Mövzu № Yeni dövr Qərbi Avropa fəlsəfəsi Yeni dövr fəlsəfəsi



Yüklə 39,64 Kb.
səhifə4/8
tarix22.05.2023
ölçüsü39,64 Kb.
#119240
1   2   3   4   5   6   7   8
6. Yeni dövr Qərbi Avropa fəlsəfəsi

C.Berkli. İngilis empirik fəlsəfəsinin daha bir görkəmli nümayəndəsi Corc Berkli (1685-1753) olmuşdur. O, həm də subyektiv idealizm mövqeyini tutmuşdur. Subyektiv idealizmə görə, yeganə gerçəkli ideyalardır. Bu ideyalar yalnız insan şüurunda mövcuddur, yəni insan yeganə real gerçəklik olub ondan kənarda heç nə mövcud deyil.
C.Berkliyə görə, materiya anlayışı yanlışdır. Ayrıca şeylər, ayrıca duyğular mövcuddur, amma materiya yoxdur. Materializm tam yanlış cərəyandır, materialistlər materiya adlandırdıqları şeylərin birinciliyini sübut edə bilməzlər. Əksinə, idealistlər ideyanın birinciliyini asanlıqla sübut edirlər. Belə ki, insan hər hansı bir əşyanı istehsal etməmişdən öncə həmin əşyanın ideyası insan ağlında mövcud olur. Eyni zamanda bütün dünya onun yaradıcısı olan Tanrının şüurunda öncədən mövcuddur.


D.Yum. Subyektiv idealizmin digər nümayəndəsi ingilis filosofu Devid Yumdur (1711-1776). O, belə hesab edir ki, varlıq və ruhun münasibətləri problemi həllolunmazdır. İnsan şüuru ideyalara meyllidir. İnsan özü isə konsentrasiya olunmuş ideyadır: insanın bütün həyatı onun ideal qüvvəsinin – təcrübə, bilik və hisslərin artım prosesidir. Özünün ideal mahiyyəti (məsələn, tərbiyəsi, təcrübəsi, dəyərlər sistemi) olmadan insan ümumiyyətlə dünyanı tamlıqla qavraya bilməz. İnsan iki ideal başlanğıcdan ibarətdir: “xarici təcrübənin təəssüratları” - əldə edilmiş bilik və təcrübə; “daxili təcrübənin təəssüratları” – həyəcan və ehtiras. Həyəcan və ehtiraslar insan həyatında və tarixi prosesin gedişatında böyük rol oynayır.


Rasionalistlər. Dekart. Yeni dövr fəlsəfəsində rasionalizm cərəyanının banisi fransız filosofu Rene Dekart (1596-1650) hesab olunur. Görkəmli filosofun fəlsəfə qarşısında əsas xidməti: zəkanın idrakda aparıcı rola malik olmasını əsaslandırması; substansiya, onun atribut və modusları haqqında təlim yaratması; dualizm nəzəriyyəsini yaratmaqla fəlsəfədə idealizm və materializmi barışdırmaq cəhdi; idrakın elmi metodu və “anadangəlmə ideyalar” təlimini irəli sürməsi olmuşdur.
İdrakın əsasında zəkanın dayanması ideyasını Dekart belə sübut edir. Dünyada insan üçün anlaşılmaz olan çoxlu şey və hadisələr var: onlar varmı? Xassələri necədir? Kainat sonsuzdurmu? və s. Bununla belə hər bir hadisə və şeyə görə şübhələnmək olar: ətraf dünya mövcuddurmu? Günəş işıq saçırmı? Can (ruh) ölümsüzdürmü? və s. Deməli, şübhə gerçək mövcuddur, bu fakt aşkardır və sübuta ehtiyacı yoxdur. Şübhə fikrin xassəsidir, deməli insan şübhələnirsə həm də fikirləşir. Digər tərəfdən yalnız gerçək mövcud insan fikirləşə bilər. Deməli, təfəkkür həm varlığın, həm də idrakın əsasıdır. Təfəkkür zəkanın işi olduğu üçün varlıq və idrakın əsasında yalnız zəka dayana bilər. Buradan Dekartın məşhur “Cogito ergo sum” (Fikirləşirəmsə, deməli mövcudam) tezisi alınır.
Varlıq problemini öyrənən Dekart varlığın mahiyyətini səciyyələndirəcək əsas, baza anlayışlarını daxil edir. Belə anlayış olaraq substansiya qəbul edir. Substansiya mövcud olan hər şeydir, öz mövcudluğu üçün özündən başqa heç nəyə ehtiyac duymur. Belə keyfiyyətə yalnız bir substansiya malikdir və O, Tanrıdır: əbədi, yaradılmamış, məhvedilməz, qüdrətli, hər şeyin səbəbi və mənbəyi.
Yaradıcı olan Tanrı eyni zamanda substansiyalardan ibarət olan dünyanı yaradıb. Tanrının yaratdığı substansiyalar (təkcə şeylər və ideyalar) öz Yaradıcısının keyfiyyətinə malikdir: öz mövcudluğunda heç nəyə ehtiyac duymur. Lakin, yaradılmış substansiyaların bu xassəsi yalnız bir-biri ilə münasibətdə doğrudur. Ali substansiya Tanrıya münasibətdə onlar törəmədirlər və öz Yaradıcılarından asılıdırlar.
Bütün yaradılmış substansiyaları Dekart iki növə bölür: maddi (şeylər) və mənəvi (ideyalar). Eyni zamanda hər növ substansiyanın əsas xassələri (atributları) mövcuddur: ölçü – maddilər üçün, təfəkkür – mənəvilər üçün. Bu o deməkdir ki, bütün maddi substansiyalar hər biri üçün ümumi olan əlamətlərə malikdir – bu əlamətlər ölçüdür (uzunluq, en, hündürlük, dərinlik) və onlar sonsuza qədər bölünürlər. Bütün mənəvi substansiyalar təfəkkür xassələrinə malik olub bölünməzdirlər.
Həm maddi, həm də mənəvi substansiyaların digər xassələri də var, onlar əsas xassədən (atributlardan) törəmə olub Dekart tərəfindən moduslar adlandırılır. Məsələn, ölçünün modusu –forma, hərəkət, məkanda yerdəyişmə və s; təfəkkürün modusu – hiss, arzu, duyğu.
Dekarta görə, insan bir-birindən fərqli iki substansiyadan – maddi (cismani-ölçülü) və mənəvi (fikirləşən) substansiyadan ibarətdir. İnsan yeganə mövcudluqdur ki, onda hər iki – maddi və mənəvi – substansiya birləşir və bu ona təbiətin fövqündə durmağa imkan verir.
İnsanın iki substansiyanı özündə saxlamasından onun dualizmi (ikiliyi) ideyası törəyir. Dekart dualizminə görə materiya, yoxsa şüur birincidir sualı mənasını itirir. Materiya və şüur yalnız insanda birləşir. İnsan isə dualistdir – həm şüur, həm də materiya onda birləşir. Deməli nə materiya, nə də şüur birincidir. Onlar həmişə mövcuddurlar və vahid varlığın müxtəlif təzahürləridir.
İdrak problemlərini öyrənərkən Dekart əsas diqqəti elmi metoda yönəldir. Onun ideyasının mahiyyəti belədir ki, fizika, riyaziyyat və s. elmlərdə istifadə olunan elmi metodlar praktiki olaraq idrak prosesində istifadə olunmur. Deməli idrak prosesində elmi metodlar praktiki tətbiq olunarsa dərketmə prosesində ciddi irəliləyişlər əldə edilər (Dekartın təbirincə desək: “kustar istehsaldan sənaye istehsalına” çevrilər). Belə metod olaraq deduktiv metod təklif olunur.
Dekartın qnoseoloji metodunun mahiyyəti belədir ki, idrak prosesi yalnız mütləq səhih biliyə əsaslanır. Zəkanın köməyilə, tam səhih məntiqi üsullardan istifadə etməklə yeni, həqiqi səhih bilik əldə olunur.
Eyni zamanda Dekart rasionalist-deduktiv metodun istifadəsi zamanı aşağıdakı tədqiqat üsullarının tətbiqini təklif edir:
- çıxış müddəası kimi yalnız həqiqi, mütləq səhih, zəka və məntiqlə sübut olunan, şübhə doğurmayan bilik götürülür;
- mürəkkəb problemlər daha sadələrə bölünür;
- məlum və sübut olunmuş məsələlərdən naməlum və sübut olunmamış məsələlərə ardıcıl keçid;
Dekart eyni zamanda “anadangəlmə ideyalar” haqqında təlim yaratmışdır. Bu təlimin mahiyyəti belədir: biliklərin böyük əksəriyyəti idrak və deduksiya əsasında yaranır, lakin bir sıra xüsusi bilik növləri var ki, heç bir sübuta ehtiyacı yoxdur. Bu həqiqətlər (aksiomlar) əvvəldən aşkar və səhihdir. Belə aksiomlara Dekart Tanrının zəkasında və insanın zəkasında həmişə mövcud olan və nəsildən-nəslə ötürülən “anadangəlmə ideyalar” adlandırır.
Belə ideyalar iki növdə olur: anlayış və mühakimə.
Anadangəlmə anlayışlar: Tanrı, ədəd, iradə, bədən, can, struktur və s;
Anadangəlmə mühakimələr: “tam öz hissəsindən böyükdür”, “heç nədən heç nə olmur”, “eyni zamanda olmaq və olmamaq mümkün deyil”.

Yüklə 39,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin