AZƏrbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix03.02.2017
ölçüsü0,74 Mb.
#7318
  1   2   3   4   5   6   7   8

RƏNA BAYRAMOVA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN RƏHBƏRLİYİNDƏ İXTİLAFLAR VƏ 
DAXİLİ  SİYASİ ÇƏKİŞMƏLƏR 
 
 
(1920 – 1925-ci illər) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – «Elm» - 2007 
 

ELMİ REDAKTOR: tarix elmləri doktoru, professor, 
əməkdar elm xadimi S.T.QƏNDİLOV 
 
RƏYÇİLƏR: t.e.d , prof. D.H.Qüdrətov 
t.e.n., dos. F.F.Əhmədova 
 
 
 
 
R.M.Bayramova.  «Azərbaycan  rəhbərliyində  ixtilaflar  və  daxili  siyasi 
çəkişmələr (1920-1925-ci illər)». 
 
Bakı, «Elm» nəşriyyatı, 2007; 196 səh. 
 
 
 
 
Müstəqil,  demokratik,  çoxpartiyalı  cəmiyyətin  mövcud  olduğu  bir 
zamanda  totalitar  sovet  rejimində  baş  vermiş  siyasi  proseslərin  əsil  mahiyyətini 
açıqlamaq,  xüsusən  də  dövlət  rəhbərliyindəki  daxili  ixtilaflardan,  siyasi 
çəkişmələrdən  bəhs  etmək  asan  olduğu  qədər  də  məsuliyyətli,  ciddi  tədqiqat 
mövzusu hesab edilə bilər. İdeoloji diqtədən uzaq, obyektiv tədqiqat imkanı olduğu 
bir  şəraitdə  1920-1925-ci  illərin  ab-havasını,  dövlət  idarəçiliyi  mexanizminin 
özünəməxsus  xüsusiyyətlərini  bilmək,  siyasi  müstəvidə  şəxsi  keyfiyyətlərdən 
doğan, müstəqil xarakter daşıyan mübarizənin təhlilini vermək xeyli zəhmət tələb 
edən vəzifədir. 
R.M.Bayramovanın  «Azərbaycan  rəhbərliyində  ixtilaflar  və  daxili  siyasi 
çəkişmələr (1920-1925-ci illər)» monoqrafiyası bu problemə həsr olunmuş mühüm 
əhəmiyyətə malik ilk əsərdir. Monoqrafiya həm mütəxəssislər, həm də geniş oxucu 
auditoriyası üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
İSBN 5-8066-1691-6 
 
4603000000 
655(07) - 2007 
 
© «Elm» nəşriyyatı - 2007 

GİRİŞ 
 
Azərbaycanın  dövlət  müstəqilliyi  bərpa  olunduğu  dövrdə  tarixi  düzgün, 
obyektiv araşdırmağa, hadisələri,  onları doğuran səbəbləri hərtərəfli təhlil  etməyə 
geniş imkan və şərait yaranmışdır. 
Uzun  müddət  düzgün  şərh  və  təhlil  edilməmiş  problemlərdən  biri 
Azərbaycan SSR-də milli siyasətin həyata keçirilməsi və bu prosesdə Azərbaycan 
rəhbərliyində  baş  verən  ixtilaflar  və  daxili  siyasi  çəkişmələr  məsələsidir.  Bu 
ixtilaflar və daxili siyasi çəkişmələr 1920-1925-ci illərdə özünü daha bariz şəkildə 
göstərmişdir. Sovet hakimiyyətinin ilk  illərində, vətəndaş müharibəsindən sonrakı 
dövlət  quruculuğu  illərində  partiya  rəhbərliyində,  hökumət  daxilində  demokratik 
ab-hava  hələ  mövcud  idi.  Yeni  hakimiyyətin  yaradıcıları  ümumi,  vahid  prinsip 
ətrafında birləşsələr də, fərdiyyəti ilə seçilən, dövlət quruculuğuna münasibətdə öz 
mövqeyi  olan  şəxslər  idilər.  Yeni  həyat  quruculuğu  yollarında  Azərbaycan 
rəhbərliyindəkilərdən  bir  çoxlarının  yerli  şəraiti,  milli  xüsusiyyətləri  nəzərə 
almamaları milli mənafeyə ciddi zərər vurur, ixtilaf və çəkişmələrə səbəb olurdu. 
Müsəlman  Şərqində  ilk  olaraq  respublika  qurmuş  Azərbaycan  xalqı  bu 
siyasi  seçiminə  ardıcıl  sadiq  qaldı.  Azərbaycanın  XX  əsr  siyasi  tarixini  üç 
respublika  nümunəsində  təqdim  edənlər  mahiyyət  -  siyasi-iqtisadi  məzmun 
prinsipindən  çıxış  etsələr  də,  Azərbaycan  Respublikasının  tarixi  1918-ci  ilin 
mayından  günümüzədək  davam  etməkdədir.  Şərti  fərqləndirmə  forması  kimi   
birinci    Respublikadan  (Azərbaycan  Cümhuriyyəti)  ikinciyə  (Azərbaycan  SSR) 
keçid  prosesini  izləmək,  tədqiq  etmək,  nəticə  çıxartmaq,  müvafiq  məzmunda 
olmasa da, ikinci Respublikadan üçüncüyə  keçəndə düzgün inkişaf kursu tutmaq, 
cəmiyyət  həyatında  yeni  istiqamətləri  dəyərləndirmək  baxımından  mühüm 
əhəmiyyət kəsb edir. 
Xüsusi  mülkiyyət  formasının  aparıcı  olduğu  iqtisadiyyat,  hüquqi  dövlət 
quruculuğu  yönündə  çoxcəhətli  fəaliyyət  məzmunlu  respublikadan  ictimai 
mülkiyyət, birpartiyalı siyasi sistemə keçidin təcrübəsi əks istiqamətdə keçid üçün 
konstruktiv nəticələr əldə etməyə qadirdir. Bu baxımdan 1991-ci ildə müstəqilliyi 
bərpa  olunmuş  Azərbaycan  Respublikasının  dövlət  idarəçiliyi  istiqamətlərini 
müəyyənləşdirmək  və  reallaşdırmaq  prosesində  məhz  1920-1925-ci  illərdə 
Azərbaycanda  dovlət  idarəçiliyində  gedən  prosesləri  dərindən  təhlil  etmək 
faydalıdır. 
Azərbaycan  sovetləşəndən  sonra  ilk  tədbirlərin  həyata  keçirilməsi, 
azərbaycanlıların  partiya,  sovet,  ictimai  və  təsərrüfat  təşkilatlarına  cəlb  edilməsi, 
bu  təşkilatların  azərbaycanlılaşdırılması,  Azərbaycan  dilinin  dövlət  dili  kimi 
tətbiqi, ixtisaslı milli fəhlə kadrların hazırlanması, kommunist partiyasının Bakıda 
və  kənddə  yeritdiyi  siyasət,  xırda  burjuaziyaya,  ziyalılara,  kəndlilərə  və 
qolçomaqlara,  qadın  azadlığına,  dinə,  adət-ənənəyə  münasibət,  ərazi,  neft  və  s. 
məsələlər  Azərbaycan rəhbərliyində  ən çox  mübahisə və ciddi  münaqişəyə səbəb 

olan  məsələlərdən  olmuşdur.  Elmi  tədqiqat  istiqamətinin  məhz  bu  sahəyə 
yönəldilməsi  çağdaş  Azərbaycan  cəmiyyətini  düşündürən  problemlər  baxımından 
da aktualdır. 
Aprel çevrilişindən sonra bolşevik üsul-idarəsinin yaradılmasından keçən 
ilk illər Azərbaycanın dövlətçilik tarixi baxımından çox mühüm mərhələ olmuşdur. 
Xüsusən  də  milli  mənafe  və  yerli  şəraitin  nəzərə  alınmaması  ətrafında  rəhbər 
dairələrdə  ixtilaflar  və  daxili  siyasi  çəkişmələr  1920-1925-ci  illərdə  özünü  daha 
qabarıq büruzə verdiyindən, bu illər, tədqiqatın xronoloji çərçivəsini əhatə edir. 
Məhz  bu  illər  Azərbaycanda  sovet  dövlət  idarəçiliyinin  əsasının 
qoyulması  və  yeni  sistemin  yaradılması  kimi  birinci  ilk  beşillik  mürəkkəb  sınaq 
dövrü  idi.  Azərbaycan  rəhbərliyində  ixtilafların  kəskinləşdiyi  1920-1925-ci  illər 
həm  də  ixtilafların  əsas  tərəfdaşı  kimi  N.Nərimanovun  istər  Azərbaycan  SSR-də, 
istərsə də SSRİ rəhbərliyində fəaliyyət dövrüdür. N.Nərimanov Azərbaycan SSR-
dən  uzaqlaşdırıldıqdan  sonra  belə  respublikada  gedən  proseslərə  biganə 
qalmamışdır. 
Respublika 
rəhbərliyində 
ixtilaflar 
nərimanovçuluq, 
xanbudaqovçuluq ideyası altında səciyyələndirildiyindən, xronoloji aidiyyət 1920-
1925-ci illərə şamil edilir. Dövlət idarəçiliyi baxımından aktuallığı, mövzu ilə bağlı 
birbaşa  aidiyyəti  tədqiqat  üçün  bəhs  edilən  xronoloji  çərçivəni  məqsədə  müvafiq 
etmişdir. 
Öyrənilməsi  zəruri  və  mühüm  məsələlərdən  biri  də  XX  əsrin  20-ci 
illərində  Azərbaycan  SSR  rəhbərliyində  baş  vermiş  ixtilafların,  daxili-siyasi 
çəkişmələrin  səbəbləri  və  mahiyyətinin  tədqiq  edilib  araşdırılmasıdır.  Təəssüf  ki, 
son  dövrədək,  20-ci  illərə  aid  tədqiqat  əsərlərində  son  dərəcə  vacib  və  prinsipial 
olan  bu  məsələnin  üstündən  əsasən  sükutla  keçilmiş,  onun  tədqiq  olunub 
öyrənilməsinə mövcud ideoloji çərçivə tələblərindən yanaşılmışdır. 
Şübhəsiz  ki,  Kommunist  Partiyasının  vahid  hegemon  bir  partiya  olduğu 
dövrdə  partiyadaxili  ixtilafları  rəsmi  səviyyədə  obyektiv  təqdid  etmək  mümkün 
deyildi. 
XX əsrin 20-ci illərilə bağlı onlarla elmi monaqrafiyalar, cild-cild kitablar, 
əsərlər  nəşr  edilsə  də,  elmi  axtarışlar  aparılsa  da  onlar  əsasən  Kommunist 
Partiyasının və sovet qanunlarının tələblərinə uyğun, sosializmin qələbəsi uğrunda 
mübarizədə  KP-nin  rəhbər,  təşkilatçılıq  rolu,  tədqiq  edilən  problemlər  şəraitində 
yüksək  partiyalılıq  prinsipini  rəhbər  tutmaqla  aparılırdı.  Məsələyə  bu  prizmadan 
yanaşmaq  alimlərimizin  istək  və  arzularından  deyil,  hakim  ideologiyanın 
tələblərindən irəli gəlirdi. 
XIX-XX  əsrlər  tariximizin  obyektiv  yazılmamasından,  onun  düzgün 
tədqiq  edilməməsindən  və  bu  gün  üçün  tarixçilərimizin  qarşısında  duran 
vəzifələrdən danışan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-
cü ilin sentyabrında respublika MEA-nın əməkdaşları ilə görüşündə bildirmişdir ki
o vaxtkı ideologiyanın təsiri altında və ya bu ideologiyanın tələbi ilə yazılan tarix, 
şübhəsiz ki, bizi qane edə bilməz (1. s. 154). 

1920-ci  illərdə  Kommunist  Partiyasının  və  sovet  hakimiyyətinin  qələbəsi 
və möhkəmləndirilməsinə, partiya quruculuğunun müxtəlif sahələrinə dair yazılmış 
əsərlərdən,  M.  Mirhadiyev  (84,85,86),  K.  Rəhimov  (96),  X.  Əhmədov  (27),  X. 
Əliyev  (38),  Y.  Tokarjevski  (147),  M.  Səlimov  (101),  P.  Əzizbəyova  (109);  C. 
Quliyev (72,119,120); Z. İbrahimov (52); M. İsgəndərov (53, 54); M. Məmmədov 
(81),  S.  Qəndilov  (65,  66,  67,  68,  69)  və  başqalarının  elmi  monoqrafiyalarını 
göstərmək olar. İdeoloji səciyyəsinə baxmayaraq, bu əsərlər bir çox məsələlərin və 
faktların öyrənilməsində elmi dəyərini saxlamışdır. 
Mövzu  ilə  bağlı  M.  M.  Mirhadıyevin  «Proletariat  diktaturası  haqqında 
Lenin  təliminin  Azərbaycanda  həyata  keçirilməsi»  əsəri  maraq  doğurur.  Kitabda 
«kommunist  partiyası  daxilində  antileninçi  qrupların  darmadağın  edilməsi  və 
AK(b)P-nin  monolit  birliyinin  möhkəmlənməsi»  bölümü  partiyadaxili  ixtilaflar 
haqqındadır.  Hakim  və  yerli  millətçilik  əhval-ruhiyyəsindən  bəhs  edən  müəllif 
Zaqfederasiya  təşkilinin  vaxtı  çatmadığını  göstərən  yerli  millətçiləri  də  ittiham 
edir.  Bəllidir  ki,  bir  sıra  obyektiv  səbəblərdən  N.  Nərimanov  bu  mövqedən  çıxış 
edir, rəsmi yazılarında öz mövqeyini əsaslandırırdı. Müəllif 1924-cü ildə millətçi-
təmayülçülərin darmadağın edilməsini mühüm qələbə kimi rəğbətlə anır. Müəllifin 
mövqeyi partiya sənədlərində təsbit olunmuş qərarlara müvafiq məzmun daşıyır. 
Y. A. Tokarjevskinin 1956-cı ildə nəşr edilmiş monoqrafiyası əsasən xalq 
təsərrüfatının  bərpasına  həsr  olunsa  da,  bolşevik  rəhbərliyində  ixtilaflara  səbəb 
olmuş  məsələlərin  son  həlli  variantlarını  əsaslandırmaq  mövqeyindən  yazılmış, 
ixtilaf  amili  qabardılmamış,  yalnız  çox  qısa  tərzdə  1923-1924-cü  illər  ərzində 
partiyadaxili  diskussiyalarda  trotskiçilərin  «darmadağın  edilməsindən»  bəhs 
olunur.  Bu  zaman  Azərbaycan  K(b)P-dakı  deyil,  ümumən  SSRİ  miqyasında 
müxalifətdən söhbət gedir və Azərbaycan kommunistlərinin fəal, yekdil mübarizəsi 
qeyd  edilir.  Əsər  tədqiqat  mövzusunun  mahiyyətilə  bağlı  faktiki  və  düşündürücü 
məlumat verir. 
C.  B.  Quliyevin  «V.  İ.  Lenin  və  Azərbaycanda  sovet  hakimiyyətinin 
qələbəsi və möhkəmlənməsi uğrunda mübarizə» əsəri milli məsələdən, bolşeviklər 
arasında  Azərbaycanın  müstəqilliyi  ilə  bağlı  fikir  ayrılığından  bəhs  etsə  də,  əsər 
əsasən 1920-ci il aprel çevrilişinə qədərki dövrdən bəhs edir. 
Azərbaycan rəhbərliyində ixtilafların əsasən milli məsələlərlə bağlılığı C. 
B.  Quliyevin  Azərbaycanda  milli  siyasətin  yeridilməsinə  dair  monoqrafiyasına 
diqqəti cəlb edir. Əsərin xronoloji çərçivəsi də  mövzuya müvafiqdir. Zaqafqaziya 
respublikalarının  müştərək  idarəçilik  sisteminin  təsisatı  prosesində  fikir 
müxtəlifliyi,  ayrı-ayrı  kommunistlərin  fərdi  baxışları,  rəsmi  qərarların  mahiyyəti, 
iqtisadi  siyasətdə  ixtilaflar,  fraksiya  mübarizəsindən,  «Xanbudaqov  qrupundan» 
müəllif ətraflı bəhs etmişdir. 
Mövzu ilə bağlı maraq doğuran əsərlərdən biri də M. S. İsgəndərovun «Из 
истории  борьбы  Коммунистической  партии  Азербайджана  за  победу 
советской  власти»  kitabıdır.  İrihəcmli  bu  monoqrafiyada  rəsmi  qərarların 

əsaslandırılması  geniş  təhlil  edilmişdir.  Sovet  hakimiyyətinin  qurulması  yönündə 
tədbirlərə  müxalif  qüvvələrə  trotskiçilər  ümumiləşdirilməsi  şamil  edilsə  də, 
partiyadaxili ixtilafların əsas iştirakçılarından olan Lominadze, Sarkis mövqeyində 
duranlara müəllif nəinki birmənalı mənfi münasibət göstərir, hətta kəskin ifadələrlə 
onların  əməllərini  ifşa  edir.  Müəllif  milli  mənafe  baxımından  deyil,  partiya 
mənafeyi  baxımından  tənqid  mövqeyi  tutsa  da,  ixtilaf  doğuran  məsələlərin 
mahiyyətindən də bəhs edir. 
1920-1925-ci 
illərdə  «Azərbaycanda  Sovetlərin  yaradılması  və 
ınöhkəmləndirilməsi»  adlı  monoqrafiyasında  X.  Əhmədov  konkret  göstəricilərlə 
tarixi kontekstdə sovetlərin funksiyasına təhlil vermiş, əsasən sovetlərin fəaliyyəti 
ilə bağlı tənqidi münasibət  göstərmiş, ixtilaflar məsələsinə  isə geniş yer ayırmasa 
da,  mövcud  problemlərə  toxunmuşdur.  Əsərin  bilavasitə  tədqiqat  mövzusu 
olmadığı  və  dövrün  tələbləri  nəzərə  alındığından  ötəri  toxunulan  «Xanbudaqov 
məsələsi» birmənalı qiymətləndirilmişdir (27, s.111-112). 
S.  Qəndilovun  əsərləri  tədqiqat  üçün  təyinedici  mahiyyətdədir.  Bu 
baxımdan  müəllifin  yazdıqlarını  zaman  etibarı  ilə  qruplaşdırmaq  faydalıdır. 
Mövzuya  professional  bağlılıq  müəllifi  sovet  rejimi  süquta  yetdikdən  sonra  da 
yenidən  müraciətə  sövq  edib.  Vaxtı  ilə  ideoloji  çərçivədə  deyə  bilmədiklərini  
sərbəst, obyektiv tərzdə şərh etmək tələbatı yeni əsərlərin yaranması ilə nəticələndi. 
Bununla  belə  hələ  sovet  dönəmində  yazılmış  «Azərbaycan  Kommunist  Partiyası 
sıralarının  təmizliyi  uğrunda  mübarizə  tarixindən»  və  «Azərbaycanda  partiya 
quruculuğu məsələləri» tədqiqat üçün xüsusi əhəmiyyət daşıyır. 
S. 
Qəndilovun  «Azərbaycanda  partiya  quruculuğu  məsələləri» 
monoqrafiyası  1920-1930-cu  illərdə  Azərbaycan  Kommunist  Partiyası  daxilində 
baş  verən  prosesləri  tematik  və  faktiki  material  əsasında  araşdırmaq  baxımından 
mövzunun  tədqiqi  üçün  xüsusən  dəyərlidir.  Real  hakimiyyət  məzmunu  daşıyan 
kommunist partiyası tərkibində geniş diskussiya və mövqe ayrılığına səbəb olmuş 
əsas məsələlər - həmkarlar ittifaqları məsələsi, partiya sıralarında təmizləmə, kadr 
hazırlığı,  kənddə  yeridilən  siyasət,  xüsusən  də  fraksiyalararası  çəkişmələr, 
müxalifətçilərin mübarizəsi monoqrafiyada ayrı-ayrı bölmələr səviyyəsində tədqiq 
edilmişdir.  1971-ci ildə yazılmış bu əsər, dövrün ideoloji məzmunu imkanlarında 
20-ci  illərdə  bolşevik  rəhbərlərin  Azərbaycanda  yerli  əhaliyə  qarşı  qərəzli 
münasibətini  əks  etdirməyə  cəhddir.  Sovet  hakimiyyətinin  mərkəzi  orqanlarında 
gedən  proseslərin  Azərbaycan  rəhbərliyində  hansı  reaksiyanı  doğurması  konkret 
şəxslərin  mövqeyi,  rəqəmlər  əsasında  açıqlanır.  İxtilafların  mahiyyəti  müxtəsər, 
yığcam  işıqlandırılsa  da,  aid  olduğu  bütün  sahələri  əhatə  edir.  Toxunulmuş 
məsələləri  yazıldığı  mühitdə  obyektiv  işıqlandırmaq  mümkün  olmadığından,  S. 
Qəndilovun bəhs edilən  monoqrafiyası  mövzunu faktiki  material baxımından tam 
əhatə edir. 
Sovet  hakimiyyətinin  qurulmasında  xidməti  olmuş,  20-ci  illərin  ictimai-
siyasi həyatında əsas rol oynamış rəhbər kommunistlər, dövlət xadimləri haqqında,  

onların həyat və fəaliyyətindən bəhs edən müxtəlif nəşrlər mövcuddur (26, 45, 46, 
57, 58, 60, 70, 78, 103, 104, 110, 129, 130). Bu şəxsiyyətlər bilavasitə Azərbaycan 
rəhbərliyində  təmsil  olunmuş  və  ixtilaflar  prosesində  iştirakçı  olduqlarından 
onlardan  bəhs  edən  əsərlər  də  tədqiqat  üçün  maraqlıdır.  M.  Katiblinin,  L. 
Polonskinin  «Çingiz  İldırım»  (57,  140)  kitabçaları  dövrün  tələblərinə  uyğun 
məzmunda  yazıldığına  görə,  sovet  idarəçiliyi  sistemindəki  ixtilaflardan  bəhs 
edilməmişdir. Eyni prinsiplə də N. Nərimanov (25, 26, 60, 70), Ruhulla Axundov 
(78),  Mir  Bəşir  Qasımov  (103),  Sultan  Məcid  Əfəndiyev  (39),  Qəzənfər  
Musabəyov  (58),  Aleksandr  Serebrovski  (110),  Həbib  Cəbiyev  (46),  Əliheydər 
Qarayev  (36),  Bünyad  Sərdarov  (129)  və  başqaları  haqqındakı  əsərlərdə  bəhs 
edilən  şəxsiyyətlərin  fəaliyyəti  birmənalı  müsbət  ümumiləşmədə  təqdim  edilir, 
onlarla  bağlı  problemlər  üzərindən  sükutla  keçilir,  yaxud  hər  müəllif  «öz 
qəhrəmanını»  müdafiə  mövqeyindən  çıxış  edir,  onun  xidmətlərini  qabartmağa 
çalışır.  Bununla  belə  həmin  əsərlər  siyasi  hakimiyyətdə  baş  verən  prosesləri 
düzgün dəyərləndirməyə yardım edir. Baxmayaraq ki, şəxsiyyətin fəaliyyəti sovet 
ideologiyasının  təsbitinə  yönəlmiş  məzmunda  işıqlandırılır,  eyni  zamanda  rəsmi 
göstəricilərin təhlili düşündürücü informasiya verir. 
«Azərbaycan  tarixi»nin  sovet  dövründəki  akademik  nəşrinin  üçüncü 
hissəsində  milli  məsələyə  qismən  toxunulsa  da,  rəhbərlikdə  ixtilaflar  mövzusu 
ayrıca  başlığa  çıxarılmamış,  tematik  mətnlərdə  fikir  ayrılığından  cüzi  bəhs 
edilmişdir (17, s.309, 326, 329, 331-332). 
Mövzunun  sovet  tarixşünaslığında  məzmunu  vahid  konsepsiya  əsasında 
verilmiş,  yalnız  İ.  Stalindən  sonra  ab-havanın  dəyişilməsi  təsirsiz  qalmamışdır. 
Xüsusən  burjua  millətçisi  kimi  uzun  müddət  damğalanmış  N.  Nərimanovla  bağlı 
xeyli  tədqiqat  əsərləri  meydana  gəlmişdir.  Lakin  bu  dəfə  N.  Nərimanov  milli 
dəyərlərə  önəm  verən,  yerli  xüsusiyyətləri  və  şəraiti  nəzərə  alan  şəxsiyyət  kimi 
təqdim  edilsə  də,  növbəti  ümumiləşdirmədə  «əsil  beynəlmiləlçi»,  «alovlu 
mübariz»,  «həqiqi  leninçi»  kimi  təqdim  olunurdu.  Bu  şəxsiyyətə  münasibətin 
tarixən qütbləşməsinin səbəbləri, mahiyyəti isə yetərincə açıqlanmırdı. 
Nəhayət,  XX  əsrin  20-ci  illər  tarixinə  90-cı  illərdən  etibarən  mətbuatda, 
elmi monoqrafiya və əsərlərdə obyektiv baxış formalaşmağa başladı. 
1990-cı  ildə  S.  T.  Qəndilovun  redaktəsi  ilə  (68)  partiya  quruculuğunun 
bəzi  məsələlərinə  aid  elmi  əsərlərin  toplusu,  1993-1996-cı  illərdə  isə  2  hissədən 
ibarət  «Siyasi tarix»  (102) dərsliyi 20-ci  illər  tarixini  yeni  aspektdə  araşdırmaqda 
ilk  təşəbbüs  oldu.  Yerli  şəraitin,  milli  xüsusiyyətlərin  düzgün  nəzərə  alınmaması 
ətrafında partiyadaxili mübahisələr, partiyada aparılan təmizlənmənin mahiyyəti və 
nəticələri  sovet  sisteminin  süqutu  ərəfəsində  ilk  dəfə  idi  ki,  fərqli  prizmadan 
qiymətləndirilirdi. 
Partiya  quruculuğu,  həmçinin  1920-1922-ci  illərdə  Azərbaycan 
rəhbərliyində  ixtilaflar  və  daxili  siyasi  çəkişmələrə  dair  D.  P.  Quliyevin 
«Kommunist»  və  «Vışka»  qəzetlərində  çap  etdirdiyi  məqalələr  də  ilk  maraqlı  və 

obyektiv  tədqiqat  işləri  idi.  D.  Quliyevin  arxiv  materialları  əsasında  yazdığı  elmi 
məqalələri  partiyanın  müxtəlif  sahələrdə  yeritdiyi  siyasətə,  N.  Nərimanovun 
apardığı  mübarizəyə,  rəhbərlikdə  olan  hərc-mərcliyə  və  s.  problemlərə  həsr 
edilmişdir.  Xüsusən  «Lenin:  necə  bilirsiniz  eləcə  edin»,  «Bakı  məsələləri»  adlı 
məqalələri  sırf  partiyadaxili  ixtilaflara  toxunur.  Bu  da  çağdaş  tarixşünaslıqda 
Azərbaycan rəhbərliyindəki çəkişmələrə dair ilk tədqiqat işi idi. 
Z.  Bünyadovun  «Qırmızı  terror»  (21)  kitabı  aprel  çevrilişindən  sonra 
bolşeviklərin  siyasətini,  qarətlər,  kütləvi  həbslər  və  zorakılıqları  öyrənmək 
baxımından gərəkli nəşrdir. 
C.  Həsənovun  1993-cü  ildə  çapdan  çıxmış  «Ağ  ləkələrin  qara  kölgəsi» 
(43)  monoqrafiyası  qiymətli  tədqiqat  işi  olmaqla  20-ci  illərin  əvvəllərində 
respublikada başlanan sosial-siyasi prosesləri bu günün tələbləri baxımından təhlil 
edir. 
N.  Məhərrəmovun  şəxsiyyətə  pərəstişin  qurbanı  olmuş  bir  sıra  görkəmli 
dövlət  xadimləri  haqqında,  o  cümlədən,  hələ  20-ci  illərin  əvvəllərindən  milli 
məsələdə öz mövqeyi ilə qeyri azərbaycanlılardan olan rəhbərlərə qarşı mübarizliyi 
ilə seçilən Ə. Ş. Xanbudaqovun həyatı, faciəli taleyi, milli siyasətlə bağlı apardığı 
mübarizəyə  həsr  olunmuş  tədqiqat  işləri  –  «Getsin  gəlməsin  1937»  (80)  sənədli-
publisist  oçerklər  toplusu,  «Tək  əldən  də  səs  çıxar»  elmi  məqaləsi  maraqlıdır. 
Müəllifin 1995-ci ildə çap olunmuş «Daşnaksütyun və Azərbaycanın taleyi» kitabı 
(79) aprel çevrilişindən sonra erməni bolşeviklərinin apardıqları məkrli siyasətin iç 
üzünü açıb göstərir. 
B.  Rəfiyevin  1991-ci  ildə  çap  olunmuş  «Gənc-Azər»  və  1995-ci  ildə 
«Aysberqin sualtı hissəsi»  (94, 95) kitabları aprel çevrilişindən sonrakı hadisələri 
araşdırmaqda  mühüm  rol  oynayır.  Əsərin  əsas  məziyyəti  sırf  rəsmi  arxiv 
sənədlərinə söykənməsidir. 
F.  İbişov  1996-cı  ildə  çap  olunmuş  «Azərbaycan  kəndində  sosial-siyasi 
proseslər  (1920-1930)»  (49)  monoqrafiyasında  tariximizin  ən  ziddiyyətli  və 
mürəkkəb  illəri  olan  20-ci  illərdə  Azərbaycan  kəndindəki  sosial-siyasi  prosesləri 
yeni arxiv sənədləri əsasında təhlil və tədqiq etmiş, ilk dəfə olaraq kənddə yeridilən 
siyasət  ətrafında  Azərbaycan  rəhbərliyindəki  ixtilaflara  da  yeni  baxışla  ətraflı 
toxunmuşdur.  Paraqraflardan  biri  isə  «Kənddə  yeridilən  siyasət  ətrafında  rəhbər 
dairələrdə ixtilaflar» adlanır. 
A.  Hacıyevanın  «20-ci  illərin  siyasi  tarixinin  bəzi  məsələləri»  əsəri  (42) 
dünyadakı ictimai-siyasi vəziyyətlə yanaşı sovet cəmiyyətində gedən proseslərdən 
bəhs  edir,  Azərbaycanda  milli  dövlət  quruculuğu  zamanı  milli  siyasətdə  müxtəlif 
mövqelərin  olması,  partiyadaxili  mübarizənin  ölkənin  mənəvi  həyatına  təsiri 
kontekstində araşdırılır. 
20-ci  illərlə  bağlı  X.  İbrahimlinin  «Azərbaycan  siyasi  mühacirəti  (1920-
1990)  monoqrafiyasında  (50)  1920-ci  il  aprel  istilası  ilə  başlanan  Azərbaycan 
mühacirətinin  yeni  mərhələsi,  onu  yaradan  şərait  və  səbəblər,  aprel  işğalından 

sonra Azərbaycanda ümumi vəziyyət, müqavimət hərəkatı və s. mühüm hadisələrə 
obyektiv  yanaşılmışdır.  İ.  Musayevin  1996-cı  ildə  çap  olunan  «Azərbaycanın 
Naxçıvan  və  Zəngəzur  bölgələrində  siyasi  vəziyyət  və  xarici  dövlətlərin  siyasəti 
(1917-1921-ci  illər)  (87)  kitabı  respublikanın  ərazi  bütövlüyü  məsələsinə  həsr 
olunan çox vacib, məqamlara toxunan mühüm elmi monoqrafiyadır. Bəllidir ki, bu 
problem  sovet  hakimiyyətinin  ilk  dövründə  kəskin  məsələlərdən  idi  və  onun 
ətrafında da fərqli mövqe tutanlar arasında ixtilaflar mövcud idi. 
Yeni nəşrlərdən T. Köçərlinin «Qarabağ: yalan və həqiqət» (62) kitabı da 
xalqımız  üçün  ən  vacib  məsələ  olan  ərazi  bütövlüyü  və  Nərimanovun  mövqeyi 
məsələsinə aydınlıq gətirən dəyərli tarixi əsərdir. 
Azərbaycanda sovetləşmədən sonrakı hadisələrə dair C. B. Quliyevin rus 
dilində  1997-ci  ildə  çap  olunmuş  «К  истории  оброзавания  второй  республики 
Азербайджана» (119, 120) kitabı da xeyli maraq doğurur. 
C.  Quliyev,  V.  İ.  Leninə  göndərilmiş  1920-ci  il  2  may  tarixli  teleqramın 
sovet dövründə gizli saxlanılan son hissəsini elmi dövriyyəyə daxil etməklə bir çox 
məqamların,  o  cümlədən  Azərbaycanın  sovet  rəhbərliyində  yaranmış,  getdikcə 
kəskinləşmiş  ixtilafların  mənşəyini  diqqətə  çatdırır  (119,  s.11).  Əsərin  «İctimai-
siyasi  təşkilatlar»  bölümü,  xüsusən  də  «Azərbaycanda  dövlət  quruculuğu»  fəsli 
mövzu  üçün  xeyli  maraqlı  material  verir.  F.  Əhmədovanın  1998-ci  ildə  çap 
olunmuş  «Nəriman  Nərimanov  -  ideal  və  gerçəklik»  kitabında  (33)  1920-ci  il, 
Azərbaycanda  sovet  hakimiyyətinin  qurulduğu  dövrdə,  N.  Nərimanovun  siyasi 
fəaliyyəti,  milli  mövqedən  mübarizə  aparması  sənədlər  və  tarixi  faktlar  əsasında 
təhlil  edilmişdir.  Kitabın  «İxtilaflar  labüd  idimi?»  bölümü  tədqiqat  mövzusunun 
məzmununa  aiddir.  Müəllif  aprel  çevrilişindən  dərhal  sonra  Azərbaycanın  milli 
dövlət mənafeyinin zərbə aldığını tematik və faktiki materiallarla açıqlayır. 
Dövlət  xadimi  və  siyasətçi  kimi  N.  Nərimanovun  irsi  həmişə  aktual 
olduğundan  tarixin  müxtəlif  dövrlərində,  bu  mövzuda  çoxlu  yazılara,  dövrü 
mətbuatda  çıxan  publisist  və  elmi  məqalələrə  rast  gəlinir.  1987-ci  ildə  M.  P. 
Gevorkova  tərəfindən  «N.  Nərimanovun  dövlət  fəaliyyəti  (1917-1925-ci  illər)» 
(118)  mövzusunda  yazılmasına  və  namizədlik  dissertasiyası  kimi  müdafiə 
edilməsinə  baxmayaraq,  N.  Nərimanovun  siyasi  fəaliyyəti  dövrünə  görə  dərin 
tədqiq edilməmişdir. 
T.  Köçərlinin  (62),  F.  Əhmədovanın  (28,  29,  30,  31,  32,  33,  34,  35),  C. 
Quliyevin  (119),  F.  Köçərlinin  (61),  E.  Fətullayevin  (148),  R.  Xudiyevin  (149) 
əsərlərində N. Nərimanov şəxsiyyətinə tarixilik baxımından obyektiv yanaşılaraq, 
onun siyasi xadim kimi gərgin fəaliyyəti və mübarizəsi şərh olunur. 
1994-cü  ildə  A.  Hacıyevanın  nıüdafiə  etdiyi  «N.  Nərimanovun  nəzəri 
fəlsəfəsi irsində dinə münasibət» haqqında namizədlik dissertasiyası Nərimanovun 
ictimai-siyasi baxışları və dünyagörüşünün elmi araşdırılmasında növbəti bir addım 
idi.  Belə  ki,  dinə  münasibət  məsələsi  də  siyasi  ixtilaflar  mövzusuna  daxil  idi. 
Sovetləşmədən sonra dinə qarşı bolşeviklərin apardığı mübarizə M. Quliyevin (71) 

«Azərbaycanda  dövlət  və  din  münasibətləri  (İslam  dini  timsalında,  1920-2000-ci 
illər)»  kitabında  xüsusi  yer  tutur.  N.  Nərimanovun  digər  kommunistlərdən  fərqli 
olaraq  xalqın  milli  və  dini  hisslərinə  hörmətlə  yanaşması,  əks  mövqedən  çıxış 
edənlərə qarşı mübarizəsi faktlar əsasında təsdiqini tapmışdır. 
F. İbişovun «Tarix və onun problemləri» jurnalında «Azərbaycanda 20-ci 
illərin  birinci  yarısında  kəndə  münasibətdə  ixtilaflar»  (48)  adlı  elmi  məqaləsi 
tədqiqat  mövzusu  üçün  xüsusi  maraq  kəsb  edir.  Aprel  çevrilişindən  sonrakı 
hadisələrə Məmməd Cəfərin (83) «Elm və həyat» jurnalında nəşr olunan «Tarixin 
dərsləri» adlı məqaləsində obyektiv qiymət verilmişdir. 
XX əsrin 20-ci illərində «nərimançılıq» düşüncəsinə qarşı mübarizə siyasi 
ixtilafların  əsas  tərkib  hissəsi  olmuşdur.  N.  Nərimanova  «burjua  millətçisi» 
damğası  vurulurdu,  sovet  rejiminin  süqutundan  sonra  isə  «millət  xaini»  kimi 
ittihamlar işlədilməyə  başlandı. Bu zəmində  fərqli mövqeli araşdırmalar  meydana 
çıxdı.  Onlardan  biri  də  Ş.  Qurbanovun  «Nəriman  Nərimanov  dünyası»  (74) 
əsəridir. Müəllifin 1991-ci ildən 2001-ci ilədək mövzu ilə bağlı məqalələr toplusu 
olan  bu  kitab  tarixə,  şəxsiyyətlərə  qərəzli  münasibətə  qarşı  yönəlmişdir.  Kitabın 
təkmilləşmiş,  əlavələr  edilmiş  ikinci  nəşrinə  H.  Həsənovun  yazdığı  irihəcmli 
sözönü  tədqiqat  mövzusu  üçün  çox  dəyərlidir.  Burada  Azərbaycan  rəhbərliyində 
ixtilaflara  səbəb  olmuş  məsələlər  kontekstində  N.  Nərimanovun  mövqeyi  təhlil 
edilir.  Xüsusən  «milli  təmayüllü  kommunist»,  yaxud  «Nərimançılıq»,  «N. 
Nərimanov  və  milli-mədəni  inkişafımız»,  «N.  Nərimanovun  Azərbaycandakı 
inqilabi  proseslərə  bolşeviklərdən  fərqli  baxışı»  başlıqları  siyasi  tariximizə  yeni 
baxışın təzahürüdür. 
X.  Köçərlinin  «Azərbaycan  1920-1940-cı  illərdə»  (63)  adlı  tədris  vəsaiti 
yeni dövrdə yazılmış dəyərli kitablardandır. 
20-ci  illərdə  aprel  çevrilişindən  sonrakı  hadisələr  xarici  müəlliflərin 
tədqiqatlarında  da  öz  əksini  tapmışdır.  Onlardan  F.  Kazımzadə  (152),  O.  Alstat 
(151),  T.  Svyataçovski  (153)  və  başqalarını  göstərmək  olar  ki,  mövzu  ilə  birbaşa 
əlaqədar  olmasa  da,  bu  əsərlər  o  dövrün  hadisələrini  öyrənib  nəticə  çıxarmaq 
baxımından  qiymətlidir.  Sovetləşmədən  sonrakı  hadisələr  qərb  müəllifləri  ilə 
yanaşı,  mühacirət ədəbiyyatında da xüsusi yer tutur. M. Ə. Rəsulzadənin (98, 99, 
100),  C.  Hacıbəylinin  (117),  M.  B.  Məmmədzadənin  (82),  H.  Baykaranın  (19) 
əsərləri  Aprel  çevrilişindən  sonra  Azərbaycanda  baş  verən  proseslərə  münasibət 
baxımından mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycan  tarixinin  sonuncu  ümumiləşdirilmiş  akademik  nəşri  tədqiqat 
mövzusunu  da  özündə  əhatə  edən  yeni  baxışın  məhsuludur.  Yeddi  cildliyin 
altıncısında  «Azərbaycan  partiya  təşkilatı  daxilində»  mübarizəyə  yer  verilmişdir 
(18,  s.81-200).  Hərtərəfli  tematik  başlıqlarla  seçilən  əsər  yalnız  tədqiqat 
mövzusunun təfsiri üçün deyil, həm də ixtilaflar prosesinin kompleks araşdırılması 
üçün faydalıdır. 

Problemin  öyrənilmə  səviyyəsi  monoqrafiyanın  məqsəd  və  vəzifələrini 
müəyyən  edir.  1920-ci  illərdə  Azərbaycan  rəhbərliyində  ixtilaflar  və  daxili-siyasi 
çəkişmələr  problemi  müstəqil  mövzu  kimi  işlənilməmiş  və  çox  vacib  bir  məsələ 
olduğuna görə, başlıca məqsəd bu sahədəki boşluğu doldurmaqdan ibarətdir. 
Monoqrafiyanın  hazırlanmasında  müxtəlif  mənbələrə  müraciət  və istinad 
edilmişdir.  Bunların  əsasını  arxiv  sənədləri  və  materialları,  dövri  mətbuat  təşkil 
edir.  Dövri  mətbuatla  yanaşı,  Azərbaycan  Respublikasının  siyasi  partiyalar  və 
ictimai  hərəkatlar  arxivinin  fondlarından  (1,  2,  268,  609,  456)  və  Azərbaycan 
Respublikası dövlət arxivinin (410, 27, 28) fondlarından geniş istifadə edilmişdir. 
Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  1920-1925-ci 
illərdəki  qərar  və  sərəncamları,  sənədlər,  siyasi  mühacirlərin  əsərləri,  N. 
Nərimanovun və başqa siyasi xadimlərin şəxsi arxiv fondları, Azərbaycan KP MK-
nın o dövrdəki fəaliyyətini əks etdirən partiya qurultayları  və plenumlarının, büro  
iclaslarının  protokol  və  stenoqramları  mənbə  kimi  monoqrafiyanın  yazılmasında 
çox böyük rol oynamışdır. 
Bəhs edilən dövrün rəhbər xadimlərinin əsərləri də (l, 76, 89, 90, 91, 92, 
98, 99, 100, 104, 134, 135, 136) tədqiqat üçün qiymətli mənbədir. 
Bu  tarixi  sənədlər  nəinki  Azərbaycanda  1920-1925-ci  illərdəki  siyasi 
vəziyyəti  daha  dərindən  öyrənməyə,  həm  də  dövrün  ab-havasını,  partiyadaxili 
ixtilaf və çəkişmələrin səbəblərini başa düşməyə imkan yaradır. 
1920-ci illər Azərbaycan tarixinin ziddiyyətli dövrü olduğundan, o dövrün 
hadisələri doğru, düzgün təhlil və tədqiq edilərək ictimaiyyətə çatdırılmalıdır. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin