Alp mərhələsi
Qafqaz qırışıqlıq sistemində Alp mərhələsi Karpat və Dağlıq Krıma nisbətən sonra, yəni erkən Yurada (J1) başlayır. Burada Yuranın əvvəlində baş verən qalxma və qırışıqlıq əmələgəlmənin qədim Kimmeri fazası Hersin mərhələsini başa çatdırmışdır. Alp mərhələsi Böyük və Kiçik Qafqazda geosinklinal çökəkliklərin yaranması təkamülü və onların qapanaraq dağlıq qırışıqlıq sistemə çevrilməsində ən əsas mərhələ hesab olunur.
Qafqazın Alp tektonik-maqmatik inkişaf mərhələsi aşağıdakı başlıca yarımmərhələlərə bölünür.
Alp mərhələsinin başlanğıc dövrü (gec Perm-Trias, ilkin yarımmərhələ). Bu dövr Böyük Qafqazın cənub yamacında Hersin mərhələsindən irsi inkişaf edən geosinklinal çökəkliyin olması və Qafqazqarşısı Epihersin platformasının çökmə örtüyünün aşağı horizontlarının formalaşması mərhələsidir. Böyük Qafqazın Pşekiş-Tırnıauz qırılma zonasından şimala və Stavropolda gec Permdə qalxma və yuyulma sahəsi olmuşdur. Şərqi Qafqazarxasında platforma xarakterli qitədaxili hövzə mövcud olmuş və burada qırmızı rəngli çöküntülər toplanmışdır. Manıç tikiş zonasında bu çöküntülərin qalınlığı daha çoxdur. Böyük Qafqazın cənub yamacda əvvəlki inkişaf mərhələsində yaranmış geosinklinal konsedimentasion inkişafını davam etdirmişdir. Burada əsasən aspid və qismən də karbonat formasiyası toplanmışdır. Triasa qədər Tırnıauz sahəsinin böyük ərazisində ensiz dağarası çökəklik mövcud olmuş və artıq Triasda dəniz Böyük Qafqazın şimal yamacda öz sahəsini genişləndirilmiş və daha şimala irəliləmişdir. Gec Triasda Şimali-Qərbi Qafqazqarşısında qrabenvari çökəklik yaranır.
Erkən Alb yarımmərhələsi (erkən və orta Yura- Böyük Qafqazda) və Yura-erkən Təbaşirrin əvvəli (Kiçik Qafqazda). Böyük Qafqaz kəskin geosinklinalının genişlənməsi və Kiçik Qafqazda geosinklinalın yaranması (Lök-Qafan), onun dərinləşməsi (maqmatizmin intensiv təzahürü ilə müşayət olunan) və geosinklinalların mərkəzi hissəsində qalxımların yaranması ilə başa çatan bir dövrdür. Böyük Qafqazın dəniz hövzəsi alt və orta Yura ərzində daha da şimala genişlənir və aalen əsrində Qərbi Qafqazqarşısının cənub hissəsini və bütün Şərqi Qafqazarxasını əhatə edir. Qafqazqarşısında çöküntülər platforma xarakterli olub, az qalınlığa malikdir. Pşekiş-Trnıauz zonasından cənuba çöküntülərin qalınlığı artır və kəsiliş miogeosinklinal xarakter alır. Böyük Qafqazın geosinklinalının mərkəzi hissəsində çöküntülərin qalınlığı daha da artır, sualtı vulkanik törəmələr (silit-karatofir formasiyası) onu örtən aspid formasiyası geniş yayılmışdır. Abxaz-Raçin zonasında alt Yuranın altda yatan horizontları qalınlığını azaldır, vulkanogen horizontlar kəsilişdə iştirak etmir, və terrigen-filiş törəmələri (Toar-Aalen) geniş yayılmışdır. Geosinklinalın mərkəzi qafqazı əhatə edən eninə qırılmalardan qərbə və şərqə doğru qalınlığın artması müşahidə olunur. Dağıstanda və Azərbaycanda Yuranın terrigen qatının qalınlığı 10 km-ə çatır. Böyük Qafqazın mərkəzi hissəsində orta Yuranın sonunda qalxma intensivləşir və Kelloveyin əvvəlində onun quruması və qırışıq əmələ gəlməsi ilə başa çatır. Şimal-Qərbi, Şərqi və Cənub-Sərqi Qafqaz mərkəzi antiklinoriumları və Mərkəzi Qafqaz horst-antiklinoriumu bu qalxma ilə yaranmışdır.
Orta Alb yarımmərhələsi (gec Yura-Eosen, Böyük Qafqazda; erkən Təbaşirin sonu-Oliqosen, Kiçik Qafqazda). Bu dövr inkişafınını davam etdirən mərkəzi qalxımların ətrafı boyunca yaranan müxtəlif tipli (filiş, karbonat, yaşıldaş) 2-ci geosinklinalların yaranması, onların qapanması və bu geosinklinalların yerində qırışıqlıq sistemlərin yaranması ilə xarakterizə olunur. Orta Yuranın sonunda qalxmanın nəticəsində Böyük Qafqazda öz tektonik rejiminə və çöküntütoplanmasına görə bir-birindən fərqlənən iki çökəklik formalaşır. Şimal yamacda nisbətən dərin olmayan çökəklik yerləşir ki, burada da karbonat və qismən də terrigen çöküntülər (2-3 km) toplanır. Bu çökəklik tədricən şimala doğru miqrasiya edir. Cənub yamacda baş silsilənin Kellovey qalxımı ilə Qafqazarxası aralıq massivin arasında qırılmalarla əhatə olunan ensiz, lakin kifayət qədər dərin, çökəklik formalaşır ki, burada da üst Yuranın və Paleosen-Eosenin filiş komleksi toplanır (6-8 km).
Gec Alb yarımmərhələsi (Oliqosen-Antropogen). Böyük və Kiçik Qafqaz qırışıqlıq sistemlərin inkişafı, onların daxilində qalıq çökəkliklərin qapanması, dağarası və ön çökəkliklərin yaranması və onların molasla dolması ilə xarakterizə olunur. Bu mərhələdə iki böyük faza ayrılır. Bunlardan biri Oliqosen-Miosen dövrünə müvafiq gəlir və alt molasın toplanması Böyük və Kiçik Qafqazın zəif qalxması ilə səciyyələnir. İkinci mərhələ Pliosen-Antropogen dövrünü əhatə edir və üst molasın (əsasən kontinental) toplanması intensiv qalxmış və dağlıq sistemlərdə subareal vulkanizmin baş verməsi ilə səciyyələnir.
Oliqosendən etibarən Qafqaz özünün son geosinklinal inkişaf mərhələsinə (orogen) keçir. Bu mərhələ nisbətən kiçik olan iki fazaya ayrılır ki, bunlar da alt və üst molasın toplanma vaxtına müvafiq gəlir. Bu fazaların sərhəddi adətən Sarmata müvafiq gəlsə də, bəzən sahələrdə (Şərqi Azərbaycanda) Məhsuldar qata (alt Pliosen) kimi qalxır. Oliqosendə Böyük Qafqaz həm eninə, həm də yuxarı inkişaf etməkdə davam edir, ətraf çökəklikləri qumlu-gilli materiallarla təmin edən bir oroqrafiq vahidə çevrilir. Böyük Qafqazın cənub yamacında Raça-Leçxum istisna olmaqla qalan çökəkliklərin inkişafı üst Miosenə kimi davam edir.
Sonra dəniz Mərkəzi Qafqazın Laba-Malka zonasının şimalına çəkilir və onu monoklinal quruluşa malik şimal qanadına çevirir.
Şimali Qafqaz çökəkliyində, xüsusən də onun şərq hissəsində Oliqosendə əyilmənin intensivliyi kəskin artır və bu çökəklik tədricən asimmetrik çökəkliyə çevrilir və Oliqosen-Miosen yaşlı alt molasla dolur. Miosenin ortalarında Stavropol qalxımı, Miosenin sonundə isə ondan cənubda yerləşən Şərqi Kuban qalxımı əyilmə sahəsindən çıxır və beləliklə vahid Qafqazqarşısı çökəklik iki dərin ön çökəkltyə (İndolo-Kuban, Terek-Xəzər) çevrilir. Sarmatın sonundan başlayaraq hazırkı dövrə kimi Terek çökəkliyində dəniz və kontinental üst molas çökəklikləri (qumlu konqlomerat-gilli) toplanır. Çökəkliyin mərkəzi hissəsində Pliosen və Antropogendə iki nəhəng antiklinal qalxım (Terek və Sujen) formalaşır və bu çökəkliyi bir sıra xırda çökəkliklərə ayırır. Kuban çökəkliyində bu mərhələ ərzində əyilmənin intensivliyi az olması ilə seçilir.
Sarmat-Meotisin sonunda Böyük Qafqazın qalxması kəskin sürətlənir və burada ilk dəfə mərkəzi hissədə yüksək dağlıq relyef yaranır. Mərkəzi Qafqazın qalxması maqmatizmlə müşayət olunur.
Meotis-Antropogen mərhələsində Böyük Qafqazın Mərkəzi və Şərq seqmentində qalxmanın amplitudası 4-5 km-ə çatdığı halda Qafqazın şimal-qərb və cənub-şərq hissəsində 1-2 km-ə qədər azalır.
Dostları ilə paylaş: |