Azərbaycan miLLİ elmlər akademiyasi


MİRZƏ CƏLİL YURDUNDA ƏDƏBİ PROSES



Yüklə 0,88 Mb.
səhifə8/20
tarix28.12.2021
ölçüsü0,88 Mb.
#17085
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
GÜNEY AZƏRBAYCANDAN “KOROĞLU” TÖHFƏSİ
Çox təəssüf ki, Güney Azərbaycandakı zəngin folklor xəzinəsinin qa­pıları biz quzeylilərin üzünə hələ də bağlıdır. Bugünkü siyasi reallıq çər­çivəsində həmin xəzinədən bəhrə­lənməyin ən münasib yolu Güney­dəki ziyalılarla əlaqələri möhkəmləndirmək, el ədəbiyyatı nümunələrinin toplanması və nəşr olunmasına onların marağını artırmaqdır.

Bu istiqamətdə atılan addımları götür-qoy edəndə Əli Şamilin gör­dü­yü işləri xüsusi qiymətləndirmək lazım gəlir. Altaydan üzübəri türk el­lərini az qala qarış-qarış gəzən, Azər­baycan türklərinin Türk dünyası ilə əlaqələrinin genişlənmə­sində əvəzsiz rol oynayan Əli Şamilin, təbii ki, Güney Azər­baycanda oturub-durduğu ziyalıların sayı daha çoxdur. Be­lə ziyalılardan biri onun adaşı rəhmətlik Əli Kəmali idi.

İxtisasca hüquqşünas olan Əli Kəmali (1944-1966) “Var­lıq” dər­gi­sin­də birləşən bir çox başqa ziyalılarımız kimi, vaxtaşırı ədəbiyyat məsələləri ilə məş­ğul olub, folklor nümunələrinin yazıya alınması sahəsində səmərəli işlər görüb: onlarla nağıl və dastan toplayıb, XVIII yüzilliyin ikinci ya­rısında yaşamış Telimxan adlı şairimizin bir divan həcmində şeirlərini, həm­çi­nin XVII-XX yüzilliklərdə Savə, Həmədan, Qəzvin, Xorasan, Şiraz və başqa bölgələrdə yaşayıb-fəaliyyət göstərmiş bir çox başqa el sə­nət­ka­rımızın heç yerdə çap olunmamış neçə-neçə şeirini üzə çıxarıb.

Əli Şamilin oxuculara təqdim etdiyi “Koroğlu” dastanı Əli Kəmali ar­xivindəki folklor materiallarının qiymətli bir nümunəsidir.

Əli Kəmali arxivindən götürülmüş əlyazmalara və maq­nitofon lent­lə­rinə Ə.Şamil nə az, nə çox – düz beş il vaxt sərf edib. İşə bu qədər vaxt sərf etməsini Ə.Şamilin başqa işlərdən macal tapa bilməməsi ilə əla­qə­ləndirmək düzgün olmazdı. “Ko­roğlu” dastanının Əli Kəmali arxivindən götürülmüş qol­ları üzərində uzun müddət işləməyin başlıca səbəbini Ə.Şa­mi­lin məsələyə böyük məsuliyyətlə yanaşmasında axtarmaq la­zım­dır. Məsələyə məsuliyyətlə yanaşmağın nəticəsidir ki, Ə.Şa­mil əldə etdiyi ma­te­riallara əl gəzdirmək, bir neçə qolu bir­ləşdirib onlar əsasında “nümunəvi” qol yaratmaq yolu tut­mur. Əksinə, söyləyici təhkiyəsini necə var, o şəkildə qoru­yub saxlayır, eyni sərgüzəşti ayrı-ayrı aşıqların müxtəlif cür da­nış­masını təbii folklor faktı kimi qiymətləndirir və hər han­sı qolun əldə olan variantlarının hər birini oxucuya çatdırmağı vacib sayır.

Ə.Şamil Aşıq Əliəkbərin söylədiyi qollar üzərində daha çox zəhmət çəkib. Çünki həmin qollar aşığın dilindən birbaşa maqnitofon lentinə alı­nıb. Sinədən söylənmiş qolları maqni­tofondan kağıza köçürərkən qarşıya bir sıra suallar çıxıb. Suallara aydınlıq gətirmək üçün Ə.Şamil Güney Azər­bay­canda Aşıq Əliəkbərin sorağına düşməli və onunla görüşməli olub. Aşıq Əliəkbərin əlavə olaraq Ə.Şamilə söylədiyi epi­zodlar qol­lar­da hadisələrin məntiqi ardıcıllığını bərpa etməyə yaxından kömək edib.

Ə.Şamilin Aşıq Əliəkbərlə görüşüb söhbət aparmağının əhəmiyyəti “Koroğlu” qollarındakı hadisələrin məntiqi ardı­cıl­lığını bərpa etməklə bit­mir. Aşıq Əliəkbər Ə.Şamil, həm­çinin digər folklorşünaslar üçün maraqlı olan bir çox məsələ­lərə toxunur. Həmin məsələlərdən biri söyləyici və din­ləyici münasibəti, dastan danışarkən aşığın şəraitindən asılı olaraq improvizasiyaya yol və meydan verməsidir. “Koroğlu qarı ilə harada gö­rü­şüb?” sualına Aşıq Əliəkbərin verdiyi cavab im­pro­vizasiyanın xeyli dərəcədə dinləyici auditoriya­sın­dan asılı olmasına bir aydınlıq gətirir: “Koroğlunun qarı ilə, çərçi ilə görüşləri və ona bənzər ikinci dərəcəli sü­jet­lərin hansı qolda söylənməsi məclisdəkilərdən, vaxtdan və aşığın ov­qa­tından asılıdır. Məclis iki gün davam edəcəksə, aşıq da “Koroğlunun durna səfəri”ni danışmağa başlayıbsa , onda Koroğlunun qarı ilə, çər­çiy­lə görüşməsini söyləməyə və ya əlavə bəzəklər verməyə imkan olmur. Das­tanın kiçik qollarını danışanda isə vaxtı doldurmaq üçün belə əla­və­lər edirik”. Deməli, məclis­dəkilər “Koroğlu”nun qismən böyük qolunu danış­ma­ğı sifariş verəndə aşıq süjet daxilində əlavələr etməyə ehtiyac duymur. Aşı­­ğın arada qarı əhvalatına yer verib-verməməsi həm də yaşlı adam­la­rın məclisdə iştirak edib-etməməsindən asılı olur. Dinləyicilər arasında yaşlı adamlar çox olanda aşıq süjetarası əlavələri “Koroğlu və qarı” tipli baməzə əhvalatlar üstündə yox, dini məzmunlu əhvalatlar üstündə qurur.

Ə.Şamil Aşıq Əliəkbərin fikirlərinə əsaslanıb bu cür şərhlər ver­mək­lə şifahi dastan söyləyiciliyinin özünəməxsus cəhətlərini diqqətlə çat­dırır. Yeri gəlmişkən qeyd edək ki, Ə.Şamil kitaba geniş şərhlərdən ibarət “Ön söz” yazmaqla, çətin anlaşılan sözlərin izahını verməkə kifayətlənmir və tər­tibçi şərhlərini bütün kitab boyu davam etdirir. Bu şərhlərin nə qədər əhəmiyyətli olduğunu Aşıq Əliəkbərin şifahi danı­şığında ortaya çıxan bir sıra zid­diy­yətli məqamları özümüz üçün aydınlaşdırmaq istərkən daha çox hiss edi­rik.

Aşıq Əliəkbərin dilindən söylənən nümunələr cəmi sək­kiz qoldan iba­rətdir. Qalan nümunələrin altısı Əli Kəmalinin sifarişi ilə qələmə alı­nan qollar, ikisi isə Əli Kəmalinin özü­nün çapa hazırladığı qollardır.

Əli Kəmalinin sifarişi ilə qələmə alınan qolların bir neçəsinin katibi məlumdur: İslam Əfşar Xələci. Ə.Şamil Gü­ney Azərbaycanda nə qədər so­raqlaşsa da, İslam Əfşar Xələ­cini tapmaq mümkün olmayıb. Buna baxmayaraq, müəyyən­ləşdirə bilib ki, İ.Ə.Xələci “Koroğlu” qollarını Aşıq Abbas adlı el sənətkarının söylədikləri əsasında qələmə alıb.

Ə.Şamilin Güney Azərbaycanda apardığı axtarışlar sa­yəsində o da mə­lum olub ki, İ.Ə.Xələci həm də bir söyləyici kimi fəaliyyət göstərib və onun söylədiyi “Koroğlu” qolların­dan bir neçəsini Əli Kəmalinin sifarişi ilə tanınmış ziyalımız H.M.Güneyli yazıya alıb.

Aşıq Əliəkbərin maqnitofon lentinə yazdırdığı qollarla, həmçinin İ.Ə.Xələ­cinin qələmə aldığı qollarla müqayisədə H. M. Güneylinin ya­zı­ya köçürdüyü, həmçinin Əli Kə­ma­li­nin özünün çapa hazırladığı qollar ədəbi dilə daha çox uyğun­laş­dırılıb. Mətni olduğu kimi çap etdirmək prinsipinə mümkün qədər sadiq qalmağa çalışan Ə.Şamil xalq danışıq dilində olan qollar kimi, ədəbi dildə olan qolları da kitaba daxil etməyi faydalı sayıb.

Ə.Şamilin çapa hazırladığı “Koroğlu”nun nə qədər fay­dalı və əhə­miy­yətli bir kitab olduğunu bir neçə kəlmə ilə diq­qətə çatdırsaq, hər şey­dən qabaq, bu cəhətləri qeyd etməliyik:


  1. Kitab “Koroğlu”un indiyəcən çap olunmuş nüsxələ­ləri ilə, xüsu­sən də M.H.Təhmasib nəşri ilə geniş müqayisələr aparmaq imkanı yaradır. M.H.Təhmasib nəşrində sovet döv­rü­nün ideoloji tələblərinə uyğun olaraq, sinfi mübarizə motivi şişirdildiyi halda, Ə.Şamil nəşrində Ko­roğ­lunun ağa-nökər yox, mərd-namərd davası aparmasının şahidi oluruq.

Digər nəşrlərdəki kimi, Ə.Şamil nəşrində də Koroğlu aşağı təbə­qə­yə mənsub bir mehtər oğlu olsa da, burada rast gəldiyimiz bəzi şeir par­çaları Koroğlunun ictimai mənşəyi ilə bağlı fərqli fikirləri də ortaya çı­xa­rır:

Mən qurbanam ala gözə,

Xəşm eyləyib baxdı bizə,

Atasıdır Xacə Mirzə,

Qırat üstə çıxdı gözü.
Koroğludur, Roşən xanay,

Mənim bu cismimə canay,

Qeys qızı Səlbidir anay,

Qırat vurub sınıb dizi.

“Koroğlunun Türkmən səfəri”ndən götürülən bu şeir parçasında Ko­roğ­lunun atası Əlixan Xacə Mirzəyə və anası – Qeysər qızı Səlbi xanıma işarə edilir. Belə faktlar “Koroğlu” dastanının bizə məlum olma­yan hansısa başqa qollarının mövcudluğundan xəbər verir.

Ə.Şamil nəşrində başqa nəşrlərdə rast gəlmədiyimiz Yumuğ Əhməd və Qulu bəy kimi obrazlar var. Ə.Şamil nəşrində Yamuğ Əhməd və Qulu bəylə bağlı ayrı­ca qollar olmasa da, onlar bir çox qollarda öz igidlikləri ilə seçilən ob­raz­lar kimi təqdim edilir.



  1. Ə.Şamil nəşrində “Dədə Qorqud” eposu ilə səsləşən elə cəhətlər var ki, bu cəhətlərə “Koroğlu”nun başqa nəşlə­rində bu qədər qabarıq şə­kil­də rast gəlmirik. “Dədə Qorqud” eposunda söyləyici ozan “xanım”, “xanım hey”, “sultanım” kimi müraciət formalarından istifadə etdiyi kimi, Aşıq Əliək­bərin dilindən verilən “Koroğlu” qollarında da, “ağa” müra­ciət formasından istifadə edilir. Bu ifadə bir daha göstərir ki, ozan “Dədə Qorqud” oğuznamələrini “xan”, “sultan” hüzu­runda söylədiyi kimi, Aşıq Əliəkbər də “Koroğlu” qollarını “ağa” hüzurunda söyləyib.

Ə.Şamil nəşrində “Koroğlu” qollarının adları “Dədə Qor­qud”dakı adları xatırladır: “Salur Qazanın evinin yağ­ma­landığı boy”, “Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy”... “Dədə Qorqud”dakı boy adla­rın­da qəhrəmanın sərgü­zəş­tinə işarə edilməsi Ə.Şamil nəşrindəki “Koroğlu” qolları­nın da adında özünü göstərir: “Bu, Koroğ­lunun Çəmli­belə gəlməgidi və Ərəp Reyhanı görməgidi”, “Bu, Koroğ­lunun dəgir­man­da Qıratı Həmzəyə verməgi və onu geri almağıdı”.

Ozan “Dədə Qorqud” boylarının sonunda boyun hansı igidə aid olduğunu xatırlatdığı kimi, Aşıq Əliəkbər də “Ko­roğlu” qollarının so­nun­da bəzən qolun hansı igidə həsr olun­masını xatırladır. Məsələn, “Bam­sı Beyrək” boyunun sonunda ozan deyir: “Dədəm Qorqud gəldi... bu oğuznamə Beyrəyin olsun – dedi”. Yaxud “Dəli Domrul” boyunun so­nunda ozanın bu sözlərinə rast gəlirik: “Dədəm Qorqud gəlibən... bu boy Dəli Domrulun olsun – dedi”. Bu cür sonluqlar “Ko­roğlu”nun Ə.Şamil nəşrində də var. Məsələn, “Bu, Koroğ­lu­nun Nigar səfəriydi ki, get­di Nigarı gətirdi” qolunun sonunda aşıq deyir: “Bəli, bu, Koroğlunun Nigar səfəriydi ki, Nigarı getdi gətirdi”. Yaxud, “Bu, Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi” qolunun sonunda aşığın bu sözlərinə rast gəlirik: “Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətdi, nə cəlalinən, nə qüdrətnən Çəmlibelə çıxartdı”.



  1. “Koroğlu” dastanının şifahi danışıq dilində təqdim edilən qolları dilimizin Güney Azərbaycandakı, xüsusən Gü­neyin Xələc, Əfşar və Şahsevən ellərindəki ləhcə xüsusiy­yətlərini araşdırmaqda dilçilərimizə zəngin material verir.

  2. “Koroğlu” dastanının Ə.Şamil nəşri folklor materi­alı­nı olduğu ki­mi nəşr etmək və folklor mətninin çoxvariantlı­lı­ğını qoruyub sax­la­maq sahəsində dəyərli nümunə kimi orta­ya çıxır.


2010


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin