Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə17/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
– Gözləməkdən gözümün kökü saraldı... Sən nə vaxt şagirdlikdən çıxıb tələbə statusu alacaqsan...
Atalar belə yerdə deyib, ayı nə qədər tələssə də, armud öz vaxtında yetişəcək. Aysusa onu başa düşürdü. Anlayırdı ki, orta məktəb partasından çıxıb universitet auditoriyasına girdikdən sonra Toğrulla münasibətlərində nisbətən sərbəstlik olacaqdı. Tez-tez universitetdə görüşəcəkdilər, dərsdən sonra boş vaxtlarında kinoya, gəzməyə gedə biləcəkdilər. Ata-anası da buna heç nə deməyəcəkdi. O, artıq tələbə idi, böyümüşdü, yetkin qız idi. Bir sözlə, onların gələcək izdivacına heç bir maneə yox idi... Eh, belə yerdə deyiblər: sən saydığını say, gör fələk nə sayır...
Universitetdə çox qız istəyirdi ki, boy-buxunlu, yaxşı oxuyan Toğrulla dostluq eləsin. Toğrul ona məhəbbətlə, ehtirasla baxan, utanıb eləmədən ona sürtüşən neçə qızı yana-yana qoymuş, heç biri ilə yaxınlıq etməmişdi. Yalnız qrup, fakültə qızları ilə tələbə yoldaşı kimi oturub dururdu, ad günlərində-zadda rəqs eləyirdi. Qrupun əksəriyyəti qızlar idi. Bir gün universitetə guya atasının yanına gəlmiş Aysu soraqlaşıb Toğrulgilin qrupunun dərs keçdiyi auditoriyanı tapır, içəri boylananda onu beş-altı qızın arasında şirin-şirin danışan görür. Pərt olmuş Aysu geri dönür. Toğrul bunu çox sonralar biləcəkdi... Aysunu şaşırdan ikinci hadisə də buna bənzər olmuşdu...
Onuncuda oxuyarkən bir gün o, sinif yoldaşları ilə dərsdən sonra şəhərə gəzməyə çıxmışdı. Rəfiqələrindən biri “Nizami” kinoteatrının yanından keçəndə kassanın qabağında hər qolundan bir qız sallanmış Toğrulu göstərib demişdi:
– Aysu, odur ey, sənin Toğrulun.
Həmişə Aysunun yanını kəsdirən Bəbir kinayə ilə mızıldamışdı:
– Afərin, qədeş. Qızları cüt-cüt sevir.
– Aley, kül başıva. Kar könlündəkini anlar. Kinoya getmək, bəyəm sevişməkdir? Onda sən bizimləsən, demək hamımızı sevirsən?
– Aaz, nə danışırsan, ömrümün axırınadək atam evində qarıyaram, Bəbirə getmərəm, – deyə qızlar onun üstünə düşüb həmişəki kimi dolamışdılar.
Üz-gözünü turşudan Bəbir də borclu qalmamışdı, üzünü “qarıyaram, Bəbirə getmərəm” deyən qıza tutmuşdu:
– Qız evində toydur, oğlanın xəbəri yoxdur. Kimdir axı səni alan, ay yazıq!..
Onları görən Toğrul bərk sevinmişdi. Qolundan sallaşmış qızları Aysuya təqdim eləmişdi:
– Qrup yoldaşlarımdır. Məni tutub əsir kimi kinoya aparmaq istəyirlər. Qollarımı buraxmırlar ki, qaçaram. Gəlin, siz də bizimlə gedək kinoya.
Aysu əli ilə divardakı afişada çəkilmiş sinəsiaçıq qızı göstərib kinayə ilə demişdi:
– Biz hələ orta məktəb şagirdləriyik, belə şeylərə baxmağa yaşımız çatmır. Belə kinolar böyüklər üçündür. Sağ olun, biz getdik...
Aysunun incik halda belə deməsi, sərt hərəkətlə dönüb getməsi Toğrul üçün yenilik idi. Nədən o, belə hərəkət eləsin?
O, sonra bunu da biləcəkdi ki, bu hadisəyə qədər Bəbir bir dəfə Aysuya yalandan deyib ki, guya Toğrulu bağda qızla öpüşən görübdür. Heç eyninə gəlməmişdi ki, Aysu onu qısqanırmış... Heç bir oğlanın ona barmağı ilə də toxunmasına imkan vermədiyi kimi, sevgilisinin də özü kimi olmasını istəyirmiş... Toğrulun tələbə qızlarla belə davranması onu qıcıqlandırırmış... Bəbirsə onun Toğruldan soyuması üçün əlindən nə gəlirsə eləyirmiş. Onların heç biri qızxasiyyət, qorxaq, həmişə ehtiyatla davranan bu oğlanın qarnının altında nələr yatdığını bilmirmiş. Toğrul onu həmişəki kimi sözəbaxan uşaq bilib özünə rəqib saymamışdı. Aysunun da uzun müddət heç ağlına gəlməmişdi ki, Bəbirin ürəyindən onu almaq keçirmiş...
Bəs Bəbirdə bu iştah necə yaranmışdı?.. Aysunun yanında Toğrulun “yerini tutması” heç kəsin nəzərini çəkməyən Bəbiri tay-tuş arasında nüfuza mindirmişdi. O, belə gözəl, hörmətli ailədən olan bir qızla məktəbə birgə gedib gəlməsinə görə sayılmasından qürur duyurdu. Bığ yeri tərlədikdən sonra onda Aysuya qarşı intim hisslər oyanmışdı... İstər evdə, istərsə də məhlədəki dost-tanışı onu ürəkləndirib deyirdilər:
– Əyə, yaxşı tapmısan, əldən buraxma.
Gerçəkdən, Bəbir onunla oturub durmağa çox can atırdı. O, təsəvvürünə gətirəndə ki, gün gələcək, Aysu ilə onunku qurtaracaqdır, qız başqasına nişanlanıb ərə gedəcəkdir, hikkəsindən bilmirdi neyləsin... Odur ki, Aysunun bütün söz və tapşırıqlarına əməl eləyir, yeri gəldikcə Toğrulun ayağının altını qazıyırdı... Onların aralarını vurmaq, ürəklərinə şübhə toxumu səpmək üçün dəridən-qabıqdan çıxırdı. Dördüncü kursda Toğrul Əfqanıstana getdikdə hamıdan çox kədərlənən Aysu idisə, ən çox sevinən Bəbir olmuşdu. Getməzdən qabaq ikilikdə görüşərək Aysunu ona tapşıran Toğrul üzünə gec tük çıxan bu oğlanın sifətindəki məmnunluğun mənasını çox sonralar başa düşmüşdü... Onun Əfqanıstandan Aysuya göndərdiyi məktublar bir-birinə oxşayırdı... Bir kəlmə də olsa sevgi barəsində yazmırdı... Bilirdi ki, məktubu Elbəyi müəllim, Aysunun rəfiqələri də oxuya bilərlər... Toğrul ürəyini deşən sözləri gündəliyinə yazırdı...
Bir ildən sonra canını bu dəhşətdən qurtaran Toğrul bərkimiş, kişiləşmiş yetkin bir gənc kimi fakültəyə dönmüşdü...Və Aysunu universitet tələbəsi kimi görəndə bütün varlığı ilə sevinmişdi... Lakin onunla görüşdükdə sevincini ifadə eləyə bilməmişdi... İlk vaxtlar o, əməlli-başlı sevinib gülə bilmirdi... Sanki unutmuşdu sevinib gülməyi... Bu bir ildə o, soyuqqanlı olmağı, sevincini, kədərini, qəzəbini içində saxlayıb büruzə verməməyi özünə aşılamışdı. Aysusa onun xasiyyətindəki bu dəyişikliyi özünə qarşı soyuqluq, etinasızlıq kimi başa düşmüşdü... Ölümdən qayıtmış bir insanın keçirdiyi sarsıntıları duya bilməmişdi...
Toğrulun Elbəyi müəllimə, Qönçə xanıma münasibətlərində əvvəlki yaxınlığı görən Aysu istəmişdi ki, onu içindən yeyən şübhələri özündən uzaqlaşdırsın... Əfqanıstandan Bakıya qayıdan Toğrul ertəsi gün birinci olaraq Aysugilə gəlmişdi, hamısı üçün çox da ucuz olmayan maraqlı hədiyyələr gətirmişdi. Elbəyi müəllim “Parker” qələmini götürmüş, gümüş-qızılla işlənmiş topaz qaşlı üzüyü qəbul etmək istəməmişdi:
– Oğul, sənin sağ-salamat qayıtmağın bizim üçün ən dəyərli hədiyyədir. Bir də axı, sən bir ildə nə qazandın ki, hələ hədiyyə də alasan?!
– Elbəyi müəllim, atamdan sonra ən böyük ehtiram və sevgi bəslədiyim insan sizsiniz. Hesab eləyin ki, atamla sizə bir hədiyyə almışam... O yoxdur... Deməli, oğulun ilk qazancı ilə alınmış hədiyyəni siz qəbul etməlisiniz! – deyə Toğrul təkid etmişdi...
Aysuya gümüşdən nəfis surətdə işlənmiş füruzə qaşlı sırğa, üzük, medalyon dəsti almışdı. Hədiyyə qızın ürəyincə idi. Gümüş ziynətlər onların hər ikisinin xoşuna gəlirdi. Təəssüflənərdilər ki, Azərbaycanda gümüşlə işləyən ustalar yox dərəcəsindədir. Gümüş özü bahalı olmasa da ondan ziynət əşyaları düzəldəndə qiymətə minir. Əfqanıstanda əl əməyi ucuz olduğu üçün belə əşyaların qiyməti aşağı idi... Aysunun uçmağa qanadı yox idi... Lakin onu göylərə qaldıran Toğrul iki gün sonra yerlərə çırpdı... Bunu çox sonralar Aysu demişdi... Demə bu, Toğrul Əfqanıstanda çəkdirdiyi şəkilləri ona göstərəndə baş veribmiş... Aysu Toğrula qısılmış, sifətində əzablı bir sevinc, fərəh həkk olunmuş ağ xalatlı Lena ilə şəkli gördükdə alınmışdı... Şəklin arxasındakı “Əziz dostuma xatirə. Məni unutma!..” sözləri onu lap cinləndirmişdi. Əfqanıstan yorğunluğu hələ canından çıxmamış, başı fərq imtahanlarına qarışmış Toğrul o günlər Aysunun hiss-həyəcanını görə bilməmişdi... Başı ayazıyandan, yavaş-yavaş özünə gəldikdən sonra Aysuya diqqəti artırdıqda görüb eşitdikləri onu sarsıtmışdı. Bəbir qızın kölgəsinə çevrilmişdi... Toğrul artıq hüquq fakültəsinin tələbəsi olmuş Bəbirlə bir bəhanə ilə ordan-burdan söhbət eləyərkən onun dilindən nə eşitsə yaxşıydı?!.. “Bəbirlə Aysu elə-belə gəzmirlər, bir-birlərini istəyirlər. Bəbirin anası hətta Qönçə xaladan “hə” alıbdır...” Hətta bir dəfə Bəbirin onun qoluna girmiş halda gəzdiklərini Toğrul öz gözləri ilə görmüşdü... Aysu onu gördükdə qızarıb qolunu sərt hərəkətlə çəkmişdi... Lap sonralar onlar bir-birlərinə səhvlərini etiraf edərkən məlum olmuşdu ki, Toğrulu uzaqdan görən Bəbir onlar qarşılaşan məqam girəvələyib qızın qolundan tutubmuş... Onun bu hərəkətindən hirslənmiş Aysu həmin andaca qolunu çəkibmiş...
Bir gün fürsət düşəndə Toğrul yarızarafat, yarıkinayə Bəbirə işarə ilə Aysuya demişdi: “Təbrik eləyirəm. Allah qoysa, xeyir iş nə vaxtdır?” Qızarıb bozaran Aysu eyni tonla cavab vermişdi: “Hələ oxuyuruq. İnşallah, dəvətnamə alanda bilərsən”... Demə, onun qısqanmağa başlaması Aysuya ləzzət veribmiş... Nəhayət, Toğrulun ayılıb onu “Bəbirin əlindən alacağını” düşünürmüş... Toğrul isə bütün bunları ciddi qəbul eləmiş, qızın onu heç vaxt sevmədiyi qərarına gəlmişdi: “Aysu uşaqlıq illərində mənə bir qardaş, yaxın bir adam kimi baxırmış... Ya da hələ mənə olan duyğularının dostluqmu, sevgimi olduğunu anlamırmış... Görünür, on yeddiyə çatdıqdan sonra zaman hər şeyi yerinə qoyub... Taleyin mənə ayırdığı bu acı sürprizi qəbul etməliyəm, qardaşlıq, dostluq borcunu yerinə yetirməkdə davam etməliyəm”.
Amma o özü qərarına axıradək əməl edə biləcəyinə çox da əmin deyildi... Aysunu sevirdi... Yenə əvvəlkitək seyrək də olsa Elbəyi müəllimlə söhbətə gedirdi, şam yeməyinə qalırdı, oğrun-oğrun Aysuya baxırdı... onun baxışlarını yayındırmasını isə tamam başqa yerə yozurdu... Heç ağlına gəlməzdi ki, Aysu acıqla belə eləyirmiş, hər gün Toğrulun ona yaxınlaşıb ürəyini açacağını, “Aysu, səni sevirəm!” – deyəcəyini gözləyirmiş... Toğrulsa qəlb evində ilk sevgisinə qəbir qazıb basdırmaq istəyirdi... Bacarsaydı, bu sevgini çıxarıb atardı qəlbindən... Amma bacarmırdı... Odur ki, bu sevgiyə qəlbində qara daşdan bir sərdabə qoydu... Hər gün boş vaxtında o sərdabəyə enir, sevgisini anıb sızıldayırdı... O, bu dərdi unutmaq üçün bilmirdi neyləsin...
Beşinci kursu qurtarhaqurtarda onu universitetin xüsusi şöbəsinə çağırmışdılar, Moskvadan ona ikiillik əks-kəşfiyyat kurslarında oxumaq üçün təklif daxil olduğunu bildirmişdilər.Toğrul fikirləşib qərar qəbul eləmək üçün vaxt istəmişdi. Elə həmin axşam məsləhət almaq üçün Elbəyi müəllimin yanına getmişdi. Elbəyi müəllim cavab verməyə tələsməmişdi. Qarşılarına qoyulmuş pürrəngi çayı aram-aram içib qurtaranadək fikirləşmiş, sonra soruşmuşdu:
– Özün istəyirsənmi?
– Bəli...
– Bu işə hazırsanmı?
– Hazıram.
– Geriyə yol yoxdur, ha!
– Bilirəm...
Sonra Elbəyi müəllimlə onun həyat yolunu müəyyənləşdirən, ancaq ikisinin arasında qalmalı olan söhbət getmişdi.
– Belə çıxır ki, Əfqanıstanda işləyərkən onlar sənə göz qoyub seçiblər. Şahlıq quşu həmişə adamın başına qonmur. Sən getdiyin o işdə qonşularımızla müqayisədə bizimkilər çox azdır. Orada vətənpərvər, qeyrətli, ağıllı, Azərbaycanın marağını hər şeydən üstün tutan zabitlərimizin olması çox gərəklidir. Sovet hökuməti qurulandan 60-cı illərədək müxtəlif adlar altında işləmiş o təşkilatda milli kadrlarımız çox az olmuşdur. Buna görə də xalqımızın düşmənləri 50-ci illərədək burada at oynatmışlar. Repressiyaya ən çox məruz qalan xalqlardan biri bizik.
– Bilirəm.
– Amma 60-cı illərin sonuna yaxın vəziyyət dəyişdi. Respublikada DTK-nın başçısı özümüzdən olduqda çekistlərin içində milli kadrların sayı xeyli artırıldı. Ürəyinin başına yaz: harda olsan bu Vətənə, bu xalqa xidmət eləməlisən, onun mənafeyini, maraqlarını qorumalısan, ancaq özünə güvənməlisən. Bunları qəbul edirsənsə, mən xeyir-duamı verirəm.
– Elbəyi əmi, mən atamın oğluyam, bu torpağın övladıyam. Vətən, millət mənim üçün ən uca, ən dəyərli duyğulardır. And içirəm o müqəddəs duyğulara, atamın ruhuna, idealıma sadiq qalacağam, – deyə Toğrul gözləri yaşarmış halda qalxıb Elbəyi müəllimin qarşısında baş əymişdi...
Təhsilini başa vurduqdan və Lena ilə üzülüşdükdən sonra Bakıya dönən Toğrul dözə bilməmişdi, elə həmin axşam zəng vurub Aysuyla görüşə tələsmişdi... Yolda fikirləşirdi ki, onun qarşısında diz çöküb taleyin bu acı imtahanından çıxa bilmədiyi üçün günahının bağışlanmasını xahiş edəcək... Ancaq görüşərkən heç nə deyə bilmədi... Ona elə gəldi ki, ağzını açsa hönkürəcək... O, gəlib gedəni saya salmadan artıq yetkin qız olmuş Aysunu ilk dəfə bağrına basdı... Heç bir müqavimət göstərməyən Aysu ona qısıldı... Onlar beləcə, kəlmə kəsmədən, ürəkləri ilə, bir-birinə axan duyğularıyla danışdılar... Hələ insan övladının bilə bilmədiyi o gözəgörünməz, qələməgəlməz enerji birindən o birinə axdıqca sanki illər boyu qaysaqlanmış yaraları möcüzəli bir məlhəmlə bu bir neçə dəqiqənin içərisində sağalırdı... Gərili qalmış sinirləri yumşalırdı... Ürəklərindəki hicran yanğısını söndürənədək sarmaşılı qaldılar. Zaman ölçüsünü unutduqları üçün bu bir neçə dəqiqə onlar üçün saata bərabər oldu...
Maşın siqnalı Toğrulu xəyaldan ayırdı. O, bayaqdan hazır saxladığı çantasını götürüb aşağı endi, həmişəkitək həyətdə qurdalanan Tərxan kişi ilə sağollaşıb maşına mindi.
– Sür Balyata, – deyə sürücüyə əmr elədi.
Onlar Füzuli-Cəbrayıl yoluna çıxdılar, get-gedə kiçilən dağ sisiləsinin “Burun” adlanan yerindən sağa döndülər, üzüaşağı dərəyə endilər, birtağlı qədim körpünü keçib sağa buruldular, Xalaç dağı tərəfdən kəndə girdilər. “Bu yerlərdə hər dərə, təpə tarixdən xəbər verir...” – deyə uşaqlıqda yay tətili zamanı atası ilə gəzdiyi yerlərdən keçən Toğrul onun sözlərini xatırladı... Atası o zaman demişdi ki, Xalaç qədim türk tayfalarından birinin adıdır. O tayfanın bir qolu bu yerlərdə cövlan edirmiş: payız-qış aylarında qədim el yolu ilə Mil düzünə enir, yazı-yayı Laçın– Kəlbəcər dağlarına qalxırmışlar...
Atasının qalın bir dəftəri vardı. Orada əski yer adlarının, sözlərin mənasını tapıb yazardı. Boş vaxtında Toğrul onu varaqlardı. Bu dəftərdəki sözlər arasında Sirik, Qazanzəmi, Tulus kimi yer adlarının mənası açıqlanmışdı. Toğrul Balyatdan on kilometr cənub-qərbdəki Tulus, ondan o tərəfdə yerləşən Qazanzəmi kəndlərinin adlarının bu qədər əski olmasını təsəvvür etməzdi. Atası yazırdı ki, “Tulus” sözü ilə cənubdakı Talış dağlarının, Goranboydakı Talış kəndinin, Qazaxıstanla Qırğızıstan bitişiyindəki Talas meşələrinin adları eyni kökdəndir. Qədim Talas tayfalarının izləri Türküstandan başlayaraq Şam diyarınadək uzanmışdır. Şamdakı izləri atasına Elbəyi müəllim demişdi. O, yetmişinci illərdə Suriyanın daxili işlər naziri, prezident Hafiz Əsədin silahdaşı, onunla birgə Nurəddin Atasi hakimiyyətini devirmiş general Mustafa Talasla tanış olub ona tərcüməçilik etmişdi.
İtlərin səsi onu xəyaldan ayırdı. “Kənddə qonağı birinci kim qarşılar? İtlər!” bulmacasını xatırladıqda dodağı qaçdı. O, maşını birbaşa üç gün öncə qonağı olduğu Həmdalı kişigilə sürdürdü. Bu o Həmdalı idi ki, uzun müddət Hadrutda işləyib yaşamış, tikdirdiyi ikimərtəbəli evini qoyub çıxmağa məcbur edilmişdi. Erməni kəndlərində onun böyük nüfuzu vardı. Söz-sözə gələndə, yerli ermənilərin çoxunun bu münaqişədə günahsız olduğunu söylərdi. Hadrutdan qovulduqdan sonra erməni kəndlərindən olan dostları Balyatda təzə ev tikən Həmdalıya kömək üçün çəkinib eləmədən dağdan daş çıxarmağa gəlmişdilər...
İncavara, Həmdalı evdəydi. Onun üz vurmasına baxmayaraq Toğrul maşından düşmədi, elə kabinədəcə söhbət elədilər. Toğrulun sifarişini yerinə yetirmiş Həmdalı çox qiymətli, neçə gün gözlədikləri bir məlumat verdi: Aysu Hadrutda böyük nüfuza malik, indi onun evində yaşayan rus zabitinin yanında girov saxlanır. Məlumat dəqiq idi. Həmdalının dostları onun evini də, qonşularını da yaxşı tanıyırdılar...
Geri dönərək kənddən çıxan Toğrulun sevincinin həddi-hüdudu yox idi. Birincisi, ona görə ki, nəhayət izə düşə bilmişdilər. İkincisi, Aysu ermənilərin yox, yuxarı rütbəli rus zabitinin sərəncamında idi. Əlindəki faktları çək-çevir edən Toğrul soyuq başla düşünürdü: Əgər onun üçün xüsusi ev – ”villa” ayırmışlarsa, deməli, balaca adam deyil, vəzifəli zabitdir. Ya oradakı Rusiya muzdlularının komandiridir, ya da ki... Yox, orada muzdlular çox deyil, ermənilərə köməyi birbaşa Rusiyanın Ermənistandakı hərbi hissələri edir. O, bunu dəqiq bilirdi. Burdan belə çıxır ki, həmin rus zabiti rəsmi orqanların nümayəndəsidir. Güman ki, o, xüsusi xidmət orqanları ilə əlaqədədir... Nə qədər olmasa da öz hərəkətlərinə cavabdeh olan, məsuliyyət daşıyan adamdır. Bəs Aysu onun əlinə necə düşüb? Aha, az qala unutmuşdu. Girovluqdan xilas olunan qızlar demişdilər ki, Aysunu ermənilərin əlindən sarışın bir hərbçi aldı, maşının yanına apardı... Məlumatlar bir-birinə uyğun gəlirdi. Deməli, həmin zabit Aysunu öz maşınında aparıb... Yaxşı, nəyə görə məhz onu? Toğrul elə buradaca özünə yönəltdiyi sualları kəsdi. Gerisini düşünməyə qorxdu... Maşın asfalt yola çıxdıqda:
– Sür rayonun mərkəzi xəstəxanasına! – deyə sürücüyə əmr elədi.
– Baş üstə, nəçənnik, – deyə sürücü sağ əlini gicgahına apardı. Toğrul bu xəbəri qayınatasına çatdırmaq üçün tələsirdi. Bilirdi ki, bu təsəlliverici xəbər – Aysunun sağ-salamat olması onun üçün ən təsirli dərmandır.

Bu dünyanın pəncərəsi çox kiçikdir...

Elbəyi beş gün idi ki, rayon xəstəxanasında təkadamlıq palatada idi. Yerli həkimlər onu böhran vəziyyətindən çıxarmışdılar. Təhlükə sovuşsa da ona hələ ayağa qalxıb gəzmək qadağan edilmişdi. Həmişə hərəkətdə olub gəzməyə öyrəşmiş insan üçün bu, çox ağır idi. İnsan hər şeyə dözür, alışır... Elbəyi o adamlardan idi ki, darıxmaq nə olduğunu bilmirdi. Boş vaxt tapan kimi yazı-pozu ilə məşğul olurdu. İndi xəstəxanada onun həmdəmi dəri cildli, içərisi dolduqca dəyişdirdiyi qalın bloknotu idi... Günün çox hissəsini otaqda tək qalan Elbəyi tez-tez yarıməsrlik ömür yolunu xatırlayır, olub keçənləri çək-çevir edirdi... Yenə ürəyi dolmuşdu. Dolan boşalmalıydı... Yoxsa fəsadlar verə bilərdi... O, hər dəfə qələmini götürüb qəlbindən, ruhundan süzülən sözləri kağıza tökəndə yüngüllük tapırdı... İndi də belə etdi...

Bu dünya bir pəncərədir,


Hər gələn baxar gedər...

Mən də gözümü açıb dünyanın pəncərəsindən baxdıqda, ilk əvvəl doğulduğum ata ocağını, ardınca qonşu evləri, boylandıqca bütöv kəndimizi, onu dövrələyən dağları, bağları, taxıl zəmilərini gördüm...


Sonra bölgəmizin digər kəndlərini, lap uca dağlarını, lap böyük bağlarını, meşələrini, çəmənlərini gördüm...
Sonra bütöv ölkəmi gördüm, dünyaya boylandım...
Gözlərim bu pəncərədən baxa-baxa ayaqlarımı arxasınca aparırdı...
Qədim Babilistandan Baltik dənizinə, Hind-Çindən Afrika səhralarına qədər çox yerləri gəzdim, dolaşdım. Çox nemətlər daddım, çox gözəlliklər gördüm o pəncərədən...
Bu dünyanın pəncərəsi çox ecazkar, çox möcüzəli, sirli-laübalı, tilsimlidir...
Baxdıqca baxırsan, doymaq bilmirsən. Ağlım kəsəndən sonra bu pəncərədən ulduzlarının sayı-hesabı bilinməyən, bəşər övladının heç vaxt sirrini anlaya bilmədiyi və bilməyəcəyi sirr dolu qaranlıq, əngin göylərə çox baxmışam, yazılanları oxumuşam. Baxdıqca, oxuduqca heyrətlənmişəm. Xəyalən belə ora uça bilməmişəm, qorxub yerə enmişəm...
Gözlərimi yumub bu pəncərədən baxıb getmiş, sayı-hesabı bilinməyən, dünya nədir, heç özünü dərk edə bilməmiş bəşər övladlarından biri kimi özüm-özümdən sormuşam:
Mən kiməm, nəyəm? Haradan gəlib, haraya gedirəm? Niyə gəlib, niyə gedirəm? Gedəcəkdimsə, niyə gəldim? Nədən yarandım, niyə yarandım?
Tanrının mənə verdiyi ağıldan cavab ala bilmədikdə, yenə sirli göylərə, heç nədən həyat bitirən qara torpağa, hər səmtə axan sulara, haradan gəldiyi, haraya getdiyi bilinməyən küləklərə üz tutub sormuşam:
– Bəşər övladı sizlərdənmi yaranmışdır?
Əfsuslar ki, hər dəfə o sonsuz göylər lal olmuş, qara torpaq susmuş, dəli sular səsini içinə çəkmiş, küləklər çaşaraq dayanmış, heç birisi mənə cavab verməmişdir...
Suallarım cavablanmayan o anlar varlıq, yaşam mənasız görünmüşdü mənə... Amma qorxaraq hövlnak gözlərimi açıb təkrar bu dünyanın pəncərəsindən baxdıqda, hər şey dəyişmişdi. Bu tilsimli pəncərə dünyanın gözəlliklərini, rayihəsini, ləzzətini, dadını gözlərim, qulaqlarım, dodaqlarım vasitəsilə içimə axıtmış, ruhumu məst etmiş, özünü mənə sevdirmişdir. Mən də Adəm övladlarından biri kimi Böyük Yaradanın mənim üçün ayırdığı həyatı biz insanların icad etdiyi zaman ölçüsündə yaşamağa başlamışam... Sayı-hesabı bilinməyən yaranmışlardan biri kimi, Böyük Yaradanın mənim varlığımı, şəxsiyyətimi müəyyənləşdirən kodu üzrə beynimə yazılmış proqramı həyata keçirirəm. Onun birinci bəndi sevgidir. Doğulduğum torpağa, ata-anama, həyatım boyu məni izləyən o ahu baxışlara, övladıma, yaxınlarıma, el-obama, millətimə, nəhayət bütün insanlara olan böyük sevgi... Sonrakı bəndlər – namuslu, vicdanlı, xeyirxah olmaq, yaşayıb yaşatmaq, iblisin əməllərinə barışmazlıq və s.
Mən o kod və proqramı dəyişə bilmərəm...
Necə ki, şirin və acı meyvə ağacları, şəfalı və zəhərli bitkilər, dinc və yırtıcı heyvanlar öz yaranışlarını dəyişə bilməzlər... Makedoniyalı İskəndər, Bilgə Xaqan, Atilla, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Şeyx Şamil, Hitler, Stalin və bu kimi böyük şəxsiyyətlər də, istəsəydilər belə öz xilqətlərini dəyişə bilməzdilər... Çünki Yaradan onları elə yaratmışdı.
Bu pəncərədən bəşəriyyətin bizə məlum olan sivilizasiya tarixinə nəzər saldıqda həyatın getdikcə necə təkamülləşməsi çox aydın görünür. Hər yüzillik, minillik bəşər tarixində öz izini qoyub getmişdir. Miladdan sonrakı XX yüzillik – beş min illik sivilizasiya tarixi olan bizim texniki era da yeniliklər və dəyişikliklər əsri oldu.
XX yüzillik sürət əsridir. Min-min illər öncə insanın ən böyük ixtirası təkər oldu. Neçə min illər sürətli hərəkətin yeganə vasitəsi o təkəri çəkən məxluq – heyvanlar idi. İnsanlara quruda, suda, havada böyük sürətlə hərəkət etmək yalnız bu yüzillikdə müyəssər oldu.
XX yüzillik ən böyük kəşflər əsridir. Səsdən sürətlə uçan təyyarələr, Yerin cazibə qüvvəsini yarıb kosmosa qalxan hava gəmiləri, bəşəriyyətin məhvinə bais olub, Yer kürəsini məhvərindən çıxara biləcək nüvə silahları, daha nələr, nələr bu əsrdə ixtira edildi.
XX yüzillik sıçrayışlar əsridir, min illərin ətalətinə son qoydu.
XX yüzillik ən böyük savaşlar, müharibələr əsridir. Ən böyük insan qırğını bu əsrdə baş verdi.
XX yüzillik millətlərdən hansınasa yüksəliş, hansınasa müsibətlər əsri oldu.
XX yüzillik qəribəliklər əsridir. Yer üzündə bizim texniki erada sivilizasiyanın bünövrəsini qoymuş şumerlərin törəmələri ulu türklər... Çin səddindən Balkanlaradək min illər vuruşa-vuruşa yaşamışdılar. XX əsrdə isə ticarətlə, tikib qurmaqla məşğul olmağa qərar verdilər... Sırasından neçə peyğəmbər çıxmış, dünyaya səpələnmiş yəhudilər min illər boyu ticarətlə, sənətkarlıqla məşğul olmuşdular. XX əsrdə isə silaha sarılıb savaşa başladılar: min illər sonra yenidən Fələstində yəhudi dövlətini qurdular.
XX yüzillik Ərməniyyədə məskunlaşmış haylara düşərli oldu. Hələ XVII-XVIII yüzilliklərdə Qafqaza sahib olmaq istəyən I Pyotrla sazişə girmiş haylar erməni adıyla bir əsr sonra rus ordusunun köməyi ilə İran və Türkiyədən Qafqaza axışmışdılar... Yalnız XX yüzillikdə burada öz dövlətlərini yarada bilib artıq iştaha gəlmişlər...
XX yüzillikdə o taylı, bu taylı Azərbaycan xalqı dəfələrlə milli azadlıq mücadiləsinə qalxdı... Səttarxan, Pişəvəri, Nərimanov amansızcasına qətlə yetirildilər, müsavatçılar qanlarına qəltan oldular, Məmmədəmin Vətəndən iraq düşdü... Bu mücadilələrdən ən uzunu və qanlısı beş ildir davam edir və sonu görünmür...
İndi bizi nə gözləyir? Olum, ya ölüm? Hara gedir bu millət – uçuruma, yoxsa ucalığa? Bunun aqibətini görə bilmirəm... Bu dünyanın kiçik pəncərəsi mənim üçün lap kiçilib. İlahi, özün bizim imdadımıza çat!
Qapını döyüb içəri girən tibb bacısı Elbəyinin fikirlərini qırdı.
– Bağışlayın, professor, nahar vaxtıdır. Sizin üçün kənddən dağ keşnişiylə yarpız dovğası, cücə çığırtması bişirib göndəriblər.
Sonsuz dünyadan kiçik xəstəxana palatasına qayıdan Elbəyi gülümsədi:
– Dovğa bəs eləyər, xanım.
– İştah diş altdadır, professor. Bəlkə ikisini də gətirim? Yeməzsiniz, apararam.
– Nə deyirəm...
Tibb bacısının köməyi ilə nahar edən Elbəyi dərmanlarını da atdı. Digər tibb bacısı gəlib iynəsini vurdu.
Elbəyinin canı bərk idi. Söz-sözə gələndə öyünürdü ki, Tyan-Şan dağlarından tutmuş Şimali Afrika səhralarınadək müxtəlif iqlimlərdə yaşamışdır. Şimalda qırx dərəcə şaxtaya, Beynənnəhreyndə əlli beş dərəcə istiyə tab gətirmişdir. Xəstələnib eləyəndə, çox vaxt ayaq üstə keçirərdi, yüngül müalicə ilə sağalardı. Lakin indi əzaları sözünə baxmırdı. Xəstəxanada yerli tibb işçilərindən başqa Bakıdan, qonşu rayonlardan buraya gəlmiş həkimlər də səylə çalışırdılar. Bakıdan xəstəxananın korluq çəkdiyi dava-dərmanı, tibb avadanlığı və cihazları gətirəcək növbəti həkim briqadasının yolunu gözləyirdilər. Onun müalicəsi qaydasınca gedirdisə də dərmanlar zəif təsir göstərirdi. Səbəb həkimlərdən qabaq onun özünə məlum idi... Gözünün ağı-qarası bircə balasının dərdi fikrindən çıxmır, atdığı həblərin, vurulan iynələrin təsirini azaldırdı, onu tez sağalmağa qoymurdu. Aysu onun həyatının mənası idi. Onsuz Elbəyi yaşaya bilməzdi. O, çox şeyi balasına qurban vermişdi, indi də quru canını verməyə hazır idi...

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin