İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


IV. Konvensiyanin 3-cü maddəsinin iddia olunan pozuntusu



Yüklə 104,87 Kb.
səhifə6/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   2   3   4   5   6   7   8   9   ...   80
II. Kiprdə artistlərin vəziyyəti haqqında hesabatlar

A. Əcnəbi qadınların Kiprin əyləncə mərkəzlərində artist kimi fəaliyyət göstərmələrinə dair Kipr Ombudsmanının 24 noyabr 2003-cü il tarixli Ex Officio hesabatı

80. 2003-cü ilin noyabrında Kipr Ombudsmanı Kiprdə fəaliyyət göstərən “artistlər” haqqında hesabatı dərc etdi. Hesabatın giriş hissəsində o, hesabatın səbəblərini aşağıdakı qaydada izah edirdi (bütün sitatlar hesabatın Kipr hökuməti tərəfindən təqdim edilmiş tərcüməsindən gətirilir):

“[Oksana] Rantsevanın həlak olduğu şəraiti nəzərə alaraq və Kiprə “artist” kimi işləməyə gələn əcnəbi qadınlara qarşı zorakılıq və ya ölüm halları kimi ictimaiyyətin diqqətinə çatdırılmış buna bənzər hallar nöqteyi-nəzərindən, mən ex officio istintaq aparmaq qərarına gəlmişəm...”

81. Xanım Rantsevanın işinə dair xüsusi faktlar barədə o, aşağıdakıları qeyd edir:

“Rəsmi immiqrasiya prosedurlarından sonra o, 16 mart 2001-ci il tarixdə işə başlamışdır. Üç gün sonra o, araşdırılmamış səbəblər üzündən kabareni və qaldığı yeri tərk etmişdir. İşəgötürən fakt barədə Limassolda yerləşən Xarici Vətəndaşlar və İmmiqrasiya Məsələləri üzrə Departamentə məlumat vermişdir. Bununla belə, [Oksana] Rantsevanın adı məlum olmayan səbəblərdən polis tərəfindən axtarılan şəxslərin siyahısına salınmamışdır.”

82. O, həmçinin qeyd edir ki:

“[Oksana] Rantsevanın sərbəst buraxılmaq əvəzinə nədən polis tərəfindən işəgötürənə təslim edilməsi səbəbi qaranlıqdır, belə ki, onun əleyhinə [nə] həbs orderi, [nə də] işdən çıxarılma əmri olmamışdır.”

83. Ombudsman öz hesabatında “artist” sözünün Kiprdə “fahişə” sözü ilə sinonim olmasını qeyd edərək, gənc əcnəbi qadınların kabare aktrisaları kimi işə götürülməsi tarixindən bəhs edir. Hesabatda qeyd edilir ki, 70-ci illərin ortalarından başlayaraq minlərlə gənc qadın estrada artisti kimi işləmək üçün hüquqi yollarla Kiprə gəlirdilər, lakin əslində onlar Kiprdəki kabarelərdə fahişə kimi çalışırdılar. 80-ci illərin əvvəllərindən başlayaraq, səlahiyyətli orqanlar müvafiq immiqrasiya monitorinqinin təmin edilməsi və “hamıya məlum olan və hamı tərəfindən qəbul olunan, Kiprə estrada artisti kimi işləməyə gəlmiş qadınların fahişəliklə məşğul olması fenomenini” məhdudlaşdırmaq üçün daha ciddi rejim tətbiq etmək üçün səy göstərirdilər. Bununla belə, təklif edilmiş tədbirlər kabare menecerlərinin və agentlərin etirazlarına görə yerinə yetirilməmiş qalırdı.

84. Ombudsmanın hesabatında deyilir ki, 90-cı illərdə Kiprdəki fahişə bazarında əsasən Sovet İttifaqının keçmiş ölkələrindən gələn qadınlar işləməyə başladılar. O qeyd edir ki:

“Həmin vaxtlarda belə tədbirlərin və qəbul edilmiş siyasətin həyata keçirilməsində müəyyən inkişafı müşahidə etmək olardı. Lakin müasir əsarət rejimində qadınların cinsi istismarı, alveri və bir yerdən başqa yerə aparılması ilə bağlı heç bir dəyişiklik hiss olunmurdu.”

85. Artistlərin həyat və iş şəraiti haqqında hesabatda deyilir:

“Ölkəyə artist kimi işləməyə gəlmiş qadınların əksəriyyəti keçmiş sosialist ölkələrində yaşayan yoxsul ailələrə mənsubdurlar. Onların əksəriyyəti təhsillidirlər... Bəziləri həqiqətən də artist fəaliyyəti ilə məşğuldurlar. Adətən onlar bilirlər ki, fahişə kimi özlərini satmağa məcbur ediləcəklər. Bununla belə, onlar heç də həmişə bu işi hansı şəraitdə yerinə yetirəcəklərini bilmirlər. Kiprə gələn bir çox əcnəbi qadınların ofisiant və ya rəqqasə kimi çalışacaqları və müştərilərlə yalnız içki içəcəkləri (qonaq etmə) barədə təəssürata malik olduqları hallar mövcuddur...

Belə təzyiqə boyun əyməyən əcnəbi qadınlar işəgötürənlər tərəfindən Xarici Vətəndaşlar və İmmiqrasiya Məsələləri üzrə şöbələrə gələrək müqavilələrinə xitam vermək və əsaslı səbəblərdən Kipri tərk etmək niyyətində olduqlarını bildirməyə məcbur edilirlər. Nəticə etibarilə, işəgötürənlər onları tez bir zamanda digər artistlərlə əvəz edirlər...

Kipr Respublikasına daxil olduqları andan etibarən Kipri tərk edənədək əcnəbi artistlər öz işəgötürənlərinin davamlı müşahidəsi və nəzarəti altında olurlar. İşin başa çatmasından sonra onların istədikləri yerə getməsinə icazə verilmir. Artistlərin yaşadıqları yerdə qapalı şəraitdə saxlanması halları barədə ciddi şikayətlər mövcuddur. Bundan əlavə, onların pasportları və digər şəxsi sənədləri işəgötürənlər və ya artistlərin agentləri tərəfindən götürülür. İtaət göstərməkdən boyun qaçıranlar zor tətbiq edilməklə və ya adətən içkilər, “qonaq etmələr” və kommersiya xarakterli cinsi əlaqədən faiz məbləğlərinin tutulması yolu ilə özünü büruzə verən üsullarla cəzalandırılırlar. Sözsüz ki, bu məbləğlər artistlər tərəfindən imzalanmış müqavilələrə daxil edilir.

...

Ümumilikdə, artistlər adətən kabarelərin yaxınlığında yerləşən artistlərin agentlərinə və ya kabare sahiblərinə məxsus birulduzlu və ya ulduzsuz otellərdə, mənzillərdə və ya qonaq evlərində qalırlar. Bu yerlər davamlı olaraq nəzarət altındadır. Hər bir otaqda üç və ya dörd qadın qalır. Polis tərəfindən verilən məlumata görə bu binaların əksəriyyəti yararsızdır və kifayət qədər sanitariya qovşağına malik deyil.



... Yekun olaraq qeyd olunur ki, Kiprə gələn kimi əcnəbi artistlər səfər xərcləri, onları Kiprə gətirən agentlərin tutduğu komisyon haqları və ya öz ölkələrindəki agentlərin tutduğu komisyon haqları və s. ibarət olan borclarla yüklənirlər. Buna görə də, onlar heç olmasa öz borclarını ödəyə bilmək üçün istənilən şərtlərdə işləməyə məcburdurlar.” (haşiyə yoxdur)

86. Qadınların öz ölkələrində işə götürülməsi ilə əlaqədar, hesabatda deyilir:

“Kiprə işləməyə gələn qadınların yerləşdirilməsi adətən müxtəlif ölkələrdə olan həmkarları ilə birlikdə yerli agentlər tərəfindən aparılır və bütün hazırlıq işləri onların arasında bölüşdürülür. Maksimum altı ay ərzində Kiprdə işlədikdən sonra bu qadınların müəyyən hissəsi Livan, Suriya, Yunanıstan və ya Almaniyaya göndərilirlər.” (haşiyə yoxdur)

87. Ombudsman müşahidə etmişdir ki, polis insan alverinin qurbanlarından az sayda şikayət alır:

“Polis şikayətlərin az olmasını artistlərin vasitəçiləri tərəfindən onlara edilən hədələrdən qorxduqları ilə izah edir.”

88. O, həmçinin qeyd edir ki, şikayət etmiş qurbanların mühafizəsi tədbirləri yetərli deyil. Baxmayaraq ki, onlara istənilən yerdə işləməyə icazə verilir, onların oxşar iş yerlərində işə düzəlməsi tələb olunur. Buna görə də, onlar keçmiş işəgötürənləri tərəfindən asanlıqla aşkar edilirlər.

89. Ombudsman belə nəticəyə gəlir ki:

“İnsan alveri fenomeni bütün dünyada geniş yayılmışdır. İnsan alveri yalnız digərlərinin cinsi istismarından ibarət deyil, eləcə də onların qul və kölə şəklində işləməsini nəzərdə tutur...

Hesabatda nəzərə çatdırılan məlumatdan aydın olur ki, son iki onillik ərzində Kipr yalnız təyinat ölkəsi yox, həm də qadınların sistematik olaraq fahişə bazarına cəlb olunduğu tranzit ölkəyə çevrilmişdir. Bu hal, həmçinin əslində nə baş verdiyindən tam olaraq xəbərdar olan immiqrasiya orqanlarının hədsiz tolerantlığı ilə müşayiət olunur.

Əyləncə və şou yerlərinə daxil olmaq və işləmək üçün icazələrin verilməsində aparılan siyasət əsasında minlərlə əcnəbi qadın təhlükəsizlik sipəri olmadan qanunsuz artist kimi fəaliyyət göstərmək üçün ölkəyə hüquqi yollarla daxil olur. Müxtəlif təzyiq və zorakılıq formaları ilə bu qadınlar öz işəgötürənləri tərəfindən qəddar şərtlər altında fahişəliyə məcbur edilirlər, bu da şəxsi azadlıq və insan ləyaqəti kimi fundamental insan hüquqlarının pozulmasına gətirib çıxarır.” (haşiyə yoxdur)

90. İnsan alveri və cinsi istismarla mübarizə aparmaq üçün mövcud qanuni tədbirləri kifayət hesab etməsinə baxmayaraq, Ombudsman qeyd edir ki, nəzərdə tutulan siyasəti həyata keçirmək üçün praktiki tədbirlər görülməmişdir:

“...Problemin həlli ilə məşğul olan müxtəlif departament və xidmətlər çox vaxt məsələdən xəbərsiz olur və ya lazımi qaydada təlimatlandırılmır və ya Qanunda nəzərdə tutulan öhdəliklərə əhəmiyyət vermirlər...”




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin