Dərs vəsaiti Azərbaycan Respublikası


"Don  Juan,  yaxud  Daş  qonaq"



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 
"Don  Juan,  yaxud  Daş  qonaq".  Bu  komediya 
ədibin  başqa  əsərlərindən  fərqli  olaraq  nəsrlə  yazılmış,  əsas 
qəhrəmanının  surəti  inkişaf  və  dəyişmədə  təqdim 
olunmuşdur.  Klassisizmin  estetik  normaları  ilə  uyğunlaş-
mayan  bu  cəhət  komediyanın  ideya  istiqamətində  də  özünü 
büruzə verir. 
Don Juanın obrazı ilk dəfə Tirso de Molina tərəfindən 
yaradılmış və Molyerə qədər bir çox sənətkarlar bu mövzuda 
müxtəlif əsərlər yazmışdılar. Molyer ilk dəfə Don Juan surəti 
ilə  əlaqədar  geniş  realist  ümumiləşdirmə  aparmış  və  onun 
müəyyən  fəlsəfi  şərhini  vermişdir.  Digər  tərəfdən  bu 
mövzudan istifadə edərək tartüfçülüyün, riyakar möminliyin, 
ikiüzlü  nəcibliyin  iç  üzünü,  eybəcərliyini  açıb  göstərməyə 
çalışmışdır.  Molyer  zadəganlığın  əxlaqi  pozğunluğuna 
gülməklə  kifayətlənmir.  Onun  komediyasında  incə  şəkildə 
zadəganlığın ünvanına daha ciddi ittihamlar söylənilir. Təsa-

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
197 
düfi deyildi ki, prins Konde komediyanın tamaşasından bərk 
qəzəblənmişdi.  Əsər  ona  "Tartüf"dən  daha  qorxulu 
görünmüşdü. 
Don  Juanın  xarakteri  əsərdə  ziddiyyətli  verilmişdir. 
Yaxşı və eybəcər cəhətləri onda qəribə bir vəhdət təşkil edir. 
Komediyanın  əvvəlində  nökəri  Sqanarel  onu  "ən  böyük 
cani",  "köpək,  iblis,  türk,  kafir,  cənnətə  və  cəhənnəmə 
inanmayan 
dinsiz", 
"qulyabanı", 
"Epikur 
donuzu", 
"Sardanapal"  adlandırır.  Don  Juan  yüngüldür,  qeyri-sabitdir, 
dünyanın  bütün  qadınları  ona  gözəl  görünür,  kəpənək 
güldən-gülə  uçan  kimi  o  da  bütün  qadınlara  sahib  olmaq 
istəyir.  Sqanarel  ağasının  bu  sağa,  sola  sevməyini  alçaq 
hərəkət  kimi  pisləyəndə  o  belə  cavab  verir:  "Mən  təbiətin 
bizim  boynumuza  qoyduğu  borcu  yerinə  yetirib  hər  birinə 
hörmət  və  ehtiram  göstərirəm.  Əgər  mənim  on  min  ürəyim 
olsa,  hamısını  verərdim!"  Ağasının  axmaq  hərəkət  etdiyi 
Sqanarelə gün kimi aydındır. 
Sqanarel  komediyada  xalq  müdrikliyini  təmsil  edir. 
Hadisələrə  ayıq  yanaşır,  filosof  kimi  düşünür.  Onun  bəzi 
replikaları Fiqaronun sözlərini xatırladır. Yüz il sonra Fransa 
burjua  inqilabı  ərəfəsində  Fiqaronun  deyəcəyi  bəzi  sözləri 
Molyerin  Sqanarelinin  dilindən  eşitmək  təsadüfi  deyildir. 
"Kübar  şəxs  olduğunuza,  yaxşı  burulmuş  bəyaz  parik 
qoyduğunuza,  lələkli  şlyapa,  qızılla  işlənmiş  paltar 
geydiyinizə, on rəngli lentlər taxdığınıza görə siz elə güman 
edirsiniz  ki,  başqalarından  ağıllısınız,  sizin  üçün  hər  şeyə 
icazə verilmişdir. Və heç kəs buna görə cəsarət edib həqiqəti 
sizə  deyə  bilməz."  Don  Juan  Sqanarelin  bu  mühakiməsinə 
cavab  vermir,  onun  əksinə  dəlil,  sübut  gətirmir,  ağalıq 
imtiyazından istifadə edib "yetər" deyərək nökərinin sözünü 
kəsir. 
Don Juan gah donya Elviranı, gah kəndli qızları Ma-
türina  və  Şarlottanı  sevir,  hər  birinə  məhəbbətdən,  sə-

Afaq Yusifli İshaqlı 
 
 
198 
daqətdən  danışır.  Don  Juan  sevgidən,  sədaqətdən  danışdığı 
anlarda  ikiüzlülük,  riyakarlıq  etmir.  Sadəcə  o,  qeyri-sabit 
olduğundan bir gün, bir an sonra nə baş verəcəyini də bilmir. 
Donya  Elvira  tərəfindən  qəfildən  yaxalanan  Don  Juan 
ikiüzlülüyə  qabiliyyəti  olmadığını  boynuna  alır.  Don  Juan 
cəsarətli və igiddir. Meşədə qışqırıq eşitdiyi vaxt öz həyatını 
təhlükəyə  ataraq  köməyə  qaçır.  Sqanarel  onun  bu  cür 
hərəkətini  dəlilik  adlandırsa  da,  daxilən  ağasının  bu 
keyfiyyəti ilə öyünür. 
Komediyada  dini  məsələlərlə  bağlı  mübahisə  və 
səhnələr  də  mühüm  yer  tutur.  Ağasının  allaha,  cəhənnəmə, 
şeytana,  axirət  həyatına  inanmaması  Sqanareli  o  qədər  də 
dəhşətə  gətirmir,  onun  "boz  rahibə"  inanmaması  ilə  isə  o 
qətiyyən razılaşa bilmir. 
"Boz  rahibdən"  gerçək  heç  nə  tanımayan  Sqanarelin 
mühakiməsi  xalq  kütlələrinin  dindarlığından  gəlir.  Dini 
dünyagörüşün müdafiəçisi kimi çıxış edən Sqanarel çox vaxt 
öz  sübut  və  dəlillərində  yanılır,  çaşır,  inandığı  dini 
müddəanın  əksini  sübut  edir.  Dilənçi  ilə  qarşılaşma 
səhnəsində o da Don Juanla birlikdə yoxsul dilənçiyə "hə tez 
ol,  bir  az  küfr  danış,  bunda  elə  böyük  bəla  yoxdur"  deyir. 
Əlbəttə, Sqanarel bunu ona görə deyir ki, yoxsul dilənçi Don 
Juanın dediyi qızıl pulu ala bilsin. 
Son  pərdədə  Don  Juan  birdən-birə  dəyişir.  "Mən  öz 
səhvlərimdən  imtina  edirəm,  mən  artıq  dünən  axşam  olan 
adam  deyiləm.  Ögeylər  qəfildən  məndə  elə  bir  dəyişiklik 
əmələ  gətirmişdir  ki,  bütün  dünyanı  heyrətləndirəcəkdir." 
Don  Juanın  atası  göz  yaşları  içində  sevinir,  Sqanarel 
şadlığından  yerə-göyə  sığmır.  Lakin  Don  Juanın  dəyişməsi 
başqa  xarakter  daşıyır.  O,  insanlara  gülmək,  Tartüf  maskası 
taxaraq  ətraf  mühitin  xeyir-duasını  qazanmaq  fikrindədir. 
Onun  fikrincə,  ikiüzlülük,  riyakarlıq  dövrün  ən  dəbdə  olan 
eybidir.  Don  Juan  zəmanəsinin  qüsurlarına  uyğunlaşaraq 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
199 
özünü  tövbə  etmiş,  göylərin  mənafeyini  qoruyan  bir  adam 
kimi qələmə verir. İkiüzlü və riyakar bir möminə çevriləndən 
sonra  o,  cinayətkar  və  intiqamçı  bir  adam  kimi  xoşuna 
gəlməyənləri  ateist  adlandırıb  kütbeyin  fanatikləri  onların 
üstünə tökəcəkdir. 
İndi o nə qədər və necə istəsə eyibli, qüsurlu ola bilər, 
lakin  heç  kəs  onun  barəsində  pis  söz  deyə  bilməz.  Əgər 
kimsə belə bir hərəkətə cəsarət etsə, riyakar möminlər dəstəsi 
onu  parça-parça  edər.  Belə  bir  məntiqlə  düşünən  Don  Juan 
tanınmaz dərəcədə dəyişilmişdir. O, gözlərini göyə dikib dua 
oxuyur. İndi o, həqiqətən iyrəncdir. Nökəri Sqanarel ağasının 
halını  görüb  deyir:  "Ağa,  sizdə  əmələ  gələn  bu  nə  iblisanə 
ahəngdir.  Bu,  olanlardan  daha  pisdir.  Siz  əvvəl  olduğunuz 
kimi mənə daha xoş gəlirdiniz." 
Məhz  ən  eybəcər  bir  xarakter  aldığı  belə  bir  vaxtda 
Don Juan cəzalanır. Komandorun heykəli peyda olur. İldırım 
çaxır,  yer  yarılıb Don Juanı udur. Belə bir final hamını razı 
salır.  Bircə  Sqanarel  maaşı  əldən  çıxdığı  üçün  belə  bir 
sonluğu  bəyənmir.  "Mənim  maaşım!  Mənim  maaşım!" 
deyərək hüznlü bir səslə səhnədə ora-bura qaçır. 
Molyer  öz  komediyası  ilə  tartüfçülüyün  yeni  güclü 
ifşasını verməklə bərabər cəmiyyətin əxlaqındakı süqutu əks 
etdirmiş,  kilsə  və  asketizmə  qarşı  insanın  müdafiəsinə 
qalxmışdır.  Burada  Şekspir  sənətinə  məxsus  bir  vüsət  və 
sənətkarlıq duyulur. Komediyanın səhnə taleyi də onun ideya 
və  məzmunu  ilə  bağlıdır.  Cəmi  bir  neçə  dəfə  oynanılandan 
sonra  əsər  repertuardan  çıxarılmış,  Molyer  özü  də,  görünür 
ki,  ehtiyat  etdiyindən  onu  tamaşaya  qoymaq  üçün  icazə 
almağa təşəbbüs göstərməmişdir. 
"Mizantrop".  "Mizantrop"  /MərdümGriz/  komedi-
yası  "Tartüf"  və  "Don  Juan"  qədər  kəskin  satirik  məzmuna 
malik  olmasa  da,  insan  və  cəmiyyət  haqqında  dərin 
düşüncələrin  ifadəsi  baxımından  diqqəti  cəlb  edir.  Bu  əsər 

Afaq Yusifli İshaqlı 
 
 
200 
komediya  satira  olmaqdan  çox,  komediya-mübahisədir. 
Molyer  komediya  üzərində  uzun  müddət  işləmiş,  hər 
misrasını  xüsusi  cilalamışdır.  Müasirləri  də  onu  heyranlıqla 
qarşılamış  və  yüksək  qiymətləndirmişlər.  Bualo  klassisist 
poetikanın  ölçüləri  baxımından  "Mizantrop"u  Molyerin  ən 
yüksək komediyası saymışdır. 
Komediyanın  mövzusunu  Alsest  və  Filint  adlı  iki 
dostun  mübahisəsi  təşkil  edir.  Dostlar  etiraf  edirlər ki,  insan 
kamil varlıq deyil, onlarda çox qüsurlar, zəifliklər var. Alsest 
insanların  "yaltaq,  tamahkar,  hiyləgər,  alçaq,  ədalətsiz" 
olduğunu  söyləyəndə  Filint  ona  etiraz  etmir.  O  da  insan 
cəmiyyətində çoxlu xoşa gəlməz cəhətlər görür. Dostlar bir-
birindən  məhz  bu  kamil  olmayan  insanlara  münasibətlərinə 
görə  fərqlənirlər.  Alsest  insanların  nöqsanlarına  qarşı 
amansızdır,  nöqsanlarına  görə  insanları  bağışlamaq,  aman 
vermək,  güzəştə  getmək  istəmir.  Qüsurlarla  dolu  insan 
cəmiyyətinə  nifrət  etməkdən  başqa  ədalətli  çıxış  yolu 
görmür.  O,  insanlara  diqqətlə  yanaşmaq,  əsl  şər  təbiətli 
insanlarla  müəyyən  qüsurları  olan  yaxşı  insanları  bir-birin-
dən  ayırd  etmək  istəmir.  Onun  fikrincə,  bütün  insanlar 
cəmiyyətdə  müşahidə  olunan  şərdə  günahkardır.  Birisi 
cinayət,  şər  törədirsə,  bir  başqası  bu  şərə,  cinayətə  qarşı 
çıxmır,  ona  nifrət  etmirsə,  cinayətkarla  eyni  mövqedə 
durmuş  olur.  "İstisnasız  olaraq  mən  bütün  insanlara  nifrət 
edirəm:  birini  ona  görə  ki,  şər  işlər  törədir,  insanlara  ziyan 
verir, başqasını ona görə ki, şər adamlara qarşı onlarda ikrah 
görmürəm.  Onları  nifrətin  həyatverici  qüvvəsi  şərlə  əbədi 
mübarizə ruhlandırmır." 
Filint  insanlara  belə  sərt  şəkildə  yanaşmır,  istisnasız 
olaraq hamıya nifrət etmir.  Əlbəttə,  nifrətə layiq  adamlar  da 
var.  Onun  fikrincə,  sevməyə,  hörmət  etməyə  layiq  olan 
adamlar  da  yox  deyildir.  Filint  daha  çox  insanların 
zəifliklərinə  qarşı  dözümlü  olmaq  fəlsəfəsi  ilə  çıxış  edir. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
201 
İttiham etməyə, həqiqətən, cəmiyyət üçün qorxulu, təhlükəli 
olanlar  layiqdirlər.  "Xahiş  edirəm,  insanın  təbiətinə  aman 
verək.  Bizim  hökmümüz  öz  yaxınlarımıza  qarşı  sərt 
olmamalıdır.  İnsanların  bəzi  xırda  qüsurlarını  onların  öz 
öhdələrinə buraxaq." 
Alsest  və  Filint  öz  düşüncələri  və  mühakimələri  ilə 
humanizmin iki təzahürünü təmsil edirlər. Alsest də insanları 
sevir.  Lakin  onun  insansevərliyində  bir  fanatizm,  bir 
ümidsizlik  var.  İnsan  qüsurlarına  dözə  bilməyən  bu  adam 
dünyanı tərk etmək istəyir. Bu hərəkəti ilə, bir növ, günəşin 
üzərində ləkələr gördüyü üçün ondan imtina edən bir adama 
bənzəyir. Məhz buna görə də Molyer onu "mizantrop", yəni 
"insansevməz"  adlandırır.  Komediyadan  isə  aydın  olur  ki, 
Alsestin  bu  mizantropluğu  onun  insanlara  olan  dərin 
sevgisinin  ifadəsidir.  Molyer  Filintin  tərəfindədir.  Onun 
insana münasibəti daha mülayim və insanidir. Dramaturq öz 
"mizantrop"  qəhrəmanını  tənqid  etsə  də,  əsər  boyu  onun 
məğlubiyyətini  göstərsə  də,  açıq-aydın  şəkildə  ona  rəğbət 
bəsləyir. Bu baxımdan Alsestə uğursuz bir sevgi ilə yanaşan 
Eliantanın  dediyi  aşağıdakı  sözlər  müəllifin  sözləri  kimi  də 
qiymətləndirilə  bilər:  "O  hər  şeyə  çox  qəribə  yanaşsa  da, 
etiraf  edirəm  ki,  mən  ona  pis  münasibət  bəsləmirəm.  Onun 
səmimiliyi  bəzən  elə  gözəldir  ki,  mənim  fikrimcə, 
qəhrəmanlara layiq ola bilər. Bəzi cizgiləri bizə az rast olur. 
Mən hamıda belə bir səmimilik olmasını istərdim." 
Alsest nöqsanlara qarşı barışmaz mübarizə tələb edir, 
lakin  özü  həyatda  bu  qüsurlarla  qarşılaşanda  çox  asanlıqla 
güzəştə  gedir.  Onun  sevdiyi  Selimena  yelbeyin,  dəcəl, 
adamların  arxasınca  danışıb  üzünə  gülən,  ətrafına 
pərəstişkarlar  toplamağı  sevən  bir  qızdır.  Alsest  bilir  ki, 
Selimena onun fəlsəfi idealına uyğun adam deyildir. Bununla 
belə onu sevir və sevməyə bilmir. 
Selimenadan 
səmimiyyət,  sədaqət  tələb  edir, 

Afaq Yusifli İshaqlı 
 
 
202 
şübhələri,  sualları  ilə  onu  bezdirir,  təngə  gətirir.  Alsestin 
hərəkətlərindən,  suallarından  bezən  Selimena  onu  sev-
mədiyini  bildirəndə  isə  Alsest  yazıqlaşır,  aman  diləyir. 
Selimenadan  xahiş  edir  ki,  sədaqətli  olmasa  da,  elə 
görünməyə çalışsın. 
Oront  adlı  bir  nəfər  ona  sonet  oxuyur,  Filint  özünü 
şair  sayan,  bu  sahədə  istedadı  olduğunu  düşünən  Orontun 
sonetinin  zəif,  heç  bir  şey  olduğunu  demir.  Orontun  öz 
yalançı  istedadı  ilə  öyünməsinə,  sevinməsinə  mane  olmaq 
istəmir.  Alsest  isə  özündən  çıxır,  dəhşətli  ittihamlar  irəli 
sürür,  belə  sonetlər  yazan  şairin  ancaq  dar  ağacından 
asılmağa  layiq  olduğunu  söyləyir,  adamlarda  özünə  qarşı 
qəzəb,  nifrət  oyadır.  Hər  xırda  iş  üstündə  bu  cır  özündən 
çıxan  Alsest  axırda  Selimenadan  da  imtina  edib  təkliyə 
çəkilir.  Filint  isə  Elianta  ilə  evlənərək  xoşbəxtlik  əldə  edir. 
Elianta  uzun  müddət  cavabsız  olaraq  Alsesti  sevir,  lakin  o, 
Alsestin  məhəbbətini  qazana  bilməyəcəyini  görüb  Filintə 
getməyə  razı  olur.  Filint  özü  də  uzun  müddət  Eliantanı 
sevmiş, lakin onun Alsesti sevdiyini bildiyi üçün ona heç nə 
deməmişdir.  Həm  də  Filint  öz  "xoşbəxt"  rəqibinə  qarşı  heç 
bir  nifrət,  paxıllıq  duymamış,  təəssüf  hiss  keçirməmişdir. 
Filintin belə xoşbəxt olması müəllif ideyasının özünəməxsus 
təsdiqi  kimi  səslənir.  Humanist,  mülayim,  insanların  kiçik 
qüsurlarına  qarşı  mərhəmətli  olan  Filintin  xoşbəxtlik  əldə 
etməsi  müəllif  münasibətinin  ifadəsidir.  Molyer  irsinin 
tədqiqatçıları  belə  hesab  edirlər  ki,  komediyanın  əsasında 
real  tarixi  şəxsiyyət  dayanmaqdadır.  O  cümlədən,  məşhur 
"Aforizmlər"  müəllifi  Laroşfuko  Alsestin,  "Təcrübələr" 
müəllifi filosof Monten isə Filintin prototipi kimi xatırladılır. 
Lakin  Molyerin  komediyası  Laroşfuko  ilə  Montenin  fikirlə-
rindən  istifadə  edərək,  təsirlənərək  müasir  fransız  cəmiy-
yətini  mühakimə  etməyə,  insan  haqqında  yeni  qabaqcıl 
mülahizələri  irəli  sürməyə  yönələn  maraqlı  bir  əsərdir. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
203 
Alsestin  sərt  ifşaedici  nitqi  ilə  J.J.Russonun  feodal-zadəgan 
cəmiyyətinə qarşı çıxışları arasında ciddi yaxınlıqlar duyulur. 
Bu  komediya  Fransada  ictimai  fikrin  dolğun,  realist 
mənzərəsini  yaradan  və  onun  sonrakı  inkişafına  güclü  təsir 
göstərən bir əsər kimi qiymətləndirilməlidir. 
 
"Xəsis".  "Xəsis"  komediyası  dünya  teatrlarının  səh-
nələrində  özünə  möhkəm  yer  tutan  əsərlərdən  biridir. 
Molyerin heç bir əsəri bu qədər geniş  yayılmamış, bu qədər 
oynanılmamışdır.  Komediyanın  süjeti  qədim  Roma 
dramaturqu Plavtın "Xəzinə" əsərindən götürülmüşdür. Tipik 
"xarakterlər komediyası" yaradan Molyer bu əsərdə xəsisliyi 
və  tamahkarlığı  qamçılayır,  bu  qüsura  qarşı  ikrah  oyatmaq 
istəyir.  Dramaturq  bir  insanın  xarakterindəki  müxtəlif 
cəhətləri  və  keyfiyyətləri  deyil,  klassisist  teatrın  tələbi  ilə 
hərəkət edərək obrazın xarakterindəki əsas, aparıcı keyfiyyəti 
əks  etdirir.  Komediyadakı  müxtəlif  şərtiliklərə,  qeyri-adi 
toqquşmalara, səhvlərə, tanımalara baxmayaraq Qarpaqonun 
simasında  xəsisliyin  canlı,  eybəcər,  xoşagəlməz  təcəssümü 
verilmişdir.  Molyerin  xəsisi  qorxulu  deyildir,  o,  gülünc, 
miskin,  komik  bir  varlıqdır.  Dramaturq  xəsisliyin  gülünc 
cəhətlərini  göstərməklə  tamaşaçını  bu  qüsura  gülməyə 
məcbur edə bilmişdir. 
Qarpaqon pyesin əsas mənfi qəhrəmanıdır, əslində o, 
xəsisliyin  təcəssümüdür.  Qarpaqon  namuslu,  xeyirxah 
adamlarla əhatə olunmuşdur. Gənc Valer də onlardan biridir. 
Bu  ağıllı,  düşüncəli  gənc,  Qarpaqonun  qızı  Elizanı  sevdiyi 
üçün onu itirməmək xatirinə yaltaqlıq edir. Qarpaqonun qızı 
Eliza gözəl, utancaq, eyni zamanda öz məhəbbətini qorumağı 
bacaran  bir  qızdır.  Kleant  atasına  bənzəməyən  namuslu, 
nəcib  bir  gəncdir.  Onun  nökəri  Ləfleş  çevik,  tədbirli, 
vicdanlı,  tamahkarlıqdan  uzan  bir  xalq  nümayəndəsidir. 
Ləfleş  ağasının  sevdiyi  Mariana  ilə  evlənməsinə  kömək 

Afaq Yusifli İshaqlı 
 
 
204 
etmək  xatirinə  Qarpaqonun  mücrüsünü  oğurlayır.  Aşpaz  və 
mehtər  Jak,  Qarpaqona  sədaqətlə  xidmət  etməsi  ilə  seçilir. 
Hətta miyançı Frozina da Qarpaqonla müqayisədə daha çox 
xoşa  gəlir.  Qarpaqonun  xəsisliyi  isə  ondakı  bütün  insani 
duyğuları öldürmüşdü. Ləfleş onu belə təqdim edir: "Cənab 
Qarpaqon  insanlar  arasında  ən  az  insani  bir  şəxsdir...  Onun 
eybəcər  xəsisliyi  adamı  dəhşətə  gətirə  bilər.  Sən  onun 
qarşısında ölsən də, o heç qımıldamaz da. Qısasını desək, o, 
pulu  təmiz  addan,  namusdan,  vicdandan  çox  sevir.  Onun 
yanına xahişə gələni gördüyü zaman onun bədəni qıc olmağa 
başlayır." 
Qarpaqonun  xəsisliyi  beş  pərdəlik  tamaşa  boyu  diq-
qəti  maqnit  kimi  özünə  çəkə  bilir.  Əsər  boyu  o,  ancaq 
özünün xəsisliyini nümayiş etdirir. Hətta məhkəmə komissarı 
qızıllarının  oğurlanması  haqqında  protokol  tərtib  edərkən 
qənaət  xatininə  çalışır  ki,  şamlardan  birini  söndürsün. 
Xəsisliyi ucundan o, hamıdan şübhələnir, hamını oğru hesab 
edir,  heç  kəsə  inanmır.  Qızıllarını  gizlədib  özü  öz  sirlərini 
açıb  tökür.  Xəsisliyindən,  vasvasılığından,  qorxduğundan 
"Mənim gizlədilmiş pullarım olması barədə şayiə  yayan sən 
deyilsənmi?"    deyərək  Ləfleşin  yaxasından  yapışır. 
Nökərindən  şübhələndiyi  vaxt  ondan  tələb  edir  ki,  əllərini 
göstərsin.  Nökər  hər  iki  əlini  göstərməsinə  baxmayaraq  o, 
kütlük və nadanlıqla "başqalarını" deyə qışqırır. Onun bu şə-
kildə  sağlam  ağıl  və  düşüncədən  kənara  çıxmasına  səbəb 
hədsiz xəsislik və şübhəçilikdir. 
Qarpaqon  başa  düşür  ki,  xəsislik  xoşagəlməzdir, 
pisdir,  ona  görə  də  özünün  xəsis  olduğunu  bilsə  də,  bunu 
özündən  belə  gizlətməyə  çalışır,  xəsis  olduğunu  boynuna 
almaq  istəmir.  Ləfleş  xəsislik  əleyhinə  danışanda  özünü  elə 
göstərir  ki,  guya  söhbətin  kimdən  getdiyini  bilmir.  "Axı  bu 
xəsislər kimdir?" – deyə, Ləfleşi sorğu-suala tutur. 
Qarpaqon  qızını  Anselm  adlı  varlı  bir  qocaya  ərə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
205 
vermək  istəyir.  Eliza  ilə  Valerin  bir-birini  sevdiyini,  gizlicə 
nişanlandıqlarını bilmir. Eliza Qarpaqonun istəyi ilə Anselmə 
getmək  istəmir.  Qarpaqon  bu  məqamda  Valerdən  kömək 
umur,  ondan  Elizanı  başa  salmağı  xahiş  edir.  Valer  isə 
müxtəlif  üsullarla  qocanı  insafa,  insanlığa  doğru 
istiqamətləndirmək istəyirsə də, onun cəhdləri heç bir nəticə 
vermir.  Qoca  qızını  cehizsiz  ərə  vermək  fikrindədir.  Onun 
xəsisliyindən,  inadkarlığından  dəhşətə  gələn  Valer  axırda 
istehza ilə qocaya deyir: "Siz doğru deyirsiniz. Burada istər-
istəməz  ağzını  yummalısan.  Cehizsizlik  gözəlliyi,  gəncliyi, 
nəcabəti, şərəfi, ağlı, namusu əvəz edir." 
Qarpaqon Valerin sözlərindəki istehzanı başa düşmür. 
Özü  ilə  həmrəy  olan  bir  adam  tapdığına  sevinir.  Qarpaqon 
xəsisliyi  ilə  bərabər  ikiüzlüdür.  O,  öz  tamahkar  niyyətlərini 
insana  mərhəmət  pərdəsi  altında  məharətlə  gizlədə  bilir. 
Gizlincə  sələmçiliklə  məşğul  olur,  böyük  faizlə  borc  pul 
verir.  Onun  verdiyi  borcların  qorxulu,  iflasedici  olduğunu 
Qarpaqon  yaxşı  başa  düşür.  Lakin  ikiüzlülüklə  bu  işi 
insanlara  mərhəmət  xatirinə  etdiyini  söyləyir.  Burada  o, 
müəyyən mənada Tartüflə birləşir. 
Oğlu  Kleantın  başqa  adla  Qarpaqondan  dəhşətli 
sələmlə borc pul götürməsi səhnəsi komediyanın ən maraqlı 
səhnələrindəndir.  Burada  xəsis  Qarpaqon  əvvəlcə  ölüm 
ayağında  olan  varlı  atanın  düşüncəsiz  oğlunu  ələ  keçirdiyi 
üçün  sevinir.  O,  gəncin  təcrübəsizliyindən,  çətin  vəziyyətdə 
qalmasından  istifadə  etmək  istəyir.  Mərhəmətdən,  insanlara 
köməkdən  danışır.  Lakin  "ölüm  ayağında  olan  varlı  atanın" 
özü olduğunu anlayanda dəhşətə gəlir. O, üzündən riyakarlıq 
maskasını  atıb  başqa  cür  danışır.  Kleant  isə  ona  belə  cavab 
verir:"Necə  ata!  Siz  belə  rəzil  işlərlə  məşğul  olursunuz." 
Molyer bu səhnədə Qarpaqonun təkcə xəsisliyini deyil, həm 
də  onun  pullarının  hansı  çirkin  yollarla  qazanıldığını  açıb 
göstərir. Bu yolla pul qazanmağı "oğurluq" adlandırır. 

Afaq Yusifli İshaqlı 
 
 
206 
Qızıl  mücrünün  oğurlandığı  vaxt  Qarpaqonun  dəli 
olmaq  dərəcəsinə  gəlməsi  səhnəsi  komediyanın  ən  maraqlı 
yerlərindəndir. Dəli kimi ora-bura vurnuxan, oğrunu axtaran 
xəsis  Qarpaqon  öz  əllərindən  yapışır,  oğrunu  tutduğun 
düşünür,  lakin  tezcə  də  başa  düşür  ki,  bu,  öz  əlləridir. 
Komissar  ondan  kimdən  şübhələndiyini  soruşanda,  dəli 
olmuş Qarpaqon belə cavab verir: "Hamıdan! Mən istəyirəm 
ki,  şəhərdə  və  onun  ətrafında  olan  bütün  adamları  həbs 
etsinlər." Bu xudbin, insanlığa və insanlara yadlaşmış vücud 
hamıdan  şübhələnir,  heç  kəsə  inanmır,  qızıllarından, 
pullarından  başqa  heç  kəsi,  heç  nəyi  sevmir.  Komediya 
nikbin  bir  sonluqda  bitir,  Mariana  və  Valer  atasını  tapır, 
gənclər  evlənirlər.  Qarpaqon  da  sevinir:  oğurlanmış  mücrü-
sünü ona qaytarırlar. O, şad bir nida ilə səhnəni tərk edir. 
"Meşşan  zadəganlıqda".  Balet-komediya  şəklində 
yazılan  bu  əsərdə  fransız  gerçəkliyinin  realist  mənzərəsi 
yaradılmışdır.  Komediya  Versal  əyanlarının  xoşuna 
gəlməmişdir.  Müəllifin  əsas  ideyasını  əks  etdirən  Kleontun 
zadəgan  olmaması  ilə  fəxr  etməsi,  həm  də  onun  özünün 
əsərdə  namuslu,  nəcib,  ağıllı  adam  kimi  göstərilməsi  aydın 
şəkildə  Molyerin  zadəganlığa  o  qədər  də  hörmətlə 
yanaşmadığını  təsdiq  edirdi.  Bunun  əksinə  qraf  Dorantın 
vicdansız  bir  fırıldaqçı,  markiza  Dorimenanın  isə  əxlaqsız 
qadın  kimi  təqdim  edilməsi  müəllif  mövqeyini  daha  da 
aydınlaşdırırdı.  Kobud  və  açıq  ürəkli  tacir  arvadı  madam 
Jurdenin  bəzi  sözləri  bu  cəhəti  daha  da  aydınlaşdırır:  "Mən 
çoxdan  başa  düşmüşəm  ki,  burda  sizin  yanınızda  nələr  baş 
verir. Mən axmaq deyiləm. Nəcabətli bir ağanın mənim ərimi 
bu  cür  axmaq  işlərə  qoşması  olduqca  iyrəncdir.  Bəli,  siz  də 
xanım!  Ailədə  ziddiyyət  yaymaq,  mənin  ərimə  sizinlə 
əylənmə  imkan  vermək  kübar  bir  xanım  üçün  yaramaz  və 
ayıb  bir  işdir."  Zadəgan  nümayəndələrinə  Molyerin  bu 
şəkildə  yanaşması  onun  humanizmi  və  demokratizmi  ilə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
207 
bağlıdır. 
Bütün  komikliyinə  baxmayaraq  pyesin  əsas  qəh-
rəmanı  burjua  Jurden  tamaşaçıda  nifrət  və  ikrah  oyatmır. 
Burjua  Jurdenin  qoca  yaşlarında  zadəgan  davranış  nor-
malarını  öyrənmək  istəməsi,  evində  çoxlu  müəllimlər 
saxlaması,  zadəgan  rütbələri  almaq  arzusuna  düşməsi, 
əlbəttə,  gülüncdür.  Molyer  əsər  boyu  tamaşaçılarının 
nəzərinə  çatdırır  ki,  Jurdenin  can  atdığı  zadəganlıq  aləmi 
burjua  mühitindən  pisdir  ki,  yaxşı  deyil.  Jurden  markizaya 
məktub  yazmaq  istəyəndə  zadəganlığa  məxsus  ədalı, 
presiyoz  üslubu  rədd  edir.  Zadəgan  salonlarında  dəbdə  olan 
zərif melanxolik nəğmələr onu yorur və yuxulamasına səbəb 
olur.  O,  şadlıq,  sevinc  tərəfdarıdır.  Ona  görə  də  zarafatyana 
şən mahnıları daha çox xoşlayır. 
Molyer  Dorantı  bütün  xoşagəlməzliyi  ilə  bərabər 
mədəni  adam  kimi  təsvir  edir,  onu  karikaturlaşdırır.  Jurden 
onunla  müqayisədə  vəhşi  kimi  görünür.  Jurdenin  qaba, 
nahamar  hərəkətləri  qarşısında  Dorantın  davranışı  incə  və 
mədəni  görünür.  Lakin  Jurdenin  avamlığı,  sadəlövhlüyü 
ancaq şən gülüş doğurursa, Dorantın mədəni formada həyata 
keçirilən  fırıldaqçılığı,  dələduzluğu  ikrah  doğurur,  iyrənc 
görünür. Q.V.Plexanov "Rus ictimai fikrinin tarixi" əsərində 
yazır: "Molyerin "Meşşan zadəganlıqda" əsərini kim bilmir? 
Onun  incə  zadəgan  maneralarını  mənimsəmək  üçün 
göstərdiyi  gülünc  təşəbbüslər  indi  bizdə  xoş  əhval-ruhiyyə 
oyadır.  Göstərilən  komediya  XVIII  əsrdə  üçüncü  silkin 
ideoloqlarına belə təsir etmirdi. Mersye Molyeri onla ittiham 
edirdi ki, o, Jurdenin simasında "sadə və təmiz namusluluğa" 
gülmüşdür, burjua silkinin dövlətdə ən hörmətli, yaxud daha 
doğrusu,  dövləti  təşkil  edən  silki  alçaltmaq  istəmişdir."
1
 
Q.V.Plexanov doğru qeyd edir ki, Molyer Jurdenin simasında 
                                                 
1
 Г.В.Плеханов. История русской общественной мысли., т.III, Киев, 1985, 
с.51. 

Afaq Yusifli İshaqlı 
 
 
208 
üçüncü  silki  alçaltmır,  ona  gülmür.  Əksinə,  daha  çox  onun 
mövqeyindən  çıxış  edib,  can  atdığı  zadəganlın  aləminin 
xoşagəlməz simasını açıb göstərir. 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin