M Ü n d ə r I c a t bir neçə söz


Söz birləşmələrinin quruluş modelləri



Yüklə 3,15 Mb.
səhifə28/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

Söz birləşmələrinin quruluş modelləri

Müasir ədəbi dilimizdə mövcud olan söz birləşməsi modelləri «Dədə Qorqud»un dilində də vardır. Əsas modellər müasir dildə olduğu kimidir, sonralar yalnız həmin modellər əsasında mürəkkəbləşmə prosesi getmişdir. Bu cəhət həm ismi, həm də fe’li birləşmələrə aiddir.


İsmi birləşmələrin başlıca quruluş modelləri aşağıdakılardır:
1.Yanaşma əlaqəli ismi birləşmələr. Müasir dilimizdə olduğu kimi, bu cür ismi birləşmələrdə asılı tərəf isim, sifət, say, əvəzlik və fe’li sifətlərdən, əsas tərəf isimlərdən (və ya isimləşmiş sözlərdən) ibarətdir; məs.: Dəlü Qarcar qız qardaşını diləyəni öldürər. (55) Ağız-dildən, qız kişi, xəbər mana. (61) Gördülər ki, bir xatun kişi gəlir. (99) Altundağı Al ayğırı mana vergil. (107) Ağam Beyrək gedəli yayladım yoq. (61) Ala çadırın yer yüzünə dikdirgil. Dəpə kibi ət yığ, göl kibi qımız sağdır!. (35) Böylə digəc qırq yigidi qaba sarıqlarını götürdilər... (59) Dəli Domrulun görər gözi görməz oldı, tutar əlləri tutmaz oldı. (79) Su həq didarın görmişdir. Bən bu suyla xəbərləşim,- dedi. (44) Mərə, Əzrayil dedügüniz nə kişidir kim, adamın canun alır? (79) - misallarında Dəlü Qarcar, qız qardaşını, qız kişi, xatun kişi, altundağı Al ayğırı, ağam Beyrək, ala çadır, dəpə kibi ət, göl kibi qımız, qırq yigid, qaba sarıq, görər gözi, tutar əlləri, bu su, nə kişidür, Dəli Domrul birləşmələri yanaşma üsulu ilə - «tə’yin + tə’yinlənən» modeli əsasında qurulmuşdur.
Yanaşma əlaqəli ismi birləşmələrin bir qismində əsas tərəf -lı,-li,-lu,-lü şəkilçili sifətlərdən ibarətdir: Altun başlu ban ev vergil bu oğlana.(36) Xəbəri yoq ki, alacağı ala gözli qızın otağı olsa gərək.(54) Toğlı başlu Turı ayqır yoruldı.(56) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59)
Şahbaz atlu, qara gözli, örmə saçlı, qara tonlı, ağca yüzlü, al qanatlu, ağ alınlu, ağ ələmlü, dəmür tonlu birləşmələri də eyni quruluşludur. Bunlar əksərən başqa bir sözə və ya birləşməyə yanaşaraq mürəkkəb quruluşlü birləşmələr əmələ gətirmişdir: altun başlu ban ev, ala gözli qızın otağı, Toğlı başlu Turı ayğır və s.
Belə birləşmələrin bir qismində birinci tərəf mənsubiyyət şəkilçilidir: ağam Qazan (124), qulunum oğul (124), arslanım oğul (129), ortacım oğul (136) və s. Bu cür birləşmələr müasir dildə daha çox aslan oğlum, Qazan ağam şəklində işlənir.(47;344)
2.Uzlaşma əlaqəli ismi birləşmələr. Bu qrupa daxil olan birləşmələrin birinci komponenti adlıq halda (bə’zən mənsubiyyət şəkilçili) isimlərlə, ikinci tərəfi daha çox sifətlə ifadə olunmuşdur. Baban qarı, anan qarı... Səndən yegrək qadir bizə oğul verməz (76) - cümlələrindən birincisi göstərir ki, predikativlik əlamətlərinin (-dır şəkilçisi) ixtisarı və intonasiya ilə ifadəsi tədricən uzlaşma əlaqəli birləşmələrin inkişafı üçün əsas olmuşdur.
Uzlaşma əlaqəli ismi birləşmələrin cümlədən əmələ gəldiyi mə’lumdur. (bax:36; 43) «Dədə Qorqud»un dilindəki bu cür birləşmələr müasir ədəbi dilimizdəki eyni quruluşlu birləşmələrə nisbətən, öz əslinə - cümlə formasına daha yaxın olsa da, artıq dastanların dilində söz birləşməsi modelindədir və bu hal göstərir ki, onların yaranma tarixi daha qədimdir; məs.: Boynı uzın bədəvi at vergil. Çigin quşlı cübbə ton vergil bu oğlana. (36) Buynızı burma qoçlarımız alduğı yoq. (62) Toquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayaqla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. (68) və s.
3.İdarə əlaqəli ismi birləşmələr. Bu cür ismi birləşmələrə dastanların dilində nisbətən az təsadüf olunur. Təsadüf olunanlarda isə asılı tərəf çıxışlıq haldadır: Məndən dəlü, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa, - deyirdi. (79) Məndən əziz, məndən sögülü anandır, oğul, anana var,-dedi. (82) Məndən yegrək qadir sizə oğul verər. (75) Bu cümlələrdə məndən dəlü, məndən gücli, məndən əziz, məndən sögili, məndən yegrək sintaktik vahidləri aydın şəkildə birləşmə modeli kimi tam formalaşmışdır. Nümunələr qeyd edilən modelin qədimliyi qənaətinə gəlməyə imkan verir.
4.Qarşılıqlı tabelilik birləşmələri. Bu cür birləşmə modelinin hər iki tipi - yanaşma-uzlaşma və uzlaşma-idarə əlaqəli tipləri dastanların dilində bol-bol işlənmişdir və özünü daha əvvəllər formalaşmış birləşmə modeli kimi göstərməkdədir.
Yanaşma-uzlaşma əlaqəli ismi birləşmələr: Bin yerdə ipək xaliçəsi döşənmişdi. (34) Bərü gəlgil, başum bəxti, evüm təxti! (35) Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi... (35) Din-danışux kafər malın Oğuz bəglərinə gətürür idik. (53) Oğıl, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola? (55) Qarı düşmən tatar oğlı əlümizə düşmişkən cəza ilə öldürəlim! (74) Qarşu yatan qara tağum yüksəgi oğul! Güclü belim qüvvəti, canım oğul! (75) Sürdi halalı yanına gəldi. (82) Alplar başı Qazana zərb urdı.(99) Ağ saqallı qarışı tutdı ola, gözüm, səni? (103)
Bu misallarda ipək xəliçəsi, başum bəxti, evüm təxti, dişi əhli, kafər malı, Oğuz bəgləri, sən istədigin, Baybican bəg qızı, tatar oğlı, tağum yüksəgi, belim qüvvəti, halalı yanı, alplar başı, ağ saqallı qarışı birləşmələri yanaşma-uzlaşma qarşılıqlı tabelilik əlaqələri ilə qurulmuşdur. Müasir dildə ipək xalça şəklində yanaşma əlaqəsi ilə qurulan birləşmənin «Dədə Qorqud»da həm də uzlaşma əlaqəsi əsasında formalaşması əlaqələrin qədimliyini göstərməklə yanaşı, dildə sadələşmə prosesini də əks etdirir. Belim qüvvəti, tağum yüksəgi, halalı yanı, başum bəxti, evüm təxti kimi birləşmələrin birinci tərəfi konkretlik bildirdiyi üçün müasir dildə yiyəlik hal şəkilçisinin iştirakı ilə formalaşır. Birinci tərəfi xüsusi isimlə ifadə olunan Baybican bəg qızı tipli birləşmələr canlı danışıq dilində bu cür də işlənməkdədir.
Uzlaşma-idarə əlaqəli ismi birləşmələr: Çobanın taşı dükəndi... Kafərin gözi qorqdı. Dünya-aləm kafərin başına qaranu oldı. Aydır: «Yarımasun-yarçımasun, bu çoban bizim həpimiz qırar, olamı?» Məgər, xanım, o gecə Qalın Oğuzın dövləti, Bayındır xanın köyküsi, Ulaş oğlı Salur Qazan qara-qayğılu vaqeə gördi... Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm. Xanım qardaş, mənim bu düşimi yorğıl mana! Qaragünə aydır: «Qara bulıt dedigin sənin dövlətindir. Qazan aydır: «Mənim avımı bozma...»(44) Simüz qoyun, arıq toğlı sənin qapundan kafərlərə vermədim.(46)
Bu misallarda bənim quşım, mənim düşim, mənim avım birləşmələrinin birinci tərəfi birinci şəxsin təkində, yiyəlik haldadır. Ona görə də ikinci tərəf həmin şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşmışdır. Müasir dildə olduğu kimi, birinci tərəfdə yiyəlik halın şəkilçisi assimilyasiyaya uğramış formada - im şəklindədir. Bu xüsusiyyət eyni şəkildə birinci şəxsin cəminə də (bizim həpimiz) aiddir. Sənin dövlətin, sənin qapun birləşmələrinin birinci tərəfi ikinci şəxsin təkində, yiyəlik haldadır, ona görə də ikinci tərəf həmin şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək onunla uzlaşmışdır. Qalın Oğuzın dövləti, Bayındır xanın köyküsi, çobanın taşı, kafərin gözi, kafərin başı birləşmələrində isə uzlaşma üçüncü şəxsə görədir. Beləliklə, uzlaşma-idarə əlaqəli birləşmələrin əmələ gəlmə modelində müasir dildən fərqli bir şey yoxdur. Fərq yalnız oradadır ki, ikinci və üçüncü şəxsin təkində və cəmində yiyəlik halın şəkilçisi sağır «n» ilədir. Müasir ədəbi dilimizdə bunların hər ikisində saf «n» samiti işlənir: sənin evin, onun evi. Qərb qrupu dialekt və şivələrində bu xüsusiyyət, yə’ni sağır «n» ikinci şəxsdə qalmaqdadır: səni(n) evi(n), sizi(n) evi(n)iz.
Uzlaşma-idarə əlaqəli birləşmələrin tərəfləri bə’zən inversiyaya uğramışdır: Sağın-solun Uruzın çevirdilər.(71) Anası oğlanın böylə digəc Qazanın əqli başından getdi.(74)

Fe’li birləşmələrin əsas tərəfi fe’li sifət, fe’li bağlama və məsdərdən ibarətdir. Quruluş modelləri aşağıdakılardır.


1. Koordinativ fe’li birləşmələr. Müasir dilimizdə olduğu kimi, bu cür fe’li birləşmələrin adlıq halda subyekti olur, tərəflər arasında əlaqə prosodik vasitələrlə - söz sırası və intonasiya ilə yaranır; məs.: Qoşa badam sığmayan tar ağızlum! (35) Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadın ol turgəc gərək! Mən qaraquc atıma binmədin ol binmax gərək! Mən qırıma varmadın ol mana baş gətürmək gərək! (55) Tənri verən tatlu canın seyranda imiş, endi dəxi. (39) Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız? (65) Oğul içün ata ölmək eyib olur. (74) - misallarında qoşa badam sığmayan, mən yerimdən turmadın, mən qaraquc atıma binmədin, mən qırıma varmadın, tənri verən, Beyrək gedəli, oğul içün ata ölmək birləşmələri müstəqil subyekti olan koordinativ fe’li birləşmələrdir.
2.Yanaşma əlaqəli fe’li birləşmələr. Bu qrupa daxil olan birləşmələrin asılı tərəfi qeyri-müəyyənlik bildirir və qeyri-müəyyən tə’sirlik halda olur; məs.: Bin dəxi qoyun görməmiş qoç gətürün. (56) Qəfillicə başlar kəsən... yigit, nə yigitsən? (91) ...ağ-boz atın yalısı üzərində qar turduran Qəflət qoca oğlı Şir Şəmsəddin çapar yetdi. (49)
Yanaşma əlaqəli fe’li birləşmələr sifətlərin, zərflərin, sayların, əvəzliklərin, qoşmalı söz və birləşmələrin, fe’li bağlamaların məsdər, fe’li sifət və fe’li bağlamalara yanaşması ilə də yaranır; məs.: Yigit barmağın ısırdı, aydır: «Bunda minnətlə almaqdan isə anda babam yanında minnətsiz almaq yegdir!»-dedi. (53) Hər gün Beyrəgi görməgə gəlürdi.(59) Qız dəxi orğan götürüb Beyrəgi hasardan aşağı salındırdı. (59)
3.İdarə əlaqəli fe’li birləşmələr. Bu qrupa daxil olan fe’li birləşmələrin asılı tərəfi ismin yönlük, tə’sirlik, yerlik və çıxışlıq hallarındadır; məs.: Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm.(56) Qarşu yatan qara tağını aşmağa gəlmişəm! Aqındılı suyını keçməgə gəlmişəm! Qızını almağa gəlmişəm! (87) Qaraca çobanın üzərinə gəldi. Çobanı gördügində xəbərləşdi. (45) Beyrək qızdan ayrılub evlərinə gəldi.(55) Evdən çıqub yüriyəndə səlvi boylum! (35)
Mənsubiyyət şəkilçisinə qovuşmuş «n» samiti tə’sirlik hal formasının qalığı kimi idarə əlaqəsinə xidmət edir; məs.: ...bir yigit var imiş, qızın diləyü gəlü yürür.(87) İmdi incimə, xanım, əvvəl onun əlin öpdigimüzə. (54)
Fe’li və ismi birləşmələrin üç və daha artıq müstəqil sözdən düzəlmiş mürəkkəb formaları müasir dilimizdə olduğu qədər zəngin deyildir. Lakin əsas əlaqələnmə üsullarına görə müasir quruluşla eyni olan bir sıra modellər mövcuddur. Onlardan bir neçəsini nəzərdən keçirək.

1) yanaşma əlaqəli birləşmənin ikinci komponenti uzlaşma-idarə əlaqəli birləşmədən ibarətdir: Tülü quşun yavrısı, Qonur atın iyəsi, xan Uruzın ağası, Qalın Oğuzın dövləti;


2)yanaşma əlaqəli birləşmənin ikinci komponenti yanaşma-uzlaşma əlaqəli birləşmədən ibarətdir: qalmış yigit arxası, qaba dizi üzərinə;
3) yanaşma-uzlaşma əlaqəli birləşmə ikinci komponentdəki sözlə uzlaşma-idarə əlaqəsindədir: Amit soyının aslanı;
4) uzlaşma əlaqəli birləşmənin ikinci komponenti yanaşma əlaqəli birləşmədən ibarətdir: köksi qızıl dügməli;
5)uzlaşma əlaqəli birləşmənin ikinci komponenti idarə əlaqəli birləşmədən ibarətdir: əlləri biləgindən qınalı, saçı ardına urılı;
6) uzlaşma-idarə əlaqəli birləşmə ikinci komponentlə yanaşma-uzlaşma əlaqəsindədir: mənim evim üstinə;
7) uzlaşma əlaqəli birləşmənin birinci komponenti uzlaşma-idarə əlaqəlidir: qaftanının ardı yırtıxlu;
8) asılı tərəflər əsas tərəflə yanaşma əlaqəsindədir: altındağı alaca at;
9) fe’li birləşmənin birinci komponenti yanaşma-uzlaşma və ya uzlaşma-idarə əlaqəli birləşmədən ibarətdir: Bam-bam dəpə başına çıqdığım (65), Bayındır xanın yağısın basan (42);
10) fe’li birləşmənin asılı tərəflərindən biri və ya bir qismi birləşmə daxilindəki başqa bir sözə tabedir: qarğu kibi qara saçum yolduğum, mən bu yerdən gedəli. Misallardan birinin sxemi:

saçum yolduğum

qarğu kibi qara

Fe’li birləşmələrin həmcinsliyi obrazların düşüncə və görüş dairəsini emosional bir dildə ifadə edən ən mühüm vasitələrdəndir. Məsələn, Aruzun xəyanət xəncərinin qurbanı olan Beyrək öz istəklərini Qazana aşağıdakı kimi çatdırmağı vəsiyyət edir:

Yigitlərim, Aruz oğlu Basat gəlmədin,
Elim-günim çapılmadın,
Qaytabanda dəvələrim bozlatmadın,
Qaraqucda Qazlıq atım kişnətmədin,
Ağca qoyunlarım mənrişmədin,
Ağca yüzlü qızım-gəlünim əkşəşmədin,
Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadın,
Elüm-günim çapmadın
Qazan mana yetişsün,
Mənim qanım Aruza qomasun.(125)

Birləşmələrin quruluşu xüsusi tədqiqat üçün zəngin material verir.


Dastanların dilinin emosionallığında sabit birldəşmələr də xüsusi yük daşıyır. Əməli azmış, fe’li dönmüş, baş endirmək, bağır basmaq, salam vermək, məsləhət görmək, ayağına düşmək, başına qurban olsun, yaqasın yırtdı və s. kimi sabit birləşmələr göstərir ki, dastanların yarandığı dil dastanlar yarandığı dövrdən çox-çox əvvəl təşəkkül tapmışdır. Bə’zi sabit birləşmələrin mənşəyinə daha yaxın forması müşahidə olunur: Nola, xanım, baş üzərinə! - dedi. (55) Buğa ayaq üstinə turamadı, düşdi; dəpəsinin üstinə yıqıldı. (36) Oğuz bəgləri bunı göricək əl-ələ çaldılar (63) - kimi cümlələrdə baş üzərinə, ayaq üstinə, dəpəsinin üstinə, əl-ələ çaldılar ifadələrində həmin ifadələrin yaranma yolunu da görmək mümkündür.

 

 



CÜMLƏ
Cümlənin məqsədə görə növləri

«Dədə Qorqud»dakı hadisələr dastanlarda adı çəkilməyən, hadisələrdə bilavasitə iştirak etməyən bir ozanın dilindən söylənilir. Dədə Qorqud boyların düzüb-qoşanı kimi təqdim edilsə də, onun özü də bir obrazdır və hadisələr onun dilindən yox, qeyd etdiyimiz namə’lum ozanın dilindən verilir. Həmin məchul ozan hadisələrin əsas təhkiyəçisidir. Təhkiyə prosesində daha çox adi təsviri nəqli cümlələrdən istifadə edilmişdir. Lakin müxtəlif obrazlara söz verildikdə hər cür emosionallıq - rəngarəng sual, nida, əmr cümlələri meydana çıxır. Buna görə də dastanların dili məqsəd və intonasiyaya görə fərqlənən hər cür cümlə tipini özündə cəmləşdirmişdir.

 

Nəqli cümlə. Cümlənin çoxişlənən bu növünün intonasiyası müasir dilimizdə olduğu kimidir - hər bir cümlədə ton tədricən yüksəlir və xəbərdən əvvəlki sözün nisbətən daha yüksək tələffüzündən sonra tədricən alçalır və kəsilir; məs.: Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi, hacət dilədi. Atdan-ayğırdan*, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Taş Oğuz bəglərin üstinə yığnaq etdi. Ac görsə, toyurdı. Yalın görsə, tonatdı. Borcluyı borcından qurtardı. Dəpə kibi ət yığdı. Göl kibi qımız sağdırdı. Əl götürdilər, hacət dilədilər. Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi. Xatunı hamilə oldı. Bir neçə müddətdən sonra bir oğlan toğurdı. Oğlancuğını dayələrə verdi, saqlatdı.(35)
___________

*Bu ifadə ‘atdan ayğır’ şəklində olmalıdır.

 

Tərkibində, təbii olaraq, yeri gəldikcə sual və nida cümlələri işlənən, lakin əksəriyyət e’tibarilə nəqli cümlə intonasiyası ilə qurulmuş təhkiyə dastanların dilində intensivliyi, təsvirin emosional səciyyəsini gücləndirir:


Çağırdılar, Beyrək gəldi. Banıçiçək yaşmağlandı, xəbər sordı. Aydır: «Yigit, gəlişin qandan?» Beyrək aydır: «İç Oğuzdan!» «İç Oğuzda kimün nəsisən?» - dedi. «Baybörə bəg oğlı Bamsı Beyrək dedikləri mənəm» - dedi. Qız aydır: «Ya nə məsləhətə gəldin, yigit?» - dedi. Beyrək aydır: «Baybican bəgün bir qızı varmış, anı görməgə gəldim!» - dedi. Qız aydır: Ol öylə adam degildir kim, sana görinə! - dedi. Əmma mən Banıçiçəgin dadısıyam. Gəl imdi sənünlə ava çıqalım. Əgər sənin atun mənim atumı keçərsə, onun atını dəxi keçərsən. Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən və həm səninlə gürəşəlim. Məni basarsan, anı dəxi basarsan», - dedi. (54-55)
Qeyd edilən sintaktik bütöv dialoq əsasında qurulmuş bir təhkiyədir. Ozan hadisəni nağıl edir. Təhkiyənin daxilindəki hər bir dialoq «aydır» sözü ilə başlanır, «dedi» sözü ilə bitir. Dastanın dilində bu forma emosionallığa xidmət edir, nəsrin poetikliyini gücləndirir. Hiss olunur ki, bu forma çox qədim kökləri olan bir dastançılıq ən’ənəsinin «Dədə Qorqud»da davamıdır. Və həm də hiss olunur ki, «aydır» sözü «dedi» sözü gücündə deyil, bu söz «danışığa başladı, dilləndi» mə’nasına yaxın bir mə’na ifadə edir.

 

Sual cümləsi. Müasir dilimizdə olduğu kimi, «Dədə Qorqud»un dilində də sual cümlələri soruşub-öyrənmə, qeyri-müəyyəni müəyyənləşdirmə məqsədinə xidmət edir. Sual mə’nasını yaradan, cümləni sual cümləsi kimi formalaşdıran vasitələr də (intonasiya, sual əvəzlikləri və -mı sual şəkilçisi) eynidir:


Bayındır xan bənim nə əksüglügüm gördi? Qılucumdanmı gördi, süfrəmdənmi gördi? Bəndən alçaq kişiləri ağ otağa, qızıl otağa qondurdı. Bənim suçum nə oldı kim, qara otağa qondurdı? (34)
Boylardakı şe’r parçalarında -mı şəkilçili ümumi sual cümlələri daha çox nəzərə çarpır:

Xan qızı, yerimdən turayınmı?


Yaqanla boğazından tutayınmı?
Qaba öncəm altına salayınmı?
Qara polat uz qılıcım əlümə alayınmı?
Öz gödəndən başunı kəsəyinmi?.. (35)

Başqa vasitələr olmadan, yalnız intonasiya ilə qurulan ümumi sual cümlələri dastanların dili üçün o qədər də səciyyəvi deyildir. Lakin bə’zi nümunələr göstərir ki, ümumxalq dili üçün bu cür cümlələrin qəlibi artıq vardır və müasir dildə olduğu kimi, o dövrdə də xəbərin son hecasının uzun tələffüz edilməsi ilə belə sual cümlələri qurulub işlədilmişdir. Məs.: Bəli, canım baba, eylə istərəm! Pəs varasan bir cici-bici türkman qızını alasan, nagahandan tayanım üzərinə düşəm, qarnı yırtıla? - dedi. (85) Burada qarnı yırtıla? sintaqmı sual mə’nasını intonasiya ilə - yırtıla sözünün son hecasının uzun tələffüzü ilə qazanmışdır.


Misallardan göründüyü kimi, -mı,-mi,-mu,-mü şəkilçisi və yalnız intonasiya ilə qurulan ümumi sual cümlələri geniş cavab tələb etmir. Belə cümlələrin cavabı adətən bəli, yox, xeyr və s. sözlərdən ibarət olur. Lakin dastanlarda heç buna da o qədər ehtiyac olmamışdır.
Sual cümlələrinin tərtibində sual əvəzlikləri də fəal olub, danışanın öyrənmə obyektini müxtəlif cəhətdən aydınlaşdırmaq məqsədi güdür: İki vardın, bir gəlürsən, yavrum qanı? 38) Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan? (42) Nə qarğarsan bana, ağam Qazan? (48) Oğul, çoban, qanda gedərsən? (47) İç Oğuzda kimün nəsisən? (52) Ya pəs nedəlim? (55) və s. Xüsusi sual cümlələri hesab olunan bu cür cümlələr geniş cavab tələb edir. Mə’lumdur ki, belə cümlələrə təsdiq və inkar ədatları ilə cavab vermək olmur.
«Dədə Qorqud» üslubunda bə’zən ilk cümlədə işlənmiş bir sual əvəzliyi təkrar edilmədən sonrakılara da aid olur:

Nerədə bildin bənim tutsaq olduğum?


Ağ əllərim ardumda bağlanduğın?
Qıl sicim ağ boynıma taqıldığın?
Qara gözlü yigitlərim qırılduğın?(74)

«Ola» sözü ‘yoxsa’ və ya ‘bəlkə’ mə’nalarında sual mə’nasını gücləndirən ədat kimi çıxış edir: Ağ saqallı qarışı tutdı ola, gözüm, səni? Ağ birçəklü qarıcıqları çoq ağlatmışam. Gözi yaşı tutdı ola, gözüm, səni? (103) Bu cür cümlələr məgər ədatının iştirakı ilə də qurulmuşdur: Oğul, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola? (55)


Dastanların dilində ayırıcı (dizyunktiv) sual cümlələrinin maraqlı nümunələrinə rast gəlmək olur. Bu cür cümlələrin nəqli cümlə şəklində olan (iqrari və ya inkari) birinci hissəsində əsas fikir söylənilir, sonrakı cümlə (və ya ifadə) ilə həmin fikirlə bağlı müəyyən cəhət dəqiqləşdirilir; məs.:

Altundağı al ayğırı Bəkilindir, Bəkil qanı?


Qara polad uz qılıcun Bəkilindir, Bəkil qanı?
Əgnündəği dəmir tonun Bəkilindir, Bəkil qanı?
Yanundağı yigitlər Bəkilindir, Bəkil qanı? (108) (47;354)

Dastanların dilində sual cümlələrinin fikri ritorik yolla təsdiq edən məntiqi-emosional növü daha çox işlənmişdir:


Nə biləyin, oğul, arslandanmı oldı, yoxsa qaplandanmı oldı? Nə biləyin, oğul, bu qəzalar sana nerədən gəldi? (39) Görərmisən, ay oğul, nələr oldı? (40) İndi qanı dedügim bəg ərənlər? Fani dünya kimə qaldı? (78) Gördünmi mən mana netdim? (86) və s.

 

Əmr cümləsi. Cümlənin bu növü əksəriyyət e’tibarilə xəbəri fe’lin əmr formasında olan cümlələrdən ibarətdir. Xəbər əmr formasının III şəxs təkində daha çox arzu, istək, alqış mə’naları ifadə edir. Demək olar ki, əksər boyların sonunda - Dədə Qorqudun xeyir-duasında bu cür cümlələr təkrar olunur:

Qarlı qara tağlarun yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Qamın aqan görklü suyın qurımasun!
Qadir tənri səni namərdə möhtac etməsün!..(51)

Oğuz bəgləri yüz göyə tutdılar.Əl qaldırıb, dua eylədilər: «Allah-təala sana bir oğul versün!» - dedilər.(52)

Ümumən bu forma alqış və qarğışların, daxili istəyin ən münasib ifadə formasıdır.

Nə, Qazlıq tağı, aqar sənin suların,


Aqar ikən aqmaz olsun!
Bitər sənin otların, qazlıq tağı,
Bitər ikən bitməz olsun! (39)

Bə’zən eyni mə’na fe’lin arzu forması ilə ifadə edilmişdir: Allah-təala sana da bir qız verə,-dedilər. (52)


Xəbər əmr formasının II şəxs təkində olduqda cümlə, müasir dildə olduğu kimi, daha çox tə’kid, tələb bildirir: Böylə oğıl olmaqdan olmamaq yegdir. Öldürsənə!- dedilər. (37) Oğlın səni öldürmədin sən oğlını öldüri görgilə! (37)
Oğuz igidləri düşmənlə savaşdan qələbə ilə qayıtdıqdan sonra Dədə Qorqud öymələrində məsləhət və nəsihətə xüsusi yer verilir:
Hey, Dirsə xan! Oğlana bəglik vergil,
Təxt vergil! - Ərdəmlidir!
Boynı uzın bədəvi at vergil,
Binər olsun, hünərlidir!.. (36)

Xəbər II şəxsin cəmində olduqda göstəriş, tə’kid, tələb çaları daha qabarıq müşahidə olunur: Qazan oğlı Uruzı həbsdən çıqarun, boğazından orğanla asun. İki talusından çəngələ sancun, qıyma-qıyma ağ ətindən çəkün. (47)


Xəbər əmr formasının I şəxs təkində olduqda əmr cümləsi razılıq, istək çalarına malik olur: Dirsə xan: «Varın gətürün, öldürəyim!» - dedi.(37)

Xan babamın qatına bən varayım,


Ağır xəzinə, bol ləşgər alayın.
Azğın dinli kafərə bən varayın. (38)

I şəxsin cəmində də arzu, istək mə’naları üstündür: Nə eyləyəlim? Gəlün, Dərsə xanı tutalım, ağ əllərin ardına bağlayalım, qıl sicim ağ boynına taqalım, alubanı kafər ellərinə yonalalım. (40)

 

Nida cümləsi. Cümlənin intonasiyaya görə fərqlənən bu növü nidaların, xitabların iştirakı ilə yarandığı kimi, nəqli, sual, əmr cümlələrinin hiss həyəcanla dolğunlaşdırılması, sözlərin, ifadələrin təkrarı ilə də yaranmışdır. Məs.: Oğul, oğul, ay oğul! Toquz ay tar qarnımda götürdigim oğul! (47) «Ağac!» «Ağac!» dersəm sana, ərinmə, ağac! Məkkə ilə Mədinənin qapusı ağac! Bizim eldə gərək idin, ağac! Bəgligə toymadın özümə yazıx! Yigitliginə usanmadın canıma yazıx! (47) Çal qılıcın, ağam Qazan, yetdim! (49) Ağ saqallu baban yeri uçmaq olsun! Ağ birçəklü anan yeri behişt olsun! (60) Qarğu kibi qara saçın yoldınmı, qız!?(65) Mərə Əzrayil, aman! Tənrinin birliginə yoqdur güman! (80)

 

 



SADƏ CÜMLƏ
Cümlə üzvləri


Mübtəda. Prof.Ə.Dəmirçizadə hələ vaxtilə müşahidə etmişdir ki, «Dədə Qorqud» mətnlərində başqa üzvlərlə müqayisədə mübtəda çox az işlənmişdir: «Kitabi-Dədə Qorqud» dastanlarında ən az işlənən cümlə üzvü, demək olar ki, mübtədadır. Çünki mübtəda ilə ifadə olunan şəxs məfhumu xəbərlərin hamısında ümumi surətdə bu və ya digər morfoloji vasitə ilə ifadə edilmişdir. Birinci və ikinci şəxslər üçün xəbərdə gələn şəxs sonluqları mübtədanın ən aydın təmsilçisi ola bilir». (24; 117-118) Dastanlarda təhkiyənin ümumi xarakteri belədir ki, obrazın adı bir dəfə çəkildikdən sonra çox zaman onun təkrarına ehtiyac duyulmamışdır. Bu hal hadisələrin intensiv inkişafını tə’min edir, mətnin əlaqəliliyi prinsipi ilə oxucunu düşünməyə, əhvalatları ardıcıl izləməyə vadar edir. Ona görə də professor düz müşahidə etmişdir - bə’zən müstəqil işlənən 15-20 xəbərə aid mətndə cəmi bir-iki mübtəda olur. Məs.:
Məgər xanım, oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edirdi? Anunçın ki, «Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa,-deyirdi... » (79) - cümlələrində səkkiz xəbər, cəmi iki mübtəda (təkrar olunan «ər» sözü ilə) işlənmişdir.
Birinci və ya ikinci şəxslərdə olan xəbər şəxs şəkilçisinin köməyi ilə mübtədanı da müəyyənləşdirməyə kömək edir, ona görə də belə cümlələrdə mübtədanın işlənməsinə ehtiyac daha az olmuşdur:

Xan qızı, yerimdən turayınmı?


Yaqanla boğazından tutayınmı?..
Xan qızı, səbəbi nədir, degil mana!
Qatı qəzəb edərəm şimdi sana! - dedi. (35)

Mətnin daxilində yalnız üçüncü misrada (xəbəri III şəxsdə olan səbəbi nədir cümləsində) danışanı maraqlandıran və məntiqi vurğu altına düşən «səbəbi» sözü mübtəda vəzifəsindədir, qalan cümlələrin mübtədası şəxs şəkilçiləri ilə müəyyənləşir.


Məntiqi vurğu mübtədanın üzərinə düşdükdə işlənməli olmuşdur. Məs.:

Deməz olarsan,


qalqubanı yerimdən mən turaram,
Qara gözli yigitlərimi boynıma aluram,
Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Qara gözli kafər qızın mən aluram,
Dəxi sənin yüzünə mən gəlmənəm. (68)

Bu misralarda bugünkü tələffüzlə daha çox xəbərlər aktuallaşardı. Lakin mətndə məqsəd mübtədanı aktuallaşdırmaq olmuşdur.


Yaxud: Qazan bəgün dünlügi altun ban evlərini biz yıqmışuz. Tölə-tölə şahbaz atlarını biz binmişüz. Qatar-qatar qızıl dəvəsini biz yetmişüz. Qarucuq anasını biz gətürmişiz.(43)
Mə’lumdur ki, xitabların forması ilə məzmunu arasında fərq vardır: formaca üçüncü, məzmunca ikinci şəxsə aid olurlar. Odur ki konkret olaraq kimə müraciət olunduğunu bildirmək üçün «Dədə Qorqud» üslubunda səciyyəvi cəhət şəxsi ümumi və qeyri-müəyyən şəkildə şəxs əvəzliyi ilə ifadə etmək yox, başlanğıcda xitab şəklində bir dəfə xatırlatmaqdır. Məs.:

Hey, Dirsə xan, bana qəzəb etmə!


İncinib acı sözlər söyləmə!
Yerindən urı turğıl!
Ala çadırın yer yüzinə dikdirgil!

Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç öldürgil!... (35)

Sintaktik bütöv axıra qədər bu şəkildə davam edir.
Xəbər xəbərlik şəkilçisiz ifadə olunduqda, yuxarıdakı vəziyyətin əksinə olaraq, mübtədanın daha təfsilatlı ifadəsinə ehtiyac olur. Bu cür hallar əslində xəbəri «yoq» sözü ilə ifadə olunan cümlələrə aiddir.»Yoq» sözü konkret bir mə’na ifadə etmir, yalnız mübtəda ilə ifadə olunanı inkar edir. Belə cümlələrdə mübtəda geniş məzmuna malik olsa da, yenə «yeni»ni xəbər ifadə edir; məs.: Mərə yigit, mənim atımı kimsə keçdigi yoq. Oxumı kimsə yardığı yoq. (55)
Birinci və ikinci şəxsi bildirən əvəzliklər mübtəda vəzifəsində işlənən ismi birləşmənin birinci tərəfi kimi də əksərən ixtisar edilmişdir. Bu zaman əvəzlik ikinci komponentdəki mənsubiyyət şəkilçisi ilə təsəvvür edilir:

Yata-yata yanımız ağrıdı. Tura-tura belümiz qurıdı. (42)


Yerli qara taqlarun yıqılmasun!
Kölgəlicə qara ağacın kəsilməsün!
Qamən aqan görkli suyın qurumasın!
Çaparkən ağ-boz atın büdrəməsün! (41)

Müasir ədəbi dilimizdə yiyəlik halda olan söz cümlədə təklikdə yalnız xəbər vəzifəsində işlənə bilir. Qalan hallarda ikinci tərəflə - mənsubiyyət şəkilçili sözlə birlikdə cümlə üzvü olur. Bu, dastanların dilində də belədir: Mənim də içində şişligim var. Mənim dəxi içində nişanlım var. Lakin dastanlarda canlı danışıq dilinə demokratik münasibət mübtədanın yiyəlik halda ifadəsinə də imkan yaratmışdır; məs.: Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər (41) - cümləsində «sənin» sözü mübtədadır və «sənin atların» şəklində təsəvvür olunur. Bu cür ifadə tərzi canlı danışıq dilində indi də qalmaqdadır. Belə cümlələrdə birləşmənin birinci komponenti ümumi və qeyri-müəyyən şəkildə ikinci komponenti də ifadə edir.


Mübtəda «yeni»ni bildirdikdə, rema kimi çıxış etdikdə, təbii olaraq, aktuallaşaraq xəbərdən sonra işlənmişdir:

Qanı dedigim bəg ərənlər? Dünya mənim deyənlər? (50)

Açuq-açuq meydana bənzər sənin alıncuğın,
Eki şəbçırağa bənzər sənin gözcigəzin,
Əbrişimə bənzər sənin yəlicigin,
Əri muradına yetürər sənin arxacığın. (60)
Mübtəda quruluşca sadə və mürəkkəb olmaqla, həm nitq hissələri, həm də ismi və fe’li birləşmələrlə, həm isim, əvəzlik və məsdərlərlə, həm də substantivləşmiş söz və birləşmələrlə ifadə olunmuşdur; məs.: Su qaçan xəbər versə gərək? (45) Qazan bir tumar ilə köpəgi urdı.(45) Kafərlər tərs tanışmışlar.(47) Bunun ardınca, görəlim, kimlər yetdi.(49) Hey, məni sevən yigitlər binsünlər! (53) Ərənlər əvrəni Qaracuq çoban sapanın ayasına taş qodı, atdı.(43) Qazan bəgün qarıcıq olmuş anası qara dəvə boynında asılu getdi.(43) Oğulda ortacım yoq, qartaşda qədərim yoq.(52) Alp ərə qorxu vermək eyb olur.(86) Ayaqlılar buraya gəldigi yoq. Ağızlılar bu suyımdan içdigi yoq.(56) Mərə yigit, mənim atımı kimsə keçdügi yoq. Oxımı kimsə yardığı yoq.(55) Nə görəyim, oğlı olan evərmiş, qızı olan köçürmiş.(55) Gün kibi şılayıb gələn Kafərin başının ışığıdır.(70) Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxı atanlar kar qılamadı.(100)

 

 



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin