AZƏrbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR


I FƏSİL. AZƏRBAYCANIN  BOLŞEVİK RƏHBƏRLİYİNDƏ İXTİLAF VƏ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix03.02.2017
ölçüsü0,74 Mb.
#7318
1   2   3   4   5   6   7   8

 
I FƏSİL. AZƏRBAYCANIN  BOLŞEVİK RƏHBƏRLİYİNDƏ İXTİLAF VƏ 
ZİDDİYYƏTLƏRİ YARADAN ŞƏRAİT 
VƏ  SƏBƏBLƏR 
 
1.1. Aprel çevrilişindən sonra Azərbaycanda kütləvi zorakılıqlar və 
ictimai-siyasi həyatın gərginləşməsi 
 
1920-ci  ilin  əvvəllərindən  Sovet  Rusiyasının  xarici  siyasətində 
Azərbaycanı işğal etmək ön plana çəkilmişdi ki, bu da 1920-ci il aprelin 27-də XI 
Ordunun gücü hesabına həyata keçirildi. Müvəqqəti İnqilab Komitəsi aprelin 28-də 
Azərbaycanın yeni ali-siyasi hakimiyyət orqanı elan edildi. 
Yeni qurulmuş  Azərbaycan Sovet  Respublikasının bu dövrdə  beynəlxalq 
vəziyyəti, daxildəki siyasi-iqtisadi durumu son dərəcə ağır olmaqla yanaşı, həm də 
qeyri-müəyyən  idi.  Bakı  nəinki  təkcə  Rusiyanın,  eləcə  də  Antanta  dövlətlərinin 
xüsusi  marağında  idi.  Gürcüstanın  menşevik  hökumətinin  Batumu  Antantaya 
verməsindən  sonra  İngiltərənin  Azərbaycanı  «bolşevik  əsarətindən»  azad  etməsi 
kimi plan hazırlandığından Rusiya tezliklə Azərbaycanın müdafiəsinə dair qurudan 
və dənizdən Bakının ətrafını möhkəmləndirmək sahəsində ciddi tədbirlər gördü. 

Aprel çevrilişindən keçən ilk vaxtlarda Ermənistan tərəfindən Azərbaycan 
ərazisinə  edilən  təcavüz  nəticəsində  ölkəyə  dəyən  böyük  iqtisadi  dağıntılarla 
yanaşı,  1918-ci  ilin  mart  faciəsini  yaşamış  xalqda  çaşqınlıq,  mənəvi  sarsıntı,  ruh 
düşkünlüyü  var idi.  Xalq  hadisələrin  nə  ilə  nəticələnəcəyindən bədgüman idi.  Bu 
dövrdə Azərbaycanda millətlərarası düşmənçilik mühiti yaranmışdı. Yaranmış yeni 
hökumətə  münasibət  heç  də  birmənalı  deyildi.  Hətta  əhalinin  bir  hissəsində  son 
dərəcə  mürəkkəb  vəziyyətdən  çıxış  yolunu  «xilaskar»  XI  Ordunun  gəlişində 
görənlər  də  var  idi.  Ən  çox XI  Ordunun  Azərbaycana  gəlişindən  qeyri  millətlərin 
nümayəndələri,  xüsusən  milli  intiqam  hissi  ilə  yaşayan  ermənilər,  ruslar  işğalçı 
ordunun  timsalında  öz  müdafiəçilərini  görərək  yeni  yaranmış  hökumətə  üstünlük 
verirdilər. 
1920-ci  ilin  aprelin  27-dən  avqustun  25-dək  Azərbaycanın  16  qəzasında 
inqilab  komitələri  təşkil  edildi.  (12,  f.410,  s.l,  iş  130,  s.4).  Azərbaycan  İnqilab 
Komitəsinin  xalqa  ilk  müraciətində  «Qızıl  Orduya  qarşı  silahlı  müqavimət 
göstəriləcəyi  təqdirdə  terrora  əl  atılacağı»  (114,  s.11)  bəyan  edilmişdi.  Bir  sıra 
səbəblərdən  çevrilişin  ilk  vaxtlarında  nə  milli  orduda,  nə  də  xalqda  XI  Orduya 
qarşı  ciddi  müqavimət  göstərilmədi,  çünki  saysız  itkilərlə  nəticələnəcək 
müqavimət, qüvvələr nisbətində mənasız idi. 
Aprel  çevrilişinin  ilk  günlərində  Azərbaycanın  iqtisadiyyatı  böhranlı 
vəziyyətdə  idi.  Respublikanın,  eləcə  də  əhalinin  ağır  ərzaq  böhranı  içərisində 
qalması,  səfalət  içərisində  yaşaması  bir  tərəfdən,  digər  tərəfdən  də  XI  Ordunun 
uzun  müddət  Azərbaycanda  yerləşdirilərək  təmin  edilməsi,  əlavə  olaraq  birinci 
cahan  müharibəsindən  sonra  qaçqın  düşən  ermənilərin  cəbhədən  qayıdan  zaman 
Bakıda  dayanması,  sığınacaq  alaraq  yaşaması,  xüsusən  Bakının  neft  sənayesində 
işlə təmin edilməsi onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirmişdi. 
AK(b)P  MK-nın  1920-ci  il  sentyabrın  15-də  keçirilmiş  iclasında  belə  bir 
qərar qəbul edilmişdir:  «Azərbaycan İnqilab Komitəsinə təklif edilsin ki, Mərkəzi 
köçürmə məntəqəsindən buraxılış vərəqəsi alan qaçqınlar vətənlərinə buraxılsınlar, 
qalanlarına  isə  geriyə,  Rusiyaya  qayıtmağa  imkan  verilsin.  Şimali  Qafqaza  və 
Krasnavodska  xəbər  çatdırılsın  ki,  ərzaq  məsələsi  çətin  olduğu  üçün  Bakıya 
qaçqınlar qəbul edilməyəcək, ona görə də belələrini göndərməsinlər» (94, s.15.). 
Azərbaycanda aprel çevrilişindən sonra Sovet hökuməti xalqa zorla qəbul 
etdirilirdi. Sovetləşmənin əvvəllərində hakimiyyətə gələn bolşevikləri çox ciddi bir 
məsələ narahat edirdi ki, bu da Zaqafqaziyada sovet hakimiyyətinin süngü gücünə 
yaşaması idi. Lakin belə  məsuliyyətli dövrdə onu süngü gücünə  çoxmu saxlamaq 
olardı? Hadisələrə obyektiv və düzgün münasibət bildirmək hələ çox tez idi. 
Bu dövrdə Azərbaycanın sosial-iqtisadi vəziyyəti ağır olaraq qalırdı, kənd 
təsərrüfatı xüsusilə bərbad halda idi. Sovetləşmənin başlanğıcında Rusiyada olduğu 
kimi, Azərbaycanda da əsaslı konsepsiyanın olmamasından istər sənaye sahəsində, 
istərsə  də  aqrar  sahədəki  buraxılan  səhvlər  vəziyyəti  daha  da  ağırlaşdırırdı. 
Hökumət orqanları gərgin vəziyyətdən çıxmaq üçün fövqəladə üsullara əl atmağa 

məcbur  oldular:  ərzaq  diktaturasının  elan  edilməsi,  silahlı  dəstələrlə  məsələlərin 
həll  edilməsi,  yoxsul  komitələrin  təşkili,  ərzaq  çatışmazlığı,  bəzi  problemlərin 
aradan  qaldırılmaması  və  s.  Artıq  1920-ci  ilin  axırı  üçün  məlum  oldu  ki,  xalq 
təsərrüfatını  bu  cür  yollarla  bərpa  etmək  düzgün  deyil.  Gənc  sovet  hökumətinin 
siyasətində  Rusiyaya  neft  ixracının  tələsik  bərpası  və  istismarı  iqtisadiyyatı  xeyli 
ağırlaşdırmışdı.  Ağır  vəziyyəti  yüngülləşdirmək  üçün  hökumət  1921-ci  ilin 
yazından  Yeni  İqtisadi  Siyasətə  /YİS/  keçmək  haqqında  göstəriş  verir. 
Bolşeviklərin hakimiyyətini gücləndirmək, xalqın aclığının qarşısını almaq, k/t-nın 
inkişafı üçün YİS zəruri islahatlar sistemi idi. 
Sovetləşmənin  ilk  vaxtlarında  partiya  quruculuğunda  olan  çətinlikləri, 
xüsusən milli mənafeləri və yerli şəraiti nəzərə alan və bu xüsusiyyətlərə hörmətlə 
yanaşan  rəhbər  partiya  üzvləri  az  idi.  Yerli  kadrlara  qarşı  inamsızlıq  və 
etimadsızlıq,  onların  rəhbər  vəzifələrə  çəkilməməsi  vəziyyəti  daha  da 
mürəkkəbləşdirirdi. 
Çevrilişdən  əvvəl  əgər  əhalinin  bəzi  hissəsində  bolşeviklərə  ümidlə 
baxanlar var idisə, çevrilişin ilk günlərindən bu ümidlər qırıldı. 
Sənədlərlə diqqətlə tanış olduqda görürük ki, Azərbaycanda sovet-totalitar 
rejimi  öz  ağalığının  təməlini  başlıca  olaraq  3  istiqamətdə  quraraq  inkişaf 
etdirmişdi: 
l.Dövlət quruculuğu və hakimiyyət uğrunda mübarizə; 
2.Ölkə iqtisadiyyatı üzərində totalitar idarə rejimini bərqərar etmək
3.Siyasi  və  ideoloji  iş  sahəsində  bütün  vasitələri  rejimin  əlində 
cəmləşdirmək. 
Azərbaycanda sovet hakimiyyəti qurulan kimi hələ 1920-ci ilin fevralında 
yaradılmış AK(b)P ölkədə siyasi rəhbərlik adı altında bütün yuxarıda göstərilən 3 
istiqamətdə rəhbərliyi tamamilə öz əlində cəmləşdirir. Ölkədə hər şey bu partiyaya, 
onun  «demokratik  mərkəziyyət  prinsipləri  əsasında  qurulmuş»  rəhbər  orqanlarına 
tabe  edilir.  Bütün  hakimiyyət  tam  şəkildə  partiyanın  mərkəzi  komitəsindən 
başlayaraq  aşağı  getdikcə  yerli  təşkilatların  əlində  cəmləşdirilir  (93,  21-
22.07.2001). 
Aprel  çevrilişindən  sonra  Azərbaycanda  diktatura  bərqərar  oldu. 
Bolşeviklər  xalqın  adından  çıxış  edərək  yaranmış  dövləti  proletar  diktaturası 
adlandırdılar.  Bu  isə  hakim  bolşevik  partiyasının  hökmranlığına  bir  növ  siyasi 
pərdə idi. 
Danılmaz fakt idi ki, sovet Rusiyası Azərbaycanı işğal etmişdi. Acınacaqlı 
o  idi  ki,  sözdə  «müstəqil»  olan  Azərbaycana  Rusiyanın  bolşevik  hökumətinin 
antiazərbaycan siyasəti, bütün münasibətlərdə iki müstəqil dövlətin deyil, imperiya 
ilə  müstəmləkənin  qarşılıqlı  münasibətləri,  milli  mədəniyyət  və  ənənələrə 
etinasızlıq, yerli dilə nifrət, böyük qardaş rolunu zorla qəbul etdirmək və s. ilə açıq 
göstərmək idi. 

Sözdə  Rusiya  imperiyasının  dağıldığını  elan  edən  bolşeviklər  əslində 
özünün  müstəqilliyini  elan  etmiş  dövləti  keçmiş  sərhədləri  hüdudunda  qoruyub 
saxlamağa  cəhd  göstərirdilər.  Bununla  da  onlar  müstəmləkə  siyasətinin  layiqli 
davamçıları kimi hərəkət etdilər (94,s.7). 
Azərbaycanda sovet hökumətinin ilk günlərindən başlayaraq XI Ordunun 
xüsusi şöbəsi kommunistlərdən başqa bütün mövcud siyasi qüvvələrə, hətta liberal 
əhval-ruhiyyəli  adamlara,  ziyalılara  belə  amansız  divan  tutmağa  başladı.  On 
nəfərdən  çox  azərbaycanlı  general  məhkəməsiz,  istintaqsız  güllələndi  (21,  s.39).   
Azərbaycan  ordusu  XI  Orduya  qarşı  vuruşmamışdı,  əslində  generallar  təqib 
olunmamalı idi. 
Azərbaycanda  təqiblər,  kütləvi  həbslər  və  fərdi  terrorlar  əsasən  XI  Ordu 
və  ona  tabe  olan  təşkilatlar  tərəfindən  törədilirdi.  Ümumiyyətlə,  dövlət 
səviyyəsində  tətbiq  edilən terror siyasəti qorxu  vahiməsini kütləvi  surətdə  şüurda 
möhkəmləndirmək  üçün  əsas  vasitə  idi.  Belə  ki,  inqilabi  tribunal,  FK  (Çeka),  XI   
Ordunun  Xüsusi  Şöbəsi  (Osobı  otdel)  birbaşa  ordu  komandanlığına  və  mərkəzə 
tabe  idi.  Ona  görə  də  bu  təşkilatların  fəaliyyətinə  Azərbaycan  hökuməti  demək  
olar ki,  hakimiyyətinin ilk  aylarında  nəzarət edə  bilmirdi.  1920-ci  il mayın 16-da 
Bakıya gələn və Azərbaycanda İnqilab Komitəsinin sədri kimi fəaliyyətə başlayan 
Nəriman  Nərimanov  vəziyyətin  onun  düşündüyündən  də  çətin  olduğunu  başa 
düşdü.  O,  işlə  tanış  olduqdan  sonra  Azərbaycan  İnqilab  Komitəsinin  razılığı 
olmadan güllələnməni qadağan etmişdi. 
1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 
min adam qırmızı terrorun qurbanı olmuşdur (48, N3, 1990, s.19). 
Bütün  bu  faciə  və  dəhşətlər  sosializmin  mahiyyətindən  irəli  gəlir,  yoxsa 
bunun digər səbəbləri var idi? 
Suala  cavab  aprel  çevrilişindən  sonra  respublika  Xalq  Təsərrüfatı 
Şurasının  sədri  N.  Solovyovun  Leninə  göndərdiyi  «Çevrilişdən  sonrakı  3  ay 
müddətində  bizim  Azərbaycanda  siyasətimiz»  adlı  hesabat  qeydində  açıq  surətdə 
verilir.  N.  Solovyov  yazırdı  ki,  çevrilişə  qədər  hətta  azərbaycanlı  ziyalılar 
içərisində də sovet hakimiyyətinə rəğbət bəsləyənlər var idi. 
Məlumdur ki, Azərbaycan hökuməti azərbaycanlılardan təşkil edilmişdir. 
Heç  kimə  sirr  deyildir  ki,  Azərbaycan  hökumətinin  üzərində  də  bir  hakimiyyət 
mövcuddur.  O,  Azərbaycan  KP-nin  hakimiyyətidir.  Partiya  rəhbərliyi  isə  əsasən 
erməni  və  gürcülərin  əlindədir.  Bunlar  isə  sanki  Azərbaycanı  başsız  qoymaq 
fikrinə düşmüşlər. Ziyalılar soldan-sağa, sağdan-sola güllələnir. Küçələrdən kütləvi 
surətdə  həbs  edilən  müsəlmanlara  qarşı  ermənilərin  istehzalı  gülüşləri 
müsavatçıların əvvəlcədən  söylədikləri belə  bir fikri təsdiqləyir ki,  Azərbaycanda 
sovet hakimiyyətinin qurulması ümümmilli fəlakətdir (8, s.21). 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  dərc  edilən  bitərəf  və  siyasi 
partiya qəzetlərinin əksəriyyəti bağlandı. Rəsmi dövlət orqanı  «Azərbaycan»ın da 
nəşri dayandırıldı, onun yerinə «Kommunist» qəzeti dərc olunmağa başladı. 

1920-ci il 27 aprel işğalından sonra Azərbaycan Kommunist Partiyasından 
başqa heç bir partiyanın leqal fəaliyyətinə imkan qalmadı. Gəncə, Qarabağ, Şəki və 
Zaqatalada  lokal  xarakterli  hərbi  çıxışların,  silahlı  üsyanların  əsas  təşkilatçıları 
kimi  «Müsavat»  və  «İttihad»ı  ittiham  etmək,  siyasi  partiyalara  qarşı  amansız 
mübarizənin başlayacağını xəbər verirdi (50, s. 56). 
M. B. Məmmədzadə aprel çevrilişindən sonra siyasi partiyaların, xüsusən 
«Əhrar»ın  gizli  fəaliyyətə  keçməsinə  dair  yazırdı:  «Əhrar,  nisbətən  şimal 
bölgəsində  nüfuzu  olan  bu  partiya  yarandığı  gündən  Müsavatı  Türkiyəyə  arxa 
çevirməkdə, şiələri vəzifəyə yerləşdirməkdə ittiham etməklə və sünnilik məzhəbini   
qabartmaqla  populyarlaşmaq  taktikası  seçmişdir.  Sovet  hakimiyyətinin  ilk 
günlərində özünü buraxmaq haqqında qərar çıxardı və bir-iki il sonra onun üzvləri 
rəsmən Müsavat firqəsinə girdi» (82, s.148). 
Sosialist  fraksiyasına  daxil  olan  «xalqçı  sosialist  firqəsi»  bolşevik 
platformasını qəbul edərək üzvlərini məsul vəzifələrə yerləşdirə bildi. Lakin,  «fəal 
xalqçılardan»  Aslan  Səfikürdski,  Rza  Qaraşarlı,  Camo  Hacınski,  Rza  Şabanov, 
Kərim Feyzullayev, Xankişi Şahverdiyev və digər 26 nəfər 1922-ci ilin sonlarında 
Azərbaycan SSR Ali İnqilabi Tribunalın «eser partiyasının Zaqafqaziya təşkilatının 
işi»  adlı qondarma ittihamı ilə  mühakimə olunub müxtəlif müddətli həbs cəzaları 
aldılar (50, s.57). 
1920-ci  ilin  yazından  «İttihad»  gizli  fəaliyyətə  keçərək  özünü  güclü 
antisovet  bir  partiya  kimi  göstərə  bildi,  1920-ci  ilin  iyulunda  3  müstəqil    qrupa  
bölündü:  «Vətən  və  ya  ölüm»,  «Mərkəzi  İttihad»,  «Quranın  əmin-amanlığı».  
Göstərilən  qruplar  ideya  və  təşkilati  cəhətdən  müstəqil  işləyirdilər,  amma  hamısı 
sınanmış  siyasətçi  Qarabəyovun  rəhbərliyi  altında  «məhv  olsun  sovet    
hakimiyyəti»,  «Bolşevizmə  ölüm!»,  «Başda  milli  hökumətlər  olmaqla  Şərqdə 
müsəlmanlığa  eşq  olsun!» şüarı ətrafında birləşirdilər (21, s.8). 
Həmin  dövrdə  məram  və  xarakterinə  görə  «İttihad»a  yaxın  olan  dini 
təmayüllü  partiyalar  fəaliyyətini  gücləndirirdilər.  Əsasını  Türkiyəli  zabitlər  təşkil 
edən  «İslam»  partiyası,  adından  göründüyü  kimi  İslamı  təbliğ  edirdi.  «İttihad»la 
«İslam» birləşərək «İttihadi İslam» («İslam birliyi») Partiyası yarandı. 
1921-ci  il  mayın  5-də  «İttihadi  İslam»  «İslam-əl  Quran»la  birləşib 
«Milləti İslam» adını qəbul etdi (50, s.60). 
Siyasi  partiyalara  qarşı  repressiya  RK(b)P  Qafqaz  bürosunun  qərarı  ilə 
bütün Zaqafqaziyada həyata keçirilirdi. 1921-ci il iyunun 16-da Azərbaycan K(b)P 
Siyasi Bürosunun məxfi iclasında menşevik və başqa partiyaların ləğv edilməsi ilə 
bağlı Qafqaz Bürosunun teleqramı oxunarkən N. Nərimanov ona münasibətini belə 
ifadə  etmişdir:  «Azərbaycanda  bu  teleqramı  «ittihadçılara  qarşı  mübarizə 
aparılmalıdır» kimi başa düşmək olar, çünki bizdə menşeviklər və başqa təşkilatlar 
çox zəifdir» (50, s.61). 
«Günəş-Qafqaz»,  «Azərbaycan  milli  müdafiə  İslam  firqəsi»  və  s. 
partiyalar da o dövrdə təqibə, terrora məruz qalmışdı. 

Milli  müqavimət  hərəkatının  aparıcı  qüvvəsi  olan  Müsavat  Partiyası 
aprelin 27-də gizli fəaliyyətə keçmələri haqqında qərar verdi. Onun gizli fəaliyyət 
dövrünü  4  mərhələyə  bölmək  olar:  1.1920-1923-cü  illər,  2.1923-1927-ci  illər, 
3.1927-1931-ci  illər,  4.1931-ci  ildən  II  Dünya  müharibəsinə  qədərki  mərhələ  (50, 
s.66). 
Z.  Bünyadov  aprel  çevrilişindən  sonra  partiya  üzvlərinə,  ziyalılara  qarşı 
aparılan  kütləvi  həbsləri  çox  aydın  işıqlandıraraq  yazırdı:  «1920-ci  ilin  may 
ayından Azərbaycan ÇK (FK) təxmini həbslərə başladı. Həbs olunanları 3-4 ay ara 
vermədən  sorğu-suala  tutdular.  Nəticədə  fövqəladə  Komissiya  həmin  dövrdə 
demək  olar  ki,  fəaliyyət  göstərən  bütün  partiyaların  üzvləri  barədə  özünə  lazım 
olan  məlumatı  yığa  bildi.  Toplanmış  materiallar  FK-ya  «Müsavat»ın 
fəaliyyətindəki  zəif  və  güclü  cəhətləri  müəyyənləşdirmək,  öncülləri,  potensial 
fəalları  aşkara  çıxarmaq...  yaxın  gələcəkdə  qəti  addımlar  atmaq  imkanı  verdi. 
1920-ci  ilin  sonlarından  1923-cü  ilin  ortalarınadək  Fövqaladə  Komissiya 
«Müsavat»  partiyası  üzvləri  arasında  seçmə  həbslər  apardı.  Həbs  olunanlar 
içərisində  Kərbəlayi  Vəli  Mikayıl  oğlu  Mikayılov,  Rəhim  Vəkilov,  Qurban 
Musayev və  b. 30-dan çox  müsavatçı  var idi»  (21, s.40). 1924-cü il aprel  ayında 
100-dən  çox  müsavatçı  mühakimə  olunaraq  2-3  il  müddətinə  Yaroslavl,  Suzdal, 
Solovetski həbs düşərgələrinə göndərilmişdilər. 
Hər dəfə «antisovet ünsürlərin» həbsi ilə əlaqədar keçirilən genişmiqyaslı 
aksiyalardan  sonra  Azərbaycan  FK  rəhbərliyi,  AK(b)P  liderləri  açıq  şəkildə 
bildirirdilər ki, Azərbaycanda «xalq əleyhinə» partiyaların kökü kəsilmişdir. 1923-
cü  ildə  də  belə  olmuşdu.  Yayın  əvvəlində  növbəti  kütləvi  həbslər  zamanı 
müsavatçıların  gizli təşkilatının bir qrup nümayəndəsi zindana  atılmışdı.  Çekanın 
qarşısında  dustaqların  açıq  şəkildə  günahlarını  etiraf  etməsinə  və  Sovet 
hakimiyyətinə  qarşı  mübarizəni  dayandıracaqları  haqqında  təminat  vermələrinə 
nail olmaq vəzifəsi dururdu (94, s.24). 
1920-ci il 27 aprel işğalı ilə əlaqədar Azərbaycandan kənara yeni mühacir 
axını  başlandı.  Aparılan  terror  və  kütləvi  həbslər  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  liderlərini,  görkəmli  dövlət  və  siyasət  adamlarını  ölkəni  tərk 
etmək  məcburiyyəti  qarşısında  qoydu.  Fətəli  Xan  Xoyski,  Mustafa  Vəkilov,  Şəfi 
Rüstəmbəyli, Nağı Şeyxzamanlı və b. dövlət xadimləri hələ sovetləşməmiş qonşu 
Gürcüstana keçə bildilər (50, s.101). 
1920-ci  il  aprelin  ortalarında  Azərbaycan  parlamentinin  sabiq  sədr 
müavini Həsən bəy Ağayevin rəhbərliyi ilə Tiflisə, Zaqafqaziya Respublikalarının 
Konfransına göndərilən nümayəndə heyəti də çevrilişdən sonra vətənə dönmədilər. 
1919-cu  ildə  Azərbaycan  parlamenti  tərəfindən  Ə.  M.  Topçubaşovun 
rəhbərliyi  ilə  Paris  sülh  konfransına  göndərilmiş  nümayəndə  heyətinin  üzvləri 
1920-ci il 27 apreldən sonra Avropada qalaraq fəaliyyət gostərdilər (C. Hacıbəyli, 
M. Məhərrəmov, M. Mehdiyev və b.). 

Respublikada  inqilabi  tədbirlərin  həyata  keçirilməsi  gedişində  köhnə 
dövlət  aparatı  tamamilə  dağıdılmışdı.  Nazirliklərin  və  baş  idarələrin 
əməkdaşlarının, mütəxəssislərin xeyli hissəsi ya vətəni tərk edib getmiş, ya da cəza 
tədbirlərinə  məruz  qalmışdılar.  Halbuki,  onların  bir  çoxu  Rusiyanın  və  xarici 
ölkələrin  təhsil  ocaqlarında  oxumuş,  dövlət  idarələrində  lazımi  iş  təcrübəsi 
qazanmış  adamlar  idi.  Bu  mütəxəssislərin  dağıdılması  xalq  təsərrüfatının  bərpa 
edilməsinə, maarif, elm və mədəniyyətin inkişafına böyük ziyan vurdu. 
Bolşeviklər  sovetləşmənin  əvvəllərində  xalqın  milli  ləyaqətini  alçaldan, 
«müsadirəçilik»  -  sözün  əsl  mənasında  qarətçilik  kompaniyasına  başladılar.  Bu 
zaman  iri  burjuaziya,  xırda  mülkiyyətçilərlə  yanaşı,  mütəxəssislər,  hətta  sovet 
hökumətinə  hörmətlə  yanaşan  demokratik  ziyalılar,  fəhlələr  müsadirədən  yaxa 
qurtara  bilmədilər.  1920-ci  ilin  dekabrından  27  mindən  çox  adamın  iştirakı  ilə 
həyata keçirilən kütləvi axtarışlara Sarkis rəhbərlik edirdi ki, bu da çox acınacaqlı 
sonluqla başa çatdı. 
RSFSR  hökuməti  yanında  Azərbaycan  SSR-in  fövqəladə  və  səlahiyyətli 
nümayəndəsi  B.  Şaxtaxtinski  1920-ci  ilin  sentyabrında  V.  İ.  Leninə  yazmışdı: 
«Müsəlman  əhali  bitib  tükənmək  bilməyən  müsadirələrdən,  ələlxüsus  mənzillərin 
bölünüb bir neçə ailəyə verilməsindən cana doymuşdu, bütün bunlar xalqın məişət 
tərzinə, şəriətə tamamilə ziddir, dinə və qədim adət-ənənələrə qarşı ağır təhqirdir». 
Məktubda  deyilirdi  ki,  Azərbaycan  Xalq  Komissarları  Sovetinin  sədri  N. 
Nərimanov  öz  səlahiyyəti  gücünə  müsadirəni  saxlatmağa  məcbur  olmuş  və  artıq 
əmlakı könüllü təhvil verməyə çağırmışdı. Bunun çox böyük nəticəsi olmuş, təhvil 
müddətinin uzadılmasını əhali özü dəfələrlə xahiş etmişdi. Lakin bu addım inqilabi 
addım  sayılmamışdı.  Məsələ  Bakı  Soveti  İcraiyyə  Komitəsinin  müzakirəsinə 
verilmiş,  nəticədə  N.  Nərimanovun  əmri  ləğv  olunmuş  və  müsadirəni  davam 
etdirmək qərara alınmışdır (13, f.268, s.26, iş 32, s.180). 
«Müsadirə» adı altında gedən həddini aşmış qarətçiliklə bağlı AK(b)P-nin 
1920-ci ilin oktyabrında keçirilən II qurultayında N. Nərimanov öz kəskin etirazını 
bildirərək  deyirdi:  «Müsadirə  edərkən  və  müsəlman  evinə  girərkən  onun  hansı 
şəraitdə  yaşadığını  bilmək  lazımdır.  Müsəlman  qadınının  qulağından  sırğanı 
çıxarmaq və bədənində brilyant axtarmaq lazım deyil. Brilyant bizə lazımdır, ancaq 
onu başqa yerdə axtarmaq lazımdır» (13, f.l, s.l, iş.8, s.201). 
İntizamsız,  plansız  həyata  keçirilən  müsadirələr  acınacaqlı  nəticələrə 
gətirib  çıxardığından  N.  Nərimanov  vəziyyəti  yüngülləşdirmək  üçün  konkret 
təkliflər  irəli  sürərək  «qabaqcadan  burjuaziyanın  siyahısı  və  dəqiq  ünvanlarını 
tərtib  etmək  və  bu  məlumatlara  əsasən  müsadirə  keçirmək»  (90,  s.27)  lazım 
olduğunu  bildirdiyi  halda,  onun  bu  təklifinə  ciddi  əhəmiyyət  verilmədi.  Əksinə 
evlərin  nömrələrinə  görə  müsadirə  başlandı  ki,  bunun  da  ziyanı  əhalinin  yoxsul 
təbəqələrinə  dəydi.  İri  burjuaziyanın  evlərində  yerləşdirilmiş  sovet  qulluqçuları, 
kasıb fəhlələr qarət edilir, öz evlərində deyil, kiçik mənzillərdə yerləşən varlıların 
əksəriyyəti isə müsadirədən qismən yaxa qurtarırdı. 

N.  Nərimanov  «Ucqarlarda  inqilabımızın  tarixinə  dair»  adlı  məktubunda 
yazırdı:  «Bu,  əsl  plansız  qarət  idi...  Nəhayət,  təşkilatların  özləri  böyük  səhvə  yol 
verdikləri  haqqında  danışmağa  başladılar.  Bu  səhvlər  bütün  Azərbaycan  boyu 
təkrar  edilirdi.  Nəticədə  şeylərin  düzgün  bölüşdürülməməsi,  təşkilatların  hər 
şeydən  qabaq  özlərini  yaddan  çıxarmaması  əsas  ilhamverici  yoldaş  Sarkisin 
himayədarlığı  altında  şeylərin  itməsi  və  i.  a.  haqqında  bir  cild  iş  tərtib  edilmiş 
oldu.» (90, s. 27). 
AK(b)P MK Siyasi və Təşkilat Bürosu 1921-ci ilin iyulunda  «Partiyanın 
təmizlənməsi  haqqında  məsələ»  müzakirə  edərək,  Mərkəzi  Komissiyanı  təsdiq 
etdikdən  sonra  Azərbaycanda  22  yoxlama  komissiyası  təşkil  edildi.  Təmizləmə 
1921-ci 
ilin 
sentyabrında 
başladı  və  dekabrında  qurtardı.  Partiyanın 
təmizlənməsində bitərəf və kommunistlərin fəal iştirakı nəticəsində bir çox keçmiş 
ağqvardiyaçı  polis  məmuru  ifşa  olunaraq,  partiyadan  qovuldu...  Ümumiyyətlə 
partiya sıralarının təmizlənməsi dövründə Azərbaycanda partiyadan xaric edilənlər 
içərisində 417 qolçomaq və polis məmuru olmuşdur (67, s.47). 
Qəzalardakı  bəzi  yoxlama  komissiyaları  yerli  mədəni-məişət  şəraitini 
nəzərə almayaraq, siyasi cəhətdən savadsız və dini mülahizələrə görə də partiyadan 
xaric  etmək  kimi  hərəkətlərə  yol  vermişdilər.  Bunun  nəticəsində  bir  çox 
kommunist  əsassız  olaraq  partiyadan  xaric  edilmişdir  ki,  bu  da  partiya 
təşkilatlarının işində çətinliklər törədirdi (67, s.47). 
1921-ci  ilin  sentyabr-dekabrında  Azərbaycanda  aparılmış  «partiyanın 
təmizlənməsi» 
kompaniyasında 
özbaşınalıqlar 
artmaqda 
idi. 
Yoxlama 
Komissiyasının sədri K. F. Strua, üzvləri İ. Vatsek və S. D. Yaqubovun rəhbərliyi 
ilə  aparılan  təmizləmədən  bir  alət  kimi  istifadə  edilərək  N.  Nərimanovu  müdafiə 
edən  milli  ruhlu  kommunistlərə  qarşı  əsassız  ittihamlar  irəli  sürülür,  «millətçi» 
kimi  günahlandırılaraq  partiyadan  xaric  edilirdilər.  Onların  içərisində  tanınmış 
partiya, dövlət xadimləri, çoxillik staja malik olan kommunistlər də var idi. 
Sovet  hakimiyyətinin  ilk  günlərindən  «aprelə  qədərki»  ziyalıların 
nümayəndələrinə  münasibətdə  müəyyənləşdirilmiş  ümumi  rəy  yaradılmasına 
hazırlıq  başlandı.  Onların  yeni  həyata  qoşulmaq,  öz  bilikləri  ilə  Vətənə  xidmət 
etmək  arzusu  hiyləgərlik,  sovet  idarələrində  işə  daxil  olmaları  isə  məkrli  niyyət 
kimi təqdim edilirdi. Əgər AXC-nin mövcud olduğu qısa dövrdə onlar müəyyən bir 
vəzifədə  olublarsa,  necə  irəliləmələrindən  asılı  olmayaraq  onlara  şübhə  ilə 
baxırdılar...  məsələn:  İsmayıl  Rəhimov  «keçmiş  ağ  zabit»  olduğu  üçün  aradan 
götürülməlidir. Yunis xan Naxçıvanski  «ümumiyyətlə, təkcə  xan oldu,  buna  görə 
deyil, həm də ruhuna və dünyagörüşünə görə proletar hakimiyyəti və sovet idarəsi 
üçün  yad  ünsürdür».  1923-cü  ilin  cəmi  bir  neçə  ayı  ərzində  Ş.  Mahmudbəyovun 
göstərişi ilə 87 bitərəf, 46 kommunist məsuliyyətə cəlb edilmişdir (94, s.17). 
İ.  Vatsek  Zaqafqaziya  Kommunist  Təşkilatlarının  I  qurultayında  (fevral 
1922)  öyünərək  demişdi:  «Partiyadaxili  ixtilafların  aradan  qaldırılması  Qafqaz 
bürosunun,  hər  hansı  başqa  partiya  komitələrinin  xidməti  deyildir,  partiyadakı 

təmizlənmənin  nəticəsidir...  Azərbaycanda  biz  bütün  millətçi  alçaqları...  süpürüb 
atmışıq...  Partiya  dəmir  süpürgə  ilə  süpürülüb  təmizləndikdən  sonra  söhbəti  daha 
işgüzar  ruhda  aparmaq  mümkündür».  Bakı  şəhərində  2164 partiya  üzvündən  760 
nəfəri (və  ya bütün kommunistlərin 35 faizi), o cümlədən şübhəli keçmişinə görə 
221  nəfər,  səbatsızlığına  görə  97  nəfər,  partiya  intizamını  mütəmadi  pozmağa  və 
partiya intizamına tabe olmamağa görə 90 nəfər, millətçiliyə və şovinizmə görə 34 
nəfər, intriqaçılığa görə 31 nəfər partiyadan xaric edilmişdi (13, f.268, s.26, iş.32, 
s. 188-189). 
Bakı  şəhər  yoxlama  komissiyası  Azərbaycan  SSR-in  Türkiyədəki 
səlahiyyətli  nümayəndəsi  İbrahim  Əbilovu  «şübhəli  keçmişinə»  görə  partiyadan 
xaric  etmişdir.  Səbəb  bu  olmuşdur  ki,  Azərbaycanda  sovet  hakimiyyəti 
qurulanadək  İbrahim  Əbilov  «Hümmət»  təşkilatının  sağ  cinahına  mənsub  idi.  N. 
Nərimanov  Əbilovu  müdafiə  edərək  Mərkəzi  yoxlama  Komissiyasına  ərizəsində 
yazmışdı: «Mən, Əbilov yoldaşı ən yaxşı və proletar inqilabına ən sədaqətli yoldaş 
kimi  tanıyan  bir  çox  yoldaşlardan  biriyəm  və  hazırda  Əbilov  yoldaş  Bakıda 
olmadığına  görə  təşəbbüsü  öhdəmə  götürüb  Mərkəzi  Komissiyadan  xahiş  edirəm 
ki,  Əbilov  yoldaşın  partiyadan  xaric  edilməsi  haqqında  şəhər  komissiyasının 
qərarına yenidən baxsın və AKP üzvü kimi onun hüquqlarını bərpa etsin... 
Mərkəzi  yoxlama  komissiyasının  sədri  K.  F.  Sturua  Nərimanovun 
ərizəsinin  üzərində  yazmışdı:  «Nərimanov  yoldaşın  məsuliyyəti  altında  Əbilov 
yoldaş 1920-ci ildən sayılan köhnə partiya stajı ilə AKP üzvlüyünə bərpa edilir». 
N.  Nərimanovun  Əbilov  üçün  «məsuliyyət  daşıması»  çox  çəkmədi.  1923-cü  ilin 
fevralında  İ.  Əbilov  Türkiyənin  Smirna  (İzmir)  şəhərində  cərrahiyyə 
əməliyyatından sonra vəfat etdi. 
Azərbaycanda  təmizləmə  zamanı  qadınlar  da  yoxlama  komissiyasının 
nəzərindən qaçmamışdır. Ceyran Bayramova, Xavər Şabanova, Qızxanım Ələkbər 
qızı  və  b.  müxtəlif  bəhanələrlə  partiyadan  çıxarılmışlar.  Təmizlənmə  nəinki  tək 
Bakıda, Azərbaycanın qəzalarında da xalqa ağır ziyan vurmuşdur. Göyçay partiya 
təşkilatında  650  kommunistdən  440  nəfəri  və  ya  62,1  faiz,  Ağdaş  partiya 
təşkilatında 61,1, Nuxa partiya təşkilatında 52, Şamaxı partiya təşkilatında təqribən 
50,  Quba  partiya  təşkilatında  46,2,  Qazax  partiya  təşkilatında  41,9,  Şuşa  partiya 
təşkilatında  32,  Naxçıvan  diyarında  944  kommunistin  25,7  faizi  partiyadan 
çıxarıldı (13, f.268, s.26, iş.32, s.190). 
Öz  vəzifələrindən  istifadə  edərək,  rüşvətxorluq,  intizamsızlıq,  sərxoşluq 
və  s.  səbəbindən  günahlı  olub,  təmizlənməyə  məruz  qalan  adamlar  da  var  idi. 
Ancaq onlar azlıq təşkil edirdilər. 
1921-ci il dekabrın 21-də N. Nərimanov RK(b)P MK-ya həyəcan və təşviş 
dolu şifrli teleqram göndərmişdi. Teleqramda deyilirdi:  «Azərbaycanda partiyanın 
təmizlənməsi  ən  kütləvi  hal  almışdı.  Azərbaycan  komissiyalarının  bütün 
qərarlarında fraksiyaçılıq aydın görünür. Təmizlənməni fraksiya mübarizəsi alətinə 
çevirmişlər.  Qəzalarda  vaxtilə  əksinqilaba  qarşı  mübarizə  aparmış  məsul  işçilərin 

hamısı  partiyadan  çıxarılmışdır.  Partiyanın  sıravi  üzvlərini  də  amansızcasına 
darmadağın  etmişdilər.  Xalq  komissarlarından  biri  də  salamat  qalmamışdı. 
Şaxtaxtinski,  Əfəndiyev,  Əliyev,  Qədirli,  Kazımov,  Vəzirov,  Talıblı  xaric 
edilmişlər. Bizim Ankaradakı diplomatik nümayəndəmiz də xaric olunmuşdur. Elə 
bir  vəziyyət  yaranmışdır  ki,  işləmək  əsla  mümkün  deyildir  (13,  f.609,  s.l,  iş  53, 
s.14). 
Qafqaz  diyar  yoxlama  komissiyası  və  onun  sədri  Mavrin  Azərbaycan 
kommunistlərinə  münasibətdə  qeyri  obyektiv  mövqe  tuturdu.  Onun  fikrincə 
Azərbaycandakı müsəlmanlar arasında səbatlı kommunistlər yox idi. N. Nərimanov 
buna  öz  münasibətini  bildirərək  yazırdı:  «Əgər  Azərbaycanın  müsəlman 
kommunistlərinin  əksəriyyəti  Mavrin  düşündüyü  kimi  millətçilik  əhval-
ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru almazdı. Gürcüstana müftə 
neft verilməzdi, Azərbaycan kommunistləri partiyanı sağlamlaşdırmaq məsələsində 
öz  müqəddəratlarını  Mavrin  kimi  «beynəlmiləlçilərə»  tapşırmazdılar.  Nərimanov 
təmizlənmənin  qərəzçiliklə  aparıldığını  göstərərək  diqqəti  ona  cəlb  edirdi  ki,  bir 
nəfər  də  «sol»  kommunist  partiyasından  çıxarılmamışdı,  partiyadan  kənarda 
qalanlar əsasən «sağ» kommunist adlananlardır» (13, f.268, s.26,  iş.32, s.191). 
Arxiv  materialları  və  aparılmış  tədqiqatlar  göstərir  ki,  Azərbaycanda 
sovetləşməyə  qarşı  yerlərdə  ciddi  müqavimət  göstərilmişdir.  Belə  ki,  çevrilişdən 
sonra bolşeviklərin apardığı siyasət xalqın ciddi narazılığına səbəb olmuşdur. 
Tərəddüd edənlər, ümid gözləyənlər, mübarizə aparmağın yersiz olduğunu 
güman  edənlər,  qeyri-leqal  fəaliyyətə  keçən  siyasi  partiyalar  və  rus  ordusunun 
özünü necə aparacağını gözləyən Milli ordu əsgərləri qısa müddətdə məsələnin əsl 
mahiyyətini  başa  düşdülər.  XI  Ordunun  özbaşınalığı,  qarətçilik,  hərcmərclik, 
xüsusən  günahsız  adamların  güllələnməsi  xalqın  qəzəbinə  səbəb  oldu.  Qəzəb 
dalğası üsyanlara gətirib çıxardı (49, s.45). 
1920-ci  il  mayın  26-dan  iyunun  20-dək  Gəncədə,  Tərtərdə,  Ağdamda, 
Şuşada  və  Zaqatalada  silahlı  üsyan  baş  verdi.  Üsyanın  başlanmasına  bilavasitə 
təkan  verəcək  hadisə  Azərbaycan  hərbi  hissələrinin  «sinfi  baxımdan  yad 
ünsürlərdən  təmizlənməsi»  tədbiri  oldu.  Yeni  hökumət  Gəncədəki  3-cü  piyada 
alayına, sovet hakimiyyətinin şərtləri əsasında fəaliyyət göstərməsini əmr etmişdir. 
Əmrin  yerinə  yetirilmədiyini  gördükdə  Azərbaycan  ordusunun  rəhbərliyini 
dəyişmək, əsgərlərini tərksilah etmək qərara alındı. Bununla da Gəncə komendantı 
şahzadə  Mirzə  Qacar,  onun  arxasınca  piyada  diviziyasının  rəisi  general-mayor 
Cavad bəy Şıxlinski və Cavanşir Kazımbəy vəzifədən uzaqlaşdırıldı. Mayın 12-də 
şəhər qubernatoru Xudadat bəy Rəfibəyli həbs edilərək Bakıya gətirildi, mühakimə 
edilərək məhkəmənin hökmü ilə mayın 20-də güllələndi (50, s.37). 
Gəncədəki Azərbaycan milli ordusunun hərbi hissələri özlərinə qarşı yad 
münasibət  görərək,  döyüşə  hazırlıq  vəziyyətinə  gətirilib,  gizli  təlim  keçirməyə 
başladılar. Hadisələrdən duyuq düşən XI Ordu hissələri mayın 25-dən 26-na keçən 
gecə  Azərbaycan  ordusunun  qərargahına  hücuma  keçdilər.  Milli  ordunun  əks 

hücumu  ilə  həmlə  dəf  edilərək  şəhərin  müsəlmanlar  yaşayan  məhəlləsi  Qırmızı 
ordu  hissələrindən  azad  edildi.  Şəhər  əhalisi  silahlandırılaraq  üsyana  qoşuldu. 
Üsyanın  başında  general  Şıxlinski,  polkovnik  Xanınbəyov,  Xoyski  qardaşları, 
Qəmbər Ələkbərov və şahzadə Məhəmməd Mirzə dururdu. Gəncənin yerli əhalisi 
ilə birlikdə üsyanda iştirak edən döyüşçülərin sayı 10 min nəfəri ötmüşdü. 
Üsyan  başlanan  zaman  şəhərin  erməni  əhalisi  Yelenendorf  (Xanlar) 
istiqamətində XI Ordu tərəfindən çox həvəslə  vuruşurdu. Bu səbəbdən üsyançılar 
erməni məhəllələrini öz nəzarətləri altına ala bilmədilər. 
Mayın 27-də  XI Ordu hissələri hücuma  keçdi,  böyük itkilər verərək geri 
oturduldular  (12,  f.410,  s.l,  iş  80,  s.60).  Vəziyyətin  ağırlığını  görən  bolşeviklər 
Gəncəyə  M.  Q.  Yefremovun  komandanlığı  ilə  zirehli  qatarlar  qrupu,  P.  V. 
Kurışkonun 18-ci  süvari diviziyası,  M.  D.  Velikanovun  komandanlıq etdiyi 20-ci 
atıcı diviziyasından ibarət güclü hərbi birləşmələr göndərdi (57, s.79). 
C. Kazımbəy və alman polkovniki Hauzen birlikdə kəşfiyyat edib Şəmkir 
tərəfdən  hücum  olacağını  bildilər  və  əsas  qüvvələri  Qərb  istiqamətinə 
cəmləşdirdilər.  Üsyanın  gedişində  ermənilər  Yelenendorf  istiqamətində  hücumlar 
edirdilər. Onlar qırğın törədir, evləri qarət edir, müsəlmanları qırır, qız-gəlini girov 
götürürdülər. 
Güclənən  XI  Ordunun  üçüncü  diviziyası  mayın  28-də  şəhəri  güclü  top 
atəşinə  tutdu.  Operativ  idarənin  rəisi  V.  Voronkovun  ordu  qərargahına  verdiyi 
məlumatda  deyilirdi:  «Şəhərin  yarısı  artilleriya  zərbəmizlə  dağıdılmışdı»  (126, 
s.57).  Qüvvələr  nisbətinin  qeyri-bərabər  olmasından  üsyan  XI  ordunun  xeyrinə 
qurtardı.  Mayın  31-də  Qızıl  Ordu  şəhəri  tam  nəzarət  altına  aldı  (12,  f.410,  s.l,  iş 
180, s.60). 
Döyüşlərdə Stankeviç, Hauzen, tabur komandiri Mirizadə qəhrəmancasına 
həlak  oldular.  Üsyan  yatırıldıqdan  sonra  başlanan  repressiyada  6  general,  6 
polkovnik, 3 mayor və 7 kapitan qətlə yetirildi, ümumi sayı 76 nəfərə çatan hərbçi 
Narginə aparılaraq orada güllələndi (50, s.41). 
Görkəmli  elm  xadimi,  Qazax  Seminariyasının  müəllimi  Firudin  bəy 
Köçərli də güllələnmişdi. Onun qətli N. Nərimanovu çox mütəəssir etmişdi. 1920-
ci ilin oktyabrında Gəncədə olarkən dərin istintaq keçirməyə göstəriş vermişdi: «F. 
Köçərli  Azərbaycan  mədəniyyətinin  parlaq  fiqurudur,  adı  bizim  ölkəmizdən  də 
kənarlarda geniş tanınıb, biz onun qətli vəziyyəti haqqında dəqiq məlumat almağa 
borcluyuq» (33, s.43). 
Həbslər  zamanı  İsrafilbəyov,  Adilbəy  Zülqədərov,  Keçmiş  Şeyxülislam 
Axund Pişnamazzadə həbs edildi (12, f.27, s.l, iş 705, s.22). 12 min nəfərdən çox 
Gəncə əhalisi məhv edildi. XI Ordu isə 8,5 min nəfər itki verdi (102, s.163). 
Gəncədə  göstərdiyi  «şücaətinə»  görə  M.  Q.  Yefremov  Qırmızı  Bayraq 
ordeni ilə təltif edildi. 
İnsan  tələfatı  ilə  nəticələnən  silahlı  münaqişələrin  biri  də  Tərtərdə  hələ 
mayın  ortalarında  baş  vermişdi.  Qarabağda  baş  verən  üsyanlar  ərəfəsində  əhali 

milli orduya  inanır  və  ona  arxalanırdı.  Bolşeviklər  isə Gəncə üsyanından sonra 
Milli  ordunu  tamamilə  dağıtmaq  qərarına  gəldilər.  XI  Ordu  onlarla  sıx  əlaqə 
yaradan  erməni  daşnaklarının  hərəkətlərinə  göz  yumurdu.  İyunun  əvvəllərində 
Qarabağın  müxtəlif  tərəflərində  yerləşən  Azərbaycan  ordusunun  Şəki,  Tərtər, 
Cavanşir, Ağdam süvari alayları, Bakı piyada alayı və iki topçu diviziyası onların 
qarşısını almağa cəhd göstərirdi. 
Bolşevik  hakimiyyəti  xalqın  təhlükəsizliyini  təmin  etmirdi,  yaxud  etmək 
istəmirdi.  Milli  münasibətlərin  kəskin  olduğu  bu  bölgədə  ermənilər  XI  Ordu 
əsgərlərindən istifadə edərək öz iyrənc niyyətlərini həyata keçirir, XI Ordu ilə milli 
ordu arasında nifaq yaradıb onları toqquşdururdular. 
Tərtərdə  milli  orduya  qarşı  bolşevik  ordusunun  hərbi  əməliyyatı  iyunun 
10-da  başlandı.  XI  Ordu  komandanı  Levandovskinin  «düşmən  mövqelərinin 
təyyarələrdən  iyunun  10-da  bombardman  edilməsi»  barədə  verdiyi  əmr  həlledici 
rol  oynadı  (126,  s.63).  Tərtər  və  bir  neçə  kəndi  dağıdıldı.  Minlərlə  insan  öz 
yurdlarını tərk etmək məcburiyyətində qaldı. Müqavimətə türk generalı Nuru paşa 
və polkovnik Zeynalov başçılıq edirdi. 
Hələ  iyunun  3-dən  4-nə  keçən  gecə  Nuru  paşa  öz  hərbi  birlikləri  ilə 
(onların içərisində polkovniklər Zeynalov, Səfiyev, sabiq pristav K. Qalabəyov da 
var  idi)  birlikdə  Şuşaya  girərək  inqilabi  komitə  üzvlərini  həbsə  alıb  özünü 
«Qarabağ  hakimi»  elan  etmişdi.  İyunun  6-da  Şuşa  İnqilab  Komitəsinin  sədri  B. 
Vəlibəyov və b. yeni hakimin sərəncamı ilə güllələndilər (57, s.77). 
Bu  vaxt  Qarabağda  xeyli  milli  ordu  birləşmələri  var  idi  ki,  bunlar  da 
Bərdədən  Zəngəzura  qədər  geniş  bir  ərazidə  yerləşmişdilər:  süvarilər,  tatar 
diviziyası (I Dünya  müharibəsində vəhşi diviziya adını almışdı) Şəki süvari alayı, 
Qarabağ  atlılar  polku,  5-ci  Bakı  piyadaları,  Ağdam  polkları  və  2-ci  artilleriya 
briqadası. Nuru paşanın ciddi uğurlar qazanmaq imkanı, onun ümumi komandanlıq 
etmək  bacarığının  olmasına  baxmayaraq,  pərakəndəlik,  üsyanın  lokal  xarakterli 
olması,  qüvvələrin  qeyri-bərabərliyi  Gəncədə,  Şuşada,  Tərtərdə,  Ağdam  və 
Qaryagində baş verən müqavimət hərəkatının tezliklə yatırılmasına səbəb oldu. 
Beləliklə, iyunun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi və Şuşa XI 
Ordu tərəfindən  tam nəzarətə alındı (12, f.27, s.l,  iş 700, s.3). Pərən-pərən düşən 
Azərbaycan ordusu dağıldı. 
Qarabağ  üsyanlarının  davam  etdiyi  günlərdə  Azərbaycanın  şimal 
qərbində, Zaqatalada da müqavimət hərəkatı başlamışdı. Üsyanın başında bölgənin 
nüfuzlu  şəxslərindən  -  Molla  Hafiz  Əfəndiyev  və  hərbçi  Əhmədiyev  dururdu. 
Üsyançılar  silaha  əl  ataraq  iyunun  5-də  müqavimətə  rast  gəlmədən  Zaqatala 
qalasını  tutdular,  qəzanın  inqilab  komitə  sədri  və  digər  kommunistlər  həbs  edildi 
(11,  f.l,  s.14,  iş  6139,  s.40).  Bir  növ  üsyan  dini  xarakterli  idi.  Onlar  «rus 
kafirlərindən» ölkəni təmizləmək üçün əhalini köməyə çağırırdılar. 
Üsyançılar iyunun 7-də Qaxa daxil oldular. Milli ordunun süvari alayı da 
üsyançılara qoşuldu. İyunun 16-da XI Ordu hissələri V. F. Vodopyanovun başçılığı 

ilə Zaqatala istiqamətində hərəkət etdi. İyunun 16-da Zaqatala üsyanı yatırıldı (12, 
f.27, s.l, iş 700, s.3). 
1920-ci  ilin  avqustunda  Quba  qəzasının  Dəvəçi  və  Qusar  rayonlarında 
üsyan baş verdi (12, f.27, s.l, iş 6139, s.41). 
Bu  üsyanlar  əvvəlki  üsyanlar  kimi  XI  Ordu  tərəfindən  amansızcasına 
yatırıldı. 
1920-ci  ilin  avqust-sentyabr  aylarında  Lənkəran  qəzasında  Sovet 
hakimiyyətinə  qarşı  güclü  və  uzun  müddətli  üsyan  başlandı.  Üsyanın  başında 
Qulam  Tağıyev,  general  Səlimov,  Nəcəfquluxan,  Hüseynəli  xan  və  Əsəd  xan 
Talışinski dururdu. Avqustun 24-də üsyançılar Biləsuvar-Astara arasındakı məsafə 
boyu  irəliləyərək  şəhərin  20  km-nə  çatmışdılar.  XI  Ordunun  xüsusi  şöbəsi 
tərəfindən törədilən özbaşınalıqlar qəzada sovet hakimiyyətindən narazı qüvvələri 
birləşdirdi. 
1920-ci  il  dekabrın  ortalarında  Astarada,  Girdənidə,  Şahağacıda  və 
Pensəri yaşayış məntəqələrində sovet hakimiyyəti devrildi. 1921-ci ilin yanvarında 
Lənkəran  qəzasında  sovet  hakimiyyəti  üçün  yaranmış  ağır  vəziyyət  aradan 
götürüldü. l921-ci ilin yayında qəzanın Astara hissəsində yenidən üsyan baş verdi. 
Xəzər  dənizi  hərbi  qüvvələrinin  köməyi  ilə  oktyabrın  5-də  bu  üsyan  da  yatırıldı. 
Lənkəran qəzasında müqavimət hərəkatı uzun müddət davam etdi (49, s.49). 
Sovetləşmənin  əvvəllərində  Azərbaycanda  müqavimət  hərəkatının  bir 
növü  də  qaçaqçılıq  idi.  Torpaqları,  var-dövlətləri  əllərindən  alınmış,  siyasi 
hüquqlardan  məhrum  edilmiş  adamlar  qruplar  halında  birləşərək,  yerlərdə  sovet 
hakimiyyətinə qarşı silahlı çıxışlar edirdilər. Onların içərisində ən güclüləri Nuxa 
qəzasındakı Hüseyn Əfəndinin dəstəsi idi. Göyçayda, Ağdaşda, başqa qəzalarda da 
onun dəstələri var idi (12, f.410, s.l, iş 103, s.136-137). 
Əsədulla  bəyin  başçılığı  altında  Şuşa  qəzasında,  Adil  bəyin  başçılığı 
altında  Kürdüstanda,  Şamxor,  Zaqatala,  Salyan,  Qazax  və  başqa  yerlərdə 
müqavimət hərəkatı güclü idi. 
20-ci  illərdə  günahsız,  öz  haqqını  tələb  edən,  haqsızlıqlara  göz  yuma 
bilməyənlər  «bandit»  möhürü  ilə  damğalanırdı.  Onların  içərisində  «öz  mənliyini, 
şəxsi həyatını bolşevik bəlasından qoruyub saxlamaq üçün müxtəlif yerlərə qaçan, 
dağlara  çəkilən  bəylər,  varlılar;  mövcud  hakimiyyətə  bel  bağlamayan  və  baş 
vermiş hadisələrin mahiyyətini dərk etməyən qruplar..; sovet hakimiyyətinə nifrət 
edən  silahlı  dəstələr..;  hakimiyyət  hərc-mərcliyindən  istifadə  edib  varlanmaq 
məqsədi  ilə  müxtəlif  «dinə-dona»  girənlər,  ev,  mal-heyvan  oğruları..;  vaxtilə  öz 
mənəviyyatını itirmiş və narazı camaatı bandit adlandıran bir çox kommunistlərin   
özü  də  sonradan  banditizmə  qarşı  mübarizənin  hədəfinə  çevrildi..;  sovet 
hökumətinə  sədaqətlə xidmət edən milis dəstələri  də.. bolşeviklərdən üz döndərir 
və beləliklə, «bandit»ə çevrilirdilər.» (49, s.50). 
20-ci  illərdə  bolşeviklərin  güclə  bərqərar  etdiyi  totalitar  aparat  belə, 
Azərbaycan xalqının milli-azadlıq hərəkatının qarşısını ala bilmədi. 

Araşdırmalar  göstərir  ki,  20-ci  illərin  ortalarında  Azərbaycanda 
müqavimət  hərəkatı  zəifləsə  də,  sonralar  müxtəlif  yerlərdə  ara-sıra  çıxışlar 
olmuşdur. 
Müqavimət hərəkatının qəddarlıqla  yatırılmasına baxmayaraq, işğalçılara 
əyani  sübut  olundu  ki,  Azərbaycan  xalqı  öz  azadlığı  və  istiqlaliyyəti  uğrunda 
mübarizə aparmağa qadir xalqdır. 
Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin