Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə13/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
Aysu xanum, mənəm, qapını açın, sözüm var.
O, bir neçə kərə bunu təkrar elədi. Cavab gəlmədi. “Bəlkə, gerçəkdən bərk yatıb. Əgər yatıbsa oyatmayacağam. “Səbirlə şərab olar, ey qora səndən”, deyə məşhur ifadəni öz məzacına uyğun dəyişdirib zümzümə eləyə-eləyə otağına çəkildi.Yatağına girdikdən sonra bir müddət yuxuya getmədi, son günlər baş verənləri çək-çevir eləməyə başladı... Aysu ona indiyədək eşidib bilmədiyi maraqlı şeylər danışmışdı. Tarixə, etnoqrafiyaya, toponomiyaya aid kitabları oxumaq İvanın hobbisi idi. Görünür, bu, ona atasından keçmişdir... Son günlərin ən yaddaqalan hadisəsi Aysunu qucaqlayıb öpməsi idi. Həmin anlar bilmirdi, onun oyanmış duyğularımı, yoxsa qızdan axıb gələn bioenerjimi bütün bədənini titrətmişdi. İvan sanki Şərq nağıllarında təsvir olunan əlçatmaz, əfsanəvi şahzadələrdən birinin saçlarını, boyun-boğazını zorla da olsa öpə bilmişdi. Artıq bir gün keçsə də qızın ətri, qısa təmasdan aldığı ləzzət onu şövqləndirirdi. Ondakı bu dəyişikliyi bir qədər əvvəl olduğu məclisdə erməni zabitləri də sezmişdilər. Onlar zarafata salıb demişdilər:
“İvan Nikolayeviç, üz-gözündən görünür ki, bu təzə məşuqən sənə əməlli-başlı kef verir”.
“O gənc türk qızı səni yoranda bizi köməyə çağır”.
“Səsinizi kəsin! İvan Nikolayeviç qadın cinsi ilə çoxdan xudafizləşib. İndi onlarla yalnız gözləri və əlləri ilə işləyir”.
Belə atmacalar, təhqiredici şit zarafatlar, hırıltılı gülüşlər İvanı qıcıqlandırmışdı. O, bir gerçəkliyi müşahidə etmişdi: ermənilər başqalarının içində tək olanda özlərini quzu kimi sakit aparırlar. Çox olanda isə canavara dönürlər. İvan buraya gələnə qədər Moskvada, xarici ölkələrdə onunla qulluq etmiş erməniləri həmişə sözəbaxan, həlim, qorxaq, yaltaq görmüşdü. Buradasa özlərini elə aparırdılar ki, sanki dünyanın ən qüdrətli, cəsarətli insanları elə onlar özləridir.
Bugünkü məclis şam yeməyindən çox operativ iclas xarakteri daşıyırdı. Onlar gözlənilən böyük hücumla bağlı Qozludərə və Məlikcandan başlayacaq əməliyyatın – Horadiz dəmiryol stansiyasından keçib İran sərhədində qurtarmaq planını müzakirə etdilər. Belə olduqda, cənubda nisbətən yaxşı döyüşən Cəbrayıl və Qubadlı rayonlarının Bakı ilə əlaqəsi kəsilib mühasirəyə düşəcəkdi. Bununla da problem həll olunurdu. Cəbrayıllıların yerli müdafiə dəstələri hələ sovet dövründən Hadrutdakı erməni komandanlığının gözünü qırmışdı. Onlar iki il əvvəl ərazilərindəki ondan çox erməni kəndini boşaltdırmış, bununla orada erməni hərbçilərinin yerləşdirilməsinin qarşısını almış, əsas hakim yüksəklikləri tutmuşdular.
“Bəs, İran bu hücuma necə yanaşar?” – deyə İvan onların ağızlarını aramışdı.
“Rəsmi Bakı bu məsələdə özü bizə kömək eləyibdir”-deyilən bu atmacaya hamı ürəkdən gülmüşdü. Sonra ona izah eləmişdilər ki, Azərbaycan rəhbərliyində bəzilərinin İranın şimalında 30 milyon azəri türkünün yaşadığı ərazilərdə onların hüquqlarının pozulmasını iddia etmələri Tehranı bərk qorxuya salmışdır. Orada azərbaycanlılar arasında milli azadlıq hərəkatının genişlənməsindən ehtiyat edirlər. Tehran Arazın bu tayında onun nəzarət etmədiyi güclü Azərbaycan dövlətinin yaranmasını istəmir.
İvan bu görüşdə ötən döyüşlərdə Azərbaycan ordusuna əsir düşmüş rus əsgərlərini zabitlərə xatırlatdı. Belə hadisələrin baş verməməsi üçün tankçılar istisna olunmaqla, digər rus hərbçilərini, kəşfiyyatçılarını böyük hücuma qədər ön xəttə göndərməməyi xahiş eləmişdi.
İvanın buradakı vəzifəsindən biri ermənilər tərəfdə vuruşan rus muzdlularının, könüllülərinin hərəkətlərinə nəzarət idi. Onlar qeyri-rəsmi olaraq İvana tabe idilər. İvan onların qısa dosyelərini seyfində saxlayırdı.
“Burada heç bir qəbahət yoxdur. Ruslar Azərbaycan tərəfdə ön xətdə də vuruşurlar, əsir də düşürlər. Azərbaycanın rus millətindən olan milli qəhrəmanı da var”.
İvan istehza ilə deyilən bu sözləri udmuşdu.
“Başa düşün, onlar Azərbaycan vətəndaşı olan ruslardır. Nəinki özləri, ata-babaları da Azərbaycanda doğulublar, Rusiyada kökləri itibdir” – deyən İvan istəmişdi əlavə eləsin ki, hərbçilərdən başqa Ermənistanda ruslar yaşamır. Ermənilər özgə millətlərin hamısını respublika ərazisindən çıxarmışlar. Hələ Sovetlərin mənəm-mənəm deyən vaxtlarında on beş respublikadan ən az rus yaşayanı Ermənistan idi: vur-tut iki faiz... Onu da rus hərbçiləri və onların ailələri təşkil eləyirdi... Amma demədi. Əlbəttə, bu sözləri ona burada yox, Rusiyada desəydilər, cavabını verərdi.
Şam yeməyi arxasındaca gələcək hücum əməliyyatları müzakirə edildi. Hücuma hazırlaşmaq üçün ayrı-ayrı komandirlərə tapşırıqlar verildi. İvan özü üçün görməli olacağı işləri qeyd elədi: o, rus muzdlularının komandirləri ilə görüşməli və cəbhə xəttində müəyyən postlara baş çəkib hücumqabağı vəziyyət barəsində öz rəislərinə məlumat hazırlamalı idi.
Məclisdə güclü ət yeməkləri, yaxşı içkilər olsa da İvan çox az içmişdi. Özləri az içən erməni zabitləri İvanı sərxoş eləmək istəmişdilər. Amma bacarmamışdılar. İvan işgüzar görüşlərdə, qəbullarda, həmçinin kənar yerlərdə keçirilən ad günləri, toy kampaniyalarında az içərdi. O, içməyi çox xoşlasa da nəfsini cilovlaya bilirdi, iştahasını evə saxlayırdı. Ancaq evdə, asudə vaxtlarında, xüsusilə axşamlar bəsdi deyincə içirdi.
Onun qarşısında duran tapşırıqlardan biri də Aysunu “verbovat” eləmək, gələcəkdə Rusiyaya işləməyə təhrik eləmək idi. Aysu bu iş üçün yarayırdı. O, çox gözəl, savadlı, erudisiyalıdır. Atası Azərbaycan cəmiyyətində tanınmış ziyalılardan biridir. Amma hiss olunur ki, o, vətənini çox sevir, türkçüdür. Buna baxmayaraq, onu ram etmək olar. Çox belə vətənpərvərləri könüllü, ya könülsüz Moskvaya işləməyə vadar etmişlər. Elə indinin özündə Bakıda seçilib tanınan, vaxtilə milli azadlıq hərəkatı adlanan dəstənin önündə gedənlərin neçəsi Moskvaya işləməyə başlamışdır. Sadəcə kimə necə yanaşmağı, hansı rakursdan ona təsir etməyi bilmək lazımdır. Lefortovoya düşənləri “verbovat” eləmək nisbətən asandır. Elə Aysunun da vəziyyəti Lefortovodakı məhbuslarınkından çox da fərqlənmirdi. Onun qaldığı şərait yaxşı olsa da əlyetməz yerdə tutulub saxlanması, başına nə oyun açırsan aç, heç kimin qarşısında hesabat verilməməsi biçarə qızın vəziyyətini Lefortovo dustaqlarınkından qat-qat ağır edirdi. Biçarə qız... İvanın ona yazığı gəlirdi. O, həmişə özü ilə tək qalanda qəlbinin uzaq guşəsindəki humanistlik, xeyirxahlıq duyğuları baş qaldırırdı. İvan çox vaxt imkanı olanda, işinə xələl gətirməyəndə vicdanının səsinə qulaq asırdı. O çalışacaqdı qızı məhv olmağa qoymasın, bir şərtlə ki, qız onun istəklərini yerinə yetirsin. İvanın istədiyi, qızın həyatı müqabilində çox da böyük bir şey deyildi. Aysu İvanın agenti olmalı, onunla intim əlaqəyə razılaşmalı idi. Bu, istər tam könüllü, istərsə də “məcburi könüllü” olsun, İvana fərqi yox idi. Həm də İvan ömrü boyu öz şəxsi istəyini, arzusunu boğmuşdu, hər şeyi işinə, tutduğu vəzifəyə qurban vermişdi. Qırx yaşına qədər belə yaşamışdı. Artıq belə həyat tərzini davam etdirməyi bacara bilmırdı. Bundan sonrakı həyatını bir az da özü üçün yaşamaq istəyirdi, içindən gələn istəyini, arzusunu reallaşdırmaq istəyirdi... Təbii ki, ağılla, tədbirlə... O, Aysuyla özünü bir yataqda təsəvvür etdikdə sifəti alışıb yanır, nəfəsi tıncıxırdı, bilmirdi neyləsin. İndi mələyə bənzər o qız İvanın yanında – yataqda olsaydı, onunla əylənsəydi dünya dağılmazdı ki!.. İvan ona daha çox qayğı göstərərdi, üstündə yarpaqtək əsərdi. İvan onu zorlaya bilməzdi. Dünən qucaqlayıb boyun-boğazını öpəndə, istəmişdi götürsün onu otağına. Amma Aysunun təlaş və qorxudan irilənmiş gözlərinə baxanda qolları boşalmışdı... Bu ifadəni o, çox illər bundan əvvəl bacısının gözlərində görmüşdü...
İvan ikinci kursda oxuyurdu. Şənbə günü dərsdən sonra nizam-intizamına görə onu iki günlüyə evə buraxmaqla mükafatlandırmışdılar. İnstitutda ilk iki kursu onlar düşərgə şəraitində əsgər kimi yaşamalı idilər. Üçüncü kursdan sonrasa kursantlara evlərində yatmağa icazə verilirdi. İvan kefi kök evlərinə gəlmişdi. O, qapıya yaxınlaşanda bacısının qışqırtısını eşitmiş, həmişə özündə olan açarla tələsik qapını açıb “Qalya, mən burdayam!..” – deyə hövlnak içəri adlamışdı. Bu zaman yemək otağının qapısı çırpılıb açılmış, saçları dağınıq, köynəyinin üst düymələri qırıldığından yarıaçıq yaxasından döşlərinin çəhrayı gilələri görünən bacısı ona sarı cummuşdu. Rəngi ağarmış, gözləri az qala hədəqəsindən çıxacaq qız sanki ona hücum etmiş yırtıcı heyvanın ağzından qurtulmuşdu.
– Nə olmuşdur, bacı?
İvanın sualına qızın arxasınca dəhlizə çıxan atalığı cavab vermişdi:
– Heç nə olmayıb. Başa düşə bilmirəm, nədən qorxur... Həmişə olduğu kimi ona atalıq nəvazişi göstərirdim...
Yalan deyir, o məni çoxdan zorlamaq istəyir, – deyə Qalya əlləri ilə sinəsini örtüb hıçqırmışdı.
Hər şey İvana aydın idi. O, irəli yeriyib atalığı adlanan bu iyrənc məxluqun abırsız sifətinə dalbadal bir neçə güclü zərbə endirmişdi. Burnundan qan fışqıran kişi yerə yıxılmış, sonra iməkləyə-iməkləyə özünü hamama salmışdı. Ağız-burnunun qanını yuduqdan sonra İvanın sakitləşdiyini zənn edərək həyasızcasına demişdi:
– Mən bu şəkildə milisə getsəm, səni tutdura bilərəm. Amma ata kimi səni bağışlayıram.
– Necə, necə? Ax, yaramaz! – deyən İvan yenidən irəli cummuş, bu dəfə lomba ilə onun üzünə tüpürərək yaxasından tutub qapıdan çölə atmışdı.
O axşam İvan evə dönən anasının üstünə qışqırmışdı:
– Sənin qızını balaca vaxtından “balam, balam” deyə dizləri üstündə oynadan alçaq ərciyəzin indi onu zorlamaq istəyirdi. Mən bir də onu bu evdə görsəm öldürəcəyəm.
Qızından hər şeyi təfsilatı ilə öyrənən anası səsini içinə salmışdı... Özünə təzə yuva tapmış atalığı onlara bircə dəfə İvan olmayanda, şeylərini aparmağa gəlmişdi...
“Sabah mən tezdən durmalıyam, rus zabitləri ilə şəxsən görüşməliyəm. Yatmaq lazımdır”, deyə özünə komanda verən İvan sağ böyrü üstə çevrilib gözlərini yumdu...
* * *
Həmişə səksəkə içində yatan Aysu qapı ikinci dəfə döyüləndə ayılmışdı. İvan səsini çıxaranda sağ əli istər-istəməz döşəyin altında gizlətdiyi qəməyə tərəf uzanmışdı. İncavara İvan çox israr etməmiş, öz otağına çəkilmişdi.
Aysu gec-tez gecələrin birində İvanın onun qapısını döyəcəyini bilirdi. O, hər hansı bir təhlükəyə qarşı kiçik qəməsini əl çantasındakı gizlinc yerdən çıxarıb döşəyin altına qoymuşdu. Kim bilir, yüz ildən çox yaşı olan bu kiçik xəncər neçə qız-gəlinə pənah olmuşdur... Hələlik o, İvanın baş verə biləcək təcavüzündən özünü öldürmək hədəsi ilə sovuşmaq istəyirdi. Aysu az-çox İvanı öyrənmişdi. Zənn edirdi ki, o, bıçağı qarnına dirəmiş qıza yaxınlaşmağa risk etməyəcək, təcavüzdən vaz keçəcəkdir. Bəlkə də, Aysunun yerinə başqası olsaydı, bu məsələni çox dramatikləşdirməzdi, “itaparan olsun” – deyib müəyyən şərtlərlə özünü ona təslim edərdi. Amma o, Aysu idi, ölümü şərəfsizlikdən üstün tutan Aysu!... O, Toğruldan başqa kimsəylə yaxınlıq etməyi təsəvvürünə belə gətirmirdi. O, Toğrulu sevib, sevir və sevəcəkdi... Toğruldan başqa kimsəni quca bilməz, bir yastığa baş qoya bilməz... O, bunu özünə yəqin etmişdi... Hətta onu başa düşməyib səhv addım atmış Toğrulun yanlış hərəkəti onu nə qədər sarsıtsa da başqası ilə oturub-durmağı bacarmamışdı...
Toğrulun Moskvada oxuyarkən Əfqanıstanda tanış olduğu, onu ölümdən qurtarmış qızla yaşadığından xəbər tutanda Aysu bərk sarsıntı keçirmişdi... Bu vəziyyətdən çıxdıqdan sonra bir yaz axşamı eyni kursda oxuduğu, onu kölgə kimi izləyən, “dərdindən saralıb solan”, çox vaxt zarafatla “Bibər” çağırdıqları Bəbirin teatra dəvətini qəbul eləmişdi. Aysu artıq ikinci kursun yay sessiyası imtahanlarını verib üçüncü kursa keçmişdi.
...Tamaşadan sonra onlar bir az bağda gəzişmişdilər, boş oturacaqların birində əyləşmişdilər. Bəbir ürəyini ona açıb əlindən tutmuşdu. Aysusa fikirləşirdi ki, ilk oxu daşa dəydi, bir daha sevə bilməyəcək, qoy, heç olmasa onu sevəni xoşbəxt eləsin...
Aysunun dinmədiyini görən Bəbir cürətlənmişdi, sol əli ilə onun belini qucaqlayıb özünə tərəf çəkmək, dodağından öpmək istəmişdi. Bu qəfil təmasdan Aysunun bədəni çimçəşmişdi, sanki onun qəlbinə cin girmişdi. O, Bəbiri itələyib hövlnak ayağa qalxmışdı:
– Axmaq insan, indiyədək heç kəs mənim belimdən tutmağa cəsarət eləməyib, sən nə cürətlə mənə əl vurursan? Heç əsl sevən də ilk görüşdə belə əliuzunluq eləyər? Rədd ol gözümdən! Sən nə qanırsan sevgi nədir!
Bundan sonra bir dəfə Aysu evə tək qayıdırkən Bəbir onun qarşısını kəsmiş, kövrəlmiş halda ondan üzr istəmiş, onsuz yaşaya bilmədiyini demişdi.
– Sən xoşu gəlməklə, gözəlliyə aludə olmaqla əsl sevgini qarışdırırsan. Əvvəlcə özün öz duyğularını araşdır, nə istədiyini qan, anla! Mən ya öz sevdiyimə ərə gedəcəyəm, ya da məni əsl məhəbbətlə sevənə. Heyvani hisslərini söndürmək istəyənə yox! Bir də mənim yolumun üstünə çıxsan, arxamca düşsən, özündən küs...
Bəbir o gedən getmişdi... Keşkə, Aysu bu sözləri Bəbirə iki il öncə, universitetə qəbul olanda, Bəbir onun yolunun üstündə bitəndə deyəydi. Aysu sonra biləcəkdi ki, Toğrulla aralarında soyuqluğun yaranmasında onun ciddi yanaşmadığı, saya salmadığı Bəbir necə günahkar imiş...
Ötən günlərdən bu günə qayıdan Aysu: “Özümü üzməməliyəm. Sona qədər dayanmağa güc saxlamalıyam” – deyə təkrar-təkrar pıçıldadı, özünü yuxunun ixtiyarına verdi...
* * *
Səhər tezdən Rusiyadan olan hərbçilərlə görüşməyə getmiş İvan evə günortadan sonra döndü. Burada sovet dövründən qalma hərbçilərlə yanaşı, Rusiyanın müxtəlif yerlərindən qazanc dalınca gəlmiş muzdlular da vardı. Problem də onlarla idi. Erməni komandanlığının şirin vədlərinə uymuş bu insanlar tələyə düşmüş, həyatlarını riskə qoymuşdular. Onları kəşfiyyata yollayır, minaları təmizlətdirir, ön xətdə keçirilən müxtəlif təhlükəli əməliyyatlara göndərirdilər. Faktiki olaraq, buraya düşmüş muzdlular ermənilərin əsirlərinə çevrilirdilər. Geriyə yol yox idi... Verilən vədlərə əməl olunmamasına, müqavilə şərtlərinin yerinə yetirilməməsinə dözə bilməyənlər geri qaytarılmağı israr eləyəndə onları döyüş bölgəsindən çıxarırdılar... Amma onların çoxu yolda itib batır, gedib evlərinə çatmırdı. Vətənə yola saldıqları silahdaşlarının “itkin düşməsi” xəbərini alan digər muzdlular bundan ibrət götürür, hər əzaba qatlaşaraq kontraktlarının bitməsini gözləyirdilər... Əsəbləri davam gətirməyənlər evə sağ-salamat qayıda bilmək üçün Yerevan yox, Bakı yolunu seçmişdilər: onlar cəbhə xəttini keçib Azərbaycan ordusuna təslim olmuş, günahlarını etiraf edib Qızıl Xaç və s. təşkilatlar vasitəsilə evlərinə dönmüşdülər. Hətta onlardan biri Bakı televiziyasıyla çıxış eləyib çox şeyi açıb tökmüşdü... Xoşagəlməz halların qarşısını almaq üçün İvan Hadruta gəlib çıxmış muzdlularla əlaqə yaradıb onları nəzarətə götürə bilmişdi.
Son günlər İvanın Aysu ilə tək qalmağa meylini hiss eləyən Aksana ona şərait yaradırdı. Yeməyini verdikdən sonra İvan onunla oturmasını təklif eləməyəndə, aşağı düşüb otağına çəkilirdi. Bu gün də elə oldu. İvan gecikmiş naharını tək elədi. Sonra bir şüşə çaxır və piyalə götürüb aynabəndin yuxarı başına – ”kitabxanaya” sarı yönəldi. Əlindəkiləri jurnal stolunun üstünə qoyub kresloya yayxandı, özünə çaxır süzdü. Ətrafda tam səssizlik olduğu üçün şüşənin boğazından tökülən şərabın səsi çox aydın eşidilirdi: “bul-bul, bul-bul...” Bu, İvan üçün adi səs deyil, xoş bir melodiya idi. Öz dediyi kimi, “hələ nota köçürülməmiş bu bul-bul melodiyası”nı eşidəndə əsəbləri sakitləşir, kefi durulur, mədəsi yemək qəbuluna hazır olurdu... O, şərabı sümürə-sümürə boşaltdıqdan sonra içinə yığılmış havanı çölə buraxıb “xoroşo” dedi, sonra Aysunu səslədi.
Öz otağında çarpayıda uzanmış Aysu yerlə-göylə əlləşirdi...Onun əsirliyinin on birinci günü idi. Yer on bir dəfə öz oxu ətrafında fırlanmışdı. Əgər o qurtulmayıb sağ qalsa, Yer Günəşin ətrafında tam çevrə vurduqda əsirliyinin bir ili tamam olacaqdı... Özü öz fikrindən diksinən qız “Allah eləməsin!” – dedi... O, tək qalanda ulduzlara baxa-baxa kainat haqqında, sonsuzluq və əbədilik haqqında düşünməyi xoşlayırdı. Bu onun özündən asılı deyildi. Elə bil göylər onu çəkirdi... O, buna Toğrulsuz qaldığı aylarda, illərdə – Toğrul Əfqanıstanda, Moskvada olarkən adət eləmişdi... İndi Aysu yenə göylərə uçdu, uzaq bürclərin birindən Yerə, doqquz səyyarənin başına dolandığı Günəşə baxdı... Hər şey fırlanırdı, dövrə vururdu... Bəs bəşəriyyət, onun tarixi? İnsan həyatı necə? Onlardamı fırlanıb, təkrarlanırdı, dövrə vururdu? Heyhat!.. Bəşər övladı bunu bilmirdi. Heç bilə biləcəyini də bilmirdi... Amma bunu anlayırdı ki, həyatın ən böyük gerçəkliyi, fəlsəfəsi fırlanmaq, dövrə vurmaqdır!.. Qadınların ayda bir dəfə xəstələnməsi də müəyyən sikl üzrə dövrə vurmaq, təkrarlanmaq deyildimi? Dünən o xəstələnməliydi, ən azı xəstələnmənin əlamətləri görünməli idi. Amma, hələlik xəstələnməyib... Kaş, yuxusu çin çıxaydı... Sevgisinin barını görəydi..
– Aysu xanum, dərsin vaxtıdır! – deyə İvan onu ikinci dəfə səslədi.
“Hey verməsəm , ağ olar” fikirləşən Aysu “gəlirəm”, deyə ucadan cavab verdi, cins şalvar və köynəyini geyindi, bütün qadınlar kimi sövq-təbii saçlarına sığal verib otaqdan çıxdı. O, yaxınlaşdıqda İvan ayağa qalxıb yer göstərdi:
– Buyurun, hörmətli müəllimə!
Aysu borclu qalmadı:
– Sağ olun, siz çox lütfkarsınız. Amma dərs vaxtı şərab içmək, siqaret çəkmək olmaz.
– Oldu, – deyə İvan sözəbaxan şagird kimi cavab verdi, çaxır və siqaret dəsgahını götürüb qırağa qoydu.
– Buyurun, axşamkı və səhərki xəbərlərin xülasəsi...
– Sağ olun, baxaq görək, nə var, nə yox, – deyə onun uzatdığı qalın dəftəri aldı, bir az vərəqləyib stolun üstünə atdı. – Sonra baxaram, – dedi.
– İvan Nikolayeviç, əgər vaxtınız kifayət qədərdisə, bugünkü dərsimizi iki hissəyə bölərdik. Birinci saatı dilə ayırardıq, sonra isə tarix, ədəbiyyat və sair məsələlərə keçərdik... Başqa cür desək, nədən istəyirsiniz, ondan da danışarıq.
– Çok iyi olar, – deyə İvan türkcə cavab verdi.
– Azəri türkcəsincə isə “çox yaxşı olar” deyirlər. Elə birinci dərsimizi azəri türkcəsi ilə sizin az-çox bələd olduğunuz Anadolu türkcəsinin fərqinə həsr edək.
Aysu bu iki türk dilinin müqayisəsindən sonra Azərbaycan türkcəsi, onun qrammatikası haqqında ümumi məlumat verdi, fonetikanın üstündə dayanaraq ətraflı danışdı. Ahəng qanunu çox ciddi qorunub saxlanmış azəri türkcəsinin çox vaxt “öz türkcə” adlandırıldığını söylədi. İvan onun dediklərini bu məqsəd üçün ayırdığı qalın dəftərdə qeyd edirdi. Dil dərsi saat yarımadək çəkdi.
– Tənəffüs, – deyə İvan fasilə istədi, kənara çəkilib siqaretini alışdırdı. Fasilədən sonra İvan dərsin Azərbaycanda ictimai-siyasi fikrə həsr olunmasını təklif elədi. Aysu çiyinlərini çəkib soruşdu:
– Konkret sizi nə maraqlandırır?
– Məsələn, Ermənistan, ermənilər, onların regionda yeri haqqında Azərbaycanda nə düşünürlər?
– Əhalinin doxsan faizindən çoxunun fikri birmənalıdır: son iki yüz ildə erməniləri Qafqaza gətirib cəm edən, yerli əhalini sıxışdırıb, onları indiki Ermənistan respublikası ərazisində, Qarabağda, Gəncəbasarda yerləşdirən Rusiya dövləti olmuşdur. Bu, tarixi faktdır. Rusiya Qafqazı işğal etdikdən sonra ona Türkiyə və İranla öz arasında bufer xətti lazım idi. Buna görə erməniləri İranın, Türkiyənin içərilərindən Qafqaza köçürdülər. Ermənilərinsə öz maraqları vardı: Rusiyanın vasitəsilə öz dövlətlərini qurmaq! Bu razılaşmalar hələ I Pyotrun çarlığı dövründə olmuşdur. Vaxtınız olanda bu kitablara baxa bilərsiniz, – deyə Aysu dolabdakı kitabları İvana göstərdi.
İvan onlara ötəri nəzər saldı: V. L. Veliçko “Kavkaz”, İ. K. Kanadlev “Oçerki kavkazskoy jizni”, Jorj de Malevil “Armyanskaya traqediya 1915 qoda”, Qlinko “Opisanie pereselenie armyan Adderbidjanskix v predelı Rossii”, “Armyanskiy qenosid: Mif i realnost” və s.
İvan bu kitabları birinci dəfəydi görürdü. Onun çox maraqla baxdığını görən Aysu əlavə elədi:
– Təəccüblənirəm, bu kitablar necə olub ki, indiyədək burada qala bilib. Ermənilər bu qəbildən olan kitabların hamısını yandırırlar, necə ki, Avstriya şərqşünası Erix Fayqlın 1986-1987-ci illərdə dalbadal fransız və almanca nəşr etdirdiyi kitabının satışa buraxılan bütün tirajını alıb yandırmışdılar.
Kitabları bir daha gözdən keçirən İvan Aysuya təşəkkür elədi:
Çox sağ olun, bu məlumatların çoxunu mən indi eşidirəm. Bu kitabları hökmən oxuyacağam. Qaldı onların burda salamat qalmasına, bunu deyə bilərəm ki, evin azərbaycanlı sahibi çıxarılandan dərhal sonra buraya rus zabiti köçürülmüşdür. Gözəgələn əşyaları yığıb aparan ermənilərin bu kitablara baxmağa vaxtları qalmamışdı.
– Yeri gəlmişkən, onu da deyim ki, onlar Türkiyə və İran torpaqlarına da, bir sıra mənbələrdə “Ərməniyyə” adlanan ərazilərə də sonradan gəliblər.
– Haradan?
– Bizim eranın əvvəllərində İraqın şimalından vurulub çıxarılıblar, Kilikiyədə köç salıblar, sonra Van gölü ətrafında “Ərməniyyə” adlanan ərazilərə gəliblər. Siz fikir verin, onlar özlərini öz dillərində “hay” adlandırırlar, “erməni” yox. Bir-birləri ilə tanış olanda “Ara, hayes?”, yəni “Haysan?”-deyə soruşurlar. Yaşadıqları əraziləri isə “Hayastan” adlandırırlar. Ərməniyyə – yerin adıdır və dünya xalqları onları bu yerin adı ilə çağırmışlar. Məşhur rus tarixçisi Petruşevski Urartu dövlətinin indi “erməni” adlandırılan bu xalqa heç bir aidiyyatı olmadığını göstərmişdir.
– Doğrudan ha, mən “hay” sözünü çox eşitmişəm, amma fikir verməmişəm,– deyə İvan təəccübünü gizlədə bilmədi. – Atam deyərdi ki, dünyanın tarixi yenidən yazılmalıdır.
– Onlar özlərini təsdiq eləmək üçün həmişə tarixi saxtalaşdırmışlar. Xüsusilə Qafqazda yeraltı, yerüstü türk, gürcü abidələrinin üstündə müxtəlif əməliyyatlar aparıb öz adlarına çıxmışlar. Bunun üçün XIX yüzillikdə yaşayıb yaratmış gürcü yazıçısı İlya Çavçavadzenin “Erməni alimləri və ağlayan daşlar” kitabını oxuyun, hər şey sizə aydın olar, – deyə Aysu dolabdakı kitabı göstərib sözünə davam elədi. – Mən şəxsən, petroqradlı məşhur bir alim Piotrovskinin, XII əsrdə Azərbaycanda Eldəgizlər sülaləsinin pullarını guya ermənilərin eramızın əvvəllərində buraxmaları haqqında yaydıqları “elmi kəşfi” ifşa edən məqaləsini oxumuşam.
– Məsələ məlumdur. Gəlin, keçək ikinci suala: Azərbaycanda Rusiya dövləti, rus xalqı, iki dövlət, iki xalq arasında gələcək əlaqələr haqda nə düşünürlər?
“Aha, deyəsən mətləbə yaxınlaşır” deyə fikirləşən Aysu əlüstü cavab verdi:
– Rusiya və ruslara münasibət birmənalı deyil. Əvvələn, bizdə Rusiya dövləti ilə rus xalqını bir-birindən ayırırlar. Azərbaycanlıların əksəriyyəti rus xalqını özünə dost sanır. 90-cı ildəki Yanvar qırğınına, Rusiya dövlətinin ermənilərə kömək etməsinə baxmayaraq bizdə rus millətinə kin bəsləmirlər. İndi Azərbaycanda bir neçə yüz min rus yaşayır. Respublikanın içərilərində rus kəndləri var. Camaat bir-biri ilə mehribandır. İstəyirsiniz sizə ibrətamiz, lakin kədərli bir hadisə danışım.
– Buyurun.
– 90-cı ildə sovet qoşunlarının Bakıda törətdiyi qırğından sonra rusların çoxu xəcalət çəkirdi. Bakının yüz kilometrliyindəki Salyan şəhərində isə bir rus kişisi onun millətindən olan ordunun əməlinə etiraz olaraq özünü asdı. Onun arvadının ağlaya-ağlaya təmiz Azərbaycan dilində televiziya üçün mənə verdiyi müsahibəni həmişə xatırlayıram. O deyirdi ki, ərim rus ordusunun bu vəhşiliyindən sonra stress keçirmişdi, dostlarının üzünə çıxa bilmirdi. Qonşular onun yanına gəlib deyirdilər: “Sənin nə günahın? Ağlını yığ başına, camaat arasına çıx”. O isə heç kimə qulaq asmadı. Deyirdi: “Bu insanlar bizi özlərindən ayırmamışlar. Xeyirdə, şərdə birgə olmuşuq. İndi mənim mənsub olduğum millətin ordusu günahsız insanları qırıbdır. Bu töhməti üstümdən götürməyin bircə yolu var...” Bir gün səhər durub gördüm ki, məktub yazıb qoyub... özünü asıbdır.
– Məni bərk təsirləndirdiniz, icazə verin bir siqaret yandırım, – deyə İvan kənara çəkildi, bir stəkan çaxır içib siqaretini tüstülətdi. Altdan-altdan ona göz qoyan Aysu bilə bilmədi, o, gerçəkdənmi təsirləndi?
On dəqiqədən sonra heç nə olmamış kimi İvan Aysuya yeni sual verdi:
– Bu iki xalqın, dövlətin gələcək əlaqələrindən nə deyə bilərsiniz?
– Azərbaycanda belə bir məsəl var: yaxın qonşu uzaq qohumdan irəlidir. Yəni adamın ən çox əlaqəsi qonşu ilə olur. Azərbaycanda dərk edirlər ki, Rusiya onların yaxın qonşusudur. Azərbaycanlılar rusları amerikalılardan, qərbi avropalılardan daha yaxşı başa düşür,özlərinə yaxın hesab eləyirlər. Rusiya Azərbaycana, Azərbaycan Rusiyaya gərəkdir. Di gəl ki, Rusiya yapışıb Ermənistandan. Ona görə də bu boyda Azərbaycanı özündən uzaqlaşdırıbdır. Bilmək olmur, dünyanın yenidən düzənləndiyi bir çağda Ermənistanın Rusiyaya nə xeyri? Məncə, Rusiya Pyotrdanqalma dövlət siyasətini dəyişməli, onun əhatəsində olan türk dövlətləri ilə əlaqələrini yenidən qurmalıdır. Rusiyanın özündə Sibirdən, Altaydan, Uraldan tutmuş Moskvanın özünədək nə qədər müsəlman türk xalqları yaşayır. Avrasiya ittifaqı ideyası ətrafında birləşmək lazımdır.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin