Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
 
 
 


 
26
BAKIXANOV QARDAŞLARI 
 
Xalqımızın elə oğulları var ki, onların tərcümeyi-halı, keçdiyi şərəfli yol təkcə özlərinə və 
öz nəslinə məxsus deyil. 
Belə oğulların, belə nəsillərin şərəfli əməli xalqın tarixinə dönüb, sətir-sətir, addım-addım 
öyrənilməyə layiqdir. 
Bakıxanovlar nəsli deyəndə biz ilk anda Abbasqulu ağa Bakıxanovu xatırlayırıq. Onun 
ədəbiyyatda, tarixdə, fəlsəfədə, maarif sahəsində  və  nəhayət, rus ordusunda hərbi xadim kimi
xalqımıza göstərdiyi əvəzsiz xidmətlərini ehtiramla yad edirik. Abbasqulu ağa Bakıxanov barədə 
tədqiqatçılarımız az-çox öz sözlərini deyiblər.  Şübhəsiz ki, çox adama, geniş oxucu kütləsinə 
hələ  də yaxşı  məlum deyil ki, Bakıxanovlar nəslindən ötən  əsrdə on yeddi nəfər hərbçi olub. 
Cəfərqulu ağa Bakıxanov, Həsən ağa Bakıxanov, Abdulla ağa Bakıxanov isə general kimi 
yüksək rütbəyə layiq görülüblər. Hətta Cəfərqulu ağa general-leytenant rütbəsinə qədər yüksəlib. 
Ötən əsrin iyirminci illərində hərbi xidmətə başlayan Cəfərqulu ağa 1799-cu ildə Bakının 
Əmircan kəndində anadan olub. Hərbi təhsilini əvvəl Dərbənddə, sonra isə Peterburqda alıb. 
Kiçik zabit rütbəsi ilə hərbi məktəbi bitirən Cəfərqulu ağa Müşkür mahalının naibi təyin 
olunur. 1824-cü ildə Qafqaz canişini general Aleksey Petroviç Yermolov ştabs-kapitan 
C.Bakıxanovun qüsursuz hərbi xidmətlərini nəzərə alaraq, komendantlıq dövründə alınıb 
dövlətin ixtiyarına keçirilmiş  dədə-baba torpaqlarını  Cəfərqulu ayağa qaytarmış  və Hacı  Ərəb 
kəndini ona bağışlamışdır. 
Cəfərqulu ağa Bakıxanov ilk döyüş  sınağını 1826-28-ci illərdə Rusiya ilə  İran arasında 
olan müharibədə keçmişdir. Quba süvari dəstəsinin komandiri kapitan Cəfərqulu ağa Salyanı, 
Zərdabı və Kür çayı sahilini İran basqınçılarından təmizləmişdir. Şamxor və Gəncə yaxınlığında 
gedən odlu döyüşlərdə C.Bakıxanov süvarisi şah qvardiyasından bir dəstəni əsir almışdı. Həmin 
günlərdə komandan İvan Paskeviçə göndərilən raportda yazılırdı: “Azərbaycan döyüşçüləri 
misilsiz qəhrəmanlıq göstərir və həmişə də ön sıralarda getməyə icazə verilməsini tələb edirlər”. 
Fərəhləndirici haldır ki, bu döyüşlərdə əlli səkkiz azərbaycanlı döyüşçünün qəhrəmanlığı 
orden və medallara layiq görülmüşdür. 
Müharibədən bir il sonra, 1829-cu il fevralın 8-də imperatorun sərəncamı ilə döyüşlərdə 
göstərdiyi qəhrəmanlığa görə mayor Cəfərqulu ağa Bakıxanov üçüncü dərəcəli bantlı “Müqəddəs 
Anna” ordeni ilə təltif olunur. 
Podpolkovnik Cəfərqulu ağa Bakıxanov uzun illər Dağıstan hərbi dairəsində qulluq 
etmişdir. O, dairənin komandanı general M.Z.Arqutinski ilə yaxın dost olmuşdur. General 
M.Arqutinski öz qeydlərində  Cəfərqulu ağaya, onun qardaşı  şair Abbasqulu ağaya səmimi 
münasibət bəslədiyini və  dəfələrlə Qubada onların evində qonaq qaldığını iftixarla yazır. 
Abbasqulu ağa Bakıxanov isə “Gülüstani-İrəmin” yazılması səbəbi barədə” adlı şerində general 
Arqutinskini hörmətlə yad edir: 
 
Bir möhtərəm cənab üçün, ələ alıb qələmi, 
Çox həvəslə yazmışam bu Gülüstani-İrəmi. 
 
Qalsın bəlkə bu dünyada məndən ona yadigar, 
Hər baxanda fərəh versin qəlbinə bu xoş bahar. 
 
Bunda keçmiş məliklərdən, ruzigardan xəbər var, 
Bu kitabda çox hikmətli və qiymətli gövhər var. 
 
 
Yarandısa xahişilə Moisey Zaxariçin, 
Yazılmalı oldu, lakin bu əsərim xalq üçün. 
 


 
27
1829-cu ildə  Cəfərqulu ağa Bakıxanov Həzrə  kəndinin çox da varlı   olmayan bəyi 
Xanbutayın qızı Çimnaz xanımla ailə qurur. Kiçik qardaşının xeyir işinə sevinən Abbasqulu ağa 
Bakıxanov Tiflisdən arvadı Səkinə xanıma yazırdı: 
“Əzizim, mehribanım! 
... Qardaşım Cəfərqulunun xeyir işi barədə  bərk sevindim. Mən canla-başla bu işə 
razıyam. İstəyir xan, bəy, ya da başqa bir kəsin qızı olsun. Könlü necə istəyir, elə də etsin. Siz də 
bu barədə  əlinizdən gələni edin. Pulum olsaydı belə bir xeyir iş üçün göndərərdim. Ancaq 
yoxumdur. Öz şallarından birini onun gəlininə bağışla. Artıq nə yazım. Siz qardaşımdan, 
qardaşım da sizdən muğayat olun. Bir-birinizə mehribanlıq eləyin. Analarımıza, qardaşlarımıza 
salam-dua yetirin. Bacım Xeyransa xanıma xüsusi salamım var. Günləriniz arzunuzca olsun. 
Abbasqulu”. 
1853-cü ildə Krım müharibəsi başlananda Cəfərqulu ağa Bakıxakov polkovnik kimi 
döyüşürdü. Onun bu müharibədəki igidliyi dördüncü dərəcəli “Müqəddəs Georgi Ordeni”nə 
layiq görülüb. Azərbaycanlılardan ibarət süvari dəstəsinin komandiri olan Cəfərqulu xana 
general-mayor rütbəsi verildi. 
Arxiv sənədlərində göstərilir ki, 1856-cı ildə II Aleksandrın tac qoyma mərasiminə 
tanınmış yerli feodallardan ibarət nümayəndələr göndərilmişdi. Nümayəndə heyətinin tərkibində 
Dərbəndin ali təbəqəsindən general-mayor Cəfərqulu ağa Bakıxanov, Darkin mahalından mayor 
Nurbahənd Hadi, Samur mahalından poruçik Qazi Əhməd Hacı  oğlu, Qazıqumıq xanlığından 
kornet Həsən xan, Qaytaqdan poruçik Atambəy İbahoğlu, Tabasarandan podporuçik İsmayılbəy 
Mirzə Hadıoğlu vardı. 
Nümayəndə heyətinin başçısı general-mayor Cəfərqulu ağa Bakıxanov olmuşdur. 
XIX əsrin altmışıncı illərində Cəfərqulu ağa Quba qəzasında torpaq sahibkarlarından biri 
idi. General Cəfərqulu ağa Bakıxanov özünün şəxsi torpaqlarından əlavə 1855-ci ildə dövlətdən 
on beş il müddətinə yüz əlli desyatin torpaq icarəyə götürmüşdü. 
1863-cü ildə  Cəfərqulu ağa Bakıxanov ordu heyətindəki nümunəvi xidmətinə görə 
general-leytenant rütbəsinə layiq görülmüşdür. 
Axtarışlarımız zamanı  hələlik müəyyən edə bilmişik ki, ilk azərbaycanlı general-
leytenantımız Cəfərqulu ağa Bakıxanovdur. Bu, keçmiş rus ordusunda ən ali rütbələrdən biridir. 
Müasir ordu ilə müqayisə etdikdə general-polkovnik rütbəsinə  bərabərdir. Bir faktı da 
xatırlatmaq yerinə düşərdi ki, Zaqafqaziya Rusiya ilə birləşəndə Qarabağ hakimi İbrahimxəlil 
xana və Cəfərqulu xan Şəkinskiyə də general-leytenant (1806-cı ildə) rütbəsi verilmişdi. Hərbi 
nizamnaməyə görə adlarını çəkdiyimiz hər iki general-leytenantdan Cəfərqulu ağa Bakıxanovun 
üstünlüyü ondadır ki, o, nizami orduda uzun illər xidmət etdikdən sonra əla və qüsursuz 
xidmətinə görə bu rütbəyə layiq görülmüşdür. Qarabağ hakimi İbrahimxəlil xanı və Şəki hakimi 
Cəfərqulu xanı isə çarizm öz tərəfinə  çəkmək məqsədilə general-leytenant rütbəsi ilə  təltif 
etmişdi. Bu faktı qeyd etməklə  nə  İbrahimxəlil xanın, nə  də  Cəfərqulu xanın xidmətlərini 
azaltmaq fikrində deyilik. Lakin döyüşən orduda general-leytenant kimi ali rütbəyə layiq 
görülmək böyük şərəfdir. Bu isə hər zabitə qismət olmur. 
General-leytenant Cəfərqulu ağa 1867-ci ilin sentyabr ayında Qubada vəfat etmişdir. 
Moskvadakı Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 191 nömrəli Yefremov fondunda 
həmin ildə “Vostok” qəzetindən köçürülmüş bir vərəq saxlanılır. Vərəqdə oxuyuruq: 
“Vostok” qəzetinin yazdığına görə keçən ay Qubada general-leytenant Cəfərqulu xan 
Bakıxanov vəfat etmişdir. O, sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindəndir. Hüseynqulu 
xanın nökəri 1806-cı ildə Sisianovu öldürmüşdür. Bakıxanovun cənazəsi Qubadan Bakıya  Şıx 
vadisində  dəfn olunmağa gətirilmişdir. Xanın dəfn mərasimi onun mənsəb və rütbəsinə layiq 
hərbi  şərəflə  təşkil olunmuşdur. Qubernator və onun şəxsi heyəti vidalaşmaq üçün Şamaxı 
yoluna gəlmişdilər. 
Mərasim hərbi matəm musiqisi və qaladan atılan yaylım atəşi ilə müşayiət olunmuşdur. 
Matəm dəstəsinin önündə  bəziləri barabanlarla, bəziləri isə bayraq və müxtəlif ordenlərlə 
irəliləyirdilər. Onların ardınça mollaların müşayiəti ilə tabutda mərhumun cənazəsi aparılırdı. 


 
28
Cənazənin yanınca qurşağa kimi çılpaq, sinələrinə və başlarına yumruqla döyən azərbaycanlılar 
gedirdilər. 
Mərhum xanla təntənəli vidalaşma Bayıl burnuna qədər davam etdi. Döyüşçülər orada 
dayandılar. Axırıncı hörmət əlaməti olaraq tüfənglərdən üç dəfə yaylım atəşi açdılar. Sonra xanın 
ordenləri onu məzara qədər müşayiət edəcək azərbaycanlılara verildi”. 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin