AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


HAMAM SUYU İLƏ ÖZÜNƏ DOST TUTUR



Yüklə 0,99 Mb.
səhifə5/7
tarix05.03.2017
ölçüsü0,99 Mb.
#10311
1   2   3   4   5   6   7

HAMAM SUYU İLƏ ÖZÜNƏ DOST TUTUR
Nənəm danışardı ki, keçmişdə iki kişi hamamda çimər­kən birinin suyu qurtarır, başı sabunlu olduğundan yaxındakı kişi öz qabından onun da başına su tökür, adam başını – üz-gözünü yuyur, təşəkkür edir. Hamamdan sonra harada bir-bi­rini görsələr, çox səmimi salamlaşıb görüşürlər. Bir gün suyu­nu qonşusu ilə bölüşən iki kişi dostlarının etibarını sına­maq istəyir. Bir çuvala bir qoyun kəsib qoyur və bir-bir dost­larının evinə gedib deyir ki, bəs, əlimdən qəza çıxıb, adam öldürmü­şəm, indi məni axtarırlar, bu ölünü hələlik gizlət, axşam gəlib basdıraram. Heç bir dostu bu “ölü”nü gizlətmək istəmir, kişi “ölü”nü götürüb hamam tanışının evinə aparır və ona da əlin­dən qəza çıxdığını deyir. Hamam tanışı dostu­nun halına acı­yır, tez aparıb “ölü”nü gizlədir, su gətirib ki­şinin əl-üzünü yu­yub, dincəlməsinə şərait yaradır. Kişi görür ki, illərlə dostluq elədiyi adamlar nə qədər etibarsız imişlər. Bu məsələ görə də deyim yaranıb ki, filankəs hamam suyu ilə özünə dost tutur.
MUSA PEYĞƏMBƏR VƏ TACİR
Rəvayət edirlər ki, Musa peyğəmbər insanların istək­lərini, şikayətlərini Allah-təalaya çatdırmaq üçün Tur dağına meraca gedirmiş. Yolda onun qarşısına çox varlı, dövlətli bir tacir çıxır. Bu tacir o qədər varlı imiş ki, varını qoymağa daha yer tapmırmış. O da öz istəyini Allaha çatdırmaq üçün Musa peyğəmbərə xahiş edib deyir:

– Peyğəmbər sağ olsun, mən çox varlı bir adamam. Nə qədər insanlara yardım etsəm də, dövlətim azalmır, birə-beş artır. Artıq var-dövlətimi qoymağa yer tapmıram. Allah-təalaya çatdır ki, varımdan bir az alsın və mənə ehtiyacıma görə versin.

Peyğəmbər onu dinləyib meraca gedir və bütün arzu-is­təklə yanaşı, tacirin də istəyini çatdırır. O, geri dönərkən yeni­dən tacirlə rastlaşır və tacirə deyir ki, sənin arzuvu Allah çat­dırdım. Allah buyurdu ki, tacir çörəyini ayaqüstə yesin. O za­man istəyi hasil olar. Tacir bu cür də edir. Yalnız bu cür yediyi zaman çörək parçalanıb yerə tökülürmüş. Tacir çörək dağıl­ma­sın deyə, özünə bir önlük tikdirir. Çörək qurusu ön­lüyə tökülür və tacir yenidən həmin çörəyi yığıb ağzına atır­mış. Bu vəziyyət bir neçə il davam edir və tacirin var-dövləti daha da artır.

Bir gün o, yenidən Musa peyğəmbərlə rastlaşır. Onun istəyini Allah-təalaya çatdırmadığına görə məzəmmət edir. Mu­sa peyğəmbər yenidən Tur dağına gedir və tacirin söy­lədiklərini Allah-təalaya çatdırır. Yeni cavabla geri dönür və tacirə deyir:

– Mən sənin istəyini Rəbbimizə söylədim. O, dedi ki, sən çörəyi onun dediyi kimi deyil, altına önlük tutaraq yeyir­sən. Və yediyin çörək ayaqlanmır. Odur ki, var-dövlətin daha da artır.

Tacir bu dəfə çörəyi yerə dağıda-dağıda, tapdalaya-tap­dalaya yeyir və çox tezliklə müflis vəziyyətə düşür. Ona gö­rə də deyirlər ki, çörək müqəddəsdir, onu tapdalamaq olmaz!


LƏTİFƏLƏR
ƏYİRDİM, TOXUDUM, ŞAHALI

NƏ BİLDİ Kİ, TANRI NƏ BİLƏ?
Şahalı adlı əyyaş və qumarbaz bir kişinin çox gözəl xa­lı-xalça toxuyan arvadı var imiş. Arvadın toxuduqlarını Şa­halı aparıb dəyər-dəyməzinə satar və qumara qoyarmış.

Bir gün qonşulardan biri mərsiyə dedizdirir və Şahalının arvadını da çağırır. Namaz vaxtı olur, bütün qadınlar namaza durur, Şahalının arvadı yerindən tərpənmir. Qonşular deyirlər:



  • Ay bacı, bəs sən niyə namaz qılmırsan?

Həyatından bezmiş qadına elə gəlir ki, Allah da onu unudub odur ki, deyir:

– Eh! Bunca illər əyirdim, toxudum, Şahalı nə bildi ki, əyilib qalxam, Tanrı nə bilə?


ƏPİŞİM HİL-MİXƏK OYNAYIR,

MISTIĞIM DA YERİNƏ İŞİYİR
Bir arvadın iki oğlu olur. Birinin adı Əkbər, ikincinin adı Mustafa imiş. Arvad onları uyğun olaraq Əpiş və Mıstıq adlandırırmış. Bütün günü nə işi iş, nə əli boş olan arvad heç bir ev işini çatdıra bilmirmiş. Odur ki, qonşular nə var, nə yox soruşanda deyərmiş:

– Heç nə, əşşi.


Əpişim hil-mixək oynayır,

Mıstığım da yerimə işiyir.


BAŞ KEÇƏL, ÜZ QOTUR,

BƏS SƏNİN HARAN QALDI
Gənc bir çobana arandan çox çirkin, yaşı ötmüş bir qız alırlar. Gəlinə o qədər bəzək-düzək vururlar ki, çirkinliyi bilinməsin. Gəlini gərdəyə qoyub dağılışdıqdan sonra bəy istəyir ki, gəlinin yaylığını açsın. Baxır ki, gəlin keçəldir, sir-sifəti də çopur-çopurdu. Qanı qaralan çoban deyir:

Əzizim aran qaldı,

El köçdü, aran qaldı.

Baş keçəl, üz qotur,

Bəs sənin haran qaldı?
ALTI DAŞ, ÜSTÜ AŞ,

QIZDAN OĞUL YAXŞIDIR
Bir arvadın iki övladı olur. Qadın bunları atasız, çox böyük zəhmətlə boya-başa çatdırır. Oğlunu evləndirir, qızını ərə verir. Lakin gəlin qaynananı yola vermir, hətta az yesin deyə onun payının altına dəyirmi bir daş qoyur, üstünə yemək çəkir. Qaynana dözür, lakin oğluna bir şey demir. Bir gün qızı gəlib anasını öz evinə qonaq aparır, burada da kürəkən onu burunlayır, hörmət qoymur. Ana fikirləşir ki, yenə öz oğlu bundan yaxşıdır və getməyə hazırlaşır.

Evə qayıtdıqdan sonra qonşular arvadın başına yığışır və niyə orada qalmadın deyə sorğu-suala tuturlar. Arvad deyir:



  • Nə bilim, yenə altı daş, üstü aş, qızdan oğul yaxşıdır.

Oğlu bu sözü eşidir və axşam yeməyində zorla anası ilə payını dəyişir, bu zaman “altı daş, üstü aş”ın nə demək olduğunu öyrənir və nanəcib gəlini evdən qovur.

MOLLALIQDAN ÇIXDIQ, SEYİDLİKDƏN YOX
Bir kənddə əyyaş, dinin qoyduğu qayda-qanuna əməl et­məyən bir molla yaşayırmış. Camaat mollanın əməllərindən xəbər tutduqdan sonra onu məclislərə çağırmır, nəzir-niyaz vermirlər. Bu vəziyyətdən narazı qalan molla kənd kişilə­rinin yığışdığı çayçıya gəlir və üzünü onlara tutub deyir:

– Ay camaat, məni niyə məclislərinizə çağırmırsız? Yaxşı, mollalıqdan çıxdıq, seyidlikdən ki, çıxmamışıq.


İŞLƏDİM, İŞLƏMƏDİM, GÜNÜM BUDUR
Bir kasıb kişi olur, çox çalışmağına baxmayaraq, heç nə artıra bilmir. Bir dəfə məhlədə toy imiş, bunu da toya ça­ğı­rırlar. Kasıbın təzə heç nəyi olmadığından elə nimdaşlarını geyinib toya gedir. Toyda tanış-tunuş deyir:

  • Ay qonşu, iş paltarıynan da toya gələrlər? Bu nədir, geyinmisən?

Kasıb deyir:

– İşlədim, işləmədim, günüm budur,

Yediyim yarma aşı, yarısı sudur.

Geydiyim paltarların təzəsi budur.

Bu cırım, bu cındırım, siz çalın, mən sındırım.
PİŞİK ASQIRDI?
Bu lətifənin personajı iş görməmək üçün müxtəlif bə­hanələr gətirir. Bəhanələr bitsə də, o, yenə də yerindən dur­maq istəmir və bu zaman evdəki pişik asqırır. Təmbəl tez bu fürsətdən istifadə edib deyir:

– Ah, bax, bu pis əlamətdir, pişik asqırdı, dura bilmə­rəm, işim yaxşı gətirməz.

Sonradan işdən-gücdən səbəbsiz yayınanlara bu cüm­lə məsəl yerində işlədilir. “Nə oldu, pişik asqırdı?”
ƏZƏL NƏ İDİ XUDUNUN ANASI...
Bir kəntdə Xudu adlı bir oğlan anası ilə birlikdə yaşayır­mış. Xudunun anası işdən-gücdən anlamayan, tör-töküntü, sə­liqəsiz bir qadın imiş. Vacib bir iş görmək lazım olanda ar­vad bəhanə gətirib deyərmiş:


  • Mən tərpənə bilmirəm, budumun arası bişib.

Bu cavabdan bezən bir qadın onun cavabında deyir:

– Əşi, əzəl nə idi ki, Xudunun anası, indi də bişib bu­dunun arası.


ONU DA MƏN ELƏMİŞƏM,

YOXDAN VAR ELƏMİŞƏM
Çox kasib bir kişinin tənbəl arvadı olur. Bir gün kişi arvada deyir:

– Ay arvad, bir az yun alıb gətirim, sən əyir, corab toxu, mən də aparım satım, heç olmasa, çörək pulumuz çıxar.

Arvad çar-naçar razı olur. Kişi dörd qoyunun yununu alıb evə gətirir. Arvad yunu ora-bura dağıdaraq, zor-güc bir cüt corab toxuyur. Bir gün kişi deyir:


  • Arvad, gətir corabları, aparım satım.

Arvad cəmi cümlətanı bir cüt corabı gətirib ərinə verir. Kişi bərk hirslənib qadına deyir:

  • Bu nədir? Mən dörd qoyunun yununu almışam, sən bir cüt corab toxumusan?

Arvad deyir:

– A kişi, sən nə danışırsan? Dörd qoyundan bir cüt corab, onu da mən eləmişəm, yoxdan var eləmişəm.


KARIN KÖNLÜNDƏKİ
Bir kişi taxıl biçirmiş. Bu zaman bir gənc kişiyə yaxın­laşır və nə isə soruşur. Kəndli ağır eşidirmiş. Elə bilir ki, gənc ona kömək etməyi təklif edir. Odur ki, sağ ol, var ol de­­yə təşəkkür eləyir. Axşam evə dönəndə hadisəni arvada ba­şa düşdüyü kimi izah eləyib deyir:

– Ay arvad, bu dünya heç xali deyil. Yaxşı insanlar var. Bu gün bir cavan mənə kömək elməyə gəlmişdi.

Arvad da bir az qulaxdan ağır imiş. Elə bilir ki, əri ona donluq parça almaq istəyir. Odur ki, təşəkkür eləyib deyir:

– A kişi, ta mənim rəng seçən vaxtım deyil. Nə alırsan, al, qəbulumdu.

Və tez evə qaçır, qızına deyir:


  • A qızım, dədən mənə donluq alacax. Bilmir nə rəng alsın.

Qız da ağır eşidirmiş. Elə bilir ki, kimsə ona elçi düşüb. Odur ki, tez deyir:

– Ana, atam məni kimə məsləhət görsə, ona da gedə­cəyəm. Heç fikir-zad eləməsin.

Qız da qaçıb sevincini nənəsi ilə bölüşmək istəyir. Əh­valatı nənəsinə danışır. Nənənin də qulağı ağır eşidirmiş. Odur ki, nəvəsinin nə dediyinin fərqinə varmadan deyir:

– A bala, nə bişirirsiniz, bişirin. Ancaq yumşaq olsun ki, dişim tutsun.



GÜCÜNƏ GÜVƏNƏNİN AQİBƏTİ
Bizim kəndimizdə bir dəyirman var idi. Bütün kəndin dəni bu dəyirmanda üyüdüldüyündən həmişə dəyirmanda böyük növbə olurdu. Buna baxmayaraq, qonşunun qolu zor­lu oğlu nə zaman getsə, tezliklə dənini üyüdüb evə dönürdü. Bu işə təəccüb qalan atası bir gün oğlundan soruşur.

  • A bala, dəyirmanda elə böyük növbə ola-ola sən necə olur ki, belə tez dəni üyüdüb gələ bilirsən?

Oğul deyir:

  • Ata, mən dəyirmana çatan kimi ona bir şapalaq, buna bir qapaz vurub irəli çəkilirəm. Odur ki, taxılımızı tez üyü­düb geri dönürəm.

Atası deyir:

  • A bala, bir gün səndən qoluzorlusu çıxar, sənin aşıvın suyunu verər. Camaatla belə nanəcib rəftar eləmə.

Aradan bir müddət keçir, oğlan yenə dəyirmana buğda aparır. Adəti üzrə ona-buna qapaz çəkə-çəkə irəli keçmək is­təyir. Bu hərəkətdən hiddətlənən başqa bir cavan oğlan işə mü­daxilə edir. İş o yerə çatır ki, əlbəyaxa olurlar. Növbədə irə­li düşmək istəyən oğlan möhkəm döyülür. Yerdən qalxıb evinə gedə bilmir. Bir həftə dəyirmanın bir küncündə yıxılıb qalır. Evdə ata-anası oğlandan ötrü bərk niyaran qalır. Nə­ha­yət, bir gün oğlan gəlib evə çıxır. Ata oğlunu qarşılayıb deyir:

  • Ay oğul, harada qaldın, niyə belə yubandın?

Oğul cavab verir:

  • Ata, o sən deyən adam vardı ha. O gəlib çıxdı. Ona görə də yubandım.



DƏYİRMANÇI
Bir dəfə də dəyirmanda böyük bir növbə olur. Növbəyə duranlardan biri dəyirmançını haqsızlıqda, növbəyə riayət etməməkdə günahlandırır. Və ucadan gileylənməyə başlayır. Dəyirmanın uğultusundan qulağı heç nə eşitməyən cüssəli dəyirmançı əlini atıb bir anlığa dəyirmanın daşlarını saxla­yır. Və uca səslə deyir:

– Ə nə deyirsən?

Dəyirmanın qeyri-adi gücün görən gənc səsini içinə salır və gülümsəyərək deyir:

– Əşşi heş zad. Deyirəm ki, Allah sənin atava rəhmət elə­sin! Olmasaydın, dava-dalaş düşəcəkdi.


ÇƏPGÖZ KİŞİ VƏ ARVADI
Bir çəpgöz tacir olur. Bunun qazancı bol olduğundan hər gün evinə əli dolu gəlirmiş. Bir gün necə olursa, dükanda alver olmur və axşam kişi evinə əliboş qayıdır. Arvadı adət etdiyi kimi ərini qarşılayır və əllərini boş görüncə kişinin üzünə baxır və təəccüblə deyir:

– Buy, ay kişi, sənin gözün çəp imiş ki.

Kişi deyir:

– Bəs bunca illər sən hara baxırdın ki, mənim çəpgöz olduğumu görməmisən? Arvad deyir:

– Həmişə əli dolu gəldiyindən əllərivə baxmışam. Odur ki, çəpgözlüyünü görməmişəm.

TAT VƏ ARVADI
Bir tatın arvadı qışın ortasında bərk xəstələnir. Qızdırma içində yanır. Tat gəlir oturur arvadının yanında və ona deyir:


  • Ay can, qanburu xurda ney? Yəni sulu gavalı olsa, yeyərsənmi?

Son gücünü toplayan arvad başını qaldırır və deyir:

  • Hanı?

Kişi deyir:

– Ay can, “olsa” deyirəm də.


PEYĞƏMBƏRİN MƏSLƏHƏTİ
Bir qoca qarı olur. Bu arvad ömrünü sürüb, gününü gö­rüb evlad və nəvəni ərsəyə gətirdikdən sonra bərk xəstələnir. Öləcəyini güman edib oğluna deyir:

  • Oğul, mən ta ölürəm, ancaq səndən bir istəyim var.

Oğlu deyir:

  • Ana, dərdini denən, nə olsa, cannan-başnan hazıram.

Qarı deyir:

– İstəyirəm o müqəddəs yerlərdə öləm. Elə orda da dəfn edəsən məni. Oğul çarəsiz qalıb anasının istəyini yerinə ye­tirmək qərarına gəlir. Anasını da götürüb atlanır və yola dü­şür. Uzaq yolda at dözməyib ölür. Oğul anasını dalına alıb yol getməyə başlayır. Xeylax yol getdikdən sonra qarşıla­rın­da bir nurani kişi peyda olur və oğlandan soruşur:



  • A bala, bu qoca qarını hara aparırsan belə?

Oğlan deyir:

  • Bu mənim anamdır, ancaq bərk xəstədir, onu aparı­ram müqəddəs yerlərdən birinə. Öləndə də elə oradaca bas­dıram.

Kişi bir arvada baxır, bir oğlana baxır və deyir:

  • A bala, bunun ölməyinə hələ çox var, özünün də eelə bir xəstəliyi zadı yoxdur. Apar bu arvadı ərə ver.

Oğlan istəyir qoca kişiyə cavab qaytarsın, ana arxadan oğlanın ağzına bir şillə vurur və deyir:

– Əə, axmağ oğlu axmağ. Sən peyğəmbərdən çox bilə­cəksən? Deyir ver, ver da bə.


ŞAH VƏ ÜÇ AVARA
Bir vilayətdə üç kişi yaşayırmış. Bunların çox qəribə adətləri var imiş. Biri keçəl imiş, papağını başında o tərəf-bu tərəfə sürüşdürərək başını qaşıyar, ikincisi burnu daim axdı­ğından gah sağ, gah da sol əli ilə burnunu tez-tez silərmiş, üçüncüsü isə oturaraq ayaqlarını bir-bir gah irəli, gah da geri hərəkət etdirərmiş.

Br gün padşah əmr edir ki, bu üç avaranı tutun və adətlərini icra etməsinə mane olun və öz adamlarından birini bu üç nəfərə nəzarətçi qoyur.

Bu üç nəfər az oturur, çox oturur, adətlərini icra edə bil­mədiklərindən bağırları çatlayırmış. Axırda hiyləyə əl atırlar.

Birinci deyir:

– Mənim atamın bir dəyirmanı var idi, axşama qədər be­lə­dən-belə işləyirdi, elədən-elə deyərək papağı ilə başını qa­şıyır.

İkinci deyir:

– Mənim də atamın bir qayığı var idi, çay yuxarı gedir­di, çay aşağı gəlirdi – deyərək burnunu qolları ilə silib rahatladı.

Üçüncü görür ki, hər iki dostu adətlərini icra etdilər, odur ki, tez ayaqlarını irəli-geri çəkərək deyir:

– Yalançının atasına lənət, yalançının atasına lənət.

QARI NƏNƏNİN İSTƏYİ
Ucqar dağ kəndlərindən birində tənha bir qarı yaşayır­mış. Kəndə zaman-zaman xırda-xuruş – güzgü, şüşə, mun­cuq və s. satan alverçilər gələr, kənd camaatı da bir-iki gün­lüyə onları evində qonaq saxlayar, alınmalısını alar və ya hər hansı bir məhsulla dəyişərmişlər. Bir gün yenə belə xırdavat­çılardan biri kəndə gəlir. Kənddə ələnib-dolanır, axşama yaxın tənha qarının həyətinə gəlir. Qarı heç nə almır, ancaq alverçini evində qonaq saxlamalı olur. Axşam qarı süfrə açır, pendirdən, qatıqdan, çörəkdən nəyi varsa, süfrəyə qoyur. Qonaq yeyib-içdikdən sonra qarıya deyir:


  • Ay nənə, bəs mən indi sənə borclu qaldım axı. Bir belə malın içində sənin heç xoşuva gələn, ehtiyacın olan bir şey yoxdur?

Qarı deyir:

  • A bala, mənim ehtiyacım olan şey səndə yoxdur.

Kişi soruşur:

  • O nədi elə?

Qarı deyir:

  • Demiyəsən, cəhrəmin qulaqcığı xarab olub, qalmışam avara.

Kişi deyir:

  • Bu qulaqcıq kiçik bir dəri parçasıdır. Mən ondan alıb sənə gətirərəm. Ancaq de görüm, bu hamıya lazım olan şey­dir? Alıb gətirsəm, ziyana düşmərəm ki?

Qarı deyir:

– Vallah, mənə çox lazımdır, bu kənddə hamı xəlçə to­xuyur, yəqin onlara da lazım olar.

Səhər xırdavat satan çıxıb gedir. Evdə bir inəyi var imiş onu kəsir, dərisini duzlayır, qurudur. Hazır olanda xeylək qu­laqcıq düzəldir və qarı yaşayan kəndə gəlir. Qarı onu gö­rüb çox sevinir. Tez qulaqcıqlardan birini alıb cəhrəsinə ta­xır. Oturur işinin üstünə. Bu arada kişi də qulaqcıqları dalına alıb bütün kəndi dolaşır, lakin heç kim bir dənə də olsun, almır. Kişi dilxor vəziyyətdə bir də qarının evinə qayıdır və deryir:


  • Ay nənə, bəs deyirdin bu hamıya lazımdır, ancaq heç kim bunu almadı axı.

Qarı əhvalını pozmadan deyir:

– A bala, mənə lazım olanı mən aldım, onlara da lazım olanda alacaqlar.

Tələb və təklifi öyrənmədən alver edib mayasını batı­ran­lara deyirlər ki, bu lap qarının qulaqcıq məsəlinə döndü.
DAŞ DİNSƏ, SƏN DƏ DİN
Keçmişdə bir ana qızını gəlin köçürürmüş. Qızın babası, atası, nənəsi ona xeyir-dua verirlər. Ana isə yerdən bir ovuc çınqıl götürüb qızının cibinə tökür və deyir:

– Qızım, bu daş dinsə, sən də dinərsən. Ana bu hə­rəkətilə demək istəyir ki, dikbaş olma, cavab qaytarma! Qız isə bunu hərfi mənada başa düşür. Ər evində səliqə-səhmanı, alicənablığı ilə hamının hörmət və rəğbətini qazansa da, heç kəslə bircə kəlmə də danışmır. Vaxt ötür, qızın əri bezir. Elə başa düşür ki, qız laladır. Odur ki, anasına deyir:

– Ay ana, mən bu lal qızdan lap bezmişəm, gəl, bunu də­dəsi evinə göndərək. Ayrıca bir gözəl qız da gözaltı elə­mişəm.

Qız baxır ki, cibindəki daşlar yenə dinmədi, belə getsə, əri onu boşayacaq. Odur ki, danışmaq qərarına gəlir. Deyir:



  • Mənim bu evdən ölüm çıxacaq. Mən heç bir yerə getməyəcəyəm.

Qızın danışdığını görən oğlan sevinir.

  • Ay qız, bəs sən lal deyilsən? İndiyənə qədər niyə susurdun?

Qız cibindəki daşları çıxarıb yerə atır.

– Neyləyim, gözləyirdim bu daşlar dinsin. Çünki anam belə məsləhət görmüşdü.

Oğlan vəziyyəti belə görüb fikrindən dönür. Bu yerdə deyirlər ki, daşdan səs çıxdı, filənkəsdən səs çıxmadı.
GƏLƏ BİLMƏZ
Deyirlər, bir kürd olur. Onun da Gülü adlı bir arvadı var imiş. Kürdün dili “şirin Olduğundan Gülüyə Dülü deyirmiş. Kürdün qonşuları hər gün meşəyə odun yığmağa gedər, gə­tirib satar və dolanarmışlar. Bir gün Gülü ərini bərk danlayır və deyir:


  • Nə vaxta kimi işləmədən böyrü üstə yatacaqsan, mən də onun bunun qapısında işləyib sənə çörək gətirə­cə­yəm? Sən niyə qonşu kişilərlə oduna getmirsən?

Kürd baxır ki, arvad bərk hirslənib odur ki, gedib qon­şulara deyir:

– Səhər oduna gedəndə məni də çağırın. Səhər tezdən qonşular gəlib kürdün qapısını döyürlər. Canını tənbəllik almış kürd yerindən durmaq istəmir. Odur ki, arvadına deyir:



  • Dülü, qurban olum, get denən sancılanıb dələ bilməz.

Bu məqamda deyirlər ki, axşamdan oduna gedən çox olar.

İKİ DOST
Bir kişi var imiş, bunun da bir arvadı olur. Arvad çox tən­bəl, iş-gücü yarıtmayan, ər qulluğunda durmayan, ax­şa­ma­can qonum-qonşu gəzənin biri imiş. Ər arvadın əməl­lərindən nə qədər bezsə də, heç nə edə bilmir, içində qırıla-qırıla qalırmış. Bir gün bu kişi bir dostunun evinə qonaq ge­dir. Hələ darvazanın qapısı açılan kimi dostunun arvadı ev­dən bayıra çıxır, bir əlində mərhəba, bir əlində aftafa gülər üzlə ərini qarşılayır. Bunlar əl-üzlərini yuduqdan sonra arvad süfrə açır. Evdə olandan süfrəyə düzür. Qulluq göstərir. Arvad bu cür can-dildən ərinə qulluq etməsi birincini çox təəccübləndirir və başna gələni dostuna danışır. Dostu çox narahat olur və deyir ki, sən onunla birinci gündən sərt rəftar etməyibsən, artıq çox gecikmisən. Ancaq mənim sənə bir mə­sləhətim var. Razı olsan, güman edirəm ki, qadın səhv­lərini düzəldər. Bu sözü eşidən dostu sevncək deyir:

– Qardaş, qurban olum, sözüvü de. Nə desən, razıyam. Təki qadının rəftarı dəyişsin.

Dostu deyir ki, gəl, şərti olaraq hər ikimiz arvadımızı bo­şayaq. Sən mənim, mən də sənin arvadınla evlənim. An­caq bu bir ayda qadınlara bacı-qardaş münasibəti göstərəcə­yik.

Razılaşırlar və qadınları dəyişib evlənirlər. Arvadı tən­bəl olan çox maraqla dostunu izləyir. Dostu bunun evinə gedir. Darvazada kişi görür ki, tənbəl arvad heç qapıya da çıxmadı. Bunu görən dostu çiynindəki tüfəngi alıb həyətdəki pişiyi vurur. Güllə səsinə arvad pəncərədən bayıra baxır, ancaq yenə çıxmır. Kişi evə yaxınlaşır. Baxır ki, arvad yenə bayıra çıxmadı. Tüfəngini doldurub qapıda yatan iti də vu­rur. Arvad pəncərədən itin də vurulduğunu görüb tez eşiyə çıxır. Kişinin əlindən tüfəngini alır, afatafada su, qolunda dəsmal gətirir. Qaçaraq süfrə salır, yemək-içmək hazırlayır. Bu gündən etibarən hər gün belə davam eliyir. Kənardan bu mənzərəni seyr edən ər fikirləşir ki, daha hər şey düzəlib. Arvadını qaytarmaq istəyir. Dostuna fikrini deyir. Yenidən qadınları dəyişirlər. Hər kəs öz arvadının yanına qayıdır. Tənbəl arvad ərinin darvazadan girməyini görüncə yenidən saymazlıq edir, qapıya çıxmır. Əri tüfəngini çiyninə alıb həyətdəki pişiyi vurur, arvad bunu görüb həyətə çıxır. Gözünü yumub ağzını açır. Əlinə keçəni kişiyə atıb deyir:

– Boyuvu yerə soxum, ə, pişiyi niyə vurursan? Mən sənin cikivə də bələdəm, böküvə də.

Daldan atılan daş topuğa dəyər. Belə yerdə deyirlər ki, küçüyü dəməkdə, gəlini gərdəkdə, uşağı da bələkdə tərbiyə etmək lazımdır.




PİŞİYİ CIRMIŞAM

İki bacı olur, bunların yetkinlik yaşları çatanda ata-ana­ları onları ərə verir. Qızların kiçiyi getdiyi evdə hökmü-rə­van, bir deiyi iki olmayan, hamı tərəfindən sayılan olsa da, böyük bacı çox mağmın, başı qapazlı ər evində sözü keç­məyən bir gəlin olur. Bir gün böyük bacı kiçik bacıya qonaq gəlir. Bacının evdəki xanımlığı onu heyrətə salır. Aranı gir­vələyib bacısından soruşur:

– Ay qız, sən necə eləmisən ki, belə gözə girmisən? Bir sözüvü iki eliyən yoxdur. Mənə də öyrət.

Kiçik bacı deyir ki, daha gecdir, sən bunu bacarmarsan.

Mən gəlin gələn günü axşam, oturmuşduq süfrə baçında çörək yeyirdik. Bu zaman evin pişiyi gəlib o tərəf bu tərəfə keçərək miyoldamağa başladı. Lap zəhləmi tökdü. Mən də əl atıb pişiyi tutdum. İki qabaq qollarından yapışıb onu iki yerə böldüm və tulladım. Elə həmin gündən də ev əhli itaətimdə durub. Bir dediyimi iki eləmirlər. Böyük bacı evinə dönür. Axşam süfrə salır, ortaya yemək-içmək gəlir. Evin pişiyi hər günkü qaydada gəlir başlayır miyoldamağa. Böyük bacı kiçik bacısının əhvalatını xatırlayıb əl atır ki, pişiyi tutsun. Pişik qızın əlini cırmaqlayır. Ev əhli hərə bir tərəfdən qızın üstünə düşür ki, bəs neyləyirsən, pişiyi niyə tutursan? Qız qayıdıb deyir ki, istəyirəm pişiyi cıram, mənim də xətrim-hörmətim olsun. Onun bu sözündən sonra əri onu o ki var döyür və daha da gözdən düşür. Və bacısının dediklərini xa­tırlayır. Düşünür ki, doğurdan da pişiyi vaxtında cırmaq lazımdır, sonra gec olar.


SÖZÜ BİR CAR DANIŞARLAR
Belə rəvayət edirlər ki, bir ana və bir oğlu olur. Bir gün ana oğluna təklif edir ki, onu alsın. Bu məsələ üzündən mübahisələri düşür. Ana görür ki, oğlunu heç cür yumşalda bilməyəcək ona görə belə bir fəndə əl atır. Gedib hindən bir toyuq tutub gətirir. Toyuğu diri-diri tüklərini yolub lümə eləyir. Və oğluna verib deyir ki, apar bunu bazarda sat. Oğlu toyuğu götürüb bazara yollanır. Bazar əhli bu toyuğu görüb çaxnaşmaya düşür. Hərə bir söz deyir, loğaz qoşur. Gülən, əylənən saysız-hesabsız adam yığışır, lakin heç kəs toyuğu almır. Axşam tərəfi oğlan toyuğu da qoltuğuna vurub evə qayıdır. Toyuğun satılmadığını görən ana deyir:

  • Nə oldu, satılmadı?

Oğlu deyir:

  • Yox, bütün bazar əhli gəlib baxdı, hərə bir söz dedi, lakin heç kəs almaq istəmədi.

Ana deyir:

– Eyib etməz! Sən onu sabah da bazara apar. Bəlkə sabah alan tapıldı. Axşamı yatırlar, səhəri oğlan yenə də to­yuğu bazara aparır. Bu gün dünənkinin yarısı qədər adam yığışır. Toyuğa baxırlar, onu satan oğlana cürbəcür sözlər deyib gedirlər. Yenə də toyuğu alan tapılmır. Oğlan axşam yenə də kor-peşman evə dönür, əhvalatı anasına danışır. Ana yenə fikrindən dönmür. Deyir:

– Eybi yox, sabah da toyuğu bazara apar.

Səhər oğlan söylənə-söylənə toyuğu da götürüb bazara gəlir. Səhərdən axşama qədər bir nəfər də olsun, toyuğa tərəf gələn olmur. Heç kəs daha bu lümə toyuqla maraqlanmır. Oğlan anasının məqsədindən xəbərsiz günü yola verib axşam evə dönür. Ana oğlunu qarşılayıb soruşur:



  • Hə nə oldu?

Oğlan toyuğu irəli tutub anasına deyir:

– Bu gün buna heç baxmaq da istəmədilər. Hamı to­yuq­dan yan ötdü. Daha nə desən də onu bazara aparmaram.

Ana toyuğu alır, kəsdirib yemək hazırlayır.

Oğluna deyir:

– Mən bilirdim ki, bu toyuğu heç kəs almayacaq, ancaq mən sənə toyuğun timsalında başqa bir şeyi sübut etmək istədim. Hər bir qeyri-adi söz-söhbət, hadisə bir-iki gün danışılar, növbəti hadisə özündən əvvəlkini unutdurar, ma­raqsızlaşdırar. Odur ki, deyərlər ki, sözü bir car danışarlar.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin