Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə11/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
İvan ərəbcədən ruscaya və əksinə tərcümə edirdi. İş çox olduğu üçün o, ikinci il də məzuniyyətə buraxılmadı. Qərara aldılar ki, Valya Moskvaya dönsün, üç aydan sonra İvan məzuniyyətə gələndə birgə geri qayıdarlar. Üç ay oldu altı ay, altı ay döndü oldu bir il. İvan Dəməşqdən birdəfəlik, dolu çamadanlarla gəldi. Arvadının tapşırığına əsasən qayınanasına, baldızına, onun ərinə, uşaqlarına da cürbəcür bahalı hədiyyələr almışdı, komisyon mağazalara verib rubla çevirmək üçün də mallar gətirmişdi. Cibi pulla dolu idi. Arvadı onu Çkalovks hərbi aerodromunda qarşılamışdı, öz ata evinə yox, qayınanasıgilə gəlmişdilər. Onun gəlişi münasibəti ilə qohum-əqrabanın, tanışların iştirakı ilə təntənəli ziyafət düzəltmişdilər. Çox əla gecə olmuşdu, tez-tez işığı söndürürdülər. İvan təkcə arvadı ilə yox, onun bütün rəfiqələri ilə də rəqs edirdi, qaranlıqda hamı bir-biri ilə öpüşürdü... Hamı dəmlənmişdi, sonra kim harda gəldi yatmışdı. İvan yemək otağında küncdə qoyulmuş kreslodaca yuxulamışdı. Ertəsi gün o, çox gec oyanmışdı. Qonaqlar dağılışmışdılar. Mətbəxdə səhər yeməyindən sonra Valya ilə anası onu qonaq otağına dəvət eləmişdilər və qayınanası çox mədəni surətdə böyük təəssüf hissi ilə nitqə başlamışdı:
– Hörmətli İvan Nikolayeviç! Həyat gözlənilməz hadisələrlə doludur. Biz gərək hər şeyə hazır olaq, qəfil baş verən hadisələri kişi kimi qarşılayaq. İndi demək istəyirik ki, Valya daha səni sevmir. Bu bir il ərzində o, səndən tamam soyumuşdur, artıq başqasını sevib ərə getmişdir.Doğrudur, onlar hələ kəbin kəsdirməmişlər. Bunun üçün gərək sizdən boşansın. Bu, məsələnin formal tərəfidir, onlar artıq ər-arvad kimi yaşayırlar. İşinizə mane olmamaq üçün Dəməşqə xəbər göndərmədik.
Eşitdiklərinə inanmayan İvan əvvəlcə deyilənləri zarafat hesab eləyib qəhqəhə ilə gülmüşdü. Lakin ana-balanın bu gülüşə heç bir əhəmiyyət vermədiklərini görüb, sualedici baxışlarını təkcə Valyaya dikmişdi. Valya çox ciddi tərzdə, soyuqqanlılıqla demişdi:
– Elədir ki, var, Vanya. Məni bağışla. Mən gözələm, gəncəm, bu qədər müddətdə tənha, sevgisiz qala bilməzdim.
Necə hərəkət edəcəyini bilməyən İvan ixtiyarsız olaraq mızıldanmışdı:
– Kimdir axı o supermen?
– Sən narahat olma. Valya yaxşı oğlan tapmışdır. Onun adı Saşadır, xarici işlər nazirliyində işləyir, imkanlı ailədəndir, onu yaxşı karyera gözləyir, – deyə Valyanın anası sözləri dəyirman kimi üyütmüşdü.
Şok vəziyyətinə düşmüş İvan bilməmişdi nə etsin. Qayınanası onu çətin vəziyyətdən “xilas” eləmişdi:
– Sizin şəxsi şeylərinizi artıq qablaşdırmışıq. Boşanma haqqında ərizə artıq verilmişdir. Uşağınız olmadığı üçün proses tezləşəcək.
Ayağa qalxıb pencəyini geyinən İvan ciblərini yoxlamışdı. Bütün sənədləri yerində idi. Amma cibindəki birillik qazancı, valyuta mağazasında işlənən çeklər yox idi. Onu ağzını açmağa qoymayan qayınanası üzrxahlıq eləmişdi:
– İvan Nikolayeviç, özün bilirsən ki, sənin keçmiş arvadın işləmir. Biz onu bir il öz hesabımıza saxlamışıq. Sonra dünən axşam gəlişin münasibəti ilə təntənəli ziyafət verdik. Daha sonra məhkəməyə Valya ərizə verdiyi üçün prosedura xərclərini özü çəkəcək, ancaq sənin pulunla. Biz hamısını hesablamışıq. Əgər indi getməyə, məzuniyyət vaxtı xərcləməyə pulun yoxsa, bir az borc verə bilərik.
Sonra o, pul kisəsindən yüz rubl və min manatlıq çek çıxarıb İvana uzatmışdı:
– Bu çekləri Valya mənə hədiyyə etmişdi. Yüz rubl isə halalca maaşımdandır. Ümidvaram ki, bunları mənə qaytaracaqsan. Biz axı, mədəni insanlarıq...
İvan çox istərdi ki, ana-bala ikisini də qatsın bir-birinə, o ki var çırpsın, pullarını da geri alıb getsin. Amma buna cəsarəti çatmamışdı. Bu hərəkət böyük hay-küyə səbəb olardı. Artıq ona başqa sahəyə keçmək təklif olunmuşdu. Sabah o, sənədlərini ikiillik əks-kəşfiyyat kurslarında oxumaq üçün təqdim etməliydi. Əgər bu məişət konfliktinə qoşulsaydı, it də əldən gedərdi, ip də... Arvad, pul onsuz da getmişdi onları geri qaytarmaq mümkün deyildi, məktəb də əldən çıxardı, qarşısında açılmış karyerası korlanardı. Odur ki, işlərini sahmana salmayınca bu boşanma məsələsini açıb-ağartmaq olmazdı. Yaşamağa az-çox pulu vardı. Əmanət kassasında hər ay onun burdakı maaşı yığılırdı. Yaxşı ki, iki il qabaq həvəsə düşüb beynəlxalq bankda valyuta hesabı açmış, hərdən o hesaba pul keçirmişdi. Burda bir Şərq məsəli dadına çatmışdı : səbir aparar... Allah səbirli olanlarladır. Odur ki, gələcək çekist kimi hövsələsini basıb, bu iyrənc insanlardan uzaqlaşmağa tələsmişdi...
İvan Valya ilə evlənəndə onun bəkarəti pozulmuşdu. Qayınanası bunun xəstəliklə bağlı olduğunu uzun-uzadı sübut etməyə çalışmış, bu “bir dəqiqəlik” işin lazımsızlığını iddia etmişdi. Amma sonralar məlum olmuşdu ki, İvan Valyanın həyatında birinci kişi deyilmiş. İvan ikinci dəfə ancaq bakirə qızla evlənəcəyinə söz vermişdi. İkiillik əks-kəşfiyyat kursunu bitirdikdən sonra o, professional kəşfiyyatçı oldu və yalnız bundan sonra evlənməyi qərara aldı. Özünə bab, ali təhsil almış qızlar arasında bakirə tapmaq çox da asan olmadı. Nəhayət, Anya ilə rastlaşıb evləndi. Amma arvad sarıdan bəxti yenə gətirmədi. Sonralar məlum oldu ki, Anya bakirəliyini saxlamaq üçün yüz oyundan çıxmışdır. Çox seksual qadın olan Anya əsl sifətini gizlətməyi bacarırdı.
İvan Anyanı işlədiyi ölkələrin çoxuna aparmışdı, lakin o, ikinci arvadını Valya qədər sevə bilmədi. Evlənəndən dörd il sonra dünyaya gələn qızlarının nə zahirən, nə də daxilən ona oxşamaması da aralarında soyuqluq yaratmışdı. Qarabuğdayı, yekəburun, gözlərində yaşına yaraşmayan sırtıqlıq, çoxbilmişlik ifadəsi olan qızı ilə onunku tutmurdu. Doğrudur, o bilirdi ki, uşaqlar bəzən valideynlərinin heç birinə oxşamır, uzaq nəsillərində kiminsə genini daşıyır. Əslində bu soyuqluğu Anyanın qəribə, müəmmalı xasiyyəti yaratmışdı. İvan Anya ilə dostunun ad günündə tanış olmuşdu. Qızın gözəl fiqurasından başqa, hazırcavablığı, məclisdə özünü ağır aparması, yarısərxoş pərəstişkarlarından ustalıqla yayınması İvanın xoşuna gəlmişdi. İvan bir neçə dəfə onunla rəqs etdikdən sonra qız daha başqalarının dəvətini qəbul eləməmişdi. İvan dostunun rəfiqəsindən Anya haqda soruşduqda, “Çox özünü yorma, o hələ qız uşağıdır” demişdi. İvana da elə bu lazım idi...
Anyanın atası rus, anası erməni əsilli idi, Moskvada doğulmuşdu, fransız dili müəllimi idi. Onlar görüşməyə başladılar. İvan bir də gözünü açıb gördü ki, evlənirlər. İvan başa düşürdü ki, ona evlənməyə qız lazım olduğu kimi, Anya da ərə getməyə perspektivli bir oğlan tapmışdı. Kəbin kəsdirməyincə Anya onu yatağına buraxmadı. Amma ərə gedib xaricə işə göndərildikdən sonra Anyanın iç üzü yavaş-yavaş açıldı. O, qəşəng bədəni, alışıb yanan gözləri ilə kişiləri yerindən oynadırdı. Məclislərdə birinci qadın idi. Anyaya görə İvanın şefləri onları bütün əyləncə, kef məclislərinə çağırırdılar. Anya vəzifəlilərin, imkanlı adamların ona pərəstiş etməsindən zövq alırdı. Bu məclislərdə rəqs zamanı Anya qucaqdan-qucağa keçərdi. Anyanın hesabına İvanı ucqar yerlərə göndərmirdilər, onlar paytaxtda, yaxşı mənzildə yaşayırdılar, onları rezidentin kampaniyasına daxil eləmişdilər. Şam ölkələrində sovet dövlətinin iradəsini həyata keçirən, bu ölkələrdə çalışan minlərlə sovet vətəndaşının işinə, həyatına müdaxilə eləmək səlahiyyətinə malik olan rezidentin ətrafında olmaq hamının arzusu idi. Anya tez-tez arvadı Moskvada nəvələrinin yanında olan şefin mənzilinə gedər, yeməyini hazırlar, mənzili səliqə-sahmana salardı. Hərdən qısa müddətə ərinə baş çəkməyə, alış-veriş eləməyə gələn şefin arvadı Anya ilə yaxınlıq edərdi. Amma bu da İvanın ürəyindəki şübhələri, qısqanclığı yox edə bilmirdi. Ələlxüsus, hərdən onu bir-iki günlüyə başqa yerə ezamiyyətə göndərəndə elə bilirdi ki, bu, qəsdən edilir. İvan ayağını o yana qoyan kimi Anya şefin qoynuna girir... Şefin yaşı altmışı keçsə də sağlam idi, qadınları çox sevirdi. Onun qısqandığını duyan Anya bir dəfə üstünə qışqırmışdı:
Sən axmaqsan ki, məni altmış yaşında kişiyə qısqanırsan, həm də o, adi kişi deyil, sənin şefindir. Sənin kimi yüzlərlə zabitin taleyi onun əlindədir. Əgər o bilsə ki, məni ona qısqanırsan, buna görə məni incidirsən, səni burdan ilim-ilim itirər.
İvanın mısmırığını salladığını görən Anya, onun könlünü almaq üçün lümbələmlüt soyunmuş halda bədənnüma güzgünün qarşısında özünə baxa-baxa demişdi:
– Kişilər bir neçə saatlığa da olsa belə bədəndən kam almaqdan ötrü sinov gedirlər. Sən isə hər gecə onun sahibisən. Mənim kimi ehtiraslı, sağlam bədənli bir qız neçə illər bakirəliyini öz qanuni əri üçün saxladı, sənsə onu qiymətləndirmirsən...
Hər dəfə belə söhbətlərdən sonra Anyanın ehtiraslı öpüşləri, müxtəlif seks oyunları hər şeyi İvana unutdurardı.
İvan qadınlara incə münasibət bəsləyirdi, sevgi məsələlərində bir az romantik idi. Ailədə saflıq, təmizlik arzulayırdı. Həmişə bir Şərq zərbi-məsəlini deməyi xoşlayırdı: ilan başqa yerdə əyri-üyrü getsə də, öz yuvasına düz girir... Anya onun şübhələrini yox eləmək, özünün təmizliyinə inandırmaq üçün çox çalışdı. İvan zahirdə onun bəzi hərəkətlərini unutduğunu göstərsə də, batində unutmamışdı. Anyanın müəmmalığı bundaydı ki, çox vaxt zarafatı ilə ciddiliyini ayırd eləmək olmurdu... İvan üçüncü dəfə evlənə bilməzdi. Bu, onun karyerasına ciddi zərbə vura bilərdi. Odur ki, hələlik susmağı, yüksək rütbə alana qədər dözməyi qərara almışdı. Onlar formal ər-arvad idilər. Bu kəbin onların hər ikisinə lazım idi. Amma çox istərdi ona oxşayan, nəslinin davamçısı ola biləcək bir oğlu olsun. Bəlkə elə buna görə də mehrini bacısı uşaqlarına salmışdı, övlad məhəbbətini onlara bəsləyirdi. Bu bir cüt qıyıqgözlü, ucaboylu yeniyetmələr həm ata, həm də ana tərəfinə oxşayırdılar. İvan özünün də, atasının da bir çox xüsusiyyətlərini bu oğlanlarda görürdü.
İvan yeniyetmə yaşından çox qız, qadın görmüşdü. Ən çox xoşuna gələn iki nəfər olmuşdu, onlarla da evlənmişdi. İndi tale onu tamam başqa keyfiyyətləri olan, gördüklərindən çox-çox fərqlənən bir qızla qarşılaşdırmışdı. Və bu qızın onun haqqında nə düşündüyünü bilmirdi. Adətən, o, qadınlarla münasibətində uğur qazanmışdı. Aysunun hüsn-rəğbətini cəlb etmək üçün cəhdləri, hələlik bir nəticə verməmişdi. Ümidverici yeganə şey Aysunun bu gecə ciddi-cəhdlə plov bişirməsi idi. İvan bilirdi ki, azərbaycanlılar plovu təntənəli məqamlara görə bişirirlər. Deməli, qız yavaş-yavaş taleyi ilə barışır... Bu azərbaycanlı qızının vəziyyətinə başqası düşsəydi, özü birinci gecədən İvana göz-qaş oynadardı, yatağına girmək təklifini gülə-gülə qəbul edərdi... Bunlarsa başqa toxumdurlar... Bəs neyləməli? Bax, indi gecə yarısı durub Aysunun yanına getsə, hər şeyi çılpaqlığı ilə ona etiraf edib desə ki, mənimlə yaşasan rüsvayçılıqdan qurtararsan... Yox, rədd etsən... Səni nə gözləyir təsəvvürünə gətir... Qız razılıq verərsə, özümə oxşayan oğlum olarsa, necə?...
Bu fikirdən onu fərəh və qürurla yanaşı qorxu və məyusluq da çuğladı... Çekistin qeyri-qanuni övladı onun əleyhinə ciddi əşyayi-dəlildir.
İvan araqla çaxır kimi bu iki zidd fikri də qarışdırıb başını itirdi, dolaşıq düşüncələr içərisində huşa getdi...

Oğurlanmış öpüş



İvan oyananda gün artıq əyilmişdi. Əl-üzünə su vurmaq üçün duşxanaya girdi. Hamam sanki başqalaşmışdı. Əslində, burada əlüzyuyanın üstündəki taxçaya qoyulmuş, Aysuya məxsus diş fırçası, pastası, daraq və dezodorantdan savayı yenilik yox idi. Odunla, kömürlə qızdırılan hamamda isti qadın nəfəsi duyulurdu. O, çoxdandı bu nəfəsdən məhrum olmuşdu. Qəribədir, Aksana demək olar ki, hər gün burada yır-yığış eləyirdi. Amma İvan onun varlığına, ruhuna təsir eləyən ilıq qadın nəfəsini duymurdu. İndisə... gözəllik duyğuları onu çuğlamışdı. Bu duyğular maraqlı bir həyatdan xəbər verirdi.
İvan yuyunub özünü sahmana saldıqdan sonra aynabəndə çıxdı. Aysu möhkəm işləyirdi: dolabdan çıxarıb yerə tökdüyü kitabların tozunu alıb iki yerə ayırır, ruscanı və azərbaycancanı başqa-başqa gözlərə yığırdı. Kitabların əksəriyyəti bədii ədəbiyyat, bir qismi isə tarixi oçerklər idi.
İvan kitabxanaçının işini yoxlamağa gəlmiş müfəttiş kimi kitabları ciddi nəzərlərlə gözdən keçirdi. Tanışlığa Azərbaycan bölməsindən başladı. Burada Nizami, Füzuli, Vaqif, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mikayıl Müşfiq, İlyas Əfəndiyev, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Salam Qədirzadə, Sabir Əhmədov, Anar, Vaqif Bayatlı, Ramiz Rövşən, Kamil Nərimanoğlu və b. yazıçı və şairlərin kitabları vardı. “Rus bölməsi”ndə isə Tolstoyun, Lermontovun, Puşkinin, Qoqolun, Qumilyovun, Veliçkonun, Piqulun və digər yazıçıların kitabları düzülmüşdü. Qeyri-rus və Azərbaycan yazıçılarının tərcümə olunmuş əsərlərini Aysu ayrıca yığmışdı. Üzeyirbəyin kitabının tozunu alarkən onun ilk müəllimliyini Hadrutda başlamasını xatırlayıb qəribə duyğular keçirmişdi.
– Çox gözəl. Buraya divan, kürsü və jurnal stolu da qoysaq, olar əla bir mədəni istirahət guşəsi. Sovet dövrü olsaydı, rəhbərlik adından sizə yazılı təşəkkür edib mükafatlandırardım.
– Şifahi də bəs eləyər. İnsanın əməyini qiymətləndirmək həmişə xoş duyğular oyadır. Təəssüf ki, bizim günlərdə nəinki insanın əməyinə, yaratdıqlarına, heç onun özünə qiymət qoyulmur. İnsan həyatı çox ucuzlaşıb... – deyə Aysu onun atmacasını cavabsız qoymadı.
– Nə etməli, dünyanın beşdə birini tutmuş böyük bir dövlət dağıldı... Müharibədir, çox dəhşətli, amansız, heç bir qanuna tabe olmayan müharibə... Burada insan, kimliyindən asılı olmayaraq, əli avtomatlı əsgərin qarşısında peyda olursa, hədəfə çevrilir.
– Əslində, sovet dövründə də insana dəyərincə qiymət verilmirdi. İnsana müəyyən işi görmək üçün vasitə, istehsal üçün canlı qüvvə kimi baxılırdı, – deyən Aysu əli ilə Rəsul Rzanın kitabını göstərdi, – Şair “Sarı dana” adlı bir şer yazmışdı. Orada kolxoz fermasında bir dananın xəstələndiyi üçün rayon rəhbərlərinin bir-birinə dəyməsi, raykomun birinci katibinin şəxsən kəndə yollanması, bu dananın sağalması üçün əlindən gələni etməsi göstərilir. Danaya baxan gənc qız xəstələndikdə, Ona heç kolxozun sədri də baş çəkmir, qız ölür.
– Qəmgin, ibrətamiz hadisədir. Bu həqiqətən belə idi. Əsas insanın özü yox görəcəyi iş idi. Geniş kütlələri işlətmək üçün cəmiyyətə nümunə göstərməyə bir şey lazım idi. Bəs Nizami Gəncəvi necə baxırdı bu məsələlərə? – deyə İvan dolabdakı “Xosrov və Şirin” poemasını götürüb vərəqləməyə başladı.
– İnsan amili böyük Nizamidə birinci idi. O, cəmiyyətdə ədaləti bərpa etmək üçün bütün əsərlərində adil hökmdar obrazı yaradırdı. Bu onun romantik qayəsi idi.
– Amma deyirlər ki, o, fars şairidir. “Xəmsə”sini türkcə yox, farsca yazmışdır.
– Onun türkcə yazdıqları bizə çatmamışdır. Lakin onun öz əsərlərində türkləri şərəfləndirməsi, Azərbaycanı, xüsusilə Bərdəni, haqq və ədalət, namus və qeyrət rəmzi olan şahzadə Şirini çox incə duyğularla vəsf etməsi, Leyli və Məcnun poemasının sifarişçisi olan Dərbənd hakimi Axsitanın ondan öz dilində yox, farsca yazmağını tələb etməsindən şikayətlənməsi, qıpçaq qızı ilə evlənməsi şairin azəri türkü olduğunu sübut etmirmi? İndi rus dilində yazan bizim Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyovu, Qafqazın, Orta Asiyanın, yerli Sibir tayfalarının, Tatarıstanın rusdilli yazıçı və şairlərini biz kimə aid etməliyik?
– Məsələ məlumdur, – deyə İvan “Xosrov və Şirin”i yerinə qoyub Füzulinin “Leyli və Məcnun”unu götürdü, yarızarafat dedi:
– Deyəsən, klassiklərinizin əsas mövzusu ərəblərin eşq dastanı “Leyli və Məcnun” olub.
– Sizdə heç o da olmayıb, – deyə Aysu istehza ilə gülümsəyib, İvana sərt cavab verdi. – Mənə göstərin, XII əsri demirəm, XVIII əsrə qədər bir rus şairini?
İvan qaşlarını çatıb gözlərini tavana zillədi, yaddaşını qurdalamağa başladı. Aysu əsirliyini unudub birinci dəfə ürəkdən gülüb dedi:
– İvan Nikolayeviç, özünüzü yormayın, tapmayacaqsınız. Ona görə ki, yoxdur. “İqor polku dastanı”na da toxunmayın. Qazax filoloqu Oljas Süleymenov “AZiYa” kitabında rus ədəbiyyatçılarının fəxrlə göstərdikləri o dastanın türk tayfalarına məxsus olduğunu, sonralar rus dili formalaşmağa başlayanda tərcümə olunduğunu çoxdan sübut edib. Özü də bilirsiniz nəylə? Təkcə tarixi faktlarla yox, dastanın özündə olan söz və ifadələrlə. O kitab burda var, boş vaxtınızda oxuyarsınız, – deyə Aysu dolabdan götürdüyü kitabı İvana uzatdı.
Cavab tapmayan İvan da ürəkdən güldü. Onun kefinin durulmasının səbəbi Aysunun təbii halına qayıtması, onunla tay-tuş kimi davranması idi. Ona görə də bu mübahisədə məğlub olması vecinə deyildi. Necə ki, yeniyetmə vaxtı xoşuna gələn qonşu qıza şahmatda uduzarkən onunla bərabər əl çalmışdı, onun qələbəsinə, özünün məğlubiyyətinə görə sevinmişdi, gedib bir manat otuz qəpiyə “Nağıl” tortu almışdı.
Vəcdə gəlmiş Aysu hücumu dayandırmadı:
– Bizimsə bütün dünyada tanınan V-VII əsrlərə aid “Dədə Qorqud” dastanımız var. Nizamidən başqa onun çağdaşı Xaqanimiz, Məhsəti Gəncəvimiz var. Bunlardan çox-çox əvvəl Sibir qayalarında Orxon– Yenisey abidələrimiz var.
– Tamam, tamam, – deyə mübahisəyə girmək istəməyən İvan mövzunu dəyişdi. – Mənə Füzuli haqda bir az danışın. Çünki iraqlılar, xüsusilə ordakı türkdilli tayfalar onu sizin kimi deyil, Füzuli Bağdadi adlandırırlar.
Bu, Aysu üçün gözlənilməz oldu. Doğrudur, İraq türkmanları, oradakı Bayat tayfaları haqda onun bilgisi vardı. Lakin sevimli şairinin bu təxəllüsünü birinci dəfə idi eşidirdi. Amma özünü o yerə qoymadı, İvanın belə məlumat sahibi olması onu təəccübləndirdi:
– Siz Füzuli yaradıcılığı ilə tanışsınızmı?
– Yox, çox az məlumatım var. Səksəninci illərdə mən Bağdadda işləyəndə onun qəbrinin köçürülməsi ilə bağlı sizin şairlər hay-küy qaldırmışdılar.
Aysu ədəbiyyat tarixindən bildiklərini İvana danışmağa başladı:
– Ola bilər. Füzulinin dövründə Bağdad Şah İsmayıl Xətainin dövlətinə daxil idi və burada rəsmi dil azəri türkcəsi idi. Ümumiyyətlə, Səfəvilər dövləti yarananda İranda rəsmi dil türk dili olub. Şah İsmayıl Xətai Avropa dövlətləri ilə diplomatik yazışmaları türkcə aparırdı. Onun babası Uzun Həsən də dövlət işlərini türkcə aparmışdı. Uzun Həsənin anası Sara Xatun xüsusi səfir funksiyasını yerinə yetirirdi.
Xanum əfəndi, Şərq üzrə mütəxəssis olsam da mən tarixçi deyiləm. Yalnız ərəb tarixi ilə bağlı məqamlardan məlumatlıyam. Mən Şərq musiqisini, şerini dinləməyi xoşlayıram, onlardan zövq alıram. İndi çox istərdim, o məşhur şairin yaradıcılığı ilə tanış olam, onun bir qəzəlini mənə tərcümə edəsiniz. Ərəbcə olsaydı, özüm oxuyub başa düşərdim.
– Bilirsiniz, ərəbcə də, farsca da mükəmməl bilən o böyük insan həmin dillərdə də yazıb yaratmışdır. Lakin Füzulinin də, bizim əsrin əvvəllərində yazıb yaratmış satirik şair Mirzə Ələkbər Sabirin də ruscaya tərcüməsi mümkün deyil. Hərfi tərcümədə isə onların əsərlərinin siqləti itir.
– Mən başa düşürəm, onlar əruz vəznində yazmışlar. Əruzu da tərcümə eləmək zor işdir. Mən istərdim ki, o qəzəllərdən bir-ikisini sətirbəsətir oxuyasınız, birlikdə tərcümə edək.
Aysu üzünə zoğalı rəngli cild çəkilmiş, nəfis tərtibatlı “Qəzəllər” kitabını götürüb vərəqləyə-vərəqləyə dedi:
– Füzuli eşq şairidir. O, özü gənc yaşlarında ustadının qızına aşiq olmuş, lakin bu ilk sevgi baş tutmamışdır. Şairin nakam sevgisinin vurduğu yara ömrü boyu sağalmamışdır. Əslində o, heç bu yaranın sağalmasını da istəməmişdir. Pərvanə aşiq olduğu şam işığının başına dolana-dolana qanadlarını yandırdığı kimi, Füzuli də eşq oduna yandıqca yanmaq istəyirdi. O, eşqinin verdiyi əzabın, işgəncənin daha şiddətli olmasını arzulayırdı, bundan ləzzət alırdı. Bax, elə götürək bu beyti, – deyə Aysu əzbər bildiyi məşhur qəzəldən bir beyt oxudu:

– Yarəb, bəlayi-eşq ilə qıl, aşina məni,


Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

– Hə, bax bunu mənə tərcümə edin, – deyə İvan onu saxladı.


– Bu beyti belə izah etmək olar: Eşq bəlasına mübtəla olmuş aşiq Füzuli əllərini göyə qaldırıb rəbbinə yalvarır ki, onu eşq bəlasına aşina etsin və bir saniyə də onu bu eşq əzabından, eşq bəlasından ayrı salmasın.
Sonra o, məşhur “Məni candan usandırdı” qəzəlindən bir beyt oxuyub izahını verdi:

– Məni candan usandırdı, cəfadan yar usanmazmı?


Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı?

Burada şair göstərir ki, o, verilən cəfadan usanmışdır, amma sevgilisi ona cəfa verməkdən yorulmaq bilmir. Onun ahından göydəki ulduzlar alışıb yandı, özününsə arzusunun, muradının balaca şamı yanmır ki, yanmır...


Beləliklə, Aysu şairin bir neçə qəzəli ilə İvanı tanış elədi. Qıpqırmızı qızarıb pörtmüş İvan bu dəmlər tamam başqalaşmışdı. Onun donuq, bulanıq baxışları durulmuşdu. İvan qəribə hisslərlə yaşayırdı. O, içməmiş məst olmuşdu. Amma bilmirdi, bu məstlik Füzuli şerinin təsirindəndi, yoxsa onu böyük məhəbbət şairinin vəsf etdiyi gözəllərdən birinin dilindən eşitməsindəndi...
Füzulinin şerlərinin əfsunundan Aysu da İvanın kimliyini, bu imperiya əsgərinin ata yurduna təcavüz edənlərlə əlbir olmasını unutmuşdu; onu xalqının ədəbiyyatı ilə maraqlanan bir əcnəbi sanırdı.
– Bu eşq şairinin mey haqqında necə, şerləri varmı?
– Əlbəttə, var, bu saat tapım, – deyən Aysu növbəti qəzəli oxumağa başladı:

Cam içrə mey ki, dairə salmış hübab ona,


Ayinədir ki, əks salır aftab ona.

Zahid sual edərsə ki, meydən nədir murad?


Bizdə səfadır, onda küdurət, – cəvab ona...

Çeşmin mərizi oldu könül, ləlinə yetir,


Rənci-xumara düşdü, dəvadır şərab ona.

Təklifi-cənnət eyləmə kuyunda könlümə,


Çün cənnət əhlidir, nə verirsən əzab ona?

Məsduddur Füzuliyə meyxanələr yolu,


Ya rəb, hidayət eylə təriqi-səvab ona!

Qəzəldəki türk sözlərinin mənasını Aysunun tərcüməsi ilə anlayan İvan şeri tam başa düşdü. O, vəcdə gələrək:


– Əla, lap adamın ürəyinə işləyir. Bu qəzəllərdən sonra bir piyalə şərab içməsək, şairin ruhuna hörmətsizlik edərik, – dedi, sonra mətbəxdən bir şüşə evdə çəkilmiş, qan rəngli şərab və iki piyalə gətirib, kitab dolabının boş rəfinə qoydu, piyalələrdən birini ağzınacan doldurdu, o birisinə isə yarısına qədər süzüb dedi:
– Bunu içək o böyük şairin, hal əhlinin ruhunun sağlığına. O şairin ki, on altıncı əsrdən baxıb iyirminci əsrin gözəlini görmüş, onu incə məhəbbətlə təsvir etmişdir. Və o gözəl indi mənim qarşımda durubdur.
“Yenə başlandı” deyə fikirləşən Aysunun əhvalı pozuldu. Bunu sezən İvan onu qabaqladı:
– Bu mənim həyat tərzimdir. Xahiş edirəm, əhvalımı korlamayın, qaldırın piyaləni, bircə qurtum da olsa için. Görürsünüz, sizə lap az süzmüşəm. Söz verirəm ki, bircə piyalə içib dərsimizə davam eləyəcəyik.
– Siz bunu dərsmi hesab edirsiniz?
– Əlbəttə, mən Azərbaycan ədəbiyyatı ilə tanış oluram.
Aysu mübahisənin yersiz olduğunu görüb piyaləni qaldırdı, iki qurtum içib yerə qoydu. İvansa axıradək boşaltdı, sonra dolabdan növbəti kitabı götürüb, üz qabığında müəllifin kirillə yazılmış adını oxudu:
– Molla Pənah Vaqif... Şerlər... – sonra qımışaraq soruşdu: – Yəqin ki, bu, molla şairin dini şerləridir, mərsiyələridir...
– Yox, Vaqif də sevgi şairidir. Lakin o, Füzulidən fərqli olaraq xəyalındakı pəriləri yox, həyatdakı gözəlləri vəsf etmişdir. O, Azərbaycan şerində Füzulinin sevgi ilahəsini göylərdən yerə endirmişdir. Onun şerlərində vəsf olunan gözəllər gündəlik həyatda gördüyü alyanaqlı, saçlarını mərmər sinələrinə tökmüş, qoşaxallı Azərbaycan gözəlləridir. Vaqif Qarabağ hökmdarı İbrahim xanın vəziri olmuşdur. Əslən Qazax mahalından olan şairə elminə, savadına görə xalq Molla təxəllüsü vermişdir.
– Əgər söhbət Qarabağdan düşdüsə, istərdim onun haqqında məni yaxşıca məlumatlandırasınız. Bu başıbəlalı bölgə haqda biliyim çox azdır. Buraya gəlməzdən qabaq Qarabağı öyrənmək istədim. Moskva kitabxanalarında rusca olan mənbələrin çoxunun müəllifləri ermənidir. Azərbaycanlı müəlliflərin Qarabağ haqda əsərlərinə rast gəlmədim. Açığını deyim ki, sovet dövründə Rusiya ucqarlarında Qarabağ nədir, heç Azərbaycanı əməlli-başlı tanımırdılar. O zamanlar Moskvanı Afrika, Hind-Çin, Latın Amerikası maraqlandırırdı. Biz o ölkələri Qafqazla müqayisədə qat-qat dərindən öyrənirdik.
Söhbətin bu axarda dəyişməsi Aysunun ürəyindən oldu. Onun əlinə öz fikirlərini deməklə bərabər rus zabitindən bəzi şeyləri öyrənmək fürsəti düşmüşdü. Təmkinini pozmayan qız soyuqqanlılıqla dedi:
– Əvvəla, onu nəzərinizə çatdırım ki, Qarabağ haqqında qarabağlıların özləri ötən əsrdə, bu əsrin əvvəllərində kifayət qədər yazmışlar: “Qarabağnamə”lər zəngin xəzinədir. Son illərdə də bu mövzuda kitablar nəşr olunmuşdur. İş burasındadır ki, bu kitablar Moskva kitabxanalarına gedib çatmır. Məlum qüvvələr buna mane olurlar. İstəyirlər ki, oradakı mənbələr ancaq erməni müəlliflərinki olsun. Yaxşı, söhbətə hardan, nədən başlayaq? Sizi konkret nə maraqlandırır?

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin