Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri


Gövdənin anatomik və morfoloji quruluşu



Yüklə 371 Kb.
səhifə10/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov

Gövdənin anatomik və morfoloji quruluşu.

Bitkinin mühüm orqanlarından biri gövdədir. Gövdə kök vasitəsilə torpaqdan alınan suyu və mineral duzları bitkinin yarpaqlarına və bütün yerüstü hissələrinə çatdırır. Eyni zamanda gövdə, yarpaqda hazırlanmış üzvi qida maddələrini də kökə ötürür. Beləliklə, gövdə kök ilə yarpaqlar arsında sıx əlaqə yaradır və yarpaqları öz üzərində saxlayır. Bitkinin yaşayış tərzindən asılı olaraq gövdə ehtiyat qida toplayan orqana da çevrilə bilər.

Adi halda da gövdə çoxillik bitkilərdə ehtiyat qida maddəsi toplayan orqan rolu oynayır. Bir çox bitkilərdə gövdə vegetativ çoxalmada çoxalma orqanı kimi bitkiyə xidmət edir.

Beləliklə, gövdə bitkinin bütün yerüstü hissələrini (yarpaqları, budaqları, zoğları və s.) daşıyan qida maddələrini bitkinin hər bir yerinə ötürən, ehtiyat maddə hazırlayan və toplayan, eləcə də bitkinin vegetativ çoxalmasına xidmət edən orqandır. Gövdə budaqlandığına görə bitkinin uducu səthinin də artmasına səbəb olur. O, təpəsi ilə böyüyür və rüşeym gövdəciyindən – ləpəaltı və ləpəüstü dirsəkdən əmələ gəlir. Gövdə istər quruluşca, istərsə də vəzifəsinə görə köklə sıx əlaqədardır.

Gövdənin yarpaqla örtülü hissəsinə zoğ deyilir. Yarpağın zoğa birləşdiyi yer buğum, zoğun iki qonşu buğum arasındakı hissəsi isə buğumarası adlanır. Buğumlar bir-birindən aralı yerləşdikdə zoğ uzanmış olur. Əksinə, buğumlar sıx yerləşdikdə zoğ qısalmış olur. Kələmin başı, alma və armudun meyvə zoğu qısalmış zoğa gözəl misaldır.

Zoğ tumurcuqdan əmələ gəlir. Hər hansı tumurcuq quruluşca qısalmış və hələ inkişaf etməmiş zoğdur. O, bir-birini kip örtən, çoxlu miqdarda, çox kiçik yarpaqcıqlar və pulcuqlar daşıyır.

Xırdaca yarpaqcıqlar və pulcuqlar tumurcuqda müxtəlif qayda üzrə yerləşir. Onların zoğun təpəsində yerləşmiş böyümə nöqtəsini əhatə edir və onun fəaliyyəti nəticəsində əmələ gəlir. Hər hansı tumurcuğun quruluşu böyümə konusunu xarici amillərin mənfi təsirindən qorumaq üçün maksimal dərəcədə uyğunlaşmışdır. Bununla əlaqədar olaraq tumurcuğun zəif yarpaqcıqlarını xaricdən kip örtən, nisbətən qalın, mumlanmış, kutinləşmiş və bəzi hallarda tükcüklərlə örtülmüş pulcuqların xüsusi əhəmiyyəti vardır. Bəzi bitkilərin tumurcuqlarının xarici örtüyü, at şabalıdında olduğu kimi, yapışqanlı və selikli maddə ixrac etməklə böyümə nöqtəsini daha yaxşı qoruyur.

Tumurcuqlar gövdənin üzərində tutduqları vəziyyətə və fizioloji xüsusiyyətlərinə görə müxtəlif olur. Tumurcuqların zoğ üzərində tutduğu mövqeyin və onların böyümə xüsusiyyətlərinin müxtəlif olması nəticəsində gövdə də müxtəlif qaydada budaqlanır.

Gövdə bitkinin ən əsas orqanıdır. O, bitkinin yeraltı hissəsinin kökünü yarpaqlar ilə birləşdirir. Qeyd etmək lazımdır ki, kök ilə gövdə arasında sərhəd müəyyən etmək nisbətən asan olsa da, gövdə və yarpaqlar arasında sərhəd çəkmək çox çətindir. Bu səbəbdən bir çox alimlər yarpaqlara müstəqil orqan kimi deyil, gövdənin yastılanmış çıxıntısı kimi baxırlar. Ona görə də gövdənin yarpaqla örtülü hissəsi vahid bir orqan kimi zoğ adlandırılır. Bu iki orqanın çox yaxın olmasını, onların təpə tumurcuğundan paralel inkişaf etməsi isbat edir.

Gövdə təpəsi ilə böyüyür. Onun yuxarıya doğru böyüməsi məhdud deyil və ona mühit amilləri təsir göstərə bilər.

Gövdə ilkin rüşeym tumurcuğunun inkişaf etməsi nəticəsində əmələ gəlir. Gövdənin birinci quruluşunu açılmağa başlamış tumurcuqda da görmək olar. Kökdə olduğu kimi, gövdədə də qabaqca birinci, sonra isə ikinci quruluş əmələ gəlir. Bu cəhətdən birləpəli bitkilər müstəsnalıq təşkil edir. Birləpəli otların əksəriyyətində gövdə onların ömürlərinin axırına kimi birinci quruluşda qalır. Birləpəli ağaclarda gövdə onların özlərinə xas ikinci quruluşa keçsə də iri gövdədə birinci quruluş aşkar görünür.

Hər halda gövdənin anatomik quruluşu onun daşıdığı vəzifələrə tamamilə

uyğun olur. Bu vəzifələri yerinə yetirmək üçün gövdədə güclü ötürücü toxuma, mexaniki toxuma, parenxim və örtücü toxuma əmələ gəlir. Gövdənin xüsusi quruluşu onu təşkil edən parenxim və ötürücü toxumanın qarşılıqlı münasibətindən asılıdır. Ötürücü topalar parenmxim toxuma içərisində müxtəlif şəkildə yerləşir və gövdədə müxtəlif quruluşlu sklet əmələ gətirir. İkiləpəli bitkilərdə topalar daha sistemli surətdə, birləpəli bitkilərdə isə sistemsiz yerləşir. Mərkəz silindrin quruluşu müxtəlif bitki tipləri üçün xarakterik olur. Mərkəz silindr yunanca stel – stele (dirək, sütun deməkdir) adlanır.

Gövdənin böyümə konusu tumurcuqların təpə hissəində yerləşir. Burada hər gövdə uzununa böyüyür, həm də yarpaqlar əmələ gəlir. Yarpaqlar konusda əmələ gələn birinci şişciklərdən inkişaf edir. Böyümə konusunun ən uc hissəsi gövdənin böyümə nöqtəsindən ibarətdir. Hanşteynin (1868) histogen nəzəriyyəsinə görə çiçəkli bitkilərin böyümə nöqtəsində tək inisial hüceyrə deyil, bir neçə yarus üzrə yerləşən inisial hüceyrə qrupu olur. Onun fikrinə görə böyümə konusunun xarici hüceyrə qatının altındakı meristem hüceyrə kütləsindən gövdənin və ümumiyyətlə bitkinin bədən quruluşu təşkil olunur. Qeyd edilən meristem hüceyrə kütləsinin o üç zonaya – histogenə bölür (“histos” yunanca geyim, toxuma deməkdir):

1) dermatogen (yunanca “dermatogen”, dəri deməkdir);

2) periblem (yunanca “periblem”, geyim, paltar deməkdir);

3) plerom (yunanca “plerome” doldurma deməkdir.

Bir çox bitkilərin istər gövdə (xüsusən su bitkilərində), istərsə də kök konusunda hər üç hüceyrə zonasını görmək mümkündür. Dermatogen böyümə konusunun ən xaricində yerləşən bir qat hüceyrədir, ondan zoğun və ya kökün dəriciyi başlanğıc götürür. Periblem, dermatogenin altında yerləşir və bir neçə hüceyrə qatından ibarət olur. Bu meristem histogenindən orqanın qabıq hissəsi əmələ gəlir. Plerom, böyümə konusunun mərkəz hissəsindəki meristem hüceyrə qrupundan ibarətdir. Burada hüceyrələr çoxlu miqdarda olmaqla, müxtəlif istiqamətdə bölünür. Belə təsəvvür yaranır ki, bölünmədə olan meristem hüceyrələr orqanın mərkəz hissəsini doldurur, buna görə də, plerom, yəni “doldurma” adlandırılır. Plerom mərkəz silindri əmələ əmələ gətirir, o dermatogenə və periblemə nisbətən böyük hüceyrə kütləsi şəklində inkişaf etmiş olur. Dermatogen və periblem, pleromu bir örtük kimi hər tərəfdən əhatə edir. Onların hüceyrələri əsasən antiklinal (böyümə nöqtəsinə perpendikulyar) istiqamətdə bölünür.

Böyümə konusunun quruluşundan bəhs edən nəzəriyyələrdən biri də tunuka – korpus nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən böyümə konusunun xarici qatını tunika, daxili hissəsini isə korpus – bədən təşkil edir. Bu halda böyümə konusunun təpə hissəsində bir neçə hüceyrə qatından ibarət, bölünmədə olan inisial hüceyrə kütləciyi yerləşir. Qeyd edilən hüceyrə kütləciyinin bir-iki və ya dörd cərgəyə qədər xarici qatı antiklinal istiqamətdə bölünən hüceyrələrdən ibarət olur. Tunikanın altında inisial hüceyrələrdən törəmiş aktiv bölünən, daha massiv hüceyrə kütləsi yerləşir ki, bu da korpusdan ibarətdir. Korpus hüceyrələri müxtəlif istiqamətdə bölünür. “Tunica” latın dilində üst geyim, “Corpus” isə bədən deməkdir. Tunikadan gövdənin örtücü toxuması və bəzən qabıq hissəsi, korpusdan isə mərkəz silindr və bəzən qabıq təşkil olunur.

Tunika-korpus nəzəriyyəsinin prinsiplərini müxtəlif alimlər irəli sürmüşlər, əsasını isə Şmidt (1924) qoymuşdur. O tunikanı və korpusu böyümə konusunun aydın seçilən, ancaq biri digərindən asılı hissəsi kimi nəzərdən keçirir.

Birləpəli bitkilər ikiləpəli bitkilərdən xarici görünüşləri ilə fərqləndikləri kimi, onların anatomik quruluşları da müxtəlifdir. Xüsusən, gövdə quruluşlarına görə və həmin orqanda quruluş təşkili üsullarının müxtəlifliyinə görə müəyyən fərqlər müşahidə edilir.


Yüklə 371 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin