M Ü n d ə r I c a t bir neçə söz


Qeyri-müəyyən şəxsli cümlə



Yüklə 3,15 Mb.
səhifə31/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   27   28   29   30   31   32   33   34   35

Qeyri-müəyyən şəxsli cümlə. Təktərkibli cümlənin bu növü dastanların dilində işlənən ən fəal təktərkibli cümlə növüdür. Demək olar ki, hər bir boyun əvvəlində yeni obraz qeyri-müəyyən şəxsli cümlənin köməyi ilə təqdim edilir. Məgər Dirsə xan deyirlərdi, bir bəgün oğlı-qızı yoxdı. (34) Məgər xanım, oğuzda Duxa qoca oğlı Dəli Domrul deyirlərdi, bir ər var idi.(79) Oğuz zamanında Qanlı qoca derlərdi, bir gürbiz ər vardı (85)Adına Qanturalı deirlərdi. (85) Adına Arşun oğlı Dirək Təkur deərlərdi. (94) Ol oğlanın adına Yegnək deərlərdi.(94) və s.
İndi bu cür cümlələrdə mürəkkəb cümlə komponenti kimi çıxış edən qeyri-müəyyən şəxsli cümlənin xəbəri (deyirlərdi, deirlərdi, derlərdi, deərlərdi) fe’li sifət şəklində çıxış edir. «Dədə Qorqud» sintaksisində nəzəri cəlb edən ən mühüm sintaktik arxaikləşmə bundan ibarətdir.
Qalan hallarda təhkiyə prosesində qeyri-müəyyən şəxsli cümlə modeli yenə məhsuldardır: Gəlübəni qarşuladılar, qara otağa qondurdılar, qara keçə altuma döşədilər, qara qoyun yəxnisindən ökimə götürdilər. (35) Bir yazın, bir küzin buğayla buğranı savaşdırarlardı. (36) «Dirsə xanın oğlı böylə bid’ət işləmiş» deyələr. (37) Baybörənin oğlı vardır, adına Bamsı deyirlər. (53) Vardılar, Bayındır xanın tövləsindən ol eki atı gətürdilər. (55) Mərə, Qavat oğlu qavatlar! Ata tururkən oğıl əlinmi öpərlər? (54) Divandan çıqdı. Atını çəkdilər. (105) Oğlanı gərdəgə qoydılar (112) və s.
Baybörə bəg oğlı Bamsı Beyrək mana deərlər. (120) İlək Qoca oğlı Dönəbilməz Dülək Uran mana deərlər (121) - tipli cümlələrdə vasitəli tamamlıq (‘mana’ sözü) məntiqi vurğulu olduğu üçün xəbərin tərəfləri arasında işlənmişdir - xəbər daxili obyektli ‘Bamsı Beyrək deərlər’, ‘İlək Qoca oğlı Dönəbilməz Dülək Uran deərlər’ sözlərindən ibarətdir. Bu cür cümlələri ikimübtədalı cümlə (biri nəzərdə tutulan qeyri-müəyyən şəxslər, biri də xəbərin bir hissəsini təşkil edən xüsusi adlar) hesab etmək doğru deyildir. (bax:36; 108).
Dastanların dilində sintaktik bütövlərin bə’zən qeyri-müəyyən şəxsli cümlələrlə ifadə olunduğu hallar vardır:
Əgrəgi zindandan çıqardılar. Saçı-saqalını yüldilər. Bir at, bir qılıc verdilər. Üç yüz kafər ana yoldaşlığa verdilər.(118)
Bunlar aydın şəkildə göstərir ki, qeyri-müəyyən şəxsli cümlə modeli xalq dilinin ən qədim cümlə modellərindəndir.
Bə’zən qeyri-müəyyən şəxsli cümlələrdə qeyri-müəyyənlik mə’nası az olur. Belə cümlələrdə əslində söhbətin kimdən getdiyi mə’lumdur, lakin xəbərin III şəxs cəmdə olması qeyri-müəyyənlik mə’nasını qorumuş olur: Sağın-solun Uruzın çevirdilər. Qırq yigidin şəhid etdilər. Oğlanın üzərinə düşdilər, tutdılar. Qarusından ağ əllərin bağladılar. Qıl orğan ağ boynına taqdılar. Yüzi üzərinə saluban sürdilər. Ağ ətindən qan çıqınca dögdilər. «Baba» deyü ağlatdılar, «ana» deyü bozlatdılar. Əli bağlu, boynı bağlu yüzi üzərinə salıb aldılar, yürüyü verdilər. (71) Şübhəsiz, söhbətin kafərlərdən getdiyi mə’lumdur, lakin qara donlu 16 min kafərin hamısının və ya hansının bu işlə məşğul olduğunu söyləmək də çətindir.

 

Ümumi şəxsli cümlə. Baq, baq, mərə dəli qavat. Mənim birligim bilməz...(79) - cümləsində ədatlaşmağa doğru gedən ‘Baq, baq’ sözləri etimoloji cəhətdən cüttərkibli cümlənin subyektinin ümumiləşməsi yolu ilə yaranan ümumi şəxsli cümlədir. Aydır: «Bəli, canım baba, eylə istərəm! Pəs varasan, bir cici-bici türkman qızını alasan, nagahandan tayanım, üzərinə düşəm, qarnı yırtıla?» (85) Necə səxt olmıyam? Hər il altun-aqça gəlürdi, yigidə-bəgə verirdin, xatirləri xoş olurdı (104) - cümlələrində xəbəri xəbər və arzu şəkillərinin II şəxs təki ilə ifadə olunmuş ‘Pəs varasan, bir cici-bici türkman qızını alasan’, ‘yigidə-bəgə verirdin’ cümlələri ümumi şəxslidir. Hazırda ümumi şəxsli cümlələrin bu modeli daha fəaldır.

 

Adlıq cümlə. Çox maraqlıdır ki, dastanların dilində, az da olsa, normal adlıq cümlə nümunələrinə rast gəlirik. Bu cümlələrdə də əşyanın, hadisənin adı çəkilir və onun mövcudluğuna işarə edilərək daha başqa mə’lumat verilmir. Məs.: Qanturalı baqdı gördi bu qonduğı yerdə tuğı quşları, turnalar, turaclar, kəkliklər uçarlar. Souq-souq sular, çayırlar-çəmənlər...(90)
Hər bir boyun sonunda təkrar olunan «Gəlimli-gedimli dünya, Son ucı ölümlü dünya!» misraları da adlıq cümlə şəklindədir. Bunlar göstərir ki, adlıq cümlələrin formalaşma tarixi dastanların yarandığı dövrdən daha əvvəllərə aiddir və bu dil hər cür poetik fikri ifadə etmə imkanlarına malik olan, quruluş və ifadə tərzinə görə zəngin bir dil kimi təşəkkül tapmışdır.

 

Bütöv cümlə. Dastanlarda bütöv cümlələr əksərən yeni sintaktik bütövə, yeni hadisəyə keçilərkən, müxtəlif əşya və hadisələr haqqında ilk dəfə mə’lumat verilərkən işlənmişdir. Məs.: Köpək Qazanın atının ayağına çap-çap düşər, sin-sin sinlər. Qazan bir tumar ilə köpəgi urdı. Köpək çəkildi, gəldügi yola getdi və s.(45)


Dədə Qorqudun dilindən söylənilən atalar sözləri, məsəllər də əksəriyyət e’tibarilə cüttərkibli bütöv cümlə şəklindədir. Allah-allah deməyincə işlər onməz. Qadir tənri verməyincə ər bayımaz. Əcəl və’də irməyincə kimsə ölməz və s.
Bütöv cümlələr cüttərkibli və təktərkibli, müxtəsər və geniş olmaqla, müasir dil strukturuna tam uyğun şəkildədir: Dədə qapuyı açdı. Dəli Qarcar çıqdı.(57) Yüzi-gözi bəlürməz. (57) Dözən oğlı Alp Rüstəm mana deərlər.(121) - cümlələrindən əvvəlki üçü cüttərkibli, sonuncusu təktərkiblidir. Aradakı cümlələr müxtəsər, əvvəldə və sonda olanlar geniş bütöv cümlələrdir.

 

Yarımçıq cümlə. Yarımçıq cümlələrin böyük bir qismi mübtədanın buraxılması əsasında yaranmışdır. Fikir predmeti ilə tanışlıqdan sonra əksərən III şəxsdə mübtəda buraxılmış, cümlələr yarımçıq cümlə kimi formalaşmışdır; məs.:


Dərsə xanın xatunı qayıtdı, gerü döndi. Qatlanmadı, qırq incə qızı boyına aldı. Bədəvi ata binüb oğlancuğın istəyü getdi. Qışda-yazda qarı-buzı ərinməyən Qazılıq tağına gəldi çıqdı. Alçaqdan yuca yerlərə çapub çıqdı. Baqsa görsə bir dərənin içinə qarğa-quzğun enər-çıqar, qonar-qalqar. Bədəvi atın öncələdi, ol tərəfə yüridi. (38)
Yeddi cümlədən ibarət olan bu sintaktik bütövün ilk cümləsində işlənmiş ‘Dərsə xanın xatunı’ mübtədası sonrakı cümlələrdə işlənmədiyi üçün cümlələrin hamısı mübtədası buraxılmış yarımçıq cümlələr kimi formalaşmışdır. Yalnız sonuncudan əvvəlinci cümlə mürəkkəb quruluşludur və onun budaq cümləsinin mübtədası vardır.
Dastanlarda təhkiyə əksərən vasitəsiz nitq şəklində qurulmuşdur. Bunları asanlıqla dialoji nitqə çevirmək mümkündür. «Dədə Qorqud» mətnləri çox sıxdır, informasiya yükü son dərəcə zəngindir. Bir sintaktik bütövdən yeni informasiya vermək üçün o birinə keçid sərrast və səlisdir. Bu cəhətdən «Dədə Qorqud» üslubundan çox şey öyrənmək olar.
Mübtədadan sonra nəzərə çarpan buraxılma daha çox tamamlığa aiddir. Tamamlıq mə’lum olanı ifadə etdikdə buraxılmış olur: Mərə, Beyrəgin yayı vardır, gətürin!-dedi. Vardılar, gətürdilər. (63) Oğlan qılıcın çıqardı. Qızla kəndü arasına bıraqdı. (112) Böylə oğıl nənə gərək? Öldürsənə! - dedilər. (37)
Bu misallardan birincisində mübtəda (‘Beyrəgin yayı’) əsasında təsəvvür edilən tamamlıq (‘Beyrəgin yayını’) həm tabesiz mürəkkəb cümlənin ikinci komponentində, həm də ikinci cümlədə buraxılmışdır. İkinci misalın ikinci cümləsində ‘qılıcın’, son cümlədə ‘onu’ (‘oğulu’) tamamlığı buraxılmışdır.
Bə’zən mübtəda və tamamlıq mə’lum olanı bildirməklə birlikdə buraxılmışdır: Vardılar, kömləgi Banıçiçəgə ilətdilər. Gördi, tanıdı.(58) - cümlələrindən ikincisində ‘Banıçiçək’ mübtədasının və ‘kömləgi’ tamamlığının işlənməsinə ehtiyac olmamışdır.
İkinci dərəcəli üzvlərdən tamamlıq və zərfliyin birgə buraxıldığı hallar da vardır: «Dədə, qız qardaşımın yoluna bən nə istərsəm, verərmisin? «Verəlim»-dedi. (56) Bu misalın ikinci cümləsində ‘qız qardaşımın yoluna’ məqsəd zərfliyi, ‘istədigini’ tamamlığı birlikdə buraxılmışdır. Təkur aydır: «Bu yigidi anadan toğma soyun»! Soydular (87) - cümlələrindən ikincisində tərz zərfliyi və tamamlıq öz tə’yini ilə buraxılmışdır.
Dastanlarda elliptik cümlə modellərindən də istifadə edilmişdir: Baba malından nə faidə. başda dövlət olmasa (31) - cümləsində ‘Baba malından nə faidə’ komponentində ‘vardır’ sözü buraxılmışdır; Muştluq! Gözün aydın! Oğullarun ikisi bilə sağ-əsən gəldi,-dedilər. (115) Qara başın sədəqəsi, yigit, mədəd mana! (53) Mədəd, Dədə! Kərəm eylə, allah eşqinə! (57) Bu yağının bir ucın mana, bir ucın sana (vergil!) - nümunələrində ‘Muştuluq (ver)’, ‘Gözün aydın (olsun)’, ‘mədəd (eylə) mana’, ‘Mədəd (göstər)’, ...bir ucun mana (vergil) - cümlələri xəbərin elliptik buraxılması əsasında qurulmuşdur.
Uzlaşma-idarə əlaqəli birləşmələrin birinci tərəfinin ixtisarı dastanların dili üçün ən səciyyəvi buraxılma hesab oluna bilər: Aslanın alnın gözədüb bir yumruq eylə urdı kim, yumruq çənəsinə toqundı, ovatdı. Sügsünindən tutdı, belini üzdi. (89) - cümləsində ‘aslanın alnın’ birləşməsi işləndikdən sonra ‘aslanın’ sözü ‘çənəsinə’, ‘sügsünindən’, ‘belini’ komponentləri ilə təkrar edilməmişdir. Bu cür buraxılma müasir dilimizdə də geniş yayılmışdır. Lakin dastanların dilində birləşmə komponentlərinin elə buraxılma növləri də var ki, onlar yalnız müasir canlı danışıq dilində qalmışdır. «Buğac xan boyı»ndan aşağıdakı misralara baxaq:

Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər;


Bənim də içində binədim var.
Qaytabanda qızıl dəvə sənin gedər,
Mənim də içində yüklətim var. (41)

Birinci misrada ‘sənin gedər’ baş cümləsində ‘sənin’ sözü yiyəlik haldadır və onun mənsubiyyət şəkilçili ikinci tərəfi ixtisar edilmişdir: ‘sənin atların gedər’. Başqa hallarda qayda üzrə mənsubiyyət şəkilçili ikinci tərəf saxlanılır və ixtisar edilmiş birinci tərəf - sahib şəxs mənsubiyyət şəkilçisi vasitəsilə təsəvvür olunur. Lakin burada vəziyyət əksinədir - ikinci tərəf ixtisar edilmişdir və yiyəlik hal şəkilçili birinci tərəf mətnə əsasən mənsub əşyanı da özündə ehtiva edir. İkinci misrada təbii şəkildə ‘atların içində’ birləşməsinin birinci tərəfi ixtisar edilmişdir. Üçüncü misrada fikrin ifadəsi üçün cümlə daha çox sıxılmış, həm mə’lum ‘gedərsə’ sözü, həm də baş cümlədə birləşmənin ikinci komponenti ixtisar edilmişdir. Cümlə bütöv halda belə olmalı idi: ‘Qaytabanda qızıl dəvə gedərsə, sənin dəvələrin gedər’. Dördüncü misrada ixtisar ikinci misradakı ilə eynidir. Bu cür sıxılma hazırkı dövrdə canlı danışıq dili üçün xarakterikdir.

 

Üzvlənməyən cümlələr. Dastanların dilində üzvlənməyən cümlənin söz-cümlə tipi tamamilə müasir strukturda özünü göstərir. Məs.: Dəlü Qarcar... Dədə Qorqudun yüzinə baqdı. Aydar: «Əleykəs-səlam!» (56) Qız aydır: «Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!» - dedi. Beyrək dəxi: «Nola, xanım, baş üzərinə!» - dedi. (55) Bu misallarda ‘Əleykəs-səlam!’, ‘Baş üzərinə’ ifadələri söz-cümlələrdir. ‘Əleykəs-səlam’ ifadəsinin söz-cümlə olduğunu göstərən bir cəhət də onun üzvlənən «Nola?» («Nə olar» mə’nasında) cümləsi ilə birgə işlənsə də, nisbətən fərqli mə’na ifadə etməsidir.
Söz-cümlələr bə’zən xitabla birgə işlənmişdir: Oğıl, ya səni evərmaxmı gərək? - Bəli, bəs ağsaqallu əziz baba. Evərmax gərək! - dedi. (55) «Oğıl, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola?!» - dedi. Beyrək aydır: «Bəli, pəs, əvət, ağ saqallu əziz baba...» (55) - cümlələrində ‘bəli, bəs ağsaqqallu əziz baba’, ‘bəli, pəs, əvət, ağ saqallu əziz baba’ xitabla birgə işlənmiş söz-cümlələrdir.
Dastanların dilində üzvlənməyən cümlənin vokativ tipinə də təsadüf edilir: «Oğul, oğul!» - deyübən yügirdi, zarlıq qıldı (57) - cümləsində ‘oğul’ sözləri adi xitab kimi yalnız müraciət bildirmir, bir sıra əlavə mə’nalar da ifadə edərək vokativ cümlə kimi çıxış edir.

 

Xitab. «Kitabi-Dədə Qorqud»un dilində bədii xitabların rolu misilsizdir. Əgər müraciət vasitəsi kimi işlənmiş söz və ifadələri, misraları boylardan çıxarsaq, «Kitab» öz bədii-estetik keyfiyyətini xeyli itirmiş olar. Dastan şe’rləri əksəriyyət e’tibarilə xitablardan ibarətdir. Çox zaman danışanın münasibəti cüttərkibli və ya təktərkibli cümlələrlə deyil, xitablarla ifadə olunmuşdur:

Qaranqu axşam olanda güni toğan!
Qar ilə yağmur yağanda ər kibi turan!
Qaraquc atları kişnəşdirən!
Qızıl dəvə gördügində bozlaşdıran!
Ağca qoyun gördügində quyruq çırpub qamçılayan!
Arqasını urub bərk ağılın ardın sökən!
Qarma-bügəc simüzin alub tutan!
Qanlu quyruq üzüb çap-çap yudan!
Avazı qaba köpəklərə qovğa salan!
Çaqmaqluca çobanları dünlə yügürdən!
Ordumın xəbərin bilürmisin, degil mana,
Qara başım qurban olsun, qurdım, sana! - dedi. (45)

Göründüyü kimi, son iki misranı çıxmaq şərtilə bu parça bütövlükdə xitablardan ibarətdir və qurdun səciyyəvi sifətləri yalnız xitablar vasitəsilə təsvir edilmişdir.


Boylarda bir adət şəklində qadın öz ərinə aşağıdakı sözlərlə müraciət edir, onu bu sözlərlə əzizləyir:

Bərü gəlgil, başım bəxti, evim təxti!


Xan babamın göygisi!
Qadın anamın sevgisi!
Atam-anam verdigi,
Göz açuban gördigim,
Könül verib sevdigim a Dirsə xan!
Qalqubanı yerindən urı turdın... (38)

Oğulun anasına müraciətində də eyni səmimiyyət, eyni məhəbbət vardır:

Bərü gəlgil, ağ südin əmdigim qadunım ana!
Ağ birçəklü, izzətlü, canım ana! (39)

Düşmənə nifrət ifadə edən xitablar da eyni dərəcədə sərt və təhqiramizdir:

Arqırı söyləmə, mərə itüm kafər!
İtüm ilə bir yalaqda yundum içən azğun kafər! (43)

Tə’yinsiz müxtəsər xitablar adətən cümlənin sonunda, bə’zən daxilində işlənmişdir:

Ölmüşmiydin, yitmişmiydin, a Qazan!
Qanda gəzərdin, nerədəydin, a Qazan? (45)
Diqqəti cəlb etmək üçün müraciəti müraciət bildirən sözün təkrarı ilə başlamaq «Dədə Qorqud» obrazlarının təbii nitq xüsusiyyətlərindəndir: Oğul, oğul, ay oğul! Bilürmisən nələr oldı? (47)
Başqa tə’yinedicilərə ehtiyac olmadıqda ‘mərə’ (bə’zən də ‘bərə’,43) sözündən və ya bu sözlə birlikdə müraciət edilənin adından istifadə edilmişdir: Kafər aydır: «Mərə, varın Qazanın oğlı Uruzı tartun çəngələ asun».(46) Mərə Şökli Məlik! Dünlügi altun ban evlərimi gətürüb durursan, sana kölgə olsun! (48) Özlüyündə müraciət bildirən, ədə, a gədə mə’nasını ifadə edən ‘mərə’ sözünün mənşəyini müəyyən etmək çətindir, şivələrdə də izləri müşahidə edilmir.
Yalnız şe’rdə deyil, nəsr parçalarında da obrazlar öz həyəcan və iztirablarını bir çox hallarda xitabların gücü ilə ifadə edirlər. Yalançı oğlu bəd xəbər gətirdikdə Banıçiçək belə şivən qoparır: Vay, al duvağım iyəsi! Vay, alnum-başım umurı! Vay, şah yigidim, vay, şahbaz yigidim! Toyınca yüzinə baqmadığım xanım yigit! Qanda getdin bəni yalnuz qoyıb, xanım yigit!? Göz açuban gördigim, könül ilə sevdigim, bir yasdıqda baş qoduğım! Yolında öldügim! Qurban olduğım! Vay, Qazan bəgin inağı! Vay, Qalın Oğuzın imrəncisi Beyrək! (58)
Bunlar canlı danışıq dili baxımından çox təbiidir. Hətta bə’zən o qədər təbiidir ki, elə bil, usta sənətkar qələmi ilə yazılmayıb, şivən qoparan bir qadının iztirab dolu hay-harayı lentə alınıb. Bu cür təbiilik aşağıdakı cümlələrdə də aydın duyulur:
Dəli Qarcar... Dədə Qorqudun yüzinə baqdı. Aydar: Əlekəs-səlam! A əməl azmış, fe’li dönmiş, qadir allah ağ alnına qada yazmış! Sana noldı? Əməlinmi azdı? (56) Qarıcıq anam qarşu gəlsə, məni sana sorsa, baba, toğrı xəbər vergil! (75) və s
Faktlar göstərir ki, «Dədə Qorqud»un dili üçün geniş xitablar daha səciyyəvidir və bu cür xitablar əksərən substantiv fe’li sifət tərkibləri ilə ifadə olunduğu üçün emosionallıq baxımından da güclüdür. Dastanların dilində eyni obyektə müxtəlif sözlərlə müraciət halları da emosionallığa xidmət edir. Fikrimizcə, «Oğul çoban, qanda gedərsən?»(46) cümləsində ‘oğul’ sözündən sonra vergül olmalıdır (səh.57-də olduğu kimi).

 

Ara sözlər və ara cümlələr. Təbii ki, «Dədə Qorqud»un dilində hər bir cümlədə namə’lum ozanın və obrazların söylədiyi fikrə münasibət də vardır. Lakin bunlarla yanaşı, bə’zən modal münasibətin qabarıq ifadəsi üçün ara sözlərdən də istifadə edilmişdir. Həm də hiss olunur ki, ara sözlər o sözlərlə ifadə olunur ki, onlar tədricən modallaşmaqda, modal söz keyfiyyəti qazanmaqdadır, lakin hələ öz həqiqi mə’nasını o qədər də itirməyib; məs.: Sanasan kim, tar yolda tolu düşdi (71) - cümləsində ‘sanasan kim’ sözləri ‘elə bil ki’ mə’nasını verməklə yanaşı, ‘sanmaq’ fe’linin ilkin mə’nasını da tam itirməmişdir. Yarumasın-yarçımasun, Evnik qəl’əsinin kafərləri bunları casusladı. (53) Dan-danışux, kafər malın Oğuz bəglərinə gətürür idik.(53) Qara başın sədəqəsi, yigit, mədəd mana! (53) Dedi, görəlim, nə istərsən? (56) Görəyim, dedigimi gətürdilərmi? (57) Böylə digəc, yarumasın, yarçımasun, Yalançı oğlı Yırtacuq aydır...(58) İkisindən biri, bolay ki, canın verə...(81) Bunın kibi yigit, heyf ola ki, canvərlər əlində həlak ola.(87) Oldur, Sarı tonlu Selcan xatun köşkdən baqar.(88) Elə sandı kim, yağı basıldı.(91) Əlbətdə və əlbətdə, Qazan bəg mana yetişsün! (107) Əlhasili, ordı bunın ucından qatı incindilər.(99) Əlaqibət, uzın yaşın ucı ölüm, axırı ayrılıq (126) və s. kimi cümlələrdə yarumasın-yarçımasun, dan-danışux, qara başın sədəqəsi, görəlim, görəyim, bolay ki, heyf ola ki, oldur, elə sandı kim, əlbətdə və əlbətdə ara sözləri nifrət, təəssüf, güman, yəqinlik, nəticə, əzizləmə, işarəetmə və s. kimi mə’nalar ifadə edir və artıq «Dədə Qorqud» mərhələsində ara konstruksiyaların lazımi şəkildə formalaşmış olduğunu göstərir. Bunlardan bir qismi (bolay ki...) «Dədə Qorqud»un dilini daha qədimlərlə bağlayır, bir qismi (əlhasili tiplilər) sonrakı dövr alınmalarına işarə edir.


Ola kim, bir ağzı dualının alqışıilə Tənri bizə bir yetman oğul verə. (35) Gəlün oğlanı babasına quvlıyalum. Ola kim, öldürə... (36) Görürmisin, Dirsə xan, nələr oldı? (36) Çağıruban oğlancığına soylar, görəlim, xanım, nə soylar (39) - cümlələrində ‘ola kim’, ‘gəlün’, ‘görürmisin’, ‘görəlim’ sözləri ehtimal bildirən, diqqəti cəlb etmə məqamlarında işlənən ara sözlərdir. Dastanlarda üzvlənən cümlə ilə birlikdə işlənmiş və eyni fikri təsdiq edən ‘bəli’ sözünü də ara söz kimi qeyd etmək olar: Bəli, xan Qazan, məsləhətdir.(42) Bəli, ağam Qazan, gecədən bir quzı bişürüb dururam. (46) Bunlardan əlavə, Oğul, oğul, ay oğul! Bilürsənmi, nələr oldı? (47) Bilürmisin, qarındaşım Qaragünə, düşimdə nə göründi? (44) - cümlələrində ‘bilürsənmi’ sözü də modallaşmaqda olan leksik vahidlərdəndir. Sözün bu cür işlənməsi danışanın diqqətini cəlb etmək məqsədi daşıyır.
Böylə digəc, qız - Beyrəki aşıqlamışdı,- aydar...(59) Baybican bəg aydır: «Bəglər, allah-təala mana bir qız verəcək olursa, siz tanıq olın, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavuqlı olsun!» - dedi.(52) Beyrək aydır: «Mərə dadı, mən avçı degiləm, bəg oğlı bəgəm həp sizə,-dedi, əmma sormaq eyib olmasun, bu otaq kimündir?» Nə biləyin, oğul, bu qəzalar sana nerədən gəldi? (39) Bu gələn, bilmiş olun, yağıdır (69) - nümunələri göstərir ki, dastanların dilində ara sözlərlə yanaşı, ‘Beyrəgi aşıqlamışdı’, ‘siz tanıq olun’, ‘sormaq eyib olmasun’, ‘nə biləyin’, ‘bilmiş olun’- kimi tipik ara cümlələr də işlənmişdir. Dastanların nəsr ən’ənəsi sübut edir ki, bu dil artıq hər cəhətdən tam cilalanmış bir dildir və müasir normalara müvafiq ara cümlə modelləri dastanlar qələmə alınmazdan çox-çox əvvəllər formalaşmışdır.

 

 



MÜRƏKKƏB CÜMLƏ

Tabesiz mürəkkəb cümlələr

«Kitabi-Dədə Qorqud»un dilində mürəkkəb cümlənin struktur modelləri müasir ədəbi dilimizdə mövcud olan mürəkkəb cümlə modellərinin özülündə durur. Bu cəhət həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrə aiddir.


Xalq danışıq dilinə əsaslandığından sonrakı dövrlərdə meydana çıxan, ərəb və fars dillərinin tə’siri ilə artıb-çoxalan bağlayıcılar dastanların dilində özünə hələ o qədər də yer edə bilməmişdir. Ona görə də tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bağlanmış, az hallarda nə - nə, dəxi və əmma bağlayıcılarından istifadə edilmişdir; məs.: Anun kibinin, xanım, bəbəkləri bitməsün, ocağına buncılayın övrət gəlməsün. (33) Oğlı-qızı olmıyanı allah-təala qarğayıbdır, biz dəxi qarğarız. (34) Əmma bizim bir bəgimiz oğlı vardır, bu üç nəsnəyi ana ərməğan aparsavuz gərək idi. (53) Nə oğlan yenər, nə buğa yenər. (36) Oğul, baban sağdır, əmma söyləməyə qorxudum, kafərə varasan, kəndözini urasan, halak olasan. (119)
Müasir ədəbi dilimizdə tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında müəyyən edilmiş mə’na əlaqələri «Dədə Qorqud»un dilində də eyni qrammatik semantikaya malik olmuşdur.

Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrin bu qrupu sadalama üsulu ilə qurulmuşdur. Tərkib hissələrdə müxtəlif iş və hadisələr qeyd olunmuş, həmin iş və hadisələrin ya eyni zamanda, yaxud da müəyyən ardıcıllıqla icra edildiyi (və ya edilmədiyi) ifadə olunmuşdur. Ona görə də birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrin eynizamanlı və ardıcılzamanlı birləşdirmə kimi iki növü dastanların dilində də özünü göstərir.


1.Eynizamanlı birləşdirmə. Birləşdirmə əlaqəsinin bu növünə dastanların dilində daha çox rast gəlmək olur. Tərkib hissələrdə sadalanan hadisələr eyni zaman ölçüsü ilə hüdudlanmış olur, vahid zaman ərzində baş verir. Zaman ölçüsü konkret də ola bilir, son dərəcə ümumi də; məs.: Ölən adam dirilməz, çıxan can gerü gəlməz. (31) Baybörənin oğlı vardır, adına Bamsı deyirlər. (53) ...oğlı olan evərimiş, qızı olan köçürmiş. (55) Yandı bağrım, göynədi içim. (61) Qara bağrı sarsıldı, düm yürəgi oynadı, qara qıyma gözləri qan-yaş toldı. (72)
Müasir ədəbi dilimizdə olduğu kimi, bir sıra cümlələrdə tərkib hissələrə aid ortaqlı zaman zərflikləri vardır və həmin zərfliklər tərkib hissələrdə qeyd olunan hadisələrin eyni bir zaman üzrə birləşmiş olduğunu daha aydın göstərir; məs.: Böylə digəc Qaracıq çobanın acığı tutdı, todaqları təbsirdi. (49) Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. (52) Yegnək bu xəbəri eşidcək yürəgi oynadı, qara bağrı sarsıldı. (94)
Bə’zi cümlələrdə tərkib hissələrə aid ortaqlı yer zərfliyinin olmasına baxmayaraq, komponentlər yenə də zaman eyniliyi üzrə birləşmişdir: Dərələrdə, təpələrdə kafərə qırğun girdi, leşinə quzğun uşdi. (50) Mənim köprim yanında bu qovğa nədir, niyə şivən edirsiz? (79)
Cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün hazırda istifadə etdiyimiz bir üsuldan - birləşmənin təkrar olunan komponentinin ixtisarı üsulundan dastanların dilində də geniş istifadə edilmiş, tabesiz mürəkkəb cümlənin birinci komponentində bütöv şəkildə işlənmiş söz birləşməsinin təkrar olunan birinci komponenti sonrakı tərkib hissələrdə buraxılmışdır: Məgər xanım, Bayındır xanın bir buğası vardı, bir daxi buğrası vardı. (36) Dəli Domrulun görər gözi görməz oldı, tutar əlləri tutmaz oldı. (79) Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. Bu yağının bir ucın mana, bir ucın sana. (92) Əlaqibət, uzun yaşın ucı ölüm, axırı ayrılıq. (126)
Komponentlərin xəbərlərinin struktur baxımdan eyniliyi və hətta eyni sözlərlə ifadəsi də tərkib hissələri əlaqələndirən vasitə kimi çıxış edir: Ağam Qazan, sən evin almağa gedərsən, mən dəxi qarındaşım qanın almağa gedərəm. (46) Oğulda ortacım yoq, qartaşda qədərim yoq. (52) Sağdan gedəni sağ alur, soldan gedəni sol alur. (64) Haqluya həqqi dəgə, haqsuza yüzi qaraluğı dəgə. (64)
Bu cür cümlələrin bir qismində təkrar olunan üzv cümlənin birinci komponentdə ya bütöv şəkildə buraxılmış, yaxud da bir hissəsi ixtisar edilmişdir: Ayağım başmaq, yüzim yaşmaq görmədi. (33) At ayağı külük, ozan dili çevik olur.(36) Bəg nökərindən, nökər bəgindən ayrıldı. (50) Kimi «oğul» deyü, kimi «qartaş» deyü ağladı. (79) Əski tonın biti, öksiz oğlanın dili acı olur. (111)
Zaman üzrə birləşən cümlələrin bir qismi tərkib hissələrin paralelizmi əsasında qurulmuşdur: İyəgülü ulalur, qapırğalı böyür. (36) Adını bən verdüm, yaşını allah versün.
Bir sıra cümlələrdə xəbərin və ya xəbərlik şəkilçisinin ixtisarı da tərkib hissələri əlaqələndirən vasitə kimi çıxış edir: Əzrayili nə çavuş gördi, nə qapuçı. Qonşu həqqi - tənri həqqi. (33) Ana həqqi - tənri həqqi. (47) Dünya şirin, can əziz. (81)
Tərkib hissələrin xəbərləri əksəriyyət e’tibarilə eyni zamanda, eyni fe’l formasındadır: Qapuçılar səni görmədi, Çavuşlar səni tuymadı. (79) Borı çalındı, kos uruldı. (126) Yağı basıldı, düşmən sındı. (92) Gərdək paralanmış, naib şəhid olmuş. (57) Oğul, sana ox batmasun, tənüni qılıc kəsməsün. (99)
Sadalama üsulu ilə qurulduğu üçün zaman eyniliyi üzrə birləşən tabesiz mürəkkəb cümlələrin tərkib hissələrinin ikidən artıq olduğu hallar da vardır; məs.: Yer kibi kərtləyin, topraq kibi savrılayın! (55) Anası oğlanın böylə digəc Qazanın əqli başından getdi, qara bağrı sarsıldı, düm yürəgi oynadı, qarannulı gözləri qan-yaş toldı. (74)

2.Ardıcılzamanlı birləşdirmə. Birləşdirmə əlaqəsinin bu növündə sadalama üsulu ilə birləşdirilmiş tərkib hissələrdəki iş və hadisələr zaman ardıcıllığının nəzərə alınması ilə yerləşdirilmişdir.Tərkib hissələrin xəbərləri əksəriyyət e’tibarilə fe’li xəbərdən ibarətdir və eyni zaman şəkilçiləri ilə formalaşmışdır; məs.: Tan ötdi, gün toğdı. (57) Əcəl aldı, yer gizlədi. (78) Ala qalı döşədilər, oturdı. (87) Qaçub gedərkən Aruz qocanın oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. (98) Bu yığnaq yarıldı, içindən bir oğlan çıqdı. (99) Ol dəxi paralandı, bir parəsi Dəpəgözin öginə düşdi. (101)


Tərkib hissələrin xəbərləri xəbər forması ilə yanaşı, əmr formasında da işlənmişdir: Sən mənim əlümi sağaldı gör, tənrinin buyruğilə, peyğəmbərin qövlilə qız qarındaşı Beyrəgə verəyim. (56) Mərə, geyimim gətiürün, oğlum geysün! (107) Aqan turı sulardan xəbər keçə, arqurı yatan Ala tağdan xəbər aşa, xanlar xanı Bayındıra xəbər vara. (37)
Son cümlədə mübtədanın (xəbər sözü) təkrarı danışanın həyəcan və düşüncələrini daha qabarıq ifadə edir. Müasir nəsrdə mübtəda yalnız dərin duyğulu yazıçıların dilində bu cür təkrar olunur.
Xəbərlərin müxtəlif fe’l formalarında olduğu, birinin adlar, digərinin fe’llərlə ifadə edildiyi hallar da vardır: Bu gün bən geydim, yarın naibim geysün. (57) Çoban, yil təmam olıcaq məndə əmanətin var, gəl, al! (98) Emdi mən varayım, əlin-ayağın bağlıyayım, andan siz gələsiz. (113) Bu cür cümlələrdə bu gün - yarın, emdi - andan qoşaları da əlaqənin ardıcıllığını tə’min edən vasitələr kimi çıxış edir.
Sadalama yolu ilə tələffüz edilsə də, ardıcılzamanlı birləşdirmə əksərən iki, az hallarda üç komponentlidir; məs.:
Bir bölük atlu gəldi, içində bəgləri yatdı-uyıdı. (116) Məgər xanım, Qazanın bir oğlancığı vardı, böyüdi, yigitcik oldı. (119) Atın çəkdilər, bindi. (124) Beyrəgi istəmiş, ol dəxi varmış. (125) Ərə varan yerindən tura, bən qopuz çalam, qol saluban oynaya. (64)

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr birinci tərkib hissəsi səbəb, ikincisi nəticə bildirməklə iki komponentdən ibarət olur. Nəticə bildirən ikinci komponent əvvəlkinə mə’na və intonasiya ilə bağlanır, birinci komponentdən doğan obyektiv nəticəni bildirir. Bu xüsusiyyət eyni dərəcədə «Dədə Qorqud» dilinin sintaksisinə də aiddir. Komponentlər intonasiya ilə əlaqələnmişdir:


Buğanın ögindən savıldı, buğa buynuzı üzərinə dikəldi. (88) Bir dəxi urdı, dəvə ayağı üzərinə turımadı, yıqıldı.(90) Gözinin qapağın oxşamışlar, yüzini qan bürimiş. (91) Bəslədilər, böyüdü, gəzər oldı. (99) Dört oğlı olan birin verdi, üçi qaldı.(99) Sügiligi ocağa bıraqdılar, qızdı. (101) Görklüm, atdan düşdüm, ayağım sındı. (106) Qazanı küçicik ölüm tutdı, uyıdı. (116)
Səbəb-nəticə əlaqəli cümlələrin xəbərləri əksərən eyni qrammatik formadadır: Üçüncidə kəndüyə zərb eylədi, qanı toldı. Sıqdı, südlə qan qarışıq gəldi. (39) Boyı uzun Burla bunı eşitdi, yürəgilə canına odlar düşdi. (46) At işlər, ər ögünər. (57) Məgər xanım, Boyı uzun Burla xatun oğlancuğını andı, qərarı qalmadı. (76) Ol üzümi sıqırlar, al şərabı olur. (80) Küfr söz söylədim, Həq təalaya xoş gəlmədi.(81) Bir bəgüm görünməz, bağrvm yanar. (81) Gög üzərində al qanatlu Əzrayilə Əmr elədi, uçub gəldi, Aqca mənim köksüm basub qondı. (81) Qanlı qoca bu başları və bu canvərləri gördi, başında olan bit ayağına dərildi. (85)
Bunlardan əlavə, tərkib hissələrin xəbərləri aşağıdakı formalarda da özünü göstərir:
Xəbər formasının müxtəlif zamanlarında: Qarşu yatan qarlı qara tağlar Qarıyıbdur, otı bitməz. Şahbaz-şahbaz atlar Qarıyıbdur, qulun verməz.(49)
Hər ikisi əmr formasında: Ava bingil, könlün açılsun. (105) Həmişə Qazanın başına bunlu gəlsün, tayısı Aruzı daim ana tursın. (123)
Birincisi xəbər, o biri əmr formasında: Bir buğa öldirmüş sənin oğlın, adı Buğac olsun. (36) Sən oğlını «Bamsam» deyü oxşarsan; bunın adı Boz ayğırlıq Bamsı Beyrək olsun! (54)
Dastanların dili üçün tərkib hissələrinin xəbərlərindən biri ismi, digəri fe’li olan tabesiz mürəkkəb cümlələr də səciyyəvidir; məs.: Mərə qavat qızı, ağam başına and içmişəm, dönməgim yox! (112) Ölülərinizdə andan yorqa yoqdır, həp ana binərəm. (117) Bunun oğlı var, qardaşı var, bunı öldürmək olmaz. (119) Sən qarındaşısan, sən var. (125) Məndən əziz, məndən sögülü anandır, oğul, anana var! (82) Yauqlısı vardı, tez dügün-diring etdilər. (112) Bu at Bəkilindir, biz qaçırıq. (107) Bu cür cümlələr nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrə çox yaxındır.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrin bu növünün dastanların dilində müşahidə olunan tipi yalnız sintez-analiz üsulu ilə qurulmuşdur - ümumilik bildirən komponent əvvəl, aydınlaşdıran komponent sonra işlənmişdir; məs.: Toquz tümən Gürcüstanın xəracı gəldi: bir at, bir qılıc, bir çomaq gətürdilər. (104) Aydınlaşdıran komponent bir sadə cümləyə uyğun gəldiyi kimi, həmcins və ya paralel də olur: Kafər Qazanın gəldügin gördi, ürkdi: kim atın binər, kim cövşən geyər. (74) Oğuzda dört yigit niqabla gəzərdi: biri Qanturalı, biri Qara çəkür və oğlı Qırqqınuq və Boz ayğırlu Beyrək. (87) Çoq çalışdılar: nə buğa yenər, nə Qanturalı yenər. (88) Anda eki qılıc var: biri qınlu, biri qınsuz. (102) Aruz qayət səxt oldı, Taş Oğuz bəglərinə adam saldı: Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, gerü qalan bəglər həb gəlsün! (124)


Dastanların dilində ümumilik bildirən tərkib hissənin həmcinsliyinə də təsadüf edilir: Ərş tanığ olsun, kürsi tanığ olsun, Yer tanığ olsun, gög tanığ olsun - Mənim canım sənin canına qurban olsun! (83) - cümləsində son komponent aydınlaşdıran, əvvəlkilər ümumilik bildirən həmcins komponentlərdir.
Aydınlaşdırma əlaqəsində tərəflər yalnız intonasiya ilə əlaqələnmişdir; məs.: Sağım ələ baxduğımda Qartaşım Qaragünəyi gördim - Baş kəsibdür, qan dökipdir. (69) Solum ələ baqduğımda Tayım Uruzı gördim - Baş kəsübdir, qan dökipdir. (69) Oğuzın ol kişi təmam bilicisiydi - nə diyərsə, olurdı. (31)

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlənin bu növü də semantik strukturuna görə müasir modellərindən fərqlənmir: ya tərkib hissələrdəki iş və hadisələr mahiyyətcə bir-biri ilə ziddiyyət təşkil edir, yaxud da sadəcə olaraq qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir; məs.: Oğlanın anası əmcəgin bir sıqdı, südi gəlmədi. İki sıqdı, südi gəlmədi. (39) Sarp qayalar oynanmadı, yer oyruldı. (40) Birinə yapışdıq, qırq yerdən avaz gəldi. (46) Məni sana asarlar, götürməgil, ağac. (48) Qarşu yatan qara tağın yıqılubdır, Ozan, sənin xəbərin yoq. Kölgəlicə qara ağacın kəsilibdür, Ozan, sənin xəbərin yoq. (62)


Tabesiz mürəkkəb cümlələrin bu növünün tərkib hissələrini əlaqələndirən əsas vasitələr intonasiya və antonim sözlərdir: Bazırganın ulusı tutuldı, kiçisi qaçaraq Oğuza gəldi. (53) Dəvəcə böyümişsən, köşəkcə əqlin yoq. Dəvəcə böyümişsən, qarıca beynin yoq. (69) Mərə, Əzrayil, mən səni gen yerdə istərdim, tar yerdə eyü əlümə girdin olamı? (80) Sən gəlürsən, bir bəbəgüm görünməz. (91) Mən aşağa qulpa yapışuram, sən yuqarı qulpa yapışursan. (92) Gödəsi adam, dəpəsində bir gözi var. (99)
Az hallarda tərkib hissələri əlaqələndirmək üçün’yoxsa’ bağlayıcısından istifadə edilmişdir: Hünəri oğul atadanmı görər, ögrənər, yoxsa atalar oğuldanmı ögrənür? (69)
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində komponentlər ziddiyyətə görə əlaqələnmişdir: birinci komponentdə icrasına meyl edilən iş ikinci komponentdə qeyd edilən hadisə ilə əlaqədar reallaşmamış qalır və ziddiyyət yaranır; məs.: Ağ saqallu baban yanına vardın, can vermədi. Ağ birçəklü anan yanına vardın, can vermədi. (82) Ox atdılar, batmadı. Qılıc urdılar, kəsmədi. Sügüylə sancdılar, ilmədi. (99) At, yaraq və işıq Bəkilin, Bəkil içində degil. (107)
Tabesiz mürəkkəb cümlənin bu növündə komponentlərin qarşılaşdırılması, müqayisə edilməsi və fərqləndirilməsi yolu ilə əlaqəsi daha çox müşahidə olunur. Bu zaman komponentlərdə müxtəlif üzvlər qarşılaşdırılmış olur:
Mübtədalar və xəbərlər qarşılaşdırılır: Mərə sası dinlü kafər! Qara tonuz ətindən yəxni yedirdin, doyamadım. (60)
Mübtədalar və tamamlıqlar qarşılaşdırılır: A oğul, qız görmək səndən, mal, rizq vermək bəndən. (85) Oyarmaq bəndən, savaşuban hünər göstərmək səndən. Ya asi məl’un, sən pütlərünə yalvarırsan, mən aləmləri yoqdan var edən allahıma sığındım. (108) Oğul, sən mala becid ol yığ, mən sana qız arayı gedəyim. (85)
Mübtədalar və tə’yinlər qarşılaşdırılır: Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz. (57)
Tamamlıqlar və xəbərlər qarşılaşdırılır: Mərə, sən səni bilürsən, bizim halımızdan xəbərin yoq. (60)
Eyni üzvlərin bu cür qarşılaşdırılması ilə yanaşı, tərkib hissələrdəki müxtəlif üzvlər də qarşılaşdırılmışdır. Məsələn, aşağıdakı cümlələrdə xəbərlərdən əlavə, birinci tərkibin mübtədası ilə ikinci tərkibin tamamlığı da qarşılaşdırılmışdır: Qarğu cida oynadanlar vardı, gəldi, Altun cida oynadana, yarəb, noldı? Qaraquc ata binənlər vardı, gəldi, Bədəvi atlu bir oğula, yarəb, noldı? (72)
Qarşılaşdırma əlaqəsində bə’zən ikinci komponentin subyekti birincidən əvvəl işlənmişdir; məs.: Bəkil beş gün oldı, divana çıqmadı (106) - cümləsinin normal formasını belə düşünmək olar: Beş gün oldu, (amma) Bəkil divana çıqmadı. Bu cür cümlələr baş cümləsi zaman mə’nalı (intonasiya ilə qurulan) mübtəda budaq cümlələrinin əcdadları sayıla bilər: Beş gün idi, Bəkil divana çıxmırdı.

Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlənin bu növü əsas fikir söyləndikdən sonra əlavə bir fikrin yada düşməsi və bir tərkib kimi birinci komponentə qoşulması ilə yaranır. Birinci komponentin sonunda intonasiya alçalır, müasir dildə olduğu kimi, ikinci tərkib hissə azacıq fasilə ilə birinciyə qoşulur; məs.: Qalanısın yora bilmən, allah yorsün! (44) Tavla-tavla şahbaz atlarım gətürüb durursan, sana binət olsun! (48) Dünlügi altun ban evini gətürmişiz, bizimdir. (48) Şahbaz-şahbaz atlar yügirdi, nalı düşdi. Qara polat uz qılıclar çalındı, yılmağı düşdi. Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi. (50) Ağ alnunda beş kəlmə dua qıldıq, qəbul olsun! (51) Allah-təala sana bir oğıl vermiş, tuta versün!. (54) Qarnum acdır, toyursan! (64) Ərə varan qız mənəm, oynayayım. (64) Qara tonlu kafərə at dəpərəm, işümi sən onar! (96)


Misallardan göründüyü kimi, komponentləri əlaqələndirmək üçün yalnız intonasiyadan istifadə edilmişdir.
Dastanların dilində işlənmiş tabesiz mürəkkəb cümlələrin bir qismini, intonasiyadan asılı olaraq, tabeli mürəkkəb cümlə kimi də anlamaq olar. Məs.: Sən aradan çıqqıl, mən allah-təala bilə xəbərləşim. (81) Qara polad uz qılıcın mana vergil, Ğafillücə başlar kəsim səninçün. (107) Mərə, sabah şahinləri al, xəlvətcə ava binəlim. (116) Gəlün, Qazanı quyudan çıqarun, bizi ögsin. (117) - cümlələrindən birincisi qarşılaşdırma, sonrakılar ardıcıllıq əsasında qurulmuşdur. Lakin bunların tərkib hissələri arasına ki bağlayıcısını artırmaqla həmin cümlələri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə kimi də dərk etmək olar. Bunlar «Dədə Qorqud»un dilində tabesizlik intonasiyası ilə formalaşıb. Tabeli mürəkkəb cümləyə keçid üçün lazım olan intonasiya olmadığı kimi, bu cümlələrdə ki bağlayıcısının tələb etdiyi fasilə də yoxdur.
Qoşulma əlaqəsi az öyrənilmişdir. «Dədə Qorqud»un dili tabesiz mürəkkəb cümlənin bu növü üçün maraqlı material verir.

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdən dastanların dilində az istifadə edilmişdir. Həm də bu cür cümlələr müasir dilimizdə bağlayıcının müşayiəti ilə qurulduğu halda, dastanlarda, təbii olaraq, bağlayıcısızdır. Beyrək götürər qızı yerə urmaq istər, qız götürər Beyrəgi yerə urmaq istər (55) - cümləsi bölüşdürmə əlaqəlidir. Hazırda bu cür cümlələrdə gah - gah da bağlayıcısı iştirak edir.



Qarışıq tipli tabesiz mürəkkəb cümlələr. «Kitabi-Dədə Qorqud»un VI-VIII əsrlərdə cilalanmış dili belə aydın bir inam yaradır ki, biz hər şeyə artıq dərəcədə bəsit yanaşırıq, bə’zən Həsənoğlunun qəzəli kimi kiçik bir şe’ri minilliklərin yaratdıqlarından «fakt» naminə üstün tuturuq. «Dədə Qorqud»un cümlə quruluşu, xüsusən qarışıq tipli cümlə modelləri göstərir ki, 1500 illik müddətin o tayından hadisələri bizə çatdıran bu dil mövcud quruluşunu bəlkə bundan daha artıq bir müddət əvvəldən almışdır. Bunu - bu təəssüratı dastanların dilinin bura qədər nəzərdən keçirdiyimiz sintaktik strukturu ilə yanaşı, qarışıq tipli mürəkkəb cümlə formaları da yaradır.
Dastanların dilində qarışıq tipli tabesiz mürəkkəb cümlə modelləri, başlıca olaraq, aşağıdakılardır.
I. Komponentlərindən biri sadə, digəri mürəkkəb quruluşlu olanlar.
1. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir; məs.: Uc toqundu, alca qanı şorladı, qoynı toldı (37)
2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi tərz budaq cümləli («budaq cümlə + baş cümlə» quruluşlu) tabeli mürəkkəb cümlə şəklindədir: Oğul, Qalın Oğuz bəglərini odamıza oxıyalım, necə məsləhət görərlərsə, ana görə iş edəlim. (55)
3. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir və qarşılaşdırılan tərəflərin hər ikisi şərt budaq cümləlidir: Varayım, oğluma toğrı xəbər verəyim, hünəri varsa, gəlsün alsun, yoxsa, evdəki qıza razı olsun. (85-86)
4. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir və tamamlıq budaq cümləsinin özü də qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə kimi qurulmuşdur: Yarın Oğuz elinə xəbər vara, dəvə əlində qalmışdı, qız qurtardı, - deyələr. (89)
II. Hər iki komponenti mürəkkəb quruluşlu olanlar.
Bu qrupa daxil olan tabesiz mürəkkəb cümlələri üç növə ayırmaq olar:
1) hər iki komponenti tabesiz mürəkkəb cümlə şəklində olanlar; məs.:Yad qızı həlalım var, andan mənim iki oğlancığım var, əmanətim var, ısmarlaram anlara, andan sonra mənim canım alasan. (82) Gürzlə dögişdilər, qara polad uz qılıc ilə tartışdılar, sərpə-sərpə meydanda qılıclaşdılar, çiginləri toğrandı, qılıcları ovandı, bir-birin alımadı. (109)
Bu misallardan birincisi aydınlaşdırma, ikincisi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Cümlələrin hər ikisinin komponentləri yenə tabesiz mürəkkəb cümlə şəklindədir: birinci cümlənin birinci tərəfi zaman, ikincisi ardıcıllıq əlaqəlidir; ikinci cümlənin birinci tərəfi ardıcıllıq, ikincisi qarşılaşdırma əlaqəlidir.
2) komponentlərindən biri tabesiz, digəri tabeli mürəkkəb cümlə şəklində olanlar; məs.: Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər; Bənim də içində binədim var, Qomaqım yoq qırq namərdə! (41)
Qarşılaşdırma əlaqəli bu tabesiz mürəkkəb cümlənin birinci komponenti şərt budaq cümləli tabeli mürəkkəb cümlə, ikincisi zaman əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir:
3) hər iki komponenti tabeli mürəkkəb cümlə şəklində olanlar; məs.: Ac görsəm, toyurdım, yalıncıq görsəm, tonatdım.(38) Alursan, ikimüzün canın bilə alğıl, Qorsan, ikimüzün canın bilə qoğıl! (83) Qılıcının belçağına yabıkdı kim, bunı çırpa, gördi kim, əlində qopuz var. (114)
Birinci cümlə zaman əlaqəlidir, hər iki komponenti zaman qarışıq şərt budaq cümləlidir; qarşılaşdırma əlaqəli ikinci cümlənin komponentləri də şərt budaq cümləlidir; qarşılaşdırma əlaqəli son cümlənin birinci komponenti məqsəd, ikincisi tamamlıq budaq cümləlidir.
Qarşılaşdırma əlaqəli aşağıdakı cümlə də bunlarla eyni quruluşludur. Fərq orasındadır ki, ikinci komponentin ikinci tərəfi yenə mürəkkəb quruluşludur - zaman əlaqəli tabesiz mürəkkəb cümlə kimi formalaşıb:
Bulursam, buldım; bulmaz isəm, tənri verdi, tənri aldı. (74)

 

 



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin