Azərbaycanda avtomobil nəqliyyatı
Ölkənin avtomobil nəqliyyatı geniş potensiala malikdir. Avtomobil yollarının ümumi uzunluğu 19 min km-dir. Bundan 1,7 min km beynəlxalq əhəmiyyət kəsb edən magistral yollardır. Ölkə yollarının 4,6 min km-i respublika əhəmiyyətli, 14,2 min km-i isə yerli əhəmiyyətlidir. Ölkədəki yolların cəmisi 8,6 min km-i asfaltbetondur, qalanları isə çınqıl və torpaq yollarıdır. Körpülərin sayı 1463 ədəddir, bunlardan 619-u respublika əhəmiyyətli və 844-ü isə yerli əhəmiyyətlidir. 2013-cü ilin yekunu üzrə avtomobil nəqliyyatı ilə yükdaşımaların ümumi həcmi 125,2 mln. ton olmuşdur. Ümumi yük dövriyyəsi isə 14,1 mln. ton-km təşkil etmişdir. Ölkədə 1,23 mln. avtomobil vardır, ondan 30,3 min ədədi avtobuslar, 133,6 min ədədi yük avtomobilləri, 1 mln.dan çoxu şəxsi minik avtomobilləri və sairdir. Respublika üzrə ümumi avtobillərin 702,4 min ədədi və yaxud 57%-dən çoxu Bakı şəhərinin payına düşür. 2013-cü ildə avtomobil nəqliyyatı sisteminin inkişafına digər quru yol nəqliyyat vasitələri ilə birlikdə (dəmir yolu istisna olmaqla) 453,1 mln. manat investisiya yönəldilmişdir.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, eləcə də dövlət orqanları, daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və nəqliyyat xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərin tənzimlənməsi və dövlət nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2008-ci il 1 aprel tarixində “Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilmiş, bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının tələblərinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamenti” MMC-nin əsasında Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Dövlət Avtomobil Nəqliyyatı Xidməti” yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir.
Dostları ilə paylaş: |