M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə20/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

Alban (aran) dili

E.ə.II əsrdən başlayaraq, antik müəlliflərin əsərlərində, erməni, gürcü, suriya, ərəb mənbələrində Qafqaz Albaniyası, onun təsərrüfat həyatı, etnik tərkibi, dili və dövlət quruluşu barədə mə’lumat verilmişdir. «Albanlar nisbətən böyük ərazidə yaşayırdılar: qərbdə İberiya, şərqdə Kaspi dənizi, şimalda Qafqaz dağları, cənubda isə Ermənistan ilə həmsərhəd idilər». (50;16) Onların Ermənistan, Gürcüstan və Dağıstan ərazilərində də yayıldığı mə’lumdur. Strabonun mə’lumatına görə, e.ə. IV-III əsrlərdə albanların bir hissəsi Midiya-Atropatena ərazisində də yaşayırdı. Albanların türkdilli tayfa olduğunu qeyd edən tarixçilər bu faktı ona görə daha çox qiymətləndirirlər ki, o dövrdə Midiya ərazisində qafqazdilli əhali yaşamırdı və yaşaya bilməzdi.(6; 184) Və digər tərəfdən, eyni tayfanın şimalda və cənubda yayılması ümumxalq dilinin təşəkkülü baxımından faydalı idi.


Ərəb mənbələri Albaniya ərazisində işlədilən dili Arran dili, qədim erməni müəllifi Koryun (V əsr) Albaniya əhalisinin dilini alban dili adlandırmışdır. Suriya müəllifi Zaxari Ritor 555-ci ildə yazmışdır: »...Arran (Albaniya) diyarının öz dili, dindar və xaç suyuna salınmış xalqı, fars şahının tabeliyində olan hökmdarı vardır».(2; 217-220) X yüzilliyin ərəbdilli müəlliflərindən əl-İstəxri «Məmləkətlərin yolları kitabı»nda yazır: «...Dəbil və onun ətrafındakı əhali erməni dilində, Bərdə nahiyyələrinin əhalisi isə arran dilində danışır».(4; 114) Göründüyü kimi, burada ‘Arran dilləri’ndən, ‘Alban dilləri’ndən deyil, vahid dildən, vahid xalqdan söhbət gedir.Strabon, İppolit Kimski, Kalankatuklu Moisey, Koryun, Sebeos, Xorenasi, Zaxari Ritor, Etum və ərəb müəllifləri ayrıca alban dilinin olması haqqında mə’lumat vermişlər.(49; 110)
Alban dili və alban xalqı yerli və gəlmə türk etnoslarının qarışması əsasında təşəkkül tapmışdı. Lakin bu dili Qafqaz dilləri qrupuna aid etmiş, Albaniyanın əsas əhalisi sayılan albanların və utilərin qafqazdilli olduğunu sübut etməyə çalışmışlar. Çox qədim dövrlərdən Azərbaycan ərazisində yaşayan və sonralar hun ittifaqında təmsil olunan utiqur, utidors tayfalarını qafqazdilli udilərlə eyniləşdirmişlər. Başqa bir mülahizəyə görə, »Hələ I yüzillik müəlliflərinin əsərlərində adı çəkilən türkdilli udon soyunun adı təhrif olunmuş və udin kimi səslənməyə başlamışdır».(5; 83) Hazırda Qəbələ rayonunun Nic kəndində yaşayan udinləri albanların qalıqları hesab etmişlər. Bu fikri ilk dəfə 1944-cü ildə heç bir əsas olmadan İ.P.Petruşevski söyləmiş, S.T.Yeremyan, Z.İ.Yampolski, Z.M. Bünyadov, Q.A.Klimov, A.Q.Şanidze, İ.H.Əliyev, V.L.Qukasyan, F.Məmmədova qəbul və təkrar etmişlər. Dağıstandilli udinlər Alban tayfa ittifaqının bir üzvü olmuşdur. Strabon Atropatenada Xəzərin cənub-qərbində alban və uti tayfalarının yanaşı yaşadığını göstərir. Bu ərazidə udinlər ola bilməzdi. Deməli, bir tərəfdən, utilərlə udinlər, o biri tərəfdən də udinlərlə albanlar eyniləşdirilmişdir. E.ə. IV əsrdən eramızın VII əsrinədək dövləti olan, ən geci V əsrdən yazısı olan albanlarla kiçik bir tayfa olan udinlərin eyniləşdirilməsi heç bir məntiqə sığmır. Bu cür köklü bir səhvin nəticəsidir ki, S.T.Yeremyan və A.Q.Şanidze alban dilini udin dili hesab etmiş, albanları udinlərin əcdadı saymışlar.
Türkdilli utilərlə e.ə. III minilliklə I minillik arasında yaşamış kutiləri də eyniləşdirmək olmaz və əksər tarixçilər bu fikirdə olmuşlar ki, bunlar ayrı-ayrı tayfalardır. Doğrudur, Herodot utiləri Arazdan cənubda - vaxtilə kutilərin yaşadığı ərazidə təsvir edir (10; 45), lakin assur-babil mənbələrinin göstərdiyi kimi, «göydə ulduzlar qədər miqdarı bilinməyən» kutilər daha geniş ərazilərdə yayılmışdılar.
Albanların türk mənşəli geniş yayılmış tayfalardan biri olduğunu sübut edən mühüm bir dəlil də ondan ibarətdir ki, türkmənlər, qazaxlar, qırğızlar, qaraqalpaklar və özbəklər arasında bu gün də ‘alban’ adlı türkmənşəli tayfalar vardır. Qazaxlar arasında ‘matay’ və ‘alban’ tayfaları daha qədim hesab olunur. (9; 74) Bir sıra türk epos qəhrəmanları Alban (‘ağıllı’, ‘güclü’, ‘müdrik’ mə’nalarında) adı daşıyır. (3; 8) Tarixi izlər əsasında müəyyən edilmişdir ki, alban adlı tayfa eramızın əvvəllərində hunların da tərkibində olmuşdur.(6; 194)
Albaniyanın əsas tayfalarından biri də utilər idi. Herodot utilərin Midiyanın iki əyalətində yaşadıqlarını qeyd edir. Urartu mənbələrində Göyçə gölü hövzəsində Etuini adlı ölkənin olduğu göstərilir (e.ə.VIII-VII əsrlər). Erməni mənbələrində bu ölkə «Uti ölkəsi» adlanır. Deməli, bunlar da utilərdir. Plini (I əsr) göstərir ki, albanlardan yuxarıda skiflərdən olan udin tayfası, udinlərdən yuxarıda isə utidors adlı tayfa yaşayır. Q.Qeybullayevin fikrincə, utidors sözü utidur-s şəklində olmalıdır və buradakı «s» - yad dilin elementidir, adlıq hal şəkilçisidir, -dur hissəsi isə bayandur, çavundur, hundur və s. türk tayfa adları üçün səciyyəvi formantdır. Bunlar da göstərir ki, utilər və utidurlar türk tayfalarıdır. Onların skiflərdən olması da bu fikri təsdiq edir. Eramızın IV-V əsrlərində Şimali Qafqaz çöllərində hunların utiqur tayfasının olduğu göstərilir. Utiqur bə’zi türk tayfa adlarına (uyqur, sarıqur, kuturqur, yazqur, salqur və s.) uyğun qurulmuşdur. V.V.Bartold qur sözünün monqol dilində ‘xalq’ mə’nasında işləndiyini qeyd etmişdir. Rəşidəddin monqollar arasında ‘udiut’ (-it cəm şəkilçisidir) tayfasının adını çəkmişdir.Udmurtların adında da ‘ud(i)’ var. XVII əsrdə Sibirdə yaşamış bir tayfa ‘udin’ adlanmışdır. Həmin tayfanın adı ilə bağlı şəhər də var: Nijni-Udinsk. XVIII əsrdə Azərbacanda yaşayan Şahsevən türk tayfa birləşməsinin bir qolu ‘udulu’ idi. (6; 45) Bütün bunlar qafqazdilli udinlərlə türkdilli utiləri fərqləndirmək üçün kifayət etməlidir.
Y.B.Yusifovun fikrincə, e.ə. III minilllikdə Ümumdağıstan kök dili mövcud olmuş və həmin dil tədricən nax və ləzgi dil qruplarına parçalanmışdır. Ləzgi dil qrupunun parçalanması isə I minillikdə baş vermişdir. Orta əsr qaynaqlarında Dərbənd bölgəsində və Koysu-Samur hövzəsində ləzgi etnosları (ud/udi/udin, qel, leq, lpin, cilb, cikb və s.) yad edilir.»Bir ehtimala görə, ümumləzgi kök dilindən əvvəlcə xınalıq dili, sonra arçin və udin dilləri, daha sonra isə buduğ, qrız, rutul və saxur dilləri təcrid olunmuşdur».(2; 222) Beləliklə, ləzgi dil qruplarında udinlərin meydana çıxması sonrakı (eramızın I minilliyi) hadisə olduğu halda, türkdilli utilər çox qədim tayfalardandır və e.ə.VIII-VII əsrlərə aid mixi yazılarda onların haqqında mə’lumat verilmişdir. Albanların isə çox geniş yayılmış türk tayfalarından olduğunu və hazırda əksər Orta Asiya respublikalarında öz tayfa adlarını (alban adını) yaşatmaqda olduqlarını irəlidə qeyd etdik.
Qaynaqlar Arran/Aran/Alban dilindən danışır və onun vahid dil kimi işləndiyini, Azərbaycanın şimal hissəsində ümumi ünsiyyət vasitəsi olduğunu təsdiq edir. Lakin bu dilin mənşəyi haqqında müxtəlif fikirlər vardır. F.C.Məmmədova Albaniya ərazisində ayrı-ayrı vilayət və əyalətlər üzrə məskunlaşmış tayfalar haqqında imkan daxilində dəqiq mə’lumat versə də, onların etnik mənsubiyyətinə az toxunmuşdur. Lakin alban etnosuna həsr etdiyi ayrıca bir məqaləsində İ.M.Dyakonov və V.Qukasyanın fikirlərinə əsaslanaraq heç bir araşdırma aparmadan yazmışdır: »Bütün Albaniya üçün geniş yayılmış tayfalararası ünsiyyət dili şimal-şərqi Qafqaz dilləri qrupuna (nax-Dağıstan) aid olan alban dili idi».(49; 110)
Alban dili ərəbdilli mənbələrdə əksərən ərəb və fars dilləri ilə qarşılaşdırılır, mənşəcə nədən ibarət olduğu açıq söylənməsə də, aydın olur ki, bu dillərdən fərqli bir dildir. Alban dili Qafqaz mənşəli ola bilməzdi. Tarixçilərin qeyd etdiyi kimi, Qafqaz dillərindən, daha dəqiq desək, nax-Dağıstan dillərindən heç biri Azərbaycan ərazisində heç vaxt ümumünsiyyət vasitəsi olmamışdır. F.Məmmədovanın öz araşdırmaları da onun yuxarıdakı fikrini təkzib edir.
F.Məmmədova Kalankatuklu Moiseyin və erməni mənbələrinin verdiyi materiallar əsasında Albaniyanın vilayət və əyalətlərə necə bölündüyü və hər bir vilayətdə hansı tayfaların məskunlaşdığı barədə ətraflı mə’lumat vermişdir. (48-105) Tədqiqatdan aydın olur ki, albanlar (ayrıca bir etnos olan alban tayfası) kompakt halda bir yerdə deyil, ölkənin, demək olar ki, əksər ərazilərində -Lpina, Kambisena, Şəki vilayətlərində yaşamışlar; Paytakaran - Balasakan kimi böyük ərazinin də əsas əhalisi albanlar olmuşdur. (48; 89) Bundan əlavə, «Albaniya tarixi»nə əsasən, Girdman əhalisinin də «Aran nəslindən» olduğu göstərilir. Alban hökmdarı Aran isə Sisakan (Sünik) nəslindən sayılır və deməli, Girdman və Sünik əhalisi də Aranın öz tayfasından - aranlılardan (albanlardan) ibarət olmuşdur. Beləliklə, albanlar ölkə ərazisində ən geniş yayılmış bir tayfa olmuşdur. Bu cəhət eyni zamanda iki məsələnin həllinə kömək edir. Belə geniş yayılmış bir əhali izsiz yox ola bilməzdi - necə olsa, öz izlərini saxlamalı idi. Lakin xüsusi qafqazdilli alban tayfa izinin olmaması göstərir ki, albanlar türk olmaqla başqa türk tayfaları ilə qarışmış, başqaları kimi, onlar da etnik adını tədricən unudaraq Azərbaycan xalqının etnik tərkibində mühüm yer tutmuşlar. İkinci bir tərəfdən, bu tayfanın heç bir iz qoymadan məhv olduğunu iddia edənlər daha çox qədim Arsax ərazilərini nəzərdə tuturlar. Guya Dağlıq Qarabağ ərazisində xristian albanlar erməniləşmiş və məhv olmuşlar. F.Məmmədovanın fikirlərində ziddiyyətlər vardır. Bir tərəfdən yazır: «Lakin Arsaxda - Dağlıq Qarabağda alban əhalisi hələ uzun müddət, ta 1836-cı ilədək adda-budda yaşamaqda davam edir, özünün milli mövqeyini, ərazi, dini və siyasi birliyini, eləcə də alban etnik özünüdərkini saxlayırdı».(48; 234) Bizə görə, burada söylənilən fikir, xüsusilə 1836-cı ilə qədər Qarabağda albanların adda-budda yaşaması və sonra birdən-birə yox olması əsassız fikirdir. Bunlar kim idi, hansı dildə danışırdılar? Nə üçün yazıları qalmayıb? Əgər həmin dövrdə deyildiyi şəkildə tayfa elementləri olmuşsa, şəksiz, onlar hələ də öz etnik adını unutmamış türk-albanlar olmuşlar. Digər tərəfdən, müəllif albanların bir etnos kimi Kürün sağ və sol sahil vilayətlərindəki geniş ərazilərdə yaşadıqlarını müəyyənləşdirdiyi halda, onların məhvini kiçik bir ərazidə - Dağlıq Qarabağda axtarır. Və eyni zamanda Arsaxın əhalisinin tamamilə başqa tayfalardan ibarət olduğunu göstərir: «Ermənistan coğrafiyasın»na görə Arsax 12 xırda inzibati vahidə bölünmüşdü. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və basillər təşkil edirdi». (48; 94) Oxucu güman etməsin ki, müəllif bu fikri verməklə «Ermənistan coğrafiyası»nı tənqid etmək istəmişdir. Buradakı fikir müəllifin bir mənbə kimi qənaətbəxş hesab etdiyi fikirdir. Bəs Qarabağda sonralar peyda olan o albanlar haradan meydana çıxdılar? Hələ üstəlik müəllif yazır: «..özünün siyasi təşkilatından, habelə, bir tərəfdən, islama, digər tərəfdən, monofizit qriqorian erməni kilsəsinə və diofizit gürcü kilsəsinə sinə gərə biləcək müstəqil dinindən məhrum olmuş albanların böyük hissəsi müsəlmanlaşmış və artıq o vaxt (XIII əsrdə - Q.K.) ölkənin ən güclü etnosu olan türkdilli tayfalara qarışmış, yerdə qalan kiçik bir hissəsi isə ermənilərin və gürcülərin mədəni-ideoloji assimilyasiyasına mə’ruz qalaraq həmin millətlərə qarışmışdır.»(48;234) Buradakı fikirlər ona görə özünü doğrultmur ki, bu hadisə - erməniləşmə Qarabağ ərazisində ola bilərdi, Qarabağda isə Albaniya dövlətinin mövcudluğu dövründə alban tayfası görünmür. Bəlkə də varmış və hətta Gürcüstan sərhədlərində də yaşayırmışlar. Çünki belə də fikir vardır ki, ərəb istilasından sonra «Arran» sözü tədricən şimali Azərbaycana aid olmuş, «Alban» sözü isə məhdudlaşaraq Yuxarı Qarabağa aid edilmişdir. (2;216) Buna görə bəlkə də həqiqətən tayfa nümayəndələrinin az bir qismi erməniləşib, gürcüləşib, amma böyük hissəsinin türklər tərəfindən assimilyasiya olunması fikri etnosun mənşəyinə mə’lum konsepsiya nöqteyi-nəzərindən yanlış baxışla bağlıdır. Bunlar faktlardan doğan nəticə deyil, mövcud qeyri-elmi konsepsiyanın tə’siri ilə söylənmişdir. Müəllif kitabı bitirərkən əsl həqiqəti daha düzgün söyləməli olmuşdur: «Albanların digər etnosların içərisində əriyərək heç bir iz qoymadan məhv olması haqqında mülahizələr doğru deyil. Azərbaycanın antik və erkən orta əsrlər mədəniyyətini yaradan etnoslardan - azərbaycanlı türklərin əcdadlarından biri albanlardır. Azərbaycan tarixində və bəşəriyyətin mədəniyyət tarixində albanların yeri də məhz bununla müəyyənləşdirilir». (48; 234)
Alban dili yeni minilliyin başlanğıcında başqa türk etnoslarının dili ilə qaynayıb-qarışaraq formalaşmış Azərbaycan türk dili idi: Tədqiqatçılar alban dilinin mənşəyini izah etmək üçün saysız toponim və antroponimlər üzərində etimoloji araşdırmalar aparmış, etnonimlərin etimoloji izahını vermişlər. M.İsmayıl yazır: «Hun sərkərdələrindən birinin adı Zoberqan olmuşdur. Alban çarlarından biri isə Zober adlanırdı və K. Əliyevin fikrincə, bu adların eyniliyi sadəcə oxşarlıq olmayıb, hunlarla albanlar arasında nəinki dil, hətta etnik eynilik olmasını göstərir». (5; 80-81) Əhalinin əksəriyyətini təşkil edənlər uzaq keçmişdən bu yerlərdə məskunlaşmış albanlar, qarqarlar, utilər və eramızın I minilliyində ardı-arası kəsilmədən ölkəmizin ərazisinə axışan qıpçaqlar, oğuzlar, hunlar, xəzərlər idi. Bu tayfalar az-çox şivə fərqi ilə bir dildə danışırdılar. Bu dilə Alban dili də deyilmişdir, Arran dili də. Qaynaqlarda «Arran dili» ifadəsi daha çox işlənmişdir. Alpan, Alban, Alvan, Ağvan etnotoponimlərinin ölkəmizin ərazisində geniş yayılması daha çox bu dövrlə bağlıdır.
Alban etnotoponimlərinin çoxu azacıq fonetik dəyişikliklərlə indi də qalmaqdadır.
Alpan forması: Gürcüstanda iki ‘Alpani’ kəndi; Şərur-Dərələyəz ərazisində iki ‘Elpanos’ kəndi və ‘Alpan’ dərəsi; Quba rayonunda ‘Alpan’ kəndi; Azərbaycan-Dağıstan sərhədində ‘Alpanar’ kəndinin xarabalığı...
Alban forması: Lənkəran qəzasında (XIX əsr) ‘Albani’ kəndi; Naxçıvanda ‘Alban’ təpələri; Qax rayonunun Ləkit kəndi yaxınlığında ‘Albantala’; Gürcüstanda ‘Albani’ kəndi...
Alvan forması: Qəbələ və Göyçay arasında ‘Alvan’ dərəsi; Cənubi Azərbaycanın Əhər mahalında ‘Alvan’ kəndi; Təbriz yaxınlığında ‘Alvanaq’ kəndi; «Məhəmməd və Güləndam» nağılında ‘Alvan (Əlvan)’ dağı...
Ağvan forması: Kolatağ çayının Xaçınçaya töküldüyü yerdə ‘Ağvan’ istehkamı; Zəngəzurda (XIX əsr) ‘Ağvanlı’ kəndi. Şuşa yaxınlığında ‘Ağvan’ xarabalığı. (6; 29-30)
Naxçıvan, Əhər, Zəngəzur, Şuşa, Göyçay ərazilərinə səpələnmiş Alban etnotoponimləri xalqımızın etnik tərkibində albanların necə böyük rol oynadığını aydın göstərir. Albanlar qafqazdilli olsa idilər, Dərələyəzdən Lənkərana qədər yayıla bilməzdilər.
Erkən orta əsrlərdə Şimali Azərbaycanın ərazisi Albaniya adlanırdı. Ərəb mənbələrində Arran (və Alran), Suriya mənbələrində Aran, qədim erməni yazılarında Ağvan (Alovan), gürcü mənbələrində Rani, qərb hissəsi Hereti şəkillərində qeydə alınmışdır. (2;145) Sözün kökündə ‘alban’ etnonimi durur. Antik müəlliflərdən Plini (I əsr) ‘alban’ sözünü latınca albus ‘ağ’ mə’nasında izah etmişdir. Bu fikri Strabon, Hay Yuli Solin və başqaları da təkrar etmişlər. Albaniya xoronimini kelt dilində alb/alp ‘dağ’, ‘yüksəklik’ mə’nasında da izah etmişlər (B.A.Ulubabyan). A.Yanovski, N.Y.Marr, K.V.Trever, R.M.Maqomedov, Z.İ.Yampolski və başqalarının fikrinə görə, «alban» etnonimi latın mənşəli söz olub «dağlar ölkəsi» deməkdir. Aydın Məmmədov alban, ağvan, Aran sözlərini «parlaq səma» mə’nasında izah etmişdir. Bə’zən avarlara tətbiq edilən halbi (-bi cəm şəkilçisidir) sözü ilə əlaqələndirmişlər.
K.Əliyev ‘alban’ sözünü qədim Xevsur əyalət kahinlərinin (şərqi Gürcüstanda) dilində olan «müqəddəs meşə» mə’nasında alvani sözü ilə müqayisə etmiş, lakin ‘alban’ sözünün bu sözdən olacağını güman etmədiyini bildirmişdir. Q.Qeybullayev əks əlaqənin, yə’ni kahinlərin dilindəki alvani sözünün alban etnonimi ilə əlaqəsinin mümkünlüyünü qeyd etmişdir.(9; 60-61)
Göründüyü kimi, ‘alban’ sözünün mənşəyi müxtəlif şəkildə izah olunmuşdur. Bu sözü hələ XIX əsrdə A.Bakıxanov latın dilindəki ‘alp’ sözü ilə («belıe» v smısle «svobodnıe») əlaqələndirmişdir. K.V.Trever isə bu sözün ‘dağ’, ‘yüksək’ mə’nasında kelt mənşəli ‘alp’ sözü ilə bağlı olduğunu qeyd etməklə yanaşı, Şotlandiyanın adının qədim keltcə «Albaniya» olduğunu və Şotlandiyanın ən dağlıq adalarından birinin ‘Arran’ adlandığını da göstərmişdir. (10; 64) Ə.Dəmirçizadə bu sözün mixi yazılarda ‘al-ban’ şəklində yazıldığını, ‘yuxarı ölkə’, ‘şimal əyalət’, ‘dağlıq’, ‘dağıstan’ mə’nalarında olduğunu və ermənilərin işlətdiyi ‘Ağvan’ sözünün də tamamilə eyni mə’nanı ifadə etdiyini qeyd etmişdir. (12; 19-25)
Son tədqiqatlar albanların türkdilli tayfa olduğunu üzə çıxardığı kimi, alban sözünün türk mənşəli olduğunu, türkcə ‘cəsur’, ‘igid’ mə’nasını daşıyan alp/alb sözündən və -an cəm şəkilçisindən düzəldiyini göstərir. (9; 76) Bu fikri təsdiq edən bir də odur ki, alban sözü həqiqətən ‘al-ban’ şəklində düzəlmiş olsa və ikinci komponent ‘yer’, ‘ölkə’ mə’nasında ban, van sözündən ibarət olsa idi, ‘alban’ sözünə təzədən -iya şəkilçisi artırılmazdı. Y.Yusifov da bu fikrə tərəfdar olaraq yazmışdır: «Son zamanlar «alban» adı barədə irəli sürülmüş yozum daha inandırıcıdır. Bu yozuma görə «alban» adı türk mənşəli etnonim kimi türkmən və qazaxlar tərəfindən işlədilir. Türkmənlərdə «alpan», qazaxlarda isə «alban» etnonimi qalmışdır. Alpan/alban Orta Asiyada müəyyən türkmənşəli tayfaları bildirir. Belə halda «alban» etnonimi qədim türk dillərində ‘cəsur’, ‘igid’ mə’nası daşıyan alp/alb sözü əsasında yaranmışdır. Addakı -an isə mənsubiyyət, yaxud cəm şəkilçisidir. Həmin izaha tam uyğun olaraq ‘alban’ adı ‘cəsurlar’, ‘igidlər’ kimi mə’nalandırılır. Bu fikri antik müəlliflərin albanlara şamil etdikləri «igid’, ‘cəsur’ xarakteristikası da təsdiqləyir». (2;147) «Kitabi-Dədə Qorqud»un dilində işlənmiş Alplar başı Qazana zərb urdı (99) - cümləsindəki alplar başı ifadəsi də yalnız bu mə’nada (‘igidlər başı’, ‘pəhləvanlar başı’) başa düşülür.
Antik mənbələr Alban dövlətinin e.ə. IV əsrdən mövcud olduğunu söyləsə də, Moisey Alban tarixinin albanlara hakim tə’yin edilən Aranla başladığını göstərir: Aran Parfiya çarı Valarşın (Vologezin, 50-76-cı illər) vaxtında Albaniya çarı tə’yin edilmişdir. «Yafəs nəslindən və Sisakan (Sünik) soyundan olan Aran onlara (albanlara - Q.K.) hakim tə’yin olunur... Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarında yaşayan xalqlar da həmin Aranın oğullarının nəslindəndir».«Onlar öz ölkələrinə Ağvan (Alban) adını ona görə vermişlər ki, Aranın özünü, yumşaq xasiyyətinə görə, «ağu» («Mehriban») deyə çağırırdılar». (7;208)
Bu son sözlərdə ziddiyyətlə yanaşı, ölkənin adlandırılmasına münasibətdə sadəlövhlük də vardır.
Kalankatuklunun sözlərindən belə başa düşmək olur ki, Alban, Aran və Ağvan sözləri eyni mə’nalıdır (sonuncusu - ağuan erməni tələffüz şəklidir). Lakin tədqiqatçılar çox zaman alban sözünü başqa cür, aran sözünü başqa cür - birincini əksərən ‘yuxarı yer’, ‘dağlıq ərazi’, ikincini ‘aşağı yer’, ‘isti ərazi’, ‘düzən’ mə’nasında izah etmişlər. Bu antonimlik sinonimlikdən necə yarana bilərdi?
Alban sözü tayfa adıdır, etnonim sonralar etnotoponimə çevrilmişdir. Aran sözü şəxs adı olub həm də sonralar toponim kimi işlənmişdir. Çox güman ki, bu mə’na Vologezin qarqarlara, sovdlara, utilərə, girdimanlılara tə’yin etdiyi hökmdar Aranın adından əmələ gəlmişdir. Onun idarə etdiyi ərazi daha çox Kürün sağ və sol sahillərindən ibarət olub indiki aran yerlərini əhatə edirdi. Ola da bilər ki, Aran sözü bu yerlərdə hökmdar Arandan daha əvvəl yaranmış bir toponimdir.
Aran sözünün indi başa düşdüyümüz ‘isti yer’, ‘aşağı düzən’ mə’nasına baxmayaraq, Kalankatuklu düz deyir: alban və aran sözləri eynimə’nalıdır. Alban sözünün əsasında ‘igid’, ‘qəhrəman’ mə’nasında alp sözü durduğu kimi, aran sözünün kökü ər sözü də ‘kişi’, ‘igid’, ‘cəsur’ mə’nasındadır. Sondakı -an cəm şəkilçisidir. Bu ad türk xalqları arasında geniş yayılmışdır. III əsrin hun xaqanlarından birinin adı Eran olmuşdur, XVIII əsr Xivə xanlığına aid sənəddə Aran-Qazi adı vardır və s. (6; 177) Sözün kökü (ər sözü) ulu dildən gələn və əksər dünya dillərində işlənən bir leksemdir, şumer dilində də vardır. Lakin söz türk milli formasındadır.

«Alban dili» ifadəsi daha çox xristianlığın Albaniyada yayılmağa başladığı illərin - Xilafətin işğalına qədərki dövrlərin qaynaqlarında əks olunmuşdur. V əsr erməni müəllifi Koryun Albaniya əhalisini «vəhşi təfəkkürlü, qayğısız və sərt», »şeytan və bütlərə satılmış xalq» adlandırır. (2; 217) Strabon isə Koryundan 500 il əvvəl yazırdı: «Albanlar heyvandarlığa daha çox meyllidir və köçərilərə yaxındırlar... Orada adamlar öz gözəlliyi və boyunun ucalığı ilə fərqlənir, bununla belə, onlar sadəürəklidir, xırdaçı deyillər... Onların çarları da çox gözəldir». (8; 19-21) Amma biz antik dövrün qaynaqlarında ermənilərin və erməni çarlarının neçə xəyanətinin təsvir olunduğunu göstərə bilərik. Roma tarixçisi Tatsit yazırdı ki, ermənilər «əzəldən riyakar xalqdır», «xaindirlər». Bunlar göstərir ki, bu tayfa elə qədim dövrlərdən qonşulara qarşı xəyanət və iftira ilə yaşayıb, məkrli olub. Lakin Koryunun o məkrli münasibətinin içərisində də bizim üçün lazım olan e’tirf vardır: aydın olur ki, albanlar hələ bütpərəstlik dövründə, hələ xristianlığı qəbul etmədikləri, islamın fəaliyyətə başlamadığı dövrdə vahid dili olan xalq idi. Albanların bir qisminin xristianlığı qəbul etmələri, bu zaman «İncil»in və bə’zi başqa xristian dini kitablarının alban dilinə tərcümə edilməsi barədə qaynaqların mə’lumatı da III-V əsrlərdə vahid alban dilinin mövcud olduğunu göstərir.


Yerli və gəlmə tayfalar Azərbaycan dilində dialekt fərqi yaratmalı, şivə izləri qoymalı idilər. Görünür, ölkədə əsas və aparıcı dil Alban (Arran) dili olmuş, sonra gələn tayfalar isə onun zənginləşməsində, inkişafında normativ qaydalar əsasında iştirak etmişdir. Eyni zamanda keçən yüzilliklər ərzində dialekt fərqləri tədricən azalmış, Cənubla əlaqələr möhkəmləndikcə ümumxalq dilinin təşəkkülü sür’ətlənmişdir..
Hələ Makedoniyalı İskəndərin zamanında və sonra da erkən orta əsrlərdə (əvvəl Parfiya, sonra Sasanilər imperiyası tərkibində) Albaniya ərazisi Cənubi Azərbaycanla bir canişinlikdə birləşdirilmişdi. Bu, ümumxalq dilinin təşəkkülü üçün geniş üfüqlər açırdı.

 

 



Albaniyanın digər türk tayfaları

Alban dövlətinin ərazisi aborigen etnoslar və onların dilləri çərçivəsində müəyyənləşmişdi. Əhalinin etnik və dil mənsubiyyəti müxtəlif idi. Hakim sülaləni təşkil edən ən böyük və aparıcı tayfa albanlar idi. Albanlar Şimali Azərbaycanın qədim əhalisi idilər. Ölkədə albanlarla yanaşı, abant, aran, qat, quqar, qarqar, kaspi, kəmər, lpin, maskut, sliv, ciqb, çul, gel, lek, sak, uti, şarvan, şamak, şirak, dondar, kanqar, tərtər, sovde, hun, savar, macar, bolqar, her tayfalarının da yaşadığı müəyyən edilmişdir: Səmərəli axtarışlar nəticəsində bunlardan abant, aran, qarqar, quqar, kaspi, kəmər, sak, uti, maskut, satak, çul, şarvan, şamak, kanqar, dondar, tərtər, sovde, hun, savar, macar, bolqar və şirak tayfalarının türk mənşəli olduğu dəqiqləşdirilmişdir. Ölkədə türk etnosları ilə yanaşı, udin, lpin, leq, qat, sliv, ciqb, gel, mehran və s. tayfalar da yaşayırdılar. Bunların əksəriyyəti (udin, lpin, ciqb, silv, leq) qafqazdilli, bir qismi (mehran, gel, maskut) irandilli tayfalar hesab olunur. (9; 142-189) Strabonun mə’lumatına görə, «Onlarda 26 dil vardır, belə ki onlar bir-biri ilə ünsiyyətə çətin girirlər». (8; ,21)


Tədqiqatçılar müəyyənləşdirmişlər ki, qeyd edilən tayfaların və «dil»lərin hamısının səviyyəsi, mövqeyi eyni olmamışdır. Əvvələn, «26 dil» dedikdə 26 müxtəlif tayfa nəzərdə tutulmuşdur. Bu tayfaların bir çoxu türkdillilər idilər və onları yalnız şivə fərqləri bir-birindən ayırırdı. Alban, qarqar, sak, kaspi, uti tayfaları kimi ərazidə daha əvvəllər məskunlaşmış, geniş yayılmış tayfalar ölkənin əsas əhalisini təşkil edirdilər. Qafqazdilli və irandilli etnosların üstün mövqeyi haqqında heç bir tarixi iz yoxdur. Halbuki ölkə türk mənşəli alban tayfasının adı ilə adlanır, bir qədər sonra güclü qarqarlar üçün hətta əlifba yaradıldığı mə’lumdur. Həm də çoxdillilik Albaniyanın mərkəzində deyil, qıraq zonalarında idi. Çoxdillilik özünü Araz - Kür ovalığında deyil, daha çox Dağıstan sərhədlərində, qafqazdilli etnoslar arasında göstərirdi. Kürün sağ və sol sahilləri bir-birinə yaxın şivələrdə danışan türk tayfalarının məskunlaşdıqları ərazilər idi. Ona görə də türk etnoslarının dili vahid dövlət tərkibində ümumiləşməkdə idi.
Beləliklə, Azərbaycanın şimal hissəsində - hazırkı Şimali Azərbaycan ərazilərində ən qədim dövrlərdən türklər yaşayırdılar. İndiki Ermənistan ərazisinin müəyyən hissəsində də türkmənşəli etnoslar məskunlaşmışdı. Kürün sol sahilində, Qafqaz dağlarının ətəklərində hunlar, saklar və quqarların məskunlaşdığı mə’lumdur. Kürün sağ sahilində Xəzər dənizinə qədərki aran yerlərinin əhalisi türklər idi. Bunlar albanlar, qarqarlar, utilər və başqaları olub, Azərbaycanın əsas əhalisini təşkil edirdilər.
Qarqarlar.Albanlardan sonra Azərbaycanda geniş ərazilərdə məskunlaşmış əsas tayfalardan biri qarqarlar idi. Qarqarlar çox qədim etnosdur. Mənbə olmadığından onların Şimali Qafqazdan Albaniya ərazisinə nə vaxt endiklərini söyləmək çətindir. Kalankatuklu Moisey qarqarların Makedoniyalı İskəndər dövründən Albaniyada yaşadığı barədə mə’lumat vermişdir. Lakin qədim türk tayfalarından olan qarqarlar haqqında e.ə. I minilliyin başlanğıcında yaranmış «İliada» əsərində mə’lumat vardır: «Homer «İliada»da İdı dağında Qarqar zirvəsinin və Dardanel boğazından azca aralıdakı Qarqar şəhərinin adlarını çəkir». (13; 30-31)
Qarqarlar kompakt halda yaşamışlar. Onlar Albaniyanın əsas tayfalarından idilər; Kürün aşağı tərəfində, Artsakda, Albaniyanın şimal-şərqində, eyni zamanda Cənubi Azərbaycanda, Şimali Qafqazda və indiki Ermənistan ərazilərində yaşayırdılar.
Xorenli Moisey qarqar dilində boğaz səslərinin çox olduğunu göstərmiş, qarqar dilini «barbar dili» adlandırmışdır. Ona görə də A.Q.Şanidze, N.Q.Volkova, P.K.Uslar, E.U.Krupnov, İ.H. Əliyev və başqaları qarqarları qafqazdilli etnos hesab etmişlər. K.H.Əliyev və Q.Qeybullayev (9; 81) qarqarların türk mənşəli olduğunu sübut etmişlər. Q.Qeybullayev göstərir ki, qədim erməni müəllifi Koryun (IV əsr) midiya və alban dillərini də «barbar dili» adlandırmışdır və bu əsassız qeydlərə görə bu dilləri ləzgi dil qrupuna aid etmək olmaz. (9; 81)
Qarqarların türk mənşəli tayfa olduğunu sübut edən ən mühüm dəlillərdən biri yalnız Azərbaycanda, İranda, Şimali Qafqazda deyil, bütün Mərkəzi Asiyada bu tayfanın son dərəcə geniş iz qoymasıdır. Hələ vaxtilə Dionisi Perieget (II əsr) qarqarların Orta Asiyada da yaşadıqlarını qeyd etmişdir. Orta Asiyada Qarqarxan vilayəti, Qarqar çayı, Karkar toponimi (Semireçye və Tyan-Şanda), Qazaxıstanda Qarqarlı dağ massivi, Türkmənistanda iki Qarqar çayı, Buxara əmirliyində Qarqar çayı, Qazaxıstanda Qarqar rayonu və Qarqar sovetliyi, qıpçaqlarda qədimdən Karkar antroponimi, Azərbaycanda və İranda Qarqar çayı, Qarqar, Karkar, Qerqer yaşayış məntəqələri və s. qarqarların çox geniş ərazilərdə yayılmış türk tayfalarından olduğuna heç bir şübhə qoymur.
Başqa türk tayfaları kimi, qarqarlar da vaxtilə Ön Asiyadan şimala və şərqə yayılmışlar. V.V.Bartold qeyd edir ki: «Qarqarlar eyni adlı qırğız dastanının əfsanəvi qəhrəmanı Manasın babaları idilər» və qırğız eposu «Manas»ın qəhrəmanı Manasın xalqı da qarqar və ya qıpçaqlar idi. (14; 541) Azərbaycan ərazisində qarqar toponimləri çoxdur. ‘Qarqar’ və ya ‘Karkar’ toponimi geniş işlənmə arealına malik olmuşdur. V əsrdə Qarqar dili üçün əlifba yaradılması haqqında mə’lumat da vardır.
Bolqarlar. Qədim türk tayfalarından olan bolqarların Qara dənizin şimal sahillərinə hun dövründən əvvəl gəldiyi qeyd olunur. (23; 588) Xorenli Moisey onların Qafqaza e.ə.II əsrdə gəldiklərini və Koladan cənubda yerləşdiklərini, Q.Qeybullayev bu ərazinin indiki Ordubad rayonu ərazisinə uyğun gəldiyini göstərir.(9; 133) S.S.Əliyarov da (24; 4-9) bir neçə dalğa ilə gələn protobulqarların IV-V əsrlərdə kəngərlərlə kompakt şəkildə Albaniya ərazisində məskunlaşdıqlarını qeyd etmişdir. «Kitabi-Dədə Qorqud»da Bolqar sözünün xüsusi şəxs adı kimi işlənməsi həm bolqarların, həm də «Dədə Qorqud»un Azərbaycanla bilavasitə bağlılığı baxımından əhəmiyyətlidir. Biləsuvar rayonu ərazisindən keçən Bolqarçay, yenə bu ərazilərdə keçmişdə qeydə alınmış Bolqar, Bolqarkənd, Bolqar Göytəpə yaşayış məntəqə adları bolqarların qədim izləridir. Xorenli Moiseyin əsərindən aydın olur ki, bolqarların bir qismini təşkil edən basillər də 216-cı ildə Albaniyada yerləşmişlər. Bolqarların küər, çakar, kuriqir, oxsun, qul, qazan, iskil və s. bölükləri olmuşdur. Q.Qeybullayev bunların hamısının Albaniya toponimlərində iz qoyduğunu müəyyən etmişdir: Cəbrayıl və İmişli ərazilərində Xubyarlı (‘küər’ sözü), Cəbrayılda Çaxırlı, Azərbaycanda 10 müxtəlif ərazidə Qazançı, müxtəlif ərazilərdə Qullar, Əzgilli kənd adları və s. də bu tayfanın bölümlərinin adlarını yaşadır.
Dondarlar. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları mə’lumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, ‘dondar’ sözünün osetin dilində «çayı saxlayanlar» mə’nasında işləndiyi barədə mülahizələr də söylənmişdir.(25; 286) Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar-Quşçu, Dəvəçi rayonu ərazisində Qala-Dondar qala xarabalıqları, Qazax rayonunda Dondardağ və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Albaniyanın şimal-qərb ərazilərində yaşamışlar. «Kitabi-Dədə Qorqud»da Dondar bəy şəxs adı da bu etnonimlə bağlıdır. Güman olunur ki, türkdilli dondarlar Albaniya ərazisinə III-IV əsrlərdə tərtər, aran, kəngər, xurs, savar tayfaları ilə, VI-VIII əsrlərdə isə xəzərlər, avarlar, qismən suvarlar və başqaları ilə eyni vaxtda daxil olmuşlar. (9; 137) XIII əsrin Kiçik Asiya türk tayfalarından biri ‘dondarlı’ adlanırdı. - Dondar şəxs adları türkcə izah olunur. Plutarx dondar hakiminin adının Oltak olduğunu göstərir. Bu sözü ‘oğul’ (Oul) və ‘tək’ sözlərinə ayırmaq olur. (9; 136)
Peçeneqlər. Oğuz mənşəli qədim tayfalardan olan peçeneqlər Azərbaycan xalqının və dilinin təşəkkülündə mühüm rol oynamışlar. Q.Qeybullayev Azərbaycan toponimlərinin tədqiqi əsasında müəyyən etmişdir ki, peçeneqlər eramızın ilk əsrlərində Albaniyaya hunlarla birlikdə gəlmişdir. Bolqarlar və suvarlar kimi, peçeneqlər də hun tayfalarından olmuşlar.(9; 549) Ümumiyyətlə, eramızın ilk əsrlərində Albaniya ərazisində kəngər, peçeneq, savar, hun, çolu, şamak, aran, tərtər və s. kimi dəqiq şəkildə nə vaxt gəldikləri bilinməyən türk tayfaları görünməyə başlayır. Kalankatuklu Moiseyin yazdıqlarından aydın olur ki, bunların bir qismi Parfiya çarı Valarşakın (Tiridatın) vaxtında gəlmişlər. Hətta I əsr hadisələri ilə əlaqədar şimal ərazilərinə də belə tayfaların gəldiyi göstərilir.(9; 101) Bu tayfalardan biri də peçeneqlər idi. Peçeneqlərin eramızın ilk əsrlərində Orta Asiyada və Şimali Qafqazda məskunlaşdığı təsdiq edilir. Peçeneq toponimlərinin VII əsrdə Albaniya ərazisində qeydə alınması onların bu ərazidə daha əvvəllər məskunlaşdığını düşünməyə imkan verir.
Peçeneqlərin səkkiz əyalətdə yerləşdikləri, səkkiz qola ayrıldıqları göstərilir. Bu qollar aşağıdakı şəkildə dəqiqləşdirilmişdir: erdim, çur, kil, kuloba, kuyər, karabay (başqa sözlə, qarabağ - ümumtürk dilində «q» səsi peçeneqlərdə «y» kimi tələffüz olunur), kapan, çopan. Q.Qeybullayev göstərir ki, kil etnonimi müstəsna olmaqla, bunlar V-VII əsrlərin toponimlərində əks olunmuşdur. «Albaniya tarixi» əsərində V əsr hadisələri ilə bağlı Üur toponimi (Çur) qeyd olunmuşdur. Çur etnonimi Qutqaşen ərazisindəki Corlu (Çorludan), Yardımlıdakı Çoryurt, Kəlbəcər və Laçındakı Çorman toponimlərində, Tovuzdakı Çuratan kənd adında qalmışdır. (9; 106) Kuyərçi etnonimi quqar türk tayfa adı və -çı şəkilçisindən ibarət olub ‘Göyərçin Veysəlli’(Cəbrayıl), ‘Göyərçindağı’ toponimlərində qalmışdır. Yardımlı rayon adı «y» samitinin əlavəsi ilə erdim etnonimini əks etdirir. Mirbəşir rayonu ərazisində dörd müxtəlif ‘Kapan’ oykonimi, Ermənistanda ‘Kafan’ şəhəri, Zaqafqaziya ərazilərində ‘Kapan’, ‘Kəpənəkçi’ toponimləri kapan etnonimi ilə bağlıdır. Peçeneq qollarından birinin adını əks etdirən Karabay (Qarabağ) toponimini ilk dəfə 1284-cü ildə Rəşid əd-Din qeydə almışdır. XVII əsrdən Türkiyədə ‘qarabağlı’ tayfası mə’lumdur. Özbəkistanda və Əfqanıstanda ‘Qarabağlı’ kəndləri vardır. Azərbaycanda Qullar kənd adı, tatarlarda kul, türkmənlərdə kul, özbəklərdə kol, tuvinlərdə kol, xakaslarda kul etnonimləri ‘kul’ etnonimi ilə bağlıdır.(9; 103-111) ‘Peçeneq’ sözünün türk dillərində baca ‘ərin bacısı’ və ad düzəldən -aq şəkilçisindən (qazax, qıpçaq, gəncək, sirak, şamaq, kaymak və s. etnonimlərdə olduğu kimi) ibarət olduğu müəyyən edilmişdir.
Oğuzların «Üç ox» adlanan 12 qolundan biri peçeneqlərdən ibarət idi. Onlar Göytürk dövləti dağıldıqdan sonra qərbə irəliləmiş, müxtəlif vaxtlarda Azərbaycana gələrək Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Başqa bir mə’lumata görə, qıpçaq soyundan olan peçeneqlər (patsaanaklar/paçanaqlar) Azərbaycanda daha əvvəllərdən olmuşlar: «Kartli çarlarının həyatı» əsərinin müəllifi L.Moroveli yazır ki, I yüzilliyin sonu, II yüzilliyin əvvəllərində gürcülər peçeneqlərin köməyi ilə Ermənistanı tutmuşdular.» (5; 89) Müəllif göstərir ki, peçeneqlərlə bağlı hadisələr Xorenli Movsesin (V əsr) əsərində Kürün sol sahilində - Alazan çayı ətrafında, Kambisiena adlanan ərazidə təsvir edilmişdir və Kambisiena Albaniyanın bir vilayəti idi.
Qıpçaqlar. E.ə.III əsrin sonlarında Hun imperatoru Şanyuy Mode (Mete) imperiyanın şimalında məskunlaşmış beş tayfanı - xunyuy, kuyeş, dinlin, qequn və dayli tayfalarını da özünə tabe etmişdir. Tarixçilər elmi ədəbiyyatda kuyeş adını «qıpçaq» sözü ilə eyniləşdirirlər. Qıpçaqlar o vaxtdan eramızın I əsrinin sonlarına qədər hunların, sonralar bir müddət (II-IV əsrlər) syanbiy və monqoldilli jujjan (IV-VI əsrlər) tayfalarının tabeliyində olmuşlar. VI-VII əsrlərdə öz yurdlarını tərk edərək bir qismi Orxon, bir qismi İrtış çayı sahillərində məskunlaşmışdır. Altayı da tam tərk etməmişlər. VII-VIII əsrlərdə güclənərək xəzərlərlə ittifaqda qərbə irəliləmiş, 722-723-cü illərdə Azərbaycan (Aran) və Ermənistan ərazilərinə daxil olmuşlar. (60;42-49)
Tanrı dağının şimal-qərbində məskunlaşmış sarışın saçlı, uca boylu, mavi gözlü qıpçaqlar da qərbə irəliləyərək Balxaş gölündən Dunay çayına qədər böyük bir əraziyə nəzarət etmişlər. Qıpçaqlar (kıpçak, kıpşak) müxtəlif şəkildə - kumanlar, poloveslər, kardeşlər və s. adlarla tanınmış çoxsaylı tayfalar birliyindən ibarət olmuşlar. (27;359) N.A.Baskakov qıpçaqların ən qədim inkişaf dövrünü hun dövrünə aid edir, onları qıpçaq-bulqar, qıpçaq-noğay və qıpçaq-poloves qruplarına ayıraraq qıpçaq tayfalarının Qərbi Asiya və Şərqi Avropa ərazilərində ilk dəfə peçeneqlərlə birlikdə IX-XI əsrlərdə, sonra poloveslər və kumanlarla XI-XIII əsrlərdə və nəhayət, Qızıl Orda tərkibində XIII-XV əsrlərdə göründüklərini, Astraxan, Qazan, Krım xanlıqları ərazilərinə səpələndiklərini göstərir. Bu dövrdə qıpçaq dilinə başqa türk tayfa dilləri ilə yanaşı, slavyan, İran, uqor-fin tayfa dillərindən də bir sıra elementlər daxil olmuşdur. (27; 267-268) Qıpçaqların dəfələrlə Zaqafqaziyaya axını olmuşdur. Onlar Azərbaycan xalqının etnogenezində mühüm yer tutur. Təkcə Azərbaycanda deyil, Qafqazın başqa bölgələrində də onlar geniş yayılmışdılar.Vaxtilə gürcü çarı IV David Gürcüstanda 45 min qıpçaq döyüşçüsü yerləşdirmişdi. Onlar çox olduqları üçün sonralar Azərbaycana gələn monqolların türkləşməsində böyük rol oynamışlar.
Qıpçaqların mühüm qollarından birini komanlar təşkil edirdi. «Albaniya tarixi»nin birinci kitabının 6-cı fəslində ‘Qomenk’ adlı bir yaşayış məntəqəsinin adı çəkilir: «Qatillər müqəddəs cənazəni Qomenk adlanan yerdə bir xəndəyə atdılar». (7; 18) Əsərə şərhlərində Z.Bünyadov həmin məntəqəni Şəki rayonundakı Kiş kəndindən yuxarıda yerləşən Qelmets kəndi ilə lokallaşdırmağın mümkün olduğunu yazmışdır. (7; 209) Q.Qeybullayev isə onun Arsaxda və ya Sünikdə (Zəngəzurda) ola biləcəyini güman edir. Lakin hadisələr Qelmetsə daha uyğundur. Məsələ burasındadır ki, bu sözdə Q.Qeybullayev koman tayfasının izlərini görür və bizcə, düz görür (k qədim erməni dilində etnonimlərə artırılan şəkilçidir). Q.Qeybullayevin maraqlı bir müşahidəsi də vardır. Müəllif göstərir ki, Cənubi rus çöllərində VIII-XII əsrlərə aid edilən peçeneq və qıpçaq tayfalarının V-VII əsrlərdə Albaniya ərazisində toponimlərinin olması həmin tayfaların eramızın ilk əsrlərində Albaniya ərazisində olduğunu göstərir. Və bu da maraqlıdır ki, həmin tayfalar daha çox Arsax və Sünik (Zəngəzur) ərazilərini seçmişlər. Müəllif bunu həmin ərazilərdə otlaqların, köçəri maldarlığın inkişafı üçün əlverişli şəraitin daha çox olması ilə əlaqələndirmişdir. (9; 117) Buradan başqa bir maraqlı mülahizə də ortaya çıxır: komanların Orta Asiyada yaşaması barədə ilk mə’lumatı Plini vermişdir. Düşünmək olar ki, Ön Asiyadan Orta Asiyaya və ümumən Şərqə yayılan türklər Cənubi rus çöllərinə Xəzərin şimalı ilə deyil, əvvəlcə Cənubi Qafqaz ərazilərində məskən salmaqla, həm də Qara dənizin şərq sahilləri ilə yayılmışlar.
Kəngərlər. Erkən orta əsrlərdə Albaniyanın türk tayfalarından biri də kəngərlər olmuşdur. Kəngərlər Albaniyanın qərbində, Ermənistan bölgəsində və Naxçıvan ərazilərində yaşayırdılar. Kəngərlər haqqında ilk mə’lumat V əsrdən verilir. Onlar peçeneqlərin bir qolu hesab olunur.(26; 145) Peçeneqlərin əsas yurdu isə Aral gölündən şimalda, Sır-Dəryanın yuxarı və aşağı axarı daxil olmaqla, Kəngər vilayəti idi. IX əsrin ərəb coğrafiyaçısı ibn Xordadbeh Sır-Dərya çayını ‘Kanqar’ adlandırmışdır. (9; 102) Güman olunur ki, kəngərlər bizim eranın ilk illərində hunlarla birlikdə Azərbaycana gəlmişlər. Kanqlı tayfası kimi, kanqar (kəngər) tayfası da e.ə.II əsrdə mövcud olan Kanq vilayətinə, Sır-Dərya üzərindəki Kanqyuy dövlətinə mənsub olmuşlar. Buna görə də kanqar (kəngər) sözünün ‘kanq’ tayfa adı və ər ‘igid’, ‘əsgər’, ‘kişi’ sözündən əmələ gəldiyi müəyyən edilir - bolqar, suvar, xəzər, avar, quqar tayfa adlarında olduğu kimi. (9; 103)
Siraklar. Albaniya ərazisindəki tayfalardan biri də siraklar idi. Sirak tayfa adı şirak və çirak şəkillərində də işlənmişdir. Sirakların cənub-şərqi Avropa çöllərində yaşayan türkdilli sarmat-alan tayfalarından ayrılıb gəldiyini, həm də eradan əvvəl gəldiklərini qeyd etmişlər. Siraklar Ermənistan və Albaniya ərazilərində məskunlaşmışdılar.
Tarixçilər sirakların şəxs adları və toponimləri əsasında türkdilli olduqlarını isbat etmişlər. Antik müəlliflərdən Tatsit sirakların Zorsin, Strabon isə Abeak adlı çarı olduğunu qeyd etmişdir. Hər iki ad türkcə izah olunur. Latın dilində «ç» səsi olmadığı üçün Çursin adı Zorsin kimi yazılmışdır. Çur türkcə ‘pəhləvan’, ‘qəhrəman’, ‘güclü’ mə’nasındadır; sin (şin, çin) ‘kişi’, ‘adam’ deməkdir. Türk xaqanı Çur-Tarduş adı kimi. Abeak adı türk dillərində abaqa ‘əmi’ sözündəndir. Sözün türkmənşəli olduğunu göstərmək üçün Telengitlərin başçısı (VIII əsr) Abak, teleutların xanı (XVII əsr) Abak, Çingiz xanın nəslində Abaqa, çuvaşlarda işlənən Abak, Abayak adlarına diqqət yetirmək olar. Şimali Qafqazda şəhər adı Uspu ‘Üç upu (Üç oba)’ kimi bərpa olunur. Qaraqalpaqlarda Kara-Sirak, özbəklərdə Cuvan-Sirak, Katta-Sirak, türkmənlərdə Çiraxçi tayfa adları da vardır. Moisey Xorenasi şimaldan türk bolqarların e.ə.II əsrdə gəlib Ermənistanın Şirak mahalında məskunlaşdığını yazmışdır. Xorenasi şiraklara məxsus Quşar xüsusi adını qeyd edir ki, bu da xalis türkcədir: quş - ‘alıcı quş’ və ər sözlərindəndir. Şiraklar Ermənistanda Arpaçay sahillərində məskunlaşmış və bu ərazilər Şirak-el adlanmışdır (tarixi ədəbiyyatda Şuraqel, Şorəyəl şəkillərində). Ermənistanda XIX əsrə qədər Şirakqala adlı şəhərin xarabalıqları qalırmış. İndi Ermənistandakı Şirak rayonu həmin tayfanın adını daşıyır və Q.Qeybullayevin qeydinə görə, ermənilər şirakları iranmənşəli saydıqlarından bu adı dəyişmirlər. İrəvan quberniyasında Şirak kəndi də olmuşdur. (32; 653) «Kitabi-Dədə Qorqud»da isə katib səhvi kimi, bu söz Şirəku kimi işlənmişdir.(9; 199-200) Bir sıra rayonlarda olan ‘Sirik’ toponimi də bu tayfanın adını daşıyır. Cəbrayılda Sirik kəndi kimi.
Şamaklar. Albaniyanın türkdilli tayfalarından biri də şamaklar olmuşdur. Bu tayfanın Azərbaycana miladdan əvvəl gəldiyi güman olunur, çünki bu tayfanın adı ilə bağlı Kemaxiya (Şamaxı) şəhəri haqqında II əsrdə Ptolemey mə’lumat vermişdir. Əgər şəhər II əsrdə varsa, deməli, tayfa daha əvvəllər gəlmişdir.
Şamaxı şəhərinin adının şamake tayfa adından olduğu müəyyən edilmişdir (yanlış olaraq əksərən ərəb mənşəli söz kimi izah olunur).(9; 200-201) Hələ I əsrdə ilk dəfə Plini ‘kamak’ tayfasının adını çəkmişdir (yunan və latın dillərində «ş» səsi olmadığından həmin səs «k» və ya «s» ilə verilir) Şamake/kemake kimi qeyd olunan bu tayfanın adı V-VII əsr erməni mənbələrində ‘ijmax’, ‘ijemax’ kimi qeyd olunmuşdur. Şamaklar sakların bir qolu sayılır. Bunlar Orta Asiyada da geniş yayılmışdılar. Qazaxlarda şomakey, qaraqalpaklarda şamak, türkmənlərdə şamak, qırğızlarda şamake, şamaka adlı tayfaların indi də mövcud olduğu müəyyən edilmişdir. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində ‘Şimaki’ adlı yaşayış məntəqəsi də olmuşdur.(9; 200-201)
Kerqillər. Erkən orta əsrlərdə Azərbaycan xalqının etnogenezində iştirak etmiş türk tayfalarından biri də kerqillər olmuşdur. Bu tayfanın izləri Arsax ərazisindəki toponimlərdə qalmışdır. Ərəb coğrafiyaçısı əl-Bəlazuri VII əsr hadisələri ilə bağlı Arranda Xerxilan, M.Kalankatuklu isə Xerqlan yaşayış məntəqəsini qeyd etmişdir. Q.Qeybullayev bunları V.V.Radlovun altaylarda və tubalarda müşahidə etdiyi türk ‘kerqil’ tayfası ilə əlaqələndirmişdir. ‘Kerqil’ etnonimi kerq (kerki)- tayfa adı və il, el ‘el’, ‘xalq’ sözlərinə ayrılır - basil, çigil, etkil tayfa adlarında olduğu kimi. Etnonim Naxçıvanda Kərki, Qazax rayonunda Kərki-Başlı (Başlı sözünü müəllif başil, basil tayfa adına ayırmışdır) kənd adlarında qalmışdır. Türkmən və özbəklərdə də kərki tayfaları olmuşdur. Türkmənlərdə ‘qırqıl’ şəklində işlənmişdir. Albaniyada indiki Mardakert rayonu ərazisində Xark qalası olmuşdur ki, bunu da həmin tayfa adı ilə bağlayırlar. (9; 116)
Hunlar. Tarixçilərin mə’lumatından aydın olur ki, eramızın ilk əsrlərində hunlar Albaniyadan şimalda yerləşmiş və tədricən aşağılara enmişlər. IV əsr hadisələrindən bəhs edərkən erməni tarixçisi Favst Buzand onları artıq Albaniyanın şimal-şərqində təsvir edir və o əraziləri «hun torpağı» adlandırır, onların maskutlar arasında yaşadığını göstərir. Bunu Moisey Kalankatuklunun qeydləri də təsdiq edir. O, maskutların xristian missioneri Qriqorisin öldürüldüyü ərazisini «hunlar ölkəsi» adlandırır.(2-ci kitab, 10,18,26-cı fəsillər). Feofan 624-cü ildə Bizans çarı İrakli ilə xəzərlərin Albaniyanın «hunlar ölkəsində» görüşü haqqında mə’lumat vermişdir. Albaniya ərazisində V-VII əsrlərdə hunlardan Yeqişe, Xorenli Moisey, Qevond, Sebeos və b. da mə’lumat vermişlər. Hunlar Albaniyanın qərbində də yaşamışlar. Tovuz ərazisində Torpaqqala qalasının xarabalıqları qalmışdır. Kürün sağ sahilində qalanın yaxınlığındakı düz Hunan düzü adlanır (erməni mənbələrində Hunakert). Qarabağ düzünün bir hissəsi də keçmişdə Xonaşen adlanmışdır.
‘Hun’ adı altında bir sıra türk tayfaları birləşirdi: suvarlar, bulqarlar, basillər, onoqur və s. Onların türk olduğuna heç kim şübhə etmir. V əsrdə Hunların öz müasirləri də onları «türk» adlandırmışlar. «O (I Qubad) tariximizin dəfələrlə türk adlandırdığı hunlara üz tutdu».(38; 180, 48; 240) Hunların Albaniyada geniş yayılması bir sıra tarixçiləri bu qənaətə gətirmişdir ki, Azərbaycan xalqının etnogenezində birinci və başlıca rolu hunlar oynamışlar. Bu fikirlə ona görə razılaşmaq olmaz ki, qədim yerli əhalini - lullubi, kuti, kassi, turukki, kaspi, manna, mada tayfalarını nəzərə almadan Azərbaycan xalqının etnogenezini düzgün müəyyənləşdirmək olmaz. Atropatena və Albaniya ərazilərində hunlardan əvvəl türkmənşəli skiflər, saklar, kimmerlər, albanlar, qarqarlar, çullar, şamaklar, kəngərlər, peçeneqlər yaşayırdı. Ərazinin daim aparıcı aborigen türk əhalisi olub, gələnlər onu gücləndirib, ətə-qana doldurub.
Çox vaxt hunların tarixi bəsitləşdirilir, məhdud şəkildə təqdim edilir. Qədim dövrlərdə Sayan-Altay dağlarının şimal-qərbində toplaşmış türklər e.ə. II minilliyin ortalarında ərazilərini Tanrı dağına (Tyanşan) tərəf genişləndirərək qərbə doğru yayılmağa başlamışlar. E.ə.III əsrin sonlarında Metenin (Mao Tunun) başçılığı ilə Hun imperiyasının təşəkkülündən xeyli əvvəl - VIII-VII əsrlərdə türk tayfalarının qərbə, o cümlədən Şimali Qafqaza və Azərbaycan ərazisinə axını olmuşdur. Bunlar yunanların ümumi adla ‘skif’, farsların ‘sak’, assurların ‘işquz/aşquz’ adlandırdığı türk tayfaları idi. Hələ Metenin atası Tumanın vaxtından başlayaraq (e.ə.III-I yüzilliklər arası), hun tayfalarının təzyiqi altında Orta Asiyadan sakaların, sarmatların, massagetlərin, toxarların qərbə yeni axınları baş vermişdir. (15; 100-110)
Nəhəng və güclü türk dövlətinin - Böyük Hun imperatorluğunun yaranması ilə Yer üzündə «xalqların böyük köçü» başlanmışdır. Bu köç eramızın I minilliyinin daha çox I yarısına aiddir. «Xalqların böyük köçü» alman tayfalarının və sarmatların Romaya hücumu ilə - Markoman müharibəsi ilə (166-180) başlayır, IV əsrin sonlarında barbar tayfaların yerdəyişməsi daha da genişlənir. IV-VII əsrlərdə böyük vüs’ət alan bu proses Azərbaycanda türk etnoslarının çoxalmasına və güclənməsinə səbəb olur.
Eramızın II əsrindən hunların qərbə hərəkəti daha da güclənir. Hunlar əvvəlcə Volqa ilə Don çayları arasında yerləşirlər. IV əsrin sonlarında Dunay ətrafında - Bizans sərhədlərində özlərini möhkəmləndirirlər. 378-ci ildə Dəryal keçidindən keçərək Qafqazdan cənuba doğru irəliləyib Kiçik Asiyaya və Suriyaya daxil olurlar. Kayseri və Ankara ətraflarında da bə’zi yerləri tutduqdan sonra Azərbaycana hərəkət edirlər. (15; 71)
Lakin xəzərlərin bundan hələ çox-çox əvvəl Azərbaycana gəlməsi haqqında mə’lumatlar vardır. Xorenli Moiseyin mə’lumatına görə, xəzərlər və basillər 193-cü il ilə 213-cü il arasında Surxan Vnasepin başçılığı ilə Kürü keçərək Albaniya ərazisinə səpələnmişlər. M.İ.Artamanov və A.S.Sumbatzadə bu cür mə’lumatları anaxronizm hesab edirlər. (10; 77) Lakin burada anaxronik heç bir şey yoxdur. Ola bilər, Moisey Xorenli hunların tərkibində xəzərləri başqa bir türk tayfası ilə qarışdırmışdır. A.S.Sumbatzadə özü də bir qədər sonra bunun mümkünlüyünü göstərə bilən fikir söyləmişdir:»Şimali Kaspiətrafı ərazilərə hunların ilk gəlişi eramızın II əsrinin ortalarına aiddir». (10; 79) II əsrin ortalarında Xəzərin şimal sahillərində yerləşən hunlar əsrin sonlarında Azərbaycan ərazisinə asanlıqla enə bilərdilər.
II əsrin əvvəllərində Dionisi Periyeget türk etnoslarının sıra ilə necə yerləşdiyini gözəl təsvir etmişdir: «Kaspi dənizinin şimal-qərb tərəfində yaşayanlar aşağıdakılardır: skiflər, sonra hunlar, onlardan sonra kaspilər, daha sonra hərbcil albanlar ...» Bunlar göstərir ki, eramızın I-II əsrlərindən artıq hunlar Azərbaycanda idi. Tarixçilərimizin yazdıqlarına görə, IV əsrin əvvəllərində Albaniyanın şimalında (Kürdən yuxarı) müstəqil Hun çarlığı (Onoğur və ya məskut çarlığı da adlandırılır) var imiş. (5; 63).

Savarlar. Hunların bir qolu olan savarları tarixçilər müxtəlif adlarla - savar, suvar, sabir, savir və s. yad etmişlər. Savarlar şimal-qərbi Kaspi sahillərində hunlarla birlikdə yaşayan, çox vaxt bir sıra tayfaları özündə birləşdirən və qədim müəlliflərə daha çox «hun» adı ilə mə’lum olan tayfalardandır. Savarlar haqqında ilk mə’lumatın Ptolemey tərəfindən verildiyi də mə’lumdur. Savarların mənşəyinin mə’lum olmadığını, onların bolqarların bir hissəsi olduğunu (V.V.Bartold) qeyd etmişlər. Ümumiyyətlə, hiss olunur ki, tarixçilər insanın mənşəyinin Ön Asiya ilə bağlı olduğunu, etnik cəhətdən fərqlənən tayfaların şərqə, qərbə, şimala və cənuba Ön Asiyadan yayıldığını, qafqazdillilərin sabit bir ərazidə yaşadıqlarını, semitlərin daha çox qərbə hərəkət edib, yenidən Ön Asiyaya qayıtdıqlarını, hindavropalıların burada təcrid olunub müxtəlif istiqamətdə hərəkət etdikdən sonra yenidən Ön Asiyaya gəldiklərini, türklərin daha çox şərqə və müəyyən dərəcə qərbə (etrusklar-tursakalar) hərəkət edib yenidən geri qayıtdıqlarını fəhm etmirlər. Bu cəhət nəzərə alınarsa, bir çox tayfaların mənşəyi müəyyənləşə bilər. Bu cəhətdən hunlarla Albaniyaya qayıdan savarların e.ə.III minillikdə Zaqroş ərazilərində, şumerlərdən şimalda yaşayan subir tayfasının bölümlərindən olduğu şübhə doğurmamalıdır. Biz sakların kaslar olduğuna, İtaliya ərazisindəki tursakaların Albaniyadakı turlar və saklarla bir kökdən olduğuna şübhə etmədiyimiz kimi, hunlarla birlikdə eramızın ilk əsrlərindən Albaniyada görünən savarların da 3 min il əvvəl şumerlərin qonşuluğundakı subarlarla eyni kökdən olduğuna şübhə etmirik. ‘Sarmat’ tayfa adının ‘savar’ sözü ilə bağlı olduğu da güman olunur. Bu cəhət savromatların da türkdilli olduğuna dəlalət edir. Savarlar eramızın əvvəllərində savromat-sarmat tayfaları tərkibində olmuşdur. Savarların Albaniyaya bir neçə dalğası mə’lumdur. Ən qədim toponimləri Albaniyanın şimal-şərqində olmuş Şabaran yaşayış məntəqəsinin adı hesab olunur. -an cəm şəkilçisi, s>ş keçidi ilə şabar sözü ‘savar’dır. Q.Qeybullayev S.B.Aşurbəylinin Şabaran toponimini Şapur adı ilə bağlamasını məntiqsiz saymaqda haqlıdır. (9; 128) 515, 540-cı illərdə savarlar kütləvi şəkildə Albaniya ərazilərinə daxil olmuşlar. XIII əsrdən haqqında mə’lumat verilən Biləsuvar (Pilesuvar), XIX əsrdə Quba ərazisində xarabalıqları qalmış Qaleysuvar və Suvarlı kənd adları savar tayfa adı ilə bağlıdır. (9; 128-129)


Tanrı dağının şərqində məskunlaşmış savarlar (sabarlar) erkən orta əsrlərdə qərbə hərəkət edirlər. Eramızın I əsrində artıq savarların və kəngərlərin adlarına Strabonun və Böyük Plininin əsərlərində də rast gəlirik. Erkən orta əsrlərdə onlar Qafqaza hücum etmiş, bir hissəsi Dağıstanda, bir hissəsi indiki Ağstafa və Şamxor ərazilərində məskunlaşmışdır. Azərbaycanın şimalında yerləşmiş güclü Xəzər dövləti əhalisinin əksəriyyətini savarlar təşkil edirdi.
Xəzərlər. Bu tayfa heç bir şübhə doğurmayan xalis türk tayfalarındandır. Daha çox Şimali Xəzərətrafı sahillərdə yerləşmişlər. L.N.Qumilyov xəzərlərin haradan meydana çıxdığının və əcdadlarının mə’lum olmadığını bildirsə də (52;10), əsərinin başqa bir səhifəsində sarmatları onların əcdadları sayır. (52; 145) Sarmatlar bir tərəfdən də irandilli hesab olunur. İrandilli tayfa türkdilli tayfanın necə əcdadı ola bilərdi? Xəzərlərin kaslarla bağlı olduğunu hələ vaxtilə Ə.Dəmirçizadə söyləmiş, ‘xaz’, ‘kas’ sözlərinin bir kökdən olduğunu yazmışdır. (12, 29-32) Ümumən bu fikir şübhə doğurmur və kassitlərin, kaspilərin, xəzərlərin bir kökdən olduğunu, onların ən azı tunc dövründə parçalanıb ayrıldığını göstərir. Beləliklə, xəzərlər bir tərəfdən də saklarla eyniköklüdür. Bunların hamısı qədimdə ilk məskənləri Ön Asiyadan ayrılmış, minilliklər keçdikdən sonra yurdlarına qayıtmış tayfalardır.
Xəzərlərin Albaniyaya sonrakı ilk gəlişi 193-213-cü illərə aid edilir. Xorenli Moisey göstərir ki, onlar Çola keçidindən enərək Kürü keçib bu əraziyə yayıldılar. VII əsrdə xəzərlər Kürün hər iki sahilindəki əhalini özlərinə tabe etmiş, Qəbələ vilayəti ərəblər gələnə qədər Xəzər dövlətinin tərkibində olmuşdur. Bu dövrdə «Qəbələ» deyildikdə xəzər yada düşmüşdür. Bəlazuri elə belə də yazır: «Qəbələ, yə’ni Xəzər».(48; 86) Sonralar X əsrə qədər onlar dəfələrlə Albaniya ərazisinə daxil olmuşlar və tarixdən mə’lumdur ki, sasanilər və ərəblər onları bölük-bölük Azərbaycan-Albaniya ərazisində yerləşdirmişlər. Lerikdə Xəzəryaylaq, Ordubadda Xəzəryurd, Qarabağ və Füzuli ərazilərində Xəzərdağ toponimləri xəzər etnonimi ilə bağlıdır.(9; 139) Xəzərlər abaz, bizal, kabar, kulas, itil, qaraçor, tarna və s. kimi bir neçə bölükdən ibarət olmuşlar. Q.Qeybullayev bunların hamısının Azərbaycanda iz qoyduğunu müəyyən etmişdir: Kəbirli, Abaslı, Qaraçorlu, Bozalqanlı, Xulaşlı, Tarnahut və s. yer adları onların adı ilə bağlıdır. (9; 139)
V-VIII əsrlərdə Çindən İrana qədər böyük bir ərazidə nəhəng və güclü türk xaqanlığı mövcud olmuşdur. Xaqanlığın tərkibində türkeş, tele, dulu, tubo, şato, çelkan, kuzen və s. türk tayfaları birləşmişdi. Bu etnonimlərin hamısının Azərbaycan toponimlərində öz izlərini saxladığı müəyyən edilmişdir: Ağsu, Şamxor, Saatlı rayonlarında Dəllər kəndi, Balakən rayonunda Tulu, Xanlarda Tullar, Şahbuzda Tirkeş, Vartaşendə Terkeş, Şamxorda Tubakənd, Qasım İsmayılovda Şadılı, Dəvəçidə Çalqan, Ağdamda Quzanlı və s. (9; 128)
Q.Qeybullayev Albaniya ərazisində şarvan, aran, xurs, macar qədim türk tayfaları haqqında da mə’lumat vermiş, onların izlərini toponimlərdə müəyyənləşdirmişdir. (9; 118-122, 199-200)
Çol (çul) tayfası haqqında müxtəlif fikirlər söylənmiş, onların gah qafqazdilli, gah da irandilli olduğu qeyd edilmişdir. Çolların bir qismi Albaniyanın şimal-şərqində yerləşmiş, qalanı Orta Asiyada - Xəzərin şərqində məskunlaşmışdı. Azərbaycan toponimləri çolların türk tayfalarından olduğunu göstərir. (9; 111-114) İlk dəfə II əsr müəllifi Dionisi Periyeget tərəfindən xatırlanan çollar Albaniyaya və ümumən Şimali Qafqaza hunların tərkibində gəlmişlər. Çollar xristianlığı ilk qəbul edənlərdən idi. Kalankatuklu Moisey göstərir ki, Dərbənd yaxınlığındakı Çol şəhərində I-II əsrlərdə missioner Yelisey xristianlığın tə’limi ilə məşğul idi. Çol şəhəri bu dövrdə vardısa, deməli, çollar bu yerlərə daha əvvəllər gəlmişlər. Erkən orta əsrlərdə xəzərlərdə Çol xüsusi ad kimi işlənmişdir. Çul sözünə -lu şəkilçisinin artırılması ilə Azərbaycanda bu tayfanın adını yaşadan bir neçə kənd adı qalmışdır. Bunlardan biri də Cəbrayıl ərazisində Çullu kəndi idi. Şərur-Dərələyəz qəzasında Çul, Zəngəzur qəzasında Çullu kəndləri (32; 622, 624) olmuşdur. Çul etnonimi başqa türk xalqlarında da iz qoymuşdur.
Katiklər. Erkən orta əsrlərdə Albaniya ərazisində yaşayan türk tayfalarından biri də katak tayfası olmuşdur. Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsərində Arsax vilayətlərindən biri Kotayk adlanır. «VII əsrin erməni coğrafiyası» əsərində Uti vilayətinin dairələrindən biri Tuç-Katak adlandırılmışdır. Kalan-katuklu sözündən göründüyü kimi, bizim fikrimizcə, «Albaniya tarixi»nin müəllifi də bu tayfadandır. Etnonim katak, katay, ktay şəkillərində digər türk xalqlarında - qazax, qırğız, qaraqalpaq, özbək, noğay, başqırd və qaqauzlarda da müəyyən edilmişdir. (53; 222) X əsr Cənubi rus çöllərində peçeneqlər arasında ‘tun-katay’ tayfa adının olduğu qeyd olunmuşdur. Bir sıra türk dillərində söz sonunda «q» peçeneqlərdə «y» samitinə keçir. (27; 257) Bu cəhət katak və katay tayfa adlarının eyni olduğunu göstərir. Katak, katay sözlərinin kökü kat tayfa adından (və etnonimlərdə iştirak edən -ak,-k şəkilçisindən) ibarətdir - kazax, kamak, kıpçak, uqrak tayfa adlarında olduğu kimi. Etnonim Hekatey tərəfindən ‘katanna’, ‘katar’, Plini tərəfindən ‘katiar’ şəklində qeydə alınmışdır. (9; 115) Kalankatuklu Moiseyin qeyd etdiyi ‘Katak’ toponimi XVII əsrdə Qarabağda ‘Qoduqlu’ kimi yazıya alınmışdır. Biz güman edirik ki, çar skiflərin ilk dörd tayfasından biri olan katiar həmin bu katik tayfasının e.ə.VIII əsr əcdadıdır.
Q.Qeybullayevin əsərlərində Albaniya ərazilərində bunlardan əlavə, tərtər, savdey, aran, macar və b. türk tayfalarının yaşadığı barədə də geniş mə’lumat verilmişdir. (7; 73-142)
Beləliklə, eradan əvvəlki və sonrakı yüzilliklərdə Albaniya ərazisində türk tayfaları göylərə səpələnmiş ulduzlar kimi sayrışır. Bunların bir qismi avtoxton tayfalardan ibarətdir. Təbii ki, albanlar, qarqarlar, saklar və kaspilər bu cür tayfalardandır. Kimmerlər, saklar, skiflər, katuklar e.ə. I minilliyin əvvəllərinin gəlmələri hesab olunur. Keçmiş eranın son əsrlərində, yeni eranın ilk illərində gələn tayfalar hunlar, savarlar, bolqarlar, dondarlar, kəngərlər, kerqillər, kollar, çullar, şamaklar, peçeneqlər, aranlar, xurslar, xəzərlər, macarlar, barsillər və başqalarından ibarət olmuşdur. Türk xaqanlığının, xəzərlərin və qismən savarların VI-VIII əsrlərdəki gəlişi sonrakı böyük dalğa hesab olunur.
Bütün gəlmə tayfaların şimaldan Cənubi Qafqaza endiyi, yalnız 24 boydan (kayı, bayandur, iva, salor, avşar, bəydili, bayat, eymur, tuker, çuvaldar, çapni, xalac və s.) ibarət olan səlcuq-oğuzların XI-XII əsrlərdə Xəzərin cənubu ilə hərəkət edib Atropatena və Albaniya ərazilərinə daxil olduğu güman edilir.
XI-XII əsrlərdə səlcuq oğuzların dalğası mühafizəkar tarixçilərin iddia etdikləri kimi, birdən-birə «irandilli» əhalini türkləşdirmədi: «...oğuzlar Azərbaycan ərazisinə qatı müsəlman kimi gəlmişdilər. Bu faktın böyük tarixi əhəmiyyəti ondadır ki, əvvələn, oğuzların yerli türkdilli əhali ilə konsolidasiyası sür’ətləndi; ikincisi, döyüşkən oğuzlar tərəfindən Azərbaycan ərazisinin yadellilərdən müdafiəsi tə’min olundu. ...onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həlledici rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına məxsusdur».(6; 205)
Q.Qeybullayev Albaniyada mövcud olan etnosların, həmin etnoslara məxsus toponim və antroponimlərin tədqiqi sahəsində misilsiz iş görmüşdür. Lakin müəllifin bə’zi nəticələri ilə razılaşmaq qeyri-mümkündür. «VIII-IX əsrlərdən sonra Azərbaycan ərazisində ümumi mə’nada «türk» etnik adı alban adını əvəz etməyə başladı. VIII-XIII əsrlər Azərbaycanda etnogenezin yeni mərhələsidir. Etnogenez məhz bir sıra etnoslardan keyfiyyətcə fərqli yeni etnosun yaranması prosesidir. Bu mərhələ azərbaycanlıların formalaşması mərhələsidir. Etnogenezin qabaqkı mərhələsində alban, sak, kimmer, kaspi və s. etnoslar əsasında alban xalqı təşəkkül tapmışdı və bununla əlaqədar olaraq vahid danışıq dili, milli mədəniyyət yaranmışdı. Nizami, Xaqani, Fələki və b. nəhənglər məhz həmin etnik özül, mədəni özünəməxsusluq üzərində yüksəlmişdilər». (6; 208)
X əsrə qədər oğuzların, xəzərlərin, qıpçaqların Azərbaycan ərazisinə axınının ardı-arası kəsilməyib. Cənubda isə e.ə. III-I minilliklər arasında lulluların, suların, kutilərin, turukkilərin, kasların, mannalıların, madalıların türkmənşəli olduğunu qeyd etmişik. Bütün bunlar ərəblərin dediyi kimi, Azərbaycanın həqiqətən çox qədimdən türklər ölkəsi olduğunu göstərir. Parfiya dövründə də, Sasanilər və Xilafət zamanında da rəsmi dairələrdə dövlət işləri pəhləvi dilində, ərəb, fars dillərində aparılmışdır. Lakin geniş kütlə şəhər və kəndlərdə türk dilində danışmışdır. Manna, Mada dövründən cənubda türk tayfalarının və türk tayfa dillərinin konsolidasiyası Atropatena dövründə güclənmiş və hunların qərbə yayılması ilə IV-V əsrlərdə ümumiləşmə başa çatmış, cənubi Azərbaycan ərazisində atropatenalıların Azərbaycan dili təşəkkül tapmışdır. E.ə. IV əsrdən şimalda Alban dövlətinin yaranması ilə ümumiləşməyə başlamış Alban və ya Aran dili də eyni vaxtda təşəkkülünü başa çatdırmışdır. Atropatena/azəri və alban/arran dillərinin təşəkkül prosesi, eyni zamanda, onların əvvəlcə Parfiya, sonralar Sasanilər dövləti tərkibində bir canişinlikdə birləşdirilməsi ilə vahid dil kimi formalaşma istiqamətində davam etmişdir. Bu proses V əsrdə başa çatmış, VI əsrdən Azərbaycan şifahi ədəbi dilinin təşəkkülü sür’ətlənmiş, VI-VIII əsrlərdə şifahi ədəbi dilin misilsiz abidəsi olan «Dədə Qorqud» kitabının tam formalaşması ilə şifahi ədəbi dilin təşəkkülü başa çatmışdır. Bundan sonrakı dövr (XII əsrə qədər) ədəbi dilin yazılı qolunun təşəkkülü dövrüdür. XI-XII əsrlərdə Səlcuq-oğuzların gəlişi ilə yazılı ədəbi dilin geniş fəaliyyətə başlaması üçün hərtərəfli zəmin yaranmışdır.

 

 



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin