Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə22/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
Bir azdan onun xorultusu aynabəndi başına götürdü...
Bayaqdan çarpayıda uzanmış Aysununsa gözünə yuxu getmirdi. O da İvanla əlaqələri haqda düşünürdü... Bayaq həkimin uşağın atasının İvan olmasını zənn etməsi Aysunun ağlına başqa şey salmışdı. Ətrafdakıların belə düşünməsi onun xeyrinə idi. Belə olduqda, uşağını dünyaya sağ-salamat gətirə bilərdi. Onun yuxusu çin çıxmışdı, hamilə olmağı təsdiqlənmişdi. Bundan sonra nəyin bahasına olursa-olsun körpəsini yaşatmalıydı, onun uğrunda bütün əzablara dözməliydi...
Öz həyatını məhv olmuş sayan Aysu körpəsini dünyaya gətirdikdən, onu sağ-salamat doğmalarına çatdırdıqdan sonra ömrünü başa çatmış sanardı... Çünki o, bundan sonra necə yaşayacağını təsəvvürünə gətirə bilmirdi. Əsirlikdən qurtulub qayıtmaq ona müyəssər olsa el arasına necə çıxacaqdı? Tanıyanlar, tanımayanlar onu göstərib deyəcəkdilər: filankəsin qızıdır, yazıq, erməni əsirliyində olub, başına itin oyununu açıblar... Bunlar bir yana, bəs Toğrulun üzünə necə baxacaqdı? Başına gələn müsibətlərin hamısını ona danışacaqdı, namusunu qoruduğuna, ismətini saxladığına and içəcəkdi... Toğrul o böyük səhvə yol verdikdən, neçə müddət Moskvada başqası ilə bir yastığa baş qoyduqdan sonra Aysu onu bağışlamışdı.. Yəqin bilirdi, öz varlığı kimi inanırdı ki, Toğrul əsirlik həyatının qaranlıq səhifələrini açmayacaqdı... Heç vaxt bu mövzuya toxunmayacaqdı... Məsələ Toğrulluq deyildi. Aysu taleyi ilə barışıb yaşaya bilsə belə ömrü boyu ərinin, atasının, oğlunun gözünün içinə dik baxa bilməyəcəkdi. Ona elə gəlirdi ki, bu şübhə ləkəsi hər birinin ürəyində qalacaqdı. Aysu onu yalnız bircə şeylə yuya bilərdi... Özünün yoxluğu ilə... Vaxtsız ölümlə... Buna görə də hesab eləyirdi ki, ömrünün sonuna az qalıbdır... “Elə böcəklər var ki, ömürləri bircə gündür. Səhər doğulur, günorta nəsil verir, axşam ölürlər... Mən də xallı bir kəpənək kimi nəsil verib bu dünyayla vidalaşacam. Mənimki bu qədərmiş, burayacanmış... Yox!.. Yox!.. Burada yox...” – deyə biçarə qız lal düşüncələrdən ayrılıb dodaqları altında pıçıldadı... Yadına bir bayatı düşdü:

Əzizim, dağlar səni,


Qar yağar, saxlar səni.
Can vermə yad içində,
Kimlərin ağlar səni?!
Bu bayatılarda bir hikmət var. Adam öz-özünə deyəndə də yüngülləşir...

Əziziyəm, çarxı nə,


Qəm suyunun arxı nə?
Fələk məni kələftək
Dolandırdı çarxına.

Və sonra balıq susuz yaşaya bilmədiyi kimi yenidən özünü fikir dəryasına atdı... Bir vaxtlar Şah İsmayıl haqqında oxuduğu kitabda bir məsələ ona anlaşılmaz qalmışdı. Şah arvadının hərəkəti ona yalnız indi çatırdı...


...Çaldıran döyüşündə Osmanlı qoşunları Şah İsmayılın arvadını əsir götürürlər. O, vəziyyəti belə görcək tez qulluqçusu ilə paltarını dəyişib deyir: “Mən istəmirəm Şah İsmayılın arvadı Topqapı hərəmxanasına düşsün, Sultan mənim Şahıma tənə eləyib gözdağı versin. Sənin üçünsə fərqi yoxdur. Şah arvadı bilib təmtəraqla qarşılayacaqlar...” Elə də olur, xidmətçini Şah əyalı kimi qəbul eləyirlər, xanımı isə xidmətçi bilib azad edirlər. O isə buraxıldıqdan sonra əsirlikdə olmuş bir qadın kimi Şah İsmayılın adına ləkə gətirməmək üçün saraya qayıtmır, müəmmalı şəkildə yoxa çıxır.
Bütün bunları xatırlayan Aysu istər-istəməz “Mən də ilim-ilim itəcəyəm” – deyə pıçıldadı, gözləri tavana dirənmiş halda bir neçə dəqiqə lam qaldı, sonra qalxdı:
“Yox, mən çox uzağa gedirəm... Bütün bunlar sonra, sonra... İndi yaşamaq, körpəmi dünyaya gətirmək haqqında düşünməliyəm...” – deyə özü öz üstünə qışqıraraq otağın içində gəzişməyə başladı.
Divanda mürgüləyən Aksana onun səsinə diksinib oyandı, yarıyuxulu özünü Aysunun otağına saldı, həyəcanla soruşdu:
– Aysu, əzizim, sənə nə olub? Məni yaman qorxuzdun, yuxudan dik atıldım. Niyə qışqırırdın?
– Özümü çox pis hiss edirəm, Aksanacan. Bağrım çatlayır. Mümkünsə, düşək bir az aşağıda gəzişək...
Onlar yorulanacan həyətdə gəzişdilər. Aysu təmiz dağ havasını ciyərlərinə çəkib dərindən nəfəs alırdı. O, asta-asta yeriyən Aksanadan üzr istəyib yüyürməyə başladı, evin başına bir neçə dövrə vurdu. Gəzinti öz təsirini göstərdi, qız bir qədər gümrahlaşdı.
Postda dayanmış erməni əsgəri vəhşi hərisliklə onlara baxırdı...
Gəzintidən sonra Aysu yüngül şam edərək otağına çəkildi. İvan yenə gecəyarısı gəldi.
– Qız hamilədir, – deyə Aksana əlüstü ona məlumat verdi.
– Necə, necə? – deyə şama təzəcə başlamış İvan çeçədi.
– Bəli, hamilə olubdur. Çünki, bukvalno son günlər başlayıb arıqlamağa, turş şeylər istəməyə. Əvvəllər təkcə hirsindən, hikkəsindən öyüyürdüsə, indi taksikozdan tez-tez ürəyi qalxır. Neyniyək, abort haqqında onunla danışımmı?
Özünü itirən İvan kəkələdi:
– Abort?.. Bunun mənə nə dəxli?.. Yox... Hə... Axı, o bizim himayəmizdədir... Nə deyim, özü bilər. İndi döyüşlərin getdiyi bir vaxtda mən beynimi belə şeylərlə məşğul eləyə bilmərəm.
Doğrudan da İvanın başını qaşımağa macalı yox idi. Amma bu xəbər eşitdiyi andan onun beynini didməyə başladı. Yeməyini yeyib yatağına uzandıqdan sonra xeyli yata bilmədi. Yaddaşını qurdalaya-qurdalaya fikirləşdi: bu uşaq hardan çıxdı? Bəyəm, o, qızla əlaqədə olmuşdu? Güc-bəla ilə Aysunun otağına getməyini, özünü onun yatağına salmağını birtəhər xatırlayırdı... Amma sonrakı hərəkətlər ona dumanlı qalırdı... Bir də bunu aydın xatırlayırdı ki, onu itələyib, yerindən sıçrayan qız əlində bərq vuran yekə bıçaqla dayanmışdı. Soyuq silahın üşütməsi, qızın “dayan, irəli gəlsən səni də, özümü də doğrayacağam!” deməsi onu ayıltmışdı... Qızın həm ona, həm də özünə xətər yetirməsindən ehtiyatlanaraq sakitcə sivişib qapıdan çıxmışdı... Bəs bu uşaq necə əmələ gəlmişdi? Bəlkə aralarında bir şey olub, çox dəmləşdiyi üçün yadında qalmayıb? Heç bunu da xatırlamırdı ki, həmin anlar bir şeyə qadir olan haldaydı, ya yox?! Həmin gecədən sonra Aysunun onunla kinli davranması, qarşılaşmaqdan qaçması şübhələrini artırırdı. Onunla oturub bu mövzuda söhbət etməsi müşkül məsələydi. Amma gec-tez bu söhbət olmalıydı. Aralarında bir şey olmuşdumu? Uşaq ondan idimi? Belə olsaydı, qürur duyardı ki, hələ kişiliyini itirməyibdir, uşaq düzəldə bilir. Bunun, onu dolayaraq “impotento” deyən erməni zabitlərə tərs şillə olacağını düşünən İvanın sifətini məmnunluq ifadəsi bürüdü. Digər tərəfdən də fikirləşdi ki, görəsən, qızın hamiləliyi onun karyerasına nə dərəcədə təsir göstərə bilər?.. Sonra özünə təskinlik verərək gülümsədi: Əşi, dövran o dövran deyil, burda nə partkom var, nə də komandir. Uzaqbaşı söz-sözə gəlsə deyə bilər ki, uşaq ondan deyil, vəssalam. Birdən uşaqdan sonra Aysunun ona münasibəti dəyişdi? Onu uşağın atası kimi qəbul elədi və İvan da mehrini uşağa saldı... Bəs onda nə olsun? Uzaqbaşı arvadını boşayar. Onsuz da ayrılmış kimidilər. Şərqdə bir məsəl var, atalar üçdən deyib. Onunku polkovnik rütbəsi alanacandı. Generala onsuz da çatmayacaqdı...
Bu fikir beynində qərar tutdu, sakitləşdi, gecədən xeyli keçmiş yuxuya getdi... Bir də obaşdan ayıldı. Gecikdiyi üçün tələsik geyinib evdən çıxdı...
* * *
Qapının taqqıltısına, həyətdən çıxan maşının səsinə oyanan Aysunun gözünə daha yuxu getmədi. O qalxdı, hamam otağına girib çıxdıqdan sonra əli dinc durmadı, acıqca İvana vururmuş kimi onun otağının qapısına bir yumruq ilişdirdi. Qapı taybatay açıldıqda özünü itirdi, bir addım geri çəkildi. “İvandan çıxmayan iş... Görünür, tələsdiyi üçün qapını bağlamağı unudub. Qoy girib baxım, görüm saatlarla neynir o burda” – deyə fikirləşən Aysu marağını boğa bilməyib içəri keçdi, baxışları ilə otağı dolandı. Yığılmamış çarpayı, paltar dolabı, kreslo, qarşısında kiçik jurnal stolu, yazı stolu, digər stolda ağzıbağlı radiostansiya... Aysunu stolun üstündəki kitabçalar, şagird dəftərlərindəki yazılar maraqlandırdı. Kitabçalar radiostansiyanın təlimatları idi. Dəftərlərin birində cürbəcür rəqəmlər, işarələr, sözlər yazılmışdı. “Görünür, şifrlərdir” – deyə fikirləşən Aysu üzərində “6721 khc tezliklə işləyən radioşəbəkə və şərti işarələr” olan ikinci dəftəri açdı. Bundan bir şey anlamaq olurdu. Qulağı səsdə olan qız qapıdan aynabəndə sarı boylandı. Kimsə yox idi. “Axı səhərin gözü açılmamış bura kim gələcək? İvan getmiş, Aksana da xorna çəkir. Arxayınca baxa bilərəm”, deyən Aysu kürsünü çəkib oturdu, dəftərdəkiləri oxumağa başladı...

“QSM-7” Ermənistanın Vardanis rayonunda yerləşmiş


qərargah radiostansiyası;
“Uraqan – 17” Kəlbəcərdə yerləşən radiostansiya; bütün
əmrləri rus dilindən erməni dilinə və ək-
sinə tərcümə edib ötürən rabitə rəisinin
radiostansiyası;
“Uraqan-1” əməliyyatda iştirak edən səyyar radiostansiya;
“Kaskad-22” əməliyyatda iştirak edən səyyar radiostansiya;
“Manuşak-10” əməliyyatda iştirak edən səyyar radiostansiya;
“Leo-13” əməliyyatda iştirak edən səyyar radiostansiya.

Erməni və rus dillərini yaxşı bilən yüksək vəzifəli hərbi mütəxəssislərin çağırış siqnalları: “Martunik”, “Qarik-02”, “Qurgen”, “Vartan”, “Saşa-22”, “Sergey”, “Artaş”.

“Dub” ölənlər
“Osina” yaralılar
“Xariton” azərbaycanlılar
“Zelennıye” Azərbaycan ordusunun əsgərləri
“Nojka-1” kişilər
“Nojka-2” qadınlar
“Nojka-3” uşaqlar
“Nojka-4” qocalar
“Bolşaya derevnya” Kəlbəcər
“Malenkiye sosedi” Qarabağ erməniləri
“Rıbı” zirehli texnika
“Semeçki” patronlar
“Qolub” vertolyot, təyyarə

Bunları oxuduqdan sonra ikinci başlığa keçdi. Burada Kəlbəcər alındıqdan sonra erməni hərbçilərinin bir-birilə danışığı yazılmışdı. “Bütün bunların üzünü köçürmək lazımdır” – deyən Aysu stolun üstündəki ağ kağızlara dəymədi, kağız-qələm üçün öz otağına keçdi. Geri qayıdarkən bir daha aynabəndə, pəncərədən həyətə baxdı. Sakitlik idi. Tam arxayın olduqdan sonra dəftərdəki şərti işarələrin üzünü köçürdü, aparıb otağında gizlətdi. Bir daha aynabənddə gəzişdi. Aksana hələ oyanmamışdı. Yenidən İvanın otağına girdi, erməni hərbçilərinin bir-birilə telefon danışıqlarının qısa məğzini də köçürməyə başladı. İşini bitirdikdən sonra hər şeyi necə vardısa eləcə yerinə qoydu. Heç bir iz qoymadığına əmin olub öz otağına qayıtdı, qapını arxadan bağlayıb yatağına girdi. Qiymətli bir xəzinə tapıbmış kimi sevindi.


Yazdıqlarını bir daha nəzərdən keçirdi, onların mənasını yəqinləşdirməyə başladı. Bu yazılardan görünürdü ki, İvan ermənilərin əməliyyatlarının hamısına, onların ruslardan gizli saxladıqları məsələlərə də nəzarət eləyib izləyir.
O, yazda Kəlbəcərin işğalından sonra ermənilərin telefonla danışıqlarının rusca mətnini bir daha oxudu:

6 aprel 1993-cü il, saat 13.00

– “Uraqan”, mən “QSM-7”-yəm. “Kiçik xalq”, məni eşidirsənmi?
– Eşidirəm.
– O biri “Uraqan”lardan da soruş, nə qədər “Dub” və “Osina”, “Xariton” varsa hamısını tam surətdə yox etmək lazımdır. Əmri qəbul etdinmi?
– Bəli, etdim.
– Hamıya çatdır, ancaq qapalı mətnlə, qoy hamısı əmri icra etsin.
– Bizdə iki “Osina” var. “Qolub” gözləyirik.
– Gözləməyin. Sabah sizə qonaqlar gələcək, səlib yürüşü olacaq. Onlar “Xariton”larla görüşmək istəyirlər. Təcili “Vartan”a, “Qarik-02”-yə, “Qurgen”ə, “Manuşak”lara çatdırın. Bütün “Dub”ları gizlətsinlər. “Xaritonlar”ı da “Dub”lara çevirsinlər. Hamısını on metr dərinlikdə torpağa basdırsınlar. Eşitdinmi?
– Sizi eşitdim, “QSM-7”. Bəs “Nojka”ları neyniyək? Onlar çoxdur.
– “Uraqan”, qanmaz, dedim ki, bütün “Xariton”ları. Heç nəyə baxmayın. “Nojka” birləri, ikiləri, üçləri, hamısını “Dub”lara çevirib, yoldan-irizdən uzaq yerdə başıaşağı torpağa... Aydındırmı?
– Aydındır.
– Qonaqların heç biri “Xariton”, “Dub” görməməlidir. Hamısını buxarlandırmaq gərəkdir. Məni eşitdinmi? Təkrar elə!
– “Uraqan” “QSM-7”-nin əmrini qəbul etdi.
– Yaxşı, əmrin icrasını ləngitmədən mənə xəbər verərsən.

7 aprel 1993-cü il, saat 08.20



– “Uraqan”, dünənki əmrin icrası haqqında təcili məlumat ver! Rəhbərlik cavab gözləyir.
– Dünən “QSM-7”-yə məlumat verilib.
– Yenə təkrar elə, qonaqlar artıq sizə tərəf yola düşüblər.
– Anladım. Məlumatı təkrar edirəm. Bizdə olan bütün “Xariton”ları içərilərində hər növ “Nojka”lar olmaqla doğrayıb “Dub”a çevirdilər. Köhnəli, təzəli bütün “Dub”lar əlçatmaz yerdədirlər...
Şərti işarələrin mənasını bildirən sözləri bu mətnlərdə yerinə qoyan Aysunun gözləri yaşardı. Deməli, Qırmızı Xaçın əməkdaşları Kəlbəcərə gəlməzdən qabaq ermənilər “Xariton”ları – girov və əsirləri “Dub”lara çeviriblər, yəni qırıb-çatıb gözdənuzaq yerdə basdırıblar. “Bunları öz dilimizə çevirib şifrələməliyəm. Yoxsa ələ keçə bilər”, deyən Aysu əvvəlcə rəmzi adları, şərti işarələri əzbərlədi, sonra onları gündəlik yazırmış kimi təbiətdən bəhs edən, ancaq özünə məlum bir yazıya çevirdi. Daha sonra köçürdüyü rusca mətnləri yandırdı. Birdən ağlına gəldi ki, gündəliyini ala bilərlər, yaxud onu itirər. Odur ki, otağındakı kitablardan Füzulinin “Qəzəllər”ini seçdi, uydurduğu mətni mündəricatdan sonrakı ağ səhifələrə köçürdü... Yalnız bundan sonra rahat nəfəs aldı, yenidən yatağına girib gözlərini yumdu... Kaş, bu materialları isti-isti Bakıya ötürə biləydi... Yox, nə qədər burda əsir idi, mümkün deyildi... Aysu bu materialları Toğrula verməsini, sevgilisinin heyrət qarışıq sevinclə həmişəkitək “Sən gözəl olduğun qədər də ağıllısan” deyərək onu qucaqlayıb öpməsini xəyalına gətirdikdə qəhərləndi... Vücudunu acı bir həsrət, öldürücü tənhalıq sardı, ixtiyarsız olaraq göz yaşları gilələndi... Əvvəlcə sakitcə axan muncuq-muncuq gilələr damcıladı, özü ilə hönkürtü gətirdi, selləndi. Aysu ağlayırdı, tək öz gününə yox, Ərturla Narçiçək üçün ağlayırdı... Ortada qalmış meyidi erməni əsgərləri tərəfindən təhqir olunan Durna nənəsi üçün ağlayırdı... Gözü yaşlı qalmış ata-anasının necə dərd çəkməsini eyninə gətirib ağlayırdı... Qırılıb meşələrdə basdırılmış, izi-tozu da qalmamış həm vətənləri üçün azlayırdı... Ürəyini boşaltdıqdan sonra keçirdiyi iztirab və sarsıntılarını yarımçıq qalmış esseyə əlavə etdi...
– Ey Böyük Tanrı! Bu qədər zülmü nəyə görə bizə verirsən? Günahımız bu qədərmi böyükdür sənin qarşında? Nədir sənin günah ölçün? Niyə xəbis zalımlara imkan verirsən ki, məzlumların, zəiflərin qanını içsinlər? Nə idi axı mənim günahım? Kimə pislik etmişdim? Öz günahsız bəndənə niyə bu qədər zülm edirsən? Cəhənnəmi ona bu dünyadamı göstərirsən? Bu kainat qədər, sonsuzluq qədər böyük sirrindən bircə qırnıq aç bəndələrinə, bilək, axı nədir bizim günahımız? Böyük balıqlar kiçik balıqları udmalıdır, güclü gücsüzü əzməlidir... Budurmu sənin ədalət qanunun? Bu zülmlər altda bərkiyib biz dəmi zalıma çevrilməliyik!? Qanımızı axıdıb, axıdıb sonda biz dəmi qan içməyə başlamalıyıq? Budurmu sənin fəlsəfən, ey Böyük Yaradan!?
Bu yerdə şerlərini çox sevdiyi Vaqif Bayatlının misraları yaddaşından dilinə axdı. Misraları pıçıldadıqca o yüngülləşirdi, sanki qəlbindəki ağrı-acıları boşalırdı:
Şükür, İlahi, şükür,
Min ildi, milyon ildi
Bağlayıb yollarımı
Bir-birinin ucuna
Gəlib çatdım axırı
Sənin dar ağacına.
Kəndirin dartıldıqca
Boynum dincəlir, Allah!
Boynum dincələn görüb
Tez vururlar boynumu,
Çiynim dincəlir, Allah.

Çarpayıdan qalxıb üzü qibləyə diz çökərək hönkürtü ilə Ulu Tanrıya üsyan qaldırmış Aysunu Aksananın həyəcanlı səsi dayandırdı. O, özünə gələrək pıçıltı ilə “Əstəğfürullah!” deyərək üzrxahlıq elədi: “Keç günahımdan, Böyük Bağışlayan!” Sonra durub qapını açdı.


Səhər yeməyi hazırlamaq üçün yuxarı qalxmış Aksana ərkyana ona acıqlandı:
– Ay qız, sən məni infarkt edəcəksən. Yenə nə ağlaşma qurubsan?
– Allaha şikayətlənirdim, Aksanacan. Deyirdim, axı nədir mənim günahım? Niyə məni bu günə saldın?
– Eh, ay qız, hamı ona yalvarır, qaçan da, qovan da... Heç bir faydası yoxdur. Onun öz qanunları, riyazi hesablamaları var. Mənciyəz ancaq özümə güvənirəm, Allahın mənə verdiyi taleylə barışıb yaşayıram. Vaxtilə çox yalvardıqdan sonra bu qənaətə gəlmişəm.
Bu yerdə yenə şairin misraları qızın qəlbinə axdı:

Divarın qoynuna sığınan oğlan,


dua edən çoxdu, Allahsa təkdi.
Dua etmə daha, dua oxuma.
bu dualara da kömək gərəkdi.
uçub getmir daha,
gücləri çatmır.
elə buralarda qalır dualar.
Çatsa da Allaha, Allah da baxmır,
diz çökdüyü yerdə ölür dualar.

Öz aləminə qapılmış Aysuya fikir verməyən Aksana üyüdüb tökürdü:


– Onun mənə verdiyi ömrü kefim necə istəyir, elə də yaşamağa çalışıram. Bir şərtlə, insanlara pisliyim dəyməsin. Mən insanlara gücüm çatan yaxşılığı eləyirəm, bundan xoşum gəlir. Mənim üçün onların dininin, dilinin, rənginin fərqi yoxdur, ələlxüsus da sovet adamlarının, – deyə Aksana onun qolundan tutub yemək stoluna sarı apardı.
– Yaxşı, bizimlə ermənilər arasında bir fərq görürsünüzmü? – deyə Aysu yarızarafat soruşdu.
– Görürəm, əlbəttə... Siz gicsiniz, onlar bic. Onların qarnı altda nələr yatır, bir özləri bilir, bir də keşişləri. Onlar cilddən-cildə girməyi bacarırlar. İşləri səndən aşanda ayaqların altda palaza dönürlər. Vay o gündən ki, sən onlardan asılı olasan... Yaman kinlidirlər. Sizdə tamam əksinədir. Sənə demişəm axı, mən Hadrutda yaşasam da ən çox sizinkilərlə oturub durmuşam. Ermənilərlə bir dinə qulluq etsək də, nədənsə, ruhən sizinkilərlə yaxın olmuşam. Sizinkilərdən fərqim bundadır ki, donuz əti yeyirəm, şərab içirəm, istədiyim kişi ilə oturub dururam, – deyə Aksana şaqqıldadı.
Aysu çiyinlərini çəkib onun sözlərini cavabsız buraxdı. Aksana bunun fərqinə varmadı, ona çay süzüb çəkinə-çəkinə soruşdu:
– Aysucan, indi nə fikirləşirsən, uşağı saxlayacaqsan, yoxsa tələf etmək istəyirsən?
Aysu gözlənilməz sualdan alındı, nə deyəcəyini bilmədi. Handan-hana dilləndi:
– Heç bilmirəm neyniyim. Eşitdiyimə görə, birinci uşağın tələfi zor işdir... Nəticəsi pis olur...
Aysu xətrini istədiyi adamla qeyri-səmimi olduğu üçün qızardı. Amma nə etməli, hər şeyi açıb ona deməyəcəkdi ki!.. Ən azı ona görə ki, Aksanaya İvan daha yaxın idi...
– Doğru buyurursan, birincini abort eləmək ağır nəticələr verə bilər, bəziləri ömürlük uşaq üzünə həsrət qalırlar. Sənin vəziyyətində qərar qəbul eləmək çox böyük güc və cəsarət tələb eləyir.
– Başımı itirmişəm. Siz nə məsləhət görürsünüz? İvanın bundan xəbəri varmı? Onun fikri nədir?
– Şəxsən mənim üçün isti-soyuğu yoxdur. İvan da işdən halidir. Sözündən belə çıxdı ki, hər şey sənin özündən asılıdır.
– Aksanacan , bizim fikirləşməyə vaxtımız varmı?
– Çox az...
– Onda qoy düşünüm-daşınım, özümü hazırlayım. Mənim üçün bu çox ağırdır.
– Səni başa düşürəm. Qoy sinirlərin sakitləşsin. İndi yeməyini ye, çayını da soyutma.
Səhər yeməyi vaxtı daha danışmadılar, hərəsi öz fikri ilə məşğul idi. Bu gün bir iş görmüş olduğunu hesab eləyən Aysu özündən razı idi, əhvalı yaxşılaşmışdı, ağlayıb ürəyini boşaltmışdı. O fikirləşirdi ki, bundan sonra düşmənin fəaliyyəti haqqında eşitdiklərini, müşahidələrini qeyd eləsin, inşallah geri dönərsə, əliboş getməsin. Bu məlumatlar həm Toğrulgilə, həm də ona silsilə məqalələr yazmaq üçün lazım ola bilərdi. Bəzi məlumatları almaqdan ötrü, gərək İvanla münasibətlərini sərtləşdirməsin, müəyyən məsafə saxlamaqla barışa getsin.

Araz qana boyandı...



İvan Qafqazın kiçik bir dərəsində otursa da regionda baş verən olaylar ona məlum idi. Aldığı qısa tapşırıqlar, xəbərlər vəziyyətdən onu hali edirdi. Çünki o, imperiya maşınının şüurlu bir hissəciyi idi. Bu imperiyanı saxlayanları on minlərlə baş, beyin hesab eləsək, onlardan biri Hadrutda oturmuşdu. O, Moskva kanallarından başqa, VVS, Röyter, Amerikanın səsi, Azadlıq, Saut əl– Arab kanallarının informasiyalarını da dinləyirdi. Bununla dünyanın necə nəfəs almasını, xəstə Rusiyanın nəbzinin necə vurmasını müəyyən eləyə bilirdi... Bu günlərsə təkcə Moskvanın yox, bütün dünyanın diqqəti, onun üstündə gəzdiyi bu torpaqlarda baş verənlərə yönəlmişdi. Rus qoşunlarını öz torpaqlarından qovub çıxarmış Azərbaycan siyasi-coğrafi mövqeyinə, təbii sərvətlərinə görə böyük dövlətlərin böyük maraq obyektinə çevrilmişdi. Xəzər neftinin qoxusu İngiltərə, ABŞ, Norveç və s. ölkələrin şirkətlərini buraya çəkirdi... Arı şirəyə gələr... Amma bu şirəyə milçəklər də cumurdular... Rusiya neft şirəsinə gələnləri yaxına buraxmaq istəmirdi...
İnsan itiyinin qədrini sonra bilir... Nəyi itirdiyini sonradan dərk edən Rusiya necə olursa-olsun Azərbaycandakı mövqelərini qaytarmaq istəyirdi. Hələlik, regionda söz sahibi o idi...
İvanın gecə-gündüzü yoxudu. Burada baş verən olayları yuxarı ötürməyə güclə vaxtı çatırdı. Qubadlı tamam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının çox hissəsi alınmışdı. Bütün strateji yüksəkliklər ermənilərin əlində idi. İranla sərhəd boyu ensiz zolağın tutulması haqqında əmr gözləyirdilər. Azərbaycan ordusu dağılmış vəziyyətdə idi. Xalq Cəbhəsinin batalyonları buraxılmışdı. Yerdə qalan hissələr baş nazir təyin edilmiş Surət Hüseynovun əlində idi. O, digər güc nazirliklərini də tam təsir altına almağa çalışırdı. Milli Təhlükəsizlik naziri də onların adamı təyin edilmişdi. Lakin İvan siyasi hakimiyyəti əlinə almış Heydər Əliyevdən baş aça bilmirdi. O, addımbaşı Rusiya ilə əlaqələri korlamış Xalq Cəbhəsi hakimiyyətini tənqid atəşinə tutsa da, MDB-yə girməyin vacibliyini iddia eləsə də, rus qoşunlarının, sərhədçilərinin geri qayıtmasına izn verməyə tələsmirdi, nə “hə”, nə də “yox” deyirdi. İvan yaxşı bilirdi, rus iqtidarı bu ensiz zolağı saxlamışdı ki, gənc dövləti qorxudub təzyiq göstərsin: əgər rus qoşunları qayıtmasa, bu torpaqlar tamam əldən çıxacaq... Kəşfiyyat xəbər gətirdikdə ki, Heydər Əliyev rus qoşunlarının geri qayıtmasına qəti yol verməyəcək, vaxt qazanmaqla Qərbdə özünə havadar tapmaq istəyir, məsələ aydın oldu. Aydın oldu ki, Baba uşaq-muşağın tayı deyil, bununla onu qorxutmaq mümkün olmayacaq. Odur ki, Moskvadan ermənilərin hücumu davam etdirməsinə icazə verdilər... Artıq ilk qələbələrin əldə edilməsində– dörd rayon mərkəzinin alınaraq Azərbaycan hərbi hissələrinin pərən-pərən salınmasında əsas qüvvə olmuş rus qoşunları, demək olar ki, öz işini bitirib rahat nəfəs almaqda idi...
... Oktyabrın axırlarında birləşmiş erməni qoşunları Zəngilana, Cəbrayıl və Füzuli rayonlarının Arazboyu kəndlərinə hücuma keçdilər. Əslində, bu kəndlərin sakinləri və “bəlkə” ümidi ilə buraya sığınmış yuxarı kəndlərin camaatı müdafiəsiz qalmışdılar. 4-5 kilometrlik eni olan bu zolağı almaq üçün elə də bir gücə ehtiyac yox idi. Heç bir maneə görməyən, qan dadmış siçovullar kimi erməni əsgərləri daha da sırtıqlaşıb, vəhşiləşmişdilər. Horadiz qəsəbəsini tutduqdan sonra çıxış yolu olmayan dinc əhalini qırıb çatır, ölülü-dirili payızda suyu çoxalmış Arazın soyuq sularına tökürdülər...
Qoşunların İran sərhədinə çatması, erməni əsgərlərinin İran sərhədçiləri ilə üz-üzə dayanması xəbərini alan İvan da rahat nəfəs aldı. Onu mükafat gözləyirdi... Döyüşlərin bu mərhələsi bitmişdi. Ermənilərin planında Kürlə Arazın qovuşduğu ərazilərədək bütün Qarabağı tutmaq olsa da hücum dayandırılacaqdı. Hər şeydən əvvəl tutulan yerlərdə möhkəmlənmək, hadisələrin necə inkişaf etməsini gözləmək gərək idi.
Yolun açıq olduğunu, heç bir təhlükə gözlənmədiyini yəqinləşdirən İvan İran sərhədinə getmək, bu tarixi məqamları yaşamaq, rəislərinə ətraflı, dəqiq məlumat vermək, hər şeyi – Arazı, sərhədi, çayın o tayını öz gözü ilə görmək istəyirdi...
– İrəli, İran sərhədinə tərəf sür, – deyə o, BTR-in sükanı arxasında oturmuş əsgərə əmr elədi. Bir azdan maşın üzüaşağı şütüməyə başladı.
– Serjant, sən hardansan?
– Tambovdanam, yoldaş podpolkovnik.
– Aha, demək sən Tambov canavarısan, ona görə belə cəsarətlə, saymazyana sürürsən. Ehtiyatlı ol, yola nabələdsən.
– Oldu!
Onlar qarşıdakı döngəni burulduqda yolun kənarında dayanmış UAZ-ın sərnişinləri əl elədilər. İvan maşının nömrəsindən bildi ki, özününkülərdir, daha doğrusu Hadrut maşınıdır. Odur ki, sürücüyə saxlamağı əmr elədi. UAZ-ın sürücüsü onlara yaxınlaşdı. İvanın yanındakı digər əsgər başını çölə çıxardıqda BTR-dəkilərin ruslar olduğunu anlayan erməni əsgəri pozuq rus dilində maşınının xarab olduğunu, iki nəfərin aşağı, sərhəd tərəfə getmək istədiklərini deyib, onları da götürməyi xahiş elədi.
– Qoy gəlsinlər, – deyə İvan razılıq verdi. Sonra dodağının altında öz-özünə mızıldandı: “Bəlkə təzə bir şey öyrəndik”.
İvan içəri girən sərnişinləri salamlayıb soruşdu:
– İşlər necə gedir?
– Yaxşı, – deyə onlardan biri cavab verdi.
– Hara gedirsiniz?
– Bu yoldaş İran sərhədinə baxmaq istəyir, – deyə bayaqkı cavab verdi.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin