NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   ...   9   10   11   12   13   14   15   16   17

 
XI BÖLÜM 
 
VLASOV KOMĠTƏSĠNĠN YARADILMASI. AZƏRBAYCAN 
LEGĠONERLƏRĠNĠN VƏ DĠGƏR LEGĠONERLƏRĠN “VLASOV 
KOMĠTƏSĠ”NƏ ETĠRAZLARI. AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠ 
ALMANĠYANIN TANIMASI 
 
Məşhur sovet  generalı  A.  A.  Vlasov 1942-ci  ilin iyulun 12-də  almanlara 
əsir  düşmüşdü.  (254,  s.4)  Qeyd  edək  ki,  Hitler  rus  mənşəli  əsirlərdən  ordu 
yaradılması  təklifinə  mənfi  münasibət  göstərirdi.  O,  1943-cü  ildə  belə  bir  təklifə 
qəti  etirazını  bildirmişdi  (371,  s.344)  Lakin,  Hitlerin  etirazlarına  baxmayaraq, 
cəbhədə vəziyyətin dəyişməsi, almanların geriyə doğru sıxışdırılması və Amerika, 
İngiltərə  dövlətlərinin  Sovet  ordusuna  yardımının  güclənməsi,  nəhayət,  “Rusiya 
Azadlıq Ordusu”nun yaranmasını gerçəkləşdirdi. 
General  Vlasovun  “Rusiya  Azadlıq  Ordusu”nu  yaratmaqda  bir  başlıca 
məqsədi  də  hərbi  cəhətdən  daha  da  güclənmək,  hər  ehtimala  qarşı,  Almaniya 
məğlub  olduqdan  sonra  Qərb  dövlətlərinin  -  ABŞ-ın  və  Böyük  Britaniyanın 
köməyi ilə “üçüncü qüvvə” kimi Sovet İttifaqına qarşı çıxış etmək idi. (371, s. 344) 
Qeyd edək ki, ruslardan ibarət könüllü birliklər, ayrı-ayrı taburlar, alaylar 
olaraq formalaşırdı. Belə formalaşan birliklər alman diviziyalarının tərkibinə daxil 
edilirdi. 1943-cü ilin payızında polkovnik-leytenant Xolters rus könüllülərindən ilk 
hissələr yaratmağı təklif etmişdi. 
Qeyd edək ki, hələ 1941-ci ilin iyununda müharibə başlayandan az sonra 
Yuqoslaviyadakı Rus bürosunun rəisi general-mayor M. F. Skorodumov almanlara 
rus  diviziyası  yaratmaq  təklifı  ilə  çıxış  etmiş,  lakin  onun  bu  fikri  qəbul 

olunmamışdı.  General  Skorodumov  gözlənilmədən  1941-ci  ilin  sentyabrın  12-də 
ayrıca  rus  korpusunu  yaratması  haqqında  elan  verdi  və  18  yaşdan  55  yaşa  qədər 
səfərbərliyin  başlandığını  bildirdi.  Alman  hökumət  orqanları  onun  bu  təklifinə 
etiraz  edib,  sentyabrın  14-də  generalı  həbs  etdilər.  (254,  s.  11-12)  1942-ci  ilin 
noyabrın  30-da  alman  komandanlığının  xüsusi  qərarı  ilə  Rus  Mühafizə  Dəstəsi 
korpus  adlanaraq  Vermaxtın  tərkibinə  qoşuldu.  1943-cü  ilin  sentyabrın 
əvvəllərində  korpusda  4,8  min  əsgər  və  zabit  olduğu  halda,  1944-cü  ilin 
sentyabrında  bu  rəqəm  11  minə  çatırdı.  (254,  s.  13)  Qeyd  olunmalıdır  ki,  Rus 
legionerləri müxtəlif adlarla birlik və ordular yaradırdı: 1) “Birinci Milli Ordu”. 2) 
“Rus  Milli  Xalq  Ordusu”.  3)  “Rusiya  Xalq  Azadlıq  Ordusu”.  4)  “Rusiya 
Xalqlarının Qurtuluş Komitəsi” və s. 
1944-cü  ilin  avqustun  14-də  Çexoslavakiyanın  paytaxtı  Praqada  SS-in 
dəstəyi  ilə  (xüsusən  Himmlerin)  general  Vlasovun  başçılığı  altında  “Rusiya 
Xalqlarının  Qurtuluş  Komitəsi”  (RXQK)  yaradıldı.  (395,  s.  160)  “Şərqi  Türk 
Silahlı  Qüvvələri”  və  “Qafqaz  Silahlı  Qüvvələri”  quruluşunda  rus  hərbi 
əsirlərindən  və  “Şərqli  işçilərdən”  ibarət  təşkil  olunan  “Rusiya  Qurtuluş  Ordusu” 
1945-ci ilin yanvarında Vlasovun sərəncamına verildi. (395, s. 160) 
Qeyd  edək  ki,  1944-cü  ilin  noyabrın  14-də  qəbul  edilən  məşhur  “Praqa 
Manifesti”  uzun müddət sovet tədqiqatçıları tərəfindən təhrif olunmuş məzmunda 
izah  edilmişdir.  Manifest  haqqında  oxuculara  belə  məlumatlar  verilirdi:  “Hitler 
sənədi”,  “darıxdırıcı  sənəd”  və  s.  Sovet  müəllifləri  izah  edirdi  ki,  bu  manifest 
xüsusiyyətçiliyin  tərəfindədir,  sinfi  mübarizəyə  son  qoyulmasını  tələb  edir  və  s. 
Lakin,  qeyd  etməliyik  ki,  bu  Manifest  14  maddədən  ibarət  idi  və  yeni  Rusiya 
dövləti yaratmağa daha çox üstünlük verirdi. 
Manifest  bu  sözlərlə  başlayırdı:  “Həmvətənlər!  Qardaşlar  və  bacılar!  Bu 
ağır sınaq saatlarında biz Vətənimizin, xalqlarımızın və özümüzün xüsusi taleyini 
həll  etməliyik.  İnsanlıq  böyük  itkilər  dövrü  yaşayır.  Davam  etməkdə  olan  dünya 
müharibəsi  bir-birinə  qarşı  olan  siyasi  sistemlərin  ölüm-dirim  mübarizəsidir.  
Başda  başqa  xalqların  əzilməsi  və  istismarı  üzərində  nəhəngliyi  möhkəmlənən   
İngiltərə  və  ABŞ  mübarizə  aparırlar.  Digər  tərəfdən  isə  başda  başqa  xalqların  və 
ölkələrin  milli  müstəqlliyini  məhv  edib,  dünya  inqilabını  arzulayan  Stalinin 
başçılıq  etdiyi  beynəlmiləl  qüvvələr  mübarizə  aparır.  Mübarizə  aparanlar 
azadlıqsevən,  yaşamaq  istəyən,  öz  xüsusi  tarixini  və  milli  inkişafını 
müəyyənləşdirmiş xalqlardır... 
İki  il  əvvəl  Stalin  ayrı-ayrı  ölkələri  maribənin  vətən  azadlığı  xarakteri 
daşıdığı  fikri  ilə  azad  edə  bilərdi.  Lakin,  indi  Qızıl  Ordu  sovet  dövlətinin 
sərhədlərini  keçərək  Rumıniyaya,  Bolqarıstana,  Serbiyaya,  Xorvatıstana, 
Macarıstana  soxulmuş,  başqa  torpaqlarda  qanlar  tökməkdədir.  İndi  bolşeviklər 
tərəfindən  davam  etdirilən  müharibənin  əsl  xarakteri  üzə  çıxmaqdadır.  Onun 
məqsədi - Stalin tiranlığının ağalığını SSRİ xalqları üzərində möhkəmlətmək və bu 
ağalığı bütün dünyada həyata keçirməkdir. 

Rusiya Xalqlarının Qurtuiuş Komitəsi öz məramını belə müəyyənləşdirir: 
a)  Stalin  tiranlığının  devirilməsi,  Rusiya  xalqlarının  bolşevik  sistemindən  azad 
edilməsi,  Rusiya  xalqlarının  1917-ci  ilin  xalq  inqilabındakı  hüquqlarının 
qaytarılması; b) müharibənin dayandırılıb Almaniya ilə şərəfli sülhün bağlanması; 
v) bolşeviklərsiz  və istismarçılarsız  yeni azad xalqın dövlətinin qurulması”. (371, 
s.359-360) 
Manifestin  sonunda  isə  belə  çağırışlar  vardı:  “Həmvətənlər,  Avropada 
yerləşən  qardaşlar  və  bacılar!  Sizin  vətənə  tamhüquqlu  vətəndaşlar  kimi 
qayıtmağınız  yalnız  bolşeviklər  üzərində  qələbə  sayəsində  mümkündür.  Siz  - 
milyonlarsınız.  Mübarizənin  qələbəsi  sizdən  asılıdır.  Xatırlayın  ki,  siz  ümumi  iş 
üçün,  qəhrəman  azadlıq  qoşunları  üçün  işləyirsiniz.  Öz  gücünüzü  və  əmək 
qəhrəmanlığınızı  göstərin.  Qızıl  Ordunun  zabit  və  əsgərləri!  Avropa  xalqlarının 
əzilməsinə  istiqamətlənmiş müharibəni dayandırın. Silahlarınızı Rusiya xalqlarına 
aclıq, əzab və hüquqsuzluq gətirən bolşeviklərə qarşı çevirin. Vətəndəki qardaşlar 
və bacılar! Stalin tiraniyasına və işğalçı müharibəyə qarşı mübarizəni gücləndirin. 
Öz  qüvvənizi  hüquqlarınızın  əldə  olunmasına  qarşı  qəti  çıxışlara  və  ədalət, 
xeyirxahlıq  uğrunda  mübarizəyə  səfərbər  edin.  Rusiya  Xalqlarının  Qurtuluş 
Komitəsi sizin hamınızı birliyə, sülh və azadlıq uğrunda mübarizəyə çağırır! Praqa, 
1944-cü  il,  14  noyabr.  Rusiya  Xalqlarının  Qurtuluş  Komitəsinin  sədri  general 
leytenant A. Vlasov. (371, s.357-362) 
Lakin,  “Rusiya  Xalqlarının  Qurtuluş  Komitəsi”nin  mövqeyindən 
azərbaycanlı  legionerlər  narazılıq  etdilər.  Bunun  səbəbi  ondan  ibarət  idi  ki, 
“Vlasov  Komitəsi”  rus  olmayan  millətlərin  də  adından  danışırdı.  Vlasovun  bu 
mövqeyi milli təmsilçiləri və legionerləri ciddi narahat edirdi. Vlasov Komitəsinin 
müraciətində  xalqların  azadlığı  və  suverenlik  haqları  qorunsa  da,  sanki 
“kommunistsiz, bolşeviksiz” bir Rusiya dövləti quruluşu dəstəklənirdi. 
Qeyd  edək  ki,  “Vlasov  Komitəsi”ni  Himmler,  Xarici  İşlər  Nazirliyinin 
“Rusiya  Komitəsi”  və  Göbbels  müdafiə  edirdilər.  Qeyri-rus  millətlərin 
mövqeyində isə Alfred Rozenberq, Fon Mende və başqaları dayanırdı. 
Himmlerin başçılıq etdiyi SS Mərkəz Dairəsi  yaranmış gərginliyi aradan 
qaldırmaq üçün yollar aramağa başladı. Milli təmsilçilərə belə bir plan təklif edildi: 
“Şərqi Türk” və “Qafqaz Silahlı Gücü”nə paralel olaraq “Şərqi Türk” və “Qafqaz 
Şurası” şəklində siyasi idarə orqanlar təşkil ediləcəkdi; bu müəssisələrin bir yanda 
türküstanlıların, Krım tatarlarının və Volqa tatarlarının, digər tərəfdə isə gürcülərin, 
ermənilərin,  azərbaycanlıların  və  Şimali  Qafqazlıların  komitələrinin  federativ 
şəkildə  birləşməsinin  təşəkkülü  vacib  bilinmişdi.  Vlasovun  qarşısında  sovet  şərq 
xalqlarının  milli  təmsilçiliklərinin  dəyərini  artırmaq  üçün  milli  komitələr 
mərtəbəsinə yüksəldiləcəklərdi. Sonradan isə legionlar və SS birliklərinin siyasi və 
əsgəri  komitəsinin  komitələrə  verilməsi  planlanmışdı.  “Doğu  türk”  və  “Qafqaz 
Şurası” da federativ bir şəkildə “RXQK-nə bağlanacaqdı”. (395, s. 161) 

Qeyd  edək  ki,  “Şərqi  Türk  Silahlı  Gücü”  üçün  Harun  əl  Rəşid  bəy, 
“Qafqaz Silahlı Gücü” üçün isə Şimali Qafqaziyalı Lazar Biçeraxov seçilsə də, bu 
birliyin işini tamamlaya bilmədi. Bu birliklərə paralel olaraq yaradılan “Şərqi Türk 
Şurası” başqanlığına  Krım tatarı Krıməl, sonradan isə daha nüfuzlu  Qəyyum  xan 
təklif  olundu.  Lakin,  hər  ikisinin  münasibətlərindəki  gərginlik  nəticəsində  “Şərq 
Türk Şurası” reallaşmadı. “Qafqaz Şurası”nın isə aşağıdakı İdarə Heyəti tərəfindən 
idarə olunması razılaşdırıldı: 1) Azərbaycanlı Abbas bəy Atamalıbəyov; 2) Gürcü 
Mixail Kedia; 3) Erməni Armik Camalyan; 4) Şimali Qafqazlı - Əli xan Qantəmir; 
Heyətin katibliyi vəzifəsini isə gürcü Mixail fon Altibiya aparırdı. (395, s. 
161-162) 
Dörd  Qafqaz  Komitəsi  təmsilçiləri  “Vlasov  Komitəsi”nə  daxil  olmağın 
əleyhinə  çıxış  etdilər  və  özlərini  Milli  Komitə  adlandırmaq  tələblərini  irəli 
sürdülər.  Qafqazlıların,  eləcə  də  türküstanlıların  açıqlamalarında  bu  fikir  ciddi 
vurğulanırdı:  “Vlasov  sadəcə  rusların  məsələlərini  yönəltməli  və  eləcə  də  ruslar 
adından ortaya çıxmalıdır”. (395, s. 164) 
General  Vlasov  da  rus  olmayan  milli  təmsilçilərlə  əlaqələr  qurmağa 
çalışırdı.  Hətta  Almaniya  Xarici  İşlər  Nazirliyi  və  SS  Mərkəz  Dairəsinin  də 
cəhdinə baxmayaraq, tərəflər fikir eyniliyinə gələ bilmədilər. “Praqa Manifesti”nin 
qəbulundan  dörd  gün  sonra  Rozenberqin  adına  etiraz  yazısı  göndərildi.  Etiraz 
məktubunu  aşağıdakı  xalqların  təmsilçiləri  imzalamışdı:  İdil-Ural  (türk-tatar)  və 
Qafqaz  (azərbaycanlı,  gürcü,  erməni  və  şimali  qafqazlı),  Krım  tatarları, 
türküstanlılar,  ukraynalılar.  Milli  təmsilçilər  Almaniya  hökumətindən  aşağıdakı 
xahişləri  edirdi:  1)  General  Vlasovun  miilətlərin  iradəsinə  qarşı  olan  bütün 
tələblərinə  mane  olmaq.  2)  Millətlərin  müstəqil  dövlət  qurmaq  haqlarının  dərhal 
tanınması və milli təmsilçiliklərin tanıdıqlarının ifadə edilməsi. 3) Milli birliklərin 
hərəkətinin Vermaxta bağlı olmaqla bərabər öz komandirlərinin əmri altında və bir 
arada bolşevizmə qarşı mübarizə aparmalarına icazə verilməsi və bu təşəkküllərin 
siyasi  idarəsinin  milli  təmsilçiliklərə  buraxılması.  Nəhayət,  general  Vlasovun 
millətlər üzərindəki idarə iddiası kəskin şəkildə rədd edilməzsə, milli təmsilçilərin 
heç  birinin  Vlasovun  fəaliyyəti  dolayısıyla  bu  təmsilçilərin  yerliləri  arasında  baş 
verə  biləcək  hadisələrin  məsuliyyətini  üstünə  almayacağını  ən  qərarlı  bir  şəkildə 
bəyan etməyi bir vəzifə borcu olaraq bildirməyi vacib sayır”. (395, s.165-166) 
Hətta  bəzi  komitələrin  legionları  Vlasovun  ordusuna  qatılarsa, 
həmvətənlərini  itaətsizliyə  və  fərariliyə  təşviq  edəcəklərini  açıqlayırdılar.  Belə 
hadisələr isə legionlar arasında artıq müşahidə olunurdu. Bu haqda türküstanlı, əsgi 
legioner  Baymirzə  Hayit  haqqında  Türkiyədə  nəşr  edilmiş  kitabda  maraqlı 
açıqlamalar  vardır:  “qeyri-rus  millətlərin  milli  hürriyyət  üçün  savaşa  qatılan 
əsgəriləri yenidən bir rus ordusu və rus generalının əmri altına girmələri fövqəladə 
narazılıq  yaradır.  Gürcü,  erməni,  İdil-Ural  tatarları,  Şimali  Qafqaz  legioner 
birlikləri daha dünənə qədər özlərini əzən rusların əmri altında savaşmaları olacaq 

iş  deyildi.  Alman  komandanlığının  aldığı  bu  qərar  270  000  civarında  olan 
Türküstan legioner arasında geniş narazılıqlara səbəb olur”. 
1944-cü  ilin  19-20  dekabrında  alay  komandiri  Qulam  Alimovun    
komandirliyində  toplanan  türküstanlı  subaylar,  türküstanlı  əsgərlərin  rus 
komandanlığı altında savaşa qatılma əmrini  müzakirəyə başladılar. Müzakirələrin  
sonunda  mayor  Hayitin  Berlində  alman  Genelqurmayından  bu  durumun 
düzəldilməsi  xüsusunda  təmsilçi  olaraq  göndərilməsinə  qərar  verildi.  Hayit 
Azərbaycan  Milli  Komitəsinin  başqanı  minbaşı  Əbdürrəhman  Fətəlibəyli  ilə 
birlikdə  1944-cü  ilin  22  dekabrında  İşğal  Qüvvətləri  (SS,  Naurtac)  komandanı   
general  Bergerlə  görüşərək  türküstanlı  və  azərbaycanlı  əsgərlərin  general  Vlasov 
komandası altında savaşmaları qərarının ləğv edilməsini bildirdi. Alman rəhbərliyi 
qərarı  ləğv  etməyin  qeyri-mümkünlüyünü,  əmrin  gücünün  yerində  qalacağını   
bildirmələrinin ardından alay  komandiri Qulam  Alimov Türküstan alayına, 1944-
cü ilin 24 dekabrında isə alman ordusuna üsyan etmələrini və almanlara qarşı atəş 
açılması əmrini verdi. Vəziyyət çox gərginləşdi və gözlənilən üsyan  ilin əvvəlində  
baş  verdi.  Türküstanlı  əsgərlər  alman  əsgərlərinə  qarşı  atəş  açdılar.  Bu  atışmada 
almanların  nə  qədər  itki  verdiyi  göstərilməmişdir.  Sıraları  pozulmuş  Türküstan 
ordusu  əsgərləri  Çexoslavakiya  Milli  Kommunist  Partiyası  milis  güclərinə 
qatılaraq  alman  qüvvələrinə  qarşı  vuruşmağa  başladılar.  Bu  vuruşda  almanların 
itkisi 250 əsgər, 400 əsir oldu və bu əsirlər də ölümə məhkum edildilər.  Savaşın 
pis  gedişiylə  bu  üsyan  almanları  çox  hirsləndirdi.  Alman  yetkililəri  vəziyyət 
haqqında raport istədikdə Hayit hadisənin səbəbini anlatdıqdan sonra dedi: “Əgər 
milli əsgərlər rus komandirliyi əmrinə verilməsi qərarında israr edilirsə, çox daha 
vahiməli  olayların  cərəyan  edəcəyini”  bildirməsi    üzərinə,  almanlar  qərarlarını  
dəyişib  1945-ci  ilin  martında  Türküstan  legioner  alayının  “Türküstan  Milli 
Ordusu” olaraq tanımaq məcburiyyətində qalır”. (400, s.45-46) 
Beləliklə,  “Vlasov  Komitəsi”  milli  təmsilçilərlə  münasibətlər  qurmağı 
bacarmadı  və  ayrı-ayrı  xalqlardan,  o  cümlədən  azərbaycanlılardan  ibarət 
legionerlər və onların rəhbərləri müstəqil və azad yaşamaq istəyini üstün tutdular. 
Onlar  bununla  bir  daha  sübut  etdilər  ki,  Almaniya  Silahlı  Qüvvələri  tərəfində 
vuruşmaqda  başlıca  məqsədləri  həm  də  gələcəkdə  vətənlərini  azad  və  müstəqil 
dövlətlər cərgəsinə qoşmaqdır. 
Qeyd edək ki, hələ 1944-cü ilin avqustun 22-də almanların müharibədəki 
vəziyyətinin  kəskin  olduğu  bir  zamanda  dörd  Qafqaz  Cümhuriyyəti  Qafqazın 
konfederativ əsaslarla mövcud olacağına aid sənədi (diplomatik notanı) Xarici İşlər 
Nazirliyinin məsul işçisi fon Şulenberq vasitəsi ilə Xarici İşlər Nazirliyinə çatdırdı. 
(141, s. 5) 
1945-ci  ilin  martın  17-də  Rozenberq  azərbaycanlılara,  gürcülərə, 
ermənilərə  Şimali  Qafqaz  və  Krım  tatarlarına  Almaniya  tərəfindən  rəsmən 
tanındıqlarını  bildirdi.  Tanınma  sənədində  həmin  xalqların  “gələcəyi  haqqındakı 

fikirlərini təmsil etmək bildirilir və  manifestlərlə açıqlama  haqqına sahib olduğu” 
təsdiqlənirdi. (395, s. 117) 
XII BÖLÜM 
 
AZƏRBAYCAN LEGĠONERLƏRĠ ĠKĠNCĠ DÜNYA HƏRBĠNĠN 
SONLARINDA 
 
İkinci  dünya  müharibəsi  sona  çatırdı.  Almaniya  dövlətinin  məğlubiyyəti 
qaçılmaz idi. Müttəfiqlərin yaxından köməyi ilə almanları Berlinə doğru sıxışdıran 
sovet qoşunları qələbə əzmini get-gedə gücləndirirdilər. 
ABŞ,  Böyük  Britaniya  Sovet  İttifaqına  bu  qələbədə  kömək,  böyük 
yardımlar  göstərdilər.  Böyük  Britaniyanın  baş  naziri  U.  Çörçilin  1941-ci  ilin 
iyulundan  Stalinlə  başlayan  yazışmalarında  bu  köməyin  vacibliyinə  toxunulur, 
hərbi sursatın miqdarına qədər göstərilirdi (323, s.23-28). 
1943-cü  ilin  oktyabrın  19-26-da  Moskvada  SSRİ-nin,  ABŞ-ın  və  Böyük 
Britaniyanın  xarici  işlər  nazirlərinin  keçirdiyi  konfransda  İngiltərə  hökuməti 
diplomatik  kanallarda  düşmən  tərəfin  sülh  müraciətinin  daxil  olduğunu 
məlumatlandırdıqda Sovet  hökuməti mövqeyini belə ifadə etmişdi: “Almaniya ilə 
danışıqlar  həmin  ölkənin  yalnız  qeyd-şərtsiz  təslimçiliyindən  gedə  bilər”.  (296, 
s.25) 
1943-cü  ilin  noyabrın  28-dən  dekabrın  1-nə  qədər  Tehranda  SSRİ,  ABŞ 
və  İngiltərə  dövlətləri  başçılarının  konfransı  keçirildi.  (349,  s.98;  285,  s.68). 
Konfransda Almaniyaya qarşı müharibənin aparılması problemlərinə, müharibədən 
sonrakı  əməkdaşlıq  və  möhkəm  sülh  yaradılması,  Avropa  xalqlarının  azadlığı  və 
müstəqilliyinin təminatı və digər məsələlərə də toxunuldu. 
1945-ci  ilin  fevralın  4-dən  11-dək  Sovet  İttifaqında  -  Krımda  -  Yaltada 
ABŞ,  Böyük  Britaniya  və  SSRİ  dövlətləri  başçılarının  konfransı  keçirildi.  (349, 
s.194)  Konfransda  Almaniyanın  gələcəyi  problemi  müzakirə  olundu  və  keçmiş 
sovet  əsgər  və  zabitlərinin,  vətəndaşlarının  sovet  dövlətinə  qaytarılması  da 
razılaşdırıldı. Əslində isə, istər Yalta konfransı, istərsə də sonradan 1945-ci ilin 17 
iyul-2  avqustunda  keçirilən  SSRİ,  ABŞ  və  Böyük  Britaniya  dövlət  başçılarının    
Berlin  (Potsdam  konfransı)  konfransı  müharibədən  sonrakı  qaydalar  üçün  əsas 
yaratdı. (232, s.7; 231, s.14) 
Qeyd  edək  ki,  legionerlərin  gələcək  həyatına  təhlükə  yaradan  Krım 
(Yalta) konfransının ayrıca bir bölməsi “Müttəfıq dövlətlər arasında həmin ölkələrə 
aid olan hərbi əsirlər və vətəndaşların işi üzrə razılaşma” adlanırdı. Həmin bölmədə 
yazılmışdı:  “Krım  konfransında  Britaniya,  Amerika  və  sovet  nümayəndələrinin 
danışığında  bu  ölkələrin  vətəndaşlarının  və  hərbi  əsirlərin  müdafiəsi  və 
saxlanılmasına  da  toxunuldu.  Fevralın  11-də  SSRİ  və  Böyük  Britaniya,  SSRİ  və 
ABŞ  arasındakı  imzalanmış  mətnlər  əhəmiyyətlidir.  Sovet  dövləti  və  Böyük 
Britaniya  arasındakı  müqaviləni  V.  M.  Molotov  və  cənab  İden  imzalamışdılar. 

Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları arasında müqaviləni general-leytenant 
Qrızlov  və  general  Din  imzaladılar.  Bu  müqaviləyə  uyğun  olaraq  müttəfiqlərin 
vətəndaşlarının köçürülməsi üçün nəqliyyat vasitəsi ayrılmayınca hər bir müttəfiq 
başqa  müttəfiq  ölkənin  vətəndaşının  yemək,  geyim,  tibbi  xidmət  və  digər 
ehtiyaclarını təmin edəcək. Sovet zabitləri Amerika və ingilis hökumət orqanlarına 
nəqliyyat  ayrılınca  sovet  vətəndaşlarına  xidmətdə  kömək  göstərəcəklər.  Britaniya 
təbəələrinə və Amerika vətəndaşlarına xidmətdə isə sovet hökumətinə Britaniya və 
Amerika zabitləri kömək edəcəklər. “Hər üç dövlət arasındakı razılaşmaya əsasən 
onlar  hər  cür  kömək  etməyə  öhdəlik  götürür  və  bütün  hərbi  əsirlərin,  mülki 
vətəndaşların  təhvil  verilməsi  üçün  hərbi  əməliyyatların  aparılmasına  qarşılıqlı 
yardım edirlər”. (349, s. 198-199) 
Qeyd edək ki, Krım (Yalta) konfransında hərbi əsirlərə aid qəbul edilən bu 
razılaşma  birmənalı  qarşılanmadı.  Legionerlər  sovet  dövlətinin  onlara  amansız 
cəzalar  tətbiq  edəcəyini  yaxşı  başa  düşürdülər.  Ayrı-ayrı  legionların  təmsilçiləri 
Beynəlxalq  Qızıl  Xaç  Təşkilatı  və  digər  qurumlarla  əlaqələr  qurmağa  çalışırdı. 
Məsələn, gürcü Mixail Kedia Cenevrəyə gedib danışıqlar aparsa da, lazımi nəticəni 
əldə edə bilməmişdi. 
General Vlasovun da Amerika ordu hissələri ilə öz əsgərlərini xilas etmək
sovetlərə qaytarılmamaq mövzusundakı danışıqları uğurla getmirdi. Amerikanın 3-
cü Ordu rəhbərliyi Vlasovun təkliflərini qəbul etmirdi. Amerikalılar yalnız bir fikri 
irəli sürürdülər: qeyd-şərtsiz təslim olmaq. (371, s.219). 
Sovet  ordu  hissələri  Berlinə  yaxınlaşdıqda  və  Almaniyanın 
məğlubiyyətinin qaçılmaz olduğu reallaşdıqda Azərbaycan legionerlərinin də taleyi 
təhlükəli  vəziyyətlə  üzləşdi.  Belə  olduqda,  legionerləri  xilas  etmək  məqsədi  ilə 
1945-ci  ilin  fevralında  Berlində  “Azərbaycan  Milli  Birlik  Məclisi”  üzvlərinin  bir 
dəstəsi  müşavirə  keçirdi.  Müşavirədə  azərbaycanlı  legionerlərin  ingilis-amerikan 
qoşunlarının  nəzarət  etdikləri  Şimali  İtaliyaya  köçürülməsi  qərara  alındı.  Eyni 
zamanda qeyd olundu ki, ingilis-amerikan qoşunlarının Sovet ordusu ilə savaşacağı 
təqdirdə  SSRİ-yə  qarşı  mübarizələrini  davam  etdirsinlər.  Böyük  çətinliklə 
Türkiyəyə  gedən  Ə.  Qazıyev  isə  buradakı  İngiltərə  və  ABŞ  səfirləri  ilə  görüşüb, 
legionerləri  Sovet  hökumətinə  verməməklərini  xahişə  cəhd  etsə  də,  bu,  baş 
tutmadı.  Türkiyə  polisi  Ə.  Qazıyevi  həbs  edir  və  digər  əsirlərlə  birgə  Sovet 
hökumətinə təhvil verir. (97) 
Müharibənin  sonlarına  yaxın  Şərq  cəbhəsində  vuruşan  Azərbaycan 
legionerlərinin  sovet  ordu  hissələrinin  əlinə  keçməməsi  üçün  Ə.  Fətəlibəylinin 
təşəbbüsü  ilə  birliklərin  əvvəlcə  cənub  və  qərb  cəbhələrinə,  bir  müddətdən  sonra 
isə o dövrdə daha sakit bölgə olan İtaliyaya köçürülməsinə başlanıldı. Qeyd edək 
ki,  bu  çox  çətin  və  ağır  prosesin  həyata  keçirilməsində  mayor  Ə.  F. 
Düdənginskinin böyük xidmətləri olmuşdu. (404) 

1945-ci  ilin  mayın  9-da  Almaniyanın  təslim  olmasına  baxmayaraq, 
legionerlərin taleyi şübhə altında idi. Onlar müttəfiqlərin tərəfində qalmağa çalışır, 
sovet ordu hissələrinə tabe olmaq istəmirdilər. 
Sovet  təbliğatçıları  müxtəlif  vasitələrlə  legionlardakı  zabit  və  əsgərlər 
arasında  münaqişələr  də  yaratmağa  cəhd  göstərirdilər.  Onlar  legionerləri 
inandırmağa  çalışırdılar  ki,  sovet  hökuməti,  törətdikləri  nöqsanlara  baxmayaraq, 
bütün sadə əsgərləri bağışlayacaq, ana vətən öz oğullarını geri çağırır. 
Lakin,  legionerlər  bu  təbliğata  elə  ciddi  əhəmiyyət  vermir,  inanmırdılar. 
Sovet komandirlərinin Amerikanın 12-ci korpusunun komandiri general-mayor Le 
Ray  İrvinlə  legionerlərin  silahsızlaşdırılması  ilə  bağlı  danışıqları  da  nəticə 
vermirdi.  Lakin  Sovet  ordu  hissələrinin  legionların  mövqelərinə  getdikcə 
yaxınlaşması vəziyyətin gərginləşdiyini göstərirdi. 
Sovet  təbliğatına  inanıb  könüllü  təslim  olanların  taleyi  haqqında  artıq 
qorxulu xəbərlər eşidilirdi. 1945-ci ilin mayın 12-də Vlasov ordusunda xidmət edib 
öz dəstəsi ilə Qırmızı Orduya keçmiş bir zabiti öz əsgərləri qarşısında güllələdilər. 
Qorxub  qaçmaq  istəyənləri  isə  pulemyot  atəşi  ilə  məhv  etdilər.  Şlyusselburq 
yaxınlığındakı  düşərgədə  onlarla  zabiti  də  tabeçiliyində  olan  legionerlərin  sırası 
qarşısında güllələdilər. Qalanlarını isə naməlum istiqamətə apardılar. 
Mayın 12-də general Vlasov amerikalı zabitlərlə danışıqlardan qayıdarkən 
sovet  zabitləri tərəfındən  həbs edilib 25-ci  tank korpusunun qərargahına  gətirildi. 
Sonradan  marşal  Konevin  əmri  ilə  Drezdenə,  oradan  təyyarə  ilə  Moskvaya 
göndərildi. (371, s.226-227) 
Eyni  zamanda  müharibə  sona  yaxınlaşdıqca  imkan  tapan  əsirlərdən 
düşərgələrdən  qaçanlar  da  az  olmurdu.  Almaniyanın  silah  naziri  Şpeyerin 
məlumatına  görə,  yalnız  1944-cü  ildə  qaçanların  sayı  500  minə  yaxın  idi.  Bir 
milyondan  çox  əsir  isə  Qızıl  Ordu  əraziləri  azad  etdikdən  sonra,  ordu  hissələrinə 
qoşulub onun sıralarında vuruşurdular. 
Lakin, bu adamların hamısını qarşıda eyni tale gözləyirdi. Stalinin verdiyi 
əmrdən isə çoxlarının məlumatı yox idi. Müharibə hələ bitməmiş Stalinin əmrində 
göstərilmişdi:  “1-ci,  2-ci  Belorusiya  və  1,  2,  3  və  4-cü  Ukrayna  cəbhəsinin 
komandirlərinə  -  yoldaş Beriyaya,  yoldaş Merkulova,  yoldaş  Abakumova,  yoldaş 
Qolikova, yoldaş Xrulevə, yoldaş Qolubevə. Cəbhə Hərbi Şuraları arxa rayonlarda 
keçmiş  hərbi  əsirlər  və  köçürülmüş  sovet  vətəndaşlarının  yerləşdirilməsi  və 
saxlanması  üçün  hər  birində  10000  nəfərlik  düşərgələr  yaradılsın.  Yoxlamaq 
tapşırılsın:  keçmiş  Qızıl  Ordunun  hərbi  xidmətçilərinə  -  “SMERŞ”  əkskəşfiyyat 
orqanlarına;  mülki  şəxslərə  -  XDİK,  XDTK,  “SMERŞ”  -  komissiyalarına.  İ. 
Stalin”. (348) 
SSRİ  Xalq  Daxili  İşlər  Komissarlığında  isə  keçmiş  hərbi  əsirlərlə  iş 
aparan  ayrıca  idarə  fəaliyyət  göstərirdi.  Bu  idarənin  məşğul  olduğu  şəxslərin 
əksəriyyəti  vətənə  xəyanətdə  -  58-ci  maddə  ilə  ittiham  olunurdular.  Məhz  bu 
idarənin  əməkdaşları  1945-ci  ilin  oktyabrın  1-dən  5200  sovet  vətəndaşını, 

“təmizlədilər”. Müttəfıqlər tərəfındən isə buraya 2.034 nəfər təhvil verilmişdi. 58-
ci  maddə  ilə ittiham olunanların saxlanması üçün Stalinin  əmrinə  müvafıq olaraq 
100-dən çox düşərgə yaradılmışdı. 
Lakin bu düşərgələr və oradakı adamların çoxunun taleyi hələ müəmmalı 
olaraq  qalmaqdadır.  Mənbələrdə  isə  daha  çox  İrkutsk  vilayətinin  Çunsk 
rayonundakı düşərgələrin adına rast gəlmək mümkündür. 
Müharibənin  sona  çatması  Azərbaycan  legionerlərinin  də  taleyini  şübhə 
altına  almışdı.  Başda  mayor  Fətəlibəyli  Düdənginski  olmaqla  azərbaycanlı 
legionerlərin  bir  hissəsi  İtaliyanın  şimalında  ingilislərin  nəzarəti  altında  qalırdılar 
və hər zaman sovet qoşunlarına təslim edilə bilərdilər. 
“Onlar  türklərdir”  kitabında  azərbaycanlı  legionerlərin  aqibəti, 
müharibədən  sonrakı  taleyi  haqqında  çoxlu  məlumatlar  vardır.  Müəllif  yazırdı: 
“Avropa  müharibəsi  nəhayət  bitdi.  Qərbli  müttəfıqlər  və  ruslar  Almaniyanın 
ortasında  birləşdilər  və  təbii,  hərarətlə  qucaqlaşdılar  və  öpüşdülər.  O  zaman 
Almaniyada  olan  qaçqınları  Millətlərarası  Yardım  Təşkilatı  (UNRRA)  himayə 
edirdi.  Bu  təşkilatda  böyük  düşərgələr  təşkil  edərək,  milyonlarca  qaçqın 
daldalanmağa başladı. Bizim Varburq qəsəbəsindəki qaçqın soydaşlarımızı Kassil 
şəhəri  ətrafında  olan  “Yunkes-Lager”  adlı  qapalı  bir  düşərgəyə  götürdülər.  Bu 
düşərgədə  türklərdən  başqa  Baltik  məmləkətləri  qaçqınları  da  toplaşmışdılar  və 
Baltiklər  əksəriyyət  təşkil  etdiyindən  düşərgəyə  “baltiklər  düşərgəsi”  deyilirdi. 
Yemək olduqca yaxşı idi. Gündəlik bölgüdə hətta siqaret, şokolad verilirdi. Fəqət 
qaçqınlar (legionerlər - N. Y.) ruhən sakit deyildilər. Hamısı təlaş və iztirab içində 
idilər.  Çünki,  Yalta  konfransının  qərarları  artıq  kimsəyə  naməlum  deyildi.  Bu 
uğursuz qərarnaməyə görə “Bütün Rusiya vətəndaşları Rusiyaya” qaytarılacaqdı... 
Qərbli böyüklər yaşıl türk Krımında havalarını dəyişərkən yəqin ki, qırmızı Stalin 
yoldaşla  da  danışıqda  Rusiyaya  doğru  geri  dönmək  istəməyənlərin  də  mövcud   
olacaqlarını təsəvvür etmirdilər... Zavallı qaçqınlar için-için ağlayır və hər ehtimala 
qarşı  Rusiya  əleyhinə  bir  şeylər  danışmayırdılar.  Qərb  işğal  bölgələrinin  hər 
tərəfındə  rus  təbliğatçıları  təşkil  edilmişdi.  Bu  əsgəri  təbliğatçılar  sovet 
vətəndaşlarını  “Sovet  cənnətinə”  sövq  etməklə  məşğuldular.  Və  demokratiya    
haqlarından  faydalanaraq  alman  kommunistlərini  təşkilatlandırmaq  və  casusluq 
vəzifələrini  də  yaddan  çıxarmırdılar.  Mədəni  Qərb  dərin  bir  qəflətə  dalmışdı. 
Rusları  çox  yaxşı  tanıyan  kiçik  millətlər  isə  mədəniyyət  dünyasının  yatmış 
divlərinə yaxınlaşa bilməzdilər belə... Onlar dostluq və siyasət tələbatını Rusiyaya 
güclə aid etdirirdilərsə, dünyanın hansı hüquq alimi siyasi bir dava aça bilərdi?.. O 
zaman  hamı  eyni  dil,  eyni  ideal  və  eyni  üslubla  danışan  Moskva,  London  və   
Vaşinqton radioları bilirsinizmi nələr çərənləyirdilər, nələr... Moskva radiosu belə 
deyirdi:  “Yaşasın  sülh  və  demokratiya.  Qatil  Hitler  və  cəllad  Mussolini  artıq 
məğlub.  Onlarla  iş  birliyi  etmiş  olan  faşist  ünsürlərini  də  bir-bir  təmizləyəcəyik. 
Dünya əbədi bir sülh dövrünə qovuşacaqdır”. London belə deyirdi: “Yaşasın sülh 
və  demokratiya.  Qatil  Hitler  və  zalım  Düçe  (italyanca  rəhbər,  Mussolini  nəzərdə 

tutulur  - N. Y.) artıq cəhənnəmə  vasil oldular.  Dünyanın  faşist ünsürlərini də bir-
bir  təmızləyəcəyik.  Bundan  belə  dünya  əbədi  bir  sülh  içində  yaşayacaqdır...”   
Vaşinqton  belə  deyirdi:  “Yaşasın  sülh  və  demokratiya.  Dünya  iki  qanlı 
diktatorundan  artıq  xilas  olmuşdur.  Əlimizdəki  qara  vərəqələr  üzrə  bütün  faşist 
ünsürlərini  də  bir-bir  təmizləyəcəyik.  Dünya  üzərində  nəhayət  əbədi  bir  sülh 
bayrağı dalğalanacaqdır”. (177, s. 123-124) 
Legionerlər  arasında  aparılan  təbliğata  inanmayanların  sayı  çox  idi. 
Əksəriyyət  yenidən  Stalin  rejiminin  təsiri  altında  yaşamaq  istəmir,  etirazını 
bildirirdi. Odur ki, legionerlərin zorla sovetlərə verilməsi bəzən qanlı çarpışmalarla 
nəticələnirdı. Rananın “Onlar türklərdir” kitabında bu hadisə belə təsvir olunurdu: 
“İşğal qüvvələri komandanlığının təbliğinə görə bütün “Rus
 
vətəndaşları” vətəninə 
dönəcəkdilər.  Yalnız  Baltik  məmləkətlərindən  gələn  qaçqınlar  Amerikanın 
himayəsində  qala  biləcəkmişlər.  Çünki,  Birləşmiş  Amerika  dövləti,  üç  Baltik 
məmləkətini Sovetlər birliyinə birləşdirməyi hələ qəbul etməmişdi. Baltiklilər artıq 
fəallaşaraq  antisovet  təbliğat  aparmağa  və  qərb  aləmini  məlumatlandırmağa 
başladılar.  Bir  çox  başqa  millət  mənsubları  da  pasportlarını  dəyişərək  baltikli 
olmağa çalışırdılar. Baltiklilər çox mədəni və alicənab insanlardır. Milli düşmənləri 
olan  rusları  həmçinin  (təbii  antibolşevik  rusları)  “Baltiklidir”  deyə,  -  himayə 
etdilər. 
Türklər isə milii mənsubiyyətlərini inkar etməmək qərarına gəldilər. Fəqət 
özlərini Yunanıstanlı türk deyə təqdim edəcəkdilər. Bu bəhanə ilə Rusiyaya güclə 
aid  edilməzdilər  bəlkə...  Qaçqın  düşərgələrini  tez-tez  ziyarət  edən  rus  zabitləri 
günün birində Baltiklilər düşərgəsinə də soxulmaq istədilər. Fəqət cəsur baltiklilər 
onları  qapıdan  içəri  buraxmayaraq  hamısı  bir  ağızdan  çığırdılar:  -  Bizdə  təbliğat 
aparmağa  gəlmisiniz? Çəkiliniz, alçaq həriflər.  Sizin də  nə düşündüyünüzü əzbər 
bilirik.  Baltik  məmləkətləri  də  Sovet  cənnətinin  bir  guşəsində  yer  almışdı.  Xeyr. 
Biz  oradan  gəldik.  Cənnət  vətənimiz  sizin  qanlı  işğalınız  altında  bir  cəhənnəm 
oldu.  Qəhr  olsun  sovet  cəhənnəmi...  Yaşasın  Amerika  demokratiyası...  Amerika 
demokratiyasından ilham alan qarışıq bir kütlə qırmızı zabitləri çürük yumurta və 
əzilmiş  pomidorla  qovdular.  Sarı  və  qırmızı  boyalar  qırmızı  zabitlərin  ulduzlu 
hərbi paltarlarına yeni bir rövnəq vermişdi. Bu hadisədən iki gün sonra Baltiklilər 
düşərgəsi  əsgəri  polislər  tərəfindən  mühasirəyə  alındı.  Düşərgədə  olanlar  təlaşa 
düşərək, bir-birinə pıçıldadılar: - hamımızı yaxalayaraq ruslara təslim edəcəklər... - 
Artıq  baltiklilərə  də  aman  yoxdur;  -  Rus  qanunları  qərbin  işğal  bölgələrində  də 
qüvvədədir.  Biz  rus  zabitlərini  çürük  yumurtalarla  qovduq,  onlar  isə  bizə  güllə 
yedirəcəklər.” (177, s. 125,126) 
Hadisələrin  şahidi  olmuş  daha  bir  legionerin  -  Ramazan  adlı  birisinin 
1952-ci  ildə  Münhendə  nəşr  edilən  “Qafqasya”  jurnalındakı  xatirələri  də 
maraqlıdır.  Müəllif  “Çılğınlıq  qurbanları”  məqaləsində  yazırdı:  “Legionerlərin 
təhvilində  daha  bir  qanlı  hadisə,  1945-ci  ilin  mayın  28-də  Avstriyada, 
Oberdrauburqda baş verdi. Belə ki, beş minə yaxın legioner Sovetlərə təslim edildi. 

Lakin onların heç birisi Sovet İttifaqına qayıtmaq istəmir, müqavimət göstərirdilər. 
Müttəfiq orduların zabitləri heç kəsi buraxmaq istəmir, yalnız bir fikir bildirirdilər: 
orada,  vətəndə  hər  şey  həll  edilir.  Belə  olduqda,  bir  çox  legionerlər  boğazlarının 
damarlarını  kəsib  intihara  başladılar.  Bəziləri  isə  qatar  bütün  sürəti  ilə  hərəkət 
etdikdə  özlərini  pəncərədən  yerə  atdılar.  Bütün  əsirlər  keçmiş  alman  hərbi 
düşərgəsi olan Spitelə gətirildi. Qurbanlarını gözləyən ağgözlü NKVD-çilərin əlinə 
keçməmək  üçün  bütün  əsirlərin  üstləri  hər  şeyləri  əllərindən  alındı.  Bu  zaman 
qocalar  və  müdafıəsiz  qadınlar  coşğun  Drau  çayı  sahilində  dəhşət  içində  özlərini 
yerə  vurdular.  Lakin  əsgərlər  uşaqlı  qadınlara  belə  rəhm  etmədən  tüfəng  və 
süngülərlə adamları vaqonlara doldurmağa başladılar. Bir çoxları uşaqları ilə birgə 
özlərini Drau çayının coşğun sularına atıb boğuldular. Bir çoxları olduqları yerdə 
intihar  etdilər.  Bəzi  legionerlər  isə  müttəfıq  ordu  əsgərlərinin  köməyindən 
yararlanıb xəlvəti olaraq Avstriya dağlarına qaçdılar”. (177, s. 19-21). 
M. Ə. Rəsulzadənin və Ə. F. Düdənginskinin çalışmalarına baxmayaraq, 
azərbaycanlıların  və  bütövlükdə  türklərin  Türkiyədə  sığınacaq  tapmağına  imkan 
verilmirdi. Türkiyə dövlət nümayəndələri bu problemə qarışmaq istəmirdilər. 
Türküstan  Milli  Ordusunun  başçılarından  olan  Baymirzə  Hayit  1945-ci 
ilin iyununda Türkiyə Cümhuriyyətinin Almaniyanın Bavariyadakı təmsilçisi İhsan 
Ünəsan bəylə əlaqə qurub vəziyyəti ona anlatdı. İhsan bəy bu işə kömək edəcəyinə 
söz vermiş və Türkiyəyə keçmək istəyənlərin siyahısını tələb etmişdi. Buna uyğun 
olaraq Hayit bəy 1945-ci ilin 15 avqustunda türk xalqlarının legioner başçıları ilə 
əlaqə yaradıb 105 minə qədər adamın siyahısını hazırlayıb İhsan bəyə verdi. İhsan 
bəy  təyyarə  ilə  Türkiyəyə  qayıdarkən  Yuqoslaviyadan  göyə  atəş  açıldı  və  o, 
yaralanıb  xəstəxanaya  aparıldı.  İhsan  bəydəki  siyahı  isə  yoxa  çıxdı.  Sonradan 
siyahının ikinci nüsxəsi Tiranadan Ankaraya - Baş komandanlığa çatdırılsa da, bir 
faydası olmadı. 
Ankarada  bu  məsələ  ilə  bağlı  toplanan  komissiya  müzakirələrində  dövlət 
adamlarından biri kəskin olaraq türklərin Türkiyəyə köç etmələrinin əleyhinə çıxış 
etmişdi. Nəticədə, belə bir qərar verilmişdi:  “Əgər bu əsirlər Türkiyəyə  gətirilirsə, 
aralarında ən azından 10 000 (on min) casus vardır. Daha sonraları bu vəziyyətdən 
necə qurtaracağıq. Bu vəziyyətdə Almaniyadakı türk mühacirlərini Türkiyə qəbul 
edə bilməz” (400, s.47) 
Qeyd  edək  ki,  Türkiyə  dövlətinin  bu  gizli  qərarı  yalnız  1975-ci  ildə 
açıqlandı. 
Sovetlərə  təslim  edilən  hərbi  əsirlərə,  legionerlərə  isə  amansız  divan 
tutulur,  əksəriyyəti  güllələnirdi.  Bəzi  komandirlər  isə  əsgərlərini  tərk  etməyib 
onlarla  birlikdə  qalır, sovetlərə  təhvil  verilir,  güllələnirdilər. Məsələn,  müttəfiqlər 
sovet  vətəndaşı  olmadığı  halda  əsgi  mühacir  Sultan  Gireyi,  azərbaycanlı  İsrafil 
bəyi güllələmişdilər. 
Tanınmış  azərbaycanlı  zabitlərdən  albay  İsrafil  bəy  əsil  hünər  və 
əsgərlərinə  sədaqət  nümunəsi  göstərdi.  Müttəfiq  orduların  rəhbərliyi  İsrafil  bəyi 

yox, onun əsgərlərinin sovetlərə təhvil veriləcəyini bildirdikdə cəsur zabit demişdi: 
“Mən  yaşadığım  müddətdə  heç  bir  qüvvət  mənim  komandam  altında  olanları 
barbar  bir  rejimə  təslim  edə  bilməz.  Ya  hamımız  bərabər  hürriyyətə  qovuşuruq, 
yaxud  da  bərabər  ölürük!  Mənim  birliyim  əsir  vətənimizin  hürriyyət  uğrunda 
çarpışmış və gözlərimin önündə on minlərlə qurban vermiş olan azərbaycanlılardan 
təşkil olunub. Mən bir komandan olaraq onları yalqız başına kommunizmin qanlı 
xəncərinə  necə  təslim  edə  bilərəm?  Mən  heç  bir  zaman  övladlarımı  yalqız 
buraxmaram.  Onlarla  bərabər  ölmək  mənim  üçün  ən  böyük  bir  şərəfdir”  (18,  s.8-
10) 
Belə  olduqda  müttəfıq  ordu  rəhbərliyi  İsrafil  bəyi  çoxlu  sayda 
azərbaycanlı  legionerlərlə  birlikdə  Sovet  dövlətinə  təslim  etmişdi.  Sonradan  isə 
İsrafil bəy “vətən xaini” adı ilə qətlə yetirilmişdi. 
Vəziyyətin  gərginliyi  1945-ci  ilin  noyabr  ayına  qədər  davam  etdi. 
Noyabrda  Müttəfiq  Qüvvələrin  Baş  Komandanı  general  Eyzenhauer  kimsənin 
könülsüz  olaraq  sovetlərə  təslim  edilməməsi  haqqında  bir  açıqlama  verdi.  (10, 
s.49)  Müttəfıq  dövlətlərin  Sovet  hökuməti  ilə  münasibətlərində  soyuqluğun 
yaranması  da  bu  açıqlamanın  verilməsinə  təsir  göstərmişdi.  Müttəfıq  dövlətlər 
Stalinin  gizli  niyyətlərini  -  Avropada  qalmaq,  kommunist  ideyalarının  hökm 
sürəcəyi ölkələri təsirində saxlamaq istəyini başa düşürdülər. 
Lakin  hərbi  əsirlərin  və  legionerlərin  taleyi  təhlükəli  olaraq  qalırdı. 
Tezliklə, M. Ə. Rəsulzadənin başçılığı altında Münhendə  “Azərbaycan Demokrat 
Birliyi”  adlı  cəmiyyət  quruldu.  Cəmiyyət  ciddi  fəaliyyətə  başladı,  azərbaycanlı 
əsirlərə  müraciət  hazırladı.  “Azərbaycan  Demokrat  Birliyi”nin  azərbaycanlı  əsir    
və legionerlərə  müraciətində yazılmışdı: “Əziz  mücahidlər! Altı ildir davam edən 
ikinci  cahan  hərbi  artıq  sona  yetdi:  hərb,  almanların  məğlubiyyəti,  qərb 
müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim mücadiləmiz isə davam edəcək, çünki, 
müqəddəs  vətənimizi  işğal  altında  tutan  sovet  kommunist  rejimi  müttəfıqlərin 
yanında  yer  almaq  imkanına  sahib  oldu.  Yurddaşlar!  Müqəddəs  vətənimizin 
bolşeviklər  tərəfindən  istilasından  21  il  sonra  ələ  keçən  bir  fürsəti  işin 
başlanğıcında  bəzi  səbəblərdən  zühur  edən  xətalara  rəğmən  yaxşı  qarşıladınız  və 
əldə silah əbədi düşmənə qarşı döyüşlər verdiniz. Vətən övladlarından şəhidlərimiz 
oldu, yerləri behişt olsun, hamısını hörmətlə  yad edirik. Hərb qəhrəmanı gənclər! 
Siz tələsməyin, araqızışdıranların təbliğatlarına inanıb geri dönmək kimi tələsikliyi 
qəbul etməyin. Vətəndaşlar, məlumunuz olsun ki, sizlər “Ostministrliklərdə”  (Şərq 
nazirliyi  -  N.    Y.)  işlədiniz,  legionlar  qurdunuz,  cəbhələrdə  silahlı  cəng  yapdınız, 
qəzet  və  jurnal  buraxdınız,  xalqımız  üçün  şərəfli  xidmətlər  göstərdiniz, 
qəhrəmanlıqlar etdiniz, dəvətə  inanmayın, çünki,  hamınız  onlara  görə  vətən  xaini 
və hərb günahkarı sayılacaqsınız. Bunun da cəzasını hamınız bilin. Vətən həsrətinə 
köks  gərin.  Olduğunuz  ölkələrdən  ayrılmayın,  milli  təşkilatlarımız  ətrafında 
birləşin,  bundan  aldığınız  güclə  də  mücadilənizi  davam  etdirin.  Əski  nəsil  bu 
davanı 26 ildir belə yürüdür. Ana vətən Türkiyə də sizin arxanızdadır. Hər zamankı 

kimi  sayıq  olun.  Özünüzə  müvəqqəti  yaşayacağınız  bir  ölkə  seçin.  Biz  sizin 
Türkiyəyə hicrət etmənizə kömək edərik, fəqət Amerikaya da gedə bilərsiniz, orası 
da elə lap yaxşı ictimai sistemi olan məmləkətdir. 
Yurddaşlar,  yurdumuza  dönənə  qədər  yaşayacağınız  ölkələrdə  sizə 
bəxtiyar  olmanızı  diləyirik.  Bu  vəsiqə  ilə  qısa  adı  “ADB”  olan  “Azərbaycan 
Demokrat Birliyi” ətrafında birləşməyə çağırırıq”  - Azərbaycan Demokrat Birliyi. 
Münhen, 1946-cı il. (195, s.218-219; 14) 
Almaniyanın  Münhen  şəhərində  gizli  şəraitdə  yaşayan  M.  Ə.  Rəsulzadə 
Misir  kralı  Fərrux  Almaniyada  olarkən  onunla  əlaqə  yaradıb  azərbaycanlılara 
yardımını  xahiş  etmişdi.  Kral  Fərrux  600-ə  yaxın  azərbaycanlını  özü  ilə  Misirə 
aparmışdı.  (196,  s.231)  Bundan  əlavə,  M.  Ə.  Rəsulzadənin  başçılığı  altında 
“Türkiyə-Azərbaycan”  cəmiyyəti  də  yaradılmış  və  bu  təşkilat  azərbaycanlıların 
Türkiyəyə getməsini təmin etmişdi. 
M.  Ə.  Rəsulzadə  Ankaraya  gəldiyi  ilk  gündən  azərbaycanlıların   
Türkiyəyə  gətirilməsi  və  yerləşdirilməsinə  çalışdı.  Yüzlərlə  azərbaycanlı  məhz 
onun köməyi ilə Türkiyədə sığınacaq tapdı. Qeyd edək ki, cəmiyyətin yardımı ilə 
1947-ci  ildə  Münhendə  M.  Ə.  Rəsulzadənin  hazırladığı  33  səhifəlik  “Azərbaycan 
tarixindən”  kitabı  nəşr  edildi.  Kitabın  nəşrində  Azərbaycan  Demokrat  Birliyinin    
üzvləri  Əhməd  Yaşar,  Məhəmməd  Kəngərli,  Heydər  Atak  fəallıq  göstərdilər. 
Müəyyən  maneələr olduğundan kitab Hannover şəhərində  nəşr  edilmişdi.  Kitabın 
nəşr  yeri  isə  Münhen  göstərilmişdi.  Kitab  Avropadakı  bütün  azərbaycanlılara 
paylanılmışdı. 
Qeyd  edək  ki,  1947-ci  ilin  sonlarından  başlayaraq  M.  Ə.  Rəsulzadənin 
Türkiyəyə-Ankaraya  gəlməsinə  icazə  verildi.  Bu  razılığın  alınmasında  dostu, 
Türkiyənin  dəyərli  dövlət  adamı  Həmdullah  Sübhi  Tanrıövərin  böyük  rolu 
olmuşdu. 
Azərbaycan  legionerlərinin  xilası  və  ayrı-ayrı  ölkələrdə  məskunlaşması 
üçün  əsas  fəaliyyəti  M.  Ə.  Rəsulzadə  ilə  yanaşı  Ə.  Fətəlibəyli  Düdənginski 
aparırdı.  Belə  ki,  M.  Ə.  Rəsulzadə  Almaniyanın  Münhen  şəhərində,  Ə.  F. 
Düdənginski isə İtaliyanın Roma şəhərində bu işi davam etdirirdilər. 
Qeyd etdiyimiz kimi, legionerlərin böyük bir hissəsi Ə. F. Düdənginskinin 
başçılığı  ilə  İtaliyada  ingilislərin  nəzarəti  altında  saxlanılırdılar.  Ə.  F. 
Düdənginskinin 1947-ci ilin dekabrın 5-də C. Hacıbəyliyə göndərdiyi məktubda bu 
haqda maraqlı məlumatlar vardır. O, məktubunda yazırdı: “Mənim əzizim Ceyhun 
bəy! Fuad mənə məlumat verdi ki, tez-tez xəstələnirsiniz. Özünüzü qoruyun. Olsun 
ki,  tezliklə,  böyük  Allahın  köməyi  ilə  biz  yenidən  mübarizəmizi  başlayaq. 
Beynəlxalq  vəziyyət getdikcə bizim xeyrimizə  dəyişir. Mən daha çox 1948-ci  ilə 
ümidlə baxıram. 
Avropa  düşərgələrindəki  həmvətənlərimizin  vəziyyəti  dözülməzdir. 
Üçüncü ildir ki, burada çırpınırıq, lakin qardaşlarımız  hamımıza biganədir. Olsun 
ki, Misirin köməyi ilə adamlarımızı İtaliyadan göndərə bildik. Artıq ikinci aydır ki, 

Zahid  xan  Qahirədədir  və  qaçqınların  problemləri  ilə  məşğuldur.  O,  bütün 
müsəlman  ölkələri  hökumətləri  ilə  əlaqə  saxlayır.  Hələlik,  İordaniya  və  İraq 
ölkələri 2-3 min qəbul götürməyə razılıq veriblər. Pakistanın da qərarını gözləyirik. 
İtaliyadakı  bütün  müsəlmanları  göndərdikdən  sonra  özüm  Misirə  gedib,  orada 
Almaniyadan,  Avstraliyadan,  İsveçrədən  gələnləri  qəbul  edəcəyəm.  Görəcəyimiz 
başqa işlərlə bağlı isə Fuad sizə geniş məlumat verəcək. Mənim ailəm isə hələ də 
düşərgədə  əziyyət  çəkir.  Onları  görə  də  bilmirəm.  İnşallah!  Onlar  da  birinci 
nəqliyyatla  gedəcəklər.  Ələsgərov  artıq  Türkiyədədir  və  Ziyad  bəy  onu  işə 
düzəltmişdir. Lakin onun ailəsi isə  hələ də buradadır. Mən çalışacağam ki, onları 
Misirə  göndərim,  oradan  isə  Türkiyəyə  getsinlər.  Zöhrə  xanımın  əllərini  öpürəm. 
Sizi və Timurçini qucaqlayıram. Sizin Abo”. (79) 
Mayor  Əbdürəhman  Fətəlibəyli  Düdənginskinin  və  digər  legionerlərin 
müharibədən  sonrakı  həyatı  ağır  keçdi.  F.  Düdənginski  ailəsi  ilə  birlikdə  böyük 
çətinlikdən sonra ingilislərin əsarətindən qurtula bildi. Bir il İtaliyada, iki ilə qədər 
Misirdə qaldıqdan sonra Qərbi Almaniyaya getmiş, bir ara Türkiyəyə gəlib bir neçə 
ay qaldıqdan sonra təkrar Münhenə getmiş və orada yaşamışdı. 
Qeyd  edək  ki,  İtaliyada  ingilislərin  nəzarətində  olarkən  mayor 
Düdənginski,  İngiltərənin  baş  naziri  Klement  Ettliyə  məktub  yazdı.  Həmin 
məktubda  yazılmışdı:  “Cənabınıza  məlumdur  ki,  bolşevizmin  tarixi  satqınçılıq, 
müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq 
sancdılar,  onu  müharibədən  çıxardılar  və  bu  xalqı  satdılar.  Onlar  eyni  zamanda 
Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı və s. güdaza verdilər. 
1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, 
İngiltərənin,  Fransanın  və  digər  sülhsevər  xalqların  mənafeyini  satdı  və 
müharibənin əsas səbəbkarı oldu. Bolşeviklərin  müharibəqabağı planları  hər  kəsə 
məlumdur.  Almaniya,  İngiltərə,  Fransa  və  digər  Avropa  ölkələrini  bir-birilə 
toqquşdurmaq  və  hər  iki  tərəfə  qan  tökməyə  imkan  verərək,  sonra  bolşevik 
çəkmələri  ilə  onların  qanlı  bədənlərini  tapdalamaq.  Belə  asanlıqla  Stalin  dünya 
xarabalığı  üzərində  hökmranlıq  etmək  istəyirdi.  Bolşevizmin  bu  taktikası  Lenin, 
Stalin tərəfindən yaradılıb və onlar heç vaxt bunu gizlətməyiblər. Təəssüf ki,  heç 
olmasa,  bir  nəfər  demokratik  xadim  tapılmadı  ki,  bu  barədə  bütün  dünyanı  açıq-
aydın  xəbərdar  etsin.  Aydındır  ki,  1941-ci  ildə  Hitler  təhlükəsi  altında  Stalin 
məcburən  İngiltərə  və  Amerikanın  “müttəfiqi”  oldu.  Hələ  cənab  Çörçil  onu 
“yoldaş”  adlandırır.  İstəmədən  “yoldaş”  deyilsəydi,  daha  doğru  olardı.  Yerin  1/6 
hissəsində  yaşayan  xalqlar  bolşevik  nəzəriyyəçiləri  tərəfindən  ingilis  və 
amerikalılara  nifrət  ruhunda  tərbiyələndiriliblər.  Stalin  cənab  Çörçilə  cavabında 
bolşevizmin  ingilis  dünyasına  olan  ümumi  nifrət  və  kinini  konsentrik  şəkildə 
göstərirdi.  Stalin  kommunizmin  heç  vaxt  uğur  qazanmadığını  və  qazanmayacağı 
ingilis dünyasına ona görə nifrət etmirmi? Stalin ingilis zəhmətkeşlərinin onu “ata” 
adlandırmaq istəmədiklərinə görə qəzəblənmirmi? Stalin ingilis xalqının seçkilərdə 
Hani  Polpitin  zəhmətkeşlərə  hər  kəsin  qabiliyyətinə  görə  işləyəcəyi  və  tələbatına 

(xüsusən,  viski  tələbatına)  görə  alacağı  kommunist  cəmiyyəti  qurmaq  vədlərinə 
baxmayaraq,  kommunistiərə  səs  vermədiklərinə  görə  hirslənmirmi?  Stalin  deyir: 
“Xalqlar  ona  görə  mübarizə  aparmayıblar  ki,  bir  köləlikdən  digərinə  keçsinlər. 
Konkret olaraq Hitler köləliyindən ingilis-amerikan köləliyinə”. Biz də deyirik ki, 
xalqlar  məhz  ona  görə  mübarizə  aparmayıblar  ki,  Stalin  -  kommunist  köləliyinə 
düşsünlər”. Stalin Avropanın xilası naminə 7 milyon itki verdiyini söyləyir. Əgər 
o,  Avropanı  xilas  etmək  istəsəydi,  bunu  İngiltərə  və  Fransa  ilə  ittifaqda  edərdi, 
Hitlerlə  yox.  7  milyon  deməklə  Stalin  itkilərin  sayını  kəskin  azaldır.  Axı  bizim 
xalqların  Stalin  rejiminə  nifrəti  o  qədər  böyükdür  ki,  onların  heç  biri  Stalin 
uğrunda  vuruşmaq  istəmirdi.  İlk  növbədə  ruslar,  ukraynalılar,  türk-müsəlmanlar. 
Yalnız buna görə Almaniya müharibənin ilk günlərində milyonlarla hərbi əsir tuta 
bilmişdi.  I  Dünya  müharibəsində  müharibəni  çar  Rusiyası  aparanda  bir  nəfər  də 
olsun rus, ukraynalı, hətta türk-müsəlman da Almaniya tərəfə keçməmişdi. Ancaq 
bu müharibədə Sizə məlum olduğu kimi, Almaniya tərəfdə öz legionerlərini təşkil 
edən və bolşevizmə qarşı vuruşan milyonlarla rus, ukraynalı, müsəlman türk və s. 
vardı. Məgər bütün bunlar Stalin rejiminin vəhşilik və antixalqçılığına, onun bizim 
xalqların atası deyil, atalığı olmasına dəlalət etmirmi? 
Nə  üçün  bir  nəfər  də  olsun  ingilis,  ya  amerikalı  almanlarla  birgə 
vuruşmadı?  Çünki,  onların  ingilis  tarixinin  inkişafı  nəticəsində,  dövlətçilik 
ənənələri  üzərində  öz  xalqlarının  oğulları  tərəfindən  idarə  olunan  vətənləri  var. 
Çünki,  İngiltərəni Kral, Ettli,  çörçillər, bevinlər, aleksandrlar, krippsilər  və  başqa 
xalqın  qanından,  kökündən  olmayanlar,  başqa  ölkələrdə  leyboristlər  və  ya 
konservatorlar partiyası yaratmaq istəməyənlər idarə edirlər. Siz dünya leyboristlər 
inqilabı  naminə  nə  bir  pendən,  nə  də  bir  nəfər  ingilisdən  söz  yox  keçməzsiniz. 
Leyborizm  və  həmçinin  konservatizm  təmiz  ingilis  əsillidir,  ingilislər  tərəfindən 
ingilis zəminində  yaradılıb və ingilis  xalqına  xidmət  edir. Kommunizm və  dünya 
proletar  inqilabı  haqqında  nə  demək  olar?  Kommunizm  rus,  ukrayna  və  xüsusən 
türk-müsəlman  gerçəkliyinə,  tarix  və  ənənələrinə  yad  və  yabançı  ideyadır. 
Ümumiyyətlə  isə,  kommunizmin  heç  bir  xalqm  gerçəkliyi  ilə  ümumi  nöqtəsi 
mövcud  deyil,  çünki,  kommunizmin  vətəni  yoxdur.  Kommunizm  öz  xalqının, 
vətəninin  mənafeyini  satmaq,  dünya  proletar  inqilabı  naminə  milyonlarla  həyatı 
qurban  verməkdir.  Məgər  dörd  illik  vətəndaş  müharibəsi  bizim  xalqların 
mənafeyinə,  sinfi  mübarizə  alovlarında  milyonlarla  yaxşı  zəhmətkeşin  məhv 
edilməsinə  və  yaxud  bizim  xalqların  başqa  xalqlardan  və  dünya  bazarından 
təcridinə,  1939-cu  ildə  Hitlerlə  müqavilə  bağlanmasına  uyğun  idimi?  Bu,  Yer 
üzünün  1/6  hissəsində  yaşayan  xalqların  mənafeyinin  tarixdə  misli  görünməmiş 
satılması  deyildimi?  1939-cu  ildə  bizim  xalqların  mənafeyi  tələb  edirdi  ki, 
müharibənin dəf edilməsi üçün Fransa və İngiltərə ilə müqavilə bağlansın. Yaxud 
müharibə  başlanarsa,  1-ci  gündən  onların  tərəfindən  iştirak  edilsin.  Əgər  bizdə 
demokratik hökumət və xalq rəhbərlərı olsaydı, onlar elə belə də hərəkət edərdilər. 
Bizim  ölkələr  mim  rəhbərlər  tərəfindən  idarə  olunmur.  Əvəzində  dünya  proletar 

inqilabı  maraqlarından  çıxış  edərək,  İngiltərə,  Fransa  və  bütün  dünya  xalqlarının 
axıdılmış  qanı  üzərində  kommunist  diktaturası  qurmaq  və  yeni  qüvvələrlə  çıxış 
etmək fikri ilə dünya yanğını alovlandırmaq üçün Hitlerlə ittifaq bağlayan bir dəstə 
beynəlmiləl  fırıldaqçı  hökmranlıq  edir.  İndi  bizim  həmvətənlər  Polşa,  Rumıniya, 
Macarıstan,  Bolqarıstan,  Yuqoslaviya,  Çexoslovakiya,  Finlandiya,  Estoniya,    
Latviya, Litva, Avstriya, Almaniya, həmçinin Çin xalqları üzərində jandarm rolunu 
oynayır  və  öz  süngüləri  ilə  bu  ölkələrdə  kommunizmi  yaymaq 
məcburiyyətindədirlər.  Bütün  bunlar  bizim  xalqların,  ilk  növbədə  rus,  ukraynalı, 
türk-müsəlmanların mənafeyinə uyğun deyil. Rus torpaqları və onların var-dövləti 
300  milyon  rus  üçün  kifayətdir.  Ukrayna  torpaqlarını  və  var-dövlətini  sayıb 
qurtarmaq  olmaz.  Biz  türk-müsəlmanlara  və  qafqazlılara  gəldikdə  isə,  bizim 
torpaqların genişliyi və zənginliyi sözə gəlmir. Odur ki, bizim xalqların ac və sıx 
əhalisi  olan  Avropanın  torpaqlarına  ehtiyacı  yoxdur.  Yuxarıda  adları  çəkilən 
Avropa  xalqlarının torpaqları və  onların zorla  bolşevikləşdirilməsi dünya  proletar 
inqilabı  maraqlarına  uyğun  olaraq,  beynəlmiləl  fırıldaqçılar  dəstəsinə  ingilis-
amerikanlara  qarşı  yeni  müharibəyə  hazırlaşmaq  üçün  lazımdır.  Biz  türk-
müsəlmanları,  həmçinin  rus  və  ukraynalıları  dünya  proletar  inqilabı 
maraqlandırmır.  Biz  bir  qəpik,  ya  da  bizim  oğulların  bir  damcı  qanını  belə  bu  iş 
üçün könüllü surətdə vermədik. Biz heç vaxt bütün dünyadan təcrid olunmaq və on 
illərlə  “kapitalist  mühasirəsi”ndə  qalmaq  istəməmişik.  Biz  də  ingilislər  kimi 
istəyirdik ki, bizim də hökumət və rəhbərlər xalqımızın içindən çıxsın. Biz həm də 
parlamentimizi  sərbəst  surətdə  özümüz  seçmək  istəyirik.  Biz  dünyanın  bütün 
xalqları  ilə  dostluq  və  sıx  ünsiyyət  şəraitində  yaşamaq  istəyirik.  Biz  istəmirik  ki,   
bütün  dünya  kommunistləri  bizim  ata  və  oğullarımızın  qanı,  ana-bacılarımızın, 
arvad-uşaqlarımızın göz yaşı hesabına yaşasınlar. Cənab Baş nazir, biz bunun üçün 
bolşevizmə qarşı vuruşurduq. Vlasov və heç bir rus heç vaxt Rusiyanı, rus xalqını, 
milli  hökuməti,  milli  rəhbərliyi  satmayıb.  Ukraynalılar  da,  xüsusən  türk-
müsəlmanlar da vətənlərinə münasibətdə elə belə də hərəkət edərdilər.  Heç olmasa 
bir  nəfər  ingilis  Stalini  doğma  ata,  Beriya,  Mikoyan,  Tevosyan,  Bela-Kuna, 
Kusinena və onlar kimi digər cinayətkarları rəhbər adlandırarmı? Əlbəttə yox. Bəs 
onda niyə İngiltərə və Amerika bunu bizim xalqlardan tələb edir? Kim, harda, nə 
vaxt görüb, yaxud eşidib ki, rus, ukraynalı və türk-müsəlmanların atalarının ad və 
soyadları  Soso  Cuqaşvili  (İosif  Stalin),  Anastas  Mikoyan,  Mkırtıç  Tevosyan, 
Maliko  Qoqlidze,  Bela-Kuna  və  s.  olsun.  Belə  quldur  dəstəsini  və  “SSRİ”ni 
dəyişmirlər,  əksinə,  onlara  nifrət  edir  və  ilk  imkan  düşən  kimi  bu  beynəlmiləl 
quldur  dəstəsini  və  onların  yaratdıqları  SSRİ-ni  məhv  etmək  üçün  yaşayırlar. 
Cənab  Çörçilin  hesabatından  isə  məlum  olur  ki,  Siz  onlarla  50  illik  müqavilə 
bağlamaq  fikrindəsiniz.  Düzdür,  Siz  deyə  bilərsiniz  ki,  onların  içində  Molotov, 
Kalinin, Voroşilov kimi ruslar da var. Doğrudur, onlar rusdurlar. Onlar bu quldur 
dəstəsinin əlində  rus xalqına  göstərmək  üçün örtükdürlər.  Yəni SSRİ-ni ruslar da 
idarə edir. Bolşevik rəhbərləri içində ağıllı ruslar da olub ki, Stalin onları məqsədli 

şəkildə məhv edib. Məgər o, və onun quldur dəstəsi ağıllı rus, ukraynalıları və türk-
müsəlmanları hakimiyyətə yaxın qoyardımı? Molotov, Kalinin və Voroşilovun əqli 
qabiliyyətlərinin məhdudluğu o qədər üzdə idi ki, hətta nasional-sosialist təbliğatı 
da  onların  rus  əslli  olmasını  inkar  etməyə  cəsarət  etmədi.  Siz  özünüz  Molotovu 
Londonda  görmüsünüz.  Artıq  2-ci  dəfə  Stalin  onu  Kremldən  kənara  buraxmadı. 
Əvəzində Vışinski kimi “rus”u, Manulski kimi ukraynalını göndərdi. Rus, ukrayna 
və türk xalqlarının oğulları bu qəddarın qarşısında əyilməyə və onları ata və rəhbər 
adlandırmağa  layiqdirmi?  Biz  onların  hökmranlığına  qarşı  vuruşmalı  deyilikmi? 
Siz bolşevizmin düşməni olan bizləri niyə İngiltərə və Amerikanın düşməni hesab 
edirsiniz?  Biz  türk-müsəlmanlar  6-10  noyabr  1943-cü  il  Berlində  keçirilən 
Azərbaycan Konqresində öz demokratik proqramımızı elan etmədikmi? Biz alman 
dostlarımızın  bu  proqrama  İngiltərə  və  Amerikanın  əleyhinə  maddə  salmaq 
təklifini rədd etmədikmi? Bizim legionerlərin Qərb cəbhəsinə göndərilməsinə qarşı 
etiraz  edərək,  İngiltərə  və  Amerikanın  bizim  xalqların  düşməni  olmadıqlarını 
bildirmədikmi?  Bütün  bunları  gestapodan  qorxmadan  öz  müttəfıqimizin  üzünə 
deyirdik.  Bız  türk-müsəlman    kimi    həqiqətin    əksinə    gedə    və    Almaniyanın 
xeyrinə  olaraq,  İngiltərə  və  Amerikanı  bizim  xalqların  düşməni  adlandıra 
bilməzdik. Vlasov və ukraynalılar da elə belə hərəkət etdilər. Çünki, biz bolşevik-
kommunist deyilik və Almaniyanın yaxud hər hansı ölkənin xeyrinə öz xalqımızın 
şərəf və mənafeyi ilə alver edə bilməzdik. 
Biz  SSRİ-nin  əvəzinə  Rusiya,  Ukrayna,  Türküstan,  Azərbaycan, 
Ermənistan,  Gürcüstan  və  Şimali  Qafqaz  yaratmağa  can  atırıq.  Təəssüf  ki,  Qərb 
demokratiyası  “SSRİ”  anlayışı  ilə  “Rusiya”,  “Ukrayna”,  “Türküstan”, 
“Azərbaycan”...  anlayışlarını  səhv  salır.  Yaxud  “bolşevik”  anlayışı  “rus”, 
“ukraynalı”, “türk” anlayışları ilə qarışıq salınır. 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin