Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə19/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
Görəsən, kimdir göylərdən enmiş bu nur?
Bu sualı düşünər-düşünməz cavabı hansı bir qüvvə tərəfindənsə yaddaşında əks olundu:
“O, analıq rəmzi, analıq misalı olan Müqəddəs Anadır... Cənnət anaların ayaqları altındadır demiş Məhəmməd peyğəmbərimiz (s) ...”
ipək qiyafədə olan, sifətindən nur yağan Müqəddəs Ana dərd içində çırpınan qıza şəfqətlə baxdı:
“Sənin hələ göylərə uçmaq vaxtın yetişməyib.”
O bunu dodaqları tərpənmədən, səssiz-sözsüz bildirdi... Aysu baş verən dəhşətlərə işarə vuraraq yalvarmaq istədi, səsi çıxmadı. Amma Müqəddəs Ana qızın fikirlərini oxuyub, işıqlı baxışlarıyla ona təskinlik verdi:
“Görürük, bilirik Allahın iradəsi ilə sən və sənin kimilərinin dünyaya gətirməli olduqları oğullar bu haqsızlığa, zülmə son qoya biləcəklər. Yaxşı bax, içəriləri fitnə-fəsad xəstəliyi ilə dolu olan bu məxluqlar Şeytanın insan cildinə saldığı övladlarıdır. Onlar dünyanın hər yerinə, bütün xalqların içərisinə yayılıblar.”
Aysu aşağıda insanların başını kəsən, uşaqları süngüyə keçirən, qızları, qadınları doğmalarının gözləri qarşısında zorlayaraq vəhşi qəhqəhə çəkən məxluqlara nifrətlə baxdı. Onların sifətlərində hiylə və məkr oynayır, gözləri qan hərisliyi ilə yanırdı.
“Sənin mənəviyyatın təmizdir. Bunu Allah da bilir, onun səni istəyib sevən bəndələri də... Bu dəli dünyanı da, vətənini də sənin kimi təmiz anaların doğduqları övladlar xilas edəcəklər!..”
Bayaqkı sözlərini bir daha təkrarlayan Müqəddəs Ana qeybə çəkildi...
Aysu onun üzünə bircə dəfə baxa bildi. Gözlərində dərin analıq sevgi və qayğısı, xeyirxahlıq olan Müqəddəs Ana elə bu bir baxışıyla Aysuya sakitlik, inam bəxş etdi... O göylərdən yerə qayıtdı. Endiyi yerdə heyvanabənzər məxluqlar yoxa çıxmışdı...
Aysu günortadan xeyli keçmiş oyandı. Gördüyü yuxunun təsiri altında bir neçə dəqiqə yerində key qaldı.
“Mən Müqəddəs Ananın tövsiyəsinə əməl etməliyəm...Bu dünyanı düzəldəcək, vəhşiliklə, zorakılıqla çarpışacaq oğullardan birini dünyaya gətirməliyəm...” deyə fikirləşdi. Bu duyğu onun özünə gəlməsinə kömək etdi, uzun illər xəstəsi kimi yataqdan heysiz qalxdı. “Sən özünü ələ almalısan, gələcək naminə hər şeyə tab gətirməlisən, sınmamalısan”, deyə pıçıldayaraq geyindi, hamama keçib yaxşıca yuyunmağa başladı. Divanın üstündə mürgü vuran Aksana qapının cırıltısına oyandı. Aysunun şok vəziyyətdən çıxmasına sevinərək onun yanına gəldi, yuyunub qurulanmış qızı nahar stoluna dəvət eləyib dedi:
– Tez gəl, sənə təzə xəbər deyəcəyəm.
– Yaxşı, indi gəlirəm, – deyə zəif səslə cavab verən Aysu otağına keçdi, on dəqiqə boyun-baş hissəsində qan dövranını, tənəffüs sistemini yaxşılaşdıran bir neçə yoq hərəkəti elədi, hələ gərgin olan əsəblərini sakitləşdirməyə çalışdı. Qismən buna nail oldu.”Görəsən Aksana mənə təzə nə söyləyəcək?” fikri ilə onun yanına yönəldi.
Aksananın yaxşı xüsusiyyətlərini tərəzinin bir gözünə, nöqsanlarını isə o biri gözünə qoysaydılar, birincisi ağır gələrdi. Onun müsbət cəhətlərindən biri doğrucul və səmimi olması idi. İndi o, Aysunu yenidən stol başında görməsinə hədsiz dərəcədə sevindi, gözləri yaşarmış halda:
– Xoş gəldin. Sən olub keçəni unutmalısan. İndi sənə verəcəyim yeməkləri yeməlisən. Yalnız bundan sonra sənə bir hərbi sirr açacağam.
– Yox, əvvəl de, sonra yeyim, – deyə Aysu da istər-istəməz onun yarızarafat, yarıciddi danışıq tərzinə qoşuldu.
– Deməzsən aldatdım! Keçal suya getməz.
Onun bu yerlərdə çox işlənən atalar deyimini özünəməxsus tərzdə tələffüz etməsi Aysunun dodağını qaçırdı və onun süzdüyü kompotu içdi, təzə kartof qızartmasını qabağına çəkdi. İndi anladı ki, ac imiş... Lakin tez doydu. Bir stəkan çay içib üzünü Aksanaya tutdu:
– Hə, nə deyəcəkdin mənə?
– Səhər-səhər çıxmışdım bazara. Burda kimi görsəm yaxşıdır? Mayor Alyoşa Krotovu. O burada, Hadrutda yerləşmiş sərhəd komandanlığında mühüm zabitlərdən biriydi. Sovet hökuməti dağılandan sonra burdan getmişdilər. Onların əsas işi İranla sərhədi qorumaq idi. İndisə qayıdıb. Onunla görüşdük, öpüşdük, girdik yeməkxanaya, bir şüşə çaxır sifariş verib oturduq. Bu Alyoşa hələ o vaxtlar mənə göz verib işıq vermirdi. Onun xoşuna gəlirdim. İndi də deyir ki, heç dəyişməmişəm.
Hövsələsi daralan Aysu üzünə təbəssüm verməyə çalışıb onun sözünü kəsdi:
– Sənin hərbi sirrin elə bu imiş?
– Səbrin olsun, qoy bir az ötən günləri xatırlayaq də!.. Hə, ondan sordum ki, Alyoşa, xeyir ola yenidən buraya qayıtmaqda? O da naqqallıq eləyib dedi ki, rayonu yaxşı tanıyan mütəxəssis zabit kimi onu buraya ezam ediblər. Ola bilsin ki, özü geri qayıtmayacaq, onun hərbi hissəsi buraya dönəcək. Dedim ki, necə axı? Söylədi ki,”Hadrutdan çıxarılan bizim hərbi hissə dağılmayıb, necə var eləcə də Krasnodar vilayətində dayanıbdır. Gözləyirik görək, yenidən nə vaxt Azərbaycan-İran sərhədinə qaytaracaqlar”. Hə, indi bildin bu nə deməkdir? Tezliklə döyüşlər qızışacaq. Mən “Döyüşlər qızışsa, Azərbaycan təyyarələri Hadrutu bombalayacaqmı?” soruşduqda nə cavab versə yaxşıdır? “Onların ordusunda bizim adamlar var, qoymazlar...”
Aysu daha onu eşitmirdi. Bu xəbərdən sustaldı. İxtiyarsız olaraq dodaqları altında pıçıldadı: “Deməli, müharibə təzədən alovlanacaq”.
Qız özünü o yerə qoymadı:
– Deyirəm, bizimkilər buranı alsa necə olar?
Aksana çiyinlərini çəkdi.
– Mənim üçün fərqi yoxdur. Yeganə istəyim burdan çıxa bilməkdir... Amma inanmıram. Sizdə vəziyyət çox qarışıqdır. Bir-birlərinin üstünə yaman düşüblər.
– Sən bunu hardan bilirsən?
– A... a!.. Bakı televiziyası hər gün bar-bar bağırır ki!.. Hərbçilər sizin babanı divara qısnamaq istəyirlər.
– Eh, heç dünəndən televizora baxmıram, xülasə-zad hazırlamıram. Sənə yaxındır, zəhmət olmasa, onu qoş.
– Bu dəqiqə, – deyə Aksana televizorun düyməsini basdı.
Ekranda doğma Bakını gördükdə, həmişəki kimi onun sinəsindən bir ah qopdu. Yaxşı xəbərlər eşitməsə də doğma yerləri gördükcə, tanış səsləri eşitdikcə təskinlik tapırdı... Yox, hələ dünyanın axırı deyildi. Azərbaycan yaşayır, azadlığını qoruyub saxlamaq üçün çarpışırdı. Aksana da Bakıya maraqla baxır, anlamadığı sözləri, başa düşmədiyi məsələləri ondan soruşurdu. Hakimiyyəti tam əlinə almış Heydər Əliyevin Gəncədə qiyam qaldırmış Surət Hüseynovu baş nazir təyin etməsini eşidən Aksana:
– Deyəsən, dostlaşırlar, hə?!. – deyə Aysudan soruşdu.
– Yox, mən inanmıram. Bu, “dostluq” deyil. Heydər Əliyevin manevridir. Başqa çarə yoxdur, Surətin sərəncamında müəyyən güc var. Onların səviyyələri, şəxsiyyətləri arasındakı fərq yerlə göy qədərdir. Bu “dostluğun” tarixi çox qısa olacaq.
– Nə danışırsan? Surətin arxasında o boyda Rusiya durur.
– Səninlə mərc qoşa bilərəm.
– Deyirlər, iki mərc qoşandan biri idiotdur, o birisi axmaq. İdiot bilir mərc qoşur, axmaq bilmir mərc gəlir.
Aysunun dodağı qaçdı:
– İndi onlardan sən hansısan, mən hansıyam?
– Mən həyatda idiot olmamışam. Çalışıram ki, axmaq vəziyyətinə də düşməyim, – deyə Aksana köksünü ötürdü, sonra sözünün gerisini gətirdi: – Sən də elə mənim kimisən, əlindən pislik gələnə oxşamırsan. Odur ki, mərcləşməsək yaxşıdır.
Aksananın sözləri cavabsız qaldı. İndi Aysunu düşündürən qarşıdakı fəlakətlər idi. Televizordan verilən xəbərlər göstərirdi ki, ölkənin vəziyyəti ağırdır.
Prezident Əbülfəz Elçibəy gözlənilmədən paytaxtı tərk etmiş, doğulduğu ucqar kəndə sığınmışdır. Ölkənin idarəsini Heydər Əliyev öz üzərinə götürmüşdür. Başqa dövlətlərə qulluq eləyən satqınlar ölkəni parçalamaq planını həyata keçirmək üçün əldən-ayaqdan gedirdilər. Cənubda Astaradan Salyana qədər “Talış-Muğan Respublikası” yaratmış Əlikram Hümbətov, Moskvaya arxalanan keçmiş müdafiə naziri Rəhim Qazıyev açıqdan-açığa Heydər Əliyevi silahla hədələyir, baş nazir Surət Hüseynova daha yüksək səlahiyyətlər verilməsini tələb edirdilər. Orduda da parçalanma yaranmışdı. Xalq Cəbhəsinin batalyonları, Surət Hüseynovun muzdluları və yeni ölkə başçısını müdafiə eləyən qüvvələr qarşı-qarşıya durmuşdular.
* * *
Gerçəkdən, başının üstündə qara buludlar oynaşan Azərbaycanın düşmənləri üçün çox əlverişli durum yaranmışdı. Əslində, şimala da, cənuba da meydan oxuyaraq öz varlığını təsdiqləyən Azərbaycanın müstəqil bir dövlət olmasını istəməyənlər özləri bu durumu yaratmışdılar. Tarixin verdiyi belə fürsətlərdən həmişə istifadə etmiş erməni ideoloqları növbəti torpaq parçasını udmağa hazırlaşırdı... Qarabağın baş şəhəri Şuşa, onun Ermənistanla sərhədlənən Laçın və Kəlbəcər bölgələri qonşu dövlətlərin köməyi ilə işğal etdirilsə də ipə-sapa yatmayan Azərbaycanı diz çökdürə bilmədiklərini görən düşmənlər başqa plan hazırlayırdılar. Bu plan Düzən Qarabağı da Kürlə Arazın qovuşduğu yerlərədək işğal etmək idi. Onlar hesab edirdilər ki, bununla ya Azərbaycan adlı dövlətin torpaqlarını şimal, qərb və cənubdakı üç dövlət arasında bölüşdürüb yox edəcək, ya da onu yoluşdurub, özlərindən asılı hala salaraq, oyuncaq bir ölkəyə çevirəcəklər. Onları ən çox qorxudan müstəqil Azərbaycanın Avropa dövlətləri və ABŞ-la, onların neft şirkətləri ilə əlaqəyə girmək cəhdləri idi. Və bu cəhdlər reallaşmaq üzrəydi. Neçə müddət idi Böyük Britaniyanın iri neft şirkətləri Bakı ilə açıq-gizli danışıqlar aparırdı... Dünya dövlətlərinin marağı çox əlverişli coğrafi-siyasi mövqeyə malik olan Azərbaycanda çarpazlaşırdı. Buradan üç səmtə qapılar açılırdı: Qərb dünyasından Şimali Qafqaza, şərqdə Əfqanıstan və Çin sərhədlərinədək uzanan Orta Asiya və Türküstana, cənubda İrana açıla biləcək qapılar burada – Azərbaycanda idi. Osmanlı imperiyasının dağılmasından sonra Qərbin bu zəngin regiona girməsinin qarşısını Sovet-Rusiya imperiyası kəsmişdi. Ulu Tanrı Azərbaycandan tutmuş Çinədək bu qədim türk torpaqlarının həm üstündə, həm də altında böyük nemətlər vermişdi... XX yüzillikdə dünya şirkətlərinin suda batmayan, odda yanmayan ekspertləri burunlarını hər yerə soxmuş, Amerikanın, Afrikanın, uzaq Avstraliyanın cəngəlliklərindən tutmuş savannalarınadək ələk-vələk eləmiş, buradakı yeraltı, yerüstü sərvətləri dünyaya açmışdılar. Belə təsəvvür yaranırdı ki, ikinci minilliyin sonuna dünyada axtarış aparmağa daha xam yer qalmamışdır. Lakin böyük ərazini əhatə edən Xəzər regionunun – Azərbaycanın, Qərbi Qazaxıstanın, Türkmənistanın, lap o yana Özbəkistanın, Qazaxıstanın şərqinin neft, qaz, qızıl və digər minerallarla zəngin yataqları hələ işlənməmiş qalırdı... Yüksək texnologiyaya, böyük sərmayəyə malik olan dünyanın iri şirkətləri hələ bura girməmişdilər. Səbəbsə bir idi: Rusiya imperiyası onları bu regiona yaxın buraxmırdı. O sərvətlərin istismarı üçünsə özünün nə ən yeni texnologiyası, nə də pulu vardı. Rusiya nə özü yeyə bilirdi, nə də başqasını qoymurdu yesin...
Belə-belə məsələlərlə bağlı ruslar özləri də lətifə qoşmuşdular: Ər evə qayıdanda arvadının yatağında başqa kişini görüb onunla tutaşır. Oynaş güclü olduğu üçün kişini yıxıb şillələyir. Arvad isə deyir: “Vur köpək oğlunu, nə özü bir şey eləyə bilir, nə də başqasını qoyur...”.
SSRİ dağıldıqdan sonra hiyləgər və varlı Avropa bu regionu yavaş-yavaş öz qarmağına keçirməyə, Rusiyanın ağzından çıxmış yağlı tikəni götürməyə çalışırdı. Öz məqsədinə çatmaq üçün Avropa toplumunun qurduğu planlardan ən birincisi “Yol siyasəti” idi: Avropadan Çin səddinə qədər işləyəcək yol!.. Bunun üçün də tarixə əl atdılar, öz ideyalarını tarixi gerçəkliklə arqumentləşdirdilər: Qədim İpək yolunu bərpa etmək!.. Dünyanın yeddi möcüzəsindən biri olan Böyük Çin səddindən Qərbə doğru – sinəsində möcüzələr gizlədən Türküstandan, Orta Asiyadan, Xəzərdən, Cənubi Qafqazdan keçib Qara dənizə çıxan yol!.. Bunu reallaşdırmaq üçün artıq geniş maliyyə qaynaqları olan xüsusi qurum yaradılırdı... Azərbaycandan nümunə götürən Qazaxıstan gələcək neftini, Özbəkistan pambığını bu yolla Qərb bazarına çıxarmağı planlaşdırırdı. Cini təzədən butulkaya salmağa – əldən verdiklərini geri qaytarmağa çalışan Rusiya Qərbin bu planlarına hər vəchlə mane olmağa çalışırdı.
Moskvanın çox diqqətlə seçib vəzifəyə qoyduğu, ancaq mərkəzdən gələn göstərişləri yerinə yetirməyə öyrəşmiş Azərbaycan partokratlarından fərqli olaraq, erməni ideoloqları Qərblə Rusiya arasındakı bu çarpışmanı öncədən proqnozlaşdırmışdılar. İndi onlar hədəflərinə çatmaq üçün hər iki tərəfdən faydalanırdılar, azəri türklərinin dədə-baba torpaqlarını kənd-kənd, bölgə-bölgə işğal edirdilər. Ermənilərə dəstək aldıqları Qərbdən, Şimal və Cənubdan başqa, Azərbaycanın özündən də kömək edirdilər... Hakimiyyət davasına çıxaraq “Milli İstiqlal”, “Sosial Demokrat”, “Millət, Azadlıq”, “Yeniləşmiş Azərbaycan”, “Bütöv Vətən” – deyə qışqıranlardan düşmən dəyirmanına su tökənlər az deyildi... Kimisi bilərəkdən, kimisi bilməyərəkdən... Torpaqlar müdafiəsiz qalmışdı... Hərbi hissələrdə yerləşdirilmiş Gəncə qiyamçıları yalnız öz başçılarının əmrini yerinə yetirirdilər. Cəbhə bölgələrinə göndərilmiş “Gəncə batalyonları” kəndlərdəki evləri talamaqla məşğul idilər. Müxtəlif siyasi partiyaların yaratdığı batalyonlar döyüş mövqeyindən geri çəkilir, əsgərlər fərarilik edirdilər. Komandanlığı üzərinə götürən, xalqı səfərbər edib, əsgərləri döyüşə aparan başçı gərək idi... Döyüşkən əsgərlər olsa da, ordu yox dərəcəsində idi. Bəli, belə bir durumda Rusiyanın Yerevandakı bazalarından gətirilmiş hərbi dəstələrin yardımı ilə erməni qoşunları Hadrut, Füzuli, Cəbrayıl istiqamətlərində hücuma keçdilər.
Həmin gün – 15 avqust səhəri Aysu Hadrutdan şimal-şərqdə yerləşən Məlikcan yüksəkliklərindən atılan mərmilərin vıyıltısına, topların boğuq guppultusuna yuxudan oyandı. Tələsik geyinib, indi yeganə həmdəmi olan Aksananın yanına cumdu. O, aynabənddən İvanın köhnə durbini ilə raket və top mərmilərinin uçduğu Balyat dağlarına, tankların üzüaşağı hücuma keçdiyi Qozludərənin qalan kəndlərinə tərəf baxırdı.
– Aksana xanım, nə baş verir, bu nə gülləbarandır? – deyə o, səksəkə ilə soruşdu. Durbini gözündən çəkən Aksana təmkinini pozmadan dedi:
– Ermənilər Füzuli, Cəbrayıl bölgələrinə hücuma keçiblər, özü də bir neçə istiqamətdən.
– Bir neçə istiqamətdən? Sən bunu hardan bilirsən?
– İvan dedi. O, gecəyarısı gəldi, obaşdan getdi. Mənə dedi ki hücum başlayacaq, amma narahat olmayın, sizi heç bir təhlükə gözləmir. Hadruta bir güllə də atılmayacaq... Belə vaxtlarda İvanın işi çoxalır, üzünü görmək olmur. Öz aramızdır, iki daşın arasında səni soruşdu. Səhhətinlə, əhval-ruhiyyənlə maraqlandı. Dedi, neçə gündür görmürəm, darıxmışam. Az qala gecəyarısı səni durquzacaqdı. Qoymadım, dedim, o gecəki ley-peydən hələ də özünü pis hiss eləyir. Ağlın bizə getməsin, qız içkiyə öyrənməyibdir.Tay başqa şey demədim.
Aysu istədi onu saxlasın, açıqlatsın ona “tay başqa şey” deməklə o nəyi nəzərdə tutur? Bəlkə, İvan, əclaf ona nəsə deyib? Kişilər özlərinə şər atmağı xoşlayırlar. Amma dinmədi, onun sözlərini cavabsız buraxdı. Qız özünü unutmuşdu, həsrət və təşviş dolu baxışlarını Qozludərə tərəfə döndərdi.
– İstəyirsən, götür bax, – deyə Aksana durbini ona uzatdı.
Bu təklif Aysunun ürəyindən oldu. O, durbini gözlərinə yaxınlaşdırıb cənub-şərqə tərəf baxmağa başladı. Balyat dağları, Qaraquzey aydın görünürdü. Bu dağlara sığınmış kəndlərdə nələr baş verdiyi bilinmirdi... Bir azdan o dağların arxasından tüstü sütunları qalxmağa başladı.
“Evlər yanır... Ax, qaniçənlər, sizi görüm öz qanınızda boğulasınız” – deyə pıçıltıyla qarğıyan Aysu özündən asılı olmayaraq Azərbaycan ordusunun rəhbərləri qarasına deyinməyə başladı: “Namussuzlar, vəzifə, pul düşkünləri... Atın də, siz də atın. Döndərin tankların, qradların ağzını bu Hadruta!.. Yox, torpaqları satıblar. İvan deyirsə ki, qorxmayın, bura atmayacaqlar, məsələ məlumdur...”
Aysu durbini kənara qoyub halsız halda kresloya çökdü... Başını qovzayıb gözlərini yumdu... Qəlbi sızıldayırdı. Dolmuş ürəyi boşalmaq istəyirdi. Aksananı yaxın sansa da bu məqamda özünü sındırmadı, içindən gələn hönkürtünü uddu... Göz yaşı bəbəkləri önünə pərdə çəkdi... Kipriklərini qaldırdıqda isti damlalar yanaqları ilə yuvarlanıb əlinə düşdü. Yox, özünü saxlaya bilməyəcəkdi... Üzünü Aksanaya tutub əzgin səslə dedi:
-Məni bağışla, başım ağrıdı, uzanmaq istəyirəm.
-Düz eləyirsən. Sənə tez-tez dincəlmək gərəkdir. Yorulanda, kefin pozulanda , belə məqamlardan sonra həmişə uzan, çalış bir az mürgülə. Kömək eləyimmi?– deyə Aksana onun qolundan tutmaq istədi.
-Özüm gedərəm, sağ olun,– deyə Aysu gülümsəməyə çalışdı. Amma sifətinə yalançı gülüş ifadəsi də verə bilmədi. O, məharətli artist deyildi...
Otağına girən kimi qapının cəftəsini vurdu, hönkürtüylə üzüquylu çarpayıya düşdü... Yuxusu çin çıxmışdı... Gözəl-gözəl obaların, kəndlərin, şəhərlərin yandırılıb dağıdılmasını, yağmalanmasını, həmvətənlərinin öz ev-eşiyindən didərgin düşməsini təsəvvürünə gətirdikcə göz yaşları sellənirdi... Biçarə qız dodaqları altında ağı deyib tək-tənha ağlaşma qurmuşdu... Səsinə səs verən yoxudu...

Eləmi, mən pərişan,


Halım yoxdu danışam.
Varmı bir mənim kimi,
Dərdi dərdə qarışan?!

Eləmi, olmaz-olmaz,


Qisas da yerdə qalmaz.
Qürrələnmə, ey düşmən,
Bu hayıf səndə qalmaz.

Dilinə gələn bu bayatı azacıq da olsa ona təskinlik verib sakitləşdirdi, özünü ələ almağa kömək elədi.


“Bu qan yerdə qalmayacaq, bu hayıf alınacaq!..” deyə pıçıldayan Aysu göz yaşını sildi, durmağa tənbəllik eləyib qrafindəki suyla dəsmalını isladıb gözünün üstə qoydu. Əsəbləri bir az sakitləşdi. Özünə təskinlik verməyə başladı...
“Özünü ələ al, qız!.. Dünyanın axırı deyil, ha!.. Faşistlər bütün Avropanı tutmuşdular. Axırı nə oldu? Bunların da sonu gələcək. Dünya hələ bunların faşistliyini tanımır, çox məharətlə maskalanıblar... Gec-tez maska yırtılacaq... Yox, o maskanın nə vaxt yırtılacağını gözləmək olmaz... Onu bizlər yırtmalıyıq... Onların qabağını saxlayıb dərs vermək üçün ordu gərəkdir... Ölümün gözünə dik baxan oğullar gərəkdir... Yoxsa üç tərəfdən– qərbdən, şimaldan, cənubdan məngənə kimi sıxıb axırına çıxacaqlar bu dövlətin də, bu xalqın da... İyirminci ildəki kimi... İndi lap pis olacaq. Onlara torpaq lazımdır. insansız, altı-üstü zəngin torpaqlar... Siyasi-coğrafi önəmə malik olan müstəqil Azərbaycan onlara sərf eləmir... Ümid ancaq Heydər Əliyevədir, bir də Azərbaycan əsgərinə... Atam deyərdi ki, o, çox güclü siyasətçidir. Siyasətdə şeytanı da suya susuz aparıb, susuz gətirər. Kaş, bu xalqın oğullarını bir araya gətirib, düşmən üstünə səfərbər edə biləydi... Xalq bunu gözləyir. Azərbaycan əsgərinə komanda verən gərəkdir”.
Bu düşüncələr içində çarpışan Aysu qələmini götürüb ürəyindəkiləri kağıza boşaltdı...Növbəti esseni yazdı.

Qoymayın bu xalqı sınmağa!.. Qaraçılaşmağa!..

Ən böyük yoxsulluq yurdsuzluq, faciələr faciəsi – Vətənsizlikdir, torpaqsızlıqdır, cavan əsgər! Vətəni düşmənlərə təslim etmişlərin nəsilləri babalarının xətalarını düzəltməyincə, olmazın əzablara, təhqirlərə düçar olacaqlar.
İndi bütün dünyaya səpələnmiş qaraçıların da bir vaxtlar uzaq Hind-Çində vətəni varmış. Onlar torpaqlarını qoruya bilməmiş, qonşu düşmən tayfa ilə savaşda basılmış, qırılanı qırılmış, qalanları vətənlərindən dərbədər olmuşlar.
Qoymayın xalq qaraçılaşsın! Qoymayın millət sınsın!..
Qoymayın bu məmləkəti parçalayıb xalqı yurdsuzlaşdırsınlar, övladlarını qaraçılaşdırsınlar, Vətən oğlu!... Biz Azərbaycandan bir addım da kənara gedə bilmərik. Vətəni, torpağı qoyub getmək ölümdən betərdir...
Yox, bu məğrur xalq qaraçılaşa bilməz! Sınar, əyilməz!...
Səni qaraçı ilə müqayisə etdiyimə görə bağışla məni, xalqım!...

Qələmi yerə qoyub, fikrə daldı. Ürəyindən qəribə bir duyğu keçdi! Bəlkə bu sözləri naməlum əsgərə deyil, bətnində gəzdirdiyi körpəyə deyir? Kaş, belə olaydı... Bu savaş hələ çox çəkəcək, bu xəmir hələ çox su aparacaq. Oğullar doğub böyütmək lazımdır bu xalqa!


Bircə o məlum gecə təkrar olmayaydı. İvanın birinci hücumunun qarşısını ala bildi. Amma Aksana bir söz işlətdi: İvan inadkardır, istədiyinə nail olur... Görəsən, bu ona dərs olmadımı?! Aysu endirəcəkdi bıçağı, İvana da, özünə də, əgər o irəli yerisəydi... Qız İvanın ona çılpaq baxmasını, qucaqlayıb öpməsini özünə bağışlaya bilmirdi, onda da ola... Yox, namusu tapdalandıqdan sonra Aysu yaşaya bilməzdi. İvan bunu dərk etməlidir...

Qarabağın sinəsinə qara dağ çəkildi



15 avqust qocaman Balyat kəndinin tarixinə qara hərflərlə yazılan bir gün oldu... Səhər-səhər bunu hələ heç kəs bilmirdi. Heç kimin ağlına gəlmirdi ki, bu gün son gündür.
Yetmiş beş yaşlı Famil müəllim əzbərdən bildiyi son üç yüz illik ailə şəcərəsinin yaşadığı bu kənddən ömrünün bu sinnində didərgin düşəcəyini təsəvvürünə belə gətirməzdi...
On yaşlı Aysel bilmirdi ki, ən fərəhli, xoşbəxt, atalı günlərinə elə bu səhər nöqtə qoyulacaq...
İki yaşlı Xurşud isə xoşbəxt idi...Bu faciəni anlamırdı...
Qaratelsə bu günün onun həyatında əbədi acı xatirəyə çevriləcəyini bilmirdi. Tibb bacısı diplomu alıb kəndə dönmüş qız heç vaxt bu səhərki kimi dik yoxuşu birnəfəsə qalxıb, Turafxanuçan dağının döşündən pıqqıldayan bulaqdan su gətirməmişdi... Bu gün axşam ona elçi gələcəkdi...
Səhər obaşdan qoyun-quzunu güneydə Navincir adlanan gədiyə ötürdükdən sonra eyvanda oturub çay içən Oruc müəllim bilə bilməzdi ki, bu anlar ailəsi ilə birgə oturduğu son saatın dəqiqələri gedir... Son kərə arvadının süzdüyü çayı içir... Bir azdan onun öz alın təri ilə min zəhmətlə tikdiyi ev, həyətindəki yüzillik armud ağacları, bu il caladığı gənc meyvə tingləri gülləbaran ediləcəkdir...
Peyğəmbərimiz Məhəmməd bin Abdulla Sallallah Aleyhissələm buyurmuşdur: İnsanlar çox elmlənəcəklər. Amma onlar nə vaxt öləcəklərini bilə bilməyəcəklər...
Həmin səhər heç kim onu nə gözlədiyini , kimin ölüb kimin qalacağını bilə bilməzdi...
Səhər yeməyi vaxtı çoxunun əli süfrəyə uzadılı qaldı. Dağların arxasından uçub gələn mərmilərin, raketlərin partıltısı mışıl-mışıl yatan körpələri diksindirib oyandırdı. Son zamanlar bir neçə dəfə kəndi atəşə tutmuşdular. Amma bir-iki nəfərdən savayı heç kim ev-eşiyindən çıxmamışdı. Bugünkü gülləbaran o qədər güclü idi ki, camaatı dəhşətə gətirib ev-eşiyindən çıxardı... İnsanlar ev paltarlarında kəndin atəş tutmayan küçələrinə axışıb dağın dibi ilə üzüaşağı axışmağa başladı... Çoxunun süd qazanı ocaqda qaldı... İnəyi başı çatılı, iti boynu zəncirli qaldı...
Məlikcandan atılan mərmilər Oruc müəllimgilin də məhləsini – kəndin “Allahverdi dağı” adlanan yüksəkliyinin döşündəki evləri döyürdü. Oruc müəllim tələm-tələsik altı aylıq Asimanı, səkkiz yaşlı Şövqünü anaları ilə bərabər evinin onca metrliyindəki güllə tutmayan dərənin dibi ilə gedən cığıra ötürdü... Axırda özü də onların arxasınca aşağı endikdə, dərindən nəfəs aldı. Bir neçə addım atmışdılar ki, zəncirdə bağlı qalmış itin zingildəyib ulaması onu saxladı.
– Siz qaçın, məni gözləməyin. Yazıqdır, iti, tövlədəki inəyi açım buraxım... Tez gedin, mən sizə çataram... – deyə qucağındakı oğlunu yerə qoyub on beş yaşlı qızına onun əlindən tutmasını, südəmər körpəsini bağrına basıb irəlidə gedən anasının dalınca yüyürməsini tapşırdı... O, yoxuşu birnəfəsə çıxdı, birinci özünü tövlədə böyürən inəyin yanına saldı, onun kəndirini açdı... Bu gülləbarandan hürkərək gözləri iriləşmiş inək üzüaşağı götürüldü... Onu yanında görən Alabaş isə sevindiyindən yazıq-yazıq zingildədi... Oruc müəllim “Qorxma, səni bağlı qoyub getmərəm,” – deyib itin boynundakı xaltadan zənciri açdı... Daha onun hara getməsinin fərqinə varmayıb dərəyə sarı tələsdi... Gülləbaran şiddətlənirdi... Heyhat, doqqazdan çıxmamış həyətə düşən “qrad” mərmisi onu haqladı... Qəlpə başından dəymişdi... Ölümcül yara isti olduğu üçün o, hələ ağrını hiss etmədi, cib dəsmalını çıxarıb üstünə basa bildi... Və ancaq bir neçə addım atmağa gücü çatdı...
Dağlardan enib əhalinin dalınca geri çəkilən əsgərlərin diqqətini onlara tərəf ulayıb zingildəyən, yerində fırlanan itin qəribə hərəkətləri cəlb etdi. Dönüb baxdılar, qanına qəltan olmuş Oruc müəllimi görcək yaxınlaşdılar. Boynunun şah damarı qırılmış, fışqıran qanı saxlamağa çalışan, həyatı boyu insanlara ancaq yaxşılıq etmiş bu gözəl insan ömrünün əlli səkkiz yaşında can verirdi... Əsgərlərin yaxınlaşmasını görcək onun sifəti işıqlandı, dodaqlarında solğun bir gülüş oynadı...
– Yaxşı ki, balalarımı vaxtında çıxardım, yoxsa... – deyə pıçıldaya bildi, sözünün dalısını gətirməyə gücü çatmadığı üçün gözü ilə yanan evinə işarə eləyib xırıldadı, əzab qarışıq sevinc ifadəsi sifətində dondu, başı köksünə düşdü.
Oruc müəllimin bu həyatda son sevinci balalarını vaxtında atəş altından çıxara bilməsi oldu... Əsgərlər onun cəsədini götürüb artıq kənddən çıxmış qohumlarına çatdırdılar...

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin