M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə30/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   27   28   29   30   31   32   33   34   35

Əlavələr. Dastanların 1988-ci il çapında tərtibçilər tərəfindən bir sıra sözlər və birləşmələr cümlə üzvlərinin əlavəsi kimi ayrılmışdır. Bunlar, başlıca olaraq, aşağıdakılardır: Qarşusına baqdı, oğlancığını - Uruzı gördi. (68) Sağlan solına göz gəzdirdi. Oğlancuğını - Uruzı görmədi. (72) Çörildi, növbət gerü - mana gəldi. (100), Vaqeəsindən sərmərdi uru turdı. Qabangüci, Dəmirgüci - bu iki qardaşı yanına aldı. (43) Pəs Qazılıq qoca oğlı Yegnək - taza yigitcik yaradan allaha sığındı. (96) «Qarannulu gözüm aydını qardaş!» deyü ağladı. İçərü - söhbətə girdi. (111) Əgrəgi tutdılar, Əlincə qəl’əsinə - zindana bıraqdılar. (110) Qırq incə bellü qız ilə həlalın - Boyı uzun Burla xatun ağlayuban şundan keçdi. (45)
Əvvəlki cümlələrdə ‘Uruzı’, ‘mana’, ‘bu iki qardaşı’, ‘taza yigitcik’ əlavə şəklində formalaşmışdır. Amma bizim gümanımıza görə, bunları dastanların üzünü köçürərkən bu şəklə salmışlar. Uruzı sözlərindən əvvəl əlavəli üzv kimi işlənmiş oğlancığını sözləri, çox güman ki, mənsubiyyət şəkilçili söz-tə’yin kimi işlənmişdir: oğlancığı Uruzı. Son iki cümlədə ‘içərü - söhbətə’, ‘Əlincə qəl’əsinə - zindana’ sözləri arasında tireyə ehtiyac yoxdur; hər iki misalda birinci tərəf (içərü, Əlincə qəl’əsinə) yer, əlavə kimi ayrılmış sözlər isə məqsəd zərfliyidir. Son cümlədə ‘həlalın’ sözü əlavəli üzv deyil, tə’yindir. Kafərlər, sağ olanları, qaçaraq təkura gəldilər (113) tipli cümlələrdə ‘sağ olanları’ birləşməsi xüsusiləşmiş əlavə kimi daha təbii tə’sir bağışlayır.
Tə’yinin birləşmənin daxilində olmaq əvəzinə, əvvəlində işlənməsi tərtibçinin bə’zi söz və birləşmələri əlavə kimi ayırmasına səbəb olmuşdur. Ol qırq namərd - babanın yoldaşları babanı tutdılar (26; 40)- cümləsindəki tiredən belə çıxır ki, «namərd» sözü mübtəda, «tutdular» - xəbər, ‘babanın yoldaşları’ isə əlavədir. Bu cümlədə sadəcə olaraq, hər şey intonasiya ilə qurulmuşdur. Cümlə elə tələffüz edilir ki, «ol qırq namərd» sözləri «baba» sözünün başı üzərindən adlayaraq «yoldaşları» sözünə aid olur. Cümlə «ol qırq namərd, yə’ni babanın yoldaşları» intensiv intonasiyası ilə tələffüz edilmir. Cümlənin orijinal intonasiyası oğuz intonasiyasıdır və indinin özündə də oğuz intonasiyası güclü olan dairələrdə qalmaqdadır. Məsələn, Ə.Haqverdiyevin «Bədbəxt mən o kəsə deyərəm ki...» cümləsində «bədbəxt» sözünün «mən» sözü ilə heç bir əlaqəsi yoxdur və həmin söz intonasiyanın köməyi ilə bütün sonrakı sözlərin üzərindən adlayaraq «deyərəm» sözü ilə əlaqələnmişdir. (38; 34-35) Odur ki yuxarıdakı cümləni də: Babanın ol qırx namərd yoldaşları babanı tutdular - şəklində başa düşmək lazımdır.
Əlavələrin təşəkkülü yazılı ədəbi dilin daha çox inkişaf etdiyi sonrakı dövrlərlə bağlı olmalıdır.

 

Həmcins üzvlər. Sadə cümlələrin həmcins üzvlər şəklində birləşməsi, qovuşması baxımından «Dədə Qorqud»un cümlə sintaksisi o dərəcədə səlis, zəngin və ahəngdardır ki, Azərbaycan dili sintaksisinin dastanların təşəkkülündən bəlkə də min il əvvəl təşəkkül tapmış olduğunu güman etməyə əsas verir. Fikrin həmcins üzvlər hesabına bu qədər rəngarəng və emosional ifadəsi sonrakı dastanlarımızda «Dədə Qorqud»la müqayisədə çox zəifdir. Bu cəhəti nəzərə alaraq prof.A.Axundov göstərir ki, «Dədə Qorqud»un şe’r dilində həmcins üzvlər öz sintaktik səviyyəsindən yüksəkdə durur. (47;353) Hər bir dastan Bayındır xanın və ya Qazan xanın, yaxud da başqa bir Oğuz ağsaqqalının təsviri ilə başlayır və qeyd etdiyimiz namə’lum ozan onun ən səciyyəvi əlamətlərini ahəngdar bir dil ilə, həmcins üzvlərlə sadalayır. Oğuz igidləri kafər orduları ilə təkbətək qaldığı anlarda xəbər tutub özünü yetirən Oğuz sərkərdə və pəhləvanları el içində şöhrət tapdıqları titulları, səciyyəvi əlamətləri ilə təqdim edilir. Bir -iki misala diqqət yetirmək kifayətdir:


Qaradərə ağzında qara buğa dərisindən beşiginin yapuğı olan, acığı tutanda qara taşı kül eyləyən, bığın ənsəsindən yedi yerdə dügən, ərənlər əvrəni, Qazan bəgin qartaşı Qaragünə çapar yetdi... Hamidlən Mərdin qəl’əsini dəpüb yıqan, dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran, gəlübən Qazanın qızın ərliglə alan, Oğuzın ağ saqallı qocaları görəndə ol yigidi təhsinləyən, al məxmuri şalvarlı, atı bəhri hotazlı Qaragünə oğlı Qarabudaq çapar yetdi...(49) Dəmür qapu Dərvəndəki dəmür qapuyı qapub alan, altmış tutam ala göndərinin ucında ər bögürdən, Qazan kibi pəhləvanı bir savaşda üç kərrə atından yıqan Qıyan Səlcik oqlı Dəlü Tondaz çapar yetdi... (77)
Bu cür təsvirlərdə Oğuz igidləri mə’nəvi və fiziki böyüklüyü, düşmən üzərində qələbəsi, geyimi, görünüşündəki əzəməti, ləyaqətli davranışı, namuslu ailə sahibi olması, mərdlik keyfiyyətləri və s. ilə səciyyələndirilir. Bunlar həmcinsliyin məzmun tərəfi, Oğuz igidlərinə məhəbbətin təzahürüdür. Dil məsələsinə gəldikdə, qeyd etməliyik ki, bu cür təsvirlərdə həmcinslər hesabını güclü bir ahəngdarlıq, şe’riyyət yaradılmışdır. Yəqin ki, bu cür ahəngdarlıq dastanların yaranış e’tibarilə mənzumluğunu iddia edənlərə əsas vermişdir. Baban dedi, keyikləri qovsun gətürsün, bənim ögimdə təpələsün, oğlumın at səgirdişin, qılıc çalışın, oq atışın görəyim, sevinəyim, qıvanayım-güvənəyim,-dedi - dedilər. (37) Tamamlıq və xəbərlərin həmcinsləşdirilmiş olduğu bu cümlədəki musiqililiyi hər bir oxucu duya bilər. Bu cür həmcinsləri ahəngdar bölümlərinə görə asanlıqla misralara düzmək olur:

Bir gün
Ulaş oğlı,


Tülü quşun yavrısı,
bizə miskin umudı,
Amit soyının aslanı,
Qaracuğın qaplanı,
Qonur atın iyəsi,
xan Uruzın ağası,
Bayındır xanın köyküsi,
Qalın Oğuzın dövləti,
qalmış yigit arxası
Qazan
yerindən turmuşdı. (42)

Hətta bu cür bölümdə həmcinslərarası qafiyələr də görünməkdədir və bəlkə də qafiyəsizlər sonrakı təhriflərdir. Çünki dastanın yaradıcıları indiki bir sıra nəsr müəllifləri kimi, ritmdən, nəfəsvermənin tamamlanmalı olduğu intonasiyadan məhrum əsər yaratmamışlar, hər sözün, hər bir ifadənin, ahəngdarlığına diqqət yetirmişlər. Alliterasiya, ritm və qafiyə çox zaman növbələşərək və ya birləşərək musiqililiyi tə’min etmişdir. Həmcins xəbərli aşağıdakı cümləyə diqqət yetirək: Yüriyəlim, a bəglər! Av avlıyalım, quş quşlıyalım, sığın, keyik yıqalum, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim! (42) Hiss olunur ki, bu cümlədə ‘otağımıza düşəlim’ sözləri artıqdır və ahəngi zəiflədir. Düşmək fe’li «Dədə Qorqud»un dilində ‘yıxılmaq’ mə’nasındadır. Həmin cümlədə indiki mə’nasında işlənməsi bu sözlərin lap son köçümə dövründə əlavə edildiyini göstərir.


Yəqin ki, T.İ.Hacıyev aşağıdakı sözləri bu cür mülahizələrlə yazmışdır: «Dastanın sintaktik vahidlərinin - söz birləşmələri və cümlələrinin leksik sistemi göstərir ki, bu, yaradılışdan nəsr sintaksisi olmayıb; ilkin poetik formaların sonrakı şəkil dəyişdirmələri nəticəsində gəldikcə zəmanə katiblərinin - yazıya alanların əli ilə onda az-çox nəsrləşdirmə işi aparılmışdır. Bununla belə, dəyişmə əməliyyatları dastanın dilini ilkin poetik mahiyyətdən «təmizləyə» bilməmişdir». (32; 167)
Təbii ki, dastanların dilində bütün cümlə üzvlərinin həmcinsliyi özünü göstərir. Lakin həmcins üzvlər arasında da ən az müşahidə olunanı mübtədadır. Bununla belə, dastanların dili o qədər zəngindir ki, bütün qrammatik fiqurlar əhatə olunmuşdur.
Taq çiçəgi, anan südi sana məlhəmdir. (39) Qırq baş qul, qırq qırnaq oğlı Uruz başına azad edildi.(50)- cümlələrindən birincisində taq çiçəgi, anan südi, ikincisində qul, qırnaq oğlı həmcins mübtədalardır. Ahəngi saxlamaq üçün «qul» sözündən əvvəl «baş» sözü işlənmişdir: qırq baş qul, qırq qırnaq oğlı... Bə’zən həmcins mübtədalar öz tə’yinləri ilə həmahəng qurulmuşdur: Simüz qoyun, arıq toğlı bayırda qalsa, qurt gəlib yeməzdi... (48) Həmcins mübtədaların təkrar olunan tərəfinin ixtisarı üsulu da qaydaya düşmüş şəkildə mövcuddur: İç Oğuz, Taş oğuz bəgləri Bayındır xanın söhbətinə dərilmitşdi (52) - cümləsində ‘bəgləri’ sözü həmcinslərdən birincisində ixtisar olunmuşdur. Birləşmənin həmcins tərəfləri arasında nadir hallarda «ü» bağlayıcısına təsadüf edilir: Beyrəgin yarü yoldaşları ağı çıqardıb, qara geydi. (58)
Xəbərin həmcinsliyi hərəkətin müxtəlif yöndən, çox zaman daha tə’sirli və ahəngdar təsviri ilə bağlıdır: Dədəm Qorqud gəlübən boy boyladı, soy soyladı. Buğa ayaq üstinə turamadı, düşdi, dəpəsinin üstinə yıqıldı (36) - cümləsində ‘turamadı’ sözü ilə ‘düşdi, yıqıldı’ xəbərləri arasında səbəb-nəticə ardıcıllığı vardır. Bə’zən bu cür aydın səbəb-nəticə əlaqəsi olmadan həmcins xəbərlər subyektin icra etdiyi ardıcıl işləri ifadə edir: Əmiraxurbaşı qarşuladı, endirdi, qonaqladı. (53) Dirsə xan Qorqud sinirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı, oğlanı iki talusının arasında urub çıqdı, yıqdı. (37) Çox güman ki, buradakı ‘çıqdı’ sözü M.Ergində olduğu kimi ‘çaxdı’ sözüdür. Xəbərlərin həmcinsliyində canlı dilin ifadə tərzi özünü daha qabarıq göstərir: Qayıtdı-döndi Dəli Domrul evinə gəldi - cümləsində olduğu kimi.
Bir sıra cümlələrdə xəbərlərin hər birinin ifadə etdiyi işin icrası üçün öz obyekti vardır: Bitəkəllüf kafərlər at dəpdilər, ox səpdilər. (43) Bə’zən də həmcins xəbərlərin hər birinə aid tərz zərfliyi vardır: Toz yarıldı, gün kibi şıladı, dəniz kibi yayqandı, meşə kibi qarardı. (69) Belə bölüm, kafər ordusunun bu cür gəldiyini göstərən epizodlar Oğuz düşmənlərinin də zəif olmadığını göstərir. Dastanların dilində ahəngdarlığın, şe’riyyətin yaranmasında həmcinsliyin bu şəkildə qurulmasının da xüsusi rolu vardır.
Qeyd etdiyimiz ahəngdarlıq, bərabər ritmik bölgülü sintaqmlar tamamlıqların həmcinsliyi üçün də səciyyəvidir. Boylarda vasitəsiz tamamlıqların həmcinsliyi nəzəri daha çox cəlb edir. Obyekt bildirən söz və birləşmələrin sadalanması dastanların dili üçün çox tipikdir: Mənim savaşdığım, mənim dögüşdügim, Mənim çəkişdügim, mənim qılıclaşdığım görgil, ögrəngil! (71) Qa zan bəg ordusını, oğlanını-uşağını, zəzinəsini aldı. (50) Cılasun qoç yigitlərə qalaba ölkə verdi, şalvar, cübbə, çuqa verdi.(50) Ağır xəzinəm, bol aqçam götürüb durursan...(48) Az hallarda həmcins tamamlıqlar arasında «və» bağlayıcısının təkrarı müşahidə olunur: Beyrəgə və anasına və qız qardaşlarına muştçı gəldi.(56) Heç şübhəsiz, bunlar katibin əlavələridir.
Qarıcıq anam gətürüb durursan, mərə kafər, anamı vergil mana, Savaşmadın, uruşmadın qayıdayım-gerü dönəyim.(48) Dərələrdə, dəpələrdə kafərə qırğun girdi.(50) ...bir imirzə xub yigit qırq yigid ilən sağında və solında oturırlar (53) - cümlələrində tərz və yer zərflikləri həmcinsdir. Zərfliyin bir sıra başqa növlərinin (zaman, səbəb, məqsəd və s.) həmcinsliyi də mövcuddur.
Cümlə üzvlərinin həmcinsliyi daha çox sadalama intonasiyasına əsaslanır, dilimizin müasir quruluş sxemindən yalnız sadəliyi ilə fərqlənir.

 

Qoşulma konstruksiyalar. Canlı danışıq dili üçün xarakterik olduğundan nitq prosesində əvvəldən planlaşdırılmış cümləyə daxil ola bilməyən, sanki qəflətən yada düşən və əsas cümləyə əlavə edilən sözlərə, söz birləşmələri və cümlələrə - qoşulma konstruksiyalara «Dədə Qorqud»un dilində də rast gəlirik. Bu cür konstruksiyalar özül cümlədəki fikri dolğunlaşdırmaq, genişləndirmək, əlavə mə’lumat vermək və ya fikri dəqiqləşdirmək məqsədi güdür: ...başlar kəsildi - top kibi. (50) Varın Rum elinə mənim oğlım içün yəxşi ərməğanlar gətürün, mənim oğlım böyüyüuncə - dedi. (52) Xanım, sazdən bir aslan çıqar, at urar, apul-apul yürüyişi adam kibi (98) Bari Bayındır xanın tövləsindən eki şahbaz yügrək at gətürün. Bir Keçi başlu Keçər ayğırı, bir Toğlı başlu Turı ayğırı. (55)


Birinci misalda özək cümləyə tərz zərfliyi (‘top kibi’), ikincisində zaman zərfliyi (‘mənim oğlım böyüyüncə’), üçüncüsündə tə’yin (‘apul-apul yürüyişi adam kibi’) qoşulmuşdur. Son cümlədə ‘Bir Keçi başlu Keçər ayğırı, bir Toğlı başlu Turı ayğırı’ sözləri cümlədə tamamlığın (‘at’ sözünün) əlavəsi kimi çıxış edir. Bu cür parsellər canlı danışıq dilindən gələn mühüm bir xüsusiyyəti mühafizə etməklə yanaşı, dilimizin sintaktik normalarının nə qədər uzaq keçmişdə formalaşmış olduğuna heyrət doğurur.

 

Cümlə üzvlərinin sırası. Bu barədə hər bir cümlə üzvündən danışılarkən az-çox mə’lumat verilmişdir. Lakin bə’zi səciyyəvi cəhətləri də qeyd etmək lazım gəlir.


Dastanların dilində cümlə üzvlərinin yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktuallaşdırılması tələbləri ilə bağlıdır.
«Dədə Qorqud»un dilində söz sırası əsasən bugünkü normaların ilkin quruluş modellərinə əsaslanır. Müşahidə olunan maraqlı cəhətlərdən biri qeyri-müəyyən tə’sirlik halda olan sözlər və birləşmələrlə tə’sirli fe’l arasına müxtəlif sözlərin daxil ola bilməsidir: ...qıl sicim ağ boynına taqalım (ağ boyuna qıl sicim taxaq), Qara keçə altına döşədilər (Altına qara keçə döşədilər). Qara tırnaq ağ yüzümə çalayınmı? (73) Böylə digəc Qalın Oğuz bəgləri yüz göyə tutdılar.(52)
Bu hal «ağ boynına», «altına», «ağ yüzinə», «göyə» sözlərinin məntiqi vurğu altına düşərək xəbərin yanına keçirilməsi ilə bağlıdır. Söz sırasının aktuallaşma ilə əlaqədar bu cür dəyişməsi sayla sifətin yerdəyişməsində də özünü göstərir: On altı bin qara tonlu kəfər ata bindi - cümləsində məqsəd qara donun sayını deyil, kafərin sayını bildirməkdir: Qara donlu on altı min kafər ata mindi. Kafərin geyiminin rəngini, onun qara kabusa bənzədiyini nəzərə çarpdırmaq üçün sıra bu cür qurulmuşdur. Bunlardan aydın olur ki, «Dədə Qorqud»un dilinin təşəkkülü dövründə cümlə intonasiyası söz sırasının sərbəst qurulmasına daha çox imkan vermişdir.
Dastanların dilində canlı danışıq dili sintaksisinin aparıcı rolu aşkardır. Bir sıra cümlələrdə sözlərin sırası müasir dil baxımından fərqli görünsə də, bunlar sırf oğuz tələffüzü ilə bağlı olub, nitqin ritmik-melodik axını, fasilə, vurğu və s.-lə tənzimlənir, fikrin düzgün anlaşılmasına mane olmur. Müasir dildə məntiqi vurğulu sözlər xəbərin yanında (əvvəlində) işlədilir. Məntiqi vurğu ilə hər bir üzvün öz yerində aktuallaşdırılması da mümkündür. Bu baxımdan dastanlarda cümlə üzvünün xəbərin əvvəlində məntiqi vurğu ilə tələffüzü halları daha aydın müşahidə olunur. Məs.: Məndən yegrək qadir sizə oğul verər (75) - cümləsində məntiqi vurğu ‘məndən yegrək oğul’ birləşməsinin üzərindədir, lakin mübtəda və tamamlıq (qadir, sizə) cümlənin əvvəlində işlənmək əvəzinə, məntiqi vurğulu üzvün arasına daxil olmuşdur. Bütün bunlara baxmayaraq, «yeni» xəbərlə (verər sözü) ifadə olunmuşdur.
Vasitəli tamamlıqlar, qayda üzrə, əksərən mübtəda ilə xəbər arasında yerləşmişdir; məs.: Mənim canım sənin canına qurban olsun! (83) Adəmilər əvrəni yoldaşına qıymadı.(83) Tamamlığın hər iki növü işlənməli olduqda əvvəlcə vasitəsiz, sonra vasitəli tamamlıq işlənmişdir: İkisini bir yerdə kafərə yetürəlim.(40) Mənim əlümi şeşin, qolça qopuzım əlümə verin. (40) Bu cür sıra normal sıradır, lakin ...qıl sicim ağ boynına taqalım. (40) - tipli cümlələrdə qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlığın tə’sirli fe’li xəbər-dən aralanması artıq arxaik forma sayıla bilər.
Bə’zi cümlələrdə vasitəsiz tamamlıq öz tə’yini ilə birlikdə cümlənin əvvəlində işlənmişdir. Bu cür hallarda vasitəsiz tamamlıq tema kimi çıxış edir, cümlənin qalan hissəsi «yeni»ni bildirir: Qarşu yatan qara tağları Səndən sonra mən neylərəm? (83)
Dastanların dilində saylarla ifadə olunan tə’yinlər (kəmiyyət tə’yini) bə’zən sifətlə, atributiv birləşmələrlə ifadə olunan tə’yinlərdən sonra - tə’yinlənənin yanında işlənmişdir. Məs.: Yaraqlu altmış adam seçin. Qara tonlu, gög dəmirlü altı yüz kafər seçdi. Bu cür sıra, əslində, xalis ədəbi normadır. Lakin Ə.Dəmirçizadənin qeyd etdiyi kimi, bu cür sıradan nadir hallarda istifadə edilmişdir. Dastanların dili üçün kəmiyyət tə’yininin keyfiyyət tə’yinindən əvvəl işlənməsi daha səciyyəvidir: Yedi bin qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü, din düşməni alaca atlu kafər bindi... (42) Üç yüz mürəssə tonlu yigit soyladı, boyuna aldı. Qırq ala gözlü yigidin Uruz boyına aldı. (69) On altı bin qara tonlu kafər ata bindi. (69) Bu cür cümlələrdə intonasiya və fasilə kəmiyyət bildirən sözləri keyfiyyət və ya maddi-material bildirən tə’yinlər üzərindən keçirərək tə’yinlənənə aid edir. (bax: 38; 34-42)
İsmi birləşmələrlə ifadə olunan əlamət, keyfiyyət tə’yinləri kəmiyyət tə’yinindən sonra işlənmişdir. Oğuz intonasiyası düzgün nəzərə alınmazsa, duyulmazsa, müasir dil baxımından kəmiyyət tə’yininin az qala keyfiyyət tə’yininə də aid olduğunu güman etmək olar. Lakin canlı danışıq dili intonasiyası bu yanlış düşüncəni asanlıqla aradan qaldırır. Dastanların dili üçün bu cür cümlələr səciyyəvidir:Üç yüz mürəssə tonlu yigit soyladı, boyına aldı. (69) Nagahandan altmış dəmir tonlu kafər oğlanın üzərinə gəldilər. (113)
Aktual üzvlənmənin rolu «Dədə Qorqud» sintaksisində çox qabarıqdır. Yeni fikir ifadə edən sözlər və birləşmələr daha çox cümlənin sonunda işlənmişdir: Üç ayda varmazsam, öldügimi ol vəqt bilsün! (75) Dədə Qorqudun ardından Dəli Qarcar irdi (56) - cümlələrində ‘ol vəqt’, ‘Dəli Qarcar’ sözləri məntiqi vurğu altında tələffüz olunduğu üçün bilavasitə xəbərin önündə yerləşdirilmişdir. Məqsəd onların ifadə etdiyi anlayışları nəzərə çarpdırmaqdır. Əks təqdirdə həmin cümlələr, məsələn, belə olardı: Dəli Qarcar Dədə Qorqudun ardından irdi. Üç ayda varmazsam, ol vəqt öldügimi bilsin. Cümlələri bu cür qurduqda məntiqi vurğu ‘Dədə Qorqudun ardından’, ‘öldügimi’ söz və birləşmələri üzərinə düşür. Şökli Məliki bögirdibəni Qazan bəg atdan yerə saldı (66) - cümləsində düşmənin başçısını məhz «alpanlar başı»nın vurub yerə saldığını göstərmək üçün mübtəda (‘Qazan bəg’) tamamlıq və tərz zərfliyindən sonra - xəbərə daha yaxında yerləşdirilmişdir.
Boyı uzun Burla xatun qara tuğın kafərin qılıcladı, yerə saldı. (77) - cümləsində uzlaşma-idarə əlaqəli birləşmənin tərəfləri inversiyaya uğramışdır - ‘kafərin tuğın’ əvəzinə, ‘tuğın kafərin’ işlənmişdir. Bu, «Dədə Qorqud» üslubuna xas olan bir cəhətdir. «Dədə Qorqud» üslubunda «kafərin qara tuğın» modeli də var. Lakin yuxarıdakı misalda düşmənə nifrət birləşməni adi tonla - «kafərin qara tuğın» şəklində işlətməyə imkan verməmişdir. Dastan formasında (tuğın kafərin) «kafər» sözü xəbərə daha yaxın yerləşdirilməklə nifrət obyekti daha qabarıq nəzərə çarpdırılmışdır. Bu xüsusiyyəti aşağıdakı cümlələrdə də görmək olar: Sağın-solun Uruzın çevirdilər. Qarusından ağ əllərin bağladılar. Əgər «Uruzın» sözünü, «ağ əllərin» birləşməsini məntiqi vurğu altına salmaq, aktuallaşdırmaq lazım gəlməsə idi, bu cümlələr belə tələffüz olunmalı idi: Uruzın sağın-solın çevirdilər. Ağ əllərin qarısından bağladılar.
«Yeni»nin, əsas fikrin bu cür aktuallaşdırılması təkcə sözlərə, birləşmələrə - cümlə üzvlərinə deyil, bütöv cümlələrə də aiddir: Gögdən ildırım ağ ban evim üzərinə şaqır gördüm. (44) Qarğu kibi qara saçım uzanır gördüm - misallarında «gördüm» sözünə qədərki hissələr aktuallaşdırılmış budaq cümlələrdir və onları: Gördüm ki, qarğu kibi qara saçım uzanır - şəklində də işlətmək olardı və yenə də budaq cümlələr aktuallaşmış olacaqdı.
Nitqin əlavə cümlə ilə ortada kəsilməsi, üzvün aktuallaşdırma məqsədi ilə cümlənin sonuna keçirilməsi, canlı danışıq üslubuna müvafiq şəkildə eyni cümlədə bir neçə xəbərin işlənməsi «Dədə Qorqud»un canlı xalq dilinə bağlılığı əlamətlərindəndir: Sana bu yaradan, qorxma, oğlan, ölüm yoqdur. (39) İmdi, incimə, xanım, əvvəl onun əlin öpdigümizə. (54) ...gördülər ki, bir xatun kişi gəlür. Gəldi içəri Basata; girdi, səlam verdi. ağladı. (99)

 

 



 

CÜTTƏRKİBLİ VƏ TƏKTƏRKİBLİ CÜMLƏLƏR

Cüttərkibli cümlələr

 

Cüttərkibli cümlələr fikir predmetini və onun hərəkətini, əlamətini ifadə edən sözlər, birləşmələr əsasında qurulmuşdur, təhkiyə və dialoqların aparıcı ifadə vasitəsidir. Ozan təhkiyəsində hər birinin mübtəda və xəbəri olan sadə cüttərkibli cümlələr dastanların dilində normal sintaktik quruluşu əks etdirir; məs.:


Məgər bir gün köprisinin yamacında bir bölük oba qonmuş idi. Ol obada bir yaxşı-xub yigit sayru düşmiş idi. Allah əmrilə ol yigit öldi. Nagahandan Dəli Domrul çapar yetdi...(79)
Lakin dastanların dilində hər bir sintaktik bütövdəki ardıcıl cümlələrdə mübtəda - xəbər əlaqəsi bu cür qurulmamışdır. Dastan dili üçün ən tipik sadə cümlə forması mübtədasız yarımçıq cümlələrdir. İlk cümlələrdən birində işlənmiş mübtəda sonrakılarda buraxılmışdır; məs.:
Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi, hacət dilədi. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Taş Oğuz bəglərin üstinə yığnaq etdi. Borcluyı borcından qurtardı. Dəpə kibi ət yığdı. Göl kibi qımız sağdırdı...(35)
Bu altı cümlədən yalnız birincisində mübtəda (‘Dirsə xan’) işlənmiş, sonrakı cümlələrdə buraxılmışdır. Və hətta əvəzliklə ifadəsinə də ehtiyac duyulmamışdır.
Müxtəsər cüttərkibli cümlələr nisbətən azdır, Daha çox geniş cüttərkibli cümlələrdən istifadə edilmişdir; məs.: İç Oğuz, Taş Oğuz bəgləri yığnaq olmuşdu.(104) Dədəm Qorqud gəldi. (104) Buğa acmışdı.(105) Qorqud ata Oğuz elinin müşkilini həll edərdi. (31) Beyrək şülən yeməginin üzərinə gəldi.(64), Baybörə bəgin oğlancuğı Beyrək Baybican bəgin qızın aldı (67) - cümlələrindən əvvəlki üçü müxtəsər, sonrakılar geniş cüttərkibli cümlələrdir.
Qrammatik əsası göz önündə olan bu cür normativ cüttərkibli cümlələrlə yanaşı, mübtədası mən, sən, biz, siz sözlərindən ibarət olub şəxs şəkilçiləri ilə asanlıqla dərk olunan, lakin dilimizin iltisaqiliyi əsasında buraxılmış olan cüttərkibli bütöv cümlələrdən dastanların dilində səciyyəvi cümlə növü kimi daha çox istifadə edilmişdir; məs.: Bəglər, tacım-təxtim içün ağlaram.(52) Xan qızı, yerimdən turayınmı? Yaqanla boğazından tutayınmı? (35) Neçün səxtsən, xanım yigit? Gəldigimcə səni şad görərdim. Gülərdin, oynardın. (59) Hey, Dirsə xan, bana qəzəb etmə! İncinib acı sözlər söyləmə! (35) Ağ saqallı mən babanı ağlatmağıl! Qarıcıq olmuş ananı bozlatmağıl! (111) Gəlün varalım, tutalım! (112) Xoşmısız, əsənmisiz, oğullar? (114) Bəglər, xoş qalun! (111)
Bu cür cümlələri «təktərkibli müəyyən şəxsli cümlələr» hesab edənlər də vardır. Təktərkibli cümlələrdə olmayan baş üzvü bərpa etmək də olmur. Lakin bu cür cümlələrdə şəxs şəkilçiləri vasitəsilə mən, sən, biz, siz sözləri çox asanlıqla bərpa olunur. Ona görə də bü cür cümlələr cüttərkibli sayılır. Mübtəda üslubi məqsədlə buraxıldığı, mətnə deyil, cümlənin öz xəbərinə görə müəyyən edildiyi üçün bu cür cümlələr yarımçıq da sayılmır, cüttərkibli bütöv cümlə hesab olunur.
Ayrı-ayrı boylarda «Kafərin casusı casusladı» (42) «Dədənin anısı anıtdı» (56) «Kafərin izin izlədi» (74) kimi cüttərkibli cümlələrlə yanaşı, mübtədası buraxılmış daxili obyektli «Av avladılar, quş quşladılar», «Quv quvladı, din dinlədi» (33) «Boy boyladı, soy soyladı» (67), «Kəlisasın yıqub, yerinə məscid yapdım, ban banlatdım» (118) kimi cüttərkibli cümlələr də işlənmiş və bə’zi boylarda təkrar edilmişdir.

 

 



Təktərkibli cümlələr

Dastanların sadə cümlə sintaksisi hələ ilkin feodalizm dövründə təktərkibli cümlə növlərinin artıq normativ modellər üzrə ünsiyyətə xidmət etdiyini göstərir. Şəxssiz, qeyri-müəyyən şəxsli cümlələrlə yanaşı, ümumi şəxsli cümlələr, mübtəda qütbü əsasında formalaşan adlıq cümlələr də özünü real cümlə qəlibi kimi təsdiq etmişdir.

 

Şəxssiz cümlə. Dastanların dilində şəxssiz cümlənin mənşə e’tibarilə fərqlənən hər iki tipi (36; 184-189) işlənmişdir. Şəxssiz cümlənin ən mühüm və geniş yayılmış tipi sinkretik tipdir. Sinkretik tipdə cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Fikir predmeti (fikir özülü) həmin predmetin əlaməti, hərəkəti, vəziyyəti kimi təzahür edir. Bu cür şəxssiz cümlələr ismi xəbərli olur. Məs.: Yemə-içmə idi.(94) Çobanın üçyaşar tana dərisindən sapanının ayasıydı, üç keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyindən çatlağucıydı. (48)
Birinci cümlə yalnız xəbərdən ibarətdir, müxtəsərdir. Sonrakılar geniş şəxssiz cümlələrdir. Birinci misalda ‘yemə-içmə’, sonrakı misallarda ‘çobanın sapanının ayası’, ‘sapanının qolları’, ‘çatlağucı’ - fikir predmetidir. Lakin fikir predmetini bildirən həmin sözlər və birləşmələr predikativlik əlamətləri (idi, -dı) qəbul edərək cümlənin xəbəri kimi çıxış etmiş, nəticədə şəxssiz cümlə mübtəda ilə xəbərin sintezi şəklində təşəkkül tapmışdır.
Şəxssiz cümlələrin bir qismi xəbəri fe’li frazeoloji vahidlərlə ifadə olunanlardır. Bu cür cümlələrdə tarixən mübtəda olmuş, lakin inkişaf prosesində fe’l məcaziləşməklə mübtədanı daxili subyektinə çevirmiş və sözü müstəqil mübtəda kimi çıxış etmə imkanlarından məhrum etmişdir. (36;187). Məs.: Bunlar böylə edicək Baybörə bəgin acığı tutdu. Böylə digəc Əzrayilin acığı tutdı. (80)
Bu misallarda ‘Baybörə bəgin acığı’, ‘Əzrayilin acığı’ birləşmələri etimoloji mübtədadır, ‘tutdu’ sözünün məcaziləşməsi ilə onunla birləşərək birlikdə xəbər vəzifəsində işlənmiş, cümlə şəxssiz cümlə kimi formalaşmışdır.

 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin