M Ü n d ə r I c a t bir neçə söz


«KİTABİ-DƏDƏ QORQUD» ÜMUMXALQ AZƏRBAYCAN DİLİNİN TƏŞƏKKÜL DÖVRÜNÜN ABİDƏSİDİR Yaranma tarixi



Yüklə 3,15 Mb.
səhifə26/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

«KİTABİ-DƏDƏ QORQUD» ÜMUMXALQ AZƏRBAYCAN DİLİNİN TƏŞƏKKÜL DÖVRÜNÜN ABİDƏSİDİR
Yaranma tarixi

Yeni eranın əvvəllərindən bütün Qafqazda və Yaxın Şərqdə ümumünsiyyət vasitəsinə çevrilmiş Azərbaycan dilinin yeganə, lakin son dərəcə kamil abidəsi olan «Kitabi-Dədə Qorqud»un adı bütövlükdə: «Kitabi-Dədəm Qorqud ala-lisani-taifeyi-oğuzan» şəklindədir. Buradan aydın olur ki, dastanlar daha çox oğuz türklərinə məxsusdur. Lakin bu oğuzlar bir sıra alimlərin iddia etdikləri kimi, səlcuq oğuzları deyildir.


Oğuzlar Azərbaycanda çox qədim dövrlərdən məskunlaşmış türklərdir. «Dədə Qorqud» XI əsrdən əvvəlki oğuzlara aiddir, dastanlarda XI əsrdən əvvəlki oğuzlar təsvir edilmişdir. Bunu dastanların ilk tədqiqatçılarından prof. Ə.Dəmirçizadə də xüsusi qeyd etmişdir: «Kitabi-Dədə Qorqud»dakı dastanlar bu şəkildə X əsrdən qabaq və VIII-IX əsrlərdən sonra Qafqazda, daha doğrusu, Azərbaycanda yaşayıb yaratmış olan dədələr, ozanlar tərəfindən məharətlə qurulub-qoşulub el-oba arasında yayılmışdır.» (24; 9) Zaman imkan verməsə də, professor dastanların səlcuqların gəlişindən əvvələ - əvvəlki oğuzlara aid olduğunu qeyd edə bilmişdir.
Orhan Şaik Gögyay «Dədə Qorqud» ensiklopediyası sayıla bilən qiymətli kitabında oğuzların Azərbaycanda və Şərqi Anadoluda çox-çox qədimlərdən mövcud olduğunu söyləmişdir: «Daha belli tarihi devirlerde, Salcuklularla beraber gelen Oğuzlar atalarının daha bir çok yüzyıllar önce Azerbaycana gelmiş, hatta Kiçik Asiya şehirlerini fath etmiş olduklarına dair rivayetler nakletmişlerdir... bu rivayetlere göre efsanevi Oğuz zamanında Azerbaycana gelip yerleşen Oğuzların yaylakları Tebrizin güneyindeki Ulan yaylaklarını, Ala Taq dağları və Şaraban dağlarında isimleri de Arran ve Muqan ovaları olmak üzere yerleşmiş imişler. Bu rivayetler Attila zamanında gelmiş olan Ağ hunlara ait hatıralar olabilir».(25; XL) O.Şaikin söylədiyi bu oğuzlar da Azərbaycan ərazisində məskunlaşmış ən qədim oğuzlar deyil.
«Oğuznamə»də oğuzların şərqdə Çin, qərbdə Rusiya, Rum, Kiçik Asiya, Cənubda İran və Hindistan olmaqla böyük əraziləri birləşdirərək nəhəng bir imperiya yaratdıqları barədə rəvayətlər toplanmışdır. Bu rəvayətlərə görə, Oğuz xaqanın 6 oğlu varmış: Gün, Ay, Yıldız, Göy, Dağ, Dəniz. Oğuzun bu altı oğlunun hər birinin də dörd oğlu varmış.
24 oğuz boyu Oğuz xaqanın bu 24 nəvəsinin adı ilə bağlıdır. Hər boyun öz onqonu, öz damğası varmış. Oğuz boyları «Sağ qanad» və «Sol qanad» deyilən iki qanada ayrılırmış. Bunlar Üç Oq və Boz Oq adlarını daşıyırmış. Sağ qanaddakı ilk boyun adı Qayı olmuş və bu boy öz əsasını Oğuzun böyük oğlu Gün xandan almışdır; Sol qanadda əsas boy Bayat boyudur. Bu boy öz əsasını Göy xandan götürmüşdür. Dastanlarda aparıcı şəxs Bayat boyundan Bayındır xandır. (25; XXXVIII)
Bə’zən dastanların 12 yox, 24 boy olmalı olduğunu qeyd edirlər. Zənnimizcə, bu fikir doğrudur. Boylar indiki halda Bayındır tayfasının - Sol qanadın hakimiyyətini təsvir edir və belə bir nəticə çıxarmaq olur ki, bunlar Sol qanadın dastanlarıdır. Deməli, Sağ qanadın dastanları ya unudulub, yaxud da yazıya alınmayıb. Dastanların girişində Qorqud atanın dilindən verilən «Axır zamanda xanlıq gerü - Qayıya dəgə, kimsənə əllərindən almaya» (26; 31) sözlərini belə başa düşmək olur ki, xanlıq (bütöv padşahlıq) ilk vaxtlar Sağ qanadın - Qayı qəbiləsinin əlində olmuş, sonralar Sol qanada keçmişdir və güman edilir ki, hakimiyyət yenə Qayı qəbiləsinin ixtiyarına (yə’ni Sağ qanada) keçə bilər və onlar bir daha hakimiyyəti əldən verməyə bilərlər. Bu cəhət göstərir ki, Bayındır xan hər iki qanadın birgə padşahıdır. Görünür, Sol qanadın 12 dastanı toplanmış, Sağ qanadın dastanları itib-batmış, yazıya alınmamışdır.
Oğuzların əfsanəvi hökmdarı Oğuz xanın tarixi prototipi miladdan qabaq Hun imperiyasının əsasını qoymuş (e.ə.209-cu il) Şanyun Mode (Mao Tun) hesab olunur. (26; 263)
Bir sıra tarix kitablarında Bayındırların Məhəmməd peyğəmbərin zamanından çox-çox əvvəllər Azərbaycan ərazisində məskən saldıqları göstərilir. «Tork-Türk» nəslini erməni geneologiyasına daxil edən indiki ermənilərin tipik babası Moisey Xorenasinin mə’lumatına görə, Basean (Ağrı vilayəti) ərazisində vqndur (Bayandur), bulqar, vanad türk tayfaları məskunlaşmışdılar (e.ə.II əsr) və hakimləri Şaray (Saray) idi.(4; 216) Bayındırların qədimliyi barədə fikri başqa tarix kitabları, o cümlədən Ağqoyunlu Uzun Həsənin adına yazılmış «Kitabi-Diyarbəkriyyə» də təsdiq edir. Bu kitabda Uzun Həsənin Bayındır tayfasından oduğu, Bayındır xanın onun (Uzun Həsənin) 52-ci babası olduğu göstərilir. «Kitabi-Diyarbəkriyyə»yə görə, Bayındır xanın dövründə bütün İran, Turan, Rum, Şam, Efrenc, Qıpçaq və s. onun tabeliyində olub. Bayındır xanın qışlağı Qarabağ, yaylağı Göyçədəniz (Göyçəgöl) sahilləri olub. Bayındır xan burada «ban ev» deyilən altun otaq tikdirib (çadır qurdurub), 120 min erkək, 9 min qısır qoyun, 18 min mal kəsdirib, üç böyük göl-hovuz düzəltdirib, birini şərbət, birini süd, birini süzmə bal ilə doldurub, böyük bir qurultay, ulu bir yığıncaq cağırıb, hesabsız qızıl və gümüş kəmərlər bağışlayıb, öz məmləkətini qabiliyyətlərini nəzərə alaraq oğlanları arasında bölüşdürüb. «Kitabi-Diyarbəkriyyə» bu cür yığıncağı, bu cür qurultayı Uzun Həsənin 54-cü babası Oğuz xaqan haqqında da söyləmişdir. Kitabda o da göstərilir ki, Uzun Həsənin 23-cü babası Sunqur bəy peyğəmbər zamanında yaşamış, ömrünün sonlarını Arpa çayının gündoğanında Alaqız və Göyçəgölü yaylaqlarında keçirmiş, 100 yaşlarında kafir qonşularla döyüşdə oxla öldürülmüşdür. (25, XII; 41,39-49) Bunlar hamısı Azərbaycanda «Dədə Qorqud» izləridir.
«Dədə Qorqud» dastanları haqqında ilk, həm də epizodik mə’lumat VI əsrə aiddir. X.Koroğlunun verdiyi mə’lumata görə, türk xaqanı İstəmi xaqanla qohumluq əlaqəsi olan İran hökmdarı Ənuşirəvanın (531-579) saray kitabxanasında «Təpəgöz boyu»nun fars dilində tərcüməsi olmuşdur. Dastanların hələ birinci minilliyin ortalarında yazıya alınması, başqa dillərə tərcümə edilməsi barədə tarixçilərin də fikirləri vardır:»Bir çox yüzillər boyu ozan sənətinin kürəsindən keçərək, bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (pəhləvi) və ərəb dillərinə də «Oğuznamə» (Oğuz kitabı) adı ilə çevrilmişdir». (5; 28)
Yəqin ki, dastanların yazılı nümunəsi olmasa idi, tərcüməsi də olmazdı. Bütün dəlillər dastanların ümumxalq dilinə xidmətinin başlanğıcını ən azı hun dövrünə aparıb çıxarır. E.ə. III əsrdə təşəkkül tapan Hunlar yeni minilliyin əvvəllərində şərqdən qərbə çox böyük ərazilərə sahib idilər. Əvvəllərdə qeyd etdiyimiz kimi, onların Azərbaycana ardıcıl axınları olmuşdur. Ölkəmizin ərazisində hələ e.ə I minilliyin ortalarında məskən salmış qədim saklar, massagetlər hunlardan daha əvvəl Mərkəzi Asiyanı dolanıb gələn türk tayfaları idilər və onlar indi - «hun dövrü» adlanan dövrdə öz qohum qəbilələrini, yəqin ki, məhəbbətlə qəbul edirdilər. Bu dövr Alp Tonqa dövrü, türk tarixinin Sakalar dörüdür. «Oğuznamə»lər də, «Kitabi-Dədə Qorqud» da bu dövrün məhsulu, bu oğuzların yaradıcılıq nümunələridir.
Dastanların qədimliyi, hun dövrü ilə bağlanması onların xalq dilinə xidmətinin qədimliyi deməkdir. Şifahi xalq ədəbiyyatı janrları içərisində nağıl qədər, dastan qədər körpəlikdən insanın nitq təkamülünə xidmət edən başqa janrlar göstərmək çətindir.
«Dədə Qorqud»u 1500-2000 il əvvələ bağlayan cəhətlər çoxdur.
Dastanlar bir sıra təbii suallar doğurur: hadisələr harada cərəyan edir? Hansı dövlətin əraziləridir? Hansı dövrdür?
Birinci sualın cavabı dastanlarda tam aydındır və əksər tədqiqatçılar - O.Ş.Gögyay, M.Ergin, H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları dastanların Azərbaycanda qələmə alındığını (26; 19), hadisələrin Şimali Azərbaycan ərazisində cərəyan etdiyini söyləmişlər. Bizim dilçilikdə ilk dəfə Ə.Dəmirçizadə araşdırmalar apararaq göstərdi ki, «Bunların (Dədə Qorqud oğuzlarının -Q.K.) vətənləri Gəncə, Bərdə, Şərur, Dərəşam, Alınca çay, Alınca qala, Gögcə gölü, Qazlıq dağı (Qafqaz dağı), Dərbənd yaxınlığı, Gürcüstan yaxınlığıdır. Bunlara yaxın və qonşu yerlər - Gürcüstan, Axsqa, Dumanin (Tumanisi?), Dəmir Qapı Dərvənd-Qıpçaq və sairədir. Bunların nisbətən uzaq səfər etdikləri yerlər əsasən Rum eli, İstanbul, Trabzun, Bayburd, Qara dəniz kənarlarıdır». (24; 10)
Alimlərimiz üçüncü sualın cavabını da aramışlar. Dastanların 1988-ci il nəşrinə ön sözdə F.Zeynalov və S.Əlizadə «Kitabi-Dədə Qorqud»da cərəyan edən hadisələr hansı real dövrü əks etdirir?» sualına «VI-VIII əsrlər» cavabını vermişlər. Dastanların VI-VIII əsrlərdə tam formalaşdığını qeyd etmək olar, lakin dastanlardakı bütün hadisələrin həmin dövrdə cərəyan etdiyi barədə fikirlərlə tam razılaşmaq olmaz. Əksər tədqiqatçıların fikrincə, «Dədə Qorqud» boyları II-V əsrlərdə formalaşma prosesi keçirirdi. Tam formalaşma isə VI-VIII əsrlərdə olmuşdur. Bir çox hadisələr daha qədimlərə gedir: «...dastanda təsvir olunan hadisələrin 1300 il və ondan daha əvvəllərə aid olması barəsində mövcud olan mülahizələr də ümumi vahid rə’y kimi, demək olar ki, bütün görkəmli alimlər tərəfindən qəbul edilir». (47; 334)
Hadisələrin əsasında duran Mete - Oğuz xan e.ə. III əsrə aiddir. Kayı qəbiləsi də, Bayındırın qəbiləsi də öz əsasını azı həmin dövrdən götürür. Lakin dastanlar birdəfəyə və bir əsrdə yaranmadığından, tam formalaşma dövrünə çatana qədər müxtəlif hadisə və qəhrəmanlarla zənginləşmə prosesi keçirdiyindən tarixçilərimiz I-V əsrlər arsında yaşamış bir çox Alban sərkərdə və dövlət xadimlərinin dastanlarda prototiplərini görmüşlər. Məsələn, Mahmud İsmayıl yazır:»Mə’lum olduğu kimi, bu yazılı abidədə («Kitabi-Dədə Qorqud»da - Q.K.) Alpan, Uruz sözlərinə rast gəlirik. Burada adı çəkilən alplar başı Qazan xanla biz «Albaniya tarixi»ndə rastlaşırıq. Digər tədqiqatçı da (Q.A.Qeybullayev - Q.K.) görkəmli alim R.Blaxştaynerin albanları sak soylarından biri hesab etməsinə əsaslanaraq, onların dilini bizim qədim dilimizlə eyniləşdirir. Ancaq o bu mülahizəsini sübuta yetirmək üçün təkcə R.Blaxştaynerin fikri ilə kifayətlənməyib, albanlarda olan Alban çarı Oris (e.ə. I yüzillik), Zober (III yüzillik), Manas (V yüzillik, Qəbələ yepiskopluğu), Qazan (V yüzillik), Mate (V yüzillik) və s. kimi adların bizim dilimizin ləhcələrində danışan soylar üçün xarakterik olmasını da qeyd edir». (15; 80-81)
Əslində, bu sözlərdən müəyyən dərəcə ikinci sualın da cavabını almaq mümkündür. Şimali Azərbaycan ərazisində e.ə. IV və daha əvvəlki əsrlərdən güclü Alban dövləti mövcud idi və türk-saq tayfalarından ibarət olan albanlar min ildən artıq bir dövr ərzində hakimiyyəti əllərində saxlamış, Alban dövlətini daim xarici tə’sirlərdən qorumağa çalışmışlar: «Heç şübhə yoxdur ki, eramızdan əvvəl VII yüzillikdən bizim eranın VIII yüzilliyinə qədər min dörd yüz ildən artıq Azərbaycan ərazisində məskun olmuş albanlar Azərbaycan ərazisində heç bir nişan qoymayıb tarix səhnəsindən çıxa bilməzdilər. Bu, sübut edir ki, albanların dili eramızdan əvvəl də, eramızın ilk yüzilliklərində də bu əraziyə gəlmiş qədim azərbaycandilli soyların dillərindən, yaxud ləhcələrindən biri olmuşdur».(15; 82) Dastanlar da bunu sübut edir.
S.Əliyarov dastanlarda təsvir edilən hakimiyyət tipini «ikili hakimiyyət institutu» adlandırır. Dastanlarda «qədim Göytürk, Xəzər, Oğuz və Qaraxanlı dövlətlərində vitsekral (xaqanın müavini) institutu təsvir olunmuşdur. İkili hakimiyyət qaydası ilə bağlı olan həmin institutu Xəzər dövləti timsalında ərəb tarixçisi belə təsvir etmişdir: «Xəzərlərin xaqan titulu daşıyan hökmdarına gəldikdə isə, inanın, o yalnız hər dörd ayda bir dəfə adamların gözünə görünür... Ona «ulu xaqan» deyirlər, onun müavinini «xaqan bəy» adlandırırlar. Bu sonuncu, orduya... başçılıq edir, dövlət işlərinə rəhbərlik edir və onları yerinə yetirir, (xalqın qarşısına) çıxır, yürüşlər keçirir, yaxın ölkələrin hökmdarları da ona itaət göstərirlər».(27; 146) Beləliklə, «ulu hökmdar» Bayındır xana nisbətən «Dədə Qorqud» boylarında Qazan xanın ön planda verilməsi həmin qəhrəmanların «epik tarixçəsi» (V.M.Jirmunski) ilə deyil, Oğuz cəmiyyətində ali dövlət vəzifələrinin ən’ənəvi bölgüsü ilə bağlıdır». (26; 261) İbn Fadlanın dediyi kimi, elin qarşısına çıxan, əslində, dövlətin idarəsi ilə bağlı bütün məs’uliyyəti daşıyan ikinci şəxs - Qazan xan dastanlarda «alpanlar başı» adlandırılır: «Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub, yaturlar». (26; 69) Qazılıq qoca oğlu Yegnək də yuxuda atasını xilas etməyə gedənlər sırasında Oğuz elinin igidlərini - igid alpanları görür:»Ağ-boz atlar çapdırır alpanlar gördüm». (26; 95) Deməli, dövlət də Alban dövlətidir. Qazan xan «alpanlar başı»dırsa, deməli, albanlar da oğuz tayfalarındandır. Bunların hamısı real tarixi izlərdir və bunlar dastanların həqiqətən ən geci birinci minilliyin birinci yarısına aid hadisələri əhatə etdiyini söyləməyə əsas verir. E.ə.VII-IV əsrlərdən səsi-sorağı gələn Alban dövləti Azərbaycanın şimalında VIII əsrin sonlarına qədər öz gücünü saxlamışdı. Ona görə «Alban dövləti» adlanmışdır ki, aparıcı tayfa albanlar olmuşdur. «Dədə Qorqud»dan aydın olur ki, dastanda təsvir edilən oğuzlar, əslində, həmin albanlardır.
VIII əsrdə Albaniya artıq öz əvvəlki qüdrətini zəiflətmişdi, Qarabağ hüdudları ilə məhdudlaşırdı və şimali Azərbaycan əraziləri Aran şahlığı sayılırdı.
Ə.Dəmirçizadə dastan qəhrəmanlarının yaşadığı və mübarizə apardığı, dostları və düşmənləri barədə dəqiq araşdırmalar apararaq çox sərrast söyləmişdir: «Deməli, Bayburdda, Trabzunda, İstanbulda, ümumən Rum elində və Qara dənizin cənub sahillərində hələ nə oğuzlar, nə də səlcuqlar vardı. Belə isə, bu dastanlarda XI əsrdən əvvəlki dövrdəki, yə’ni hələ Kiçik Asiyada oğuzlar olmadığı bir dövrdəki oğuzlar təsvir olunur və bu oğuzlar Orta Asiyada deyil, Kiçik Asiyada deyil, məhz Qazlıq dağ ətəklərində - Qafqazda, həm də Dərbənddən şimalda yox, məhz Azərbaycanda ağban evlər, ala seyvanlı saraylar qurub yaşayan oğuzlardır. Bu oğuzlar artıq bu dövrlərdə azərbaycanlıların etnik tərkib hissəsinə daxil olmuş və Azərbaycan xalqının müəyyən hissəsinə çevrilmiş oğuzlardır, daha doğrusu, oğuz və qıpçaq qəbilə dilləri əsasında təşəkkül tapmış olan ümumxalq Azərbaycan dilində ünsiyyət edən azərbaycanlılardır». (24;10-11) Professor «Azərbaycan xalqının müəyyən hissəsinə çevrilmiş» sözlərini də düz deyir, lakin o dövrdə Azərbaycan xalqının təşəkkülündə qədim türk etnoslarının rolu az tədqiq olunduğundan həmin etnosların üstün rolunu, başqa türkdilli tayfalarla birlikdə Alban dövlətinin əsasında durduğunu qeyd edə bilməmişdir.
Oğuzlar arasında qam-şaman münasibətləri geniş yayılmışdı. Onlar yalnız X əsrdə kütləvi şəkildə islam dinini qəbul etmişlər. Buna görə də əksər tədqiqatçılar düzgün qeyd etmişlər ki, «Dədə Qorqud» islamiyyətdən əvvəl yaranmış və dastanlarda əvvəlki oğuzlar təsvir edilmişdir.
Aydın hiss olunur ki, oğuzlar islam dinini qəbul etmiş olsalar da, islam dini hələ onların iliyinə, qanına yeriməyib. Namaz qılmır, oruc tutmurlar, əksinə, al şərabın istisindən nəş’ə alırlar. Qadınlar kişilərlə bərabər at belində gəzir, çadra nə olduğunu bilmirlər: «...bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda dururlar... Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilmirlər, onların özlərinin molla, seyid və müəzzinləri yoxdur: haradansa gəlmiş «saqqalı uzun» bir tat əri əzan «banlamaqdadır» (5; 28) Oğuz igidlərindən Dəli Domrulun Əzrayili tanımaması, «Mərə, Əzrayil dedügüniz nə kişidir?» deməsi də islam dini ilə bağlı bir çox anlayışların hələ oğuzlar arasında yayılmadığını göstərir: «Dəli Domrulun canını «xırladıb» almaq barədə verilən amansız buyruq islam allahından daha çox, türkdilli xalqların qədim tarixindən bəlli olan tanrı anlayışına uyğun gəlir».(5; 31)
Onu da qeyd edək ki, Azərbaycan tarixinə aid qaynaqlarda «Dədə Qorqud»dakı «tanrı» anlamından danışılarkən «tanrı» sözünün mənbələrdə tarixi e.ə.III əsrə aid edilmişdir: «Adı ilk dəfə miladdan qabaq III yüzillikdə yazılı qaynaqlarda çəkilən Tanrı (Tenqri) şumerlərdəki Anu (An) kimi, baş allah sayılırdı. III yüzilliyin Alban tarixçisi onu Tanqrixan, XII yüzilliyin Suriya tarixçisi Qantanqrı (Xantanqrı) adlandırmışdır. Hər iki halda qan-xan «ata», «kağan» (xaqan) deməkdir və nəticədə «ata allah» mə’nası alınır».(5; 31) Əslində isə yazılı mənbələrdə «tanrı» sözünün tarixi çox qədimdir. E.ə. 1700-cü ildə qədim Nippur şəhərində tərtib olunmuş iki şumer elegiyasında «tanrı» sözü «dinqir» şəklində dəfələrlə işlənmişdir və «Allah» mə’nasındadır. S.N.Kramerin oxuyub tərcümə etdiyi bu şumer abidəsində maraqlı türk sözləri vardır. «Dinqir» sözünün işləndiyi cümlələrdən bir nümunə: 98. dingir-kur-ke, sud (= KA X SU)-de mu-ra-[ah(?)-be(?)] - Boqi zaqrobnoqo mira budut [proiznositğ(?)] molitvı za tebə.(28; 18-24)
Dastanlarda qam-şaman ünsürləri çoxdur və qam-şaman ünsürlərinin çoxluğu, fövqəltəbii qüvvələr, xüsusən Dədə Qorqudla bağlı epizodlar dastanları mifik dövrlə əlaqələndirir. Qorqudda qam-şaman gücü var, sözün gücü ilə Dəli Qarcarın qolunu qurudur. Dastanlarda ağaca, suya, qurda böyük inam var, ayrı-ayrı boylarda sehrli üzükdən, pəridən, Təpəgözün adam yeməsindən, oğulun ana ilə yaşamasından danışılır. Bütün bunlar dastanları əşirət dövrü ilə bağlayır, «Odisseya» zamanından əvvələ aparır.
Dədə Qorqudu tarixi şəxsiyyət, Məhəmməd peyğəmbərin zamanına qədər yaşamış bir Göytürk hakimi hesab edənlər də vardır: «Hocam prof. Zeki Velidi Toğana göre, Dede Korkud islamlıktan önce eki zamanın veziri olmaqla birlikte ha Peyğambar zamanına da yetişmiş gösterilmekte olduğundan Gög Türk zamanındakı Oğuz Yabğuları katında bulunan bir türk hakimi sayıla biler». (25; SXVIII)
O.Şaik türklərin «şaman» əvəzinə daha çox «qam» işlətdiklərinə işarə edərək yazır: «Türkçedeki adı kam olan şaman, şamanlıq dininin ayinini ve törelerini yapan, ruhlarla ölümlü insanlar arasında araçılıq eden kimsedir».(25; SSXS) Biz də Azərbaycan ərazisində şamanizmin qamlar, kahinlər tərəfindən həyata keçirildiyini düzgün hesab etmişik. (29; 10-11) M.Kaşğari də «qam» sözünün qarşılığı kimi «kahin» sözünü işlətmişdir. (30; 157)
Qam sənəti, kahinlik təhsil və öyrənmək yolu ilə deyil, irsən atadan oğula keçirmiş. Qam sirlərini yalnız qamlar bilirmiş. «Kendisinin tanrılar tarafından kam olaraq tayın edildigine, ruhların kendisinin hizmetinde olduklarına inanan kam, hayalı geniş, mistik, yaratılıştan zeki bir adamdır. Kam olacaq adam, küçüklükden beri çok düşünceli olur; vakıt-vakıt canı sıkılır; tabiatı bakımından şairdir, irtical yolu ile şiirler, ilahiler söyler.»(25; SSXS) Hər dəfə təkrar edilən «Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən turmuşdı» cümləsindən göründüyü kimi, irsiyyət e’tibarilə Bayındır xan özü qam nəslindəndir - qam Ğanın oğludur, lakin dastanlarda, qeyd etdiyimiz kimi, qam xüsusiyyətləri özünü Dədə Qorqudda göstərir. Belə bir nəticə çıxarmaq olur ki, elə bir dövrdür ki, dini və dünyəvi hakimlər fərqlənməkdədir, kahinlər dövləti idarə işlərindən uzaqlaşdırılmışlar. Ona görə də xaqan yalnız öz padşahlığı ilə məşğuldur. Müşkülləri həll etmək, qorxunc ruhları qovmaq, dar gündə insanların dadına yetmək Dədə Qorqudun öhdəsinə düşmüşdür. Beləliklə, əslində, ozanların da irsən kahinlər silsiləsinə bağlı olduğunu düşünmək olur.
Alimlərin tarixi şəxsiyyət hesab etdikləri Dədə Qorqudun Bayat elindən olduğu da mə’lumdur. Bu, dastanların tarixi müqəddəməsinin ilk cümləsində öz ifadəsini tapmışdır: «Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyundan Qorqud ata diyərlər, bir ər qopdı». Oğuzların aparıcı qəbilələrindən olan Bayat VII-IX əsrlərdə Oğuz tayfa ittifaqının başçılarından olmuşdur.
Hadisələrin təsvir edildiyi dövr ozan dövrüdür - ozan sənətinin çiçəklənmə dövrüdür. Ozansız heç bir məclis keçmir. Ozan xeyir-duası olmadan heç bir tədbirə əl atılmır. Ən çətin, ən müşkül məsələləri ozan həll edir. Ozan böyük ağıl və idrak sahibidir. Onda kahin qüdrəti var. Bir sözlə, dastanların girişində deyildiyi kimi, «Oğuzın ol kişi tamam bilicisiydi, nə diyərsə, olurdu. Qaibdən dürlü xəbər söylərdi. Həqtəala anın könlinə ilham edərdi». Bunlar göstərir ki, ozan sənətinin parlaq dövrü olsa da, ozanlar hələ qamlardan ayrılmayıb, qam-kahin keyfiyyətlərindən məhrum deyil. Amma rəsmi ayrılma da var: kahinlər-qamlar həm dinə, həm də dövlətə rəhbərlik edirdilərsə, bu dövrdə, yə’ni İç Oğuzla Taş Oğuzun arasına nifaq düşdüyü və bu nifaqın Qazan xan tərəfindən ustalıqla aradan qaldırıldığı dövrdə artıq Bayındır xan dövlətin başçısıdır, Dədə Qorqud isə az-çox kahinlik əlamətlərini daşıyan ozandır. Elə vaxtdır ki, kahinlik etməsə də, dövlətin başçısı kahin oğludur. Deməli, dediyimiz ayrılma prosesi təzə başlayıb. Bu, şübhəsiz, yeni bir imperiyanın gətirdiyi nəfəsdir, güclü hun imperiyasının qoyduğu qanunlarla bağlıdır. Deməli, dastanlar qamla ozanın tədricən ayrılmağa - birincinin zəifləməyə, ikincinin güclənməyə başladığı dövrün məhsuludur.
VI-VIII əsrlər ozan sənətinin ən yüksək dövrü olsa da, VIII əsrdə sufiliyin meydana çıxması ilə «aşiq»in «aşığ»a çevrilmə prosesi başlamış və XVI əsrə qədər davam etmiş, nəhayət, Qurbaninin şəxsində aşıq sənəti ozana qalib gəlmiş, daha doğrusu, ozan öz yerini aşığa vermişdir. Əgər «Dədə Qorqud» ozanla qamın (kahinin) kəsişməsi dövrünün izlərini saxlayırsa, deməli, bu dastanların kökləri min il əvvələ - e.ə. I minilliyin sonlarına uzanır. Belədirsə, deməli, bu dastanlar xeyli müddət ümumxalq dilinin təşəkkülünə kömək edib və sonrakı əsrlərdə onun ədəbi dil kimi təşəkkülündə fəal iştirak edib.
Dastanların 1988-ci il Bakı nəşrinin tərtibçiləri F.Zeynalov və S.Əlizadə o vaxta qədərki elmi-nəzəri ədəbiyyatdan və kitabın özündən aldıqları təəssürat əsasıda bu qənaətə gəlmişlər ki, »Kitabi-Dədə Qorqud»dakı dini-mifoloji təsəvvürlər və bir çox adət-ən’ənələr III-IV əsrlərə aiddir, lakin əsas hadisələrVI-VIII əsrlərdə cərəyan edir. Bu da aydındır ki, «Kitabın yaşının açarı onun özündədir, boyların öz yarpaqlarındadır».(5; 28) Dastanlar müxtəlif vaxtlarda, müxtəlif ozanlar tərəfindən yaradılmış, toplu halda 1074-cü ildə yazıya alınmışdır; XV-XVI əsrlərdə üzü köçürülsə də, yuxarıda qeyd etdiyimiz kimi, yazılı nüsxələrinin daha əvvəllərə aid olduğu güman edilir. «Dədə Qorqud»u yaradan və ilk dövrdə yazıya alanlar ümumxalq Azərbaycan dilinin təşəkkül və inkişafında misilsiz xidmət göstərmişlər.
Dastanların dili köçürmələr prosesində müəyyən dərəcə müasirləşdirilmişdir. Baş verən hadisələrin Azərbaycan ərazisində və qismən də şərqi Anadoluda cərəyan etdiyi hələ 40-cı illərdə Ə.Dəmirçizadə tərəfindən sübut edilmişdir. Daha əvvəllər V.V.Bartold dastanların Qafqaz mühitində - Dərbənd keçidi ilə Ermənistan yaylası arasındakı torpaqlarda bəstələnib yaradılmış olduğunu göstərmişdir. (5; 28) Dastanlar sırf oğuz məkanında yarandığından xarici tə’sirlərdən kənar olmuş, ərəb və fars sözləri, islam dini tə’limi dastanlara oğuzlar islamiyyəti qəbul etdikdən sonra əlavə edilmişdir. Tədqiqatçılar hesablamışlar ki, dastanların dilində işlənmiş 2721 sözdən cəmi 559-u ərəb və fars mənşəlidir. Bunlar dastanlara XI-XVI əsrlərdə əlavə edilmişdir. Dastanlarda işlənmiş xüsusi adların yad tə’sirlərdən uzaq və əksəriyyət e’tibarilə xalis oğuz səciyyəli olması da bunu sübut edir.
Oğuzlar islam dinini X əsrdə qəbul ediblərsə, deməli, dastanlar üzərində ən ciddi »əməliyyat» elə o dövrdə başlayıb və XV-XVI əsrlərdə davam etdirilib. Və əgər sonrakı nüsxələrdə XI əsrin tarixi saxlanmışsa, deməli, bütövlükdə dastanların strukturu, dil-üslub xüsusiyyətləri də qorunmuşdur. Belə olduqda XI əsr variantının VI-VIII əsrlərdə formalaşmış variant əsasında yazıya alındığını söyləmək olar. Umimiyyətlə, boylardakı əlavələri ayırmaq mümkündür. Şe’r parçalarında bu daha asandır. Bir neçə nümunəyə diqqət yetirək.
Məsələn, Bamsı Beyrək boyu aşağıdakı sözlərlə bitir:

Qara taqların yıqılmasun!


Gölgəlicə qaba ağacın kəsilməsün!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəklü anan yeri behişt olsun!
Oğulla qarındaşdan ayırmasun,
Axır vəqtində arı imandan ayırmasun!
«Amin!» «Amin!» deyənlər didar görsün!
Yığışdırsun, durışdırsun günahınızı,
Adı görklü Məhəmməd Mustafa yüzi suyuna
bağışlasun, xanım, hey! (26; 67)

Bu parçanın dördüncü misrasındakı «behişt» sözü, altıncı misradakı «axır vəqtində» ifadəsi və axırıncı iki misra, bizcə, sonrakı dövrlərin məhsuludur. «Behişt» sözü mətndə aydın şəkildə yad görünür; yəqin ki, bu sözü əvvəlki misradakı «uçmaq» sözünü təkrar etməmək üçün işlətmişlər; «axır vəqtində» sözləri misranı ağırlaşdırır, görünür, «sonuc» sözünün əvəzində işlənmişdir: «Sonucda arı imandan ayırmasun.» Son iki misra isə artıq zamanın hökmü ilə əlavə olunmuşdur. Həmin iki misra olmadan da, «didar görsün» sözlərindən sonra mətn «xanım, hey» sözləri ilə bitə bilərdi. «Amin», «uçmaq» sözləri, «didar görsün» ifadəsi islamiyyətdən əvvələ aiddir.


Uruzun dustaq olduğu boyda həmin iki misra ilə yanaşı, «Allah verən umudun üzülməsin!» misrasında «tənri» sözü «allah» sözü ilə əvəz edilmişdir. Bu cəhət Qanturalı boyunda da eyni misrada müşahidə olunur. Ərəb və fars ədəbi elmi mühitinin tə’siri nəticəsində boyların dilinə xeyli alınma söz hopdurulub, dini tə’limdən irəli gələn fikirlər əlavə edilib. Bunları əlavə bir lay kimi aradan qaldırmaq mümkün olsa, dastanların dili qədimlik xüsusiyyətləri ilə Orxon-Yenisey yazılarına daha çox yaxınlaşmış olardı. Müasirləşdirmə əməliyyatı aparılmamış olsa idi, daha arxaik formalarla rastlaşa bilərdik. Nəzərdən keçirdiyimiz boylarda «tənri» sözünün əvəz edildiyi daha çox hiss olunur. «Tənri», «allah», «allahtəala», «tənritəala» sölərinin işlənmə nisbəti göstərir ki, ilk variantda yalnız «tənri» sözü olmuşdur. Məsələn, Buğac boyunda «allah» sözü bir dəfə, «tənri» sözü üç dəfə işlənmişdir; dörd yerdə «tənri» sözünə «təala» sözü əlavə edilmiş, iki yerdə «tənri» sözü «allahtəala» sözü ilə əvəz edilmişdir. Bu cəhəti dastanları nəzərdən keçirən tarixçilərimiz də qeyd etmişlər: «Bu oğuzlar hələ də «allah» yerinə daha çox və daha tez-tez «tanrı» (tenqri) işlədirlər. Kitabda «tanrı» sözü 73, «allah» sözü isə («Allahu - Səməd» variantı ilə) 54 yerdə işlənmişdir. Hətta bir neçə yerdə Qurandakı «allah-taala» yerinə «tanrı-taala» yazılmışdır, yə’ni «taala» sözü saxlanmaqla klişedən «allah» sözü götürülüb yerinə «tanrı» sözü qoyulmuşdur. Halbuki klassik islam mühitində yaranan abidələrin heç birində «allah» anlayışı islamdanqabaqkı yerli ilahi adları ilə əvəz olunmamışdır və oluna da bilməzdi». (5; 28)
Ümumən hiss olunur ki, sözün arxaikləşməkdə olduğunu və ya dini baxımdan aktuallığını itirdiyini duyan katib onun mə’nasını yeni söz və ifadələrlə çatdırmağa çalışmış, yenilik çalarlı sinonim vasitələrdən istifadə etmişdir. Əksərən yeni sözü arxaikləşməkdə olana əlavə kimi işlətmiş, bə’zən həmin sözdən əvvələ keçirmişlər: «Oğlanın qırq gündə yarası önəldi, sapasağ oldu», «Oğlın sağdır-əsəndir, avdadır.» Hətta bu məqamda bə’zən sözün termin çalarının zəifliyi də sinonimliyə səbəb olmuşdur: «Dədəm Qorqud boy boyladı, soy soyladı, bu Oğuznaməyi düzdi-qoşdı.»
«Saqalı uzın tat* əri banladıqda» sözlərindən aydın olur ki, hələ oğuzların özlərindən əzan verən yoxdur. Əzan verənlər gəlmələrdir.

*Tatlar deyildikdə Azərbaycan ərazisinə köçürülmüş və ya özləri gəlmiş irandilli əhali nəzərdə tutulur: «....erkən orta əsrlərdə Sasani şahları Azərbaycanın şimal hissəsinə pəhləvi-fars ləhcələrində danışan etnoslardan köçürmüşdülər. Bir qisim farsdilli əhali özünün arzusu ilə buraya köçərək məskunlaşmışdı. Bu əhali sonrakı dövr qaynaqlarda tat adlandırılmışdı». (4; 212)]

 

 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin