M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə12/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

Leksika. Xüsusi adlar

Aratta, kuti, lullubi turukki, kassi, subi tayfalarının türk mənşəli olduğunu üzə çıxaran mühüm dəlillər sırasında, şübhəsiz, dil faktları - bu tayfalarla bağlı etnonim, toponim və antroponimlər mühüm yer tutur. Qədim Azərbaycan tayfalarına aid xüsusi adlar barədə müxtəlif mülahizələr söylənmişdir. Lakin son dövrlərdə bir sıra tədqiqatçılar mixi yazılarda mühafizə olunmuş kuti, lullubi, kas, turukki xüsusi adlarının İran və Qafqaz dilləri ilə izah olunmadığını (bunu çox hallarda türk mənşəyi əleyhinə olanlar da e’tiraf etmişlər), uydurma Zaqr-elam dil qrupuna daxil olmadığını əsaslandırmaqla etnonim, toponim və antroponimlərin əksəriyyət e’tibarilə türk-Azərbaycan dili bazasında izah olunduğunu sübut etmişlər. Bu sahədə Y.B. Yusifov, Q.Ə.Qeybullayev daha çox iş görmüşdür. Onların araşdırmalarını ön plana çəkməklə gil lövhələrdə - yad dil mühitində toplanmış xüsusi adları oxucuların mühakiməsinə təqdim etmək olar.


Etnonimlər. Dövrün Azərbaycan ərazilərinə məxsus əsas əhalisi kuti, lullubi, su, turukki, kassi, kuman və hurri tayfalarından ibarət olmuşdur. Bunlardan sonuncusu az öyrənilmişdir və etnik mənsubiyyətinə görə daha çox urartlarla əlaqələndirilir.
Cənubi Azərbaycan ərazilərində e.ə.III-II minilliklərə və sonrakı dövrlərə aid qaynaqlarda yad edilən güclü tayfalardan biri kutilər (qutilər) olmuşdur. Urmiya gölünün cənub və qərb regionlarında məskunlaşmış bu tayfa turukkilər, lullubilər və sularla yaxın ünsiyyətdə olmuşdur.
İ.M.Dyakonovun fikrincə, kuti dili «hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın» ola bilərdi. O, kuti dilinin hurri dili ilə yaxınlığı imkanını da istisna etməmiş (10; 110), son tədqiqatlarında bu dili Şərqi Qafqaz dilləri ailəsinə aid etməyi daha düzgün saymışdır. (22; 166.) İ.H.Əliyev kuti dilini «Qafqaz-hurri» (23; 67), Q.A. Melikişvili isə «zaqroş-elam» dil qrupuna (24; 120) aid etmişdir. Bə’zi fikirlərə görə, kutilər sonrakı utilərdir (k səsinin düşməsi ilə - Z.İ.Yampolski).
Yuxarıdakıların əksinə olaraq, B.Landsberqer tərəfindən kutilərin türk etnosu olması fikri irəli sürülmüşdür.(9; 31) Kuti dilindən şumer hökmdar siyahılarında və bə’zi başqa mənbələrdə bir sıra şəxs adları qalmışdır. Bunlar Kamal Balkan tərəfindən türk dilləri bazasında izah olunmuşdur. (2; 82)
Kuti etnoniminin əsasını ku sözü təşkil edir, -ti cəm şəkilçisidir. Ku - türk dillərində ‘ağımtıl’, ‘ağımtıl sarı’, ‘ağbəniz’ mə’nalarını verir. Kutilər ağbəniz türk etnoslarından olmuşlar.(2; 81-82) Əvvəl qeyd etdiyimiz faktlarla yanaşı, kuti sözünün türkmənşəli olması da, tayfanın türkdilli olduğunu göstərir.
Zab çayının orta axarında e.ə.XIII-XII əsrlərdə kuman/kumen tayfaları yad edilir. «Bu etnonim də ku və türk dillərində etnik ad düzəldən man/men şəkilçi birləşməsindən əmələ gəlmişdir. Kuman sonrakı türk tayfa adlarından olmaqla «sarımtıl’, ‘ağımtıl» mə’nasını daşıyırdı.»(2; 82) Rəng əlaməti də kutilərlə kumanları bir kökə bağlayır.
III-II minilliklərin uzaq tarix səhnəsindən ən çox görünən tayfalar sırasında lullular xüsusi yer tutur. Bu ad mənbələrdə lullubi, lullumi, lulli, luli, nulli, lullahhi şəkillərində qalmışdır. «Əslində, etnonimin ilkin forması «lullu-lulu» olmuşdur və ona müxtəlif şəkilçilər (-b,-be, -me,-hhi) əlavə edilmişdir. Hurrilər -hhi şəkilçisi, başqa tayfalar -b,-be,-me cəm şəkilçilərini əlavə edərək «lullular» kimi başa düşmüşlər». (7; 303)
Lullu sözünün lullulara bənzətmə, oxşatma əsasında qonşu tayfalardan biri tərəfindən verildiyini əvvəldə qeyd etmişik. Söz müxtəlif mə’nalarda izah edilmişdir.(2;79). Bizim fikrimizcə, lulu şumer sözü olub ‘adam’ mə’nasında lu sözünün təkrarı ilə (lu-lu - ‘adamlar’) yaranmışdır. Görünür, lullular bu sözü çox işlədirmişlər ki, qonşu tayfaların dilinə bu cür düşmüşlər (fəslin əvvəlinə bax).
E.ə.III minilliyin əvvəlindən Urmiya gölü hövzəsində və Zaqroş ərazilərində yayılmış türk tayfaları sular adlanırdı. Sular tarixdə su, subi, suvbi, subir, subar, suber adları ilə iz buraxmışlar. Subir, subar, suber sözlərindəki ir, ar, er hissələri ‘ər’, ‘kişi’ mə’nasında müstəqil söz hesab olunur və sözlər bütövlükdə ‘su adamı’ mə’nasında başa düşülür. Bu sözdən Urmiya gölünün cənubunda və cənub-qərbində Subi, Sumbi vilayət adı da yaranmışdır.(2;80)
Su, suv sözlərinin etimologiyası göz önündədir. Sözün kökü suv sözüdür - qədim türk dillərində ‘su’, ‘çay’ mə’nasında işlənmişdir, hazırda da çoxişlənən sözdür; -bi cəm şəkilçisidir.
Hiss olunur ki, su tayfası elə Ön Asiyanın özündə bir neçə bölük olmuşdur. Bir qismi Zaqroş dağlarında və Urmiya gölünün cənubunda, bir qismi isə (subir, subar, şubar adları ilə) Şimali İkiçayarasında Zaqroş dağlarından Fərat çayına kimi uzanan ərazidə yaşamışdır.(2;.80,85) Türk tayfalarının əfsanəvi əcdadı So adını daşımışdır.(7; 30;)
Sonralar (eramızın I minilliyi) Albaniya ərazisinə hunların tərkibində gələn və adları savar, suvar, sovde, savde, sote, sodi şəkillərində işlənən tayfalar qeyd etdiyimiz su tayfasının mezolitdə və ya sonrakı dövrlərdə Mərkəzi Asiyaya hərəkət etmiş bir qanadıdır.
Bizim fikrimizcə, şumerlər də bunlardan ayrılmışlar. Şumerlərlə bunların adları arasında böyük yaxınlıq vardır. «Şumer və akkadlardan şimalda Subir (akkadca Subar, Şubar) etnosları yaşayırdılar» (2; 85) - cümləsindəki Subar, Şubar sözləri ilə Sumer, Şumer sözlərinin mixi yazılışında, güman ki, fərq yoxdur. Şumer sözünün sumer, suber formaları, mixi yazılarda ş və s səslərini fərqləndirməyin çətinliyi bunların eyni etnos olduğunu, bir qisminin İkiçayarasına endiyini (Zaqroş ərazisindən endiyini artıq heç kəs inkar etmir), bir qisminin Şərqi Asiya ərazilərinə yayıldığını, şərqə hərəkət edənlərin müəyyən zaman keçdikdən sonra güclü Hun imperiyası tərkibində yenidən Ön Asiyaya döndüklərini söyləməyə tam əsas verir.
Urmiya gölü hövzəsində e.ə.II minilliyin əvvəlindən qeydə alınmış, lakin III minilliyin ortalarından lulluların tərkibində fəaliyyətdə olan tayfalardan biri turukki, turuki tayfası idi. Turukki sözünü «türk» adının erkən forması hesab edirlər. Bu söz erkən orta əsr hind qaynaqlarında turukka, Xotan mətnlərində ttrruki, Tibet qaynaqlarında druq, druqu. e.ə.II minillikdə akkad mixi yazılarında turukki, turuki şəkillərində qeydə alınmışdır.(2; 78) Sözün etimoloji izahını yuxarıda vermişik.
Urmiya gölü hövzəsi sakinləri arasında kaslar böyük şöhrət sahibi olmuşlar. Tarixdə fonetik fərqlərlə - kassi, kaşşu, kissi, kosey, kassit adları ilə iz buraxmışlar. Zaqroş dağlarının şərqə uzanan qolu Kissi dağları adlanırmış. Kassilər lullubilərin və turukkilərin cənub-şərq qonşuları olmuş, Urmiya gölü hövzəsinə qədər yayılmışlar.(2; 85)
Kassi sözü kuti sözü ilə bir kökdəndir. Və həm də bu tayfa adları çox qədim adlardandır. Hər iki sözün (kassi və kuti sözlərinin) əsasında K səsinin durması göstərir ki, bunlar bir kökdən ayrılmışlar. Arxa sıra kar k səsi insan nitqinin ən qədim səslərindəndir. İndiki halda kassi sözünün kökü (ka) açıq saitli, kuti sözünün köku (ku) qapalı saitlidir. Saitlər içərisində u daha qədim hesab olunur. Kassi sözünün kissi və u səsinə daha yaxın məxrəcli kosey variantı da vardır. Deməli, bu sözün əsası ku olmuşdur. -si şəkilçisi -ti şəkilçisi ilə eyni mənşəlidir - t > s keçidi ilə kipləşən səsdən sürtünən səsə keçilmişdir və bunun əsasında kutilərlə kassilərin t və s şivələrinə ayrıldığını da söyləmişik. Ti - si - çi cəm şəkilçisi kimi çıxış etsə də, ilkin semantikasına görə ‘adam’ deməkdir. Beləliklə, kutilər və kaslar ‘ağbəniz adamlar’ deməkdir. Görünür, qonşu tayfaların verdiyi ad olmuşdur.
Digər tərəfdən, biz tərəddüd etmədən belə bir mülahizəmizin üzərində də dayanırıq ki, kaslar ilə saklar bir kökdəndir. Bu tayfa adlarında metateza baş vermişdir. Arxa sıra «k» (ka) səsinin və Ön Asiyada kas tayfasının daha qədim olduğunu (kutilərdən sonra) nəzərə alaraq metatezanın kas>sak istiqamətində getdiyini düşünürük. Kas>sak metatezasından aydın olur ki, Ön Asiyada kutilər, kaslar, saklar xeyli müddət qonşu ərazilərdə paralel yaşamışlar. Tayfanın bölünməsindən sonra sakların bir hissəsi Balkan yarımadasına tərəf hərəkət edərək böyük Tursaka - Etrusk dövlətini yaratmış, bir hissəsi Mərkəzi Asiyaya yollanmış, orada saklardan yeni tayfa bölümlərinin əmələ gəlməsinə, sakların artmasına, çoxalmasına səbəb olmuşdur. E.ə. VIII-VII əsrlərdə isə onların bir hissəsi saklar, skiflər adları ilə Qara dənizin şimal sahillərindən yenidən öz qədim yurdlarına qayıtmışdır.
Beləliklə, qədim Azərbaycan tayfalarından kutilər, kaslar, kumanlar, kaspilər, saklar və etrusklar bir kökdəndir. Sular, subi, suvbi, subar, suber, savar, sumer (şumer) adlanan tayfalar ikinci kök-qoldur. Şumerlər bu ikinci qoldan ayrılmışdır. Bu ikinci qolun adları, yəqin ki, tayfanın kutilərdən ayrılıb məskunlaşdığı sulu ərazilərlə bağlı yaranmışdır. Turukkilər lullubilər əhatəsində, lullubilər isə sularla birlikdə olmuşlar. Lullubi adının kənardan verildiyini nəzərə alsaq, onların da sulardan olduğuna şübhə qalmaz. Bunu mixi yazılardakı «Su ölkəsinə mənsub lulu», «Şubar (Subar) ölkəsinə məxsus lulu» kimi tarixi izləri əks etdirən sözlər də sübut edir. Aratta, Lullubum və Su ölkəsi Urmiya gölü hövzəsindəki geniş bir ərazinin müxtəlif adları olmuşdur. (2; 81) Lullubi dövləti tərkibində sularla yanaşı, turukkilər də vardı. Turukkilər də bir vaxtlar kutilərdən ayrılmışlar. Bütün bunların ümumi fonunda e.ə. III-II minilliklərdə Urmiya gölü hövzəsini və ətraf əraziləri bürümüş kuti, lullu, turukki, su, kuman və kassi tayfalarının bir mənşədən olduğuna şübhə qalmır.
Beləliklə, düşünmək olur ki, kutilər Ön Asiyada türk protodilinin daşıyıcıları olmuşlar. Başqa sözlə, Avropa və Asiya ərazilərində yayılmış bütün türklər kutilərin törəmələridir - kas-ax (Qazax), Kır-kas (qırğız), xa-kas və s. kimi böyük ərazilərə məxsus etnonimləri yada salmaq kifayətdir - bunlar kutilərdən ayrılmış kasların nəsilləridir. Ümumiləşmiş şəkildə deyə bilərik ki, *KUTİLƏR - prototürklərdir, *KUTİ DİLİ - türk protodilidir. Və ya prototürk olmasa da, Şərqə hərəkət edən çoxsaylı tayfalara nisbətdə yarım prototürklərdir.

Toponimlər. E.ə.III-II minilliklərdə Azərbaycan ərazisində yer adları daha çox tayfa adları zəminində mə’lum olur. Yə’ni lullubi, kuti, su, turukki, kassi, kuman tayfalarının yaşadığı ərazilər çox zaman həmin tayfaların adları ilə adlandırılmışdır: «Su ölkəsi», «Lullubi ölkəsi», «Kutilərin ərazisi» və s. Az da olsa, başqa quruluşlu yer və şəhər adları da vardır. Bunlardan nəzəri daha çox cəlb edəni Aratta, Uti, Tukriş ölkə adlarıdır.


E.ə.III minilliyin birinci yarısına (XXVIII-XXVII əsrlər) aid şumer dastanlarında («En-Merkar və Aratta hökmdarı», «Luqalbanda və En-Merkar», «Luqalbanda və Hurrum dağı», «En-Merkar və En-Sukuşsiranna») Aratta ölkə adı işlənmişdir. Alimlər müəyyənləşdirmişlər ki, sözün əsasında ta - ‘dağ’ sözü durur. Y.Yusifov yazır: «Aratta qədim Azərbaycanın dağlıq ərazisinə verilən ad idi. Mə’nası sadəcə olaraq «dağ» deməkdir. Şumer-akkad məktəb lüğətində (e.ə.VIII əsr) həmin sözün «arattu» və «aratu» nümunələri «dağ» mə’nasında əks olunmuşdur. Qədim dillərin heç birində buna oxşar «dağ» mə’nalı söz olmamışdır». (2; 78) Aratta, Arattu, Aratu erkən türk forması olmuş, sonralar r>l əvəzlənməsinə mə’ruz qalmışdır. Buna görə də Urartu mənbələrində (e.ə.VIII əsr) Alatey şəklindədir. Alatey sözünə oxşar oronimlər hazırkı dövrdə də türk dillərində işlənməkdədir: Alataa, Aladağ, Alatuu, Altay, Alatau və s. (7; 303; 2; 78)
Aratta sözünün Alatey şəklinə düşməsi ilə əlaqədar çox mühüm bir fakt ortaya çıxır: Altay türklərin ilkin beşiyi deyildir. Türklərin ən sıx yerləşdikləri və bir çoxları tərəfindən ilkin yurdu hesab olunan Altayın «Altay» adını da türklər Ön Asiyadan aparmışlar. Alatey toponiminin praforması Aratta e.ə. III minilliyin başlanğıcından mə’lum olduğu halda, Mərkəzi Asiyada Altay eramızın əvvəlindən özünü göstərir.
Gil yazılarda turukki və lullularla əlaqədar Uta//Utem (-m şəkilçi sayılır) ölkə adı çəkilir və güman olunur ki, onların ərazisinin bir hissəsi belə adlanmışdır. Sözün Utu/İtu etnonimindən yarandığı aydın görünməkdədir. Y.Yusifov utu/itu tayfasının turukkilərə aid olduğunu və sonralar - e.ə. V əsrdə Azərbaycan ərazisində geniş yayılmış uti tayfa adının ilkin forması olduğunu göstərir.(2; 80) Tədqiqatçılar sonralar qonşu ölkələr tərəfindən udi adı verilmiş qafqazdilli udilərlə türk tayfası utilərin heç bir əlaqəsi olmadığını sübut etmişlər. Uti sözünün səsdüşümünə mə’ruz qalmış kuti sözü olduğunu güman edənlər də vardır. Lakin bu mülahizə faktlarla təsdiq olunmur. Bu söz ‘qalib gəlmək’, ‘udmaq’ (39; 170), ‘izləmək’ (25;617) mə’nalarında qədim türkcə ut sözündəndir. Ut sözü Orxon-Yenisey əlifbalı Şimal-Şərqi Çin yazılarında xüsusi ad, titul bildirən söz kimi də işlənmişdir.(39; 617) Ola da bilər ki, tayfanın adı qalib bir sərkərdənin adı ilə bağlı olmuşdur.
Diyala çayının yuxarı axarında Tukriş ölkə adı xatırlanır. «Belə düşünmək olar ki, Tukriş ölkə adı tukri etnonimi və türk dillərində ad yaradan -ş/-iş şəkilçi birləşməsindən əmələ gəlmişdir. Həmin ad əsasında, yəqin ki, turq-iş (r/q yerdəyişməsi nəticəsində) tayfa adı da yaranmışdır».(2; 82)
Urmiya gölünün qərbində ölkə adı kimi iz qoymuş Hubuşkiya sözündə kiya (kaya, qaya), Gilzən vilayət adında gil sözü aydın seçilməkdədir.
Türk mənşəli toponimlərə qonşu ölkə adlarında da təsadüf edilir. Elam ölkə adı Tövratdan götürülmüşdür. Elamlılar öz ölkələrini Hatamti (və ya Haltamti) adlandırmışlar; Şumerlər Nim («yüksək ölkə»), akkadlar Elamtu demişlər; fars mənbələrində Uvca (Uca) şəklində qalmışdır. (2; 309) Bu söz (Elam sözü) türk ‘el’ sözündəndir; -am «mənim elim» mə’nasında mənsubiyyət bildirir. Makedoniyalı İskəndərin dövründə ölkənin Elimay adlandırılması (7; 327) da bunu təsdiq edir. Uvca (uca) sözü də xalis türk sözüdür - qədim türkcədəki (y)u - «yuxarı qalxmaq» fe’lindən-ca şəkilçisi ilə düzəlmişdir (yuvca - ‘yuxarı yer’) və ölkə adı kimi substantivləşmişdir. Elam dilinin iltisaqi quruluşu onun türk dilləri ilə qohumluğuna dəlalət edir, lakin bu məsələ hələ az öyrənilmişdir.

Antroponimlər. III-II minilliklərin gil yazılarındakı bir sıra şəxs adlarının etimoloji axtarışına o qədər də ehtiyac yoxdur. Çünki həmin sözlərin mə’nası müasir dilimizdə etimoloji cəhəti üzdə olan sözlər kimi aydındır. Kuti hökmdar adı Tirikan (e.ə. XXIII əsr) bu cür sözlərdəndir. Söz ilk növbədə şumer dili materialları ilə izah edilmişdir: şumercə dirik ‘böyük’, ‘ulu’ və An allah adından ibarət olub, ‘Allah böyükdür’ mə’nasını verir. (6; 55) Qədim türk abidələrində tiriq - ‘canlı’, ‘diri’ deməkdir, müasir dilimizdəki ‘diri’ sözüdür - to - ‘doğ’ sözündən mənşəyini alır. Ona görə də ‘(Allah) An canlıdır, diridir’ mə’nasına daha müvafiqdir. Ad deyil, ləqəbdir. Şumer və türk dillərində yaxın mə’nalı izahı dillərin genezis birliyindən irəli gəlir.


Dövrün bir sıra şəxs adlarının sonunda -taş şəkilçisi işlənmişdir. Bu şəkilçi həmin sözlərin türk mənşəli olduğuna şübhə yeri qoymur. Bu qrupa Kariantaş, Kara Xartaş, Kandaş, Abirattaş və s. xüsusi adları misal göstərmək olar. Bu sözlərdən birincisi kaslarda hökmdar adı olmuşdur. E.ə.II minilliyin 40-cı illərində kasların Kariantaş adında iki çarı olmuşdur. Q.Qeybullayev bu sözün türkcə karu, monqol dilində xaru ‘əziz’, ‘sevimli’, ini ‘kiçik qardaş’ sözlərindən və -taş şəkilçisindən ibarət olduğunu qeyd etmişdir. (6; 61) Lakin -taş şəkilçisindən əvvəl ini yox, An sözü müşahidə olunur; eyni zamanda karu sözünün ‘böyük’ mə’nası da vardır. Ona görə də sözü ‘böyük An yoldaşımız’ mə’nasında düşünmək olar. Kara-Xartaş sözü aşkar şəkildə qara və qardaş sözlərinə ayrılır. Kandaş sözü də türkcə aydın izah olunur: kan - ‘qan’ sözü, daş isə ‘yoldaş, həm’rəy’ , ‘bir atadan olanlar’ mə’nalarını ifadə edən morfemdir. Kaslarda çar adı (e.ə.II minilliyin ortaları) olan Abirattaş sözündə də eyni şəkilçi vardır; akkadca yazılışda söz kökündə «t» qoşalaşmışdır. Söz qədim türk dilində amır/abır ‘sakitlik’, ‘əmin-amanlıq’ sözündən və -taş şəkilçisindən ibarətdir. Kikkiurtaş sözü şumer və qədim türk dillərində qiq - ‘göy’, ‘səma’, Kiur - ‘ildırım allahı’ sözlərinə və -taş şəkilçisinə ayrılır. Maruttaş sözü isə ‘Marut’ şəxs adı və ‘taş’ şəkilçisindən ibarətdir. Marut adını Ön Asiyaya hindlilərlə qonşuluqda olan bir türk tayfasının gətirdiyi güman edilir, çünki bu mülahizəyə görə, qədim hindlilərdə ‘Marut’ külək allahı olmuşdur.(6; 60) Bu söz Nazi-marut-taş kassit çar adında da vardır. Buradakı Nazi (Nasi) də şumer allah adlarındandır. Qeyd etməliyik ki, Harut, Marut Ön Asiyada çoxişlənən ən qədim əfsanəvi adlardır, ona görə də fikrimizcə, Marut sözü Hindistandan gətirilməyib, Ön Asiyada formalaşıb və buradan Hindistana aparılıb. Kadaşman-Turgu da kas çar adlarındandır. Sözün birinci komponenti düzəltmədir: qa -«qohum, qəbilə üzvü» deməkdir (25; 399),-daş şəkilçidir; man/mən ‘adam’ sözüdür. Turgu sözü də iki hissədən ibarətdir: ‘duran’, ‘əbədi’ mə’nasında tur - ‘dur’ sözü və fe’ldən isim düzəldən -gu şəkilçisi ilə yaranmışdır.
Kassi çarlarından dördünün adında Kadaş sözü vardır - iki Kadaşman-Harbe, iki Kadaşman-Enlil. Bu adlardakı Enlil və Harbe şumer allah adlarıdır. Bu göstərir ki, çar adlarındakı Turqu sözü də allah adı ola bilər, çünki mə’nası da - ‘duran’, ‘daimi’, ‘əbədi’ - allahlar üçün nəzərdə tutulan keyfiyyəti əks etdirir.
1956-cı ildə Amerika arxeoloji cəmiyyəti R.H.Daysonun rəhbərliyi ilə İran arxeoloji idarəsi ilə birlikdə qədim Manna ərazisindəki Həsənlu bölgəsində bir sıra əşyalar ortaya çıxarmışdır. Üzərində «Kadaşman Enlil» yazılmış daş fraqment, «Aşşurbalitin sarayı» sözləri yazılmış zədəli toppuz başı və «Uşişi günəş allahına (həsr edilmiş) İdi ölkəsi (hökmdarının) Bauri sarayı» yazılmış daş qab əldə edilmişdir. (Son tərcümənin axırı bir qədər şübhəli sayılır). S.Qaşqay bu kitabələrin, xüsusən sonuncunun e.ə.VIII əsrdən gec yazılmasının qeyri-mümkün olduğunu göstərir. Verdiyi faktlar onun bu fikrini təsdiq edir. Müəllif Kadaşman Enlil sözünü nəzərə alaraq yazır: «Əgər bu kassi hökmdarının adıdırsa, onda bu ad altında ilk dəfə hakimiyyət sürənin hökmranlıq dövrü e.ə.XIV əsrin əvvəlinə, ikinci hökmdarının isə e.ə.XIII əsrin ikinci yarısı - e.ə.XIII əsrin ortalarına aiddir. Bu əşyanın əvvəlki dövrdən qalma olduğu hesab olunur».(9; 15) Bu sözlərə şübhəni müəllifin sonrakı qeydləri aradan qaldırır: Aşşur hökmdarları arasında iki Aşşurbalit olub: I Aşşurbalit e.ə.1365-1330, II Aşşurbalit e.ə.611-609-cu illər arasında yaşamışdır və daş fraqment üzərindəki «Kadaşman Enlil» sözləri hadisələri e.ə.XIV-XIII əsrlərə - I Aşşurbalitin dövrünə aparır.
Kassilərin şəxs adlarında və ümumən xüsusi adlarda daş, taş şəkilçisi çox işlənmişdir. Bu şəkilçinin iştirakı ilə düzəlmiş Nazimaruttaş, Kidin-Hudrutaş, Nambanidaş, Nattaş və s. çar adları da mə’lumdur.
Qədim şəxs adlarının bir qismi türk dillərinə məxsus -eş şəkilçisinin iştirakı ilə düzəlmişdir. Elulumeş, İnimbakeş belə şəxs adlarındandır.
Kuti hökmdar adı Elulumeş (e.ə.XXIII əsr) sözünün sonunda kasların və madalıların şəxs adlarında çox işlənən eş şəkilçisi vardır. Bunu İ.M.Dyakonov da qeyd etmişdir. Sözün kökünü isə Q.Qeybullayev şumerlərin Luma allahının adı ilə bağlamışdır. (6; 54) Bizim fikrimizcə, bu sözün kökündə el-ulu sözləri və ya lulu sözü, mənsubiyyət bildirən -im şəkilçisi vardır. Söz ‘elimə-uluma yoldaş’ və ya ‘lulu yoldaşım’ mə’nasını verən ləqəbdir. İnimbakeş kuti hökmdar adı (e.ə.XXII əsr) isə Q.Qeybullayev tərəfindən inim-aba-eş şəklində ayrılmış, ‘qərarına görə’, ‘sözünə görə’, ‘rə’yinə görə’ mə’nasında şumer dilindəki inim sözündən; şumer və türkcə ‘əcdad’, ‘qoca’, ‘ata’ mə’nasında aba sözündən ibarət mürəkkəb söz kimi izah edilmişdir. Müəllifin fikrinə görə, söz bütövlükdə -‘əcdadın qərarına görə’ mə’nasındadır. (6; 54) Lakin söz mənsubiyyət şəkilçili ini-m («əzizim», «yaxınım», ‘kiçik qardaşım’) və bak - ‘bəy’ sözlərinə, -eş şəkilçisinə daha aydın ayrılır. Ümumi mə’nası ‘kiçik bəy yoldaşım’ deməkdir.
Kuti hökmdar adı İngeşuş (e.ə.XXIII əsr) şumer baş allahı Engu (Enki) və şumercə şuş ‘ağuşunu açdı, yayıldı’ sözlərinə ayrılmışdır. (6; 55) Yəqin ki, bu söz ‘Engeşuş’ yox, ‘Enguşeş’ şəklindədir və sondakı -eş isim düzəldən şəkilçidir - İnimabakeş, Elulumeş sözlərində olduğu kimi; mə’nası ‘Enki allahına yoldaş’dır. Ad yox, ləqəbdir.
Lullubi, kuti, kassi çar adlarının bir qismi allah adlarının iştirakı ilə düzəlmişdir və ya bütövlükdə allah adlarından ibarətdir. Buraya Ulamburiaş, Harbaşipak, Şaqaraktu-Şuriaş, Kudur-Enlil, Kiurum, Kuriqalzu, Anum, İştar, En-Ridavazir kimi çar adlarını daxil etmək olar.
Ulamburiaş - hökmdar adı ulam və Buriaş sözlərinin birləşməsindən ibarətdir. Buriaş çox işlənən allah və hökmdar adlarındandır. Kasların e.ə.1775-1747-ci illər arasında I Burna-Buriaş və II Burna-Buriaş kimi iki çar adı da mə’lumdur. Q. Qeybullayev bu sözü Midiyada Buriaş (e.ə.843), «Dədə Qorqud»da Baybura, Orta Asiyada (XIII əsr) Buritay, orta əsrlərdə Xorasanda türk hakimi Buribaş adları ilə eyni köklü hesab etmiş və bunların hamısını qədim türklərə məxsus qurd totemi - ‘böri’ sözü ilə əlaqələndirmişdir. Bizim fikrimizcə, Buriaş - ‘böri’ sözü ilə deyil, ‘boran’ sözü ilə bağlıdır və İldırım allahının adını mühafizə edir. Qədim türklərdə Ulam şəxs adı, e.ə.XI əsr kassit çar adı Ulam qeyd edilən sözün (Ulamburiaş sözünün) birinci komponentinin müstəqil söz olduğunu göstərir. Bu söz türk dillərində ‘çapar’, ‘xəbər gətirən’ mə’nalarındadır. (6; 58-59) Kaslarda hökmdar adı olan Harbaşipak sözü isə kasların Harbe allahının adı ilə bağlıdır; aş sözünü Q.Qeybullayev şumer dilində ‘bir’, bak/pak sözünü ‘parıldamağa başlamaq’, ‘açılmaq’ mə’nasında izah etmiş, sözə bütövlükdə ‘Harbe allahının köməyi ilə bir açılan’ mə’nasını vermişdir.(6; 60) Sözün son hissəsinin izahı şübhəli görünür. Həmin söz bəy sözü olsa, ‘Harbe (allahı) vahid hakimdir’ mə’nası ifadə edilmiş olar. Harbaşipak ad yox, ləqəbdir.
Kaslarda çar adı Kudur-Enlil (e.ə.1264-1256) şumer allah adının - Enlil sözünün iştirakı ilə yaranmışdır; Kudur - sözünün kökü ku - ‘izləmək’, ‘güdmək’, ‘qorumaq’ deməkdir. (25;322) Söz ‘Enlil qoruyur’ mə’nasında ləqəbdir. Şagaraktu-Şuriaş (kas çarı, e.ə. 1255-1243) adının birinci komponenti - Şagaraktu sözü üç elementin birliyi kimi izah edilmişdir: şag - şumercə ‘xeyir gətirən’, ar(a) - ‘ər’, ‘oğul’, ‘qul’ və Utu (Günəş allahı); Şuriaş isə kaslarda allah adıdır. (6; 61) Şaq sözü şumer dilində ‘ürək’ mə’nasında da işlənir. Ona görə də mürəkkəb ad ‘Şuriaş Günəş allahının (Utunun) ürəyidir’ mə’nasını verir.
Kaslarda müxtəlif vaxtlarda (e.ə.II minillik) yaşamış iki çarın adı Kuriqalzu olmuşdur. Bu ad kuru və qalzu sözlərinə ayrılır. Kuru sözü ildırım allahı Kuar ilə müqayisə olunur, yaxud şumercə kuru ‘xeyir verən’ kimi izah edilir; qalzu - şumercə ‘müdrik olmaq’, ‘böyük’, ‘ulu’ mə’nalarındadır. Söz bütövlükdə ‘Kiur allahı böyükdür’ və ya ‘xeyir verən müdrik’ kimi izah edilmişdir. (6; 61-62) Q.Qeybullayev izə düz düşərək göstərir ki, qal sözü ‘ulu, böyük’ mə’nalarında ilk dəfə şumer allah və hökmdar adlarında (Ningal - allah adı, Akurgal, Utuxegal - çar adları) və sonra da akkad çar adlarında (Nergal, Nerqalın arvadının adı Ereşikigal) işlənmişdir. Müəllif qal sözünü qədim türkcə kal - ‘qoca’, ‘hörmətli’ sözündə müşahidə etdiyini bildirir. Bunlar doğrudur və həmin söz bizim bu gün işlətdiyimiz ‘yüksək’ mə’nasında qəlbi sözünün kökündə yaşamaqdadır.
Kasların xüsusi adlarında türk rəngi çox güclüdür və bütün başqa tayfa antroponimlərinə nisbətən türk mənşəyi daha aydın seçilir.
Abidələrdə Kiurum yeganə lullu allah adı hesab olunur. Sözün -um hissəsinin akkad şəkilçisi ola biləcəyi güman edilir. (7; 303) Bu söz eyni zamanda Kurum şəklində kutilərdə çar adı (e.ə.XXIII əsr) olmuşdur. İ.M.Dyakonov bu adı sual işarəsi ilə ‘qəm’, ‘qüssə’ mə’nasında izah etmişdir. Q.Qeybullayev bu fikirlə razılaşmayaraq həmin sözün şumer-türk mənşəli olduğunu, şumercə kuru sözünün ‘xeyir verən’ mə’nasını ifadə etdiyini göstərmişdir. (6; 52) Bizim fikrimizcə, Kiurum və Kurum eyni sözlərdir və hər ikisində ildırım allahı Kuar və -m,-um mənsubiyyət şəkilçisi vardır. Bu sözün də ləqəb olduğu hiss olunur. Bu sözə müvafiq olaraq Anum allah adı da An-um şəklində hissələrə ayrılır və lullubilərin tapındıqları şumer allah adıdır. Lulluların An və Ki şumer allahlarına tapınması onların şumerlərlə bir kökdən olduğuna sübutdur. Kuti hökmdar adı En-Ridavazir (e.ə.XXIII əsr) sözünün əvvəlindəki En də şumerlərdə göy allahının adıdır. İştar sözü lullularda akkad allah adlarından sayılır; Arattada bunun əvəzinə, şumerlərdə olduğu kimi, İnanna (bərəkət və məhəbbət ilahəsi) əsas idi.
Lullubi padşah adlarından biri İmmaşgun’dur (e.ə.2200-2170). Bu sözün ilk hecası İm, fikrimizcə, geri assimilyasiya ilə En allah adıdır, maş şumer dilində «xeyir verən» deməkdir, -gun isə müasir dilimizdə də işlənməkdə olan ad düzəldən şəkilçidir. Ümumi mə’nası ‘En xeyir verəndir». Təbii ki, ad deyil, ləqəbdir.
Tukriş ölkəsində hökmdar adı Arisen də türk mənşəli olub ‘cəsur adam’, ‘nəcib adam’ mə’nasında izah edilmişdir: ar/ər - ‘cəsur’, ‘igid’, -sen - -şın, -çın, -çı ‘adam’.(2; 82) Ari sözü ‘saf’, ‘təmiz’ demək olduğu üçün bu sözü ‘saf, təmiz adam’ (qaraşın, sarışın sözlərində olduğu kimi) mə’nasında ləqəb bildirən söz kimi də düşünmək olar.
Elam padşah adları içərisində də aydın türk mənşəli antroponimlər vardır. Elam hökmdarı Kutik-İnşuşinak (e.ə.2240-2190) adında ləqəb bildirən «Kutik» sözü «gödək» sözüdür. Və ya Elamın Babilistana qoyduğu hökmdarın - Kutir Nahhuntininin (e.ə.1155-1150) adında «Kutir» sözü «qotur» sözüdür və əvvəlki kimi, bu da ləqəbdir. Urmiyadan şimal-qərb ərazilərində e.ə. VIII əsrdə Kotur adlı şəhər olduğu da mə’lumdur - Qoturçay ətrafında.(26; 193) İrəvan quberniyasında Qotur, Borçalı qəzasında, Gəncə quberniyasında Qoturbulaq kəndləri mə’lumdur. (32; 237-238) Qotur kənd adı məcazilik əsasında («bitkisiz, otsuz yer») yaranmışdır, bulaq adında isə həqiqi mə’nadadır, yə’ni ‘qoturluğu müalicə edən bulaq’.
Aydın izah olunan sözlərdən biri də kuti hökmdar adı Sarlagab’dır (e.ə.XXIII əsr). Sözün sar hissəsi ilkin mə’nasına görə şumerlərdə allah adlarından birini bildirir; şar forması da var; çar sözü də buradandır. Sözün laq hissəsinə Q.Qeybullayev çoxlu türk adlarında rast gəlmişdir: Sak çarlarından Eslak, Orta Asiya Eftalit çarlarından Yavunlax (IV əsr), Atillanın oğlu Ellak, 529-cu ildə Türk xaqanlığından Bizansa göndərilmiş səfir Mailax, Hun çarlarından Sangilag, türk mənşəli Uturqur tayfa birləşməsinin başçısı Sandilax, suvar xaqanlarından Bolax, Uyğur xaqanlarından Yaqlak, Xarəzmşahlardan Ozlaq, Sibirdə Taybuqiq türk tayfasının başçısı Xabolak (XIV əsr) və s. O, bu elementi ‘birləşdirən’, ‘əlaqə yaradan’ mə’nasında bir söz kimi izah etmişdir.(6; 53) Bizcə, bu, sənət, peşə bildirən -lıq şəkilçisidir; Etimoloji lüğətdə ap/ab ‘möhkəm’, ‘bacarıqlı’, ‘qorumaq’, ‘sevmək’ mə’nalarındadır. (62;59) Ona görə də Sarlagab sözünü ‘çarlıqda möhkəm’, ‘çarlığı sevən’, ‘çarlığı qoruyan’ mə’nalarında ləqəb bildirən söz kimi izah etmək olar. Y.Yusifovun qeydlərindən görünür ki, Sarlaqab sözünün Sarlanqab şəklində türk dillərinə məxsus ng qovuşuq səsi ilə işlənən variantı da olmuşdur. Kutilərin Yarlagab, Yarlaganda, Yarlagaş şəxs adları da vardır. Bu sözlərin kökü yar ‘yarğan’, ‘dərə’, ‘yarmaq’, ‘keçmək’ və ya ‘yaxın’, ‘dost’ mə’nalarında qədim türk (son mə’nalarda fars) sözüdür.(25; 239) Hər üçündə eyni şəkildə -laq şəkilçisi vardır. Sar-laq-ab sözünün ilk iki hissəsinin bu sözlərin ilk iki hissəsi ilə uyğunluğu, bu sözlərdə yalnız son hissənin (-ab,-anda,-aş hissələrinin) dəyişməsi sözlərin düzgün bölündüyünü göstərir. Birinci sözü (Yarlaqab) ‘yarıb-keçməkdə bacarıqlı olan’, ikinci sözü (Yarlaqanda) ‘dostluqda möhkəm’, son sözü aşmaq fe’li ilə (Yarlaqaş) ‘dərə(lik)lər aşan’ mə’nasında izah etmək olar. Sarlangab sözünə müvafiq olaraq bu sözlərin də ng burun səsi ilə tələffüzünü (Yarlangab, Yarlanganda, Yarlangaş) güman etmək olar.

Bütün bunlar göstərir ki, İ.M.Dyakonovun heç bir şərq dili ilə izah oluna bilmədiyini qeyd etdiyi kuti, kas və lullubi xüsusi adları türk dilləri bazasında izah olunur. Kuti toponimlərinin mə’lum olmadığı göstərilir. Lakin bir fakt kimi təsdiq olunur ki, kutilərin və lullubilərin sonrakı nəsilləri mannalılar və madalılardır (bunu heç kim inkar etmir), odur ki, qədim Manna və Mada toponimləri elə kutilərin və lulluların da mirasına daxildir. Manna və Mada toponimləri isə, bir qədər sonra görəcəyimiz kimi, türk dilləri ilə izah olunur.


E.ə.III-II minilliklərə dair araşdırmalar 60-cılar hərəkatının fəaliyyəti ilə bağlı olub, keçən əsrin 80-90-cı illərində daha geniş vüs’ət almışdır. Ona görə də ədəbi dilimizin təşəkkül və inkişafı sahəsində uzunmüddətli səmərəli tədqiqatlar müəllifi Ə.Dəmirçizadə 50-60-cı illərin materialları əsasında Azərbaycan ərazisində türk tayfalarının tarixini o qədər də uzaqlara apara bilməmiş, təqribən e.ə. birinci minilliklə kifayətlənmişdir: «Azərbaycan dilinin əsas mənbələri eramızdan əvvəl və eramızın birinci min ili dövründə Xəzər dənizinin şərqində, şimalında, qərbində, cənubunda, ümumən Qafqazda məskən salmış sak - skif, qas - qaspi - qassit - Xəzər, sabir - suvar, hun - qun, türk - törək, quz - oğuz, qıpçaq - qıfçax adları ilə tanınan qəbilə və tayfaların dilləri olmuşdur». (27; 48) Son dövrün araşdırmaları nəticəsində əldə edilən fonetik, morfoloji, sintaktik və xüsusilə leksik materiallar göstərir ki, Azərbaycan ərazisində türk tayfaları türklərin Ön Asiyada başqa dillərə məxsus protodillərdən ayrıldığı gündən mövcud olmuş və Uzaq Sibirə, Mərkəzi Asiyaya, Altaya da buradan getmişlər. Azərbaycan ərazisinə bütün bizə mə’lum olan miqrasiyalar sonrakı əks miqrasiyalardır.

 

 



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin