Əmri icra etməmə hərbi xidmət əleyhinə olan cinayət kimi Əzizov Ceyhun Həmid oğlu



Yüklə 39,06 Kb.
tarix04.12.2016
ölçüsü39,06 Kb.
#770
Əmri icra etməmə – hərbi xidmət əleyhinə olan cinayət kimi

Əzizov Ceyhun Həmid oğlu


BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının magistrantı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda həyata keçirilir . Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətəni – Azərbaycana sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin, bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir .

Hərbi qulluqçular Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizamın əsas məqsədi hərbi tapşırığı yerinə yetirənlərin razılaşdırılmış vahid fəaliyyətinin təşkil olunub həyata keçirilməsini təmin etməkdən ibarətdir. Hərbi xidmət keçmə qaydalarına dönmədən və mütəmadi əməl edilməsi hərbi intizamın mahiyyətini təşkil edir. Möhkəm hərbi intizam Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biridir. İstər cinayət qanunvericiliyi, istərsə də hərbi nizamnamələr çərçivəsində hərbi xidmət əleyhinə olan qanunazidd əməllərin müəyyən edilib cəzalandırılmasının şərtləndirilməsi hərbi intizamın möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur və vətəndaşlar qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçirlər [1, s.10]. Lakin, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir sıra vətəndaşların həmin konstitusion vəzifələrini layiqincə yerinə yetirməkdən imtina edərək, həqiqi hərbi xidmətdən boyun qaçırmaları, qulluğa səhlənkar yanaşmaları, fərarilik etmələri,  hərbi hissə və ya xidmət yerini özbaşına tərk etmə və sair hərbi cinayət əməlləri cinayətkarlığın strukturunda heç də az deyildir.

Azərbaycan Respublikasının 1999-ci il Cinayət Məcəlləsində  (daha sonra – CM) hərbi xidmət əleyhinə olan cinayətlərə görə məsuliyyət ənənəvi olaraq Xüsusi hissənin sonunda - XII bölmədə (fəsil 35, 326-353 maddələr) müəyyən edilmişdir.

Cinayət hüququ nəzəriyyəsində əmri icra etməmə (maddə 328) hərbi xidmət əleyhinə olan cinayətlərin tabelik və qarşılıqlı münasibətlərin nizamnamə qaydaları əleyhinə olan cinayətlər qrupuna aid edilir [9, s.162-163]. 1999-cu il CM-in 328-ci maddəsinə əsasən, rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllərin bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi və yaxud ağır nəticələrə səbəb olması beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (maddə 328.2). CM-in 328.3-cü maddəsinə əsasən, hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə, bu əməllər ağır nəticələrə səbəb olduqda iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-in 328.4-cü maddəsinə əsasən isə bu Məcəllənin 328.1—328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .

Beləliklə də, CM-in 328-ci maddəsi dörd cinayət tərkibini müəyyən edir. Cinayətlərin təsnifatına əsasən, qeyd edilən tərkiblər müvafiq olaraq böyük ictimai təhlükə törətməyən (maddə 328.1, 328.3), az ağır (maddə 328.2) və ağır cinayətlər (maddə 328.4) kateqoriyalarına aiddir [8, s.236, 204, 177].

CM-in 328-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti hərbi qulluqçuların tabelik münasibətləri və onlar arasındakı münasibətlərin hərbi nizamnamələrlə müəyyən edilmiş qaydalarıdır.

Obyektiv cəhət rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmrin tabelikdə olan şəxs tərəfindən qulluq mənafeyinə əhəmiyyətli zərər vurulmasına səbəb olacaq dərəcədə icra edilməsində ehtiva edilir. Əmr və sərəncam dedikdə, rəis (komandir) tərəfindən tabelikdə olan şəxslərə ünvanlanan icra edilməsi məcburi hesab edilən, tələblər başa düşülür. Qanunsuz əmr və ya sərəncamın ictimai təhlükəliliyi icra edilən hərəkətlə müqayisədə daha yüksəkdir. Məhz ona görə də qanunsuz əmr və ya sərəncamın icrasından doğan nəticələrə görə məsuliyyət onu verən rəisin üzərinə düşür. Qanunsuz əmr və ya sərəncamın icrası təmin olunmamalıdır. Əks təqdirdə, qanunsuz əmri verən şəxslə yanaşı, əmrin qanunsuzluğunu əvvəlcədən bilib, onu icra edən şəxs də məsuliyyət daşıyır [4, s.906]. Rəis (komandir) tərəfindən verilmiş əmrin forması yazılı, şifahi, bilavasitə, vasitəli və sair formada ola bilər. Qanuni şəkildə verilmiş əmrin hansı formada verilməsinin tövsif üçün praktiki əhəmiyyəti yoxdur. Burada əsas məsələnin verilmiş əmrin qanunla müəyyən edilmiş qaydada olmamasından ibarətdir. Əmri icra etməkdən açıq şəkildə imtina etmə rəisin əmrini almış tabelikdə olan şəxsin onu icra etmək istəyinin olmaması barədə bildirməsində, yaxud bunu sair üsulla nümayiş etdirməsində ifadə olunur. Qeyd edək ki, CM-nin 40.3-cü maddəsinə əsasən, qanunsuz verilmiş əmrin yerinə yetirilməməsi cinayət məsuliyyətini istisna edir.

Əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi onun yerinə yetirilməsini mümkünsüz edən şəraitin süni surətdə yaradılmasında, əmrin vaxtı keçəndən sonra onun icrasına başlamada, əmrin natamam, qeyri-dəqiq və müəyyən edilmiş tələblərin pozulması ilə, qeyri-qanuni üsullarla, aşağı keyfiyyətdə, habelə lazım olmayan yerdə icra edilməsində ifadə oluna bilər [7, s.462-463].

Qeyd edilən cinayət maddi tərkiblidir və qanuni əmrin icra edilməməsi nəticəsində hərbi xidmət mənafelərinə əhəmiyyətli zərərin vurulduğu andan başa çatmış sayılır. Vurulmuş əhəmiyyətli zərər fiziki (şəxsi heyətin sağlamlığına zərər vurulması), maddi (hərbi əmlakın məhv edilməsi və ya zədələnməsi), mənəvi (şəxsi heyət arasında nizam-intizamın zəifləməsi), təşkilatı (keçirilməli olan tədbirlərin pozulması) xarakterli ola bilər. İstənilən halda, sözügedən cinayət əməli tövsif edilərkən baş vermiş nəticə ilə səbəbli əlaqənin olması araşdırılmalıdır.

Əmri icra etməmə cinayətinin 328.1-ci maddədə göstərilən tərkibi subyektiv cəhətdən qəsd forması ilə xarakterizə olunur. Maddi tərkibli olduğuna görə bu cinayət həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Belə ki, təqsirkar rəisin (komandirin) müəyyən edilmiş qaydada verdiyi qanuni əmrini icra etmədən açıqcasına imtina etdiyini və ya əmri başqa şəkildə yerinə yetirmədiyini dərk edir, bunun hərbi xidmət mənafeyinə əhəmiyyətli zərərin yetiriləcəyini qabaqcadan görür və bunu arzulayır (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verir (dolayı qəsd).  Bu cinayətin motivləri müxtəlif ola bilər. Cinayətin tövsifi zamanı onlar müəyyənləşdirilir və cəzanın fərdləşdirilməsi zamanı nəzərə alınır.

CM-in 328.2-ci maddəsi bu cinayətin tövsifedici növünü nəzərdə tutur. Belə ki, tövsifedici hallar qismində eyni əməllərin  bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi ( maddə 328.2.1), ağır nəticələrə səbəb olması (maddə 328.2.2) müəyyən edilir.

Ağır nəticələr dedikdə, adamların həlak olması, hərbi texnikanın məhv edilməsi, zədələnməsi, hərbi hissəyə küllü miqdarda maddi ziyanın dəyməsi, hərbi hissənin döyüş hazırlığını itirməsi nəzərdə tutulur.

CM-in 328.3-cü maddəsi hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmənin ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Bu cinayət (maddə 328.3) tərkibinin 328.1-ci maddəsində qeyd edilən tərkibdən fərqliliyi – təqsirin ehtiyatsızlıq formasında olmasındadır.

CM-in 328.4-cü maddəsində əmri icra etməmənin ağırlaşdırıcı tərkibi təsbit olunub: bu əməllərin müharibə vaxtı və ya döyüş şəraitində törədilməsi. Qeyd edilmiş ağırlaşdırıcı halların izahı CM-in 328-ci maddəsinin qeyd hissəsində verilmişdir.

Belə ki, müharibə vaxtı dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə müharibə vəziyyətində olması başa düşülür. Bu baxımdan müharibənin başlanğıc və başa çatma anının dəqiq müəyyən edilməsi tövsif üçün son dərəcə vacibdir. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü (saatı) müharibənin başlanması, hərbi əməliyyatların faktiki olaraq dayandırıldığı gün (saatı) isə müharibənin sonu hesab olunur. Döyüş şəraiti dedikdə isə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki olaraq döyüş əməliyyatları aparması başa düşülür. Qeyd edək ki, fikrimizcə müharibənin sonu anlayışı beynəlxalq hüquqa ziddir. Belə ki, beynəlxalq hüquqa əsasən müharibənin sonu sülh və ya kapitulasiya (məğlub olma) müqaviləsinin bağlanması ilə sona çatır. Hərbi doktrina və beynəlxalq hüquqda hərbi əməliyyatların faktiki olaraq dayandırılması atəşkəs  kimi (qısa və ya uzun müddətli) qiymətləndirilir.

Azərbaycan Respublikası CM-nin 35-ci fəslində (o cümlədən, CM-nin    328-ci maddəsində) müəyyən edilmiş tərkiblərin subyekti – xüsusi subyekt qismində çıxış edir.

Qeyd etmək lazımdır ki, 1960-cı il CM-də tabelik və qarşılıqlı münasibətlərin hərbi nizamnamə qaydalarına qəsdə görə cinayət məsuliyyəti iki müstəqil maddədə (233-cü maddə - “tabe olmama”; 234-cü maddə - “əmri icra etməmə”) nəzərdə tutulmuşdur. Həmin normalara əsasən, tabe olmama - əmri yerinə yetirməkdən açıqcasına imtina edilməsi, habelə onu başqa şəkildə qəsdən yerinə yetirməməsi kimi, əmri icra etməmə isə - əmrin ehtiyatsızlıqdan icra edilməməsi kimi müəyyən edilmişdi . Fikrimizcə, 1960-cı il CM-də göstərilən bu yanaşma daha məqsədəuyğun idi. Belə ki, qüvvədə olan 1999-cu CM-də eyni maddədə həm qəsdən (328.1), həm də ehtiyatsızlıqdan (328.3) olan tərkiblər birləşdirilir və təqsirin formasını nəzərə almadan 328.4-cü maddədə eyni ağırlaşdırıcı  tərkib müəyyənləşdirilir. Qeyd edək ki, belə hüququ-texniki üsul qanunverici tərəfindən yalnız hərbi xidmət əleyhinə olan cinayətlərdə tətbiq olunur.

Qüvvədə olan Rusiya Federasiyasının CM-də «əmri icra etməmə» cinayəti 332-ci maddədə qeyd edilmişdir. RF CM-in 332-cı maddəsinin 1, 2 və 3-cü hissələri Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 328.1, 328.2 və 328.3-cü maddələri ilə eyniyyət təşkil edir. Azərbaycan Respublikasının Cinayət qanunvericiliyində olduğu kimi RF CM-in 332-ci maddəsində də əmri icra etməmənin cinayət hesab edilməsi üçün hərbi xidmət mənafelərinə əhəmiyyətli dərəcədə zərərin vurulmasının vacibliyi qeyd edilir [10, s.123]. Lakin, RF CM-dən fərqli olaraq, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi bu əməli müharibə vaxtı və yaxud döyüş şəraitində törədilməsini ağırlaşdırıcı hal kimi ayrıca normada (maddə 328.4) göstərmişdir. Zənnimizcə, Azərbaycan Respublikasının qanunvericisinin bu mövqeyi daha düzgündür. Belə ki, müharibə şəraitində olan Azərbaycan Respublikasının cinayət qanunvericiliyində hərbi xidmət əleyhinə olan əməllərin müharibə vaxtı və yaxud döyüş şəraitində törədilməsi mütləq məsuliyyəti ağırlaşdırıcı hal kimi göstərilməlidir.


Ədəbiyyat siyahısı:

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2011
Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanun, 09 oktyabr 1991-ci il // www.e-qanun.az
Самедова Ш.Т. Уголовное право Азербайджанской Республики. Особенная часть. Баку: Адыльоглу, 2008, 184 c.
1999-cu il Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 2011, 360 s.
1960-cı il Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (1998-ci il oktyabrın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Bakı: Hüquq ədəbiyyatı, 1998,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası / F.Y. Səməndərovun ümumi red. ilə. Bakı: 2006, 960 s.
Azərbaycan Respublikası Silahlı Qüvvələrin İntizam Nizamnaməsi, 23 sentyabr 1994-cü il // www.e-qanun.az
İmanlı M.N. Cinayət hüququ. Xüsusi hissə. Təcrübi materiallar toplusu ilə birgə. Dərslik. Bakı: Zərdabi nəşriyyatı, 2009, 656 s.
Səmədova  Ş.T. Cinayətlərin kateqoriyaları.  Bakı: Adiloğlu, 2007, 314 s.
10.  Пeтухов Н.А. Преступления против военной службы. М.: НОРМА, 2002, 280 с.

 

НЕИСПОЛНЕНИЕ ПРИКАЗА КАК ПРЕСТУПЛЕНИЕ ПРОТИВ ВОЕННОЙ СЛУЖБЫ



Джейхун Азизов 

АННОТАЦИЯ


В статье дается уголовно-правовой анализ такого преступления против военной службы как неисполнение приказа. Уголовно-правовая ответственность за это преступление предусмотрена в ст.328 УК Азербайджанской Республики. Наряду с историко-правовым и сравнительным анализом автор также обращает внимание на некоторые коллизионные вопросы при квалификации изучаемого преступления.

Ключевые слова: неисполнение приказа, преступления против военной службы, уголовная ответственность, военное время, боевая обстановка, конец войны.

FAILURE OF THE ORDER AS A CRIME AGAINST MILITARY SERVICE


Jeyhun Azizov

The summary

The paper presents an analysis of criminal law such crimes against military service as a failure to perform order. Criminal legal responsibility for the crime envisaged in Article 328 of the Criminal Code of Azerbaijan Republic. Along with the historical-legal and comparative analysis, the author also draws attention to some conflict issues in the classification of the investigated crimes.



Keywords: failure to perform order, crimes against military service, criminal responsibility, in wartime, combat situation, the end of the war.
Yüklə 39,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin