Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə10/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
– Onları bilirəm. Aldığınız pulu yarı bölərsiniz. Mənə də yol xərci verərsiniz.
– Ax, Aksana, Aksana!.. Neçə ildir ermənilərin arasındasan, amma onları yaxşı tanımırsan. Fransız yazıçısı Düma ata Qafqaza səfəri zamanı, gör, ermənilər haqqında nə deyib: “ermənilər hiyləgər və kələkbaz adamlardır. Ancaq yaxşı ticarətçidirlər, onlarla iş görsən, qəbz almağı unutma!..” Mən bu qızı onlara təhvil versəm, heç ağlına gəlir ki, nələr ola bilər?
Aksana çiynini çəkdi. İvan meyvə suyu içirmiş kimi stəkanı çaxırla doldurub başına çəkdi, aram-aram sözünə davam etdi:
– Onlar mənə sənəd yox, bolluca vəd verib qızı aparacaqlar. Bilirsən hara? Bilmirsən. Qız gözəl olduğu üçün onu zabitlərin hamısı zorlayacaq, sonra verəcəklər serjantlara... Bir sözlə, onu belə tez qaytarmayacaqlar valideynlərinə. Müxtəlif bəhanələr toqquşduracaqlar, qiymətii qaldıracaqlar... Bu gözəl sima saralıb solandan, yarımcan olandan sonra istədikləri məbləği alıb verəcəklər ata-anasına. Mənə isə tula payı – araq-çaxır verəcəklər. İndi başa düşdün?
Aksana köksünü ötürüb başını silkələdi. İvan sözünə davam etdi:
– Açığını deyim ki, bu təkliflə mənə müraciət ediblər. Deyiblər ki, beş gün, on gün qızla əylənəndən sonra onlara verim. Razı olmamışam. Demişəm ki, mənə bir qız düşür, ya yox? O qız mənə həm də azəricə öyrənmək, tərcüməçilik etmək üçün lazımdır. – İvan növbəti çaxır stəkanını dibsiz tuluğa bənzər qarnına tökdü, sözünə davam etdi: – Mən Anadolu türkcəsini öyrənmişdim. İş elə gətirdi ki, institutdan sonra heç işlətmədim, unutdum. Amma indi məşğul olsam tez bərpa eləyərəm.
– Azərbaycan dilinin buna nə dəxli? – deyə Aksana təəccübləndi, sərxoş İvanın nala-mıxa vurduğunu zənn etdi.
– Ax, Aksana, Aksana... Bəyəm bilmirsən, Aysu ilə bülbül kimi ötdüyün dil elə türk dilidir? Bunların arasındakı fərq qərbi ukraynalılarla şərqi ukraynalılar arasındakı dil fərqi qədərdir. Sən indi bu dillə Balkanlardan tutmuş Tyan-Şan dağlarınadək gəzə bilərsən. Bu dil erməni, gürcü dili deyil ha, bir ovuc adam danışsın, özlərindən başqa kimsə öyrənməsin. Türkiyə rəqibimiz də olsa türk dilləri, türk mədəniyyəti çox qədimdir, ərəblərinkindən də qədim.
Yeni bir şey tapmış kimi sevinən Aksana əlini dizinə vurdu:
– Nahaqdan deməyiblər: vek jivi, vek uçis! İşə bax, xəbərim yoxmuş, mən türkcə bilirmişəm. Burdan canımı qurtara bilsəm, tez-tez İstambula reys eləyən xalam qızı ilə gedib əməlli-başlı qazanaram.
– Hə, qaldı sənin bu tupikdən çıxmağına, mən kömək edəcəyəm. Hara getsəm, sizi ana-bala özümlə aparacağam. Burda siz mənim güvənc yerimsiniz. Bilin ki, bununla siz həm də Rusiyaya xidmət eləyirsiniz. Burdan çıxanadək o qız da bizimlə olmalıdır. Bunu şərait tələb eləyir, – deyə İvan ayağa qalxdı, – gecən xeyrə qalsın, – deyib səndələyə-səndələyə otağına sarı getdi. Qapının ağzında ayaq saxlayıb dedi:
– Sabah evdə işləyəcəm, heç yerə getməyəcəm. Soruşan olsa, denən evdə yoxdur...
* * *
Ertəsi gün Aysu yuxudan gec oyandı. Yarım saat yataqdan qalxmadı.O, adəti üzrə səhərlər bu gün nə etməli olduğunu xatırlar, sabah, birisigün nə edəcəyini planlaşdırardı. Amma indi fikirləşə bilmirdi... Onun ixtiyarı öz əlində deyildi... Sabah nədir, heç bu gün başına nə gələcəyini bilmirdi...

Mən gövhərəm, özgələri xiridar,


Məndə deyildir, ixtiyari-bazar...

O, Füzulinin Leylisinin bu beytini xatırlayıb acı-acı gülümsədi...”Mən gövhər olduğumu unutmamalıyam. Özüm öz qiymətimi bilməliyəm”... deyib yataqdan qalxdı. Onu üzüb əldən salan fikirləri özündən uzaqlaşdırmaq, ürək ağrılarını sakitləşdirmək üçün otağın içindəcə səhər gimnastikası etməyə başladı. “Bir, iki... Mən səbirli, dözümlü olmalıyam... Üç, dörd... Bu gündən mən düşmən arxasına düşmüş döyüşçüyəm. Beş, altı...Mən özümü ucuz ölümə təslim etməyəcəyəm...” Sonda o, bir neçə yoq hərəkəti elədi, başı üstündə durdu.


– Aysu, yemək vaxtıdır, çay soyuyur, – deyə Aksana qapını döydü.
Bir anlığa ona elə gəldi ki, həbsxana kamerasındadır, onun səsini eşidən nəzarətçi bayıra çıxmağı əmr edir. “Yox, hər kim olursa-olsun, Aksana pis insan deyil”, – deyə fikirləşən Aysu, “bu saat”, deyib xalatını geyindi, qapını aralayıb yan-yörəyə baxdı, yemək stoluna sarı gedən Aksanadan başqa heç kəs yox idi. O, hamama girib qapını arxadan bağladı.Soyuq su ilə yaxşıca yuyundu, otağına qayıdıb cins şalvarını, üst köynəyini geyindi, Aksananın yanına gəldi:
– Siz nə qədər təravətlisiniz, gözəlsiniz, – deyib onu qucaqladı. Onun bu səmimi hərəkətindən Aksananın gözləri yaşardı, dünən gecə İvanla söhbətini xatırladıqda isə ürəyi ağrıdı. Amma bilmədi o nəticəsiz söhbəti qıza necə çatdırsın. Hər halda səhər yeməyi zamanı onun iştahasını pozmamaq üçün münasib məqamı gözləməyi qərara aldı. Yeməkdən sonra Aysu dözməyib Aksanadan İvanla dünənki mövzuda söhbət eləyib-eləməməsini soruşdu. Aksana söhbətin məğzini yumşaq şəkildə Aysuya çatdırdı:
– İvan deyir ki, səni dəyişmək üçün mütləq ermənilərə verməlidir. Amma səni onlara etibar eləmir. Qorxur ki, sənin başına elə oyun açarlar ki, ömürlük həm mənəvi, həm də fiziki cəhətdən şikəst olarsan.
Aysunun çaş qaldığını, onu tam anlamadığını görən Aksana açıq danışdı:
– Buradakı hərbçilər qızıxıblar. Onlar sənin kimi bir gözəl qızı özləri yorulub doyanadək bir-birinə ötürəcəklər, səni yarımcan eləyib sonra satacaqlar.
Aysunun başına elə bil bir qazan qaynar su tökdülər. O, pörtmüş halda bilmədi nə desin. Doğrudan da bu heç onun ağlına gəlmirdi.
Aksana kövrəlmiş Aysunun saçını sığallayaraq təskinlik verdi:
– Mən şəxsən İvanla razılaşıram. İndiki şəraitdə başqa yol yoxdur, gözəl pərini iblislərin əlinə vermək olmaz. Gözləmək, səbir etmək lazımdır.
Dərindən köksünü ötürən Aysunun dodaqlarından güclə eşidiləcək pıçıltı qopdu: “Nə vaxtacan?!”. Sonra pıçıltısını udaraq, “Dərdliyə təskinlik verməyi, dözümə çağırmağı hamı bacarar. Oğul deyirəm, bu dərdi özün çəkəsən, bu sinə dağına dözəsən. Kotan nə bilir, qayış nə çəkir”, deyə divanın küncünə çəkildi.
Altdan-altdan ona göz qoyan Aksana qızın başını qatmaq, fikrini dağıtmaq üçün dedi:
– Sən məndən cavansan, stolun üstünü yığışdır, birgə nahar yeməyi hazırlayaq. Bu gün İvan evdə işləyir. Ona görə də gərək nahar güclü olsun. Bəlkə sən bir Azərbaycan yeməyi bişirəsən? Sizin yeməklərdən ötrü sinov gedirəm. Çoxdan yemirəm onları. Mənim yaxşı dostlarım vardı, Rafiq, Tofiq... Tez-tez qonaq çağırırdılar... Bəzən plov qazanının ağzını açmamış gətirirdilər mənə...
Bayaq səbirli, dözümlü olmasına söz verməyə baxmayaraq Aysu süstləşdi. O, nəsə eləmək, eşitmək, görmək, yemək, içmək, hətta sevdiyi çiçəkləri belə qoxulamaq istəmirdi. O istəyirdi ki, ona kimsə toxunmasın, otağına çəkilib uzansın, ta ölüm gələnəcən... “Ölüm?!” deyə qız özü öz fikrindən diksindi: “Bəs mənim bətnimdəki balaca Toğrul?” O, yuxusuna elə inanmışdı ki, özünü hamilə sanırdı. Yuxudan başqa o nədənsə, Toğrulla bir-birinin həsrətini çəkdikləri uzun illərdən sonra qovuşub laməkan olmağın nəticəsini yeni bir insanın doğulması ilə labüd, qaçılmaz hesab edirdi...
Aysu həm bu düşüncələrin təsirindən, həm də Aksananın sözünü yerə salmamaq üçün dilinin ucundan asılmış “Aksana xanım, əlim heç nəyə yatmır” sözlərini uddu, bir cüt göz yaşını yanağına axmağa qoymayıb sildi, zorla gülümsəməyə çalışdı... Hörmət elədiyi insanlarla təbəssümlə danışmağı hələ uşaqlıqdan ona atası aşılamışdı...
– Aksana xanım, könlünüzə hansı yeməklər düşüb?
Onun bu sözləri Aksananın çiçəyini çırtlatdı. Aksana pedaqoji institutun “Məktəbəqədər tərbiyə” fakültəsini bitirmişdi, hələ tələbəykən, sonralar isə uşaq bağçasında işləyərkən psixologiya elmi ilə çox maraqlanırdı, kitablar oxuyurdu. İnsanlarla münasibətində oxuduqlarını tətbiq edib faydalanırdı. “Bacardım!.. Onu təzədən apatiyaya düşməyə qoymadım”, deyə fikirləşən bu xeyirxah qadın sevincək Aysunu bağrına basdı:
– Plov da istəyirəm, dolma da.
– Xətrin nə istəyir, bişirərik. Ətiniz varmı?
– Ətdən boluq. Dünən Vanya balaca bir qoyun cəmdəyi gətiribdir. Yəqin yenə ermənilər o tərəfdən qoyun sürüsü-zad oğurlayıblar.
Aksana bu son sözləri deməyinə peşman oldu. Ağlına gəlmədi ki, Aysu həssasdır, bu sözlər onun yadına ermənilərin Azərbaycan kəndlərinə, çöldə qoyun otaran çobanlara hücum eləyib talançılıqla məşğul olmalarını salacaq. Elə də oldu. Altdan-altdan onun sifətinə baxan Aksana qızın rənginin dəyişdiyini sezdi. Amma Aysu özünü tez ələ aldı. Onlar mətbəxə keçdilər.
Ətə baxan Aysu dilləndi:
– Dolma məsələsi asandır. Düyü var, həyətdən tənək yarpağı, boyana yığarıq. Gavalı, yaxud alça qurusu varmı?
– Onlar nə üçün?
– Həm dolmaya vuracağıq, həm də plovun qarasına qatacağıq.
Mətbəxdəki şkafın gözlərini axtaran Aksana sevincək halda dedi:
– Tapdım! Burda qışdan qalma çoxlu meyvə quruları var. Mən onları çox sevirəm. Hər il payızda bazardan alıb qışa saxlayıram. Qənd-zad olmayanda çayı onunla içirəm.
Aysu hamısı bir torbaya yığılmış meyvə qurularına baxdı. Anasını xatırlayıb gözü doldu. Anası belə ərzaq saxlamazdı. O, hər meyvə qurusunu ayrı-ayrı qablara yığıb, səliqə ilə şkafın bir gözünə düzərdi. Aysu torbadakı meyvə qurularına baxa-baxa dedi:
– Gavalı var, ərik var, alça var, bəsimizdir. Onların hərəsindən bir ovuc seçmək lazımdır. Tut qurusu, armud qaxı gərəyimiz deyil. Bəs düyü hardadır?
– Bu saxat, – deyə Aksana düyü torbasını onun qabağına qoydu. Aysu düyüdən yarım ovuc götürüb iylədi, razılıqla dedi:
– Uzun düyüdür, qoxusu yaxşıdır. Zənnimcə pis plov çıxmayacaq.
– Düyü İran düyüsüdür. Bura çerez Yerevan gətiriblər.
– Qaldı ədviyyatı.
– O da var. Vanya Şərq ədviyyatını obajayet. O, cavanlığının çoxunu Şərq ölkələrində keçirmişdir, – deyə Aksana şkafın digər gözündəki kiçik salafan kisəciklərini göstərdi. Aysu bir-bir onları götürüb baxdı: burda sarıkök, mixək, darçın, zəncəfil, cirə və ən mühümü, zəfəran vardı...
Üç saatdan sonra bütün evi iştahagətirən, adamın ağzını sulandıran xoş ətir bürüdü.
– Öd kisəciyim plovu həzm eləmək üçün şirə buraxır. Bu Vanya isə qurtarmaq bilmir, – deyə Aksana köksünü ötürdü.
– Çağırın gəlsin, bəlkə heç onun xəbəri yoxdur ki, yemək hazırdır.
– O, köhnə tülküdür, yəni evi başına almış bu ətir gedib ona çatmır? Çatır, sadəcə olaraq komandanlıqla seansa girəndə işini qurtarmayınca bayıra çıxmır.
– Seans? O nədir elə?
Naqqallıq elədiyini anlayan Aksana barmağını Aysunun dodağına tutub “Sus” dedi, sonra pıçıltı ilə xahiş elədi ki, onunla bu barədə söhbət eləməsini İvan bilməsin. Aysu məsələni başa düşdü. Hələ dünən evin üstündəki antenanı görəndə şübhələnmişdi. İndi anladı ki, İvan otağındakı radiostansiya ilə vaxtaşırı komandanlıqla əlaqəyə girir, buradakı məlumatları onlara ötürür, yeni təlimatlar alır.
– Aksana xanım, mən uşaq-zad deyiləm, arxayın ol, – deyən Aysu canıyananlıq edərək Saşanı plov dəsgahına çağırıb-çağırmayacağını soruşdu. Aksananın cavabı konkret oldu:
– Nə Saşanın, nə də o biri əsgərlərin buraya gəlməyə ixtiyarları yoxdur. Uzaqbaşı ağır yük olanda onlar yuxarı qalxır, qapıdan verib qayıdırlar. Saşanın yeməyini mən birinci mərtəbədə...
Aksananın sözü ağzında qaldı. İvanın otağının qapısı açıldı, o, burnunu çəkə-çəkə qadınlara yaxınlaşdı:
– Boje moy, bu nə qoxu, bu nə ətir. Ac adamı lap bihuş eləyir. Tez olun, nə varsa süfrəyə gətirin, – deyərək Aysu ilə çox ehtiramla görüşdü.
– Bu gün bizə Aysu xanım aşbazlıq eləyib. Ona görə yeməyi də özü çəkəcək, mənciyəz ancaq içki, şərab, göy-göyərti, soğan-sarımsaq məsələlərinə baxıram, – deyə Aksana məlumat verdi.
“Adamın işi düşəndə erməniyə də dayı deyir” atalar məsəli ilə özünə təskinlik verən Aysu mətbəxə keçdi. O, üstünə zəfəran töküb dəmə qoyduğu plovu iri buluda çəkdi, qabın dibində saxladığı dəmlənmiş zəfəran suyunu dən-dən durmuş düyülərin üstünə bir də gəzdirdi, qazanın dibindən qıpqırmızı qazmağı çıxarıb aşın üstünə qoydu. Sonra yağda qızartdığı xuruşu bir qaba, ətlə göyərtidən bişirib hazırladığı səbzini digər qaba yığdı. Aksananı köməyə çağırdı. Aysu buludu, Aksana isə xuruşları götürüb süfrəyə apardılar. Bütün bunları görən İvan gerçəkdən vəcdə gəldi, əlini-əlinə sürtüb, əlüstü yüz qramı içəri aşırdı, sonra:
– Bu lap sultanlara, şahlara layiq plovdur, – dedi.
Aksana ona yarınmaq istədi:
– Sənin şahdan nəyin əskikdir ki!
– Şahın böyük hərəmxanası, ona xidmət edən gözəl cariyələri olur.
– Tək bir Aysu yüz gözəl cariyəyə dəyər.
İvanla Aksananın bu zarafatına qarışmayan Aysu nimçələrə düyü çəkdi, yan tərəflərinə ətli səbzi və xuruş, üstündən də qazmaq qoydu.
– Buyurun, nuş eləyin.
– Bəs sən? – deyə onlar ikisi də birdən soruşdular.
– Siz əsirə lütfkarlıq göstərirsiniz, sağ olun, – deyə Aysu ironiya ilə İvana minnətdarlıq eləyib, özünə də plov çəkdi.
Sonra ortaya yarpaq dolması gəldi. İvan təzə yarpaq, boyana, sarıkök qoxuyan dolmanı içəri ötürüb üzünü Aysuya tutdu:
– Ləzzət!.. Çox sağ ol! Yoxsa qalmışdıq elə borşun, kartoşkanın umuduna.
– İvan Nikolayeviç, biz sizin qulunuzuq. Borcumuzdur sizə qulluq eləyək. Amma borşun öz yeri, plovun öz məqamı var,– deyə Aysu özünü artistliyə qoydu.
– Mən ermənilərin də bişirdiyi dolmanı yemişəm. Yerlə göy qədər fərq var. Amma onlar dolmanı öz adlarına çıxır, öz yeməkləri hesab eləyirlər.
– Bəs siz dolmanı kiminki bilirsiniz?
– Sizin bişirdiyiniz dolmanı yeyəndən sonra qəti qərara gəldim: dolma sizinkidir.
– Siz zarafata yozursunuz. Mən sizə ciddi deyim ki, onlar Qafqazda yaxşı nə varsa erməniləşdirməyə çalışırlar. Bizdə dolmanın çox növləri var: badımcan, pomidor, bibər dolması və s. Yarpaqla kələmdən fərqli olaraq o tərəvəzlərin içini çıxarıb çəkilmiş ət və ədviyyat qarışığı ilə doldurub bişirirlər.Elə bu yeməyin adı da “doldurmaq”, yəni “zapolnit, farşirovat” sözündən alınıb olub dolma. Allah qoysa gələn dəfə sizə badımcan dolması bişirərəm.
– Tamamilə düz deyirsiniz. O söz yadıma gəlir. Mən Moskvada Hərbi Dillər İnstitutunu bitirmişəm. Mənim əsas ixtisas dilim ərəb dilidir.Türk dili ikinci dilimdir. Təəssüf ki, institutdan sonra ancaq ərəb ölkələrində çalışdım, türkcəni işlətmədim. Deməli “dolma” ismi “dolmaq” felindən düzəldilmişdir. Necə ki, bizim ruscadakı “xalva” ərəbcədəki “hilva”, yəni “şirin” sözündən keçmişdir.
Aysu borclu qalmadı:
– Ruscadakı “kazna” ilə “maqazin” sözləri isə ərəbcədəki “xəzinə” sözündən götürülmüşdür.
Dolma ilə plovdan bəsdi deyincə tıxmış Aksana ayağa qalxdı:
– Siz dilçilər elmi diskusiya açdınız, mən qaldım ovsaytda. Gedim mənim Saşamı yedirdim.
O, boşalmış nimçələri yığışdırıb mətbəxə apardı, Saşa üçün çəkdiyi yeməkləri götürüb aşağı düşdü.
– Siz ərəbcə bilirsiniz? – deyə təəccüblənən İvan yerindən dikəldi.
– Həvəskar kimi öyrənmişəm. Mənim atam şərqşünasdır. Siz də şərqşünassınız?
İvan Aysunun sualını zarafata saldı:
Şərqşünas olmayan yerdə, hə, – sonra ciddiləşərək dedi: – Bilirsiniz, “şərqşünas” sözü geniş anlayışdır. Mən Şərq dillərini bilən hərbçiyəm. Dediyim kimi hərbi institutu bitirəndən sonra bir çox ərəb ölkələrində işləmişəm. İndi istəyirəm türkcəni bərpa eləyim. Sizin köməyiniz sayəsində.
– Siz hardan bildiniz ki, mən türkcəyə bələdəm? Mənim mükəmməl bildiyim yeganə dil öz dilimdir. Xatırladım ki, mən jurnalist fakültəsini bitirmişəm.
İvan qımışdı:
– Xanum əfəndi, siz mənə elə öz dilinizi öyrədəcəksiniz, azəri türkcəsini. Mənə danışmaq, anlaşmaq səviyyəsində gərəkdir bu dil. Bundan başqa siz mənim üçün cazibədar, içi sirlərlə dolu, müəmmalı, ağzı bağlı bir xəzinəsiniz. Mən o xəzinənin açarını əldə eləyib içərisinə girmək istəyirəm.
Bu sözlərdən Aysunun heç tükü də tərpənmədi. Sözlərinə məhəl qoyulmadığını görən İvan ciddi görkəm alaraq söhbəti dəyişdi:
– Aysu xanum, yəqin ki, Aksana dünən gecə mənimlə olan söhbəti sizə çatdırıb. İnanın ki, bu məsələni mən təkbaşına həll etmirəm. Nə qədər siz mənimləsiniz, heç bir təhlükə yoxdur. Onlar belə hesab edirlər ki, siz mənim qadınımsınız. Buraya arvadsız gəlmiş zabitlərin bəzisi yerli erməni qadınlarla, bəzisi əsirlərdən seçdikləri qız-qadınla yaşayırlar. Mən sizi özümə tərcüməçi götürdüyümü, sizdən türkcə dərs aldığımı bəyan etmişəm. Yaşadığım bu evi, maşını, evi qoruyan əsgərləri, Aksananı mənə xidmət üçün veriblər. Siz də oldunuz onlardan biri. Əgər mən maşını bəyənməyib qaytarsam, onlar maşından öz istədikləri kimi istifadə edəcəklər. Bu ev də, əsgərlər də onun kimi...
– Axı mən sizin nəyinizə gərəyəm?
– Əvvələn onu deyim ki, siz mənə gərək olduğunuz kimi, mən də sizə gərəyəm. İntəhası hərəmizin öz marağı var. Mən istəyirəm ki, bu çətin şəraitdə sizin təki gözəl, savadlı qızla dostluq eləyim, dərdimi bölüşüm. İkincisi, azəri türkcəsini öyrənim. Üçüncüsü, siz hər gün Azərbaycan televiziya və radiosundan eşitdiyiniz son xəbərlərin xülasəsini hazırlamalısınız. Onu bilin ki, mən artıq bu haqda öz şeflərimə raport vermişəm.
Bu sözləri İvan elə-belə, gəlişigözəl söz kimi demədi. İvan qızın haqqında yuxarıya qısa məlumat vermiş, onu “verbovat” eləmək, gələcəkdə Moskvaya işləməyə hazırlamaq üçün icazə istəmişdi. Girov düşənlər arasında Aysu kimi savadlı, Azərbaycan elitasını hərtərəfli yaxşı tanıyan yox dərəcəsində idi. İvan ümumi maraqla öz şəxsi marağını uzlaşdırmağa, Aysu ilə intim əlaqə yaratmağa da çalışırdı.
– Sizin mənə rəhminiz gəlmirmi? Axı mən burda çox qalsam dərd-qəmdən çürüyərəm?!
– Gözəl qız, müharibə gözlənilməz hadisələrlə doludur. Ümidi kəsmək lazım deyil. Dözmək, münasib məqamı gözləmək gərəkdir. Belə bir imkan düşərsə, sizi sağ-salamat birbaşa Bakıya ötürmək olarsa, mən bunu edəcəyəm. Sonuncu variant mən burdan gedəndə sizi özümlə Rusiyaya aparmaqdır. Ordan haraya getmək öz seçiminizdir...
Aysu gözünü yumub divana söykəndi. İvanın dediklərində müəyyən həqiqətlər olsa da, onları araşdırmaq, təhlil etmək gərəkdi. Bu vəziyyətdə öz-özü ilə qalmağa İvan aman vermədi . O, qızın əlindən tutub qaldırdı. Ayağa duran Aysu əlini onun əlindən çəkdi. Bu kiçik detalı nəzərdən qaçırmayan İvan ürəyində fikirləşdi: “İndi əlini məndən çəkirsən... Vaxt gələr özün məndən dördəlli yapışarsan”. Amma diliylə “yüz fikir bir borcu ödəməz” deyib, onu aynabəndin yuxarı başına apardı, oradakı toz basmış kitab dolabını açıb dedi:
– Burada sizin dilinizdə də, bizim dilimizdə də kitablar var. Bu gündən siz oldunuz bizim kitabxanaçımız, tərcüməçimiz, icmalçımız və müəlliməmiz. Dünən bütün günü ayağımla, gözümlə, qulağımla, bu günsə səhər tezdən başımla və əlimlə işləmişəm... Yorulmuşam, bir az dincəlmək istəyirəm. İki saatdan sonra görüşərik. Ləzzətli nahara, ağıllı söhbətə görə sağ olun.
İvan otağına çəkildi, yazı stolunun yanında radiostansiya yerləşdirilmiş qutunun qapağını örtüb açarla bağladı, stolun üstündəki kağızları sahmana saldı. Komandanlıqdan gəlmiş tapşırığa əsasən dünən o, bütün günü ermənilərin əlindəki Hadrut bölgəsi ilə Azərbaycanın digər rayonları – Cəbrayıl və Füzuli arasındakı döyüş xəttini başdan-başa gəzmişdi. Erməni zabitlərinin də, burda olan rus muzdlularının da raportlarını dinləmişdi. Topladığı məlumatları şifrələyib bu gün səhər göndərmişdi. O, kağızlardakı qeydlərini, aldığı raportları yalnız özünün anlaya biləcəyi rəmzi işarə və rəqəmlərlə qırmızı cildli bloknota köçürdükdən sonra yandırdı...
* * *
Soyunub yatağına girən İvan mürgüləməyə çalışdı. Adətən yaxşı yeyib içəndən sonra yataq onu çağırırdı. Yarım saatdan sonrasa yanındakıları da unudub xorna çəkirdi. Amma indi həmişəkindən çox içsə də yuxu onu aparmırdı və yata bilməməyinin səbəbi kişilərin həmişə arzuladığı gözəl bir surətin yanında olması istəyi deyildi. O, son vaxtlar, xüsusilə buraya gəldikdən sonra nədənsə zərif cinsə ehtiyac duymurdu. Aysunu gördükdən sonra sanki get-gedə öləziyən duyğuları canlanmağa başlamışdı. Lakin indi gözünə yuxu getməməsi Aysuluq deyildi, həmişəkitək dəmlənə bilməməsi idi. “Niyə?” deyə çək-çevir eləyən İvan riyaziyyatdan məsələnin cavabını tapmış uşaq kimi sevindi: “Aha, deməli səbəb yeməkdəymiş!.. Bunların plov və dolmasıyla daha çox araq vurmaq olurmuş...” İvan bütün Yaxın və Orta Şərqi gəzib dolaşmışdı. Amma belə dadlı, ləziz yeməyi birinci dəfə dadırdı. “Dünyadakı bir neçə milyard qadın təkcə zahiri görünüşü, gözəlliyi, bədən əzaları ilə deyil, əl qabiliyyətləri, aşbazlıqları ilə də bir-birindən fərqlənirlər...” Onun gəldiyi qənaət belə oldu. İvan balacagözlü, alçaqboylu Vyetnam qızlarından tutmuş, şümal bədənli, incə, qarabuğdayı Nubiya, kösöv kimi qapqara, iridodaqlı, ətli-canlı Afrika qadınlarınadək çoxlarıyla oturub-durmuşdu. Ərəb qızlarından suriyalılar, misirlilər, Əlcəzairdə isə qeyri-ərəb, antik xalqlara oxşayan yerli tayfaların ağ mərmər bədənli qızları onu heyran etmişdi. Amma bu bir neçə gündə belə qənaətə gəlmişdi ki, gözəllik qürurunda, işvə-nazda onlar Azərbaycan qızlarına çata bilməzlər.
“Ey gidi dünya!.. Vaxt vardı rusların nüfuz sərhədləri Afrikanın ortasından, Hind-Çindən, Latın Amerikasından, Avropanın göbəyindən keçirdi. Hamısından bizi vurub çıxardılar. Sonra başladılar bizi içimizdən sökməyə. On dörd respublikanı, zəngin sərvətləri olan nəhəng əraziləri qopardılar... Bütün bunlar bəs deyilmiş kimi indi də bizi Qafqazdan tamam-kamal çıxarmaq istəyirlər. Yox, Rusiya Qafqazdan getməyəcək!.. Biz Qərbə də, içimizdə olan satqınlara da göstərəcəyik. Rusiyada hakimiyyət biz hərbçilərin əlinə keçməlidir. Yoxsa bu böyük dövləti qayçılayıb doğramaqda davam edəcəklər”, – deyə düşünən İvan hikkəsindən yumruğunu divara vurdu. Dövlətçilik onun qanında idi. Ona nə vermişdisə, dövlət vermişdi. Atasını erkən, on yaşında itirmişdi. O, ziyalı bir adam idi, bir neçə dil bilirdi, ali məktəblərdə tarixdən mühazirə oxuyurdu. Çox içirdi. Bir dəfə tarix kitabını götürüb onun yanına gələn İvanı bağrına basmış, kitabı kənara tullayıb demişdi: “Bu ölkədə tarix yazmırlar, özlərinə gərək olan cəfəngiyyatları quraşdırırlar. Özünə ayrı peşə seç, kişi peşəsi...” Ölüm ayağında İvanı yanına çağırmış, beş yaşlı bacısından muğayat olmağı tapşırmışdı atası...
İvanın anası atasından çox cavan idi. Yasdan heç bir il keçməmiş o, ərə getdi. Daha doğrusu, cavan bir aspirantı evinə saldı. Ucqarlardan olan bu gənc oğlana Moskva qeydiyyatı lazım idi. İvangilin ata-baba evi Moskvanın görkəmli yerində – Arbatın qədim evlərindən birində idi. Onun babası bu evdə yaşamışdı. İvan babasını ancaq şəkillərdə – çar ordusunun, Qızıl Ordunun hərbi mundirlərində görmüşdü.
İvan atasının vəsiyyətlərinə əməl elədi. O, babasının peşəsini seçdi, Suvorov hərbi məktəbinə getdi. Uşağın bu qərarına hamıdan çox anası sevindi. Təzə ərə ketmişdi. Gənc ərinin başına fırlanan anasının əl-qolu açılacaqdı. İvan bütün bunları duyurdu, buna görə də getdikcə anasından soyuyurdu. Heç tətil vaxtlarında da evə gəlməzdi, əgər kiçik bacısı olmasaydı. O,təkcə atasının vəsiyyətini yerinə yetirmirdi, bacısını da çox istəyirdi.
Sonralar yaxşı qazanan vaxtlar bacısına kömək eləyirdi. Elə tatara oxşayan badamıgözlü bacısı tatara da ərə getmişdi, normal yaşayırdılar. İvanınsa ailə sarıdan bəxti gətirmirdi. Birinci dəfə institutu qurtarıb leytenant poqonu taxandan sonra Valya adlı qəşəng bir qızla evlənmişdi. İvanın təyinatını ikinci kursdan sonra 1973-cü ildə bir il təcrübə keçdiyi Dəməşqə verdilər. O, 1973-cü ilin oktyabr müharibəsində hərbi tərcüməçi kimi iştirak etmişdi, kursantikən kiçik leytenant rütbəsi və “İgidliyə görə” medalı almışdı. Oktyabr döyüşləri 1955-ci və 1967-ci il müharibələrindən sonra ərəblərlə İsrail arasında ən böyük savaş idi.
O, gənc arvadını da özü ilə Dəməşqə aparmışdı. Arvadı hələ uşaq istəmirdi, heç İvan da təkid etmirdi. Arvadı İvanın qazandıqlarını Dəməşqin bahalı rayonu olan Salihiyyənin qızıl və paltar mağazalarında qoyurdu. İvan özünü bütünlüklə işə vermişdi. O, birinci dəfə qədim Şam diyarına gələndə İsrail-Suriya cəbhəsində Colan yüksəkliklərinin ətəyində mövqe tutmuş 7-ci diviziyada tərcüməçilik etmişdi. İkinci gəlişində isə onu təcrübəsinə, yerli dialekti yaxşı bilməsinə görə “Əmiriyyə” adlandırılan Hərbi Hava Qüvvələri qərargahına tərcüməçi göndərmişdilər. Elə o zamanlar 70-ci illərin ortasında Livanda dəhşətli müharibələr başlandı. Cənnət kimi gözəl olan bu ölkəni, cənubdan hücum edən İsrail ordusu, içəridənsə yerli xristian ərəblərlə burada məskunlaşmış Fələstin və yerli müsəlman ərəblərin arasındakı döyüşlər viran qoydu. İvana əsas işi ilə yanaşı Daşnaksütyun partiyasının yerli üzvləri ilə hərbi kəşfiyyat idarəsinin əməkdaşları arasında tərcüməçilik etmək həvalə olunmuşdu. Buradakı ermənilər 1915-ci ildə Birinci Dünya Savaşı zamanı Osmanlı dövlətinin şimalında üsyana qalxıb, arxa cəbhə açdıqları üçün imperiyanın içərisinə köçürülənlərdən idilər. Maraqlı burası idi ki, uşaqdan tutmuş böyüyədək onların hamısı ərəbcə, ermənicə bilsələr də evdə, işdə türkcə danışırdılar.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin