M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə10/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

Ədəbiyyat

1. İstoriə drevneqo vostoka.t.1, M.,1983;


2. Azərbaycan tarixi. I cild (Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə). -Ali məktəblər üçün dərslik. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994.
3. D.M.Nasilov. Ob Altayskoy əzıkovoy obhnosti.-»Törkoloqiçeskiy sbornik»,1974»,Moskva,1978
4. N.N.Poppe Nikolas. Verglilichende Grammatik die Altaischen sprahen.-Wiecbaden,1960.
5. Azərbaycan tarixi (İ.Əliyevin redaktəsi ilə), I cild, Bakı, «Elm»,1998.
6. Reki blizneüı. -Moskva, 1972.
7. Y.B.Yusifov. Qədim Şərq tarixi. Bakı Universiteti Nəşriyyatı,1993.
8. İ.T.Kaneva. Şumerskiy əzık. -Sankt-Peterburq, 1996.
9. İ.M.Dğəkonov. Əzıki drevney Peredney Azii. M,1967.
10. Drevnetörkskiy slovarğ. -Leninqrad, Nauka, 1967.
11. A.Leo Oppenxeym. Drevnəə Mesopotamiə. -Moskva, Nauka, 1980.
12. Xrestomatiə po istorii Drevneqo Vostoka. -M., 1963.
13. Fridrix Deliç. Vavilon i Bibliə. -SPb, 1911.
14. S.N.Kramer. İstoriə naçinaetsə v Şumere.- izd. Nauka, Moskva, 1965.
15. E.Əlibəyzadə. Azərbaycan xalqının mə’nəvi mədəniyyət tarixi. -Bakı, «Gənclik», 1998.
16.Azərbaycan folklor antalogiyası,I,Naxçıvan folkloru,1994.
17.S.N.Kramer. Dve şumerskie gleqii.-İzd. Vostoçnaə literatura, Moskva, 1960.
18.Quqo Vinqler.Zapadnaə Aziə i drevnə vremeni.-İstoriə çeloveçestva,t.III, SPb.,1903.
19.Glize Reklö.Çelovek i zemlə.-t.I, izd.Brokqauz-Efron,SPb.,1906.
20.D.Q.Reder.Mifı i leqendı drevneqo dvureçğə.-İzd.Nauka,Moskva,1965.
21.Alfabenin mənşəyi ən əski türk yazısıdır.- İstanbul,1933.
22.Tariyel Vəli Nüvədili. Əcdad.-Sietl, BA,ABŞ,1997.
23.Oljas Süleymenov.Az-Ya,Bakı,1999.
24.İ.M.Dğəkonov.Gpos o Qilğqameş,-izd.AN SSSR,M.-L., 1961.
25.Bazin L., Y a - t - il en turk des alternankes vokalukues (UAJB, 1961, XXX111,1-2.
26.Q.Ş.Kazımov.»Kitabi-Dədə Qorqud» və Azərbaycan dilinin inkişaf mərhələləri.»Kitabi-Dədə Qorqud-1300», Elmi-praktik konfransın materialları.-»Naxçıvan» Universiteti, Ünsiyyət, 2000
27.B.Serebrennikov, N.Qadjieva.Sravnitelğno-istoriçeskaə qrammatika törkiskix əzıkov. - «Maarif», Baku, 1979.
28.T.İ.Hacıyev. Azərbaycan dilinin yazıyaqədərki izləri haqqında. -Azərbaycan filologiyası məsələləri. - «Elm» nəşriyyatı, 1983.
29.M.Ş.Şiraliev.Dialektı i qovorı Azerbaydjanskoqo əzıka.-izd. «Glm», Baku, 1983.
30. Mahmud Kaşğari.Divanü-lüğat-it-türk, tercümesi.Çeviren Besim Atalay, 3, Ankara, 1941.
31.Ə.Şükürlü. Qədim türk yazılı abidələrinin dili.-Bakı, «Maarif», 1993.
32.H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. -Bakı, 1990.
33.Q.Kazımov. Müasir Azərbaycan dili.Sintaksis. -Bakı, Ünsiyyət, 2000.
34.M.A.Dandamaev. A.Leo Oppenheymin «Qədim Mesopotamiya» kitabına son söz, s.391-397.
35.A.M.Məmmədov. Azərbaycan dilinin erkən tarixinə dair materiallar.Azərbaycan filologiyası məsələləri,I,-Bakı,1983.
36.Tureüko-russkiy slovarğ.-Moskva,1977.
37.V.V.Radlov.Opıt slovarə törkskix nareəiy.-II-1.
38.V.V.Radlov.Opıt slovarə törkskix nareçiy.-IV-1.
39.Mahmud Kaşğari.Divanü-lüğat-it-türk, tercümesi.Çeviren Besim Atalay, I, Ankara,1939.
40.Dastan-i Ahmet Harami.-İstanbul,1946.
41.Q.A.Qeybullayev.Azərbaycan türklərinin təşəkkülü tarixindən.-Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1994.
42.Q.Kazımov.Kİ-SİKİL, yoxsa QIZOĞUL və ya qədim abidənin dilinin tədqiqi.-V.Məmmədovun «Dastani-Əhməd Hərami» poemasının dili və üslubu» (Bakı,2001) əsərinə ön söz.
43.M.İsmayıl. Azərbaycan tarixi. -Bakı, 1997.
44.Z.İ.Əmpolğskiy. Drevnəə Albaniə III-I vv.do n.g. İzd.AN Azerb. SSR, Baku, 1962.
45.Q.Kazımov.Qurbani və poetikası. -Bakı, APİ nəşri,1966.
46.Ə.Dəmirçizadə. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. -Bakı, APİ nəşri, 1959.
47.W.Kotvicz. Les pronome dans les langues altaique. Memoires de la comission orientaliste, 24, Krakow,1936.
48. Ağamusa Axundov. Dil və ədəbiyyat. -I cild, Bakı, 2003.

 

III fəsil.

 

PROTOAZƏRBAYCAN DİLİ DÖVRÜ (E.ə. III minillik - e.ə.I minilliyin birinci yarısı)

 


  • Dövlət, etnogenez və dilimizin mənşəyi məsələlərinin qoyuluşu

  • E.ə.III-II minilliklərdə etnik tərkib və dil məsələləri

  • Leksika. Xüsusi adlar

  • Bə’zi fonetik xüsusiyyətlər

  • Qrammatik xüsusiyyətlər

  • MANNA: etnik tərkib və dil məsələləri

  • Leksika: Manna xüsusi adları

  • Fonetik xüsusiyyətlər

  • Qrammatik xüsusiyyətlər

  • M A D A: etnik tərkib və dil məsələləri

  • Leksika: Mada xüsusi adları

  • Qrammatik xüsusiyyətlər

  • Gəlmə türk tayfaları: kimmerlər, skiflər, saklar, onların etnik tərkibi və dili haqqında

  • Kimmerlər

  • Skiflər

  • Saklar

  • Qrammatik xüsusiyyətlər

  • Ədəbiyyat

 

III F Ə S İ L

 

PROTOAZƏRBAYCAN DİLİ DÖVRÜ


(E.ə.III minillik - e.ə.I minilliyin birinci yarısı)


Dövlət, etnogenez və dilimizin mənşəyi məsələlərinin qoyuluşu

 

Azərbaycan xalqının və onun dilinin mənşəyi hələ də mürəkkəb bir problem olaraq qalmaqdadır. Xalqımızın etnik tarixi ilə alimlər sistemli şəkildə XX əsrdə məşğul olmağa başlamışlar. Bu sahədə əsas mənbə ayrı-ayrı dövrlərin tədqiqinə həsr olunmuş monoqrafiyaların materialları əsasında ümumiləşdirilmiş «Azərbaycan tarixi» kitablarıdır - 1958-ci ildə MEA Tarix institutunun çap etdiyi «Azərbaycan tarixi» (1 cild), 1994-cü ildə Təhsil Nazirliyinin qrifi ilə ali məktəblər üçün dərslik kimi çap olunmuş «Azərbaycan tarixi» və Azərbaycan MEA-nın çoxcildli «Azərbaycan tarixi»nin I cildi (1998). Şübhəsiz, bunlardan əlavə, çoxsaylı məqalələr, dərslik, dərs vəsaiti və monoqrafiyalar da vardır.


Yuxarıda qeyd edilən kitablardan birincisində mö’tədil şəkildə qoyulmuş problem (dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri) ikinci və üçüncü kitablarda kəskin ziddiyyət təşkil edən konsepsiyalar kimi inkişaf etdirilmişdir. Xüsusilə son kitabda əsas ideyalar tarixi həqiqətin təhrifindən ibarət olub, xalqın tarixinə zidd ideoloji baxışlardan alınmışdır.
«Akademik nəşr» və son kitab olduğu üçün biz də bu kitabdan başlayırıq.

Kitabın əvvəlindəki «İnstitutdan» başlıqlı bir səhifəlik yazıda deyilir ki, 7 cildliyin 5 cildi 1990-cı ildə artıq hazır idi, lakin «dövrün siyasi konyunkturasından azad deyildi», ona görə də oxuculara təqdim edilən bu kitab 90-cı illərdə «əhəmiyyətli dərəcədə yenidən işlənib düzəldilmişdir».(1; 5) Lakin kitabla tanışlıq göstərir ki, «dövrün konyunkturası» ən mühüm məsələlərdə nəinki aradan qaldırılmamış, əksinə, bir qədər də kəskinləşdirilmişdir. Birinci cild bizə, hər şeydən əvvəl, etnogenez və dil məsələlərini aydınlaşdırmalı idi. Lakin mə’lum olur ki, bu sahədə əsas fikir nəinki 60-cı illərdən irəli getməmiş, əksinə, Sovet dövrünün ən qatı çağlarının ideyaları üzərində daha möhkəm köklənib. Başqa sözlə, tarixi təhrifdən ibarət olan keçmiş qeyri-elmi, sün’i və saxta konsepsiya sanki qəsdən daha da qatılaşdırılmışdır.


Budur, kitab boyu dövlət, etnogenez və dil məsələlərinin müəllifi İqrar Əliyev 40 səhifəlik «Giriş»də Azərbaycan xalqının mənşəyinin və dilinin hansı etnoslar və hansı etnosların dili əsasında təşəkkül tapdığını belə ümumiləşdirmişdir: «...bir sıra qeyri-müəyyənliklərə, çətinliklərə baxmayaraq, Azərbaycan xalqının etnogenezi konsepsiyası müəyyən dərəcədə, ümumi şəkildə tarix elmimizdə işlənmiş və özünün in’ikasını sanballı «Azərbaycan tarixi»nin 1-ci cildində (Bakı, 1958), «Sovet tarix ensiklopediyası»nda (I,M.,1961), «Böyük sovet ensiklopediyası»nda (3-cü nəşr,I, M.,1969), «Qafqaz xalqları» (II,M.,1981), «Dünya xalqları» (M.,1968), on iki cildlik «Ümumdünya tarixi» (M.,1955-1979) kitablarında və bir sıra digər əsərlərdə tapmışdır. Bu konsepsiyaya görə, Azərbaycan xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz Albaniyasında məskunlaşmış müxtəlif, o cümlədən Qafqaz və İran dillərində danışan (fərqləndirmə bizimdir - Q.K.) qədim dövr və orta əsrlərin tayfa və xalqları - mannalılar, kaspilər, Atropatena madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas rol oynamışlar». (1; 33) Göründüyü kimi, burada etnogenez və dil məsələlərini «dəqiqləşdirmək» naminə müəllifin qeyd etdiyi, 80-ci illərin əvvəllərindən bu yana keçən, müstəqillik imkanlarına əsaslanan bir ədəbiyyat da yoxdur (Amma gör xalqın tarixinə zidd və zərərli konsepsiya nəzarətsizlik üzündən nə qədər ədəbiyyata yol tapıb!). Manna, Maday, Atropatena, Albaniya dövlətləri tərkibində birləşən tayfalar içərisində bir nəfər də türk yoxdur; hətta farsların iddia etdikləri şəkildə azəri tayfası da irandilli hesab edilir. Deməli, qədim dövrdə və orta əsrlərdə Azərbaycan ərazisində aparıcı tayfalar iran- və qafqazdillilər olmuşlar. Bir qədər sonra görəcəyik ki, Azərbaycan ərazilərində İran və qafqazdilli tayfalar bizim eranın birinci minilliyinin sonlarına kimi aparıcı qüvvə olmuş, II minilliyin əvvəlində birdən-birə etnik simalarını dəyişərək türkləşmişlər.
«Əsrlər boyu Azərbaycana gəlmiş müxtəlif dilli tayfa və xalqlar (skiflər, saklar, alanlar, hunlar, sabirlər, xəzərlər, oğuzlar və b.) da Azərbaycan xalqının etnogenezində böyük rol oynamışlar. Azərbaycan xalqının, dilinin formalaşması etnogenezin son mərhələlərində - orta əsrlərdə davam etmişdir».(1;33-34)
Əgər Manna, Maday, Atropatena və Qafqaz Albaniyasında yaşayan əsas əhali Qafqaz və irandillilər olmuşlarsa, onda «əsrlər boyu» gələn skif, sak, alan, hun, sabir, xəzər, oğuz tayfalarının «böyük rolu» nədən ibarət olmuşdur? Sonrakı izahlardan görəcəyik ki, bunların da əksəriyyəti (skiflər, saklar, alanlar və bəlkə lap elə hunlar da) müəllif düşüncəsinə görə, irandillilər olmuşlar. Etnogenez haqqında hökm verilən həmin sitatda xüsusi qeyd olunur ki, Azərbaycan xalqının və onun dilinin formalaşması «orta əsrlərdə davam etmişdir». Hətta «ilkin orta əsrlərdə» də deyilmir. Hətta «orta əsrlərdə başa çatmışdır» da deyilmir, «davam etmişdir» deyilir.
Xüsusiləşmiş «müxtəlif, o cümlədən Qafqaz və İran dillərində danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları» ifadəsinə diqqət yetirək. Adətən, əsası deyib, sonra ikinci dərəcəlini qeyd edərlər. Bu cümlədə isə əsas «müxtəlif» sözü ilə pərdələnmiş, ikinci dərəcəlilər birinci dərəcəli kimi xüsusiləşdirilmişdir. Əsas kütlənin kimlərdən ibarət olduğu «müxtəlif» sözü ilə örtülür, İran və Qafqaz dillilər qabarıq şəkildə nəzərə çarpdırılır. Mənafe və niyyət belə tələb edir. Əgər, doğrudan da, qafqazdillilər bu ölkədə aparıcı qüvvə olmuşlarsa, nə üçün onların Azərbaycan ərazisində bir dəfə əməlli bir qurumuna rast gəlmək olmur? İrandillilərin İran yaylasına e.ə. 8-7-ci əsrlərdə gəldikləri hamıya mə’lumdur. Bəs o vaxta qədər Azərbaycan əhalisi kimlərdən ibarət idi? Bəlkə ərazi boş imiş? Kitabın özündə deyilir ki, «İlk tunc dövründə (e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək - Q.K.) az qala bütün Azərbaycan və Zaqafqaziya ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulmuş, mənimsənilmişdir». (1; 104) Hətta me’marlıq, inşaat sahəsində də aborigen əhalinin varislik işləri arxeoloji materiallarla təsdiq olunur. Bəs bu tayfalar kimlərdən ibarət olmuşdur? Bunu izah etmək əvəzinə, irandillilərin bu ərazilərə gəlişini cidd-cəhdlə qabağa çəkməyə çalışırlar. Başa düşmək olmur ki, İ.H.Əliyev Azərbaycan ərazilərində irandilliləri zorla daha qədimdən yerləşdirməyə çalışanlara nə üçün bu qədər fərəhlə yanaşır. Bəlkə bu, sadəcə tarixçi obyektivliyidir? Sənin vətəninə (əgər belə demək düzgün isə) yadlar daxil olur (hələ bunun doğru olub-olmadığı bir yana), sən də həqiqi tarixi qoyub bunu fərəhlə təbliğ edirsən - bunun nəyi obyektivlikdir? Budur, yenə «Giriş»də oxuyuruq: «Müəllifin (E.A.Qrantovskinin - Q.K.) Şimal-qərbi İran vilayətlərində (Qərbi Azərbaycan - Urmiyayanı sahələr nəzərdə tutulur, amma «Şimal-qərbi İran» deyilir - Q.K.) irandilli tayfaların əvvəllərdə düşünüldüyündən daha qabaq meydana çıxdığını iddia etməyə imkan verən əsaslandırılmış fikri çox böyük əhəmiyyətə malikdir». (1; 28) 1977-ci ildə Moskvada buraxılmış «İran tarixi» kitabı da eyni şəkildə alqışlanır: «...bölgədə (Manna ərazisində - Q.K.) irandilli tayfaların məskunlaşmasının və i.a. nəzərdən keçirildiyi II fəsildə köhnə problemlərə yeni şəkildə baxılmasına imkan verən xeyli maraqlı və mühüm fikirlər irəli sürülmüşdür. Bu, (yə’ni «maraqlı və mühüm fikirlər» - Q.K.) xüsusən irandilli tayfaların mənşəyi, onların İran yaylası ərazisində, o cümlədən Urmiyayanı rayonda məskunlaşması... məsələlərinə aiddir». (1; 28) Oxucu özü görür ki, müəllifi ruhlandıran mühüm məsələ irandilli əhalinin Urmiyayanı ərazilərdə tarixçilər tərəfindən zorla erkən məskunlaşdırılmasıdır. «Son zamanlar bir sıra alimlər irandilli miqrantların Zaqros zonasında, o cümlədən Cənubi Azərbaycan ərazisində məskunlaşmasının arxeoloji cəhətdən əsaslandırılmasına böyük diqqət yetirir».(1; 29) Və s. Bütün bunlar İran tarixçisi üçün maraqlıdır. İ.H.Əliyev isə Urmiyayanı ərazilərə, Zaqros zonasına ona görə belə artıq «diqqət yetirir» ki, hələ e.ə.III minillikdə bu ərazilərdə türk tayfa birliklərinin yaratdığı qədim dövlət barədə tarixçilərin araşdırmaları və tutarlı yazıları var və bütün bu fikirlər sualtı axınla həmin tədqiqat əsərlərinin əleyhinədir. Bəlkə adi oxucu bilmir, amma «Giriş»in müəllifi çox yaxşı bilir ki, köhnə ideologiyanın aldığı ən böyük zərbə bu nöqtədən - Zaqros və Urmiyayanı ərazilərdə ən qədim türk tayfalarının mövcudluğundan başlayır.
Beləliklə, İ.H.Əliyev bu qənaətdədir ki, qədim Azərbaycan əhalisi İran və Qafqaz dillərində danışan tayfalardan ibarət olmuşdur və xalqın, onun dilinin formalaşması orta əsrlərdə davam etmişdir (ilkin orta əsrlər eramızın 3-cü əsrindən başlayır və «orta əsrlər» dedikdə kapitalizmə qədərki dövr nəzərdə tutulur; bir çoxları isə kapitalizmin Azərbaycanda XIX əsrin son rübündə inkişafa başladığını iddia edir).
İ.Əliyev xalqımızın tarixini aşkar şəkildə təhrif edən bu cür fikirləri ilə millətçi fars tədqiqatçılarından heç nə ilə fərqlənmir. Hələ üstəlik xalqı aldatma üsullarına da əl ataraq yazır: «İran müəlliflərinin əsərlərinin böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranist xarakter daşımasıdır. Bu əsərlərin müəlliflərindən çoxu üçün «Azərbaycan tarixi» məfhumu yoxdur, bütün müddəalar bir dominant - «İran tarixi» nöqteyi-nəzərindən verilir. Adları çəkilən müəlliflərin çoxu üçün azərbaycanlılar sonradan türk dilinə keçmiş farslardır (məhz farslardır!). Aşkar görünənin əksinə olaraq iddia edilir ki, Azərbaycanın qədim əhalisinin dili fars dili və ya «fars dilinin xüsusi ləhcəsi» olmuşdur və i.a.»(1; 31) «Aşkar görünən» nədir? Böyük bir institut zəhmətlə «Azərbaycan tarixi» yazıb. Özləri əsaslandırmağa çalışırlar ki (əslində, bu «əsaslandırmada» İqrar Əliyevdən başqa, heç kimin «xidməti» yoxdur), Azərbaycanın qədim əhalisi irandillilərdən ibarət olmuşdur. İran alimləri niyə bundan daha bədtərini deməməlidir? Türklərin Azərbaycan ərazisinin ilkin və əzəli əhalisi - aborigenləri olduğunu dişi ilə, dırnağı ilə sübuta yetirənlərin yazılarının hamısı bir tərəfə atılıb, xalqın tarixinə, dilinə həqarətlə baxanlar ön plana çəkiləndə nə cür olmalıdır? Və həm də bilmək olmur ki, müəllif bu sözləri Ezop maneri ilə deməklə dolayı yolla öz ideyasını əsaslandırır, yoxsa müasir farslara demək istəyir ki, mən də sizin kimi Azərbaycanda İran tarixi yazmışam, sonra sizin də bu fikirdə olduğunuzu bildirmişəm.
Kitabla tanış olan hər bir şəxs görə bilər ki, bu kitab dövlət, etnogenez və dil məsələlərinə münasibətdə tamamilə İran mövqeyindən yazılıb. Müəllif İran alimlərinin azərbaycanlıların farslardan dönmə və törəmə olduqlarını göstərən fikrinə ona görə «e’tiraz edir» ki, o bu qənaətdədir ki, azərbaycanlılar bilavasitə farslardan yox, dilini və etnik mənsubiyyətini itirməklə irandilli başqa bir tayfadan törəmişlər. Əslində, elə farslar da belə deyirlər - «fars dili» demirlər, «fars dilinin xüsusi ləhcəsi» deyirlər.

Şimallı-cənublu Azərbaycan Yer kürəsinin elə bir əlverişli və münbit nöqtəsində yerləşmişdir ki, ilkin bəşər sivilizasiyası ilə birbaşa bağlıdır. «Məşhur Norveç səyyahı Tur Heyerdalın söylədiyi kimi, «Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir». Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür. (56; 92)


Belə hesab olunur ki, mezolit dövründə (e.ə. XII-VIII minilliklər) Yer üzündə asan əldə olunan təbii sərvətlərin tədricən tükənməsi təsərrüfat formasının dəyişməsinə - maldarlıq və əkinçiliyin inkişafına səbəb olmuşdur. Tarixçilərin qeydlərindən aydın olur ki, Cənubi Azərbaycanın geniş əraziləri hələ 10 min il əvvəldən maldarların və əkinçilərin məskəni idi. Əkinçilik isə oturaq həyat deməkdir. Buna görə də belə hesab olunur ki, məsələn, Qobustanda mezolit-neolit mədəniyyətinin yaradıcıları yerli Azərbaycan qəbilələri və qəbilə birlikləri olmuşdur. Belə bir vaxtda - e.ə.VIII-VII minilliklərdə Zaqros zonasında yerli əhalinin böyük bir hissəsi oturaq həyata keçərək əkinçilik və maldarlıq təsərrüfatını genişləndirir.
Mezoliti əvəz edən neolit dövrü (e.ə.VIII minilliyin sonu, VI minilliyin birinci yarısı) «insan həyatında inqilabi səciyyə daşıyan və cəmiyyətdə dərin ictimai nəticələrə gətirib çıxaran köklü dəyişikliklər»in baş verdiyi dövrdür. «Neolit inqilabının» mahiyyəti yalnız təsərrüfatın inkişafından ibarət olmayıb, cəmiyyətdə yaranan sıçrayışla bağlı qiymətləndirilir: »Mezolit-neolit cəmiyyətinin dərinliklərində baş verən əkinçilik və maldarlığa keçid prosesi müntəzəm izafi məhsul yaratdı ki, bu da bəşəriyyət qarşısında ibtidai icma quruluşunun məhvinə yol açdı».(1; 88)
Artıq eneolit dövründə (e.ə.VI minillikdən IV minilliyin ortalarına qədər) maldarlığın və əkinçiliyin daha da genişlənməsi, təsərrüfatın inkişafı, izafi sərvət toplanması ilə əlaqədar «...qədim Şərqin bə’zi rayonlarında siniflərin və dövlətin meydana gəlməsi üçün zəmin yaranır».(1; 92)
Bütün bunlar tarixin təbii gedişidir ki, akademik tarixdə də öz ifadəsini düzgün tapmışdır. Bura qədərki arxeoloji materialların izahı da zəngin və qiymətlidir. Lakin sosial-ictimai münasibətlərə gəldikdə, elə bil, hər şey daş altından çıxır. Azərbaycan ərazisində siniflərin və dövlətin əmələ gəlməsinə, etnoslara və onların dillərinə münasibətdə vəziyyət müdhiş şəkil alır.
Şumerdə yeni tarixi mərhələ III minilliyin əvvəlində (e.ə. XXVIII əsrdə) başlamışdı və tarixşünaslıqda Şumer şəhər dövlətləri haqqında zəngin mə’lumat toplanmışdır.Tədricən bütün Şumeri əhatə edən vahid dövlətin yarandığı və sonra da ölkənin akkadlar tərəfindən işğal olunduğu bu neçə yüz illik müddətdə şimal-şərqdən ona bitişik olan qədim Azərbaycan ərazilərində, akademik tarix müəllifinin fikrincə, hələ dövlət anlayışı yoxdur, yalnız ora-bura «soxulan» tayfalar, tayfa ittifaqları var; Azərbaycanda dövlət Manna ilə başlayacaq, - e.ə.1-ci minilliyin əvvəllərində; bu vaxta qədər yalnız nəsli-qəbilə quruluşundan, bir sıra tayfalardan danışmaq olar və s. Elə buna görə də akademik tarixin 120-122-ci səhifələrində Azərbaycanın aborigen tayfaları kutilər, lullubilər, kassilər və hurrilər haqqında icmal şəklində qısa mə’lumat verilmişdir. Bu mə’lumatın səviyyəsi və keyfiyyəti də «maraqlıdır», ona görə də bir qədər onun üzərində dayanmaq istərdik.
Əvvələn, oxucu bilməlidir ki, e.ə. XXIII əsrdir və akademik tarixə görə, dediyimiz kimi, bu dövrdə Azərbaycanda dövlət anlayışından danışmaq olmaz. Cənubi Azərbaycanın qərb hissəsinin mühüm etnoslarından olan kutilər, müəllifin yazdığına görə, siyasi cəhətdən kor və vəhşi tayfalardan ibarətdir. Təqribən 0,75 səhifəlik, yə’ni bir səhifədən də az mə’lumatda müəllifin kutilər haqqında dediklərinin özəyini bura köçürürük: «Akkad hökmdarı Naramsin (Naram-Suen) artıq e.ə. XXIII əsrin son rübündə Mesopotamiyaya soxulmuş kutilərlə toqquşmalı olmuşdu. Kutilərin başçısı Enridavazir Akkad qoşunlarını məğlub etmiş, Cənubi Mesopotamiyaya gəlib çatmış, orada özünü «dünyanın dörd ölkəsinin hökmdarı» e’lan etmiş, buna dair iri kitabə yazdırmışdı. Kutilər Mesopotamiyada soyğunçuluq və zorakılıq idarə üsulu tətbiq etmişdilər. Onlar şəhərləri dağıdır, çoxlu insan qırırdılar. Qədim yazı kutiləri «Şumer çarlığını dağlara aparan, Şumerə düşmənçilik gətirən, arvadı ərindən, uşaqları valideynlərindən məhrum edən dağ əjdahaları» adlandırır». Siyasi baxımdan kamil olmayan gəlmə tayfalar zəbt olunmuş ölkədə dövlət aparatının mühüm sahələrinin idarə edilməsini yerli zadəganlara həvalə edir və beləliklə, öz mövqelərini zəiflədirdilər.» «Kutilərin Mesopotamiyada təxminən bir əsrlik ağalığı onlar arasında nəsil-tayfa münasibətlərinin dağılması prosesini sür’ətləndirməli idi». (1; 119-120)
Başa düşmək olmur ki, bu nə cür tarixçilikdir. Kutilər kimdir və müəllif kimin tərəfindədir? Kutilərdən ona görə danışılır ki, bunlar bizim vətənimizin ən qədim sakinləri, bizim əcdadlarımızdır. İnsanın öz əcdadlarına məhəbbəti olmalıdır. Hələ onların «siyasi baxımdan kamil olmamaları» bir yana, «soxulmaq» nə deməkdir? Adam da öz əcdadı haqqında bu cür söz işlədərmi? Moskvanın buraxdığı bir kitabda olduğu kimi, insanın öz babaları haqqında yaramaz bir sözü (lap mənbə belə desə də) təkrar etməsi nə qədər caizdir? İkinci bir tərəfdən, kutilər siyasi cəhətdən kamil olmasa idilər, Şumer kimi mədəni ölkəni necə işğal edə bilərdilər? Bu böyüklükdə Sovet imperiyası özünü yüz il qoruyub saxlaya bilmədi, mədəni bir ərazini bir əsr idarə etmək zarafatdırmı? Hələ bir nöqsan da tutulur ki, idarəçiliyi yerli zadəganlara tapşırırdılar. Hansı işğalçı bu cür etməyib? İskəndər Atropatenanı (İranla birlikdə) işğal etdikdən sonra idarəçiliyi Atropat əvəzinə, başqa bir fars ə’yanına - Oksidata və sonra da Arsaka tapşırmadımı və onların bacarıqsızlığını görüb iki il sonra yenidən Atropatı öz vəzifəsinə qaytarmadımı? İskəndər də siyasi cəhətdən kamil deyildi? Hələ bir deyilir ki, son kuti hökmdarı Tirikan cəmi 40 gün hakimiyyətdə qala bildi və «XXII əsrin sonunda kutilər Mesopotamiyadan qovuldular». «Qovuldular» sözünü Mesopotamiyanın öz tarixçisi deyə bilər, biz deməməliyik. Hansı işğalçı işğal etdiyi ərazidə axıra qədər duruş gətirə bilib? Deyilir ki, kutilər Şumer şəhərlərini dağıdır, arvadı ərindən ayırırdı. Başqa bir ölkəni işğal edərkən hansı ordu bu cür dağıntısız keçib gedib? «Şumer çarlığını dağlara aparan» sözlərinə nə üçün fikir verilmir? Bu göstərmirmi ki, hakimiyyətin mərkəzi dağlarda - Zaqros zonasında, Azərbaycan ərazisindədir və Şumeri kutilər yerli canişinin rəhbərliyi ilə idarə edirlər? Təəccüblüdür, bundan böyük dövlət ola bilər? Kuti hökmdarı En-Ridavazir sözündə en kahin-hökmdar demək deyilmi? Kuti hökmdarı özünü dörd ölkənin hökmdarı adlandırır, biri öz ölkəsi, biri Şumer, niyə axtarılmır ki, ikisi haradır? Və çox dəhşətli bir şey deyilir - deyilir ki, Şumer üzərindəki yüzillik hakimiyyət kutilərin arasında «nəsli-tayfa münasibətlərinin dağılmasını sür’ətləndirməli idi». Mənbə yüksək dövlət nümunəsi təqdim edir, akademik tarixdə mezolit dövrünün nəsli-tayfa quruluşundan danışılır. Hökmdar o böyüklükdə ərazini qatıb öz ölkəsinə, özünü dörd ölkənin hökmdarı sayır, tarixçi bu böyük gücü quldur kimi qiymətləndirir...
Kitabda belə «adi» tayfalardan biri kimi, lullubi tayfaları haqqında da mə’lumat verilir: «Lullubi hakimlərinin özlərinin ilkin yazılı abidələri e.ə.XXIII əsrə aiddir. Onların içərisində ilk növbədə Sarıpulda (Zöhab şəhəri yaxınlığında) qayada həkk olunmuş «çar» Anubaniniyə məxsus olan relyefli kitabəni qeyd etmək lazımdır. Anubanininin kitabəsinə istinadən göstərmək olar ki, ona tabe olan ərazi çox geniş idi. Ehtimal etmək olar ki, bu ərazi Urmiya gölündən İran körfəzinə qədər uzanırdı. Vaxtilə kutilərə məxsus olmuş ərazinin xeyli hissəsi sonralar lullubilərin əlinə keçmişdi. Artıq e.ə. III minilliyin II yarısında lullubilər nəinki Azərbaycan və İranın, habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol oynayırdılar». (1; 120-121) Ərazisi Urmiya gölündən Fars körfəzinə qədər uzanan, qələbələrini daş kitabələrə yazdıran lullubilər də tarix müəllifinin fikrinə görə, hələ dövlət sahibi deyil, adi işğalçı tayfalardan ibarətdir.
Kutilərin, lullubilərin yaratdığı dövlət dövlət kimi qəbul olunmur və onlar hələ nəsli-qəbilə quruluşunu davam etdirən, hərbi demokratiya dövrünü yaşayan tayfalar hesab olunur. Bu məsələyə bir daha qayıdacağıq, müəllifin etnik tərkib və dil məsələlərinə dair görüşlərinə diqqət yetirək.
E.ə.III minillik və II minilliyin 1-ci yarısında etnik tərkib və dil məsələləri barədə gil yazılarda bir şey deyilmir, ona görə də bu barədə danışmağı lazım bilməmişlər. Söylənilən mülahizələr e.ə. II minilliyin 2-ci yarısı və I minilliyin əvvəlinə aiddir.
Son tunc və erkən dəmir dövrünün (e.ə.II minilliyin 2-ci yarısı, e.ə. 1-ci minilliyin başlanğıcı) etnik tərkib və dil məsələlərindən bəhs edilərkən deyilir: «Bizi maraqlandıran zamanın etnodil mənzərəsindən danışarkən göstərmək lazımdır ki, həmin mənzərə, əlbəttə, əvvəlki dövrün şəraitindən bir qədər fərqlənirdi. ...bu dövrdə burada etnik, mədəni və dil baxımından keçmiş dövrlərin nəsilləri - Kavkasion və Aralıq dənizi antropoloji tiplərinə aid olan, Şimal-şərqi Qafqaz ailəsinin dialektlərində (şimalda), hurri, lullubi və digər dillərdə, dialektlərdə (cənubda) danışanların nümayəndələri ilə bağlı olan avtoxton əhali yaşayırdı».(1; 145-146) «Şimali Azərbaycan vilayətlərində əsas əhalinin Şimal-şərqi Qafqaz ailəsi dillərində danışan tayfalardan və tayfa birliklərindən ibarət olduğu şübhəsizdir... Deyilənlər, şübhəsiz, Şimal-şərqi dil ailəsi daşıyıcılarının bir qisminin əsasında tədricən protoalban tayfa ittifaqının təşəkkül tapmasından xəbər verir».(98,147) «Güman etmək olar ki, turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbələrdə danışılan uruatrilərin də hurrilərə yaxın olması güman edilir».(1; 147)
Müəllifin etnik tərkib və dil məsələlərinə münasibəti belədir. Lakin fikrini daha da möhkəmləndirmək üçün bu məsələyə xüsusi fəsil (VII) həsr etmişdir. Oxucu guya Azərbaycanı bürümüş «Qafqaz və İran dillərində danışan» tayfalara inanır-inanmır, özü bilər, amma bu məqamda - dəmir dövrünün başlanğıcında Azərbaycan əhalisinin əsas kütləsinin dəyişmədiyi, aborigenlərdən ibarət olduğu barədə müəllifin fikri həqiqət kimi qəbul olunmalıdır: «...bu ərazidə (Cənubi Azərbaycan əraziləri nəzərdə tutulur - Q.K.) yerli tayfalar başlıca, üstün etnik massiv olaraq qalmaqda idilər». (1; 166) Öyrənilə bilər ki, bu tayfalar kitab müəllifinin bə’zən mülahizə, bə’zən qəti şəkildə söylədiyi kimi ancaq İran və qafqazdillilərdən ibarət deyilmiş, onda Azərbaycan əhalisinin etnik mənzərəsi tamamilə dəyişə bilər. Amma hələlik 1-ci cilddə bu barədə heç bir işarə yoxdur və hətta aşkar ümid bəslənilə bilən turukkilər də hurrilərə qohum hesab olunur. Hurri-ari yaxınlığı isə müəllifin inamla qeyd etdiyi «faktdır». Bə’zən əvvəlki bölmədə gümanla söylənilənlər bu fəsildə daha inamla «təsbit edilir» və bir yenilik də budur ki, Azərbaycan ərazisində «Sipirmena ölkəsi» deyilən ölkə varmış və əhalisi «qadınlar kimi mırtıldayırmış».(1; 168) 8 səhifəyə yaxın olan bu fəsildə ən böyük «yenilik» tamamilə başqadır: müəllif - İ.H.Əliyev bütün gücünü və arxeoloji materialları toplayaraq irandilli tayfaların e.ə.II minilliyin sonu - I minilliyin əvvəlində Azərbaycana axınını sübuta çalışmışdır: «Mixi yazılarda aydın İran etimologiyasına malik olan onlarla antroponim və toponimə təsadüf edilir. Bizi maraqlandıran ərazidə açıq şəkildə ifadə olunmuş bir çox irandilli ictimai, dini, mədəni-tarixi anlayışlar və s. mə’lumdur». (1; 169) Həm də irandillilər o qədər sür’ətlə ictimai-siyasi üstünlük qazanırlar ki, onların rolu «...qədim Azərbaycan (Mada - Atropatena) xalqının etnogenezində də öz əksini tapır». (1; 169) Müəllifin fikrincə, irandilli tayfalar Cənubi Rusiya çöllərindən Qafqazı aşaraq gəlmişlər; onların bir qismi öz vətənlərində qalmaqda idi və bir qədər sonra onlar da gəldilər. Onlar «kimmerlər, skif, sak tayfaları və başqaları idilər».(1; 169) Deməli, bir sözlə, kimmer, skif, sak tayfaları da irandilli tayfalar imişlər. Müəllif lap aydın yazır: «İran dil ailəsi bir çox ölü və canlı dilləri birləşdirir. Mada, qədim fars, bir çox skif, sarmat, sak tayfa dilləri, avesta dili, orta fars, Parfiya, Soqd, Xarəzm, alan dilləri və başqaları ölü İran dilləri sırasına... aiddir».(98,169) (Bütövlükdə «skif» deyil, «bir çox skif» sözlərini qiymətləndirməmək olmaz). Gəlmə tayfaların irandilli olduğu Azərbaycan ərazisində həmin dövrə aid daha çox at kurqanlarının olması, atəşpərəstlik, mazdaizm və s. ilə əlaqələndirilmişdir. Görünür, türklər ümumən at minmirmiş və atəşpərəstliyin Azərbaycanın aborigen əhalisinə dəxli yox imiş. Bütün bunlarla yanaşı, bir cəhət lap fantastikdir: e.ə.1-ci minilliyin əvvəlində sür’ətlə İran yaylasına və Azərbaycana daxil olan irandillilər sür’ətlə də aborigen əhalini assimilyasiyaya uğratmağa başlayırlar: «Yerli və gəlmə etnik elementlərin uzunmüddətli (?) birgəyaşayışı ümumiyyətlə və bütövlükdə avtoxton qrupların irandilli əhali tərəfindən assimilyasiyaya uğradılması ilə müşayiət edilirdi». (1; 172) «...İrandilli xalqlar əsasən assimilyasiyaya uğramış avtoxton əhalinin nəsillərindən ibarət idi». (1; 173) (E.ə.II minilliyin sonu - I minilliyin əvvəlindən danışılır). Sonrakı dövrə (eramızın XI-XII əsrlərinə) aid mülahizələri də nəzərə aldıqda belə nəticəyə gəlmək olur ki, Azərbaycan ərazisində yaşayan yerli əhali bir neçə dəfə öz etnik simasını və dilini dəyişmişdir - iranlılaşmışdır, türkləşmişdir və s.
Akademik nəşrdə əsas ideyalar bunlardan ibarətdir. Oxucu görür ki, kutilərin fəaliyyəti bir tayfa işi deyil, böyük bir dövlət işidir. Amma kitabın bu fəsillərində orta tunc dövründə (e.ə. III minilliyin son rübündən başlayır) dövlətin mövcudluğu qəbul olunmur. Hətta tarixin aşkar şəkildə mühafizə edib saxladığı çar sözü də kinayə ilə dırnaq arasına alınmışdır. Cəmi iki-üç səhifəlik mə’lumatda xülasə şəklində «Azərbaycanın qədim əhalisi. Ölkə ərazisində ilk tayfa ittifaqları...» başlığı altında maldar və əkinçi tayfalardan danışılmışdır. Tunc dövrünün başlanğıcında Ön Asiyanın yaxın ərazilərində şəhər dövlətlərinin yaranması geniş vüs’ət aldığı halda, hələ orta tunc dövründə də Azərbaycanda əhalinin maldar tayfalardan irəli getmədiyi göstərilir və tarixin qoyub getdiyi aşkar mə’lumatın əhəmiyyəti heçə endirilir.
İndi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 1994-cü ildə Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə ali məktəblər üçün dərslik kimi çap olunmuş «Azərbaycan tarixi»nin 1-ci cildinə baxaq. Burada «İlk dövlət qurumu Aratta» başlığı altında Azərbaycan ərazisində Aratta ölkəsi, Aratta dövləti haqqında akademik nəşrdə kutilər, lullubilər və kassitlər haqqında birgə mə’lumatdan daha geniş mə’lumat verilmişdir - həm də e.ə. I minilliyin əvvəlinə deyil, III minilliyin birinci yarısına aid: «Aratta Cənubi Azərbaycanda e.ə.III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi». «E.ə. III minilliyin birinci yarısında (e.ə.XXVII əsrdə) Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxslər meydana gəlmişdi».(2; 61-62) Müəllif - professor Yusif Yusifov Aratta haqqında mə’lumatı Şumer dastan və poemalarından götürmüşdür. İddia oluna bilər ki, dastan tarix deyil. Dastan tarix olmasa da, tarixi qoruyub saxlayan mühüm sənəddir. Müəllif Arattanın dövlət quruluşu, dini görüşləri, siyasi və iqtisadi əlaqələri, əhalisinin məşğuliyyəti, ərazisi barədə maraqlı və geniş mə’lumat vermişdir. Ən xoş təəssürat da bundan ibarətdir ki, Aratta dövləti Şumer şəhər dövlətlərinə bərabər səviyyəli bir dövlətdir, Uruk şəhər hakimi En-Merkarla dostluq münasibətləri saxlayır, iqtisadi əlaqələr yaradıb, mixi yazılardan istifadə edir, bə’zən aralarında rəqabət yaransa da, biri digərini özündən asılı etməyə çalışsalar da, dostdurlar və akkadlara qarşı mübarizədə dərhal birləşirlər, Aratta hökmdarı özünü En-Merkarla bir atanın övladı sayır və s. (Aratta və Şumer əlaqələrinə dair ABŞ-da dissertasiya da müdafiə edilmişdir).
«E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfalarının dövləti yaranmışdır. Lullubum (lullubi) dövləti Cənubi Azərbaycanın ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi». (94,67) Y.Yusifov Lullubi dövləti haqqında ətraflı mə’lumatla yanaşı, Lullubi hökmdarlarının dəqiqləşdirilmiş hakimiyyət xronologiyasını da vermişdir: Satuni - e.ə.2230-2200, İmmaşqun - e.ə.2200-2170, Anubanini - e.ə.2170-2150. Hələ İmmaşqunun vaxtında xırda hakimlər mərkəzi Lullubi dövlətinə tabe edilir və o, «Lullu(bum) ölkəsinin padşahlar padşahı» adlanır. Anubanininin dövründə ölkə daha da güclənir. O, daş plitə üzərində abidə-yazı qoyub getmişdir: «Beləliklə, e.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda İkiçayarası Akkad dövləti ilə rəqabət aparan güclü Lullubum dövləti yaranıb» və bu dövlətin iqtisadi-siyasi əlaqələri, təsərrüfatı, dini görüşləri barədə xeyli mə’lumatımız vardır.
E.ə.III minilliyin ikinci yarısında Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında (Qərbi Azərbaycan) Kutium dövləti meydana gəlmişdir. «Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar».(2; 70) Y.Yusifov aydın və sərrast şəkildə söylədiyi bu sözlərlə yanaşı, kuti hökmdarlarının siyahısını da vermişdir: Enridavazir - e.ə. 2225-2205, İmta - e.ə. 2204-2197, İnqeşauş - e.ə.2197-2192, Sarlaq - e.ə.2191-2185, Yarlaqaş - e.ə.2185-2178, Elulumeş - e.ə.2177-2171. Kutilər İkiçayarasında Elulumeşin vaxtında - e.ə. 2175-ci ildə hakimiyyəti ələ almış və Şumeri 100 ilə qədər idarə etmişlər. Qeyd edilən çar sülaləsi onların Şumeri idarə etmələrindən əvvələ aiddir. Deməli, hələ Şumeri özlərinə tabe etmələrindən əvvəl tarix kutilərin 50 illik dövlət qurumu haqqında mə’lumat mühafizə etmişdir. «İkiçayarasının Şumer şəhərləri kuti hökmdarlarının şərəfinə yazılar tərtib edirdilər. Kuti hökmdarı Laharabın (e.ə.2135-2133-cü illər) Sippar şəhərində akkad dilində yazısı aşkar edilmişdir. Kuti hökmdarları Yarlaqanda (e.ə.2120-2113-cü illər) və Siumun (e.ə.2112-2105-ci illər) şərəfinə Umma şəhərində yazı tərtib olunmuşdur. Kuti hökmdarı Puzur-Suenin (e.ə.2127-2120-ci illər) möhürü üzərində Ur şəhərinin adı göstərilmişdir. Kutilərin hakimiyyəti bütün Ur şəhərini bürümüş, Nippur, Sippar, Umma kimi şəhərlər isə onların dayaq məntəqələrinə çevrilmişdi». (2; 70-71)
Kutilər haqqında yuxarıdakı suallar mənim öz suallarım idi. Bu mə’lumatları isə professor Yusif Yusifov vermişdir. Niyə akademik nəşrdə bunlar yoxdur? Kutilər bizim xalqın əcdadları sırasına daxil deyilsə, verilmiş qısa mə’lumat nə üçündür, daxildirsə, nə üçün bu kitabdakı hələ onda birini qeyd etmədiyimiz mə’lumat o kitabda yoxdur? Əslində, əksinə olmalı idi: bu, dərslikdir, o, akademik nəşr. Heç kəs inanmaz və mən də inanmıram ki, akademik tarixin müəllifinin bunlardan xəbəri yoxdur. Amma ən ağrılısı da odur ki, bilə-bilə, şüurlu şəkildə xalqın tarixini təhrif edirlər.
Son kuti hökmdarı Tirikana qarşı qiyam etmiş Utuhenqalın kitabəsində kutilər əleyhinə deyilən yaramaz sözlər, görünür, akademik tarix müəllifinin xoşuna gəlib və buna görə də onun şərhinə geniş yer verib. Amma onları Y.Yusifov da görüb və yazıb: «Utuhenqalın adına çıxılan kitabədə kutilərin ünvanına mənfi ifadələr işlədilmişdir. Lakin kutilərin ünvanına deyilmiş ittihamları təsdiq edən heç bir əlavə tarixi sənəd qalmamışdır. Əksinə, kutilərin hakimiyyəti illərində Şumerdə mə’bəd tikintisi və bərpası davam edir... Kutilərin hakimiyyəti illərində Yuxarı dənizdən (Urmiya gölü) Aşağı dənizə (Fars körfəzi) kimi uzanan ticarət yollarında əmin-amanlıq bərpa olunmuş, İkiçayarasına xarici müdaxilələrin arası kəsilmiş və Urmiya gölü hövzəsi ilə dinc əlaqələr yaradılmışdı... Utuhenqalın adından yazılmış kitabə kuti sülaləsi hakimiyyətinin ləğv olunmasına bəraət qazandırmaq (fərqləndirmə bizimdir - Q.K.) məqsədini güdürdü». (2; 71-72) Vətən sevgisi, xalq sevgisi, əcdad sevgisi belə olar. Həm də bunlar yalnız sevgi əlamətləri deyil, hədsiz dərəcədə məntiqi və obyektivdir. Bir sübut da budur ki, kutilər Şumerdə güclü ordu saxlamırmış, buna görə də 40 günlük hakimiyyətdən sonra qəfil üsyan zamanı Tirikan əsir düşmüş, lakin mə’nəvi cəhətdən alçaldılsa da, öldürülməmiş, öz ölkəsinə göndərilmişdir.
Bütün bunlar e.ə.III minilliyə aiddir. Akademik nəşrdə isə «Azərbaycan ərazisində ilkin siyasi qurumlar» e.ə. birinci minillikdə Manna dövləti ilə başlanır. Aydın olur ki, buradakı «tədqiqat»a əsasən hətta e.ə. II minilliyimiz də dövlət sarıdan boş imiş.
Akademik nəşrdə e.ə.II minilliyin sonu, I minilliyin başlanğıcı «ibtidai icma quruluşunun intensiv surətdə dağılması, erkən sinifli qurumlara keçid dövrü» sayılır.(1; 142) «Tezliklə cəmiyyətin siyasi cəhətdən təşkilinin yeni forması olan dövlət də meydana gəldi... Bu artıq dəmir dövrü idi».(1; 144) «O dövrdə (e.ə. II minilliyin sonu, I minilliyin əvvəlində - Q.K.) Azərbaycanda qulların olmasını Dovşanlıda, Axmaxıda, Borsunlu və Xanlarda aparılan tədqiqatların nəticəsi təsdiq edir».(1; 156) Deməli, yalnız bu dövrdə (I minilliyin əvvəlində) ibtidai-icma quruluşunun dağılmağa başlaması ilə quldarlıq nümunələri görünməyə başlayır və yalnız bu dövrdə Urmiyaboyu - Zaqrosboyu zonada «ilk kiçik dövlət qurumları, ilk şəhər-dövlətlər» gözə çarpır. Və doğrudur, Assur mənbələri bu siyasi qurumları «ölkələr» adlandırmışdır, həmin ölkələrdə baş şəhər-qalalara «qüvvətli şəhər», «çar şəhəri» demişlər, hətta bu ölkələrin başında «çarlar» durub, amma bütün bunlar, akademik nəşr müəllifinin fikrinə görə, ilk şəhər-dövlət qurumundan başqa bir şey olmayıb.
E.ə.III minilliyin birinci yarısı hara, I minilliyin əvvəli hara? Amma birdən müəllif özü məcbur olub yazmalı olur ki: «Güman olunur ki, e.ə.II minilliyin əvvəllərində Aşşur (Assuri) taxtına lullubilər sülaləsi sahib olmuşdu».(1; 125) Kassitlərin Babildə 500 illik hakimiyyəti (e.ə.1595-1155) isə bütün elm aləminə mə’lumdur və s.

Çikaqo universitetinin professoru A.Leo Oppenheym Qərbi Asiya sivilizasiya sərhədlərini aşağıdakı kimi müəyyənləşdirmişdir: «Cənub-qərbi Asiya böyük rəngarəngliyə malik coğrafi və ekoloji şəraitlə xarakterizə olunur... Bu sahənin bir neçə təbii və e’tibarlı sərhədi var: Pamirin qərb qolları, Qafqaz dağları və Hind okeanı genişliyi. Qara, Egey və Aralıq dənizlərinin daha əlverişli sulu massivləri - baxmayaraq ki onlar da şimal və qərblə kifayət qədər effektiv izolyasiyanı tə’min edir.» (3; 34) «...biz oxucunun diqqətini ona cəlb etmək istəyirik ki, Mesopotamiyada meydana çıxan mədəniyyət təcrid olunmuş hadisə deyildi (fərqləndirmə bizimdir - Q.K.) və onu əhatə edən aləmdən ayrılmaz idi».(3; 36)


A.Leo Oppenheym 20 il üzərində işlədiyi «Qədim Mesopotamiya» (Moskva,1980) əsərində ən azı qədim Babil-Amori sülaləsi dövrünü (e.ə.1894-1595) nəzərə alaraq yazır: «Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bə’zən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür yanaşmırdılar. Babillilər Şumer ən’ənələrini davam etdirərək (o öz ifadəsini En-Merkarın tarixində tapmışdı) mədəni tə’sir göstərməyə çalışırdılar (çalışırdılar ki, kontakt zonasında hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın)...». (3; 38) Düzənlik əhalisi dedikdə İkiçayarası, dağlılar dedikdə Qərbi Azərbaycan - Zaqros dağlarının əhalisi - lullubilər, kutilər nəzərdə tutulur. Mədəni inkişaf az-çox yaxın olmasa, dağ əhalisi İkiçayarası və Assur dövlətlərini bu qədər təzyiq altında saxlaya bilməzdi. Oppenheym burada aşkar şəkildə «bufer dövlət»dən, eyni səviyyəli mədəni inkişafdan danışır, həm də babillilərin Şumer- Uruk hakimi En-Merkarla arattalılar arasındakı neçə yüz il əvvəlki tarixi əlaqəni, dostluq münasibətlərini nəzərə aldıqlarını qeyd edir. Akademik tarixin müəllifi isə Engelsdən uzun-uzadı sitat gətirərək (1; 144) (bu sitat doğrudur öz dövrü üçün) e.ə.II minilliyin son rübünədək Azərbaycanda nəsli-qəbilə quruluşunun, hərbi demokratiyanın davam etdiyini və bu vaxtdan tədricən dağılmağa başladığını arxeoloji materialların gücü ilə sübuta çalışır. Bunun əksinə olaraq, Oppenheymin qeyd etdiyi inkişafı Y.Yusifovun aşağıdakı sözləri də təsdiq edir: «Qeyri-bərabər inkişaf nəticəsində Cənubi Azərbaycanda, xüsusilə onun qərb torpaqlarında sinifli cəmiyyətin yaranması prosesi e.ə.IV minilliyin sonu - III minilliyin əvvəlində başlamışdı. Cənubi Azərbaycanın qərb torpaqları İkiçayarasının quldar cəmiyyətinə yaxın olmuş və orada baş verən iqtisadi-ictimai dəyişikliklər buraya da tə’sir göstərmişdi. Artıq e.ə.III minillikdə Cənubi Azərbaycanda erkən dövlət qurumları təşkil olunmuşdu». (2; 60)
Bütün bunlar göstərir ki, akademik nəşrdə Azərbaycan ərazisində dövlətin yaranma tarixi ən azı 2 min ilə yaxın bir müddətdə geri atılmışdır. Amma məqsəd nədir, bu cür tarix kimin xeyrinədir və kimə xidmət edir, bilinmir. Bir o bilinir ki, Azərbaycanın qədim tarixi köklü şəkildə təhrif edilir, babalarımızın inkişaf səviyyəsi üzərinə qara pərdə çəkilir və hətta bə’zən ünvanlarına nalayiq sözlər söylənilir...
İndi keçək etnik tərkib və dil məsələlərinə.

Qeyd etdiyimiz kimi, akademik nəşrdə Azərbaycan tayfaları haqqında ilkin mə’lumatın orta tunc dövrünə, e.ə.XXIII əsrə aid olduğu, ilk dəfə Şumer-Akkad mənbələrində kutilər, lullubilər, hurrilər, kassilər və b. haqqında mə’lumat verildiyi göstərilir. Bir də təqribən min il sonra - son tunc və erkən dəmir dövrü (e.ə.II minilliyin sonu - I minilliyin əvvəli) tayfalarından danışılarkən Cənubi Azərbaycan ərazisində kuti, kassi, lullubi, hurri, mehran, nikimxi, turukki, uruatri (1; 144-147) tayfalarının adı çəkilir, onların etnik mənsubiyyəti və dili barədə mülahizələr söylənilir. Müəlliflərin (istisna olaraq bu fəsildə İ.H.Nərimanovun da adı vardır) mülahizələri belədir: «Güman etmək olar ki, lullubi dili elam dilinə qohumdur. Lakin bu gümana qəti inam yoxdur. Kuti dilinin Qafqaz dilləri ailəsinə aid olduğunu istisna etmək olmaz». (1,122) Çıxış yolu qoyulsa da (‘inam yoxdur’, ‘istisna deyil’ və s.), bunlar müəlliflərin əsas fikridir: lullubi dili elam, kuti dili Qafqaz mənşəli hesab edilir. Bir daha təkrar edirlər: «Kuti dilini bu dillər ailəsinə (Şimal-şərqi Qafqaz dilləri ailəsinə - Q.K.) aid etməyə müəyyən əsaslar vardır.» Bu fikrin bir qədər də əsaslandırılması üçün deyilir: «Belə bir mülahizə söylənilmişdir ki, «udi» - (Qafqaz Albaniyasının əsas əhalisi olmuş utilərin etnonimi. Müasir udilər onların qalıqlarıdır) ‘kuti’ adının refleksidir. Maraqlıdır ki, Qafqaz dağlıları arasında Qutiyev/Kutiyev familiyalarına təsadüf olunur».(1; 124) Hurrilərin dili haqqında müəlliflərin fikri daha qətidir: «Qətiyyətlə demək olar ki, hurri dili Hind-Avropa dillərinə aid deyil. Artıq müəyyən edilmişdir ki, bu dil Urartu dilinə qohumdur.»(1; 123) Urartu dili isə Qafqaz dillərinə aid edilir: «Son dövrdə hurri (eləcə də Urartu) dilini Şimal-şərqi Qafqaz dilləri ailəsi ilə bağlayırlar».(98,123) «Bağlayırlar» deyilir və müəlliflərin bununla razı olduqları bilinir. Bütövlükdə Şimali Azərbaycan ərazisinə gəldikdə, etnoslar barədə mə’lumat olmasa da, müəlliflər bu ərazidə yaşayan əhalinin qafqazdilli olmasına heç bir şübhə etmirlər: «...bu regionda (Şimali Azərbaycan ərazisində - Q.K.) Şimal-şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur». (1; 123) Nəhayət, əhalinin qədim və əsas kütləsini təşkil edən kassilərin Zaqros-Elam, Qafqaz, Hind-Avropa dil ailələrinə aid ola bilməsi haqqında fikirləri xatırladaraq müəlliflər onları «ari tə’sirinə mə’ruz qalmış» tayfalar saymalı olmuşlar.(1; 127) Beləliklə, qısa desək, lullular elam dil qrupuna, kutilər, hurrilər və Şimali Azərbaycan tayfaları Qafqaz, kassilər (kassitlər) isə ari (Hind-Avropa) dil ailəsinə daxil edilmişdir.



Müəlliflər hətta bir qədər də uzaqlara gedərək İtaliya ərazisində yaşamış qədim etruskların (tursakaların) dilini də Qafqaz mənşəli hesab etmişlər: «Güman etmək olar ki, buraya (Şimal-şərqi Qafqaz dilləri ailəsinə - Q.K.) etrusk dilini də daxil etmək mümkündür». (1; 124)
Göründüyü kimi, bütün bunlar qədim Azərbaycanın aborigen əhalisi içərisində türk tayfalarına yer qoymur. Lakin yaxşı ki, Azərbaycan tarixini tarixi həqiqətə müvafiq şəkildə tədqiq edən alimlər də var. Budur, 1994-cü ildə, akademik nəşrdən 4 il əvvəl çap olunmuş «Azərbaycan tarixi»ndə oxuyuruq: «Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər».(2; 72) Y.Yusifov bura köçürə bilməyəcəyimiz saysız toponim və antroponimlərin etimoloji təhlili əsasında aborigen etnosların mənşəyini tamamilə fərqli şəkildə müəyyənləşdirmişdir.
İlk Azərbaycan dövlətinin birləşdirdiyi tayfaların türk tayfalarından ibarət olduğunu göstərmək üçün müəllif dövlətin adından başlamış, Aratta sözünün türk mənşəli olduğunu inandırıcı dil faktları ilə sübut etmişdir: Şumer-Akkad məktəb lüğətində arattu, aratu sözləri «dağ» mə’nasındadır (Aratta dağ ölkəsi idi). Bu sözün r>l keçidi ilə türk dillərində geniş işlənən Alatay, Altay, Alatey, Alatu sözləri ilə bir kökdən olduğu qeyd edilmişdir. (2; 78)
Aratta torpaqlarının qərbində yerləşən lullubilər bir tayfadan deyil, tayfa ittifaqından ibarət olmuş, su və turukki tayfalarını da özündə birləşdirmişdir. (2; 67) E.ə.II minilliyin əvvəlində Urmiya gölü hövzəsində yerləşən turukki (turuki) və su tayfaları əvvəlki dövrdə Aratta dövləti tərkibində olmuşdur. Aratta öz mövqeyini itirdikdən sonra turukkilər gah lullubilər, kutilərlə birlikdə, gah da müstəqil siyasət yeritmişlər. Onlar Assur dövləti sərhədlərində təhlükələr yaradırdılar. Assur hökmdarı I Şamşi-Adad (e.ə.1813-1781) turukkilərə qarşı yürüş təşkil etsə də, onların qarşısını ala bilməmişdir. Assur hökmdarı I İşme-Daqan (e.ə.1781-1757) isə turukkilərlə bağlı hadisələri belə təsvir edir: «O ki qaldı Şuşarra ölkəsinə (turukkilər bu ölkəyə maraqlı və iddialı idilər - Q.K.), siz mənə yazırsınız ki, bu ölkə həyəcan içindədir və biz onu saxlaya bilmərik. Qoy İşar-Lim (qasid) sizə (vəziyyəti) izah etsin. Turukkili Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər... iki yaşayış məntəqəsini dağıtmışlar. Mən oraya əlavə qoşun gətirdim, onlar dağlara çəkildilər. Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz».(2; 73-74) İşme-Daqan turukkilərlə müqavilə bağlamalı olur və turukkiləri sakitləşdirmək üçün onların başçılarından birinin qızını öz oğluna alır. E.ə.1755-ci ildə Babil padşahı Hammurapi də turukki və su tayfaları ilə üzləşməli, onları dəf etməli olmuşdur.
Turukkilər haqqında mə’lumat genişdir. Biz bu qısa mə’lumatı ona görə təkrar edirik ki, oxucu bilsin ki, qədim qaynaqlarda turukkilərin yalnız təsadüfi adı çəkilmir, güclü bir tayfa kimi geniş fəaliyyəti qeyd olunur. Lakin akademik nəşrin müəllifi III minillikdə Azərbaycan ərazisində turukki və su tayfalarını görməzliyə salsa da və ya bir qədər sonra turukkiləri zorla hurri tayfalarına daxil etmək istəsə də, bu etnonim neçə min ildir, «türk» sözünü yaşatmaqdadır: «... bu etnonim «türk» tayfa adının erkən forması olmuşdur. Adətən türk etnoniminin qədim formasını «turuk, turuku» kimi bərpa edirlər». (2; 78) Ümumiləşdirici türk etnoniminin e.ə. III minillikdə tayfa adı kimi meydana çıxmasından çox-çox əvvəl türklərin müxtəlif adlar altında ömür sürməkdə olduğunu başqa alimlərimiz də qeyd etmişlər: «Qədim qaynaqlarda prototürklər, yə’ni qədim türklərin ulu əcdadları müxtəlif adlarla göstərilmişdir. Kuti, lullubi, su, turukki, kimmer, skit, massaget, sak, skif, sarmat, hun və başqa adlar altında yaşayan qədim türklər dünya tarixinin şərəfli səhifələrinin yazılmasında böyük rol oynamışlar». (4; 53)

Əksər tarixçilər bu fikirdədir ki, lullubi (lullume) adı bu tayfaya qonşular tərəfindən verilmişdir, əhalinin öz adı deyil. Y.B.Yusifov bu sözün yamsılama yolu ilə düzəlmiş olduğunu güman edir. Biz də bu fikrin doğru olduğu qənaətindəyik, çünki lullubilərin şumerlərlə yaxın əlaqəsi, dostluq və qardaşlıq münasibətləri, şumerlərin məhz Zaqros zonasından - lullubilər yaşayan ərazidən düzənliyə - İkiçayarasına enmələri onların bir kökdən olduğunu və ya ən azı yaxın qohum olduğunu və hər iki dildə çox işlənən lu - ‘adam’, lulu - ‘adamlar’ sözünün qonşulara yamsılama vasitəsi kimi yerli əhalini bu adla adlandırmağa imkan verdiyini düşünmək üçün əsas ola bilər. Hər halda, Y.Yusifov da bu qənaətdə olmuşdur ki, «...lullubi Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad olmuşdur» - aydın deyilir: «prototürk əhalisinə.»


Lulluların etnik mənsubiyyəti və dili barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Lullu dilinin kassi və elam, o cümlədən Qafqaz dilləri ilə qohum olması mülahizəsi ortaya atılmış, lakin bunu sübut edən dəlillər gətirilməmişdir. Bu mülahizələri irəli sürən bə’zi keçmiş qərb alimləri qədim dövrdə türk amilinin varlığına bigənə yanaşmışlar.(2,79) Lullu tayfa ittifaqı biri digəri ilə dil və etnik cəhətdən qohum olan prototürk etnoslarını birləşdirmişdir.
Dərslikdə akademik nəşrin üstündən keçdiyi su tayfası haqqında da geniş mə’lumat verilmişdir. Sular Zaqroş dağlarında və Urmiya gölünün cənubunda yaşamışlar. Etnonimin ilkin formasının sub/suv olduğu göstərilir ki, bu da xalis türk sözüdür. Tarixçilər su tayfasını İkiçayarasının şimalında yaşayan Subir/Cubar tayfa adı ilə eyniləşdirirlər. Çox qəribədir ki, lullular kimi, sular da həm adlarına, həm də xoş münasibətlərinə görə şumerlərə çox yaxın olmuşlar (şumer > suber > sumer > subir...- və ya əksinə - keçidləri suberlərin şumerlərdən qopma olduğunu göstərir). Sular da turukki və lullu tayfa ittifaqına daxil idi.
Azərbaycanın qədim və güclü etnoslarından birinin kutilər (yaxud qutilər) olduğunu bildik. E.ə.III-II minilliklərdə kutilər Urmiya gölünün cənub və qərb regionlarında yaşamışlar. Kutilər turukkilər, lullubilər və sularla yaxın münasibətdə olmuşlar. Y.Yusifov göstərir ki, kuti dilinin elam dilinə və ya Qafqaz dillərinə aid olması barədə mülahizə heç bir faktla sübut olunmamışdır. Kuti sözünün sonralar «k» samitinin düşməsi ilə (Z.Yampolski) Azərbaycan ərazisində meydana çıxan uti adı ilə əlaqəsi də özünü doğrultmur. V.Landsberqer kutilərin türk olduğunu yazmış, Kamal Balkan kuti hökmdar adlarının türk mənşəli olduğunu izah etmişdir.
Tarixşünaslıqda kassit kimi qeyd edilən, akkadların kaşşu adlandırdıqları kaslar e.ə. XVII əsrdə İkiçayarasının cənubunu (keçmiş Şumer, o dövrkü Babil torpaqlarını) işğal edərək 1115-ci ilədək, təxminən 500 il orada hökmranlıq etmişlər. E.ə. III-II minilliklərdə yaşamış bu etnos tarixdə böyük izlər qoymuşdur. Kassi toponim və antroponimləri, kassilərə məxsus bir sıra sözlər türk dilləri bazasında daha asan izah olunur. Bunlarsız da kassilərin türk arealında geniş yayılması onların türkdilli olduğunu sübut edir.
Y.B.Yusifov araşdırmalarını ümumiləşdirərək yazır: «Beləliklə, Azərbaycanın ən qədim sakinlərindən biri prototürklər olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən fərdiləşməmiş ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk dillərini səciyyələndirən bir sıra fonetik əvəzlənmələr artıq yaranmışdı. Fərz etmək olar ki, prototürklər bu zaman nəinki qədim Azərbaycanın, eləcə də Anadolu yarımadasının və Orta Asiyanın sakinləri olmuş və tədricən şimala doğru hərəkət etmişlər». (2; 78)
Türk tayfaları eradan 3 min il əvvəl indiki yunan torpaqlarında - yunanlar hələ o yerlərə gəlmədiyi dövrdə - minillik bir dövlət yaratmış (e.ə.III-II minilliklər arası), e.ə.2000-ci il dairəsində yunanlar gəldikdən sonra bir qədər onlarla yaşayıb, İtaliyaya, Egey adalarına və Qərbi Anadoluya keçmişlər. (5; 3) »Etrüsklar (tursakalar) türk idilər» (Ankara,1992) kitabının müəllifi Adile Ayda göstərir ki, İtaliya ərazisində (e.ə.XX əsr dairəsində) iki türk tayfası - turlar (Turan sözü də buradandır) və sakalar birləşərək tursakaları-etruskları (TRSK - samit kökü həm tursaka, həm də etrusk kimi oxunur) meydana gətirmişdir: «Turlar ile Sakalar birleşir, «Tursakalar» adlı tek millet haline geldikten sonra, Türk geleneklerine uyğun olarak 12 kabileden oluşan bir Devlet kurmuşlardır. Etrafı denizle çevrili bir bölgede hüküm sürmege başlayan bu Devlet, çok keçmeden güclü bir donanma meydana getirerek Yunanlılarla Fenikelileri titretmege başlamıştır».(5;7) Müəllif etrusk dilinin bə’zi fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini, əlifbalarını və eyni zamanda etruskların dini görüşlərini türklərin dili, qədim əlifbası və dini görüşləri ilə müqayisəli öyrənərək, etruskların türk olduğu qənaətinə gəlmişdir. Ümumiyyətlə, Turan və türk sözləri bir kökdən olduğu üçün turukkilərlə etruskların qohumluq əlaqəsi də düşünülməlidir. İ.Əliyev bu cəhəti bildiyi üçün mövzusuna bilavasitə dəxli olmadığı halda, baltasını uzadaraq uzaqdakı o türk budağını da kəsmək istəmişdir.
Dr.R.Oğuz Turkkan Adile Aydanın «Türklerin ilk ataları» (Ankara,1987) əsərinə resenziyasında yazır: «Adile Ayda sadece Pelasq’ların «Etrüskler»le (ve Saka’larla) akraba olduğunu, esas Yunanlılardan (yani Helenlerden) daha önce Yunanıstana girdiklerini ispat ediyor ve açıkca, Pelasqların Yunanlı olmadıklarını, olsa-olsa Yunan medeniyyetinin onlardan ders aldığını vurğulayaraq yazıyor (Romalıların da Etrüsklerin talebeleri oldukları kibi)». (63; 48) Adile Ayda pelaskların dilində TEPAE sözünün ‘təpə’ olduğunu və bu sözü hələ Kolumbdan çox-çox əvvəl Meksikaya və Orta Amerikaya etruskların aparmış olduğunu müəyyən etmişdir. (63; 48)
Xarici mənbələrdə qədim türkizmləri araşdıran türk dil tarixinin tədqiqatçılarından Ç.Qaraşarlı yazır: «...antik qərbin müəmmalı xalqları sayılan troyalıların, trak və etruskların türk mənşəliliyi haqda danışmağa kifayət qədər əsas vardır. Etruskların kimmer mənşəli olduğunu Herodot yazırdı. Qərb mənbələrindən biri trakları da kimmer mənşəli hesab etmişdir. Etrusk və trakların türk mənşəli kimmerlərə aid olunması təsadüfidirmi? XIII-XIV əsr qədim Skandinaviya coğrafiya əsərlərinin qeyri-adi mə’lumatı bunun təsadüfi olmadığını göstərir. (E.A.Melnikova. Qədim Skandinaviya coğrafiya əsərləri. - Moskva,1986). Burada Kiçik Asiyadan şimala - Skandinaviya ölkələrinə gəlib məskunlaşmış türklərdən, onların rəhbəri Tor oğlu Odindən bəhs olunur. Kiçik Asiya mənşəli olduqları üçün onlar həmçinin as adlandırılır. XIII əsrə aid bir sıra Skandinaviya mənbələrində isə Tor oğlu Odinin başçılığı altında şimal ölkələrinə gəlmiş bu xalq troyalılar, Priamın adamları adlandırılır. Mə’lum olduğu kimi, Priam Troyanın sonuncu çarı olmuşdur». «Türk, trak, etrusk və troyalıların adlarının əsasında tur, tor ünsürü durur və onların əfsanəyə çevrilmiş ulu əcdadları Tiras, Tirs (Turis), Tirsen, Tros eyni kökə, mənşəyə gedib çıxır. Etrusklara məxsus alp, alpan, paxa, paxatur, tanra, kamsi və s. dini və əfsanəvi adlar qədim türklərə məxsus olan alp, alpan sözlərinə, bağa, bağatur, tanrı (tanra), qam kimi dini ad və titullara uyğun gəlir.»(57; 182-183)

İ.Əliyev İran mənşəli əhalinin Azərbaycan və İran ərazisinə yayılmasından böyük həvəslə danışaraq, e.ə.VIII əsrdə İran yaylasına gələn bu tayfanı bə’zən e.ə.II minilliyin sonuna, bə’zən də II minilliyin lap əvvəlinə çəkir: «Təxminən e.ə.II minilliyin sonu, yaxud I minilliyin başlanğıcında Cənubi Rusiya çöllərindən çıxmış irandilli tayfalar İran yaylası vilayətlərində yerləşməyə başlamışdılar».(1; 129) Başqa bir səhifədə isə irandillilərin miqrasiyasını daha əvvələ çəkməyə çalışaraq yazır: «Ön Asiya vilayətlərinə hələ e.ə. II minilliyin birinci rübünün sonlarında müəyyən hind-İran mənşəli əhali kütləsinin gəlməsi məsələsi heç bir şübhə doğurmur». (1; 125)


Görün, bu məsələni heç bir cəhətə qısqanclıq göstərmədən Y.B.Yusifov necə obyektiv izah etmişdir: «Son tədqiqatlara əsasən belə bir müddəa irəli sürülmüşdür ki, Şərqi Anadolu, Ön Qafqaz və Şimali İkiçayarası Hind-Avropa tayfalarının ilk vətəni olmuşdur. E.ə.V-IV minilliklərdə burada ümumhind-Avropa (prahind-Avropa) dili mövcud olmuş, e.ə.IV-III minilliklər hüdudunda bu dil dialektlərə (ləhcələrə) parçalanmış və dialektlərdə danışan hindavropalılar tədricən qərbə, şimala və şərqə doğru hərəkət etmişlər. E.ə.III minillikdə ümumhindavropa dilindən ari (hind-İran) dil birliyi ayrılmış və e.ə. II minilliyin sonunda bu dil birliyi də hind və İran dillərinə təcrid olunmuşdur...». (2; 83)
Beləliklə, bu mə’lumata və bir sıra başqa əsərlərdən aldığımız təəssürata əsasən qeyd edə bilərik ki, Hind-Avropa, türk, sami, Qafqaz və başqa dil ailələri əslində ilk növbədə Ön Asiyanın sakinləri olmuş və Ön Asiya ərazilərində bir-birindən təcrid olunmuşlar. Hindavropalılar Ön Asiyanı IV minillikdən tərk etməyə başlamış və bir də e.ə. VIII əsrdə geri qayıtmışlar.

 

 



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin