olaraq pislənilmişdi. 
1990-cı  ilin  20  Yanvar  hadisələri  ilə  də  bağlı  M.  Kəngərli  Türkiyə 
mətbuatında və ictimai-siyasi həyatında fəallıq göstərmişdi. 
1991-ci  ilin  martın  12-də  M.  Kəngərli  “Azadlıq”  radiosu  ilə  Sovetlər 
Birliyinin  yeni  “İttifaq  müqaviləsi”  layihəsi  rcferendumunda  iştirak  edilməməsi 
üçün  Azərbaycan  xalqına  müraciət  etmişdi.  Müraciətdə  deyilirdi:  “Dəyərli  dava 
arkadaşlarımız,  imanlı  dostlarımız!  Başlatmış  olduğunuz  istiqlal  və  hürriyyət 
mücadiləsini  yarıda  buraxmayın,  bu  şərəfli  xalq  hərəkatını  davam  etdiriniz,  zira 
indi də Moskvanın başqa bir oyunu ilə qarşı-qarşıdayıq. Bu da 17 mart 1991-ci ildə 
keçiriləcək “Yeni İttifaq Müqaviləsi layihəsinin referendumu”dur. (195, s. 140). 
Dəyərli  mücahid  M.  Kəngərlinin  dəyərli  yazılarından  biri  də  “Xocalı 
qətliamının  xəyanətlərlə  dolu  üzü”  məqaləsidir.  Xocalı  qətliamının  üçüncü 
ildönümü  münasibəti  ilə  yazdığı  bu  məqalədə  M.  Kəngərli  konkret  faktlara  və 
şahid  ifadələrinə  istinad  edərək,  faciənin  səbəblərini  açmağa  çalışır.  Məqalədə 
fərqləndirici  və  izahedici  suallar  qoyulmuş,  günahkarlar  kəskin  olaraq  ittiham 

edilmişdir.    Müəllif  məqaləsində  önəmli    fikirlərini  belə    ifadə  etmişdir:  “Əcəba,     
Xocalıya hücum ediləcəyi öncədən bilinmirdimi?! Bununla  bağlı  kimlər nə  dedi?  
Xalq  yiyəsiz,  kimsəsiz  başda  halda  təhlükə  pəncərəsində  qorxu  çəkirdi”  (149,  s. 
19-20).  Müəllif  Xocalı  faciəsinin  səbəblərini  şahid  ifadələri  ilə  təsvir  etdikdən 
sonra  Fransanın  “Jan-İb-Uniet”  qəzetindəki  bir  məlumatı  diqqəti  cəlb  edir:  “Biz 
Xocalı faciəsi ilə tanış olduq. Sivil xalqdan  öldürülmüş yüzlərlə qadın, uşaq, qoca  
və Xocalını müdafiə edənlərin yığınlar halında  cəsədlərini  gördük...  Bu mənzərə 
qorxunc və dəhşətverici idi, insanlığın üzqarası!!!” (146, s.22) 
Doktor  M.  Kəngərli  yaxın  dostları  olan  Ə.  Düdənginski  və  N.  Musazadə 
Qarsalani haqqında da dəyərli çıxışlar etmiş, məqalələr yazmışdır. (143-144) 
Doktor  M.  Kəngərli  Türkiyədə  yaşamağına  baxmayaraq,  bu  gün  də 
Azərbaycanın  problemlərinə  yaxından  münasibətini  bildirir,  müxtəlif  mətbuat 
orqanlarında yazılarla çıxış edir. 
Azərbaycan  mühacirət  mətbuatı  orqanlarında,  daha  çox  Almaniyada  nəşr 
edilən “Azərbaycan” jurnalında çıxış edən legionerlərdən biri də Şamil Atabəydir. 
Şamil  Atabəy  yazılarında  Stalin  rejimini  tənqid  edir.  (23,  s.  5-7)  sovet  dövlətinə 
sərt  münasibətini  açıqlayırdı.  Ş.  Atabəy  “Kommunistlərin  “ideoloji  işləri” 
məqaləsində  isə  göstərirdi  ki,  “Pravda”  qəzetinin  hər  bir  baş  məqaləsi  insanın 
şəxsiyyətini  öldürən,  insan  vicdanına  ləkə  yaxan,  insanı  Kremlin  kor  bir  aləti 
mənsəbinə endirən ən dəhşətli vasitədir”. (22, s. 9-12) 
Qeyd edək ki, legionerlərdən Süleyman Təkinərin də maraqlı ədəbi tənqidi 
və  publisistik  yazıları  vardır.  Bu  baxımdan  Təkinərin  “Sovet  Azərbaycanında 
tənqidlərə  hədəf  olan  bəzi  şerlər  üzərində  araşdırmalar”  adlı  yazısı  maraqlıdır. 
Müəllif  bu  məqaləsində  Rəsul  Rzanın  yaradıcılığındakı  yenilikçi  mahiyyəti  təhlil 
etməyə çalışmışdır. (405, s. 9-12) 
Tanınmış  legioner  Abay  Dağlının  ədəbi-bədii  yaradıcılığı  ciddi  maraq 
doğurmaqdadır.  İkinci  Dünya  müharibəsindən  sonra  Türkiyəyə  qayıtmağa 
müvəffəq  olan  Abay  Dağlı  vətən,  yurd  həsrəti  ilə  şerlər  yazsa  da,  daha  çox 
dramaturgiyaya  meyllənmişdir.  Dram  əsərlərinin  mövzusunu  əsasən  Azərbaycan 
və Türkiyə xalqlarının həyatından alan Abay Dağlının “Dədə Qorqud”, “Gənc ata”, 
“Sakarya qərargahı”, “Füzuli”, “Natəvan” kimi pyesləri onun böyük istedad sahibi 
olduğunu göstərirdi. (188, s. 14). 
Onun əsərləri sırasında  “Füzuli” pyesi  xüsusi  yer tutmaqdadır. Bu əsər ilk 
dəfə 1961-ci ildə Ankarada, ikinci dəfə isə 1968-ci ildə İstanbulda nəşr edilmişdir. 
Abay  Dağlının  yaradıcılığının  geniş  tədqiqi  mühacir-legioner  ədəbiyyatımızı, 
şübhəsiz ki, daha da maraqlı edərdi. 
Qeyd  edək  ki,  Azərbaycan  legionerlərindən  İsmayıl  Əkbər,  Əflan  Muğan, 
Bəşir  Əlizadə  və  digərləri  də  mühacirət  mətbuatımızda  müxtəlif  yazılarla  çıxış 
etmişlər.  İkinci  Dünya  müharibəsindən  sonra  Türkiyədə  və  Avropanın  ayrı-ayrı 
ölkələrində  yaşayan  azərbaycanlı  legionerlərin  çoxu  mətbu  fəallıq  göstərmiş, 
xalqımızın tarixi, ədəbiyyatı, tanınmış şəxsiyyətləri ilə bağlı məqalələr, əsərlər nəşr 

etdirmişlər.  Bu  mənada  Azərbaycan  legionerlərinin  zəngin  mətbu  və  ədəbi  irsi 
ciddi olaraq öyrənilməlidir. 
 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin