Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 0,88 Mb.
səhifə10/20
tarix28.12.2021
ölçüsü0,88 Mb.
#17085
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
SƏNƏTKARIN ƏYİLMƏZLİYİ

C.Qasımovun “Cavidi məhbəsə aparan yol”

kitabı üzərində düşüncələr
H.Cavidin məhbəsə qədərki və məhbəsdəki faciəvi həyatından, bəraət dövründəki ədəbi taleyindən bəhs edən bu kitab, hər şeydən qabaq, fakt zənginliyi ilə diqqəti cəlb edir. Kitabda təqdim edilən faktların bir qismi 30-cu illər dövri mətbuatından, bir qismi isə indiyədək naməlum qalan arxiv sənədlərindən götürülüb. Heç bir təhlilə yer verməsəydi və sovet dövrünə aid arxiv sənədlərindən seçib götürdüyü faktları sadəcə olaraq xronoloji ardıcıllıqla təqdim etsəydi belə, müəllif – filologiya elmləri doktoru Cəlal Qasımov oxunaqlı bir kitab ortaya qoymuş olardı. Amma C.Qasımov bu yolu tutmayıb. O çalışıb ki, 20-30-cu illər ədəbiyyatına yaxından bələd olan bir ədəbiyyatşünas kimi ciddi araşdırma aparsın, üzə çıxardığı faktları təhlil süzgəcindən keçirsin, həmçinin məlum faktların görünməyən tərəflərinə işıq salsın və nəticədə 30-cu illər ədəbi, ictimai-siyasi mühitini daha dərindən anlamaqda, əyilməz sənətkarın şəxsiyyəti barədə dolğun təsəvvür əldə etməkdə oxucuya yardımçı olsun.

Sənət adamının sərbəstliyi, söz yox ki, nisbi anlayışdır. Sağlam cəmiyyətdə yaşayan sənətkar da əlinə qələm götü­rən­də ətraf mühitin münasibətini nəzərə almalı, oxucu zövqü və rəyi ilə az-çox hesablaşmalı olur. Siyasi hadisələrin tüğyan elə­diyi 20-30-cu illər sovet cəmiyyətində isə məsələ ağlasığ­maz dərəcədə mürəkkəb idi. Köhnəni darmadağın dağıdıb, onun xarabalıqları üstündə quruculuq işləri aparan bolşeviklər ədəbiyyata özlərinin təbliğat və təşviqat vasitəsi kimi baxır­dılar, onlar verdikləri qonorar, vəzifə və imtiyazlar müqabi­lində yazıçılardan məhz bolşevizmi təbliğ edən alovlu əsərlər tələb edirdilər. Cavan yazıçıları təbliğat işinə qoşmaqda elə bir çətinlik yox idi – cavanlar siyasi tələbə, o vaxtın dili ilə de­sək, ictimai sifarişə müsbət cavab verirdilər, çünki inqilab dalğası üstündə ağ günə çıxacağımızı zənn edib, fəhlə-kəndli hökumətinə qəlbən bağlanmışdılar və “dəstədən geridə qal­ma­mağı”, mübarizənin “ən ön sıralarında olmağı” özlərinə borc bilirdilər. Dərd ədəbiyyata sovet dövründən qabaq gələn­lərin, özünəməxsus yaradıcılıq yolu keçib müəyyən ədəbi mövqe qazananların dərdi idi. “Ölülər”, “Şeyx Sənan” və “Aydın” müəlliflərini öz yolundan döndərmək asan məsələ deyildi. Bu məqamda maddi həvəsləndirmə üsulu kara gəl­mir­di. Konkret olaraq H.Caviddən danışsaq, qeyd etməliyik ki, nə dövlət səviyyəsində təşkil olunan “Cavid axşamı”, nə fərdi təqaüdün verilməsi, nə Almaniyaya müali­cə­yə göndəril­məsi, nə əsərlərinin dalbadal çap olunması və Azərbaycan, həmçinin Zaqafqaziya və Orta Asiya şəhərlə­rin­də tamaşaya qoyulması H.Cavidi bolşevik ideologiyasını təbliğ etmək səviyyəsinə endirə bilmədi. Bunun acı nəticəsi idi ki, 1937-ci il repressiyasının ilk qurbanlarından biri H.Cavid oldu.



Əlbəttə, 1937-ci ilin qanlı hadisələri qəfildən baş ver­mədi. Əvvəl-əvvəl bu hadisələrə hazırlıq tədbirləri görül­dü. Tədbirlərin ən başlıcası ictimai rəyi formalaşdırmaq­dan ibarət idi. C.Qasımov ictimai rəyi formalaşdırmaq tədbir­ləri sırasın­da ədəbi məhkəmələri xüsusi olaraq qeyd edir. 20-ci illərdə başlayan bu məhkəmələr mətbuatda geniş işıqlandı­rılırdı. Kam­paniyaya başçılıq edən “Kommunist” qəzeti ədəbi məh­kəmənin nədən ötrü keçirilmə­si­ni açıq-aydınlığı ilə göstərirdi: “İctimai mühakimələrdə şura quruluşunun möh­kəm­lən­mə­sinə və qabağa getməsinə cürbəcür yollar və hərəkətlər ilə ma­ne­çilik göstərən (törədən – M.K.) şəxsləri mühakimə etməliyik”. Ədəbi məhkəmələrdə daha çox dram əsərləri mühakimə edi­lirdi. C.Qasımovun fikrincə, bunun əsas səbəbi 20-30-illərdə teatrın daha kütləvi xarakter daşıması ilə əlaqədar idi. Ədə­biy­yat ideoloqları məhkəmələr keçirib “şura quruluşuna ma­ne­çilik törədənləri” geniş kütlələrə tanıtmaqda teatrı daha əl­verişli vasitə sayırdılar. “Kommunist” qəzeti mühakimə olu­nacaq əsərin adını elan etməklə yanaşı, həmin əsərin teatrda nə vaxt göstəriləcəyi barədə də məlumat verib, tamaşaçı küt­ləsinin məhkəməyə hazırlıqlı gəlməsini təşkil və təmin edirdi: “Dekabrın 12-də “Kommunist” qəzeti tərəfindən “Şeyx Sə­nan” üzərində ictimai-ədəbi mühakimə qurulur. Bu münasi­bətlə ayın 11-də Dövlət Akademik teatrda “Şeyx Sənan” pye­si tamaşaya qoyulacaqdır. Mühakimə ilə teatr tamaşasının çox mərbut olması və bir-birinə nə qədər yardım etməsi qabaqkı təcrübəmizdən görünmüşdür. Ona görə bütün maraqlıların həm teatra, həm mühakiməyə gəlməsi ayrıca tövsiyə olunur”. C.Qasımov 37-ci il repressiyasına siyasi hazırlıq tədbirlə­rin­dən biri kimi ədəbi məhkəmələrin harada və necə keçirilmə­sini araşdıraraq yazır: “Ədəbi məhkəmələr açıq şəkildə, klub­larda və teatr binalarında keçirilirdi. Bu məhkəmələr elə təşkil olunurdu ki, ora gələnlərin sayı klub və teatr binasında yerləş­dirilən oturacaqların sayından qat-qat çox olurdu. Məhkəmə heyəti əhalinin çoxluğunu nəzərə alaraq ədəbi mühakimələrin daha geniş binalarda keçirilməsi haqda qərar qəbul edirdi”. C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Aydın” və “Od gəlini”, H.Cavidin “Şeyx Sənan” və “Şeyda” əsərlərinin ədəbi mühakiməsi məhz xalq kütləsinin iştirakı şəraitində keçirildi. “Şeyx Sənan”ın mühakiməsində iş o yerə çatdı ki, ca­maatın salona sığışmadığını görən məhkəmə heyəti “xalqın bu həvəs və arzusunu” nəzərə almalı və iclası Əli Bayramov klubundan Türk Tənqid-Təbliğ Teatrına keçirməli oldu. Küt­lənin ədəbi məhkəmələrə böyük həvəs göstərməsində təəc­cüb­lü bir şey yoxdur. Tarix boyu kütlə günahkar kimi ittiham olunan adamın boynunun vurulmasına, dərisinin soyulmasına, dar ağacından asılmasına böyük maraqla tamaşa edib. Ən acınacaqlısı bu olub ki, günahkar kimi ittiham edilən adamın “qəbahəti” xalqa gün ağlamaqdan başqa bir şey olmayıb. 20-ci illərdə xalq kütləsi İsgəndərin, Aydın və Elxanın, Şeyx Sənan və Şeydanın səhnədəki faciəvi həyatına necə maraq göstəribsə, bu obrazların real həyatda, real adamlar tərəfindən ittiham edilməsinə də o cür maraq göstərib. Ədəbi məhkəmə­lər daha “məzmunlu” və “baxımlı” olsun deyə baş ittihamçı funksiyası tanınmış yazıçı və ədəbiyyatşünaslara həvalə edi­lib. Məsələn, H.Cavidin “Şeyx Sənan” əsərinin mühakimə­sində C.Cabbarlı, C.Cabbarlının “Od gəlini” əsərinin mühaki­mə­sində isə H.Zeynallı baş ittihamçı kimi çıxış edib. Bu cür tanınmış adamların baş ittihamçı sifətində ədəbi mühakimə­lərə cəlb edilməsi bir tərəfdən məhkəmələrə marağı daha da artırmaq üçündüsə, digər tərəfdən qələm sahiblərini bir-birinə qarşı qoymaq üçündü.

37-ci il repressiyasına hazırlıq işlərinin görülməsində ədəbi tənqid xüsusi canfəşanlıq edir və mənfur rol oynayırdı. H.Cavidin sovet dövrünə qədərki əsərləri ağır mühakimə olun­duğu kimi, 20-ci ildən sonra yazdıqları da (“Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”...) ədəbi tənqidin kəskin hücum­larına məruz qalırdı: “Cavid bütün ədəbi yaradıcılığı boyu öz ölkəsinin (Azərbaycanın) yavrusu deyildir. O, tarixə, əfsanə­lərə, mistik burjua romantizminə qaçdığı üçün, canlı həyatı görmək qabiliyyətindən məhrum olduğu üçün bu vaxta qədər şura varlığını, bütün dünyanı məşğul edən sosializm ölkəsini, onun mahiyyətini düşünüb... həll etmək istədiyi problemlərə yanaşmağı bacarmamışdır. Bəlkə də bunu istəmə­mişdir”. Ədə­bi tənqidin dil baxımından da əcaib olan bu ittihamla­rın­dan qan qoxusu gəlirdi. Mətbuat səhifələrindən bu cür vahi­məli cümlələri oxuyan hər kəs fəlakətin lap yaxında olduğunu görməyə bilməzdi. Fəlakəti qocalı-cavanlı hər qələm sahibi görürdü və bunun üzücü həyəcanını yaşamalı olurdu. Təsa­düfı deyil ki, ölümlə üz-üzə dayanan sənətkar obrazı 30-cu illər ədəbiyyatında, xüsusi yer tutmağa başlayırdı. H.Cavidin Xəyyamı belə obrazlardandır. H.Cavid Xəyyamı ölümdən qorxmayan, qan hərisləri qarşısında öz vüqarını qoruyub saxlayan bir şair kimi qələmə alır. Xəyyam “Qan, saçdığı qan, içdiyi həp qan!” deyib hökmdarı ittiham edən bir qiyamçını ölümdən qurtarmağa çalışır və çox keçmir ki, Xəlifə ilə qarşılaşmada o (Xəyyam) özü də qiyamçıya çevrilir:

Kimdir onlar? Zavallı qurbanlar!

Sən də bir duyğusuz, quduz canavar!

Göründüyü kimi, Xəyyam zülm altında yaşayan insane­ları “zavallı qurbanlar”, Xəlifəni “quduz canavar” adlandırır. 1935-ci ildə yazılmış bir əsərdə şair – hökmdar qarşılaşma­sının bu cür ifadəsi üstüörtülü şəkildə həm repressiya qan-qa­dasından, həm də ideal sənətkar obrazından xəbər verir. Belə bir səhnəni daha geniş ölçüdə iki il sonra “Vaqif” əsərində S.Vurğun da yaradır. Deməli, 30-cu illərdə sənətkarın irtica qarşısında əyilməzliyi tək H.Cavidin yox, başqa yazıçıların da, o cümlədən cavanların sənət idealına çevrilir. Amma 20-30-illərdə bu ideala həm sənətdə, həm də real həyatda tək-tək qələm sahibi sadiq qala bilir. Belə qələm sahiblərindən biri məhz H.Cavid olur. H.Cavid ideoloqların sifariş verdiyini yox, öz istədiyini yazır. H.Cavid heç kimi satmır və heç kimə satılmır! H.Cavid nə sənətdə əyilir, nə həyatda!

Bu cümlələri yazmaq asandır, amma bu cümlələrin ifadə etdiyi gerçəkliyin özünü təsəvvür etmək çox çətindir. İnan­maq çətindir ki, dindarlığa qarşı mübarizə aparıldığı, ləyaqətli ruhanilərin güllələndiyi, məscidlərin, kilsələrin yaxıldığı - yıxıldığı bir vaxtda H.Cavid “Peyğəmbər” əsərini yazır. Düz­dür, bu əsərdə əsas məqsəd insanın mənəvi yüksəkliyini gös­tərməkdir. H.Cavid bu mənəvi yüksəkliyi “Şeyx Sənan”da həqiqətə qovuşmaq naminə Quranı yandırmağa belə hazır olan insanın timsalında əks etdirirsə, “Peyğəmbər”də Allah elçisinin timsalında əks etdirir. H.Cavid heç də islam dinini təbliğ etməyi əsas ideya kimi irəli sürmür, amma fakt fakt­lığında qalır: başqa şairlərin V.İ. Lenindən dastanlar yazdığı bir vaxtda H.Cavid islam peyğəmbərini dramın baş qəhrəma­nına çevirir.

İnanmaq çətindir ki, türkçülüyün təqib və təzyiqlərə mə­ruz qaldığı bir vaxtda H.Cavid öz üslubuna sadiq qalıb Azər­baycan və Türkiyə türkcəsinin qovuşmasından yaratdığı özü­nə­məxsus bir dildə yazmaqda davam edir, yaxud Topal Tey­murla Sultan Bəyazidin qanlı toqquşması timsalında türk xalqlarının bir-birindən ayrı düşməsini acı həqiqət kimi qə­lə­mə alır. İnanmaq çətindir ki, beynəlmiləlçilik və sovet vətən­pərvərliyinin şüara çevrildiyi bir vaxtda H.Cavid türk xalq­larının mənəvi birliyini diqqət mərkəzinə çəkməklə yalançı beynəlmiləlçiliyə qarşı çıxır, mövzularını müxtəlif xalqların həyatından almaqla yalançı vətənpərvərliyi rədd edir. İnanmaq çətindir, amma həqiqət budur ki, həm millətçi, həm də xalq düşməni kimi ittiham olunsa da, H.Cavid dönmədən öz yolu ilə gedir və bu yol onu vaxtsız ölümə aparır.

Bir çox ziyalılar kimi Cavidin də ölüm hökmünü İ.V.Sta­lin verdi: “Bu cənabları işçi sinfin düşmənləri kimi, və­tənimizin xainləri kimi amansızcasına darmadağın etmək və onların kökünü kəsmək lazım gələcəkdir”. İ.V.Stalinin sözünə M.Bağırov dərhal “bəli” cavabını verdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdir? Vətən xainləri Hü­seyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq... və başqa əc­laflar”. M.Bağırovun qurultaydakı bu çıxışından dərhal sonra adları çəkilən yazıçılar, eləcə də H.Cavid həbs olundu.

Həbs olunarkən H.Cavid daha çox nədə ittiham olu­nur­du? “Ədəbiyyat və dramaturgiya sahəsində əksinqilabi iş apar­maqda və şüurlu surətdə sovet mövzularına etinasızlıq gös­tərməkdə; gənc yazarları pantürkizm ruhunda tərbiyə et­məkdə; türk kəşfiyyatının xeyrinə casusluq fəaliyyəti gös­tər­məkdə”. İrəli sürülən ittihamlar təsdiq olunsun deyə NKVD dustaqxanasında müxtəlif işgəncə üsullarından istifadə olu­nur­du: yuxusuz saxlamaq, xüsusi qurğulardan istifadə etmək­lə kameraya soyuq hava üfürmək, döşəməyə soyuq su burax­maq, ailə üzvlərinin həbs olunacağı ilə hədələmək, gözlərinə güclü işıq salmaq və s. Bütün bu işgəncələrə baxmayaraq, H.Cavid ona qarşı irəli sürülən əsas ittihamları rədd etdi. O vaxt “günah”ını boynuna alanları güllələyir, onların ailə üzv­lərini isə həbs edirdilər. Məsələn, Ə.Cavadı, S.Hüseyni gül­lələmiş, xanımlarını, uşaqlarını həbs etmişdilər. Ə.Cavadın həbs olunan uşaqları arasında 2 yaşlı oğlu Yılmaz da vardı. H.Cavid “gunah”larını boynuna almamaqla ailəsini həbs olunmaqdan xilas etdi. İstintaq zamanı H.Cavidin etiraf etdiyi “səhvlər” isə bunlar oldu: “1926-cı ilə qədər... öz əsərlərimdə mən sovet mövzusundan uzaq olmuşam və sovet həqiqətlə­rindən yazmamışam; mən əsərlərimi kütlənin başa düşmədiyi bir dildə yazmışam”. Bu etiraflar güllələmək üçün tam əsas vermirdi. Güllələmək üçün “əksinqilabçılıq və casusluq fəa­liyyəti” etiraf olunmalıydı. H.Caviddən istənilən ifadəni ala bilmədiklərinə görə istintaq, istisna hal kimi, düz iki il uza­dıldı və H.Cavidə səkkiz illik həbs cəzası kəsildi. Sibirə sür­gün olunan və orada ayaqlarının donması səbəbindən vəfat edən H.Cavid 1956-cı ildə bəraət aldı, 1982-ci ildə H.Əli­yevin təşəbbüsü, təşkilatçılığı və göstərişi ilə H.Cavidin cə­nazəsi Vətənə gətirildi, 1996-cı ildə H.Cavidə doğulduğu Nax­­çıvan şəhərində əzəmətli məqbərə ucaldıldı.

Gələcəkdə adının ehtiramla anılacağına əmin olduğuna görə H.Cavid ona həqarət edib gülənlərin, onu alçaltmaq istəyənlərin qarşısında sınmadı və məğrur səsini ucaldıb dedi:


Mənə gülməkdəsiniz gərçi bu gün,

Var yarın sizlər üçün qorxulu gün.

O zaman iştə ölənlər dirilər,

Kim nə yapmışsa, cəza çəkdirilər.


Sənətkarın dediyi o gün gəldi: Cavid adı ehtiramla çəkildikcə bir vaxt ona olmazın hədyan yağdıranlar, onun ölümünə bais olanlar tarix qarşısında cavab verməli oldular.

Bütün bunlarla yanaşı, C.Qasımov H.Cavid ədəbi taleyi­nin başqa bir cəhətinə də toxunmağı vacib bilir. Bu, H.Cavid sənətinin yalançı yozumlara, təhriflərə məruz qalmasıdır. 20-30-cu illərdə burjua yazıçısı adlandırılan sənətkara 50-60-cı illərdə sovet libasının geydirilməsi, C.Qasımovun fikrincə, belə təhriflərdən, H.Cavid sənətinə birtərəfli yanaşma təza­hürlərindəndir. C.Qasımovun qeyd etdiyi birtərəfli yanaşma misalları sırasına birini də biz əlavə etmək istəyirik. Bizə belə gəlir ki, indiki müstəqillik şəraitində H.Caviddən ifrat dərəcə millətçi, türkçü, turançı kimi danışmağın özü də onun sənətini dar çərçivəyə salmaqdır. Halbuki H.Cavid, milliliyi bəşəri­liliklə qovuşduran və İnsan olmağı hər şeydən üstün tutan bir sənətkardır.


2008


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin