NƏSĠman yaqublu



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə1/17
tarix01.01.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

NƏSĠMAN YAQUBLU 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN LEGĠONERLƏRĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2005 

RƏYÇĠLƏR: 
Professor MUSA QASIMLI, 
Professor İSMAYIL MUSAYEV, 
Tarix elmləri doktoru AYDIN BALAYEV 
 
ELMĠ MƏSLƏHƏTÇĠLƏR: Ramiz Abutalıbov, Maarif Teymur 
 
Müəllijin redaktəsində nəĢr edilir 
 
 
 
 
 
Yaqublu N. Azərbaycan legionerləri. Bakı: “Çıraq”, 2005, 336 səh. 
 
Oxuculara  təqdim  olunan  bu  monoqrafiyada  İkinci  Dünya  müharibəsinin 
oxucularımız  üçün  çox  maraqlı  məqamları  açıqlanmışdır.  XX  əsr  tariximizdə  və 
bütövlükdə  tarix  elmimizdə  hadisə  sayılacaq  elmi  monoqrafiyada  ilk  dəfə  olaraq 
Azərbaycan legionerlərinin fəaliyyəti araşdırılır. 
70 mindən çox azərbaycanlı legionerin fəaliyyətinə aydınlıq gətirən bu əsər 
çox  zəngin  arxiv  materialları  və  sənədlər  əsasında  yazılıb.  Monoqrafiyada  İkinci 
Dünya  mühuribəsi  ilə  bağlı  du  çoxlu  yeni  faktlar,  məlumutlar  verilir  ki,  bu  da 
şübhəsiz oxuculurın böyük marağına səbəb olacaq. 
Müəllifin  dərin  elmi  araşdırmalarının  məhsulu  olun  bu  monoqrafıya 
azərbaycanlı legionerlər haqqında Azərbaycanda nəşr edilən ilk əsərdir. 
 
 
 
 
 
 
N  0501000000   01 -2005 
            067 
 
 
© “Çıraq”,  2005 

MÜNDƏRĠCAT 
 
Müəllifdən 
Giriş 
I bölüm.  Azərbaycanın  işğalı,  xalq  kütləsinin  zorla  sovetləşdirmə  əleyhinə 
mübarizəsi. 
Sovet İttifaqında mövcud rejimə qarşı etirazlar 
II bölüm.  SSRİ  dövlətinin  müharibə  təhlükəsini  yaratması.  Stalinin  müharibəyə 
hazırlıq planı 
III bölüm. Faşizmin yaranması. Hitlerin hakimiyyətə gəlişi. 
Almaniyanın müharibəyə hazırlıq planı 
IV bölüm. Ribbentrop-Molotov paktının imzalanması. 
Polşanın  Almaniya  və  Sovet  İttifaqı  tərəfindən  işğal  edilməsi.  İkinci  Dünya 
hərbinin başlanması 
V bölüm. Alman-Sovet müharibəsinin başlanması. 
Stalinin  səhvləri.  Azərbaycanlıların  ordu  hissələrində  incidilməsi.  Sovet 
əsgərlərinin kütləvi olaraq Almaniya tərəfınə keçməsi 
Vl bölüm. Sovet legionerləri. Legionların təşkili 
VII bölüm. Azərbaycanlı “xivilər” - legionerlər. 
Azərbaycan legionunun təşkili 
VIII bölüm. Azərbaycan legionerləri. Mayor Fətəlibəyli Düdənginski. 
Legionerlərin uğurlu döyüşləri 
IX bölüm.  1943-cü  ildə  Berlində  Milli  Azərbaycan  Qurultayının  keçirilməsi. 
Qurultayın qəbul etdiyi qərarlar 
X  bölüm. Azərbaycan legionerlərinin mətbu fəaliyyəti. 
“Azərbaycan”, “Hücum” qəzetləri, “Milli Birlik” jurnalı 
XI  bölüm.  Vlasov  Komitəsinin  yaradılması.  Azərbaycan  legionerlərinin  və  digər 
legionerlərin  “Vlasov  Komitəsi”nə  etirazları.  Azərbaycanın  müstəqilliyini 
Almaniyanın tanıması 
XII bölüm. Azərbaycan legionerləri İkinci Dünya hərbinin sonlarında 
XIII bölüm.  İkinci  Dünya  müharibəsindən  sonrakı  illərdə  Azərbaycan 
legionerlərinin fəaliyyəti 
XIV bölüm. Azərbaycan legionerlərinin ədəbi-bədii, ideoloji-siyasi irsi 
Nəticə 
Ədəbiyyat siyahısı 
Adlar göstəricisi 
 
 
 
 
 

 
MÜƏLLĠFDƏN 
 
Əziz oxucu! 
Azərbaycan  legionerləri  haqqında  bu  ilk  kitabı  çox  çətinlik  və  yaradıcılıq 
əziyyəti ilə başa gətirmişəm. Yetmiş minə qədər həmvətinimizin bu günə qədərki 
taleyi  ilə  bağlı  faktları  araşdırmaq,  sistemləşdirmək,  daima  mətbuatımızda  təhrif 
edilmiş  həqiqətləri  aydınlaşdırmaq  olduqca  çətin  idi.  Lakin  bu  iş  görülməli,  bu 
tədqiqat  aparılmalı  idi.  Digər  xalqlarda  legionlarla  bağlı  kitablar  nəşr  edilmiş  və 
elmi əsərlər hazırlanmaqdadır. Lakin Azərbaycan elmində hələlik bu mövzuda heç 
bir tədqiqat işi ortalığa qoyulmamışdır. 
Bu  mövzu  uzun  illər  boyu  sovetlər  məmləkətində  qadağan  edilmiş, 
yasaqlanmışdı.  O  insanlar  hamısı  Sovetlər  İttifaqının  mövcud  qanunlarına  görə 
“Vətən  xaini”  elan  edilmişdi.  Onlar  yaşamağa  imkan  tapdıqları  öz  vətənlərində 
belə  “ikinci  dərəcəli”  insanlar  cərgəsinə  qoyulurdular  və  əksər  hüquqlardan 
məhrum edilirdilər. Çoxları uzaq Sibirin sürgünlərində həyatını başa vurur, bəziləri 
vətənə qayıda bilməyib, dünyanın ayrı-ayrı ölkələrində işıqlı ömürlə vidalaşırdılar. 
Amma vətən həsrəti, yurd sevgisi, Azərbaycana ürəkdən bağlılıq hissləri onları tərk 
etmirdi.  Harada  yaşamaqlarından,  hansı  ölkədə  olmaqlarından  asılı  olmayaraq 
onlar  Ana  vətənimiz  Azərbaycanı  sevirdilər,  o  məhəbbətlə  yaşayırdılar.  Elə  bu 
sevginin, bu bağlılığın nəticəsi idi ki, onlar özlərindən sonra zəngin bir irs, maraqlı 
tarix qoyub gediblər. O tarixi öyrənmək isə bizim borcumuzdur. Sonralar tanınmış 
şairimiz  Bəxtiyar  Vahabzadə  ilə  hərdən  söhbətləşəndə  o  da  xarici  səfərlərində 
legionerlərlə  görüşdüyünü  qeyd  edir,  bu  mövzunun  olduqca  maraqlı  olduğunu 
söyləyirdi. 
Mərhum  Prezident  Əbülfəz  Elçibəylə  də  söhbətlərimdə  o,  bu  mövzunun 
araşdırılması vacibliyini bildirirdi. 
Bu  tarixi  bilgimə  ilk  işıq  tutan  şəxslərdən  biri  dəyərli  vətəndaşımız,  milli 
mücahidimiz,  hazırda  Türkiyənin  Ankara  şəhərində  yaşayan  doktor  Məhəmməd 
Kəngərli  olmuşdu.  1990-cı  ildə  onunla  Ankarada  görüşəndə  mənə  kifayət  qədər 
bilgi,  məlumat,  sənədlər  vermişdi  və  onları  sonradan  mətbuatda  çap  etdirib, 
kitablarımda mənbə olaraq bəhrələnmişdim. (1991-ci ildə nəşr edilən “Məhəmməd 
Əmin  Rəsulzadə”  kitabımda,  1997-ci  ildə  çap  olunan  “Müsavat  Partiyasının 
Tarixi” kitabımda bu mövzuya geniş toxunmuşam). 
Bu  mövzu  ilə  bağlı  araşdırmalarıma  ən  yaxın  kömək  göstərən  insanlardan 
biri  YUNESKO-nun  Azərbaycan  təmsilçisi  Ramiz  Abutalıbovdur.  Olduqca 
xeyirxah,  vətənpərvər  və  dəyərli  bir  insan  olan  Ramiz  bəy  həqiqətən  mənə  bu 
faktların  əldə  edilməsində  böyük  yardımçı  oldu.  Mayor  Ə.F.  Düdənginskiyə  aid 
çoxlu sayda sənədlərdən və legionerlərlə bağlı Almaniyada, Fransada nəşr edilmiş 
kitablardan  bəhrələnməyimə  imkan  yaratdı.  Dəyərli  ziyalımız  olan  Ramiz 
Abutalıbov hələ 70-ci illərdən legionerlərlə və mühacirlərlə əlaqə saxlamış, onların 

taleyi  ilə  maraqlanmışdır.  Həmin  illərdə  o,  mühacirətdə  yaşayan  Ələkbər 
Topçubaşi,  Məmməd  Məhərrəmov,  Timuçin  Hacıbəyli,  Qədir  Süleymanoğlu, 
Məcid Musazadə və onun həyat  yoldaşı İrena xanım, Əli Həsənzadə ilə yaxından 
təmasda  olmuşdur.  Ramiz  Abutalıbovun  ən  böyük  xidmətlərindən  biri  də  onun 
görkəmli  mühacir  C.Hacıbəylinin  arxivini  Azərbaycan  Mərkəzi  Dövlət  Arxivinə 
verməsidir. 
Mövzu  ilə  bağlı  araşdırmalar  aparakən  tanınmış  ziyalımız  Mərkəzi  Dövlət 
Arxiv İdarəsinin Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov da 
mənə  böyük  xeyirxahlıq  etdi.  Arxiv  sənədlərindən  bəhrələnməyimdə  onun 
qayğıkeşliyini də heç zaman unutmaram. 
Mövzunu  araşdırarkən  Ə.  Fətəlibəyli  Düdənginskinin  mərhum  bacısı  oğlu 
Abid  bəy  Tahirlinin  də  köməyindən  bəhrələnmişəm.  Abid  bəy  Ə.Düdənginski 
ailəsinə  aid  olan  çox  qiymətli  sənədləri  mənə  etibar  etdi.  Uzun  müddət  sürgün 
həyatı  yaşamış  bu  mehriban  və  sadə  qəlbli  insan  kitabın  nəşr  olunacağını  böyük 
həsrətlə gözləyirdi. Lakin amansız əcəl buna imkan vermədi. 
Qeyd edim ki, istər Ramiz bəydə, istər Maarif bəydə, istərsə də Abid bəydə 
bu mövzuya böyük, o insanlara isə diqqətli münasibət hiss edirdim. Və onlar haqlı 
olaraq  legionerlərimizin  fəaliyyətini  tariximizin  ayrılmaz  səhifəsi  olaraq  qəbul 
edirlər. 
İstər  Məhəmməd  bəyə,  istər  Ramiz  bəyə,  istərsə  də  Maarif  bəyə  kitaba 
göstərdikləri  köməyə  görə  dərin  təşəkkürlərimi  bildirirəm  və  Abid  bəyə  “Allah 
rəhmət eləsin” deyirəm. 
Kitabın  materiallarının  hazırlanmasında  kompüter  yığıcısı  Nəzakət 
Muradovanın  zəhmətini  xüsusi  qeyd  etmək  istəyirəm.  Nəzakət  xanım  çox  böyük 
əziyyətlə və eyni dərəcədə maraq, həvəslə bu əsərin yığılmasını başa çatdırdı. Ona 
bir daha dərin təşəkkürlərimi bildirirəm. 
Kitabın dizayn işlərinin və tərtibatının başa çatdırılmasında böyük köməklik 
göstərən İsmayıl Eyyubova da dərin minnətdarlığımı bildirirəm. 
Kitabın  korrektə  olunmasında  isə  jurnalist  Jalə  xanım  İsmayılova  böyük 
zəhmət çəkmişdir və mən ona da çox təşəkkürlər edirəm. 
Mərkəzi  Dövlət  və  Siyasi  Partiyalar  və  İctimai  Hərəkatlar  Arxivinin 
materiallarından bəhrələnməyimə imkan yaratdığına görə Azərbaycan Respublikası 
Mərkəzi Dövlət Arxivinin direktoru A.Paşayevə təşəkkür edirəm. 
 
GĠRĠġ 
 
1939-cu  ildə  İkinci  Dünya  müharibəsi  başlandı.  1941-ci  ilin  iyunun  22-də 
Almaniya dövləti SSRİ üzərinə hücum etdi. Bu hücumla daha da geniş sərhədləri 
əhatə edən müharibə Sovetlər Birliyində “Böyük Vətən müharibəsi” adı ilə təqdim 
olunmağa başladı. Uzun illər müddətində Sovet İttifaqında ali və orta məktəblərin 
tarix  kitablarında  müharibənin  mövcud,  real  faktlarla  təqdimatından  uzaqlaşma 

meyyləri müşahidə edilmişdir. Belə ki,  Almaniya-SSRİ müharibəsinin dərinliyinə 
müdaxilə  olunmamış  faktlar  birtərəfli  qaydada  oxuculara  çatdırılmışdır.  Bu, 
şübhəsiz  ki,  XX  əsr  tarixinin  bütövlükdə  təhrif  olunması  kimi  qəbul  edilməlidir. 
Müharibənin  başlanması  sovet  dövlətinin  daxilində  zorla,  üstüörtülü  saxlanılan 
çoxlu sayda problemləri aşkarladı. Böyük amansızlıq və terrorla qurulmuş ölkədə 
açıq fəaliyyət göstərən müxalifətin mövcudluğu da qeyri-mümkün olmuşdu. Eyni 
zamanda,  almanların  işğal  etdiyi  ərazilərdə  Sovet  rejiminin  ideoloji  əsaslarının 
güclü olmadığı da aşkarlanmışdı. 
Bu,  həqiqət  idi  ki,  Sovetlər  Birliyi  ayrı-ayrı  xalqların  azad  yaşamaq 
hüquqlarından  məhrum  edilməsi  nəticəsində  yaranmışdı.  Milli  müstəqilliyin 
gerçəkləşməsində  və  azadlıq,  müstəqillik  hallarına  qarşı  olan  kommunist 
rejimindən əhalidə ciddi narazılıq vardı. 
Qeyd  edək  ki,  1918-1920-ci  illərdə  mövcud  olmuş,  xalqımızın  müstəqil 
dövlətlər  cərgəsində  yaşamasını  təmin  etmiş  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
süqutundan  sonra  ölkədə  geniş  müqavimət  hərəkatı  başlanmış,  məmləkətin  ayrı-
ayrı bölgələrində onlarla silahlı üsyanlar olmuşdu. 
XX  əsrdə  Azərbaycan  xalqının  əldə  etdiyi  ən  böyük  qənimət,  şübhəsiz  ki, 
1918-1920-ci  illərdə  qurduğu  azad,  müstəqil,  demokratik  dövlətdir.  Təəssüflər  ki, 
sonrakı  durum,  hadisələrin  qarışıqlığı,  beynəlxalq  aləmdəki  mürəkkəbliklər, 
Rusiyada  bolşevizmin  güclənməsi,  kommunist  ideyalarının  geniş  xalq  kütlələrini 
aldadıcı  mahiyyətdə  əhatəsi  və  nəhayət,  Azərbaycan  daxilində  mövqe 
müxtəlifliyinin  olması,  ermənilərin  isə  xəyanəti  Azərbaycanı  müstəqillik 
haqlarından məhrum etdi. 
Azərbaycanda  mövcud  Sovet  rejiminə  qarşı  mübarizə  20-ci,  30-cu,  40-cı 
illərdə də müxtəlif formalarda davam etmişdir. 
Azərbaycandakı  mövcud  rejimdən  narazılıq  son  nəticədə  İkinci  Dünya 
hərbində  özünün  ilkin  bəhrələrini  verdi.  Almaniya  dövlətinin  SSRİ-yə  müharibə 
elan  etməsi  çoxlarında  Hitlerin  bolşevik  rejimini  tezliklə  devirəcəyi  ehtimalını 
gücləndirdi.  Çoxlu  sayda  könüllülər  Almaniya  hökümətini  dəstəklədi,  Sovetlər 
Birliyinə  qarşı  silaha  sarıldı.  Qeyd  etməliyik  ki,  keçmiş  sovetlər  məkanında 
yaşayan  əksər  xalqların  nümayəndələri  də  Almaniya  ordusuna  keçməyə  üstünlük 
verirdi.  Yəni,  Almaniya  höküməti nəzarətində  rusların, ukraynalıların, gürcülərin, 
ermənilərin,  Şimali  Qafqaz  xalqlarının  legionları  formalaşırdı.  Tanınmış  rus 
generalı  Vlasovun  və  digər  yüksək  rütbəli  zabitlərin  Almaniya  hökümətini 
dəstəkləməsi  ciddi  mənəvi-psixoloji  problemlər  idi  və  Sovet  ordusunda  əsaslı 
narazılıqların olduğunu bildirirdi. 
Azərbaycandan  olan  mayor  Əbdürrəhman  Fətəlibəyli-Düdənginskinin, 
Məcid  Qarsalaninin,  Abbas  bəy  Atamalıbəyovun,  Fuad  Əmircan  və  başqalarının 
Almaniya hökuməti orqanları ilə təmas qurması, Azərbaycan legionlarının təşkilinə 
rəsmi icazə istəmələri, bu istiqamətdə çalışmaları geniş olaraq öyrəniləsidir. 

Böyük  öndər,  Azərbaycan  Milli  Qurtuluş  Hərəkatının  ideoloqu  M.Ə. 
Rəsulzadənin isə siyasi danışıqlara üstünlük verməsi, Azərbaycanın müstəqilliyinin 
Almaniya dövləti adından tanınmasına çalışması da az araşdırılmış mövzudur. 
Azərbaycan  legionerlərinin  fəaliyyətini  araşdırmaqda  məqsəd  XX  əsrin 
Azərvaycan  tarixşünaslığındakı  boşluğu  doldurmaq,  eyni  zamanda  təhrif  edilmiş 
mühüm  tarixi  dövr  haqqında  obyektiv  məlumat  verməkdir.  Bu  məqsədin 
gerçəkləşməsi  üçün  tədqiqatçı  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsini 
məqsədəuyğun hesab edir: 
-uzun  illər  boyu  mövcud  olmuş  Sovet  dövləti  və  Stalin  rejimi  Sovet 
İttifaqında,  eləcə  də  o  İttifaqa  daxil  olan  respublikalarda  insanların  azad  və 
demokratik qaydalarl yaşayışına imkan yaratmamış, ölkədə sərt terror rejimi hökm 
sürmüşdür; 
-mövcud  Sovet  quruluşu  ölkə  vətəndaşlarının  hüquqlarını  əlindən  almış, 
saxta təbliğat silahı ilə onları istismar alətinə çevirmişdir
-digər  mövcud  rejimdən  narazı  qalan  sovet  xalqları,  o  cümlədən, 
Azərbaycan  xalqı  imkan  düşəcəyi  təqdirdə  milli  müstəqillik  uğrunda  mübarizəyə 
hazır olmuşdur; 
-İkinci  Dünya  müharibəsinin  başlanması  ilə  Azərbaycan  legionerləri 
faşizmin  bolşevizmə  qarşı  sərt  mübarizəsindən  bəhrələnib,  sovet  rejiminə  qarşı 
mücadilə aparmışlar; 
-Azərbaycan 
legionerləri  çətin  şəraitdə  olmalarına  baxmayaraq, 
Azərbaycanın müstəqilliyi uğrundakı mübarizəni dayanmadan yürütmüşlər; 
-Azərbaycan  legionerlərinin  hərbi  və  siyasi  fəallığı  nəticəsində  Almaniya 
höküməti Azərbaycanın müstəqilliyini tanımışdır; 
-Azərbaycan  legionerlərinin  1943-cü  ildə  Berlində  keçirdikləri  Milli 
Azərbaycan Qurultayı əhəmiyyətinə görə mühüm tarixi hadisə olmuşdur
-Azərbaycan  legionerlərinin  Almaniyada  müxtəlif  mətbuat  orqanlarını 
yaradıb  tariximizi,  ədəbiyyatımızı,  mədəniyyətimizi  təbliğ  etmələri  böyük 
əhəmiyyətə malikdir; 
-İkinci  Dünya  müharibəsi  illərində  Almaniyada  fəaliyyət  göstərən 
Azərbaycanın  ayrı-ayrı  siyasi  xadimlərinin  və  nüfuzlu  hərbçi  legionerlərinin 
köməyi ilə minlərlə yurddaşımızın həyatı xilas edilmişdir. 
Tədqiqatın əsas vəzifələrindən  biri də  Azərbaycan legionerlərinin ayrı-ayrı 
ölkələrdəki  fəaliyyətini  araşdırmaq,  Azərbaycan  diasporunu  formalaşdırmaq 
cəhdlərini öyrənməkdir. Bu məqsədlə, Azərbaycan legionerlərinin XX əsrin 50-60-
cı illərdəki müxtəlif ölkələrdə olan fəaliyyətləri də ciddi olaraq araşdırılmışdır. 
Tədqiq  olunan  mövzunun  ayrı-ayrı  istiqamətləri  haqqında  müxtəlif  əsərlər 
nəşr edilsə də, Azərbaycan legionerlərinin fəaliyyəti, mübarizəsi, döyüşləri, sonrakı 
taleləri  ilə  bağlı  sənədlərin,  mənbələrin  əldə  olunması  olduqca  çətindir. 
Azərbaycan  legionerləri  haqqında  ilkin  yazılara  mətbuatımızda  1990-cı  ildən 
başlayaraq  rast  gəlmək  mümkündür.  Ayrı-ayrı  legionerlərin  fəaliyyətindən  bəhs 

edən bu məqalələrdə Azərbaycanın XX əsr tarixinin yeni çalarları hiss olunmaqda 
idi. (93, 94, 95, 107, 124, 125, 137, 153, 148, 165, 185, 198, 199, 200) 
N.Yaqublunun,  T.Qurbanın,  X.İbrahimlinin,  H.Sadığın,  M.Teymurovun, 
M.Əlizadə  və  başqalarının  oxuculara  təqdim  etdiyi  bu  yazılar  böyük  maraqla 
qarşılanırdı. İlk dəfə olaraq “Yeni Müsavat”, “Aydınlıq”, “Səhər” və digər mətbu 
orqanlarda legionerlərin adları çəkilməyə başladı. 
1991-ci  ildə  tədqiqatçı  N.  Yaqublunun  “Məhəmməd  Əmin  Rəsulzadə” 
kitabı nəşr edildi (196). Otuz min tirajla çap olunan bu əsərdə ilk dəfə idi ki, geniş 
şəkildə 
Azərbaycan 
legionerlərinin 
fəaliyyəti 
işıqlandırılırdı. 
Əsərdə 
legionerlərimiz haqqında əhatəli və sistemli məlumatlar əksini tapmışdır. 
Mövzunun  geniş  açımına  növbəti  cəhdi  tədqiqatçı  alim  X.  İbrahimli 
göstərmişdir.  1996-cı  ilin  sonlarında  “Elm”  nəşriyyatı  tərəfindən  çap  edilən 
“Azərbaycanın  siyasi  mühacirəti”  əsərində  (132)  o,  Azərbaycan  legionunun 
fəaliyyəti ilə bağlı maraqlı mənbələr açıqlayırdı. 
1997-ci ilin əvvəllərində N. Yaqublunun “Müsavat Partiyasının tarixi” əsəri 
çap  edildi.  (195)  Geniş  araşdırma  mövzusu  olan  kitabda  Azərbaycan 
legionerlərinin  fəaliyyətinə  də  xüsusi  fəsil  ayrılmışdı.  Buna  baxmayaraq, 
Azərbaycan  legionerləri  və  legionları  haqqında  məlumatlar  olduqca  azlıq  təşkil 
edirdi. 
1993-cü ildə Rana təxəllüslü müəllifin “Onlar türklərdir” kitabı nəşr edildi. 
(177)  Xatirələr  üslubunda  yazılmış  bu  kitabda  Azərbaycan  legionerlərinin 
Sovetlərə qarşı apardığı döyüşlər və müharibədən sonrakı taleləri haqqında maraqlı 
məlumatlar vardır. 
2000-ci ildə “Azadlıq” qəzetində MTN əməkdaşı M. Cəfərlinin Azərbaycan 
legionerləri ilə bağlı yazıları nəşr edildi. Müəllif ilk dəfə olaraq legionerlərimizin 
hərbi  və  mətbu  fəaliyyəti  haqqında  maraqlı  açıqlamalar  verirdi.  Məqalələrdə 
müəyyən  nöqsanlar  olsa  da,  mövzunun  öyrənilməsi  baxımından  əhəmiyyətlidir. 
(96, 97, 98, 99, 100) 
2000-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin orqanı olan “Sərhəd” qəzetinin 
xüsusi  buraxılışında  İkinci  Dünya  müharibəsində  əsir  düşən  azərbaycanlıların 
siyahısı  açıqlandı.  Sayı  70  mindən  çox  göstərilən  siyahının  açıqlanmasının 
Azərbaycan  legionerlərinin  həyat  və  fəaliyyətinin  araşdırılması  baxımından 
əhəmiyyəti böyük idi. (186) 
2001-ci ildə “Üç nöqtə” qəzetində keçmiş legioner Əbdülqədir Həmidovun 
böyük həcmli xatirələri çap olundu. (190, 191, 192, 193) 
Dövrün  proseslərini  öyrənmək  baxımından  həmin  xatirələrin  də  dəyəri 
yüksəkdir. 
Bundan  əlavə,  Azərbaycan  mətbuatının  digər  nümunələrində  də 
legionerlərin  fəaliyyəti  ilə  bağlı  son  vaxtlar  müəyyən  materiallar  nəşr  edilmişdir. 
(129, 103, 104) 

Eyni 
zamanda, 
tədqiqatımızda 
azərbaycanlıların 
İkinci 
Dünya 
müharibəsindəki iştirakı ilə bağlı respublikamızda nəşr olunan tədqiqat işlərinə və 
əsərlərə də diqqət yetirilmişdir. (151, 25, 204) 
İkinci  Dünya  müharibəsindən  sonra  Sovet  İttifaqında  sırf  ideoloji  və 
təbliğatı, həm də müharibə tarixi istiqamətdə çap edilmiş əsərlər də diqqətimizdən 
kənarda qalmamışdır. (250, 267, 269, 285, 294, 298, 299, 301, 302, 303, 304, 305, 
306,  307,  310,  311,  313,  314,  315,  322,  331,  345,  347,  350,  230,  231,  233,  236, 
239,  244,  259,  329,  331,  376,  379,  258,  276)  Bu  da  mövzunun  araşdırılmasında 
əsaslı mənbələr sayıla bilər. 
Mövzunu  araşdırarkən,  Almaniya  mənbələrinə  və  alman  tədqiqatçılarının 
əsərlərinə  də  müraciət  etmişik.  Belə  ki,  dövriyyəyə  gətirilən  əsərlər  sırasında 
tanınmış  alman  tədqiqatçısı  P.  Mühlenin  “Qamali  xaç  ilə  Qızıl  yıldız  arasında” 
kitabı  (395)  zəngin  arxiv  materialları  əsasında  yazılmışdır.  Əsərdə  ayrı-ayrı 
xalqların  təmsilçiləri  olan  legionerlərin  fəaliyyəti  bütün  genişliyi  ilə  əksini 
tapmışdır. 
Kitabda  Azərbaycan  legionerlərinin  təbliğat  istiqamətində  gördüyü  işlər 
haqqında  məlumatlar  da  az  deyil.  Bundan  əlavə,  müəllif  Almaniya  höküməti 
rəhbərliyinə aid çoxlu sənədlərlə, tanınmış siyasətçilərə, şəxslərə aid yazışmalarla 
bağlı da oxucuları bilgiləndirmişdir. Ensiklopedik informasiya verməsi və müxtəlif 
xalqlara  aid  legionların  fəaliyyətini  əhatə  etməsinə  görə  kitab  böyük  əhəmiyyətə 
malikdir. 
Dəyərli  məlumatlarla  zəngin  olan  digər  tədqiqat  əsərinin  müəllifi  isə 
tanınmış alman alimi Yoahim Hoffmandır. Hərb tarixinin görkəmli raşdırıcısı olan 
Hoffmannın  1976-cı  ildə  Almaniyanın  Frayburq  şəhərində  nəşr  edilən  “Şərq 
legionerlərinin tarixi”  (393) əsəri oxucularda  böyük  maraq doğurdu. Müəllif  yeni 
və orijinal mənbələr əsasında Şərq hissələrinin yaranması, Polşada məskunlaşması, 
legionlarda  təbliğat,  dini  məsələlərə  önəm  verilməsi,  hüquq  və  təhlükəsizlik 
problemlərinin  önə  çəkilməsi  hallarını  geniş  olaraq  açıqlamışdır.  Kitabda  Krım 
tatarlarını,  Azərbaycan  legionerlərinin  fəaliyyəti  elmi  dövriyyəyə  gətirilmişdir. 
Əsərdə  Şərq  legionları  qərargahı  ilə  Almaniya  hakim  dairələri  arasında 
münasibətlər  geniş  açıqlanmış,  legionların  təşkilati  quruluşlarına  da 
toxunulmuşdur. 
Mövzunun öyrənilməsi baxımından alman tədqiqatçısı Y. Hoffmanın digər 
əsərinin  –  “Vlasov  ordusunun  tarixi”nin  də  əhəmiyyəti  böyükdür.  Bu  dəyərli 
tədqiqat  əsəri  1990-cı  ildə  Parisdə  rus  dilində  nəşr  edilib.  “Yeni  Rus  tarixi”nin 
araşdırılması  seriyası  ilə  səkkizinci  kitab  olaraq  buraxılan  əsər  tanınmış  yazıçı 
A.İ.Soljenitsinin  ümumi  redaktorluğu  ilə  nəşr  olunmuşdur.  (371)  Əsərdə  yalnız 
Vlasov ordusunun deyil,  bütövlükdə  Alman  məqamlarındakı legionların taleyi ilə 
bağlı çoxlu maraqlı faktlar açıqlanır. 
Qeyd  edək  ki,  Y.  Hoffmanın  istər  1971-cü  ildə  nəşr  edilən  “Almanlar  və 
kalmıklar” əsəri, (391) 1976-cı ildə istərsə də çap olunan “Şərq legionları tarixi”nin 

bir neçə dəfə təkrar nəşri seçilən mövzunun aktuallığını sübut edirdi. Almaniyada 
legionerlərlə bağlı bir sıra kitablar da çap edilmişdir. (387, 390, 392) 
Bundan əlavə ayrı-ayrı xarici ölkələrdə nəşr edilmiş bir sıra dəyərli əsərlər 
də tədqiqatımızın əsas mənbəyi olmuşdur. Belə ki, ABŞ-da, Fransada, İtaliyada və 
Kanada  da  keçmiş  sovet  legionerlərinin  fəaliyyətini  əhatə  edən  kitablardan  da 
faydalanmaq mümkündür. (385, 401, 386, 388, 394, 397, 210, 213, 248, 375) 
Azərbaycan  legionerlərinin  fəaliyyətini  öyrənərkən  tədqiqatımızda  onların 
həmin  dövrdə  Almaniyada  nəşr  etdikləri  mətbuat  nümunələrindən  də 
bəhrələnmişik.  Legionerlərin  nəşr  etdikləri  “Hücum”,  “Azərbaycan”  qəzetləri, 
“Milli  Birlik”  jurnalı  olduqca  əhəmiyyətli  mənbələrdir.  Çətinliklə  əldə  etdiyimiz 
“Azərbaycan” qəzetinin müəyyən nüsxələrindən ciddi mənbə olaraq faydalanmışıq. 
(6, 7, 8) 
Mövzumuzu  araşdırarkən  Almaniyanın  Münhen  şəhərində  çap  olunmuş 
“Azərbaycan”  jurnalının  materiallarından  da  bəhrələnmişik.  (2,  3,  9,  10,  11) 
Azərbaycan  Milli  Birliyinin  orqanı  olan  bu  dərgi  həm  Azərbaycan,  həm  də  rus 
dilində  nəşr  olunurdu.  Jurnalda  Ə.  Düdənginskinin,  C.  Hacıbəylinin  və 
başqalarının çoxlu sayda dəyərli yazıları çap edilmişdir. Legionerlərin fəaliyyətinin 
tədqiqi baxımından jurnalda  çap olunan  müxtəlif xatirə  yazılarının da  əhəmiyyəti 
dəyərlidir.  Azərbaycan  legionerlərinin  İkinci  Dünya  müharibəsindən  sonrakı 
taleyinin öyrənilməsi baxımından da jurnal ciddi mənbə olaraq qəbul edilə bilər. 
Mövzumuzu  araşdırarkən  Türkiyədəki  mənbələrdən  ciddi  bəhrələnmişik. 
Keçmiş legioner B. Mirzə haqqında bu ölkədə  nəşr edilmiş kitabında Azərbaycan 
legionerləri ilə də bağlı maraqlı məlumatlar vardır. (400) Bundan əlavə, mövzunun 
tədqiqi  prosesində  Türkiyədə  yaşayan  tanınmış  mücahid  Məhəmməd  Kəngərlinin 
zəngin  arxiv  sənədlərindən  də  istifadə  etmişik.  Hazırda  Türkiyədə  yaşayan, 
həmyerlimiz  olan,  Azərbaycan  Milli  Mərkəz  başqanı  M.  Kəngərlinin  mühacirət 
tariximizlə bağlı maraqlı arxivi vardır. 
Eyni zamanda, Türkiyədə nəşr edilən “Azərbaycan” (12, 4), “Mücahid” (18, 
19),  “Türk  yolu”  (403)  jurnallarındakı  materiallardan  geniş  istifadə  etmişik. 
İstanbulda  nəşr  edilən  “Türk  yolu”  jurnalının  yeddinci  sayı  bütövlükdə  mayor 
Fətəlibəyli-Düdənginskiyə həsr olunub, jurnaldakı yazılar Azərbaycan legionunun 
yaradılmasının,  fəaliyyətinin  geniş  öyrənilməsinə  böyük  köməklik  göstərir. 
Azərbaycan  legionu  probleminin  açıqlanmasında,  obyektiv  həllini  gözləyən 
sualların aydınlaşmasında bu yazıların faydası vardır. 
Qeyd  edək  ki,  bu  mövzunu  araşdırarkən  Rusiyada,  Belorusiyada, 
Qazaxıstanda,  Gürcüstanda  nəşr  edilən  kitablara,  mənbələrə  də  istinad  etmişik. 
Belə  ki,  Hitlerlə,  Stalinlə,  faşizm  və  bolşevizmlə  əlaqəli  son  illərdə  nəşr  edilmiş 
əsərlər  də  diqqətimizdə  olmuşdur.  Y.Ribbentropun,  V.  Suvorovun,  Göbbelsin  və 
digərlərinin  kitablarında,  xatirələrində  maraqlı  faktlara  rast  gəlmək  mümkündür. 
Bu əsərlərdə və memuarlarda İkinci Dünya hərbi zamanı Almaniya hökümətinin və 
Sovet dövlətinin çoxlu məqamları görünməkdədir. (214, 228, 229, 249, 260, 265, 

271,  272,  278,  273,  274,  287,  290,  291,  288,  316,  335,  336,  337,  338,  342,  340, 
341, 346, 377, 378, 152, 138, 211, 251, 300) 
Azərbaycan legionerlərinin əllinci illərdəki fəaliyyətinə geniş yer ayırmaqda 
məqsəd, bu dövrdə keçirilən konfransları, yığıncaqları, tədbirləri sistemləşdirmək, 
Azərbaycan istiqlal  mübarizəsinin tərkib  hissəsi olaraq    araşdırmaqdır.  Bu illərdə 
keçmiş mühacir və legionerlərin fəallığı ilə keçirilən Münhen, Visbaden, Ştarnberq 
konfransları materiallarının hərtərəfli təhlili vardır. 
Bundan  əlavə,  Azərbaycan  Respublikası  Dövlət  Arxivinin  incəsənət  və 
ədəbiyyat  bölməsində  maraqlı  sənədlər  mühafizə  olunur.  Bu  arxivdə  C. 
Hacıbəyliyə, Yusif İsmayılzadəyə (fond 661) və Ramiz Abutalıbova (fond 648) aid  
fondlarda bilavasitə legionerlərlə bağlı çoxlu sənədlər vardır. (80, 81) 
Mövzumuzla  bağlı  Azərbaycan  Respublikası  Dövlət  Siyasi  Partiyalar  və 
İctimai Hərəkatlar Arxivində ciddi materialar mühafizə olunur. (26, 27, 28, 34 və 
s.)  Bu  materiallarda  müharibəyə  və  sovet  dövlətinin  yanlış  hərbi  siyasətinə  aid 
məlumatlar  çoxluq  təşkil  edir.  Bununla  əlaqədar  Rusiya  dövlətindəki  müəyyən 
arxiv sənədlərinə də diqqət yetirmişik (247, 332, 373, 374). 
Bundan əlavə, YUNESKO-nun Azərbaycan təmsilçisi Ramiz Abutalıbovun 
şəxsi  arxivindəki  materiallar  böyük  maraq  doğurur.  Həmin  sənədlərdə  Ə. 
Fətəlibəylinin  şəxsi  gündəlikləri,  yazıları,  qeydləri  tədqiqatımızda  geniş 
öyrənilmişdir. R. Abutalıbovun şəxsi arxivindəki Ə. Düdənginskiyə aid məktublar 
da maraqlı və tədqiq olunasıdır. 
Ə.  Fətəlibəylinin  yaxın  qohumu  A.  Tahirlinin  şəxsi  arxivində  də 
Azərbaycan  legionerləri  ilə  bağlı  dəyərli  sənədlər  vardır  və  həmin  yazılar  da 
tədqiqatımızda öz əksini tapmışdır. 
Dissertasiyanın  hazırlanmasında  müxtəlif  mənbələrdən  istifadə  edilmişdir. 
Bu mənbələri beş qrupa bölmək olar: 
Birinci  qrupa  1988-ci  ildən  başlayaraq  Azərbaycanda  nəşr  edilməyə 
başlayan qəzetlərdə, jurnallarda  və  başqa  kitablardakı  məlumatlar, rəsmi sənədlər 
və  xatirələr  daxildir.  Bu  mənada  dissertasiyanın  hazırlanmasında  “Odlar  yurdu”, 
“Azadlıq”,  “Aydınlıq”,  “Yeni  Müsavat”,  “Üç  nöqtə”,  “Ekspress”  qəzetindəki 
materiallardan geniş istifadə edilmişdir. 
İkinci  qrupa  aid  sənədlərə  Sovet  İttifaqında  sırf  ideoloji  zəmində  nəşr 
edilmiş kitablar, tədqiqatlar aiddir. 
Üçüncü  qrupa  aid  sənədlər  Almaniya,  Türkiyə,  Rusiya  və  digər  Avropa 
ölkələrində çap edilmişdir. Tədqiqat işində bu ölkələrdə nəşr olunmuş qəzet, jurnal, 
kitab, məcmuə və digər sənədlərdən geniş şəkildə istifadə edilmişdir. 
Dördüncü qrupa aid sənədlərə legionerlərin həyat və fəaliyyəti ilə bağlı olan 
şəxsi arxiv materiallarını aid etmək mümkündür. 
Beşinci  qrupa  aid  sənədlərə  isə  arxiv  materialları  –  Azərbaycan 
Respublikasının  Dövlət  Arxivinin  (ARDA)  və  Azərbaycan  Respublikası  Dövlət 

Siyasi  Partiyalar  və  İctimai  Hərəkatlar  Arxivinin  (ARDSPİHA)  fondlarındakı 
materiallar, ayrı-ayrı nəşriyyatlarda çap olunan elmi-tarixi kitablar daxildir. 
Kitabda  Azərbaycan  legionerlərinin  XX  əsr  Azərbaycan  tarixindəki 
mövqeyi  ilk  dəfə  olaraq  xüsusi,  elmi  mövqedən  tədqiq  olunur.  Azərbaycan 
legionerlərinin ilkin fəaliyyət dövründən başlayaraq, İkinci Dünya müharibəsindən 
sonrakı mübarizəsi ardıcıl olaraq dəqiq və sistemli şəkildə araşdırılır. 
Bundan  əlavə  Azərbaycan-Türkiyə,  Azərbaycan-Almaniya  əlaqələrinin 
müəyyən çalarlarına toxunulur. 
Tədqiqat işinin elmi yeniliyi məhz problemin özünün qoyuluşu ilə müəyyən 
olunur və əsasən aşağıdakı müddəalarda öz əksini tapır: 
-Azərbaycan  legionerlərinin  fəaliyyəti  ilə  bağlı  ayrı-ayrı  məqalələr  yazılsa 
da, onların həyatı, mübarizəsi və çalışmaları indiyədək ciddi, sistemli, monoqrafik 
şəkildə araşdırılmışdır; 
-Kitabda  Azərbaycan  legionerlərinin  hərbi,  siyasi  və  mətbu  çalışmalarını 
əks etdirən ən mühüm mənbə və qaynaqlara istinad edilmiş, onların ictimai-siyasi 
fəaliyyəti dövrün ümumi mənzərəsi fonunda araşdırılmışdır; 
-Tədqiq  olunan  problemə  yeni  tarixi,  siyasi,  hərbi  kontekstdən  yanaşılmış, 
sovet  dövrünün  kök  salmış  ideoloji bağlılığından  və  prinsiplərindən  azad  olmağa 
cəhd göstərilmişdir; 
-İkinci  Dünya  müharibəsinin  başlanması  səbəblərinin  yeni  və  əsaslı 
mənbələrlə açıqlanmasına xüsusi diqqət yetirilmişdir
-Tədqiqat  işində  Azərbaycan  legionerlərinin  fəaliyyətinin  real  mənzərəsini 
yaratmağa  kömək  edən  çoxlu  sayda  sənəd  və  materiallar  ilk  dəfə  olaraq  elmi 
dövriyyəyə daxil edilmiş, elmi-tarixi problemin həllinə kömək edən yeni ədəbiyyat 
və mənbələr tədqiqata cəlb edilmişdir; 
-Kitabın  materialları  və  nəticələri  XX  əsr  Azərbaycan  tarixinin  daha 
dərindən  öyrənilməsində,  mühacirət  irsinin  və  mətbuat  tarixinin  araşdırılmasında, 
Azərbaycan diasporunun fəaliyyətinin tədqiqində, eləcə də təbliğat və təhsil işində 
istifadə oluna bilər; 
-Tədqiqatdan alınan  nəticələr  Azərbaycanın XX əsr tarixinin işlənməsində, 
ümumiləşdirici  əsərlər  yazılmasında,  təhsil  işində,  o  sıradan  ali  məktəblərdə 
Azərbaycan tarixinin tədqiqində xüsusi kursların keçirilməsində mühüm mənbədir. 
Kitab  giriş,  on  dörd  fəsil,  nəticə  və  istifadə  olunmuş  ədəbiyyatların 
siyahıısndan  ibarətdir.  Girişdə  mövzunun  elmi  aktuallığı  və  əhəmiyyəti 
əsaslandırılmış,  problemin  öyrənilmə  səviyyəsi  geniş  şərh  edilmişdir. 
Dissertasiyanın  on  dörd  fəslində  araşdırılan  problem  geniş  tədqiq  olunmuşdur. 
Nəticədə  XX  əsr  tarixində  Azərbaycan  legionerlərinin  tarixi  mövqeyi 
əsaslandırılmışdır. 
Tədqiqatımızda  araşdırılan  tarixin  bəzi  məqamlarını  aydınlaşdırmaq 
məqsədi ilə təcrübəli alimlərlə, tədqiqatçılarla məsləhətləşmələr də aparılmışdır. 

Mövzu  ilə  bağlı  problemin  araşdırılmasında  YUNESKO-nun  Azərbaycan 
üzrə  təmsilçisi  Ramiz  Abutalıbovun,  doktor  Məhəmməd  Kəngərlinin,  Maarif 
Teymurovun məsləhətlərindən faydalanmağa çalışmışıq. 
Açıqlanmasına ciddi ehtiyac duyulan bu mövzu tarix elmimizdə göstərilən 
ilk  böyük  cəhddir.  Şübhəsiz  ki,  zaman  keçdikcə,  imkanlar  olduqca  Almaniyada, 
Türkiyədə,  Polşada,  Rusiyada  sxalanılan  çoxlu  sayda  yeni  arxiv  sənədləri 
öyrəniləcəkdir.  XX  əsr  Azərbaycan  tarixində  isə  bu  boşluğu  doldurmağa  ehtiyac 
vardır. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə