AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 0,99 Mb.
səhifə7/7
tarix05.03.2017
ölçüsü0,99 Mb.
#10311
1   2   3   4   5   6   7

ACITMALAR VƏ ÖCƏŞMƏLƏR
Laylalar, nağıllar bayatılar, yanıltmac və tapmacalarla yanaşı, folklorun bir qolu da var ki, buna da öcəşmələr da­xildir. İnsanlar zaman-zaman bir-birilərinin çatışmazlıqlarını lağa qoymaq üçün şeir və bayatı söyləyirlər. Acıtmalar əsa­sən şeir və bayatı janrında olmaqla, nəzərdə tutulan ada­mın qanını qaraltmağa, hövsələdən çıxartmağa, cırnadıb ağlatma­ğa qədər aparıb çıxarır. Bu atmacalar məlum bir adama ün­vanlansa da, sonralar eyni və ya oxşar hadisələrdə çox mü­vəf­fəqiyyətlə istifadə olunur. Məsələn, bir acıtmada tez-tez sevgilisini dəyişən Hürü üçün deyilir:

Hürü, qız, Hürü,

Dağ-daşı kürü

Oynaş bir olar.

Yoxsa bir sürü??

Və ya


Mahpərinin çustu var

Altı yoxdur, üstü var.

Xeyirin olsun Adilə,

Hüseyin kimi dostu var.


Acıtmalardan uşaqlar daha çox istifadə edirlər. Hələ qə­dim zamanlarda da bu acıtmalardan istifadə olunub. Məsə­lən, mollaxanada oxuyan uşaqlar bir-birini acıdaraq deyiblər:

Əlif zəbərə

Qarnın gəbərə

Mollan ölsün,

Gedim xəbərə

Fatma adlı birisi üçün uşaqlar deyir:

Fatma xala,

Təndiri qala.

Ərin gələndə,

Çarşovu götür,

Məni qovala.

Və bu qəbildən çoxlu sayda acıtmalar deyə bilərik.

Tatar, tatar,

Damda yatar.

Damın mıxı,

Yanına batar.


Ramazan

Qəbir qazan

Cücə basdıran

Cüt os....n


Roza, Roza

Mindi xoruza

Bir təpik vurdum

Düşdü hovuza

Hovuzun suyu sərindi

Roza bizim gəlindi

Hovuzun suyu istidi

Roza bizdən küstütdü.


Həcər ölsün, başdan ölsün.

Qəbri göy daşdan olsun

Atası bir kilo ət alsın

Ehsanı bozbaşdan olsun.


Abuzər damda gəzər

Hamını bəzər, özü lüt gəzər.


Tağı, Tağı tuman bağı

Göydə vurar mayallağı.


Hayıl, mayıl İsmayıl.

Yuxudan ayıl, İsmayıl,

Atan eşşək alıbdı

Yerini qayır, İsmayıl.


Hacı, Hacı, armud ağacı.

Armudun yedim

Qaldı ağacı.
Zəhrə Zübeyda,

İkisi bir boyda.

Zübeyda qaşdı,

Hasardan aşdı,

Simə dolaşdı.
Ay, Asiya, Asiya,

Xəmir qoyub kasıya,

Mən istədim vermədi,

Satdı bir abbasıya.


Əfruz, Əfruz sazanda,

Aş bişirər qazanda.

Əfruz ərə gedəcək,

Ayı dağı aşanda.

Qarğa gəlib qar istəyir,

Qəhrəman arvad istəyir,

Arvadı başmağ istəyir.

Qoşulub qaşmaq istəyir.


Uzundraz, anlamaz,

Xeyrə şərə yaramaz.

Yasa gedər ağlamaz,

Toya gedər oynamaz.


Alıqbalıq olaydım,

Bankalara dolaydım.

Təzə müəllim gələndə

Başına papaq qoyaydım.


Müəllim dedi dur söylə,

Söyləməsən, bir şillə.

Şillə yaman çatdadı

Bomba kimi partladı.


Həsən ağa, girdi bağa,

Bir quş tutdu, o da qurbağa,

Saldı yağa, verdi qonağa.

Qonaq yemədi özü yedi,

Düşdü yatağa.
Həsən mənim dayımdı,

Meşədəki ayımdı

Getdim gördüm yatıbdır

Burnu poxa batıbdı.

Əli mindi maşına,

Sürdü dağın başına.

Oğlanlar əsgər getdi,

Kül qızdarın başına.


Gəlirdi Fərman,

Əlində dərman.

Yıxıldı Fərman,

Dağıldı dərman

Ağlama, Fərman,

Alaram dərman

Bəzən dalaşan iki uşağı daha da qızışdırmaq üçün kə­nar­dakılar deyirlər:

Arpa verim, buğda verim cik-cik.

Və ya:

Daş-daşa dırnaq daşa



Siz dalaşa, biz tamaşa.

Döyülən, söyülən uşaq isə rəqibinə belə deyir:

Nə deyirsən özüvə,

Beş barmağım gözüvə.

Göydə uçan quşların,

Dırnaqları gözüvə.



SANAMALAR
Nənələr ilk say hesabını uşağa öyrətmək üçün körpənin beş barmağından istifadə edirlər. Məsələn, nənə körpənin əlini tutub barmaqlarını işarə edərək deyir:

Baş barmaq,

Başala barmaq.

Uzun hacı,

Qıl turacı.

Kiçik bacı.

Və ya:

Körpənin beş barmağını göstərərək deyirlər:



Baş barmaq dedi: – Gəlin gedək oğurluğa.

Şəhadət barmağı dedi: – Bəs pilləkən?

Orta barmaq dedi: – Məndən uca pilləkən:

Dördüncü barmaq dedi: – Bəs Allahdan qorxmursunuz?

Kiçik barmaq dedi: – Yox!

Yox dediyinə görə nənə onu cəzalandırır. Bu üsulla ki­çik yaşlı uşaqlarda Allahdan qorxmağa, düz yola çəkməyə zəmin yaradır. Yenə də körpənin on barmağını sayaraq deyir:

İynə, iynə

Ucu düymə.

Şam ağacı,

Şatır keçdi.

Qoz ağacı,

Qotur keçdi.

Əmim oğlu

Uca boylu,

Çal nağara

Çıx qırağa.

Uşaqların ovucunda nəsə gizlədib onu tapmağa çalı­şa­raq deyirlər:

Ya bundadır,

Ya bundadır.

Halvaçı dükanında.

Allah dedi bundadır –

və həmin əlini göstərir.

A teşdi, teşdi, teşdi.

Vurdu Gilanı keçdi.

İki xoruz dalaşdı,

Biri qana bulaşdı.

Qan axdı getdi çaya,

Çaydan göyərçin uçdu.

Göyərçin alapaxda.

Yuvası qəlbi taxta.

O yanı taxta,

Bu yanı taxta.

Şahqulu bəy otaxda.

Uşaqlar hər hansı bir oyun zamanı kiminin əvvəl, kimi­nin axır və ya kiminin qaçan, kiminin qovan olduğunu bil­mək üçün sanamalardan istifadə edirlər. Məsələn,

Əkdim noxud,

Çıxdı söyüd,

Yarpağıdır

Şa-ba-lıd.

Sələmə Səlli

Qırx doqquz əlli

Nal,mıx, qırx.

Əl əl əpənək

əldən düşdü kəpənək.

Kəpənəyin yarısı

Yumurtanın sarısı.

Baba, hara gedirsən?

Ala dağa gedirəm.

Ala dağda nəyin var?

Muncuq düzən qızım var.

Qızım bir oğlan doğdu

Adını qoydu,

Sü-ley-man.

Bir yerdə oynayaraq vaxt keçirən uşaqlar bəzən nədənsə anlaşmayıb dalaşardılar. Küsərdilər. Bu zaman kiçik bar­maq­larını bir-birinə göstərərək deyirlər:

Xənçəl-bıçaq kəs-küs.

Xırda bıçaq kəs-küs.

O adam yalvarmasın

Qapımızdan boylanmasın

Məktub yazıb yollamasın.

Qəndimizi oğuramasın.

Yayda mənnən oynama

Qışda mənnən oynama!
UŞAQ OYUNLARI
Hər bölgənin özünəməxsus folklor nümunələri olduğu kimi, əyləncələri, uşaq və yeniyetmələrin oynadığı oyunları da müxtəlif olub. Naxçıvanda uşaqların, yeniyetmələrin hələ də davamlı olaraq oynadıqları bir sıra oyunların adını çəkmək istəyirəm. Məsələn, “Hostana”, “Çilləmə”, “Padşah və oğru”, “Çilig ağac”, “Qəcəmə daş” və s.

“Hostana” oyunu, əsasən, oğlanlar arasında geniş yayıl­mışdır. 10-15 yeniyetmə oğlan bir yerə yığışır və yuxarıda göstərdiyimiz sadalamalardan istifadə edərək kimin “yataca­ğını” müəyyənləşdirirlər. Yatmalı olan oğlan əllərini dizi üs­tə qoyaraq, yarım əyilmiş vəziyyətdə durur. Yerdə qalan ye­niyetmələr sıraya düzülür və sürətli bir hərəkətlə “yatmış” yoldaşlarının arxasından baş tərəfə doğru əllərini yatan şəxsin belinə qoyub irəli tullanır və deyirlər:

Ay Hostana, hostana,

Keçi girdi bostana.

Vurdum qılçası sındı,

Apardılar həkimə.

Həkim dedi: – Nə vecimə!

Oyun zamanı sıraya düzülmüş uşaqlardan hər hansı biri adlaya bilməzsə, onda “yatmış” yoldaşını əvəz etməli və oyu­nu davam etdirməli olurlar.


ÇİLİG AĞAC
Bu oyunu, əsasən, iki nəfər oğlan uşağı oynayır. Oyun aləti olaraq hər iki tərəf yonulmuş, təxminən 15-20 santimetr uzunluqda taxta, odun parçası (çiling) olur, ikinci hissə isə 60-70 sm uzunluqda nisbətən yoğun ağacdan ibarətdir. Oyu­na kimin birinci başlaması hökmən saymaqla həyata keçir. Birinci oyunçu müəyyən olunan kimi oyun başlayır. Hər iki tərəfi yonulmuş çilingə ağacla vurduqda, çiling göyə qalxır və ağacla onu elə göydə vura-vura sayır və oyuna məxsus belə sözlər deyirlər: Birim alust,

İkim alust.

Üç adam,

Şaqqulu badam.

Bəlli bir xal topladıqdan sonra ağacla çilingi uzaq mə­safəyə vururlar, ikinci oyunçu qaçıb onu göydə tutmalıdır. Tuta bilsə, oyun keçir, tutmasa, “işləməli” olur, yəni hər də­fə çilingi uzaq məsafədən qaçaraq gətirməlidir.
ÇİLƏMƏ (ÇİPOLİK)
Bu oyunu isə oğlan uşaqları həm dəstə, həm də iki nə­fərlə oynayırlar. Kiçik dəri parçasına ya düymə ya da azacıq yastılanıb deşilmiş qurğuşun tikirlər ki, yuxarıdan aşağıya maneəsiz yenə bilsin. Birinci oyunçu həmin dəri parçasını göydə nə qədər təpik və dabanları ilə çiləməsindən asılı ola­raq oyun davam edir və sayı isə bir cüt, iki cüt və s. sayılır. Hündürlüyə tullanaraq hər iki ayağın böyrü ilə vurulan zər­bələr isə iyirmibeşlik və ya əllilik adlanır. Oyun ikinci oyun­çuya o zaman keçə bilər ki, birinci oyunçu çipoliki vura bil­məsin və “çipolik” yerə düşsün.

QƏCƏMƏ DAŞ
Bu oyunu qızlar oynayır, oyunda iki və daha çox qız iştirak edə bilər. Oyunçulardan kimin birinci və ya axırıncı olduğu müəyyənləşdirilir. Oyun əşyası beş ədəd dəyirmi daş­dan ibarətdir.

Beş daşın yerə atılması ilə oyun başlayır, əvvəl bir-bir, sonra iki-iki, üç-üç dörd və s. daşlar əldən düşməmək şərti ilə atılıb tutulur. Sonda daşlar yenə də yerə atılır, udan tərəf sol əlini barmaqlarını bir-birinin üstünə qatlayaraq yerdə körpü yaradır və soruşur: - İtin hansıdır? Uduzan oyunçu ən uzaq və ya ən yöndəmsiz yerdə duran daşı seçir ki, qarşı tərəf onu “körpü”dən keçirə bilməsin. Əgər daşların hamısı keçsə oyunu başa çatmış olur və udan tərəf beş daşa cəza adları verərək uduzanın əlinin üstünə düzərək deyir: – Bu çimdik, bu cırmaq, bu şillə, bu yumruq, bu da göydə quş gös­tərmə. Əlinə daşlar düzülmüş oyunçu bu daşların hamı­sını birlikdə yuxarı atıb sonra tutmalıdır. Bu zaman daşlar­dan bir-neçəsi yerə düşür. Bu cəza daşları oyunçunun əlin­dən yerə düşəndə oyunu yerə düşən daşlara bir-bir daşı yuxarı atıb-tutaraq deyir:

– Yağlayım, ballayım, hərdən birdən yumruqlayım və ya şillələyim.

Bəzən bunu çimdikləmə və yaxud başqa cəza ilə də əvəzləmək olur. Oyunun finalı çox maraqlı olur. Sonuncu da­şı uduzan uşağın iki barmağının arasına qoyub sıxır. So­ruşurlar nişanlının adı nə? Ağrıdan qışqırıb bağıran uşaq çox çətinliklə bir ad tapıb deyir.



ƏL ÜSTƏ KİMİN ƏLI?
Qədim və bəsit uşaq oyunlarından biri də “Əl üstə kimin əli?” oyunudur.

Burada on nəfərə qədər oyunçu iştirak edə bilər. Uşaqlar sayaçı sözləri sadalamaqla oyundan axırıncı çıxanı müəy­yən­ləşdirirlər. Axırıncı oyunçulardan birinin dizinə başını üzüa­şağı vəziyyətdə qoyur. Oyun başlayr, uşaqlardan biri deyir:

Götürün vurun, yalan deyir,

Kor eşşəyə palan deyir,

Əl üstə kimin əli?

Bu sözlərdən sonra, bütün oyunçular bir əllərini oyun­çunun kürəyində üst-üstə qoyurlar. Yatan uşaq ən yuxarıda olan əlin kimə məxsus olduğunu tapmalıdır. Tapsa, həmin uşaq onu əvəz edir, tapmasa, oyun davam edir.








QARABAĞ FOLKLORU
RƏVAYƏTLƏR
SARI AŞIQ
Bir dəfə taxıl biçini zamanı Sarı Aşıq bir kəndlinin evin­də qonaq imiş. Ev yiyəsi oğlanları ilə biçilib bəndə vurulmuş taxılı xırmana daşıyır. Bir tərəfdən də qoşulmuş kəllər ilə taxılı döyürmüşlər. Evin xanımı da evdə qonaq olduğundan düyünü məcməyiyə töküpbüş ki, aş pişirsin. Aşıq bu mən­zərəni görüb deyir:

Mən aşıq yaydı günü,

Sonalar yay dügünü,

Qəmər çəkər, car döyər

Açılmaz yay dügünü.
* * *

Bir gün Sarı Aşıq sevgilisi Yaxşıgilə gedir. Yaxşının bacısı Günəş aşığa çox hörmət qoyur. Aşıq Günəşin hörmət-izzətini görüb deyir:

Mən aşıq yaxşı Günəş,

Çıxıbdı yaxşı günəş.

Yaxşıya gözəl çatmaz,

Yaxşıdan yaxşı Günəş.

Bu zaman içəri girən Yaxşı görür ki, Sarı Aşıq bunun bacısına tərif deyir. Özünü incimiş kimi göstərir. Məsələnin nə yerdə olduğunu duyan Sarı Aşıq deyir:

Mən aşıq gün aşanda,

Durmuşam günaşanda.

Üz görəti demirəm,

Sən handa, Günəş handa?
* * *

Yaxşı yaşayan Maksutlu kəndi Həkərinin sol sahilində; Sarı Aşığın yaşadığı Güləbürt kəndi isə sağ sahilində idi. Aşıq sevgilisini görmək üçün hər gün çayı keçib bu taya gəlirmiş. Bir gün Yaxşının anası soruşur:

– A Sarı, sən bu çayı nejə keçifsən ki, heç isdanmı­yıf­san? Aşıx cavabında deyir:

Mən aşıq bayı keşdim,

Xotkarı bayı keşdim.

Altı camış, üz keçi

Qucaqda çayı keşdim.

Heç nə başa düşməyən ev əhlinə aşıx bayatını xırda­lamalı olur. Sən demə, Sarı Aşıq çarıxlarını qucağında islat­madan bu taya keçirib. Çarığında altı camış dərisindən; üzünün də bağları keçi qəzlindən toxunmuş iplik imiş.


* * *

Bir dəfə Yuxarı Qarabağın varlı adamlarından biri toy edirmiş. İstəyir ki, Sarı Aşıq bu toyda məclisi şənləndirsin. Odur ki, bir nəfəri atla Güləbürt kəndinə Sarı Aşığın dalınca göndərir. Sən demə, aşıx meşəyə oduna gedipmiş. Evə qa­yıdanda aşıx onu axdaran atdıya tuş gəlir. Atlı fikirrəşir ki, elə bu kişidən Sarı Aşığı soruşum, bəlkə evini-zadını tanıyar. Bəyin adamı deyir:

– A kişi, bilmirsən, Sarı Aşıq harada olar? Aşıx deyir:

Mən aşiqəm, bilmənəm,

Tanımaram, bilmərəm.

Sarını soruşursan?

Tanı mənəm, bil mənəm.

Atlı elə bilir ki, kişi tanımıram, bilmirəm deyir. Odur ki, atını çapıb uzaqlaşır. İrəlidə kənd camaatı Sarı Aşığın evini gələn qonağa göstərir. Qonaq aşığı evinin qapısında gözlə­yirmiş ki, Sarı Aşıq gəlib çıxır. Sarı Aşığın yolda gördüyü adam olduğunu görən atlı hirslə deyir:

– A kişi, bə deyirdin, tanımıram, bilmirəm. Sarı Aşıq atlının səhvini düzəldərək deyir:

– Mən elə demədim. Dedim ki, tanı mənəm, bil mənəm. Sarı Aşığın söz oyununa atlı heyran qalır.


* * *

Bir dəfə də Sarı Aşıq axşamtərəfi evinə qayıdırmış. Çə­pərlərinin dibində qonşu qızını bir cavan oğlanla mazaqlaşan görür. Qız elə bilir ki, aşıq onları görməyib. Odur ki, tez oğlanın qarşısına keçir, sanki kürəyi ilə oğlanı gizlətmək istəyir. Aşıq bunu görüb deyir:

Mən aşiqəm, nərgizlər.

Bənövşələr, nərgizlər.

Bu gün bir maya gördüm,

Qoltuğunda nər gizlər.

Qız məsələni başa düşür. Odur ki, deyir:

Mən aşıq gördü günü,

Ay doğdu gördü günü,

Namərddə söz əylənməz

Mərd deməz gördügünü.
* * *

Bir gün Sarı Aşığın yolu dağlara düşür. Bir çoban ailə­sində qonaq qalmalı olur. Sən demə, bir-neçə qoyun quzu­lamışmış. Evin xanımı isə təzə sağdığı ilk süddən kələzə (kələkə) bişirir. Bunu görən aşıq deyir:

Mən aşığam buz bağlar,

Çaylar sular buz bağlar.

Bu gün bir əcaz gördüm4

Od içində buz bağlar.


ABDAL QASIM VƏ BƏY
Deyir bir gün Qarabağ bəylərindən biri ətraf kəndlərdən varlı-hallı adamları yığıb qonaqlıq verirmiş. Qonaqlığa gələn bəylərdən biri yolda Avdal Qasımla rastlaşır. Ordan-burdan söhbətləşirlər. Məlum olur ki, hər ikisi eyni evə qonaqlığa gedir. Bəy Avdal Qasımın musiqidən hali olduğunu bilirmiş. Ona görə deyir:

– Bu qonaxlıxda indi məndən sorşəjəhlər ki, xanəndə səninçün nə oxusun? Ancax mənim muğamnan-zaddan elə də başım çıxmır. Heş bilmirəm nə cavaf verəjəm. Avdal Qasım da arif adamıydı. O saat məsələni başa tüşür və deyir:

– Heç fikir eləmə, bəy, sənin orada gözün məndə olsun. Bax iki barmağımı yuxarı qaldırsam, de ki, xanəndə dügah oxusun. Üç barmağımı qaldırsam, deyərsən ki, segah oxu­sun, olar, bitər. Bəy çıxış yolu tapdığı üçün çox sevinir, gə­lib çı­xır­lar ziyafət verilən evə. Yeyib-içdikdən sonra ev yi­yəsi bir-bir qonaqlarının arzusu ilə xanəndəyə sifarişlər ve­rir. Növbə bəyə çatanda Avdal Qasım tez iki barmağını gös­tərir və bəy də dü­gah sifariş verir. Bir müddətdən sonra yenə də bəyin arzusunu soruşurlar. Bu dəfədə Avdal Qasım üç barmağını göstərir və bəy segah sifariş eləyir. Bu zaman xa­nəndəyə bəy pul da ba­ğışlayır. Bəyin səxavətindən ruh­lanan xanəndə yenə də bəydən bir arzusunu rica edir. Bəy qalır çıxılmaz vəziyyətdə yenə də baxır Avdal Qasıma. Bu dəfə də Avdal Qasım dörd barmağını yuxarı qaldırır və məclis əhli duyuq düşməsin deyə, tez həmin əlini belinə doladığı ipək kəmər yerinə keçirir. Heç nə başa düşməyən bəy, üzünü xanəndəyə tutub deyir:

– İndi də bir qarıngah oxuyun.

Bütün məclis əhli bəyin nadanlığına gülür.


AŞIQ GÖRDÜYÜNÜ ÇAĞIRAR

Bir gün bir aşıq sazını da götürüb ruzi qazanmaq ümi­dilə kənd-kənd, oba-oba gəzməyə başlayır. Gəlib bir obada, bir evdə qonaq olur. Həmin gün evin xanımı axşama xaşıl bişirifmiş. Dəvət edirlər aşığı süfrəyə, xaşılı hamılıxca ye­yir­lər. Gecəni aşıx qonaq qalır, səhəri hazırlaşır getməyə. Evin sahibi dil-ağız eləyib, deyir ki, gəlmişkən bir-iki gün də qal. Aşıq deyir:

– Yox, ay qardaş, çox sağ ol, mən gəldim xaşılınızı da yedim, ta gedirəm. Aşıx xaşıl deyəndə ev yiyəsi fikirləşir ki, adə sən ölməyəsən, bu aşıx məni biabır edəjəh, hər yerdə deəjəh ki, bizdə xaşıl yeyif. Başlayır əl-ayağa düşməyə. De­yir ki, qoymaram, gedəsən. Bəs yaxşı bir xoruzum var, kə­sim axşama arvad yaxşı bir çığırtma bişirsin, ye, sonra ge­dərsən. Aşıx razılaşır. Evin xanımı axşama yaxşı bir çığırtma pişirir, yeyib-içirlər, səhər aşıx sağollaşır ki, gedə. Deyir:

– Ay qardaş, sağ ol, xaşılıvı yedim, çığırtmavı yedim, ta mən gedim. Ev sahibi görür ki, bu yenə xaşıldan danışır. Hövsələsi qaçır və düşünür ki, gərək, necə olsa, xaşılı bu aşı­ğa unutduram. Odur ki, deyir:

– Bəs, Aşıx qardaş, qoymaram gedəsən. Yaxşı bir qo­çum var, elə sənin kimi yaxşı insanlara qismət olsun. Kəsim, bir-iki gün yeyək, sonra gedərsən. Nə isə qoçu da kəsir, ye­yib-içirlər, iki gün də keçir. Aşıx yenə getmək havası çalır. Və deyir:

– Sağ ol, qardaş, xaşılıvı yediyh, xoruzu yediyh, qoçu yediyh, haqqıvı halal elə, mən gedirəm. Ev sahibi görür ki, aşıx yenə də xaşılı birinci saydı. Ona görə deyir :

– Aşıx qardaş, getmə! Bir erkək danam var. Onu da kə­sim yeyəndən sonra gedərsən. Aşıx məsəlləni başa düşür deyir:

– Qardaş, heç özüvü ərəsət-mənşər eləmə. İstəyirsən lap dəvə kəs. Mən aşığam, gördüyümü əvvəldən axıra qədər çalıf oxuyajam.
MƏNIM QULAĞIMA NOLUB?
Laçının ucqar kəndlərinin birində bir evə bir kişi qonağı gəlir. Adam ev sahibinin uzaq qohumlarından imiş. Evdə qay­nana bir də körpəsini kürəyinə şəlləyib ev işləri ilə məş­ğul olan gəlindən başqa heç kəs yox imiş. Qaynana gəlini çağırıb deyir ki, bəs qonağa çay-çörək hazırla. Gəlin yerdən süfrə salır. Ayağa qalxım deyəndə gəlindən bir ağ yel çıxır. Gəlin də, qaynana da çox pərt olur. Gəlin girir mətbəxə ta çıxmır. Kişi görür ki, gəlin çox utandı, özünü qoyur karlığa. Qaynana nə deyirsə, əlini qoyur qulağının dalına, “hay” “nə deyirsən” “eşitmədim” deyir. Gəlin də qaynana da özlərinə gəlib rahatlayırlar. Qonaq yeyib-içəndən sonra axşamtərəfi qalxır ki, gedə. Qaynana darvazaya qədər qonağı yola salır. Ürəklənən gəlin də düşür qaynanasının yanına. Yolda uca səslə kişidən soruşur.

– Ay Qulaməli əmi, bəs sənin qulağıva nolub belə? Kişi deyir:

– Ay qızım, bərk soyuqlamışdım elə o zaman bu zaman qulağım eşitmir. Gəlin deyir:

– Ay əmi, Fatma xalama de, bir az soğan, bir az da sa­rımsaq suyu sıxsın damcılatsın sənin qulağıva. Qulağın yax­şılaşacaq. Gəlinin məsləhətindən hiddətlənən kişi özünü sax­laya bilməyib deyir:

– Aaz, a köpək qızı, sən o sarımsaq soğan suyunu niyə öz götüvə damızdırmırsan ki, səni qohum-qələbə içində bi­yabır eləməsin?! Mənim qulağıma noluf?
NƏ ÖZÜ İSTƏYİR, NƏ QONŞUYA VERİR
İki qonşu olur. Birinin qonşu arvadına gözü düşür. İş elə gətirir ki, bunlar anlaşırlar və gizli-gizli görüşməyə başlayır­lar. Bir gün kişi gəlib arvadını qonşusu ilə bir otaqda görür. Cumur xəyanətkar qonşunun üstünə və başlayır onu döymə­yə. Oynaşının döyüldüyünü görən arvad ərinə deyir:


  • Vur, vur köpək oğlunu! Öz arvadı ola-ola qonşuya da göz dikir.

Bir azdan oynaş güj gəlir. Və qonşunu yıxıb döyməyə başlıyır. Arvad bu dəfə də görür ki, oynaşı qalib gəlir və deyir:

  • Vur, vur köpək oğlunu, nə özü istəyir, nə də qonşuya verir.


EVİN TİKİLSİN, HALVA QUTARDI
Müharibə vaxtı Laçının Biçənis kəndində yaşlı bir kişi vəfat edir. Hədsiz kasıb olan ev sahibi heç nədən ehsan verə bilmir. Evdə cəmisi iki ovuc undan halva çalıb qəbristanlığa aparırlar. Dəfn mərasimində molla uzun-uzadı cənazə duası və başqa duaları oxuyur. Ətrafdakı beş-on acından ölən adam özlərini saxlaya bilməyib başlayırlar halvanı yeməyə. Molla isə cənazə ilə bağlı bütün qayda-qanuna riayət edərək duanı oxuyur. Bir başqası isə meyidi tərpədir. Onsuz da az olan halva az qalır ki, bitsin. Bu dəmdə mollanın ac qala­cağını görən adamlardan biri deyir:

– A molla, biz onu yetmiş beş ildir ki, başa sala bil­məmişik. İndi sən bu dar majalda nə başa salajahsan? Evin tikilsin, halva qutardı eyy.


OĞUL NAXƏLƏF, QIZ BECİNS
İki dost var imiş. Onlar müxtəlif kəndlərdə yaşayır­mış­lar. Bir gün dostlardan birinin arvadı ölür. Dostu yasda iş­tirak edəndən sonra öz evinə qayıdır. Üstündən bir ilə yaxın vaxt ötür. Uzun müddət dostundan xəbər tuta bilməyən kişi yenidən dostunu görməyə gedir. Dostlar qapıda qarşılaşırlar. Ancaq arvadı ölən bu müddət ərzində çox sınıxmış görükür. Sanki bir ildə daha qocalmış və arıqlayıb əldən düşmüşdü. Dostunun bu halından narahat olan kişi deyir:

– Ay qardaş, arvadı ölən bir sənmisən? Kimi saxlamaq olar bu səfərdən?! Allah vermişdi Allah da aldı. Budur, sağ olsun, oğlun, qızın, gəlinin var. Arvadı ölən başın- bulaya-bulaya deyir:

– Eyh, birin bilirsən, birin bilmirsən. Oğul naxələf, qız becins deyib əlini gəlinə sarı uzadıb nə isə deyəcəkmiş ki, gəlindən bir yel çıxır. Kişi əli elə uzalı qaldığından deyir: – Bax bu da belə.

DÜY ŞALIMA, AT DALIMA
Varlı və imkanlı adamlardan biri vəfat edir. Var-dövləti qalır dul arvadına. Hələ meyid götürülməmiş bir-neçə var-dövlət hərisi arvada elçi düşməyi düşünür. Biri isə lap cəld tərpənib fikirəşir ki, sonraya qalsa, arvad əldən çıxa bilər. Odur ki, tez bir ara arvadı tapır. Bir üzük də alıb verir arvada ki, elə yasdaca taxarsan arvadın barmağına. Nə isə arvad üzüyü də götürüb gəlir yasa. Görür ki, qiyamətdir evin xa­nı­mı üz-gözünü cıra-cıra ağlayır. Bu da keçir lap qadının ya­nına və guya ağlaya-ağlaya deyir:

Belə a bajı, mən saa nə deyim,

Nə deyim nejə deyim,

Belə o filankəs saa bi üzük göndərib

Onu saa nejə verim?

Arvad da arif imiş. Beynindəcə tez düşünüb daşınır və cavab verib deyir:

Az, ta nə var nejə diyəsən,

Belə düy şalıma, at dalıma.


ŞAHIM, AYAQYOLUNDAKI SÖZ
Deyir bir şahın axmax bir vəziri oluf. Bir gün başqa bir ölkənin padşahı buları oğlunun toyuna qonaq çağırır. Yemək zamanı dəvət olunmuş padşahlardan birinin vəziri görür ki, öz şahının bığlarından yediyi düyülərdən bir-ikisi sallanıf duruf. Vəzir şahı məsələdən hali etmək üçün deyir:

– Şahım, uca dağlar başında qar görünür.

Şah da arif adam imiş məsələni başa düşüb əlini bığla­rına çəkir və düyüləri təmizləyir. Axmaq vəziri olan şah bu məsələdən çox təsirlənir. Su başına getmək adıyla otaqdan çıxır. Yolda dalıyca çıxan vəzirə acıqlı-acıqlı deyir:

– Gördün, nə cür ağıllı vəzirlər var, şahını necə məsələ­dən agah etdi? Sən isə başıvı aşağı sallıyıf yeməkdən başqa heç nə bilmirsən.

Yemək otağına qayıdan zaman bir daha vəzirini xəbər­dar edir: «Bax, indi içəri qayıdıf oturajam, düyünü elə yiyə­jəm ki, düyü saqqalıma yapışajax. Sən də elə bir söz tap de ki, hamı mat qalsın».

Vəzir boynunu büküb bəli, bəli deyir. Şah əllərini yuyub yenidən məclisə qayıdır, oturur yerində. Başlayır plovdan yeməyə. Plovdan ikisi-üçü yapışır şahın saqqalına. Axmaq vəzir bunu görüb tez deyir:



  • Şahım, ayaqyolundakı söz.

Məclis əhli hamı dönüb vəzirin ədəbsiz sözünə gülür.
ÖZÜMÜ SƏNƏ NƏZİR DEMİŞƏM
Laçının Kamallı kəndində Kərbalayı adlı çox zəif və cı­lız bir kişi yaşayırdı. Kərbalayı o qədər zəif idi ki, hətta onu müharibəyə belə aparmamışdılar. Bir gün Kərbalayı mühari­bədən sağ-salamat qayıdan qonşusunu görməyə gedir. Kər­bə­laya sataşmaq istəyən qonşu arvadını öyrədib onun qar­şısına çıxarır. Arvad eyvana çıxır, əlini belinə vuraraq deyir:

– Kərbalayi, bizim bu kişi maharibəyə gedəndə mən özümü saa nəzir demişəm. İndi kişi də sağ-salamat qayıdıf gəlif. Evdə də heş kəs yoxdu. Gəl, nəzirini verim.

Arvadın bir qıçı boyda olan Kərbalayi heyrətlə arvada baxa-baxa deyir:


  • Bajı, olmaz ki, o nəziri yağnan-şornan əvəz edəsən?

KİTABIN İCİNDƏKİLƏR
Kitab necə yarandı.........................................................4

Naxçıvanda toy mərasimi.............................................13

Sünnü toyu ..................................................................33

Yeddi keçirmək............................................................34

Ad qoyma.....................................................................36

Süd dişi .......................................................................37

Dil açan körpələrin ilk sözləri .....................................38

Toyla bağlı atalar sözləri və deyimlər .........................39

Naxçıvanda yas mərasimi ...........................................41

Yasla bağlı atalar sözləri və deyimlər .........................48

Yasla bağlı təskinləşdirici sözlər .................................49

Yasla bağlı inanclar .....................................................50

Ölümlə bağlı qarğışlar .................................................51

Dini ayinlər..................................................................52

Naxçıvanda Məhərrəmlik mərasimi.............................54

Novruz bayramı ...........................................................56

Naxçıvanda Xıdır Nəbi bayramı...................................59

Ramazan ......................................................................61

Qurban bayramı ...........................................................62

Atalar sözü və deyimlər ..............................................63

Alqışlar ......................................................................101

Qarğışlar ....................................................................102

Andlar .......................................................................103

Ayamalar ...................................................................104

Naxçıvanda çeşmə və bulaq adları ............................107

İnanclar .....................................................................108

Mifoloji mətn.............................................................112

Rəvayətlər..................................................................113

Nağıllar .....................................................................116

Lətifələr .....................................................................126

Sərhədlər açıldı..........................................................146

Söz atma ....................................................................149

Şəkilarxası yazılar .....................................................151

Naxçıvanın maraqlı adamları ....................................153

Uşaq folkloru.............................................................158

Uşaq oxşamaları ........................................................158

Acıtmalar və öcəşmələr .............................................164

Sanamalar ..................................................................169

Uşaq oyunları ............................................................172

Qarabağ folkloru .......................................................176


Çimnaz Əzizqızı.

Nənəmdən nəvəmə.

Bakı, «Елм вя тящсил», 2012.


Íÿøðèééàò äèðåêòîðó:



Проф. Надир Мяммядли

Kompüterdə yığan,

tərtib edən və

texniki redaktoru:



Aynur Qəzənfərqızı

Êîррåктору:



Gülnar Mirzəyeva

Êà‹ûç ôîðìàòû: 60/84 32/1

Ìяòáяя êà‹ûçû: ¹1

Щя‡ìè: 188 ñяù.

Òèðàæû: 500

Êèòàá “Елм вя тящсил” ÍÏÌ-ин

Êîìïƒòåð Ìяðêяçèíäя jû‹ûëìûø, сящифялянмиш,

îôñåò ƒñóëó èëя ÷àï îëóíìóøäóð.





1 Məlal – kədər

2 Təzə anadan olan uşaqlara deyilir

3 Təzə ana olmuş qadınA deyilir

4 Qəribə, qeyri-adi


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin