Mühazirə-i ə. Mirzəzadə Azərbaycan tarixi fənninin predmeti, mənbəşünaslığı və tarixşünaslığı Plan


§ 2. Azərbaycan adının mənşəyi haqqında



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix30.05.2022
ölçüsü0,55 Mb.
#60044
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
mt-is muhazire-01

  
§ 2. Azərbaycan adının mənşəyi haqqında  
  
Hansısa bir ölkənin ona ən qədim zamanlardan verilən adı bugünümüzədək qoruyub 
saxlaya bilməsi nadir hadisələrindəndir. Azərbaycan ərazilərində mövcud olan dövlətlərin adları 
müxtəlif amillər əsasında yaranırdı. Bu amillər sırasında etnosun və ya şəxsin adı, ərazinin 
coğrafi xüsusiyyəti kimi amillər daha çox rol oynamışdır. Məsələn, Azərbaycan ərazisində - 
Urmiya gölünün cənub və cənubşərqində e.ə.III minilliyin birinci yarısında Aratta dövləti 
mövcud olmuşdur. 
“Aratta” ölkəsinin adı sadəcə “dağ”, “dağlıq ölkə” mənasını verirdi və göründüyü kimi
ölkənin adı ərazisinin coğrafi xüsusiyyəti – dağlıq olması ilə bağlı idi.
E.ə.III minilliyin ikinci yarısına aid Şumer–Akkad mənbələrində Urmiya gölünün 
cənubunda Lullubinin və gölün qərb ətrafında Kutium dövlətlərinin adı çəkilmişdir. Heç 
şübhəsiz Cənubi Azərbaycan ərazilərində mövcud olan bu dövlətlərin adı etnik amillə, yəni bu 
dövlətləri yaradan tayfaların adı ilə bağlı olmuşdur. E.ə.II minillikdə də Azərbaycan ərazilərində 
mövcud olan ölkələrin adları tayfa adları ilə əlaqəli olmuşdur. Belə ki, Urmiyadan cənub və 
cənub-şərq torpaqlar (keçmiş – Aratta) turukki tayfalarının adından Turukkum adlanırdı.
E.ə.I minillikdə Azərbaycan torpaqları haqqında ən qiymətli məlumatlara Assuriya mixi 
yazılarında rast gəlinir. Assuriya mənbələrində Urmiya gölündən şimal və şimal-şərq ərazilər 
“mannalıların ölkəsi” və yaxud “Manna” adlandırılır. Urmiyadan cənub və cənub-şərq ərazilər – 
Alateye ölkəsi kimi verilir. Manna Midiyanın əsarətinə düşdükdən sonra “Manna” adına tarixi 
mənbələrdə rast gəlinmir və keçmiş Manna əraziləri “Şimali Midiya” və yaxud “Kiçik Midiya” 


~ 3 ~ 
kimi göstərilir ki, bu da əvvəlcə Midiya, daha sonra Əhəməni çarlarının apardığı işğalçılıq 
siyasətinin nəticəsi idi.
E.ə.II əsrdən Polibi Azərbaycanın cənub hissəsini “Artabazanın vilayəti” adlandırmışdır ki, 
bu da şübhəsiz hökmdarın adı ilə bağlı idi. Lakin bu ad geniş yayılmadı, tarixdən silindi. 
Nəhayət, e.ə.I əsrdə yunan coğrafiyaçısı Strabon Plininin “Artabazan ölkəsi” adlandırdığı 
əraziləri Atropatena kimi adlandırmışdır. Erkən orta əsrlərdə indiki Cənubi Azərbaycan əraziləri 
Suriya və Bizans mənbələrində - Adorbiqan, Adarbaqan, fars mənbələrində - Aturpatakan, 
Adurbadaqan, Azərbayqan; ərəb mənbələrində - Adirbican, Azərbican və nəhayət Azərbaycan 
kimi formalarda göstərilmişdir.
Beləliklə, bu gün “Azərbaycan” adının mənşəyi barədə əsas iki baxış mövcuddur. Bəzi 
müəlliflər “Azərbaycan” adının mənşəyini sərkərdə Atropatın adı ilə, yəni şəxsi amillə bağlayır; 
bəziləri isə “Azərbaycan” adının coğrafi amillə, yəni yerin xüsusiyyətləri ilə bağlılığını təsbit 
etməyə çalışırlar.
Strabonun xalq rəvayətinə əsaslanan məlumatına görə Əhəmənilər dövründə Atropat adlı 
canişin “Kiçik Midiya” vilayətini (keçmiş Manna ərazisini) idarə etmiş, e.ə. 331-ci ilin 
Qavqamel döyüşündə III Daranın qoşunlarında Makedoniyalı İskəndərə qarşı vuruşmuş, əsir 
düşmüş və İskəndər tərəfindən bağışlanaraq Şimali Midiya satraplığının canişini təyin 
olunmuşdur. E.ə. 323-cü ildə İskəndərin ölümündən sonra idarə etdiyi ərazilərdə müstəqil dövlət 
qurmuş və bu dövlət Atropatın adı ilə Atropatena adlanmışdır. Atropatena adından isə 
Azərbaycan adı yaranmışdır.
Başqa bir yanaşmaya görə isə “Azərbaycan” adının etimologiyası türk toponimikasında 
“yüksəklik”, “təpəlik, təpəli dağ ətəyi, dağ silsiləsi” mənasını verən “adır” sözü ilə bağlıdır. 
Məlumdur ki, Cənubi Azərbaycanın böyük bir hissəsini dağlıq ərazilər təşkil edir. Təsadüfi deyil 
ki, hələ qədim dövlətlərin – Arattanın, Alateyenın adları “dağ”, “dağlıq ölkə” məfhumu ilə bağlı 
olmuşdur. E.ə. XIII-VII əsrlərə aid mixi yazılarda Manna ilə Midiyanın sərhəd hissəsində, Qızıl 
Üzən çayının cənub-qərb mənbəyində Andarpatian adlı vilayət mövcud olmuşdur ki, o da 
Mannanın tərkibinə daxil idi. Andarpatian adını Azərbaycan adının sonrakı Adərbadqan, 
Azərbayqan, Adirbican, Azirbican və Azərbaycan formalarının başlanğıcı hesab etmək olar.
Beləliklə, mixi mənbələrdəki Andarpatian və yaxud Adərpayqan vilayət adını 
“Azərbaycan” adının ən qədim və ilkin forması kimi qəbul etmək olar. Mannanın bir vilayətinə 
şamil edilən bu ad tədricən eyni coğrafi mənzərəni əks etdirən şimal ərazilərə də şamil edilmiş 
böyük bir ərazini bildirən ölkə adına çevrilmişdir.
Sonralar, Atropatın dövründə ölkənin adı onun adına uyğunlaşdırılaraq antik yazılı mənbələrə 
Atropatena kimi düşmüşdür.
Məlumdur ki, coğrafi adın tətbiqi zamanı onun arealının genişlənməsi baş
verə bilər. Belə ki, bugünkü İranın mərkəzi ərazilərində yaranan Midiya dövlətinin adı sonralar 
onun tərkibinə qatılmış başqa ərazilərə də şamil olunmuşdur və yaxud Albaniyanın kiçik bir 
vilayəti olan Girdimanın adı sonralar bütöv bir dövlətə aid edilmişdir.
Zaman keçdikcə “Azərbaycan” məfhumunun da həm coğrafi, həm də siyasi tətbiq dairəsi 
genişlənmiş və artıq erkən orta əsrlərdə (V əsrdən başlayaraq) Azərbaycan deyəndə yalnız 
Arazdan cənuba deyil, həmçinin Arazdan şimala Dərbəndə qədər ərazilər nəzərdə tutulurdu. Belə 
ki, ərəb müəllifi Əbu Cəfər Məhəmməd ibnCərir ət-Təbəri “Tarix ər-Rüsul vəl-müluk” 
(“Peyğəmbərlərin və hökmdarların tarixi”) əsərində yazır ki, Sasani hökmdarı I Xosrov Ən-
Nuşirəvanın (531-579-cu illər) zamanında Sasanilər imperiyası dörd canişinliyə bölünmüşdü və 
onların dördüncüsü Azərbaycan (Adurbadağan) canişinliyi “Xəzərlərin ölkəsinə” qədər uzanırdı. 
Xəzər xaqanlığı Dərbənddən şimalda yerləşirdi və Təbərinin yazdığından görünür ki, Dərbəndə 
qədər ərazilər VI əsrin əvvəllərindən artıq Azərbaycan adlanırdı. Dərbəndin qala divarlarına 
sasanilərin Azərbaycandakı mərzbanı tərəfindən 553-cü ildə pəhləvi dialektində həkk etdirilmiş 
“Adurbadağanın vergi toplayanı Bərzinş” yazısından da məlum olur ki, o vaxt Azərbaycanın 
şimal sərhəddi Dərbəndə çatırdı. Eləcə də X əsr fars tarixçisi Əbu-Əli Məhəmməd ibn Əbülfəzl 
Məhəmməd əl-Bələmi özünün “Tərcümeyi tarix-i Təbəri” əsərində aydın surətdə yazır: 
“Azərbaycannın hüdudunun başlanğıcını Əbhər və Zəncan daxil olmaqla Həmədan, axırını isə 
xəzərlərin Dərbəndindən götürürlər və bu aralıqda olan bütün on-on iki şəhəri Azərbaycan 


~ 4 ~ 
adlandırırlar”. Beləliklə, erkən orta əsrlərdə Azərbaycan şimalda Dərbəndə, cənubda Qəzvin, 
Zəncana və Həmədana kimi, qərbdə İrəvan, Göycə mahalı və Tiflisə qədərki ərazilər daxil 
olmaqla geniş bir ərazini əhatə edirdi.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin