Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə3/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   2   3   4   5   6   7   8   9   ...   68
dis anar (1)

Fikrimcə, hətta ədəbi tənqidin xüsusi janr-



ları da mövcuddur: resenziya, açıq məktub, esse, ədəbi icmal, məqalə və sair kimi 
janrlar ədəbi tənqidə məxsusdur
” [92, s.476].
 
Haşiyə çıxaraq onu da deyək ki, 
filoloji fikirdə ədəbi tənqidin janrları barədə elmi mülahizələr ümumən qısa və 
azsaylıdır. Məsələn, Moskvada nəşr olunmuş “Ensiklopedik ədəbi lüğət”də müasir 
ədəbi tənqidin janrları sırasında əsasən bunlar sadalanır: “
məqalə, resenziya, icmal, 
esse, ədəbi portret, ədəbi-tənqidi dialoq, polemik replika, biblioqrafik qeydlər
” [258, 
s.170].
 
Ümumiyyətlə, XX əsr Azərbaycan ədəbi tənqidinin nəzəri prinsipləri, elmi 
axtarışları, inkişaf tendensiyaları, müxtəlif problemləri, görkəmli nümayəndələri və 
s. barədə ədəbiyyatşünaslığımızda çoxsaylı və müxtəlif xarakterli qiymətli tədqiqatlar 
aparılmış, “
tənqid haqqında elm-tənqidşünaslıq elmi-nəzəri və metodoloji cəhətdən 
formalaşmış, özünün vahid elmi-konseptual sistemini yaratmışdır
” [74, s.7].
Lakin Azərbaycan ədəbi tənqidinin regional aspektdə araşdırılmasına 
indiyədək təşəbbüs göstərilməmişdir. Halbuki ədəbi-tənqidi fikir tariximizin dolğun 
elmi mənzərəsinin əhatəli, hərtərəfli şəkildə yaradılması, dərindən öyrənilməsi üçün 
buna ciddi ehtiyac var. Xatırladaq ki, uzun illər boyu ədəbiyyat tariximizə dair 
tədqiqatlarda regional ədəbi mühitlərin yeri, rolu və xidmətlərinə ötəri diqqət 
yetirilməsi, onun məxsusi şəkildə araşdırılmaması ümumən söz sənətimizin inkişaf 
yolunun, yaradıcılıq axtarışlarının hərtərəfli, dolğun təqdimində bir sıra boşluqların 
qalmasına gətirib çıxarmışdı. Razılıq doğuran haldır ki, son onilliklərdə 
ədəbiyyatımızın inkişaf tarixinin regional aspektlərdə öyrənilməsi istqamətində də 
ciddi işlər görülmüş, Gəncə, Naxçıvan, Qarabağ, Lənkəran, Şamaxı, Quba və s. ədəbi 
mühitlərinin müxtəlif dövrlərdəki yaradıcılıq sferası və nümayəndələri barədə dəyərli 
tədqiqatlar yazılmışdır. Ayrıca vurğulayaq ki, bu, ümumazərbaycan ədəbi 
təcrübəsinin axarını süni surətdə hissələrə ayırmaq deyil, əksinə, regional ədəbi 
mühitlərin ədəbiyyatımızın ana nəhrinin vahid məcrasına qovuşan qolları kimi 
öyrənilməsidir.
Çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişafına zaman-zaman böyük töhfələr 
vermiş Naxçıvanda ədəbiyyatşünaslığın, o cümlədən ədəbi tənqidin iyirminci 



yüzillikdə keçdiyi çoxşaxəli inkişaf yolu da tədqiqat üçün geniş, əhatəli material 
verir.
AMEA-nın müxbir üzvü Yaşar Qarayev yazırdı: “
XX əsrin tənqidi-estetik fikri 
mənəvi fəaliyyətin bütün sahələrində ən narahat əxlaqi və fəlsəfi axtarışları dolğun və 
intensiv şəkildə mənimsəyir, müasir mənəviyyat və təfəkkürün tərcümanı rolunda 
müvəffəqiyyətlə çıxış edir, özü də bu zaman o, yalnız bədii əsəri yox. həm də 
gerçəkliyi və zamanı dərk etməkdə oxucuya kömək edir
” [53,s.44-45].
 
XX əsrdə 
Naxçıvanda da bu böyük vəzifələrin həyata keçirilməsi istiqamətində sistemli, əhatəli 
işlər görülmüş, buradakı tənqidçi, ədəbiyyatşünas, şair və yazıçılar ədəbi-tənqidi 
əsərləri ilə ədəbiyyatımızın yüksəlişi naminə mühüm addımlar atmışlar. Onların bir 
çox əsərləri Azərbaycan ədəbi fikrinin müxtəlif mərhələlərdə üzə çıxmış ən yaxşı 
nümunələri ilə bir sırada dayanır. Belə zəngin ədəbi-tənqidi materialların hərtərəfli 
şəkildə araşdırılıb öyrənilməsi bütövlükdə Azərbaycan ədəbi tənqidinin XX əsrdəki 
inkişaf yolunun və problemlərinin, yaradıcılıq axtarışlarının tədqiqi işinə ciddi xidmət 
sayıla bilər. Təqdim olunan dissertasiyanın mövzusunun aktuallığı da bununla 
şərtlənir.
XX əsrdə Naxçıvanda ədəbi tənqidin inkişaf yolu indiyədək məxsusi 
araşdırmanın mövzusu olmamışdır. Bununla belə, müxtəlif vaxtlarda ayrı-ayrı 
tədqiqatlarda bəzi elmi fikirlər söylənilmişdir ki, onları üç qrupda birləşdirmək 
mümkündür: 
1) Azərbaycan nəzəri və tənqidi fikir tarixinə dair bəzi tədqiqatlarda 
Naxçıvanda yaşayıb fəaliyyət göstərən ədiblərin ədəbi-tənqidi görüşləri barədə də 
bəzi qısa təhlillərə rast gəlirik. Akademik Kamal Talıbzadənin [239,s.49, 79-80, 173-
177; 238, s.93-94], AMEA-nın müxbir üzvü Kamran Əliyevin [67,s.22, 106-108], 
professor Xeyrulla Məmmədovun [170, s.119-120, 131-132]
monoqrafik 
tədqiqatlarındakı müvafiq səhifələr və bəzi digər analoji materiallar bu baxımdan 
xatırladıla bilər. 
2) XX əsr Naxçıvan ədəbi mühitinin müxtəlif aspektlərdə tədqiqinə dair 
əsərlərdə regionda ədəbi tənqidin inkişafı barədə də bəzi yığcam fikirlər 
söylənilmişdir: Surə Seyidin “Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit” 



mövzusunda fəlsəfə doktorluğu dissertasiyası (2008) və onun əsasında çap etdirdiyi 
monoqrafiyası [223], Nigar Sadıqzadənin “XX əsr Naxçıvan ədəbi mühitində 
ədəbiyyatşünaslıq məsələləri” adlı fəlsəfə doktorluğu dissertasiyası (2010) və bu 
mövzudakı monoqrafiyası [213], Nüşabə Məmmədovanın “XX əsr Naxçıvan ədəbi 
mühiti” [168], Nərgiz İsmayılovanın “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində 
Şərq və Qərb meylləri” [141] adlı fəlsəfə doktorluğu dissertasiyaları bu qəbildəndir. 
3)Naxçıvan ədəbi mühitinin yetirməsi olan görkəmli ədiblərin (M.T.Sidqi, 
C.Məmmədquluzadə, 
E.Sultanov, 
M.S.Ordubadi, 
H.Cavid, 
Ə.Qəmküsar, 
Q.Şərifzadə, H.İbrahimov, H.Razi və s.) yaradıcılığına həsr olunmuş bir sıra 
dissertasiyalarda, monoqrafik araşdırmalarda və bəzi məqalələrdə yeri gəldikcə 
onların ədəbi-tənqidi görüşləri barədə də yığcam fikirlər söylənilmişdir. Bunların ən 
mühümlərinə (İ.Həbibbəyli, K.Əliyev, X.Əlimirzəyev,Y.Axundlu və s. əsərləri) 
tədqiqat boyunca nəzər salacağımızdan burada əlavə sadalamaya ehtiyac duymuruq. 
Yalnız onu deyək ki, bilavasitə ədəbi tənqidlə bağlı bəzi araşdırmalarda da problemin 
lazımınca tədqiqini görmürük. Hətta fəaliyyətinin böyük qismini Naxçıvanda 
keçirmiş Əliqulu Qəmküsarın ədəbi-tənqidi görüşlərinə həsr olunmuş 82 səhifəlik 
kitabçanın [143]
 
50 səhifəsi şairin bədii yaradıcılığındakı əsas mövzulara, 10 səhifəsi 
isə əsərlərində klassik ədəbiyyat ənənələrindən istifadəyə həsr olunub. Qalan kiçik 
hissədə isə onun Naxçıvanda qələmə aldığı ədəbi-tənqidi düşüncələri barədə çox qısa 
şəkildə söz açilmişdir. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin