AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda


Novruz falları ilə bağlı inanclar



Yüklə 0,72 Mb.
səhifə8/9
tarix23.02.2017
ölçüsü0,72 Mb.
#9442
1   2   3   4   5   6   7   8   9

3.3. Novruz falları ilə bağlı inanclar. Novruz bayramı ilə bağlı inancların ən canlı şəkildə qorunduğu, yaşadığı sahə Novruz fallarıdır. Ümumiyyətlə, falları inanclardan kənarda təsəvvür etmək mümkün deyildir. Çünki fallar birbaşa inamlar dünyası ilə bağlıdır. Falda hər bir elementin inanclarla təsdiq olunan mənası var. B.Abdulla yazır ki, geniş mənalı xalq yaradıcılığı növü sayılan fal ilkin təfəkkür çağının, sözün gücünə, təsiredici qüdrətinə inamın mövcud olduğu çağların məhsuludur. Fal qabaqcadan tutulmuş niyyətin müəyyən ayinin icrası ilə həyata keçib-keçməməsinə inam aktıdır (2, 63). A.Xürrəmqızı da göstərir ki, fallar (mantika) təbiət hadisələrindən baş aça bilməyən və bu hadisələr qarşısında aciz qalan ibtidai insanların gələcəyi öncədən bilmək istəyi ilə yaradılmışdır (66, 50).

Fallar öz mənşəyi etibarilə ibtidai icma quruluşu dövrünə, ibtidai insanın düşüncəsində mifik inancların hakim olduği zamana gedib çıxır. L.Y.Şternberq fallara inamın köklərinin insanın əqli inkişafının aşağı pilləsinin xüsusiyyətləri ilə bağlı olduğunu göstərmişdir (150, 220). S.A.Tokarev mantikanın – falabaxmanın əsas əlaməti kimi fövqəladə olana inam hissini qeyd etmişdir (144, 416). Fərəh Cəlil də yazır ki, öncədən xəbər vermə, kəhanət (fal, mantika – S.Q.) anlayışı da magiya qədər qədimdir. İbtidai insanın təbiət qüvvələri ilə, mistik aləmlə əlaqəyə girməsi, olacaqları öncədən xəbər vermək qabiliyyəti, demək olar ki, hər bir qədim xalqın mədəniyyətində rastlanılmaqdadır. Fal qədim türkcədə, əsasən, “ırk” kəlməsi ilə ifadə olunurdu (45, 49).

Fallar nə ilə fala baxılmasından asılı olaraq müxtəlif olur. Y.V.Çəmənzəminli yazır ki, alimlər falaçma adətini ikiyə ayırırlar: biri sırf falaçma (kleromantiya), ikincisi su ilə falabaxma (hidromantiya) (46, 74). M.Təhmasib də falları göz falı və qulaq falı adları altında iki qrupa ayırmışdır (112, 11). A.Nəbiyev isə falları beş yerə bölmüşdür: inamlarla bağlı falabaxma, su ilə falabaxma, ulduzlarla falabaxma, noxudla falabaxma, şəkil və kitabla falabaxma (83, 72).

Novruz falları əsasən axır çərşənbə ilə bağlıdır. Axır çərşənbə falları sayca çoxdur. Biz onların bir hissəsindən, məsələn, alma, heyva və s. ilə bağlı fallardan əvvəl gələn hissələrdə yeri gəldikcə bəhs etdik. Digər tərəfdən, bizim məqsədimiz Novruz fallarını təsvir etmək yox, onlarla bağlı inancları araşdırmaqdır. Buna görə də əsas fallara toxunacağıq.



Qulaq falı, qapıpusma, qulaqpusma adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. Məsələn, Qaraqoyunlu bölgəsindən toplanmış mətndə deyilir ki, ilin axır çərşənbəsində ürəyində niyyət hava qaralandan sonra xəlvətcə gedərsən qonum-qonşunun qapısına. Qapı dalında durub, ayağının altına açar atıb, içəriyə qulaq asırsan. Eşitdiyin ilk kəlmə niyyətinin yerinə yetib-yetmədiyinə nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək, niyyətin baş tutacaq. Əgər içəridən pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə eşidərsənsə, onda istəyinə çatmaq çətin olacaq (18, 9-10).

Bu inanc mətnində Novruz bayramının mahiyyəti ilə bağlı bir çox mənalar gizlənmişdir:

Birincisi, qulaq falına yalnız ilin axır çərşənbə gecəsi getmək olar. Bunun mənası odur ki, bu gecə il təhvil olur; obaşdana yaxın sular bir anlığa dayanır, ağaclar başın yerə qoyur, atlar kişnəyir və s. Həmin an niyyət məqamıdır. Ürəyindən keçən niyyət hasil ola bilər. Eyni zamanda bu gecə niyyətlərin baş tutub-tutmayacağının bilindiyi gecədir.

İkincisi, burada əsas məna ilk sözlə bağlıdır. Qulaq falında insan çox söz eşidə bilər. Lakin eşitdiyin ilk söz əsasdır. Yəni necə ki, axır çərşənbə gecəsinin səhəri günü sübh tezdən çaydan, bulaqdan gətirilən su təzə ilin ilk suyu kimi magik təsirə malikdir, qulaq falında da ilk söz magik təsir gücünə malikdir. Ondan sonra eşidilən sözlər adi sözlər, adi danışıqlardır və fal baxımından heç bir əhəmiyyət kəsb etmir.

Axır çərşənbənin məşhur fallarından biri üzüksalma adlanır. “Bundan irəli ilaxır çərşənbədə ərgən qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü atardı həmin qabın içinə. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki:

– Bax, indi biz novatnan (növbə ilə) bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatan təki, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik kiminkidi.

Oğlan uşağı işin qaydasını öyrənib bir qıraqda durardı. Qızlar başlayardılar novatnan bayatı çağırmağa. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yovux (yaxın) bir axarda yozulardı (90, 190).

Bu falabaxma, əslində vəsfi-hal mərasimidir. A.Xürrəmqızı yazır ki, “vəsfi-hal” su ilə keçirilən mantik aktlardandır, yəni hidromantiya nümunəsidir (66, 53). Y.V.Çəmənzəminli göstərir ki, xalqımız arasında Novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal salmaq kimi bir adət vardı. Qadın və qızlar toplanaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar (46, 74).

“Vəsfi-hal” mərasimi mahiyyəti etibarlə su ilə falabaxmadır. Burada su kultu ilə bağlılıq var. Bu mərasimdə ərgən qızlar öz bəxt-talelərini öyrənirlər. Onlara bu xəbəri, əlaməti su verir. Bu da suyun kultlaşdırılması nəticəsində mümkün olmuşdur. Bu su isə, bildiyimiz kimi, adi su yox, çərşənbə suyudur.

Axır çərçənbənin ən məşhur fallarından biri də güzgü ilə falabaxmadır. Məsələn, Naxçıvan və Dərələyəz bölgələrində ilaxır çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, “sevdiyi oğlana gedər” deyərlər (12, 54; 26, 77).

Burada iki əsas element var: güzgü və ay. Güzgü, məlumdur ki, ruhlar aləmi ilə bağlıdır. Bu halda oğlanın şəklinin güzgüdə görünməsi onun ruhunun görünməsi deməkdir. Ay obrazına gəlincə onun oğlan obrazı ilə bağlılığı diqqəti çəkir.

B.B.İvanov göstərir ki, ay mifləri bütün dünya xalqları arasında yayılmış miflərdir. Bu miflərin baş qəhrəmanlarından biri günəşlə bu və ya digər münasibətdə olan aydır (137, 78). Belə miflər Azərbaycan xalqı arasında da ta qədimdən yayılmışdır. N.Qurbanov yazır ki, Azərbaycan əfsanə mətnlərinin içərisində səma cisimləri ilə bağlı kosmoqonik təsəvvürləri əks etdirən əfsanələrin xeyli hissəsini Ay və Günəşlə bağlı olan əfsanələr təşkil edir. Bu əfsanələr kosmoqonik əfsanələr içərisində öz qədimliyi ilə seçilməkdədir. Çünki burada antropomorflaşdırma kimi mifdən gəlmə təsəvvür mövcuddur: Ay və Günəş insan kimi təsəvvür olunur, danışır, gülür, oynayır və s. Bu əfsanələr göstərir ki, Ay və Günəş əski mifoloji təsəvvürlərə görə insan olmuşlar və onlar sonradan bu və ya digər səbəbdən göyə çıxmış və orada qalmışlar. Əfsanələrdə Ay və Günəş ana-qız, bacı-qardaş, nişanlılar və s. kimi təsəvvür olunur (81, 69).

Göründüyü kimi, falabaxmada Ayın şəklinin güzgüyə düşməsi təsadüfi deyil. Burada oğlan-qız münasibətləri var. Falabaxmada Günəş fala baxdıran qızın, Ay isə onun sevdiyi oğlanın rəmzidir. Şəkidən toplanmış mətndə də eyni sevgi-bəxt mövzusundan bəhs olunur: Novruz gecəsi yeyib-içəndən sonra qaranlıq bir otaqda başına qara kələğayı örtüb əlində tutduğun güzgüyə baxsan, sənə könül verəni orda görərsən (15, 52).

Yumurta ilə falabaxma da çox geniş yayılmış Novruz mərasimlərindəndir. Bu, çox maraqlı faldır. Şəki bölgəsindən toplanmış iki yumurta falı mətninə diqqət edək:

Novruz axşamı murdarlanmamış arx kənarına bir yumurta, iki rəngli qələm (qara və qırmızı), yaxud karandaş qoyurlar. Bunu edən qızdırsa, ürəyində arzu tutur ki, görəsən, bəxtinə necə oğlan düşəcək. Başqasıdırsa, hər hansı bir iş üçün niyyət edir. Məsələn, gəlin ərinin səfərdən tez qayıtmasını, ana oğlunun davadan sağ-salamat çıxmasını, hal-hazırda imtahanda uğur qazanmağı və s. Səhər gedib arxın kənarına qoyulan yumurtaya baxırlar: yumurtanın tən ortasından qırmızı xətt çəkilibsə, niyyətlərinin baş tutacağına inanarlar. Əksinə, qara xətt çəkilibsə, saçlarını yolarlar. O gündən üzləri gülməz (15, 52).

Burada iki əsas element var: biri yumurta, o biri isə su. Falabaxma axır çərşənbədə icra olunur. Bu vaxt taleyi, bəxti, niyyəti bilmək, sınamaq olar. Xəbər verən sudur. Yumurta həyat, doğuluş rəmzidir. İndiki halda xəbərin, taleyin doğuluşunu simvollaşdırır.

İlin axır çərşənbə axşamında bir yumurta götürüb sönmüş təndirin, yaxud ocağın içərisinə qoyarlar. Bir tərəfinə qara, bir tərəfinə də qırmızı karandaş atıb üstünü küllə örtürlər. Bayram günü dan yeri söküləndə gedib yumurtaya baxırlar. Əgər üstünə qara xətt çəkilibsə, qoyan adamın taleyinin dönüklüyündən, qırmızı xətt çəkilibsə, xoşbəxtliyindən xəbər verir (15, 52).

Burada iki əsas simvol var: mənasını dediyimiz yumurta və kül. Kül burada torpaq ünsürünü bildirir. Torpaq canlıdır, kultdur və taledən xəbər verir.

Qeyd edək ki, yumurta falı da çox geniş yayılmışdır və bu falla bağlı Qarabağ, Qaraqoyunlu, Gəncəbasar, Zəngəzur, Borçalı, Quba-Şabran, Naxçıvan bölgələrinə məxsus inanclar toplanılaraq nəşr edilmişdir (16, 38, 182; 18, 17; 20, 19; 23, 101; 29, 66; 42, 25; 80, 14; 33, 17; 34, 77).

Ümumiyyətlə, Novruz falları say və məzmunca zəngindir. Məsələn, kuzə falı, açar falı, qıfıl falı, alma falı, başmaq (ayaqqabı) falı, cıdır falı, iynə falı, qovurğa falı, qovut falı, şam falı, ulduz falı və s.

Bu fallar məzmunca maraqlı olmaqla yanaşı, bir sıra hallarda çox açıq şəkildə əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirir. Məsələn, kuzə falı, iynə falı su kultu, qıfıl falı, şam falı od kultu, alma falı, qovurğa falı, qovut falı bitki kultu ilə bağlıdır. Şübhəsiz ki, digər falların da kultlarla bu və ya digər dərəcədə bağlılığı var. Onlarla bağlı ayrıca tədqiqat aparılsa, hansı kulta bağlılığını aşkar etmək mümkündür.

Bütün bunlar göstərir ki, fallar qədim mifik görüşləri özündə əks etdirir. Fallar içərisində Novruz fallarının say və məzmun baxımından öz yeri var. Onlar xalqımızın qədim dünyagörüşünü özündə yaşatmaqla mədəniyyət, folklor tariximiz baxımından çox böyük əhəmiyyətə malikdir.

N Ə T İ C Ə
Tədqiqat, ilk növbədə, “Azərbaycanda Novruz ənənələri və inancları” mövzusunu Azərbaycan folklorşünaslığının aktual elmi istiqaməti kimi təsdiqləmişdir.

Novruz bayram iştirakçıların hamısının qabaqcadan bildiyi müəyyən hərəkətlərin və sözlərin icrasından ibarət mərasimdir. O, mövsüm mərasimidir; hər vaxt keçirilməz, onun öz vaxtı var, mart ayında, qışın yaza keçid vaxtında icra olunur. Novruz bir mərasim növü kimi, yəni dar mənada, bayramdır, ildəyişmə bayramıdır. Novruza aid olan nə varsa – hamısı mərasimi ənənələrdir.

Novruz mənəvi mədəniyyət abidəsi kimi milli mədəniyyət tariximizdəki bütün başqa abidələrdə öz əlamətdar xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, Novruz bayramı həm yaşına, həm də yaşama gücünə görə, bəlkə də, ən birinci sırada duran mədəniyyət abidəsidir. Onun tarixi, mənşəyi həddindən artıq qədimdir. Dünya tarixinin bir-birinə zidd ideologiyaları olan epoxaları biri digərini əvəz etdikcə Novruz bayramı nəinki aradan qalxmış, əksinə, öz varlığını daha böyük coşqu ilə sürdürmüş, müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan ideologiyalarla döyüşlərdən qalib çıxmışdır.

Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olmuşdur. Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmamış, dövlət səviyyəsində qeyd olunmuş, xalqımızın həyatını bütöv şəkildə əhatə etmişdir. Varlılar da, kasıblar da Novruzu qeyd etmiş, xalqın bütün təbəqələri Novruz bayramında bir araya gəlmiş, bayramı birgə qeyd etmiş, bayram sevinci ümummilli dəyər halına gəlmişdir. Bu da öz növbəsində xalqımızı birləşdirmiş, bütövləşdirmiş, dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirmişdir. Novruz bayramı milli dövlətçilik ənənəsində o dərəcədə mühüm yer tutmuşdur ki, orta əsrlərdə Azərbaycanda, İranda olmuş Avropa səyyahlarının xatirələrində – səyahətnamələrində də əks olunmuşdur. Bu bayram XX əsrə qədər Azərbaycanda böyük coşqu ilə qeyd edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Novruz bayramına milli bayram kimi böyük əhəmiyyət vermişdir. Bunu AXC dövründə Novruz bayramının yüksək səviyyədə keçirilməsini təmin edən hüquqi sənəd də sübut edir.

Şimali Azərbaycanın öz müstəqilliyinə qovuşması ilə Novruz bayramı da milli əsarətdən xilas oldu. Əslində, Novruz milli müstəqilliyin bayramına çevrildi və bu işdə görkəmli dövlət xadimi, milli öndər Heydər Əliyevin çox böyük rolu oldu.

Ulu öndər Heydər Əliyevin dövlətçilik kursunu böyük müvəffəqiyyətlə davam etdirən İlham Əliyev də Novruz bayramının milli dövlətçilik ənənələri ilə bağlılığına həmişə böyük əhəmiyyət verməkdədir.

Novruz bayramı insanların təkcə sevindiyi, şadlandığı, yazı – yeni ili qarşıladığı şənlik deyildir. O, minilliklər, əsrlər boyunca xalqımızın milli birliyini, milli bütövlüyünü və milli dövlətçilik düşüncəsini qorumuş, yaşatmışdır. Novruzun Müstəqil Azərbaycanın dövlət quruculuğuna verdiyi töhfələr bunu bir daha sübut etməkdədir. Bu bayram xalqımızın adını, mədəniyyətini bütün dünyada tanıtmaqda və ona böyük şöhrət gətirməkdədir. Novruz bayramının 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi Azərbaycan dövlətinin bütün dünyada böyük uğuru oldu. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük rolu olmuşdur.

Tədqiqatda Novruz mərasim kompleksinin əsas ənənələri belə müəyyənləşdirilmişdir: ilaxır çərşənbələrlə bağlı ənənələr; sosial birlik və paylaşma ənənələri; tamaşa ənənələri; oyun ənənələri; mətbəx ənənələri.

Novruz iri bir mərasim kompleksidir. Bu kompleksə daxil olan mərasimlərin əsas hissəsini Novruz bayramı gününə – Yeni ilin ilk gününə qədərki ilaxır çərşənbə mərasimləri təşkil edir. Bu çərşənbələr təkcə köhnə ilin yola salınması baxımından deyil, həm də elmi mübahisələrə səbəb olması baxımından əlamətdardır. Son onilliklərdə Novruz bayramının xalqımızın həyatında yeri və rolu genişləndikcə, artdıqca ilaxır çərşənbələrlə bağlı mübahisələr də böyüməkdədir. Bu mübahisələrin əsas məzmun və mahiyyəti həmin çərşənbələrin adları ilə bağlıdır. Novruz hazırda dövlət tərəfindən qeyd olunan ümummilli bayrama çevrilmişdir. Bayramın ümummilli səviyyəsi onun milli səviyyələrinin ümumiləşdirilməsini, vahid sistemə salınmasını tələb edir. Bundan irəli gəlməklə televiziya və radiolar Boz ayın bu 4 çərşənbəsini (bəzən müəyyən yerdəyişmələrlə) Su-Od-Yel-Torpaq çərşənbə adları altında ardıcıl olaraq qeyd edirlər. Son dövrlərdə rəsmi adlanmaya (Su, Od, Yel, Torpaq çərşənbələri) etiraz olunur. Etirazın əsas məzmun və mahiyyəti bundan ibarətdir ki, ilaxır çərşənbələrin “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi” adları altında qeyd olunması düzgün deyildir. Bu adlar Şərqdə məşhur olan dörd ünsürün [ab (su)-atəş (od)-xak (torpaq)-bad (yel, külək)] adına uyğun olaraq sonradan süni şəkildə düzəldilmişdir və xalq ilaxır çərşənbələri heç vaxt bu adlarla adlandırmamışdır.

Bununla bağlı tədqiqatda aşağıdakı nəticələrə gəlinmişdir:

a) 4 ilaxır çərşənbənin müxtəlif bölgələrdə fərqli adları vardır. Bu çərşənbələr heç bir bölgədə qədim Şərq 4 ünsür sistemi olan “ab-atəş-xak-bad” sxeminə uyğun olaraq ardıcıl şəkildə “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi” kimi adlandırılmamışdır.

b) 4 ilaxır çərşənbənin el arasındakı adları içərisində qarışıq şəkildə “Su çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Ağac çərşənbəsi” adlarına da rast gəlinir. Bu, Novruz bayramının xalq təsəvvüründəki fəlsəfəsi ilə bağlıdır. Bu fəlsəfənin kökləri birbaşa qədim türk mifologiyası ilə bağlıdır.

c) Novruz bayramının mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dirilmə oyanma şəklində olur. 4 ilaxır çərşənbə yazın, yeni ilin ərəfəsidir. Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və Yeni il başlanır. Bu, Novruzun fəlsəfəsidir və 4 çərşənbənin 4 ünsürlə bağlılığı Novruzun təbiət, dünya, ümumiyyətlə, varlıq aləmi haqqındakı fəlsəfəsini ortaya qoyur.

ç) Azərbaycan Novruz bayramında 4 çərşənbədə 4 ünsürün oyanması ənənəsi qədim türk mifik görüşləri ilə bağlıdır. Qədim türk mifologiyasında dünyanın yaradılışının əsasında 5 ünsür durur: torpaq, ağac, atəş, dəmir, su. Bu təsəvvür zamanla 4 ünsür haqqındakı qədim Şərq görüşlərinə qarışmışdır. Daha sonra 4 ünsür fəlsəfəsi hakim düşüncəyə çevrilsə də, 5 ünsür haqqındakı inanclar xalq düşüncəsində, folklorda, o cümlədən Novruzla bağlı təsəvvürlərdə yaşamaqda davam etmişdir.

Ümumiyyətlə, ilaxır çərşənbənin adət-ənənələri magik xarakter daşıyır. Onların, demək olar ki, hamısında magiya – sehr və ovsunla bağlı ayinlər icra olunur. Bütün bunlar göstərir ki, ilaxır çərşənbələr, o cümlədən bütünlükdə Novruz bir mərasim kompleksi kimi xalqımızın qədim dünyagörüşünü, ilkin mifoloji-magik ənənələrini öyrənməkdən ötrü çox zəngin və əvəzsiz qaynaqdır.

Novruz bayramında insanların həyatının elə bir sahəsi yoxdur ki, Novruz bayram kompleksindən qıraqda qalsın. Cəmiyyətlə bağlı nə varsa – hamısı Novruz ərəfəsində – ilaxır çərşənbədə təmizlənir, paklanır, təzələnir və yeni ilə, yeni ilin ilk gününə – Novruza artıq yenilənmiş (yenidən doğulmuş) vəziyyətdə daxil olur. Bu yenilənmə sosial münasibətlər sahəsində özünü xüsusi göstərir. Novruzda təkcə zaman, həyət-baca, ev-eşik, bağ-bağat təzələnmir, il ərzində insanlar, tayfalar, qonşular , nəsillər və s. sosial qruplar arasında baş vermiş konfliktlər həll edilir. Bunun əsasında inanc durur. İnanca görə, əgər küsülülər barışmasalar, düşmənlik yeni ildə də davam edəcək və o, özü ilə uğursuzluq və bəla gətirəcək. Ona görə də insanlar Novruzda həm özləri barışmağa, həm də başqalarını barışdırmağa çalışırlar. Bu barışma cəmiyyətin daxili özünütənzimləmə, özünüyeniləmə mexanizmidir. Novruzda cəmiyyətin yenilənməsi, sosial tarazlığın əldə edilməsi sosial birlik və paylaşma şəklində baş verir. Bu birlik və paylaşma təkcə diriləri deyil, ölüləri də əhatə edir. Heç kəs, o cümlədən ölənlər qıraqda qalmır.

Novruz bayramı ilə bağlı mərasim ənənələrinin böyük bir qismini tamaşa və oyunlar təşkil edir. Novruz tamaşa və oyunları bəzən bir-birindən fərqləndirmək, hansının tamaşa, hansının isə oyun olduğunu müəyyənləşdirmək çətin olur. Çünki bunlar, əslində, bir-biri ilə sıx bağlı olub, vahid mərasim kompleksinin tərkib hissəsi kimi, eyni ideyanı təcəssüm etdirirlər. Digər tərəfdən, tamaşa da, oyun da qədim dünyanın düşüncəsini, məkan, zaman, insan haqqında dünyagörüşünü özlərində əks etdirir. Lakin Novruz tamaşa və oyunları hər nə qədər bir-birinə bənzəsə də, onları fərqləndirən əlamətlər var: tamaşalarda əsas olan gülüş, oyunlarda əsas olan isə yarışdır. Ancaq Novruz tamaşalarındakı gülüş, nə də yarış, adi gülüş, yaxud adi yarış olmayıb, mərasimi gülüş, mərasimi yarışdır. Bu tamaşa və oyunlardakı gülüş və yarışın xüsusi vəzifəsi, görəcəyi iş var. Bu iş qışın yola salınmasından və yazın qarşılanmasından ibarətdir. Bu işin görülməsində gülüş və yarış əsas vasitələrdir. Onlarsız nə qış getməz, nə də yaz gəlməz. Bunlar qədim azərbaycanlının təbiətə, onu əhatə edə dünyaya magik təsir vasitələridir. Onlarda magiya – sehr, mistika vardır.

Novruz tamaşalarının təhlili onlarda aşağıdakı ümumi cəhətlərin olduğunu göstərir:

a) Novruz tamaşalarını hamısında yeni illə köhnə ilin, yazla qışın mübarizəsi əks olunmuşdur;

b) Tamaşalarda ilin dəyişməsi doğuluş, yaxud ölüb-dirilmə motivlərində əks olunur;

c) Tamaşalarda gülüş, zarafat, kütləvi şənlik magik səciyyə daşıyır. Gülüş yeni ilin, yazın rəmzi kimi aclıq, səfalət, qıtlıq və soyuqla təmsil olunan qışa qarşı qoyulur. Gülüşün magik funksiyası onda ifadə olunur ki, daha çox gülmək, şənlənmək yazın gəlişini sürətləndirmək, onun gəlişinə güc-qüvvə vermək deməkdir.

Novruz oyunlarındakı yarışma da yazla qışın, kosmosla xaosun mübarizəsi ilə bağlıdır. Novruz mərasim kompleksinə daxil olan oyunlar çoxdur. Onlar keçmiş zamanlarda daha çox olub. Müasir dövrdə elektron uşaq oyunlarının meydana çıxması bu oyunların çoxunu unutdurmuşdur. Həmin oyunların hamısı bir ideya xətti ətrafında birləşir: köhnə ilin yola salınması (məğlub edilərək qovulması) və yeni ilin qarşılanması (çağırılması, dəvət olunması). Tamaşalar üçün əsas əlamət gülüş, oyunlar üçün əsas əlamət yarışma (mübarizə) olsa da, oyunlarda da gülüş ayrılmaz əlamət kimi iştirak edir. Çünki gülüş yazın rəmzi olub, qışı məğlub etmək üçün ən təsirli magik vasitədir.

Novruz bayramının zəngin mətbəx ənənələri vardır. Bu ənənələr də Novruz bayramının yaradılış fəlsəfəsi ilə bağlıdır. Bayram yeməkləri bir qida olsa da, bayramda onlar bayramla bağlı əlavə məna qazanır. Məsələn, yumurta Novruz bayramının ən mənalı simvollarındandır. Novruz süfrəsindəki qırmızı boyanmış yumurta ölüb-dirilmə xarakterli bayram ayini ilə bağlıdır. Lap keçmişlərdə ilin dəyişməsi mərasimində bişmiş yumurtanın yeyilməsi kimi xüsusi mərasim olub. Ancaq bu, xüsusi mərasim olmaya da bilərdi. Novruzun ölüb-dirilmə fəlsəfəsi hamıya aiddir. Ona görə də çoxlu yumurta bişirilirdi ki, hamı ondan dadaraq yeni ilə – yeni dünyaya keçə bilsin. Bişmiş yumurtanın hər süfrədə, bayram xonçasında mütləq şəkildə olması bununla bağlıdır.

Tədqiqat göstərir ki, istənilən xalqın inancları, o cümlədən Azərbaycan xalqının Novruz ilə bağlı inancları bütöv bir sistemdir. Bizə ayrı-ayrı məsələlər, fərqli mətləblər təsiri bağışlayan inanclar vahid bir əsas ətrafında birləşərək sistem yaradır. Novruz inanclarını ümumi halda nəzərdən keçirdikdə burada da həmin inancların bağlı olduğu vahid bir əsası müşahidə etmək olur. Məlum olur ki, təzə ilin köhnə ili (yaxud təzə dünyanın köhnə dünyanı) əvəz etdiyi Novruz bayramında iki zaman üz-üzə gəlir. Bunlardan biri getməkdə olan zaman, o birisi isə gəlməkdə olan zamandır. Bunların bir-birini əvəz etməsi Novruz bayramında baş verir. Bu zaman əvəzlənməsində ən mühüm məqam ilin təhvil olunduğu zaman kəsiyidir. Həmin zaman kəsiyi ilə bağlı inanclar vardır. O inanclardan məlum olur ki, ilin təhvil olduğu məqam qeyri-adi zamandır. Bu zamanda qeyri-adi hadisələr baş verir. Həmin qeyri-adi zamanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu, bir başlanğıc anı, qeyri-adi zaman nöqtəsidir. Bütün yeni zaman, yeni məkan və bu zaman-məkan daxilində baş verəcək hadisələr həmin zaman başlanğıcından, zaman nöqtəsindən başlanır. Bu zaman nöqtəsində baş verənlər fərqli xüsusiyyətlərə malik olur.

Novruz inancları əski təbiət kultları haqqında təsəvvürləri özündə yaşadır. “Kult” – pərəstiş, tapınma deməkdir. Novruz inanclarının öyrənilməsi göstərir ki, babalarımız od, su, bitki, torpaq kimi təbiət ünsürlərini kultlaşdırmış, yəni bu ünsürlərin qeyri-adi varlıqlar olduğuna inanmış, onları müqəddəs varlıqlar hesab etmiş və bu ünsürlərlə bağlı mərasimi hərəkətlər icra etmişlər.

Bu bayramı od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün deyildir. İnsanlar qaranlıq düşən kimi böyük tonqallar yandırır və bu tonqalların alovları gecənin qaranlığını işıqlandıraraq adamlarda böyük sevinc çoşqusu, şən əhval-ruhiyyə yaradır. Bu cəhətdən Novruzla bağlı inanclarda od kultunun – odu müqəddəsləşdirmənin mühüm yer tutduğunu görürük.

Axır çərşənbə tonqalı ilə Novruz bayramı tonqalı arasında fərq var. Bu fərq ondan yaranır ki, axır çərşənbə tonqalı getməkdə olan yeni ili yola salmaq üçün yandırılır, Novruz tonqalı isə artıq daxil olmuş yeni ilin şərəfinə yandırılır. İnsanlar axır çərşənbənin odu ilə çillədən, yəni köhnə ilin ağrı-acısından, qada-balasından təmizlənir və insanların bütün ağırlıqları həmin axırıncı günün tonqalı ilə gedir (yanıb heç olur). Novruz tonqalı isə yeni ilin ilk gününün tonqalıdır. İnsanlar artıq bu tonqalın ətrafına hər cür dərddən-bəladan, ağırlıqlardan, çillədən təmizlənmiş halda yığışırlar. Bu tonqala agırlıq tökmək olmaz. Çünki bu tonqal, bu od-ocaq təzə ilin tonqalıdır. Ağırlığı-uğurluğu, çilləni isə köhnə ilin axırıncı axşamının, yəni axır çərşənbənin odu özü ilə aparıb.

Novruz inancları içərisində həcmcə böyük yeri su kultu ilə bağlı inanclar tutur. Bu inanclarda xalqımızın dünya, kainat, varlıq aləmi haqqında ilkin təsəvvürləri öz əksini tapmışdır. Bu cəhətdən su ilə bağlı inancların tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatda Novruz inanclarının təhlili xalqımızın su kultu, yəni suyu müqəddəsləşdirmə, onun qeyri-adiliyinə inanma ilə bağlı bir çox təsəvvürlərini öyrənməyə imkan vermişdir. Ümumiyyətlə, Novruz mərasim kompleksində su ilə bağlı ayin və adətlər xüsusi yer tutur. Axır çərşənbə gecəsinin qurtardığı an il təhvil olur və sular, ağaclar buna reaksiya verir. Sular dayanır. Bu an möcüzəlidir. Kim bu ana şahid olsa, onun bütün arzu-istəkləri həyata keçər. Ancaq həmin möcüzədən insanlara pay düşür: həmin pay ilkin su – Novruz suyudur. Novruz bayramı mərasim kompleksindəki su inancları əski su kultu ilə əlaqədardır. Su xalqımızın qədim mifoloji görüşlərində müqəddəs və canlı varlıq hesab olunmuşdur. Novruz mərasim kompleksi bu inancları bizə çatdırmaqla xalqımızın qədim mifoloji görüşlərini öyrənməyə, əski milli kimliyimizi, milli dünyabaxışımızı tədqiq etməyə imkan verir.

Novruz inanclarının əhəmiyyətli bir hissəsi ağaclar, bitkilər, meyvələrlə bağlıdır. Bu inancları diqqətlə öyrəndikdə görürük ki, bunlar qədim bitki kultunun, yəni ağaclara pərəstişin, onlara tapınmanın, müxtəlif bitkiləri müqəddəs hesab etmənin, onlardan şəfa diləmənin izlərini özündə yaşadır.

Novruz inanclarının xüsusi bir qrupu torpaq kultu ilə bağlıdır. Ümumiyyətlə, torpaq bütün dünya mifologiyalarında məşhur obrazdır. Novruz inanclarında da torpaq dörd ünsürdən biri kimi, dörd ilaxır çərşənbələrdən biri ilə bağlıdır. Torpaq inanclarda özünü kult şəklində göstərir. Yəni torpaq canlı varlıq hesab edilmiş, müqəddəs sayılmış və ona tapınılmışdır.

Novruz bayramı ilə bağlı inancların ən canlı şəkildə qorunduğu, yaşadığı sahə Novruz fallarıdır. Ümumiyyətlə, falları inanclardan kənarda təsəvvür etmək mümkün deyildir. Çünki fallar birbaşa inamlar dünyası ilə bağlıdır. Falda hər bir elementin inanclarla təsdiq olunan mənası var. Novruz falları əsasən axır çərşənbə ilə bağlıdır. Axır çərşənbə falları sayca çoxdur. Bu fallar məzmunca maraqlı olmaqla yanaşı, bir sıra hallarda çox açıq şəkildə əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirir. Məsələn, kuzə falı, iynə falı su kultu, qıfıl falı, şam falı od kultu, alma falı, qovurğa falı, qovut falı bitki kultu ilə bağlıdır. Şübhəsiz ki, digər falların da kultlarla bu və ya digər dərəcədə bağlılığı var. Onlarla bağlı ayrıca tədqiqat aparılsa, hansı kulta bağlılığını aşkar etmək mümkündür. Bütün bunlar göstərir ki, fallar qədim mifik görüşləri özündə əks etdirir. Fallar içərisində Novruz fallarının say və məzmun baxımından öz yeri var. Onlar xalqımızın qədim dünyagörüşünü özündə yaşatmaqla mədəniyyət, folklor tariximiz baxımından çox böyük əhəmiyyətə malikdir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin