Azərbaycan miLLİ elmlər akademiyasi


MİRZƏ CƏLİL YURDUNDA ƏDƏBİ PROSES



Yüklə 0,88 Mb.
səhifə17/20
tarix28.12.2021
ölçüsü0,88 Mb.
#17085
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20
MİRZƏ CƏLİL YURDUNDA ƏDƏBİ PROSES
Filologiya elmləri doktoru, professor Yavuz Axund­lu­nun “Ədəbi mühit və sənətkar” kitabına ön söz yazmaq mə­sələsi ortaya çıxanda mən oturub-durub C.Məmmədquluza­dənin həyatı barədə fikirləşməkdəydim: bir vaxt Yavuz müəl­limin tələbəsi olan və indi Milli Elmlər Akademiyasının müx­bir üzvü səviyyəsinə yüksələn (bu gün artıq həqiqi üzv olan – M.K.) İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə” monoqra­fi­yasını, onun ardınca Həmidə Məmmədquluzadənin böyük ədib haqqında məşhur xatirələrini və Mirzə Cəlilin “Xatira­tım” əsərini təzədən oxumuşdum. Böyük sənətkarın ömür yolu ilə bağlı bəzi (canlı!) faktların təsiri altındaydım və hiss edirdim ki, Y.Axundlunun Naxçıvan ədəbi mühitindən bəhs edən yeni kitabına ön söz yazanda da Mirzə Cəlilsiz ötüşmək mümkün olmayacaq. Naxçıvanda yaşayan ədəbiyyat adamla­rın­dan söhbət açmaq istərkən Mirzə Cəlili necə xatırlama­yasan ki, bu qüdrətli sənətkar da dünyaya Naxçıvanda göz açıb və ilk bədii əsərlərini məhz burada qələmə alıb. Nax­çıvanda yaşayıb-yaratmağın, eləcə də Naxçıvan barədə bədii söz deməyin Mizə Cəlil nümunəsi varsa, həmin nümunəni ya­da salmamaq, doğrudan da, çətindir.

Doğulduğu Naxçıvanı Mirzə Cəlil “qaranlıq dünya” ad­landırır. O qaranlıq dünyada qohum-əqrəba, qonum-qonşu gecə-gündüz namaz qılmaqla məşğuldur. Göydəki ulduzları sayıb qurtarmaq olur, amma islam ümmətinin qıldığı namazı sayıb qurtarmaq olmur. Cümə günləri cümə namazına durur­lar, ölü öləndə meyit namazına dururlar. Göy guruldayanda namaz qılırlar (ayət namazı), ay tutulanda namaz qılırlar (xü­suf namazı), gün tutulanda namaz qılırlar, qara yel əsəndə na­maz qılırlar, and içəndə namaz qılırlar, nəzir eləyəndə na­maz qılırlar, icarə eləyəndə namaz qılırlar. Bu namazların içində ən büsatlısı meyit namazıdır... Hacı Hüseynəlinin axır nəfəsi ağzından çıxmamış Molla Məmiş yekə cırıq Quranı kürkünün altından çıxarıb avazla Quran oxumağa başlayır. Molla Mə­mişin dalınca Molla Tağı və Molla Baxşəli də özünü yetirir. Can verən Hacı Hüseynəlinin “qoyun insancasına azad olum” yalvarışına baxan olmur. Molla Kərimin azanı şəhərin bütün camaatını yarım saatın içində Hacı Hüseynəlinin evinə və həyətinə toplayır, şəhərin cəmi əmmaməliləri qarğa-quzğun tək buraya cəmlənir. Onlar bu gün plov yeyəcəklər!

Mirzə Cəlil bu cür gülməli və gülməli olduğu qədər də ağlamalı səhifələrlə dolu olan “Xatiratım” əsərini sovet döv­ründə yazıb və arzulayıb ki, kaş “islama sitayiş edən millətlər (və habelə qeyri dinlərə sitayiş edən millətlər) dünya elmlərini təhsil edib və cəmi din və dinçilərin mövhumat və xurafatın­dan agah olub birdən-birə azandan əl çəkələr... və namazların cümləsini bir çuvala doldurub Araz və Kür daşan zamanı suya axıdalar, qoysun getsin işinə...”

Sovet dövründə mövhumat və xurafatdan agah olduq­mu? Bu suala tərəddüdsüz-filansız “bəli” cavabını tək-tük adam verər. Amma orası şəksizdir ki, sovet dövründə namaz­ların çoxunu zor hesabına “suya axıtmaq” mümkün oldu. Ye­ni həyat uğrunda kəskin mübarizə başlandı və yeni insan tər­biyələndirmək işi ilk növbədə yazıçıların öhdəsinə düşdü. Y.Axundlunun qeyd etdiyi kimi, 1920-30-cu illərdə sosialist quruluşunu tərənnüm edən ədəbi qüvvələrə xüsusi şərait yaradıldı, onların əsərləri geniş şəkildə təbliğ olundu. 1921-ci ildə Naxçıvanda nəşrə başlayan “Cavanlar həyatı” adlı qəzet öz məramnaməsində bütün cavanlara yox, məxsusi olaraq fəhlə-kəndli cavanlara (yeni hökumətin avanqard dəstəsinə) arxalandığını və onlar üçün geniş meydan açdığını bəyan etdi. Əyyub Abbasov, Əvəz Sadıq, Müzəffər Nəsirli, Əkbər Məf­tun və b. yazıçılar böyük ehtirasla ədəbi-siyasi mübarizə mey­danına atıldılar. M.İbrahimov və Ə.Vəliyevin Bakıdan Nax­çıvana göndərilməyi burada ədəbi-siyasi işə xüsusi təkan ver­di. M.İbrahimov Naxçıvan təəssüratı əsasında “Həyat” pyesi­ni yazdı və bu pyes kollektivləşmə uğrunda mübarizəyə həsr olunmuş nümunəvi əsərlər sırasına çıxdı.

Kollektivləşmə mərhələsi başa çatdıqdan sonra yazıçıla­rımızın ən başlıca vəzifəsi adamları alman faşizminə qarşı ölüm-dirim savaşına səfərbər etməkdən ibarət idi. Günün tələ­binə ilkin olaraq Azərbaycan sovet şeirinin bayraqdarları ca­vab verdilər. S.Vurğun, S.Rüstəm və R.Rza şeiri, təbii ki, Naxçıvanda da əks-səda tapdı və həmin şeirin ahəngi üstündə yeni-yeni misralar yarandı:

Get, aslanım, gözləyir ana Vətən yolunu,

Darda qoymaz inan ki, о da igid oğlunu.

Get-get, kəndlər, şəhərlər al qanların içində,

Get döyüşə, əzizim, zəfər sana yar olsun.

Gündə bir həyat sönür tufanların içində,

Fərar edən nakəsə, qorxaqlara ar olsun!

(M.Nəsirli)

Bu şeirdə məhəbbətlə adı çəkilən ana Vətən bütün sovet dövrü ərzində yazıçılarımızın, о cümlədən Naxçıvanda ya­şayıb-yaradan qələm sahiblərinin, bəlkə də, ən çox müraciət etdiyi bir mövzudur. Naxçıvanda yaşayan şairlərdən bu möv­zu­da qələmini sınamayanı, yəqin ki, yoxdur. Düşmənə baş əy­məyən Əlincə qalası, vüqarlı dağlar, Batabat yaylağı, Ordu­badın bağ-bağatı, Araz, Arpa çayı, Mömünə xatun məqbərəsi, Naxçıvanın qəhrəman övladlarının ömür dastanı şairlərin ilham mənbəyidir. Naxçıvan ədəbi nümunələrində vətənpər­vərlik motivlərinin üstünlük təşkil etdiyini nəzərə alan Y.Axund­lu kitabda M.Nəsirli, Ə.Yusifli, H.Razi, Kəmalə, H.Va­leh, A.Qasımov və b. şairlərin vətən mövzulu şeirlərinin ən oxunaqlısını seçib araşdırmaya cəlb edir, az qala hər gün eşitdiyimiz bu misraların Hüseyn Əzim qələminə məxsus olduğunu diqqətə çatdırmağı lazım bilir:

Səndə tarixlərin çox nişanı var,

Hər daşın qəlbində ox nişanı var,

İndi nə xanı var, nə sultanı var.

Ey könül mülkünün barı Naxçıvan,

Ellərin sevimli yarı Naxçıvan.

H.Əzimin və onun qələm yoldaşlarının təsvir etdiyi Nax­çıvanda Mirzə Cəlilin dediyi “qaranlıq dünya”nın heç izi-tozu da yoxdur. Ərsiz bir arvadın üstünə qoşun çəkib onun ləyaqətini tapdayan və var-yoxunu əlindən alan, kasıb bir kən­dlini sinsidib onun arvad-uşağını gözüyaşlı qoyan Xuda­yar bəylərə burada qətiyyən rast gəlməzsən. Xudayar bəyə uyub öz anasına divan tutan Vəliqulu kimi nankor övladlara burada yer ola bilməz. Burada ana övladdan ötrü müqəddəs bir varlıqdır:

Ana – ülvi məhəbbət, gözəllik aləmidir,

O, bir nəğmə deyildir, nəğmələrin cəmidir.

(H.Razi)

Ananın müqəddəs sayıldığı bu torpaqda atanın da öz yeri var. Atanın vaxtsız-vədəsiz qocalıb əldən düşməyi övlad qəlbində böyük bir nisgildir:

Zirvədəydi – zirvələrdən enir o,

Səfərdəydi – mənzilinə dönür o,

Tonqal idi – yavaş-yavaş sönür o,

Ocaq idi – közü qalıb atamın.

(V.Məmmədov)

Yaxşını yazmaq, yaşadığın yeri-yurdu pis qələmə ver­məyi böyük qəbahət saymaq Naxçıvan ədəbi mühitində təkcə şeirin yox, nəsr və dramaturgiyanın da başlıca meyarıdır. “Sa­bahın sorağında” (H.İbrahimov) və “Qaçaq Quşdan” (H.Ar­zulu) romanlarının, “Məhsəti” (Kəmalə) dramının canı­nı məhz yaxşılar (müsbət qəhrəmanlar) təşkil edir. Yaxşını yaz­maq meyarı Naxçıvan ədəbi almanaxlarında daha qabarıq şə­kildə özünü göstərir. Bu meyardan az-çox kənara çıxıb yaxşı ilə birlikdə pisi, şirinlə birlikdə acını da qələmə almağı vacib bilən E.Həbib, İ.Orxan, X.Kərimli, R.Babayev kimi şair və nasirlərin öz səsini seçmək Naxçıvan ədəbi toplularında xeyli dərəcədə çətinləşir:

İndi sən


tapdanmış zəmi,

talanmış gəmisən.

Dünya poeziyasının ab-havası ilə nəfəs alan bu misrala­rın müəllifi – İ.Orxan, qələm yoldaşları kimi, Naxçıvan ədəbi top­lusunda Naxçıvana dünyanın ab-havasını gətirməkdən da­ha çox dünyaya Naxçıvanın şan-şöhrətini çatdırmaq qayğısına qalır:

Burda bütün oba dönər mağara,

Ürəklər od alar nəmər yerinə...

Sovet İttifaqı dağılandan sonrakı mərhələdə tərənnüm yo­lu ilə Naxçıvanı dünyaya tanıtdırmaq meylinin bir az da güc­ləndiyinin şahidi oluruq. Məlum və məşhur müəlliflər öz möv­zularına bu gün də sadiq qalırlar... Amma yox, mövzular sı­rasına yavaş-yavaş din mövzusu da qoşulur. Dünənəcən “Al­lah” kəlməsini işlətməyin düşər-düşməz olduğunu düşü­nüb sıxıntı keçirən şairlər yasaqların götürüldüyü bir şəraitdə islam müqəddəslərinə, habelə böyük qüdrət sahibi saydıqları din xadimlərinə dərin məhəbbət ifadə etməyi özlərinə borc bi­lirlər. V.Əsrar dini mövzuda Xomeyni haqqında poema yazır, Kəma­lə xanım Fərat çayına müraciət edib İmam Hüseynə yas tutur:

Su vermədin Hüseynimə,

Yerlər, göylər batdı qəmə,

Qara geydirdin əynimə,

Fərat çayı, Fərat çayı.

Əlbəttə, İmam Hüseynin qətlinə ağlayıb-ağlamamaq, müasir din xadiminin şəninə poema yazıb-yazmamaq hər qə­ləm sahibinin öz işidir. Amma “Cəlillər yurdusan” deyib Nax­çıvanla öyünəndə Mirzə Cəlil rəhmətliyin (ondan da bir az qa­baq Mirzə Fətəli rəhmətliyin) hansı mətləblərə toxunma­ğı­nın, nədən yana çirkinə çirkin deməyinin də fərqinə varsaq, pis olmaz.

Y.Axundlu imkan daxilində Naxçıvan ədəbi mühitinin bütün əlamətdar faktlarını əhatə etməyə çalışır, bu mühitin ən məşhur söz ustaları ilə bərabər, ən az tanınan nümayəndələ­ri­ni də yada salmağı vacib hesab edir. Ədəbi faktlara belə həs­sas münasibətin nəticəsidir ki, Y.Axundlu dünyadan nakam gedən yazıçı Əbülfəz Bağırova ayrıca oçerk həsr edir, Naxçı­van ədəbi mühitinin qismən cavan nəslinə mənsub olan Rafiq Babayev və Rasimin yaradıcılığını xüsusi diqqətlə araşdırır.



Bugünkü Naxçıvan ədəbi mühitinin, demək olar ki, bü­tün nümayəndələrinin yaradıcılığına toxunan və bu mühitin səksən illik tarixi mənzərəsinə təcrübəli bir tədqiqatçı kimi nəzər salan Y.Axundlu faktlar (o cümlədən din mövzusunda yazılmış müxtəlif səviyyəli əsərlər) barədə hökm verməyə tələsmir. Biz də tələsməyək. Öz fikrimizi bildirib zamanın hökmünü gözləyək.
2001


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin