Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə12/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Diyirlənmə sürtünməsi iki səth arasında əmələ gələn elə sürtünməyə deyilir ki, həmin səthlərin toxunma nöqtələrindəki sürətlərin qiymət və istiqaməti eyni olsun. Bu sürtünmə ən çox kürəli və diyircəkli yastıqlar üçün xarakterikdir.

Sürtünmədə iştirak edən səthlərin toxunma nöqtələrindəki sürətləri qiymət və yaxud istiqamətcə fərqlənərsə belə səthlərin arasında əmələ gələn sürtünməyə sürüşmə sürtünməsi deyilir. Sürüşmə sürtünməsi dirsəkli valın əsas və şatun boyunlarında, paylayıcı valın yastıqlarında daha çox müşahidə edilir.



Mürəkkəb sürtünmədə həm diyirlənmə və həm də sürüşmə sürtünməsi eyni zamanda baş verir. Buna görə bu sürtünməyə bəzən qarışıq sürtünmə də deyilir. Belə sürtünmə dişli çarx ötürmələrində meydana çıxır.

İstər sürtünmə prosesi və istərsə də detalların yeyilməsi bir sıra amillərdən (deformasiyaların növündən və xarakterindən, sürtünən səthlərin texniki vəziyyətindən, işləmə rejimindən, şəraitindən və s.) asılıdır.

Sürtünmənin kəmiyyətcə xarakteristikası sürtünmə əmsalı f ilə qiymətləndirilir ki, bu da sürtünmə qüvvəsinim (F) detalların səthinə təsir edən xarici qüvvələrin normalına (N) nisbəti kimi təyin edilir: f = F/N Sürtünmə əmsalının qiyməti materialın keyfiyyətindən, səthlərin yerdəyişmə sürətindən, onlara düşən yükləri, yağların fiziki-kimyəvi xüsusiyyətlərindən, verilmə üsulundan və s.-dən asılıdır. Sürtünmə əmsalının (o cümlədən sürtünmə qüvvəsinin) qiymətini aşağı salmaq üçün sürtünmə səthlərinin arasına yağ vurulur. Sürtünən səthlərin arasında yağın iştirakına görə detallarda üç növ sürtünmə müşahidə edilir: a) quru; b) mayeli və v) sərhəd sürtünmələri.

Əgər sürtünmə qarşılıqlı əlaqədə detalların bilavasitə materialları arasında gedirsə (sürtünən səthlər arasında üçüncü element yoxdur) belə sürtünməyə quru sürtünmə deyilir. Quru sürtünnməyə ilişmə muftasındakı, tormoz sistemindəki sürtünmələri misal göstərmək olar.

Əgər sürtünmə detalların səthləri arasında olan yağın layları (molekulları) arasında gedirsə, yəni, yağ qatının qalınlığı sürtünən səthlərin çıxıntılarının hündürlüyündən böyükdürsə, bu halda əmələ gələn sürtünməyə mayeli sürtünmə deyilir. Mühərrikin və transmissiya aqreqatlarının detalları arasındakı sürtünmə mayeli sürtünməyə misaldır.

Sərhəd sürtünməsi elə səthlər arasında əmələ gələn sürtünməyə deyilir ki, həmin səthlər birbirlərindən həddindən çox nazik yağ təbəqəsi ilə ayrılırlar. Bu yağ təbəqəsinin qalınlığı təxminən 0,1 mkm-na bərabər olur və özü də sürtünən səthlərin materiallarının molekulyar ilişmə qüvvələrinin təsirindən detalların üzərinə hopdurulur. Bu sürtünməyə misal olaraq dişli çarxların dişləri arasındakı, kürəcikli yastıqlardakı və ümumiyyətlə yüksək xüsusi təzyiqlərə məruz qalan detallarda əmələ gələn sürtünmələri göstərmək olar.

Praktiki olaraq nəqliyyat vasitələrinin detallarında qarışıq sürtünmə (yarım mayeli, yarım quru) gedir.



Sürtünmə prosesinin nəticəsində yeyilmə prosesi əmələ gəlir. Detalların forma, çəki və ölçülərinin tədricən dəyişməsinə yeyilmə prosesi deyilir. Yeyilmə prosesi təbii olaraq bütün detallarda gedir.

Yeyilmə prosesinin məhsuluna (nəticəsinə) yeyilmə deyilir. Yeyilmə kəmiyyətcə sürtünən detalların çəkilərinin və ölçülərinin dəyişməsi ilə qiymətləndirilir.

Yeyilmə prosesi adətən yeyilmə sürəti və yeyilmə gərginliyi (tempi, şiddəti) ilə xarakterizə edilir. Yeyilmənin mütləq qiymətinin yeyilmə müddətinə olan nisbətinə yeyilmə sürəti deyilir və mk/saat, mq/saat, mm3/saat ilə ölçülür. Yeyilmənin mütləq qiymətinin vahid yürüşə və ya vahid nəqliyyat işinə düşən miqdarına yeyilmə tempi deyilir, mk/km, mk/t·km ilə ölçülür.

Yeyilmənin mütləq qiyməti dedikdə yeyilmə prosesi nəticəsində detalın sürtünmə səthinə perpendikulyar istiqamətdə xətti ölçüsünün dəyişməsi başa düşülməlidir.

Ümumiyyətlə, texnikada yeyilmənin müxtəlif növlərindən istifadə edilir. Nəqliyyat vasitələrinin texniki istismarında aşağıdakı yeyilmə növlərinə daha çox təsadüf edilir:


  1. Mexaniki yeyilmə.

  2. Molekulyar-mexaniki yeyilmə.

  3. Korrozion-mexaniki yeyilmə.

Mexaniki yeyilmənin özünün aşağıdakı növləri mövcuddur: a) abraziv yeyilmə; b) plastik deformasiya nəticəsində yaranan yeyilmə; v) kövrək dağılma təsirindən əmələ gələn yeyilmə; q) sürtünmə səthinin yorğunluğundan törənən yeyilmə.

Sürtünmə səthləri arasına düşmüş kənar materialın (elementar maddi bərk hissəciyin) kəsmə və ya cızma şəklində əmələ gətirdiyi yeyilməyə abraziv yeyilmə deyilir. Elementar kiçik hissəciklər yeyilmə tempini sürətləndirir. Abraziv yeyilməyə misal olaraq avtomobilin toz və palçıq düşə bilən açıq birləşmələrindəki (şkvoren-oymaq, ressor barmağı-oymaq, sükan dartqılarının kürəcikli oynaqlarını və s.), mühərrikin silindr-porşen qrupunda əmələ gələn (hava ilə birlikdə tozun sistemə daxil olması) yeyilmələri göstərmək olar.

Normadan bir neçə dəfə böyük yüklər altında işləyən detallarda əmələ gələn yeyilməyə plastik deformasiya təsirindən yaranan yeyilmə deyilir. Bu yeyilmənin xarakterik xüsusiyyəti odur ki, burada detalların çəkisi sabit qalır, lakin ölçüləri dəyişir. Bu növ yeyilmə yastıqlarda daha çox müşahidə olunur. Belə ki, yastıqların üzərinə çəkilmiş antifriksion qat yüksək qiyınətli yüklərin təsirindən sürüşmə istiqamətində öz yerini dəyişir.

Kövrək dağılmadan yaranan yeyilmənin mahiyyəti odur ki, sürtünmə nəticəsində detalların səthləri kövrəkləşir, daha az kövrəkliyə malik materialdan hazırlanmış detalın səthi ovulmağa başlayır. Bu proses təkrar edildiyi üçün səthlərin yeyilməsi şiddətlənir. Belə yeyilməyə kürəcikli və diyircəkli yastıqların halqalarını, klapanların oturma səthlərinin, əsas və şatun boyunlarının yastıqlarının yeyilmələrini misal göstərmək olar. Bu növ yeyilmə zərbəli yüklər altında işləyən detallarda daha çox baş verir.

Yorğunluq təsirindən əmələ gələn yeyilmə tez-tez yüksək gərginliklərə məruz qalan səthlərdə müşahidə edilir. Bu yeyilmə sürtünən səthlərdə mikroçatlamaların və yarıqların törənməsi ilə xarakterizə edilir. Reduktorların dişli çarxlarının işçi səthlərində əmələ gələn yeyilmələr bu yeyilməyə misal ola bilər.

Sürtünmənin səthlərində detalların materiallarının molekulyar ilişmə qüvvələrinin təsirindən yaranan yeyilməyə molekulyar-mexaniki yeyilmə deyilir. Sürtünən səthlər tamamilə hamar olmadıqlarından çıxıntılar vasitəsilə yerli kontakt nöqtələrinə malikdirlər. Kontakt nöqtələrin vasitəsilə həddindən çox yüklər ötürüldüyü üçün yüksək nisbi sürətlərdə temperatur artır, yağ qatı buxarlanır, nəticədə kontakt nöqtələrində metal hissəciklərinin ilişməsi yaranır. Mexanizmin sonrakı işləmə anında bu əlaqə dağılır, səthlərin birində çökmə, digərində isə çıxıntı əmələ gəlir, yəni, səthlərin birindən digərinə metal köçürülür. Bu proses təkrar edildiyi üçün yeyilmə artır. Mexanizmlərin uyuşma dövrünə xas olan yeyilməni molekulyar-mexaniki yeyilməyə misal göstərmək olar.

Sürtünən səthlərin materialları ilə ətraf mühitin (oksigenin) qasrşılıqlı təsirindən əmələ gələn yeyilməyə korrozion-mexaniki yeyilmə deyilir. Havanın oksigeni təsirindən detalların səthlərində oksid təbəqəsi əmələ gəlir ki, bu da mexaniki sürtünmə nəticəsində silinir. Bu proses daim təkrar edilir. Korrozion-mexaniki yeyilmə mühərrikin silindr-porşen qrupu detallarında müşahidə olunur (yanacaqlarda kükürdlü və üzvi turşuların olması hesabına korroziya əmələ gəlir).




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin