Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında


VI.  SƏFƏRBƏRLİK ÜZRƏ  ÇAĞIRIŞ  VƏ TƏRXİS OLUNMA



Yüklə 392,5 Kb.
səhifə2/52
tarix25.12.2016
ölçüsü392,5 Kb.
#2909
1   2   3   4   5   6   7   8   9   ...   52
II. GƏNCLƏRİN HƏRBİ XİDMƏTƏ HAZIRLANMASI VƏ VƏTƏNDAŞLARIN ÇAĞIRIŞ   MƏNTƏQƏLƏRİNƏ  TƏHKİM EDİLMƏSİ

 

Maddə 3. çağırışaqədərki hazırlıq[5]



Çağırışaqədər yaşlı gənclər həqiqi hərbi xidmətə çağırılanadək onları hərbi xidmət keçməyə hərtərəfli hazırlamaq məqsədilə istehsalatdan və təhsildən ayrılmamaqla hər yerdə çağırışaqədərki  hazırlıq aparılır.

Gənclərin çağırışaqədərki  hazırlığı, o cümlədən mülki müdafiə üzrə hazırlığı ümumtəhsil, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrində buraxılışdan əvvəlki sinifdən başlayaraq çağırışaqədərki   hazırlıq rəhbərləri, müəllimləri tərəfindən həyata keçirilir.[6]

Çağırışaqədər yaşlı gənclərin və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların Vətənin müdafiəsinə fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər.[7]

Maddə 4. Çağırışçıların hərbi-texniki  ixtisaslar üzrə hazırlanması

17 yaşına çatmış çağırışçılar könüllü hərbi-vətənpərvərlik idman-texniki cəmiyyətinin təhsil təşkilatlarında , peşə məktəblərində və peşə liseylərində hər il istehsalatdan ayrılmaqla hərbi-texniki ixtisaslara yaxın olan peşələr üzrə hazırlıq keçə bilər. [8]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi ilə hərbi-texniki ixtisaslar üzrə hazırlanmalı olan çağırışçıların sayını Azərbaycan Respublikasının Nazirlər Kabineti, ixtisasların siyahısını və hazırlıq proqramlarını isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edir.

İstehsalatdan ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi saxlanılır və əsas iş yeri üzrə orta əmək haqqı, habelə təhsil yerinə gedib-gəlmək haqqı ödənilir. [9]

hərbi komissarlıqların çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə kəlməsi məcburidir.

Maddə 5. Ali tədris müəssisələri tələbələrinin (kursantların) zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı

Gündüz (əyani) ali tədris müəssisələri tələbələrinin (kursantlarının) zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ali məktəblərin struktur bölmələri olan hərbi (hərbi-dəniz) kafedralarda təşkil edilir və aparılır. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı səhhətinə görə hərbi xidmətə yarayan 35 yaşınadək kişi tələbələr, hərbi tibbi hazırlığı isə həm də orta ixtisas və ali tibb məktəblərinin qadın tələbələri keçirlər. [10]

Hərbi (hərbi-dəniz) kafedralarda zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığın aparıldığı hərbi ixtisasların siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.

Tam hərbi hazırlıq kursu keçib zabit rütbəsi almış və hərbi qulluqda olan şəxslərə ali məktəbdə hərbi hazırlıq keçdiyi dövr müddətli həqiqi hərbi xidmətin hesabına daxil edilir.

Ali məktəbə daxil olanadək müddətli həqiqi hərbi və ya alternativ xidmət, yaxud toplanış hazırlığı keçməmiş və ali məktəbdə tədris nəticəsində zabit rütbəsi almamış şəxslər ali məktəbi bitirdikdən sonra bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə və ya toplanışda hazırlığa çağırılırlar. [11]

Tələbələrin (kursantların) hərbi hazırlığına ümumi rəhbərliyi Azərbaycan  Respublikasının  Nazirlər Kabineti  həyata keçirir. Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birlikdə lazımi tədris-material bazasını yaradır, hərbi kafedraların müəllim heyətinin seçilməsini və hazırlanmasını təmin edir, bunun həyata keçirilməsinə nəzarət edir.

Hərbi hazırlıq ali məktəblərin dərs planlarına müstəqil tədris fənni kimi daxil edilir.

Maddə 6. Hərbi təhsil müəssisələrinə daxil olmağa hazırlıq[12]

Hərbi təhsil müəssisələrinə daxil olmaq arzusunu bildirən gənclərin yaşayış yeri üzrə hərbi komissarlıqlarda daxil olmadan əvvəlki ildə onlarla müəyyənedici toplanışlar və ya məşğələlər keçilir.

Hərbi, hərbi-dəniz məktəblərində, hərbi-bədən tərbiyəsi hazırlığının gücləndirildiyi və ya ilkin uçuş hazırlığı keçilən xüsusi internat məktəblərində də hərbitəhsil müəssisələrinə daxil olmağa hazırlıq aparılır.

Maddə 7.  Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi

Kişi cinsli vətəndaşlar 16 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. [13]

Vətəndaşlar çağırış məntəqələrinə hər il, yanvar—mart ayları ərzində daimi və ya müvəqqəti yaşayış yeri üzrə təhkim edilirlər.

Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər.

Bu Qanunun 23-cü maddəsində göstərilmiş şəxslər, habelə hərbi vəzifələrin ilkin uçotunu aparmağın tapşırıldığı yerli icra hakimiyyəti orqanları, müəssisələr, idarələr, təşkilatlar , o cümlədən təhsil müəssisələri hər il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddətdə çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahılarını müvafiq rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına təqdim edirlər. [14]

Çağırış məntəqəsinə təhkim edilməli olan vətəndaşlar təhkim edilmək üçün hərbi komissarlığın fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə çağırış məntəqəsinə kəlməli və lazımi sənədləri təqdim etməlidirlər. Çağırışaqədər yaşlı vətəndaşların təqdim etdikləri sənədlərin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən olunur və hərbi komissarlığın fərdi çağırış vərəqəsində göstərilir.

Çağırış məntəqələrinə təhkim edilmiş vətəndaşlara çağırış komissiyasının qərarı elan edilir, çağırış məntəqəsinə təhkim edilmək haqqında vəsiqə verilir, onların hüquq və vəzifələri, hərbi uçotun qaydaları və hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur.

 

III.   HƏQİQİ   HƏRBİ   XİDMƏTƏ   ÇAĞIRIŞ [15]



 

Maddə 8. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması

Lazımi sayda vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında hər yerdə ildə dörd dəfə, yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılır. [16]

Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı elan olunduqdan sonra 20 gün müddətində qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə uçotda olduğu hərbi komissarlığa, hərbi uçotda olmayan çağırışçılar isə yaşayış yeri üzrə hərbi komissarlığa gəlməlidirlər.[17]

Müəssisələrin, idarələrin və təşkilatların, o cümlədən təhsil müəssisələrinin rəhbərləri çağırışçıları ezamiyyətlərdən geri çağırmalı və çağırış məntəqəsinə onların vaxtında gəlməsinə köməklik etməlidirlər. [18]

18 yaşına çatmış və daha yuxarı yaşlı çağırışçıların çağırış məntəqəsinin dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər hərbi komissarlığa təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı:

müdiriyyət tərəfindən başqa yerdə işə keçirilmiş olsun;

ailənin tərkibində, yaxud mənzil alması ilə əlaqədar yeni yaşayış yerinə köçmüş olsun;

təhsil müəssisəsinə qəbul edilmiş olsun və təhsil almağa getsin və ya təhsil müəssisəsini bitirmiş olsun və ya təyinat üzrə işə göndərilsin. [19]                             

Aşağıdakılar müəyyən edilmiş müddətdə çağırış məntəqələrinə gəlməməyin üzürlü səbəbləri sayılır:

çağırışçının xəstəliyi tibbi müayinəyə görə onu çağırış məntəqəsinə şəxsən gəlmək imkanından məhrum etmişdir;

kortəbii xarakterli maneə; bu zaman şəxsən gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı və ya daxili işlər orqanı tərəfindən təsdiq edilməlidir.

Həqiqi hərbi xidmətdən buraxılma Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

Azərbaycan Respublikasının xaricdə yaşayan kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla müəyyən edilmiş qaydada çağırılırlar. [20]

Üzrlü səbəblər olmadan qanunla müəyyən olunmuş müddətdə çağırış məntəqələrinə gəlməyən şəxslər, habelə üzrsüz səbəblərə görə hərbi xidmətə çağırış və hərbi hissələrə göndərilmək üçün hərbi komissarlıqlara gəlməyən vətəndaşlar və ya vətəndaşların  hərbi komissarlıqlara və ya toplanış məntəqəsinə vaxtında gəlmələrinə maneçilik törədən idarə, təşkilat və təhsil müəssisələrinin rəhbərləri  qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. [21]

Maddə 9. Çağırış komissiyaları                                          

Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonlarda, şəhərlərdə, şəhər rayonlarında aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: [22]

komissiyanın sədri - rayon ( şəhər) hərbi komissarı; [23]

komissiyanın sədr müavini - rayon ( şəhər) icra hakimiyyəti başçısının müavini; [24]

komissiyanın üzvləri—rayon, şəhər, şəhərdə rayon daxili işlər şöbəsinin nümayəndəsi, həkimlər, deputatlar.

Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının fərdi tərkibini müvafiq yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir.

Maddə 10. Rayon, şəhər,  şəhərdə rayon  çağırış  komissiyalarının vəzifələri

Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır:

çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək;

hərbi təhsil müəssisəsinə göndərilmək üçün namizədləri aşkara çıxarmaq və ilkin qaydada seçmək; [25]

tibbi, psixoloji və başqa göstərişlərə görə könüllü hərbi vətənpərvərlik idman-texniki cəmiyyətinin tədris müəssisələrində və texniki peşə məktəblərində çağırışçıların hərbi-texniki ixtisaslar üzrə hazırlanması proqramları əsasında təhsil almağa yarayan şəxsləri səmərəli bölüşdürmək;

çağırışçıların tibbi müayinəsini təşkil etmək;

vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və onların həqiqi hərbi xidmətdə istifadəyə təyin edilməsi haqqında qərar qəbul etmək;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bölgüsü üzrə müddətli həqiqi hərbi xidmətin keçilməsi yeri haqqında qərar qəbul etmək;

Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək;

müddətli həqiqi hərbi xidmətə çağırılan və hərbi tədris müəssisələrinə daxil olmaq arzusunu bildirən vətəndaşların qəbul imtahanları verməyə göndərilməsi və ya bu şəxsləri imtahanlara göndərməkdən imtina olunması haqqında qərar qəbul etmək. [26]

Maddə 11. Respublika çağırış komissiyası

Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə respublika çağırış komissiyası yaradılır:

komissiyanın sədri—Azərbaycan Respublikasının hərbi komissarı;

komissiya sədrinin müavini—Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təyin olunmuş şəxs;

komissiyanın üzvləri—Azərbaycan Respublikasının daxili işlər, səhiyyə və ədliyyə nazirlərinin müavinləri, ictimai birliklərin nümayəndələri, deputatlar.

Respublika çağırış komissiyasının fərdi tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Maddə 12. Respublika çağırış  komissiyasının vəzifələri

Respublika çağırış komissiyasına aşağıdakı vəzifələr tapşırılır:

müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslərin hərbi hissələrə göndərilməzdən əvvəl tibbi müayinəsini və tibbi müayinənin nəticələri və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmadığını bildirən şəxslərin yoxlama tibbi müayinəsini təşkil etmək;

çağırışçıların həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; [27]

rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək.

Xüsusi yoxlanış keçirmək zərurəti olmadıqda mübahisəli məsələləri respublika çağırış komissiyası on gün müddətində nəzərdən keçirməlidir.

Respublika çağırış komissiyasının hüququ var ki, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarlarını nəzərdən keçirsin və ləğv etsin.

Respublika çağırış komissiyasının qərarlarından qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarlarının hüquqa zidd olması barədə çağırışçıların və başqa şəxslərin şikayətləri bu qərarların yerinə yetirilməsini respublika çağırış komissiyası sədrinin qərarı ilə şikayətə baxılan, lakin bir aydan çox olmayan müddətə dayandıra bilər.

Maddə 13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı

Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər — cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir.

Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir:

həqiqi hərbi xidmətə yararlılıq haqqında;

səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında;

dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında;

hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında. [28]

Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda həqiqi hərbi xidmətə çağırılanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə  müraciət etmək hüququ vardır. [29]

Maddə 14. Çağırış  komissiyaları  üzvlərinin  məsuliyyəti

Çağırış komissiyalarının üzvləri qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Müddətli həqiqi hərbi xidmətə çağırış, çağırışdan azadetmə və ya möhlətvermə məsələlərini vicdansız və ya bilərəkdən qanunsuz həll etmək üstündə çağırış komissiyasının sədri və üzvləri, çağırışçıların tibbi müayinəsində iştirak etmiş həkimlər, habelə belə hüquq pozuntularında təqsiri olan digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə cəlb edilirlər.[30]

Maddə 15. (Çıxarılıb) [31]

 

IV.  MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞA MÖHLƏT VERİLMƏSİ   VƏ ÇAĞIRIŞDAN AZADETMƏ [32]



Maddə 16. Çağırışa möhlət verilməsi

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir.

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir. Həmin məsələdə komissiya yalnız bu Qanunu rəhbər tutur.

Möhlət almaq üçün əsasları itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən xidmətə çağırılmalıdırlar. [33]

Maddə 17.  Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi [34]

Ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

1) birinci qrup əlil olan ata və ya ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq, onları saxlamalı olan başqa övladları olmadıqda; [35]

(Çıxarılıb) [36]

2) hərbi xidmətə çağırılanadək doğulmuş üç və daha çox uşağı olan, yaxud birinci və qrup əlil olan arvad;

3) səkkiz yaşınadək üç və ya daha çox uşağı olan ana[37]

4) 18 yaşınadək və yaxud yaşları 18-dən yuxarı, lakin birinci və qrup əlil olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik  başqa şəxslər olmadıqda.[38]

Çağırışçılara ailə vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş  şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər. [39]

Maddə 18. Səhhətə görə çağırışa möhlət verilməsi

Tibbi müayinə zamanı həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə çağırışdan səhhətə görə möhlət verilir. [40]

Səhhətə görə çağırışdan möhlət üç il müddətinədək, hər dəfə bir ildən artıq olmamaq şərti ilə verilə bilər. Üç ildən sonra, səhhətinin vəziyyətindən  asılı olaraq, möhlət almış çağırışçılar ya həqiqi hərbi xidmətə çağırılırlar, ya da hərbi xidmətə tam yararsız hesab olunaraq hərbi uçotdan  çıxarılırlar, yaxud da 35 yaşına çatana qədər müntəzəm ardıcıllıqla təkrarən tibbi müayinədən keçərək ehtiyata keçirilirlər. Bu yaşa çatmamış  ehtiyatda olan şəxslər, təkrar ciddi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunarlarsa, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar. [41]

 

Maddə 19. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi [42]



Ümumi təhsil müəssisələrini bitirdikdən sonra mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış  təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir. [43]

a) ümumi təhsil müəssisələrində tam orta təhsil alan 20 yaşınadək çağırışçılara;

b) ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

v) orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara; [44]

q) dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrininəyani formada ali təhsilin bakalavriat səviyyəsində, o cümlədən tibb təhsilində əsas təhsil və rezidenturada təhsil alan tələbələrinə və xarici ölkələrdə əyani formada ali təhsil alan tələbələrə — təhsilini bitirənədək. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar; [45]

ğ) dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrini bitirəndən sonra  əyani formada magistraturada, aspiranturada davam etdirən şəxslərə — təhsilini bitirənədək. [46]

Təhsilini davam etdirmək üçün çağırışdan möhlət almış, həmçinin müxtəlif səbəblərə görə qanunvericiliklə müəyyən edilmiş müddətdə həqiqi  hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək həqiqi hərbi xidmətə çağırılırlar. [47]

Maddə 20. Deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq çağırışa möhlət verilməsi

Xalq deputatları sırasından çağırışçıların deputatlıq səlahiyyəti dövründə deputatlıq fəaliyyəti ilə əlaqədar çağırışına möhlət verilir.

Maddə 21. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə və müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar [48]

Dinc dövrdə aşağıdakı çağırışçılar sırasından vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

a) fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; [49]

b) səhhətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan  çıxarılmaqla həqiqi hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

v) alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməyə göndərilmiş çağırışçılar;

q) 35 yaşı tamam olanadək müxtəlif səbəblər üzündən müddətli həqiqi hərbi və ya alternativ xidmət keçməmiş çağırışçılar; [50]

ğ) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar; [51]

d) Azərbaycan Respublikasında (habelə keçmiş SSRİ-də) həqiqi hərbi xidmət keçmiş vətəndaşlar. [52]

e) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman). [53]

Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:

a) ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza çəkən vətəndaşlar; [54]

b) əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;

v) barəsində olan cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud barəsində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar. [55]

(Çıxarılıb) [56]

 

                 V.   HƏRBİ  VƏZİFƏLİLƏRİN  VƏ  ÇAĞIRIŞÇILARIN  HƏRBİ   UÇOTU



Maddə 22.  Hərbi uçota qəbul və hərbi uçotdan çıxarma

Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün hərbi vəzifəlilər və çağırışçılar rayon, şəhər, şəhərdə rayon hərbi  komissarlıqlarında  aparılan hərbi uçota alınmalıdırlar. [57]

Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla ehtiyata buraxılmış bütün hərbi qulluqçular və çağırışla xidmət edənlər yaşayış yerinə kələn kimi, habelə həqiqi hərbi xidmətdən azad edilmiş və ehtiyata daxil edilmiş şəxslər hərbi uçota qəbulun rəsmiləşdirilməsi üçün müvafiq hərbi komissarlıqlara gəlməlidirlər. [58]

Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini üç aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi uçotdan çıxmalı, yeni və ya müvəqqəti yaşayış yerinə gəldikdə isə hərbi uçota durmalıdırlar. [59]

Maddə 23. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və hərbi vəzifəlilərin hərbi uçot qaydalarına əməl etmək vəzifələri[60]

Müvafiq icra  hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələrin, idarələrin, təşkilatların , o cümlədən təhsil müəssisələrinin rəhbərləri hərbi komissarlıqların tələbi üzrə hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında kəlməsinə kömək göstərməlidirlər. [61]

Daxili işlər orqanları:

hərbi vəzifəliləri və çağırışçıları yaşayış yeri üzrə yalnız o halda pasport qeydiyyatına almalı və qeydiyyatdan çıxarmalıdırlar ki, onların uçot-hərbi sənədlərində hərbi uçota qəbul və hərbi uçotdan çıxarma barədə hərbi komissarlıqların qeydləri olsun;

vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi uçot qaydalarına əməl etməsinə nəzarət olunmasında və Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi uçot qaydalarını pozan şəxslərin aşkara çıxarılmasında hərbi komissarlıqlara kömək göstərməlidirlər; [62]

hərbi vəzifəsinin icrasından, habelə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməkdən boyun qaçıran şəxsləri aşkar etməlidirlər. [63]

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar hərbi vəzifəlilərin və çağırışçıların öz adını, atasının adını, familiyasını dəyişdirməsi barədə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi barədə, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər. [64]

Təhqiqat və ibtidai istintaq orqanları — barəsində cinayət işi qaldırılmış çağırışçılara dair, cəzanı icra edən orqanlar — hərbi vəzifəlilər və çağırışçılar barəsində qanuni qüvvəyə minmiş hökmlərə dair onların uçotda durduğu rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına  yeddi  gün  müddətində  məlumat verməlidirlər. [65]

Cəzanı icra edən orqanlar ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə şərti məhkum edilmiş hərbi vəzifəlilərin hərbi biletlərini və çağırışçıların təhkim edilməsi barədə vəsiqələri müvafiq hərbi komissarlıqlara göndərməlidirlər. [66]

Tibbi-sosial ekspert komissiyaları 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş və əlil sayılmış bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində onların uçotda durduğu rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər. [67]

Mənzil-istismar təşkilatlarının və evləri istismar edən başqa təşkilatların, müəssisələrin, idarələrin rəhbərləri, habelə ev sahibləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlərin ev dəftərlərini, qeydiyyat vərəqələrini və uçot-hərbi sənədlərini onların hərbi uçota qəbulunun, uçotdan çıxarılmasının rəsmiləşdirilməsi və ya uçot məlumatının tutuşdurulması üçün müvafiq hərbi komissarlıqlara vaxtında təqdim etməli, habelə hərbi komissarlıqlara çağırılmaları barədə hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.

hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerinin ünvanını, iş yerini dəyişdirərkən hərbi uçotda olduqları müvafiq hərbi komissarlıqlara məlumat verməlidirlər.

 


Yüklə 392,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin