Azərbaycan miLLİ elmlər akademiyasi


OXU KİTABLARINDA VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ



Yüklə 0,88 Mb.
səhifə16/20
tarix28.12.2021
ölçüsü0,88 Mb.
#17085
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20
26 mart 2015-ci il


OXU KİTABLARINDA VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ

İbtidai ədəbiyyat dərslikləri olan Oxu kitablarında axır vaxtlar xeyli dəyişiklik aparılıb. Bu dəyişiklik sayəsində uşaq artıq 28 aprel yox, 28 may nəğmələri oxuyur, pambıqçı, neft­çi, dülgər və çobandan daha çox Cavad xan, Hüseynqulu xan kimi qəhrəmanlarla, H.Z.Tağıyev kimi mötəbər el ağsaqqal­ları ilə tanış olur, peyğəmbərimizin kəlamları ilə tanış olub, dinimizin hikmətlərini anlamağa başlayır. Məlum məsələdir ki, müəlliflər (ikinci və üçüncü siniflər Oxusunun müəllifi Yəhya Kərimov, dördüncü sinif Oxusunun müəllifi Nurəddin Kazımov) dərsliklərə bu günün ab-havasını gətirməklə azad ölkənin azyaşlı övladını vətənpərvər ruhda tərbiyələndirmək məqsədi güdüblər. Məqsədin nəcibliyinə söz ola bilməz. Am­ma istər-istəməz soruşmalı olursan: uşağımızı vətənpərvər ruhda tərbiyələndirmək məqsədi güdən dərslik müəllifləri han­sı yazılara güvəniblər, dərsliklərdə hansı oxu nümunələ­rini ön plana çəkiblər?

Sualın cavabını axtarmağa başlar-başlamaz sizi oxu ki­tablarında aparılan dəyişikliyin keyfiyyəti barədəki nigarançı­lıq­dan qurtarıb, bildirmək istəyirəm ki, dərslik müəllifləri köhnə oxu nümunələrinə qarşı heç bir “insafsızlığ”a yol ver­məyiblər. Vətənpərvərlik mövzusunu şagirdə daha dərindən mənimsətmək üçün onlar (dərslik müəllifləri) müasir yazar­ları­mızın qələmindən çıxan və az-çox kara gələn köhnə şeir və hekayələrdən də istifadə etməyi lazım biliblər. Nəticədə köhnə ilə yeninin mehriban qonşuluq əlaqələri bərpa olunub, sovet dövründə yazıldığı açıq-aşkar hiss olunan bir çox ya­zılar Vətən mövzulu yeni yazılarla bir sırada dayanıb, “işıqlı əməlsən” deyib, məmləkətin kommunizmə getdiyini alqış­layan bir şair müstəqil Azərbaycanın tərənnümçüsünə çevri­lib. Belə olmasaydı, aşağıda bir parçasını oxuyacağınız köhnə oxu nümunəsi təzədən üzə çıxarılardımı?

Dünyada ölkələr var,

Biri-birindən qəşəng.

Doğma yurdum, şən diyar,

Çəmənlərin rəngbərəng.

Sən hər yerdən gözəlsən,

Bir işıqlı əməlsən.

(M.Rahim)

Yurdumuzun bu günündən söhbət açan oxu nümunə­lərində M.Rahimdəki “şən diyar” məsələsinə rast gəlməzsiniz. Yağı düşmən yurdumuza hücum çəkibsə, hansı şənlikdən da­nışmaq olar? “Şən diyar”dan necə danışmaq olar ki:

İki aylıq bir çağa,

Həsrət qaldı qucağa-

Atdılar bir ocağa,

Qıydılar bu qundağa

Silahlı beş-on dığa.

Təzə androniklər,

Drolar və zorilər

Cəllad imiş nə qədər.

(N.Həsənzadə)

Nalə çəkib, fəryad qoparıb, uşaqda düşmənə qarşı nifrət oyatmaq məqsədinə xidmət edən bu cür yazılar heç də nikbin notlar üstündə köklənmiş köhnə yazıların yolundan çıxmır, əksinə, yenilər köhnələrin aktuallıq kursunu parlaq şəkildə davam və inkişaf etdirir. M.Rahimin şən və parlaq nəğmələri bu gün yeni məzmun və məna qazandığı kimi, N.Həsənza­də­nin aktual bir mövzuya həsr olunan müsibətnamələri də nifrət və qəzəbin obyektini dəyişib, sabah yeni əhəmiyyət kəsb edə bilər. Ədəbiyyatımızın ad və ünvan dəyişmə təcrü­bəsinə, mə­sələn, S.Vurğunun “Azərbaycan” şeirindəki məş­hur “Stalin, partiya və yurdumuz” əvəzlənməsinə arxalanıb, “Zori”ni “İvan” etmək su içmək kimi asan bir işdir. “İvan” olmasın, başqa bir ad olsun, fərqi yoxdur. Əsas odur ki, küləyin hansı səmtdən əsdiyini bilib, zamanın nəbzini tutmağı bacarasan.

Düzdür, hər köhnə əsəri təzələyib, zamana uyğunlaş­dır­maq baş tutan sevda deyil. Məsələn, “26-lar” (S.Vurğun) və “Lenin” (R.Rza) poemalarının hansı yerini götürüb dəyişəsən ki, o əsərlər bu gün də yaşaya və qabaqkı kimi dillər əzbəri ola?! Amma yox, nisgilli suallar verib, üzülməyinə dəyməz: bu əsərlərin də sənətkarlıq ənənələrini yaşatmaq olar. Ədə­biyyat aləmində payi-piyada olsan da, həmin poemaların bö­yük ilhamla yazılmış yerlərindən şövqə gəlib, qələmə sarı­larsan. Şeirin bölgüsü, qafiyəsi vaxt aparsa, keçərsən nəsrə, hekayədən-oçerkdən birinə girişib, döşəyərsən gedər. Yaz, qorxma, bədiilikdən-filandan uzaq olsa da, yazdığını çıraqla axtarıb, gözlərinə təpəcəklər, dərsliklərə salıb, uşaqlara oxudacaqlar. Çünki sən Lenindən və Şaumyandan yox, xalqın fəxr etdiyi şəxsiyyətlərdən yazıb, onları uşaqların gözündə yüksəklərə qaldırırsan.

Həvəskar yazarla bu xəyali söhbətdən ayrılıb, üçüncü si­nif Oxusundakı “Şah İsmayıl Xətai” yazısına baxıram. Müəl­lifi kimdir? Məlum deyil. Məlum olan budur ki, yazıda Xətai­nin qəh­rəmanlığından söhbət açılır: “O, qılıncını geri çəkəndə zər­bə Malkuçoğlunun sinəsinə qədər enmişdi. Şah İsmayılın qo­şunu sevincindən qışqırdı. Malkuçoğlunun dəstəsi geri qaçdı.

Şah İsmayılın süvariləri dördnalla çaparaq yerindən tər­pənməyən Sultan Səlim qoşununun üstünə getdi, düşmən qaçdı”.

Bəli, “zərbə sinəyə qədər enmişdi”, “süvarilər dördnalla çaparaq getdi”, “qoşun sevincindən qışqırdı” kimi əcaib bir dillə qələmə alınan bu döyüş Çaldıran döyüşüdür və qaçan “düşmən” də Osmanlı türkləridir. Bəli, iki qardaşın faciəli dö­yüşündən yalançı bir qəhrəmanlıq səhnəsi quraşdırılıb və ən ağır məğlubiyyət və az qala qələbə kimi qələmə verilib. Bu, Xətaini yüksəklərə qaldırmaqdan daha çox bir vaxtlar dahi rəhbərdən və onun silahdaşlarından yazılmış əsərləri bəsit şə­kildə yamsılamaq deyilmi? Yalanı böyük ustalıqla qələmə alıb, uşağa oxutdurmaq və yalanı naşı bir qələmlə quraşdırıb, uşağa oxutdurmaq. Bunların əsaslı fərqi varmı? Sağlam dü­şün­cəli uşağa bunların ikisi də eyni dərəcədə zərərli deyilmi?

Dərslik müəlifləri, yəqin ki, ən böyük zərəri belə qara-qura fikirlər irəli sürməyin özündə görürlər və bu səsbəbdən də jurnalist Əhməd İsayevin bir yazısına – işğalçı rus generalını maymaq sifətində göstərən və “qeyrətli, cəsarətli, mətanətli Cavad xan” kimi qızıl ibarələrdən qanad taxan bir oçerkinə həm dördüncü, həm də cüzi dəyişikliklə üçüncü sinfin Oxu kitabında yer ayırırlar. Üçüncü sinfin Oxu kitabında naməlum bir müəllif, H.Z.Tağıyevin məlum quru­culuq işlərini xatırlamaqla kifayətlənmir və onu rus çarına etiraz edən bir millət atası kimi qələmə alır. Görəsən, necə olur ki, Gəncəni işğal edən rus generalı, Cavad xanın arvadı Bəyim xanımın vurduğu zərbələri cavabsız qoyur? Necə olur ki, H.Z.Tağıyevin etiraz etməsi rus çarını qətiyyən hövsələdən çıxartmır və o, mübariz Hacıya gözün üstündə qaşın var deməyə də qıymır?

Uşaq belə suallar verirsə, deməli, oxuduğunun doğrulu­ğuna şübhə edir. Şübhə edirsə, demək, onu inandırmaq çətin məsələdir.

Oxu kitablarında Babəkin vəziyyəti daha acınacaqlıdır. Çünki uşaq bu dərsliklərdə Cəlal Bərgüşadın və Əlövsət Quliyevin Babək haqqındakı hekayələrini Məhəmməd pey­ğəm­bərin kəlamları ilə tanış olandan sonra oxumağa baş­la­yır. Peyğəmbərin kəlamlarını özünəməxsus bir saflıqla oxumağın qabağında uşağa din düşməni Babəki, illah da C.Bərgüşadın, leylək yuvasında qılınc-qalxan gizlədən və ağac koğuşuna gi­rib, ərəblərə divan tutan Babəkini sevdirmək mümkündürmü? Ağlım kəsmir.

Vətəndən, Vətən övladlarının qəhrəmanlığından bəhs edən yazılarımızı uydurmalar üstündə qurduğumuzdan, gözlə görünəni, əllə tutulanı bir qırağa qoyub, xəyali boşluqda bədii həqiqət axtardığımızdan Oxu kitablarında gözqamaşdırıcı iba­rələr baş alıb gedir, ana Vətən gah “işıqlı əməl” olur (M.Ra­him), gah da “kotansız bellənir”, nənələr ana torpaq haqda na­ğıl söyləyəndə “yuxularımız çəmənlənir, şirinlənir” (M.As­lan). Vətənlə, nənə ilə, ana ilə bu dildə danışanların yazılarına Oxu kitablarında genış yer verilməsi göstərir ki, dərslik müəl­lifləri uşağın bədii təxəyyülünü formalaşdır­maq­da parıltılı-partıltılı misralara və cümlələrə çox böyük əhə­miyyət verirlər:

“Ana” sözü deyəndə,

Həm də Vətən deyirik.

Qoşa qanad gətirib

Biz günəşə deyirik.

(İ.Tapdıq)

“Bu ocaqdan arzulara, ümidlərə, istəklərə, gələcəyə pər­vazlanan körpələr də, uluların, qocaların nağılların dinlədilər...

Bu ocağın özü ulu, adı qeyrət. Bu ocağın istisində boya-başa çatdı mərdlik və ədalət” (Sadıq İbrahimov).

“Yaxşı demişlər: əgər neft kraliçadırsa, Bakı onun tacıdır” (Naməlum müəllifdən).

Adama elə gəlir ki, bu tip yazıların hamısı, müəllifindən asılı olmayaraq, həmişə eyni bir şəxsin dilindən götürülüb qələmə alınır. Hər mövzuda parlaq nitqlər söyləməyi bacaran bu şəxsin, təbii ki, baş mövzusu Vətəndir. Vətəni göydə günə­şə, yerdə qeyrət ocağına, başda taca bənzədən və “Babəkin nəvəsiyəm” deyib, torpaq yolunda hər an ölümə hazır oldu­ğunu bəyan edən bu bəlağət ustasına siz nə deyirsiniz, bilmi­rəm, amma mən Dil Pəhləvanı deyirəm – Basılmaz Dil Pəhlə­vanı. Basılmazlığı ondadır ki, zaman keçsə də, dövran dəyişsə də, o, yenə meydandadır və meydanda cövlan edib, adam ovsunlamağın yeni-yeni fəndlərini sınaqdan çıxarır. Sınaq meydanı təkcə ədəbiyyat dərslikləri olsaydı, bəlkə də, bizim Pəhləvan bir belə güc-qüvvət sahibi olmazdı. İş burasındadır ki, uşağın ibtidai ədəbiyyat dərsliklərindən oxuyub qiyabi tanıdığı Dil Pəhləvanı məktəbdə müəllim, televiziyada Sava­lan baba qiyafəsində zühur edib əyaniləşir və təsir gücünü birə-beş artırır. Dil Pəhləvanına hər gün, hər saat qulaq asma­ğın nəticəsi bu olur ki, uşaq ana dilindən xəbərə aid cümlə qur­maq istəyəndə qardaş-bacısının həyətdə gizlənpaç oyna­ma­ğını, anasının mətbəxdə qab yuyub, xörək bişirməyini ağ­lına gətirmir və “ülvi Vətən məhəbbəti”, “Həcər qeyrətli qız­larımız, Nəbi qeyrətli oğullarımız”, “torpağı göz bəbəyi kimi qorumağımız” üstündə baş sındırmağa başlayır. Və sən doğmaca balanın da yavaş-yavaş Dil Pəhləvanına döndüyünü görüb, qəm dəryasına qərq olursan.



1998


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin