Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 
"Skapenin  kələkləri".  Bu  komediya  Molyerin  xalq 
komediyaları ilə yaxınlığını göstərən ən parlaq əsərlərdəndir. 
Əgər 
Molyerin 
yaradıcılığının 
əvvəllərində 
xalq 
komediyalarına  müraciəti  onun  təcrübəsizliyi,  nəzəri 
hazırlığının  azlığı  ilə  izah  olunursa,  yaradıcılığının  kamil 
dövründə  /"Skapenin  kələkləri"  1671-ci  ildə  yazılmışdır/ 
xalq  komediyasına  müraciəti  şüurlu  xarakter  daşıyır. 
/"Skapenin  kələkləri"  ağalar  dünyasına  laqeydliklə  yanaşan 
canlı,  şən,  realist  bir  xalq  komediyasıdır.  Burada  xalq 
komediyasının  motivləri,  üsulları,  tipləri  məharətlə  yenidən 
yaradılır.  Dramaturq  xalq  nümayəndələri  olan  nökərləri 
hakim  varlı  təbəqələrə  qarşı  qoyur.  Skapen  həyatsevər,  hər 
cür vəziyyətdən çıxmağı bacaran, fəal xalq nümayəndəsidir. 
Lakey  olsa  da,  özünü  ləyaqətlə  aparır,  heç  bir  təhqiri 
bağışlamır. Ağası Leondra və onun dostu Oktava təmənnasız 
olaraq kömək edir. Bomarşenin Fiqarosu kimi etdiyi yaxşılıq 
üçün  əvəz  güdmür.  Burada  təsvir  edilən  xəsis  Jeront  xəsis 
Qarpaqonla səsləşir. 
Molyerin ölümündən sonra onun əsərləri dünya teatr-
larının  səhnələrinə  yol  tapmış,  Avropada  realist  komediya 
teatrının  yaranmasında  mühüm  rol  oynamışdır.  Maarifçilik 
dövrünün  teatr  və  dramaturgiyası  Molyer  ənənələrini  daha 
səmərəli  mənimsəmişdir.  Fransada  Reynar,  Lesaj,  Bomarşe, 
Volter,  Fabr  de  Eqlandin,  İngiltərədə  Drayden,  Uiçerli, 
Fildinq,  Qoldsmit,  Şeridan  və  başqaları  Molyer  sənətindən 
öyrənmişlər. 
İlk  Azərbaycan  dramaturqu  M.F.Axundov  Tiflis 
mühitində  əsərləri  ilə  tanış  olduğu  əsas  rus  və  dünya 
klassikləri  arasında  Molyerin  adını  çəkir.  N.Vəzirov  "Ağa 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
209 
Kərim  xan  Ərdəbili"  komediyasının  süjetini  Molyerin 
"Xəsis"indən iqtibas etmişdir. 
 

Afaq Yusifli İshaqlı 
 
 
210 
 
L A F O N T E N 
/1621 - 1695/ 
 
Lafonten  XVII  əsr  fransız  ədəbiyyatının  ən  orijinal 
nümayəndələrindəndir.  Molyerlə  birlikdə  o  da  fransız 
klassisizminin  demokratik  qoluna  mənsub  idi.  Öz  gücünü 
bütün ədəbi janrlarda sınayan,  faciələr, komediyalar, odalar, 
romanlar,  epiqramlar  yaradan  Lafonten  öz  istedadını  daha 
çox təmsil və qısa məzmunlu  novella janrında  göstərmişdir. 
Onun  təmsil  formasında  yazdığı  hekayələr,  yaxud  mənzum 
novellalar  həmişə  həyatsevərliyi,  poetik  dil  və  üslub 
kamilliyi ilə seçilir. 
Jan  Lafonten  1621-ci  ilin  8  iyulunda  Şampan 
əyalətində  Şato  Tyeri  şəhərciyində  məmur  ailəsində  anadan 
olmuşdur.  o,  əvvəlcə  kənd  məktəbində,  sonra  Reyms 
kollecində  oxuyur.  İrsi  olaraq  atasının  vergiyığan  vəzifəsini 
alacağı üçün hüququ da öyrənir. Dostlarının məsləhəti ilə o, 
antik  müəllifləri  oxuyur,  fransız  humanistlərindən  Rable  və 
Maroya rəğbət  bəsləyir.  Lafontenin  ilk  qələm  təcrübəsi olan 
"Xacə"  komediyası  Terensinin  eyniadlı  əsərinin  təsiri  ilə 
yazılmış,  o  qədər  də  müvəffəqiyyət  qazanmamışdır.  Bir 
müddət  nazir  Fuke  onu  öz  himayəsinə  götürür,  ona  daimi 
maaş  təyin  edir.  Fukenin  həbs  edilməsi,  Lafontenin  XIV 
Lüdoviki  Fukeyə  qarşı  mərhəmətli  olmağa  çağıran  şeirlər 
yazması  bir  müddət  onun  vəziyyətini  çətinləşdirir.  Lafonten 
Parisdə yaşadığı ilk çağlardan Bualo, Molyer və Rasinlə dost 
olur.  "Psixeyanın  sevgi  macəraları"  romanında  onları  Arist 
/Bualo/,  Jelast  /Molyer/  və  Akant  /Rasin/  adları  ilə  təqdim 
edib  aralarında  gedən  ədəbi  söhbətlərdən  danışır.  1665-ci 
ildə  Lafonten  özünün  "Mənzum  nağıllar  və  hekayələr"ini, 
1668-ci  ildə  isə  "Seçilmiş  mənzum  təmsillər"ini  çap  etdirir. 
Lafonten  bir  qədər  sadəlövh,  yaddaşsız  bir  adam  olmuşdur. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
211 
Öz  şeirlərini  krala  təqdim  etmək  üçün  görüş  alan  şair  XIV 
Lüdovikin  qarşısında  etiraf  edir  ki,  şeirlər  kitabı  yadından 
çıxıb evində qalmışdır. Onun mənzum nağılları kralın xoşuna 
gəlməmişdir.  Onun  sərbəst,  laübali  bir  həyat  keçirməsi 
haqqında müxtəlif rəvayətlər uydururdular. 
Lafonten 1695-ci ilin 13 aprelində 74 yaşında Parisdə 
vəfat etmişdir. 
Lafontenin  yaradıcılığında onun təmsilləri xüsusi  yer 
tutur. Bu təmsillərin ilk altı kitabı çap olunan kimi onlar uşaq 
qiraəti  üçün  yazılmış  əsərlər  kimi  qəbul  edildi.  Bu  baxışın 
kökündən  yanlış  olduğu  artıq  XVIII  əsrdə  J.J.Russo 
tərəfindən  qeyd  edilmişdir.  Lafonten,  doğrudan  da, 
təmsillərini uşaqlar üçün  yazmamışdı. Realist sənətkar kimi 
o, həyatı müşahidə edib doğru əks etdirməyə çalışmış, əksər 
halda  əxlaqi,  yaxud  tənqidi  nəticə  çıxarmağı  oxucunun 
öhdəsinə  buraxmışdır.  Onun  təsvir  etdiyi  gerçəklik  əslində 
xudbin 
mənafelər  kimi  göstərilmişdir.  Həyatın  acı 
həqiqətlərini  olduğu  kimi  əks  etdirmək  Lafonten 
təmsillərinin  əsas  qayəsidir.  İncə,  oynaq  təhkiyə  üsulu 
yazıçının  ifşaedici  fikirlərini  maskalayan  əlverişli  vasitəyə 
çevrilir.  Bu  cəhətlər  onun  təmsillərinin  uşaqlar  üçün 
yaramadığını təsdiq edir. Təmsillərini yazanda Lafonten özü 
də  uşaqlar  haqqında  düşünməmişdir.  O,  başqa  əsərləri  kimi 
təmsillərini də əksər halda kübar salonlarını nəzərdə tutaraq 
yaradırdı.  Lakin  bu  cəhət  ona  zadəgan  oxucularından  fərqli 
olaraq tamam başqa mövqedə durmağa mane olmurdu. Ədib 
öz təmsillərində zadəgan dairələrində hökm sürən təkəbbürü, 
qəddarlığı,  həyasızlığı,  tüfeyliliyi  ifşa  etməkdən  çəkinmirdi. 
Kübar ağaların axmaqlığını, kütlüyünü göstərməkdən xüsusi 
zövq alırdı. Böyük təmsilçi burjua nümayəndələrinə də aman 
vermirdi.  Onların  xırdaçılığını,  qorxaqlığını,  zadəgan 
rütbələri arxasınca qaçmalarını müasiri və dostu Molyer kimi 
qamçılamaqdan  çəkinmirdi.  Onun  təmsillərində  XVII  əsr 

Afaq Yusifli İshaqlı 
 
 
212 
fransız  cəmiyyətinin  bütün  təbəqələrinin  yadda  qalan 
surətləri  yaradılmışdı.  Şir  görkəmində  təsvir  və  təqdim 
edilən  kral  özü  də  bu  surətlər  silsiləsində  o  qədər  hörmətlə 
göstərilməmişdir. Onu daşürəkli, məğrur, şöhrətpərəst, tiran, 
yaltaqlıq  sevən,  özünəvurğun,  təbəələrinə  nifrətlə  baxan  bir 
şəxs kimi təqdim etmişdir. 
Ancaq  əzilənləri  və  sadə  adamları  Lafonten  məhəb-
bətlə  təsvir  edir.  Əsl  insani  sifətləri,  duyğuları  o,  xalq 
içərisində  tapır  və  göstərir.  Onlardakı  sədaqət,  fədakarlıq, 
təmənnasızlıq,  həqiqi  dostluq  məhəbbətlə  təsvir  edilmişdir. 
Lafontenin siyasi təmsilləri xüsusilə kəskin tənqidi məzmunu 
ilə  seçilir.  "Vəhşilər  taun  zamanı"  təmsili  bu  baxımdan 
səciyyəvidir.  Burada  göstərir  ki,  taun  vəhşiləri  biçirmiş.  Şir 
məşvərət  çağırıb  deyir:  "Dostlar,  göylərin  bizə  qəzəbi 
tutmuşdur.  Günahımızı  yumaq  üçün  qurban  gözləyirlər. 
Aramızda ən cinayətkarı tapıb onu edam edək, bəlkə, allahlar 
mərhəmətə gəldilər." Sonra öz cinayətlərindən danışıb deyir: 
"Mən  az  qoyun  yeməmişəm,  boynuma  alıram  ki,  bəzən 
çobanları  da  yeməli  olmuşam."  Tülkü  o  saat  dillənib 
söyləyir:  "Hökmdar,  siz  özünüzə  çox  böhtan  atırsınız. 
Qoyunları  yemək!  Siz  ki  bununla  onlara  böyük  şərəf 
göstərmisiniz. Qaldı çobanlara, o da  yerindədir, onlar bizim 
canımıza  necə  qorxular  salırlar!"  tülkünün  nitqi  alqışlarla 
qarşılanır. 
Meşənin  baş  rütbəli  nümayəndələrinə  də  bəraət 
qazandırırlar. Nəhayət, uzunqulaq dillənir: "Mən çəmənlikdə 
bir  çəngə  ot  yedim,  çəmənlik  isə  düzünü  deyim  mənim 
deyildi.  Ac  idim,  şeytan  məni  yoldan  çıxartdı."  Vəhşilər 
Uzunqulağın  bir  çəngə  ot  yeməyini  dəhşətli  cinayət  kimi 
qiymətləndirib, "Edam! Edam!" deyə qışqırmağa başlayırlar. 
Uzunqulaq  edam  olunur.  Lafonten  təmsildən  belə  nəticə 
çıxarır ki, məhkəmə sənin güclü, yaxud zəif olduğuna əsasən 
haqlı, yoxsa günahkar olmağın barədə qərar çıxarır.  

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
213 
Bu təmsil Lafontenin başqa təmsillərində olduğu kimi 
kəskin ifşaedici məzmunu ilə seçilir. 
Lafonten  təmsillərinin  bir  çoxu  fəlsəfi  məzmuna 
malikdir.  Onlardan  birində  dahi  ilə  kütlənin  qarşılaşması 
göstərilir.  Epikuru  onun  vətənində  dəli  hesab  edirdilər. 
Həmvətənləri  həkim  Hippokrata  müraciət  edirlər  ki,  onu 
dəlilikdən  və  filosof  Demokritdən  müalicə  etsinlər.  "O,  dəli 
olmuşdur,  oxumaq  onu  məhv  etmişdir...  O,  nə  danışır?  – 
Dünya sonsuzdur. Ona bu da azdır. O, hələ nəsə atomlardan 
danışır." Epikurun həmyerliləri dəhşətlə Hippokratdan imdad 
istəyirlər. 
Qocalmış  şir  haqqında  bir  təmsildə  isə  alçalmağın 
dərəcəsindən söhbət gedir. Hər şeyin sərhədi var. Ən dəhşətli 
təhqir  olunma  odur  ki,  nifrət  etdiyin  bir  varlıq  səni  təhqir 
etsin.  Meşələri  və  çölləri  qorxuya  salan  şir  illərin  ağırlığı 
altında  qocalır,  kədərlənir,  ötən  qüdrətli  çağlarını  xatırlayıb 
ağlayır,  öz  keçmiş  təbəələri  tərəfindən  təqib  edilir,  "onun 
gücdən  düşməsilə  güclənmiş"  heyvanlar  onu  incidirlər, 
döyürlər.  At,  canavar,  öküz  onu  incitdikcə  şir  nərildəyə  də 
bilmir,  səbirlə  ölümünü  gözləyir.  Lakin  uzunqulağın  ona 
tərəf  gəldiyini  görən  şir  bunu  dözülməz  bir  dəhşət  kimi 
qarşılayır. "Mən ölməyə hazıram, lakin sənin təpiklərinə döz-
mək iki dəfə ölmək demək deyilmi?" 
Bir  başqa  təmsildə  göstərilir  ki,  Sevgi  və  Dəlilik  bir 
yerdə  oynayırlarmış,  mübahisə  edib  dalaşırlar.  Dəlilik 
Sevgini  elə  vurur  ki,  Sevgi  görmək  qabiliyyətini  itirir. 
Allahlar bir yerə yığışıb yaranmış vəziyyəti müzakirə edirlər. 
Yupiter  və  Nemezida  da  onların  arasındadır.  Onlar  belə 
qərara  gəlirlər  ki,  Dəlilik  əbədi  olaraq  Sevginin  yedəkçisi 
olun. 
A.S.Puşkin  Lafontenin  təmsillərindən  danışarkən 
yazırmış:  "Əlbəttə,  heç  bir  fransız  heç  kəsi  Lafontendən 
yüksəyə  qoymağa  cəsarət  etməz,  lakin  biz,  görürük  ki, 

Afaq Yusifli İshaqlı 
 
 
214 
Krılovu ondan üstün tuta bilərik. Onlar hər ikisi əbədi olaraq 
öz həmyerlilərinin sevimlisi olaraq qalacaqlar." 
Lafontenin  nağıl  və  novellalarında  da  insan  müna-
sibətlərinin şən həyatsevərliyi hakimdir. Ədibin qəhrəmanları 
kədərə,  bədbinliyə  yaddır.  Novellaların  süjeti  əksər  halda 
Navarralı  Marqaritanın,  Bokaççonun,  Ariostonun  və 
başqalarının əsərlərindən götürülmüşdür. Lakin bu novellalar 
XVII  əsrin  kübar  salonları  üçün  nəzərdə  tutulmuşdur. 
Lafonten Bokaççonun novellalarını əxlaqi mülahizələrdən və 
psixoloji müşahidələrdən azad edir. O, Renessans novellasını 
lətifə ölçülərinə endirir, bir növ fransız fabliolarına yaxınlaş-
dırır.  Oxucunu  nəsihətlə  yormağa  Lafonten  qətiyyən  meyl 
etmir.  Onun  novellalarında  müəllifin  şəxsiyyəti  və  mövqeyi 
çətin seçilir. 
Lafonten öz nağıl  və novellaları  üçün orijinal üslubu 
birdən-birə  tapmamışdır.  İlk  novellalarında  o  müxtəlif 
üsullara  əl  atır.  Tədricən  öz  nağıllarını  sərbəst  şeirlə  yazan 
ədib onların danışıq nitqinə yaxınlaşmasına nail olmuşdur. 
Onu da qeyd edək ki, Lafonten müxtəlif mənbələrdən 
götürdüyü  süjetlərə  sərbəst  yanaşır,  ixtisar  aparır, 
dəyişdirirdi.  Bunun  nəticəsində  onun  nağılları  öz  əslindən 
tamamilə  fərqlənirdi.  Lafonten  bunu  özü  də  etiraf  edir  ki, 
onun əsərlərindəki  süjetləri  ilk  dəfə  uyduran  "öz  novellasını 
tanımaq üçün çox zəhmət çəkməli olardı." 
Nağılın  zəngin  ənənələrini  mənimsəyən,  özünə 
hopduran  Lafonten  nağılları  bir  çox  Avropa  ədəbiyyatları 
üçün  əsil  süjet  xəzinəsi  olmuşdur.  Onun  təmsil  və  nağılları 
dünyanın bir çox böyük sənətkarlarının diqqətini cəlb etmiş, 
onlara ilham və qida vermişdir. 
 
 
B U A L O 
/1636 - 1711/ 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
215 
 
Fransız  klassisizminin  Lafontendən  sonra  ikinci 
böyük  şairi  Bualo  olmuşdur.  O  da  Lafonten  kimi  qeyri-
dramatik  janrlarda  yazdığı  əsərlərlə  məşhurlaşmışdır.  Əgər 
Lafonten  təmsil  və  mənzum  nağıl  janrında  məşhur-
laşmışdısa,  Bualo  müraciətləri  və  satiraları  ilə  tanınmışdır. 
Onun  şeirləri  quruluğu,  ayıqlığı  və  satirik  təmayülü  ilə 
seçilir.  Bualo  dünya  ədəbiyyatında  daha  çox  fransız 
klassisizminin 
qanunvericisi, 
tanınmış 
rəhbəri 
və 
nəzəriyyəçisi  kimi  şöhrət  qazanmışdır.  Puşkin  haqlı  olaraq 
onu  "fransız  şairlərinin  sərt  hakimi"  adlandırmışdır. 
Doğrudan  da,  Bualo  Fransada  ədəbiyyat  tarixinin  ən  şanlı 
dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur. 
Nikola  Bualo-Depreo  Parisdə  burjua  ailəsində 
doğulmuşdur.  Atası  parlamentin  böyük  palatasında 
qeydiyyatçı, bütün qohumları isə məhkəmə məmurları idilər. 
Atası  onu  ruhani  rütbəsinə  hazırlayırdı.  Ona  görə  də  Bualo 
kolleci  qurtaran  kimi  ilahiyyatı  öyrənməyə  başlayır,  lakin 
xoşuna  gəlmədiyi  üçün  hüquq  fakültəsinə  keçir,  oranı 
qurtardıqdan  sonra  vəkillər  silkinə  qəbul  olunur,  ancaq 
Bualonu vəkillik sənəti cəlb etmir, şeirlər yazmağa girişir. 
1657-ci ildə atası vəfat edəndə ona kiçik bir irs qalır. 
Hesabcıl  və  qənaətcil  bir  adam  olan  Bualo  bu  irs  hesabına 
heç  kəsdən  asılı  olmayan  bir  ömür  sürür.  Onun  şeir 
yaradıcılığı  madam  Rambulyenin  salonunda  rövnəq  tapan 
ədalı,  təmtəraqlı  ədəbiyyata  qarşı  yazılmış  satiralarla 
başlayır.  Bualonun  1660-1667-ci  illərdə  yazdığı  satiralar 
sərbəst  və  cəsarətli  fikirləri  ilə  diqqəti  cəlb  edir.  Kral  XIV 
Lüdovikə  həsr  etdiyi  şeirində  isə  Bualo  başqa  şairlərdən 
fərqli  olaraq  yaltaqlanmır,  yaltaqlığı,  cırtdanları  Atlant, 
qorxaqları Qerkules kimi göstərməyi bacarmadığını söyləyib 
öz şəxsi ləyaqətini alçaltmır. 1666-cı ildə  Bualo  ilk dəfə öz 
satiralarını  nəşr  etdirir  və  hay-küylü  bir  müvəffəqiyyət 

Afaq Yusifli İshaqlı 
 
 
216 
qazanır.  Bu  hay-küy  daha  çox  Bualonun  satiralarındakı 
cəsarətli tənqidlərlə bağlı idi. Ədibin tənqidləri vaxtı keçmiş, 
həyatdan  uzaq  düşmüş  cərəyanlara  qarşı  yönəlmişdi.  Bualo 
fransız  ədəbiyyatında  ilk  dəfə  satiranı  ədəbi  tənqid  silahına 
çevirmişdi. O, nəinki təkcə Fransada, bəlkə bütün Avropada 
ilk  əsl  ədəbi  tənqidçi  idi.  Bualo  əsərləri  şəxsi  zövqünə  görə 
yox,  ümumi  estetik  tələblərə  görə  qiymətləndirirdi,  ən  çox 
presiyoz /ədalı/  ədəbiyyatın nümayəndələrini tənqid edirdi. 
1669-1677-ci  illər  arasında  Bualo  "Müraciət" janrına 
keçir  və  bu  müddətdə  bu  janrda  9  əsər  yazır.  Bu  janrda 
Horatsini örnək götürən şair formanın imkanlarından istifadə 
edərək  incə  şəkildə  müxtəlif  mövzularda  oxucu  ilə  söhbət 
edir.  Bir  növ,  forma  etibarilə  Nizaminin  məqalətlərini 
xatırladan  bu  müraciətlərdə  şair  öz  əxlaqi  düşüncələrini 
qələmə  alır.  "Poeziya  sənəti"  /1674/  kitabının  meydana 
çıxmasından sonra Bualo rəsmi olaraq XVII əsr Fransasının 
ədəbi ideoloqu kimi tanınmışdır. 1677-ci ildən saray tarixçisi 
təyin  edilən  şair  Rasinlə  birlikdə  XIV  Lüdovik  dövrünün 
tarixini  yazmaqla  məşğul  olur.  Yarımçıq  qalmış  bu  əsər 
1726-ci ildə yanğından məhv olur. 
Bualo az qala XIV Lüdovikin hakimiyyətinin sonuna 
qədər  yaşayır.  1709-cu  ildən  hərəkət  etmək  qabiliyyətini 
itirən ədib 1711-ci ildə Parisdə vəfat edir. 
Bualonun  ədəbi  irsi  satiralardan,  müraciətlərdən, 
"Rəhil"  komik  qəhrəmanlıq  poemasından,  "Poeziya  sənəti" 
kitabı  başda  olmaqla  bir  sıra  ədəbi  nəzəri  əsərlərdən 
ibarətdir. 
Müraciətlərində  Bualo  Horatsinin  oynaq  üslubuna 
yiyələnə  bilməmişdir.  Şair  onlarda  dünyanın  nemətləri  və 
insanların işğalçılıq ehtiraslarının ağla zidd olduğu haqqında 
/I  müraciət/  danışır,  məhkəmə  çəkişmələrini  çoxaldan 
ərizəbazların  axmaqlığından  /II  müraciət/,  insanlara  zülm 
edən  və  onları  həqiqət  yolundan  çəkindirən  saxta  ismətdən 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
217 
/III  müraciət/,  həqiqi  səadətin  özülü  olan  mənəvi  təmkin  və 
mülayimlikdən /V müraciət/, şəhər hay-küyündən uzaq kənd 
həyatının  gözəlliklərindən  /VI  müraciət/,  istedadlı  şairə  öz 
sənətini  daha  da  inkişaf  etdirməyə  səbəb  olan  düşmənlərin 
olmasının  əhəmiyyətindən  /VII  müraciət/,  ancaq  doğru 
olanın  gözəl  olması  və  səmimiliyin  şair  üçün  ən  yaxşı  sifət 
olmasından /IX müraciət/ və s. söhbət açır. Bütün bu əxlaqi 
düşüncələr  arasında  şair  dövrünün  eybəcərliklərinə  hücum 
edir, hərbçiləri, məhkəmə məmurlarını, pulun hakimiyyətini, 
yaltaqları, istedadsız şairləri qamçılayır. 
Satiralarında  Bualo  daha  kəskindir.  Artıq  birinci 
satirasında  o,  varlı  mesenatlara  xidmət  etmək  istəməyən  və 
sələmçilərin əlindən Parisdən baş götürüb qaçan gənc şairin 
başına  gələn  müsibətlərdən  danışır.  Şairin  fikrincə,  Parisdə 
ləyaqət  və  ağıl  artıq  dəbdə  deyildir,  qanun  keşikçiləri  ağı 
qara göstərirlər, təkəbbürlü eybəcərlik isə keşiş əsası ilə var-
gəl edir, elm hər yerdən qovulur, yeganə dəbdə olan sənət isə 
məharətlə  oğurlamaqdır.  Bualonun  uğursuz  şair  qəhrəmanı 
deyir: "Mən nə aldatmağı, nə ikiüzlülük etməyi, nə də yalan 
danışmağı  bacarıram.  Yonulmamış  və  məğrur  bir  adamam, 
qəlbim kobuddur, mən hər şeyi ancaq onun öz xüsusi adı ilə 
çağıra  bilirəm.  Pişiyə  pişik  deyirəm,  prokuror  Roleyə  isə 
dələduz."  Bu  vaxt  ancaq  Molyer  belə  bir  dillə  danışmağa 
cəsarət  edirdi.  Məhz  bu  satirada  Bualo  Molyeri  "nadir  və 
şərəfli ağıl sahibi" adlandırmışdır. 
Sonrakı  satiralarında  da  Bualo  mövcud  cəmiyyətin 
eybəcərliklərinə qarşı cəsarətlə çıxış edir, o cümlədən, 1664-
cü  ildə  yazılmış  dördüncü  satirada  axmaqlar  silsiləsini 
nəzərdən keçirir. Burada Ərəstu fəlsəfəsi ilə ucdan-qulaqdan 
tanış  olan  pedant  da,  elmi  məzəmmət  edib  öz  nadanlığı  ilə 
lovğalanan  kübar  cəmiyyətinin  üzvü  də,  riyakar  mömin  də, 
pozğun qadın düşkünü də, acgöz xəsis də, yüngül xasiyyətli 
israfçı  da  satiraya  hədəf  edilir.  Beşinci  satirada  isə  zadəgan 

Afaq Yusifli İshaqlı 
 
 
218 
mənşəyi ilə öyünən yoxsullaşmış kübarlar ifşa olunur. Bualo 
onların qeyri-zadəgan varlılarla qohum olmaqla öz rövnəqini 
itirmiş  rütbələrini  qızılla  təzələmək  təşəbbüslərinə  gülür. 
Molyer  kimi  o  da  acı  bir  sarkazmla  etiraf  edir  ki,  "mövcud 
cəmiyyətdə qızıl eybəcərliyə gözəllik görkəmi verir". 
Bualonun  bədii  irsində  "Rəhil"  poeması  xüsusilə 
əhəmiyyətli  yer  tutur.  Bu  əsər  fransız  ədəbiyyatında  komik 
qəhrəmanlıq  janrının  ən  görkəmli  nümunəsidir.  Bu  janr  öz 
kökləri etibarilə antik ədəbiyyata gedib çıxır. Öz poemasında 
adi  həyatdan  götürülmüş  "alçaq"  mövzuda  zarafatyana  əsər 
yaradan  Bualo  təcrübədə  sübut  etməyə  çalışırdı  ki,  "əsl 
qəhrəmanlıq  poeması  hadisələrlə  yüklənməməlidir".  Bualo 
burada burlesk poeziyasındakı yüksək süjetin "alçaq" şərhinə 
qarşı  "alçaq"  süjetin  yüksək  təcəssümünü  qoymuşdur. 
Poemada  iki  kilsə  xadimi  arasında  gedən  toqquşma  təsvir 
edilir. Onlardan biri kilsədə oxuyanlar üçün ayrılmış hündür 
yerdə  bir  rəhil  qoyur.  Bunun  üstündə  ruhanilər  iki  dəstəyə 
bölünüb  vuruşurlar.  Burada  top  mərmilərini  qonşuluqda 
yerləşən kitabxanadan götürülmüş kitablar əvəz edir. 
Poemanın  qəhrəmanlıq  poemalarına  məxsus  təm-
təraqlı  bir  ölçü  ilə  yazılması,  Nifaq,  Şayiə  kimi  alleqorik 
obrazların istifadə edilməsi onun komizmini daha da artırır. 
Poema  XVII  əsr  ədəbiyyatında  kilsə  xadimlərini,  onların 
məişət və əxlaqını açıq hörmətsizlik və ifşaçılıqla əks etdirən 
poetik əsərdir. 
Bualo  öz  dövründən  başlayaraq  daha  çox  poeziya 
tənqidçisi və nəzəriyyəçisi kimi tanınmışdır. Onun "Poeziya 
sənəti"  kitabı  meydana  çıxan  kimi  klassisizmin  əsl  poetik 
kodeksi  kimi  qarşılandı.  Horatsinin  "Pizonlara  məktub" 
əsərindən  təsirlənən  ədib  fransız  klassisizminin  özünə 
qədərki  nəzəriyyəçiləri  tərəfindən  irəli  sürülən  estetik 
fikirləri  sistemləşdirmiş,  orijinallığa  meyl  etmədən 
klassisistlər  arasında  formalaşan  baxışla  canlı  və  parlaq  bir 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
219 
formada  qələmə  almışdır.  Bualo  bu  işi  o  qədər  məharətlə 
yerinə yetirmişdir ki, sonrakı nəsillər onları Bualonun hesab 
etmişlər. Kitabın bir çox misraları aforizm kimi dillər əzbəri 
olmuş,  müəllifinə  Fransanın  xaricində  də  geniş  şöhrət 
qazandırmışdır. 
Əsər dörd nəğməyə bölünür. Birinci nəğmədə poetik 
yaradıcılığın əsas prinsipləri şərh olunur, şeir yaradıcılığının, 
üslub 
və 
kompozisiyanın 
ümumi 
qanunları 
müəyyənləşdirilir. Ara-sıra fransız şeirinin tarixindən danışan 
Bualo  erkən  orta  əsrlər  və  İntibah  ədəbiyyatını  yaxşı 
bilmədiyini  nümayiş  etdirir.  Görünür  ki,  daha  çox 
klassisizmin  estetik  prinsiplərinə  uyaraq  Malerbi  Ronsardan 
daha  üstün  tutur.  İkinci  nəğmədə  ayrı-ayrı  poetik  janrlar 
təhlil  olunur.  Lirik  janrlardan  idilliya,  elegiya,  oda,  sonet, 
epiqram,  satira,  vodevil  və  nisbətən  ötəri  şəkildə  rondo, 
ballada, 
madriqal 
səciyyələndirilir.  Bütün  janrların 
qanunlarını  Bualo  onların  özlərindən  çıxarır,  formal 
cəhətlərə  və  əlamətlərə  deyil,  məzmunun  spesifik 
xüsusiyyətlərinə əsaslanır. 
Üçüncü  nəğmə  faciə,  komediya  və  epopeya  janrına 
həsr  olunmuşdur.  Epopeya  janrına  fransız  ədəbiyyatında 
layiqli  nümunə  tapa  bilməyən  Bualo  daha  çox  Homer  və 
Vergiliyə  ehtiram  əlaməti  olaraq  bu  janrdan  söhbət  açır. 
Faciədən  danışarkən  Rasinin  yaradıcılığını  əsas  nümunə 
götürür,  komediyaya  isə  dostu  Molyerdən  çox  Terensiyə 
istinad  edir.  Bualo  Molyeri  həddindən  çox xəlqi yazıçı  kimi 
həzm edə bilmir. Dördüncü nəğmədə Bualo şairlərə bir sıra 
əxlaqi  öyüdlər  verib  onları  var-dövlət  arxasınca  qaçmaq 
ehtirasından uzaq olmağa çağırır. 
Bualo "Poeziya sənəti"ndə Dekartın fəlsəfi metodunu 
ədəbiyyata  tətbiq  edir.  Universal  ağıl  qarşısında  səcdə  edən 
Bualo  şairləri  ağlı  sevməyə,  ondan  qüvvət  almağa  çağırırdı. 
Ağıl  anlayışı  altında  Bualo  mütləq,  universal,  hələ  antik 

Afaq Yusifli İshaqlı 
 
 
220 
dövrdə  yaranan,  lakin  orta  əsrlərdə  itirilən  yüksək  bədii 
zövqü nəzərdə tuturdu. Bualoya görə, onun dövründə həmin 
yüksək  bədii  zövq  formasında  başa  düşülən  universal  ağıl 
yenidən cəmiyyətin yüksək dairələrinin başqa sözlə, saray və 
şəhərin nəsibi olmuşdur. Odur ki, Bualo şəhəri müşahidə et-
məyi,  sarayı  öyrənməyi  məsləhət  görürdü.  Başqa  sözlə, 
Bualo  sarayın  zövqünə,  baxışlarına,  anlayışlarına,  estetik 
qiymətlərinə  uyğunlaşmaq  və  buna  uyğun  olaraq  yazmağı 
tələb edirdi. Lafonten sarayın zövqünə xoş gəlməyən sərbəst 
aşiqanə  novellalar  yazdığı  üçün  kralın  xoşuna  gəlmədi. 
Bualo  isə  ustalıqla  hərəkət  edərək  onun  əleyhinə  açıq  çıxış 
etmədi. "Skapenin kələkləri" kimi kobud xalq şəbihi yaradan 
Molyeri  Bualo  öz  istedadını  alçaldan  bir  yazıçı  kimi 
qiymətləndirdi. Belə çıxırdı ki, Bualo üçün ən  yüksək sənət 
əsəri  sarayın  zövqünə  uyğun,  saray  üçün  yazılan  əsərlərdir. 
Bualonun estetikasının məhdud cəhətlərindən biri bu idi. 
Digər tərəfdən ağlı sevməyə çağıran Bualo fikrin hiss 
və  xəyal  üzərində  üstünlüyünü  təsdiq  edirdi.  Lakin  ağıl 
tərəfindən müəyyənləşdirilən həqiqəti gözəlliklə eyniləşdirir 
və  onların  hər  ikisini  təbiətdə,  obyektiv  gerçəklikdə  axtarır. 
Bualo  belə  hesab  edirdi  ki,  poeziya  təbiəti  əks  etdirməklə, 
onu təqlid etməklə bütün insanlara eyni dərəcədə zövq verir 
və onun ədəbi qiyməti də özünü əsasən bunda təzahür edirdi. 
Lakin  təbiəti  təqlid  etməyi  sənətin  əsas  prinsiplərindən  biri 
sayan Bualo özünün bu realist prinsipinə bəzi məhdudluqlar 
artırır. Şairləri "alçaq" təbiətə təqlid etməkdən çəkindirməyə 
çalışır.  Halbuki  özünün  komik  qəhrəmanlıq  poemasında  və 
bir  sıra  satiralarında  işlək  kobud  predmetlərin  təsvirindən 
çəkinmir.  Burada  onun  nəzəriyyəsi  ilə  yaradıcılıq  təcrübəsi 
bir-birini rədd edir. Təbiəti təqlidlə  yanaşı  Bualo poeziyanın 
"xoşa gəlmək" və "əyləndirmək" prinsiplərini də xüsusi qeyd 
edir. 
Poeziyanı  təsadüflər,  müstəsnalıqlar,  eybəcər  qəri-

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
221 
bəliklər deyil, ümumi hadisələr cəlb etməlidir. Bualoya görə, 
şair  xüsusi  və  fərdi  hadisələr  arxasında  ümumi,  tipik 
xüsusiyyətləri  görməli  və  əks  etdirməlidir.  Burada  da 
mücərrəd və rasionalist tipikləşdirmə tələbi Bualonun təbiətə 
təqlid prinsipini xeyli dərəcədə məhdudlaşdırır. 
Antik  yazıçılardan  təbiətə  təqlid  etməyi  öyrənməyə 
çağıran  Bualo  burada  da  məhdudluğa  yol  verir,  antik 
müəlliflərdən  ancaq  XVII  əsr  Fransa  həyatına  uyğun  gələn 
cəhətləri götürürdü. Bununla yanaşı Bualo antik poeziyasının 
sadəliyini, doğruluğunu, realizmini onun əsas gözəlliyi kimi 
düzgün hiss edirdi. 
Bualonun  estetik  görüşləri  aristokratik  səciyyə  daşı-
yır. O, aşağı təbəqələri, xalq nümayəndələri içərisindən çıxan 
oxucuları 
nəzərə 
almır, 
şairləri 
onların 
zövqünə 
uyğunlaşmaqdan  çəkindirməyə  çalışır.  Xalq  sənətini  başa 
düşməyən  Bualo  bu  sənəti  vulqar,  bazar,  küçə  sənəti  kimi 
qiymətləndirirdi. 
Aristokratizmindən 
irəli 
gələn 
məhdudluqlarına  baxmayaraq  Bualonun  əsəri  mütərəqqi 
estetik fikrin formalaşması tarixində mühüm rol oynamışdır. 
Onun  bədii  doğruluq,  aydınlıq,  sadəlik,  dil  təmizliyi  və  s. 
haqqındakı  nəzəri  fikirləri  indi  də  öz  əhəmiyyətini 
itirməmişdir.  Fransada,  Almaniyada,  Rusiyada  "Poeziya 
sənəti"  güclü  təsirə  malik  olmuş,  klassisizmin  davam  etdiyi 
dövrlərdə  onun  əsas  qanunlar  kodeksi  kimi  qarşılanmışdır. 
Bualoya həmişə yüksək qiymət verən Puşkin onun haqqında 
yazmışdır:  "Fransızlarda  XVII  əsrin  yüksək  ağıl  sahibləri 
xalq  poeziyasını  bələkdə  gördülər  və  ona  nifrət  etdilər,  ona 
görə  də  klassik  antik  dövrün  nümayəndələrinə  üz  tutdular. 
Güclü  istedada  və  kəskin  ağla  malik  şair  Bualo  öz 
qanunnaməsini yazdı və söz sənəti ona təslim oldu." 
Bualonun  "Poeziya  sənəti"  kitabı  Azərbaycan  dilinə 
tərcümə  edilmiş  və  1969-cu  ildə  çap  olunmuşdur.  Həmin 
nəşrə  yazdığı  müqəddimədə  Ə.Ağayev  müasir  baxımdan 

Afaq Yusifli İshaqlı 
 
 
222 
Bualonun  fikirlərini  qiymətləndirərək  yazır:  "Ümumi 
dünyagörüşündəki və nəzəriyyəsindəki bir sıra ziddiyyətlərə, 
bədii  ədəbiyyatın  təcrübəsində  və  nəzəriyyəsində  çoxdan 
aradan  çıxmış  və  köhnəlmiş  fikirlərinə  baxmayaraq, 
Bualonun  bütünlükdə  bədii  yaradıcılıq,  istedad,  yaradıcılıq 
zəhməti, bədii dil və sairə haqqında bir çox mülahizələri hələ 
də  öz  əhəmiyyətini  itirməmişdir.  Bu  mülahizələrin  xeylisi 
müasir  nöqteyi-nəzərdən  də  maraqlıdır."  Buraya  ancaq  onu 
əlavə  edək  ki,  Bualonun  ədəbiyyat  tarixində  xidməti  təkcə 
onun  bu  gün  üçün  də  maraqlı  olan  fikirləri  ilə  deyil,  bütöv-
lükdə  öz  dövrü  üçün  yenilik  olan  nəzəri  müddəaları  ilə 
müəyyənləşir,  onlardakı  mütərəqqi  və  məhdud  cəhətlərin 
vəhdəti, tənasübü ilə ölçülür. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
223 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin