Azaqova Aysu Azərbaycan tarixi-2 Mövzu: Azərbaycan Səfəvi dövlətinin digər qonşu dövlətlərlə münasibətlərinin tarixşünaslıqda əksi Plan


Plan 6. Venesiya respublikası və Papalıqla münasibətlər



Yüklə 71,34 Kb.
səhifə7/9
tarix16.04.2022
ölçüsü71,34 Kb.
#55569
1   2   3   4   5   6   7   8   9
Aysu Azaqova

Plan 6. Venesiya respublikası və Papalıqla münasibətlər

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması və getdikcə daha da qüvvətlənməsi Osmanlı imperiyası ilə müharibə vəziyyətində olan Avropa dövlətlərinin nəzər-diqqətinin yenidən Şərqə yönəlməsinə səbəb oldu. Səfəvi dövlətinin yaranması Qərbi Avropa dövlətləri içərisində hamıdan daha tez Papalıq və Venesiyanın diqqətini cəlb etdi.

Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya respublikası özünün ənənəvi müttəfiqi olan Ağqoyunlu dövlətinin yerində yeni, daha qüvvətli Azərbaycan Səfəvi dövlətinin meydana gəlməsini sevinclə qarşıladı. İtaliyanı ələ keçirmək üstündə Fransa və İspaniya İtaliyada uzun sürən müharibələrə başladığı üçün İtaliya dövlətlərindən lazımi kömək ala bilməyən Venesiya Osmanlı dövlətinə qarşı (1499-1502) təkbaşına müharibə aparmağa məcbur oldu. Məhz buna görə də, Venesiya hökuməti bir tərəfdən Qaramanda Osmanlılara qarşı mövcud olan narazılıqdan istifadə etmək, digər tərəfdən Səfəviləri Osmanlılara qarşı müharibəyə cəlb etmək imkanını öyrənmək qərarına gəldi. Uzun illər İstanbulda və Kiprdə yaşadığı üçün Şərq aləminə yaxından bələd olan Konstantino Laskari Qaramana və Səfəvilərin hərbi düşərgəsinə yola salındı. O, Qaramana və Səfəvilərin hərbi düşərgəsinə səyahətdən qayıtdıqdan sonra, öz səfəri barədə Venesiya hökuməti qarşısında geniş hesabatla çıxış etdi. Beləliklə, Səfəvi dövlətinin Qərbi Avropa ilə ilk diplomatik təması Venesiya ilə yarandı.

Venesiya senatının Səfəvilərlə hərbi ittifaq yaratmaq istəklərinə baxmayaraq, Osmanlılarla müharibənin sonunda Venesiya Səfəvilərlə diplomatik əlaqələrə daha az maraq göstərirdi. 1503-cü ildə Kiprin Venesiya valisinin Təbrizə göndərdiyi ankaralı Muradın missiyası diplomatik vəzifədən daha çox casusluq məqsədi daşımışdır. Y.M.Mahmudov Təbrizə göndərilmiş bu Venesiya diplomatının adının Moriati de Erzerum olduğunu qeyd edir. 1503-cü ilin oktyabrında Venesiyaya qayıdan diplomat Səfəvilərin müvəffəqiyyətləri barədə senata məlumat vermişdi.



Qeyd etmək lazımdır ki, Səfəvi dövlətinin qərb ölkələri ilə ilk diplomatik təmasından aydın olur ki, I Şah İsmayılın həmin əlaqələri yaratmaqda başlıca məqsədi Avropa ölkələri ilə ticarət əlaqələrini genişləndirmək və Səfəvi ordusu üçün qərbdən odlu silahlar almaq idi. Qərbdən göndəriləcək odlu silahları və artilleriya mütəxəssislərini qəbul etmək üçün Aralıq dənizi sahillərinə çıxış yolu əldə etmək lazım idi. Bunun üçün ya Osmanlı dövlətinə müharibə elan edib Qaraman sahillərinə çıxmaq, ya da Misir sultanını məğlub edib Suriyanı tutmaq lazım idi. I Şah İsmayıl Suriyanı ələ keçirmək niyyətində idi. Buna görə də, qərb ölkələri ilə Misir əleyhinə danışıqlar aparırdı. O, qərb dövlətlərini Aralıq dənizi tərəfdən Misirə qarşı qaldırmaq, özü isə Suriyaya qoşun çəkmək niyyətində idi.

1509-cu ildə Səfəvi elçisi Venesiya sarayına hərbi yardımı xahiş etmək üçün gəlmiş,səfir hər nə qədər nəzakətlə qarşılansa da,heç bir yardım göstərilməmişdi. Çünki bu dövrdə Venesiyanın da gücü zəif idi,belə ki, Venesiya Kambre liqasında birləşmiş Avropa dövlətlərinə qarşı müharibə aparırdı. 1509-cu il mayın 14-də Aqnadello döyüşündə Venesiya ordusunun ağır məğlubiyyəti onun varlığı üçün ciddi təhlükə yaratmışdı.

Əsrin ilk rübündə Səfəvi-Venesiya münasibətlərində durğunluq müşahidə olunurdu. Bir tərəfdən Venesiyanın Osmanlı imperiyasına qarşı sakitləşdirici siyasətə üstünlük verməsi, digər tərəfdən Çaldıran döyüşündə məğlub olan Səfəvilərin daxili vəziyyəti və ardınca da I Şah İsmayılın vəfat etməsi buna öz təsirini göstərmişdir.

Osmanlı imperiyasının daha da qüvvətlənməsi, Avropa ilə Şərq ölkələri arasında əlaqə yaradan bütün karvan yolları üzərində nəzarəti qəti olaraq ələ keçirməsi, Şərq ticarətini canlandırmaq siyasəti bir sıra qərb dövlətləri kimi Venesiyanın da Osmanlı imperiyasına qarşı düşmənçilik siyasətindən bu dövlətlə yaxınlaşmaq siyasətinə keçməsinə səbəb oldu. Buna görə də Çaldıran döyüşündən sonra Venesiya ilə Səfəvi dövləti arasında diplomatik əlaqələr arxa plana keçdi.

Şah I Təhmasibin dövrü Venesiya-Osmanlı müharibəsi dövrünə təsadüf etmişdi və Venesiyanın yardıma ehtiyacı var idi. Amma Venesiya ikili siyasət yeridirdi. Belə ki bir sıra məğlubiyyətlərdən sonra sülh danışıqlarına qərar verən dövlət eyni zamanda yeni bir müharibəyə hazırlığa razı salmaq üçün öz nümayəndəsi M.Membreni Səfəvi sarayına göndərmişdi.

I Şah Təhmasib İstanbulda Osmanlı-Venesiya danışıqlarının gedişi barədə dəqiq məlumat əldə edənə kimi M.Mebrenin Səfəvi sarayından dönüşü yubadıldı. Lakin Venesiyanın Osmanlı imperiyası ilə sülh danışıqlarının davam etməsi Səfəvi-Venesiya danışıqlarına öz təsirini göstərdi. M.Membre yazır: «Bunlar baş verdikdən sonra onun İstanbuldakı xəfiyyələrindən xəbər gəldi ki, Əlahəzrət Venesiya Sinyorluğunun səfiri sülh istəyərək türkün sarayında olub. Beləliklə, mən özümü sarayda rüsvay olunmuş kimi hiss etdim, çünki o vaxt şah məni, əvvəl dediyim kimi, təyin etdiyi səfirlə birgə göndərmək üçün hər şeyi hazırlamışdı».

Beləliklə, M.Membrenin missiyası Venesiya hökumətinin ikili siyasət yeritməsi, Osmanlı imperiyası ilə sülh danışıqları aparması nəticəsində öz əhəmiyyətini itirdi. Buna görə də I Şah Təhmasib Venesiya hökumətinin ikiüzlü siyasət yeritməsinə qəzəbləndi və M.Membrenin saraydan getməli olduğunu bildirdi.

Osmanlı ilə Səfəvilərin müharibə etdiyi Amasya sülhünə qədərki dövrdə Səfəvi-Venesiya münasibətləri durğunlaşmışdı. Sülhün bağlanması isə yenidən təşvişə səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, XVI əsrin II yarısında Osmanlı imperiyası ilə Venesiya arasında müharibənin başlanması diplomatik əlaqələrin yenidən canlanmasına səbəb oldu. Osmanlı imperiyasına qarşı təkbətək müharibə aparmağa qadir olmayan Venesiya ənənəvi müttəfiqi olan Səfəvi dövləti ilə əlaqə yaratdı. Məqsəd Səfəviləri arxadan Osmanlı dövlətinə qarşı qaldırıb onun hərbi qüvvələrini iki cəbhəyə parçalamaq idi.

XVI əsrin sonlarında Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq zərurəti Avropa dövlətlərini, o cümlədən Venesiyanı Səfəvilərə yaxınlaşdıran başlıca amil olaraq qalırdı. Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında yeni müharibənin başlaması Venesiya respublikasının mənafeyinə uyğun idi. Osmanlı imperiyasının Habsburqlarla müharibə vəziyyətində olduğunu bilən I Şah Abbas başqa Qərb dövlətlərini də Osmanlılara qarşı müharibəyə qaldırmaq siyasəti yeridirdi. Bu məqsədlə Səfəvi hökmdarı, ilk növbədə İtaliya ilə ənənəvi əlaqələri genişləndirdi .

Y.Öztuna yazır ki, Şah Abbas Osmanlı dövlətini məğlub etməyin və III Murad dövründə ələ keçirilən ərazilərin geri alınmasının asan olmayacağını dərk edən böyük əsgər, dövlət və siyasət adamı idi. Avropada geniş müharibə aparan Osmanlı dövlətini Şərqdə məğlub etmək üçün ciddi hazırlıqlar görmək lazım idi. Buna görə Osmanlı dövlətinin Avropadakı düşmənləri ilə müştərək hərəkət etmək lazımdı. I Şah Abbas da belə hərəkət etdi. Səfəvi şahı 1599-cu ildə Hüseynəli bəy Bayatı Antoni Şerlinin müşayiəti ilə Avropaya göndərdi. Şahın ittifaq təklifi Osmanlı basqısı altında olan Avropada hərarətlə qarşılandı.

Roma papası VIII Klement (1592-1605) 1601-ci il aprelin 12-də Səfəvi elçilərini qəbul etdi. Hüseynəli bəy Bayat papa ilə danışıqlar zamanı bildirdi ki, əgər xristian dövlətləri qərbdən Osmanlı imperiyasına qarşı vahid cəbhədə müharibəyə başlasalar, onun hökmdarı şərqdən 150 min nəfərlik süvari və 60 minlik piyada ilə hücuma keçəcəkdir; bu şərtlə ki, Qərb dövlətləri Səfəvi hökmdarının razılığı və ya iştirakı olmadan Osmanlı imperiyası ilə danışıqlar aparmasın; belə olduqda, Səfəvi hökmdarı xristian dövlətlərinə öz ölkəsinin ərazisində sərbəst ticarət hüququ, kilsələr, monastırlar tikmək, azad surətdə ibadət etmək ixtiyarı verəcəkdir. 1603-cü ildə Aralıq dənizi vasitəsilə Suriyaya gətirilən mallar Osmanlılar tərəfindən müsadirə olunduğu üçün bu kimi danışıqların əhəmiyyəti qalmamış oldu.

Səfəvilərlə Osmanlılar arasında müharibələrin sülhlərlə bitməsindən sonra Venesiya danışıqlar əsasən ticarətdə güzəştlər haqqında olmuşdur. I Şah Abbasın Venesiya hökumətinə yazdığı1613-cü il tarixli məktubundan aydın olur ki, o, Osmanlı dövləti ilə imzalanmış sülhün yaratmış olduğu dinc münasibətlərdən istifadə edərək İtaliya ilə ticarət əlaqələrini genişləndirməyə çalışırdı. O, Venesiya hökumətini əmin edirdi ki, «əgər Venesiya şəhərindən, həmçinin Venesiya torpaqlarından olan xristian tacirləri bizim məmləkətə ticarətə gəlsələr, biz onları yaxşı qarşılayacaq və hər cür kömək göstərəcəyik; onlara istədikləri hər şeyi,arzu etdikləri bütün malları almaq üçün hər cür imkan yaradacağıq».

1634-cü ildə I Şah Səfinin taxta keçməsini xəbər vermək və I Şah Abbasla Venesiya arasındakı əlaqələri xatırlatmaq məqsədilə Əli Balinin başçılığı altında Səfəvi elçi heyəti Venesiyaya gəldi. Əli Bali Səfəvi şahına məxsus ipəyin Venesiyada satışından sonra satıcılar arasında ortaya çıxan münaqişə nəticəsində zərbxanaya yerləşdirilən pulları geri almaq vəzifəsini həyata keçirməli idi.

Qeyd etmək lazımdır ki, 1645-ci ildə Osmanlı dövləti ilə Krit adası üstündə müharibənin başlanması Venesiya respublikasının Səfəvi dövləti ilə diplomatik əlaqələrinin yenidən fəallaşmasına gətirib çıxardı. 1645-ci ildə Venesiya elçisi saraya məktub gətirmişdi. J.B.Taverniyenin məlumatlarından aydın olur ki, Venesiya elçisi II Şah Abbas tərəfindən qəbul edilmiş və o, gətirdiyi məktubları şaha təqdim etmişdi. Venesiya elçisi Osmanlı ərazisindən keçərək Avropaya qayıtmağa cəsarət etmədiyi üçün İsfahanda olan Böyük Moskva knyazının elçisi ilə Həştarxana getməyə çalışsa da, bu baş tutmadığına görə Qoaya gedərək portuqaliya gəmisində Lissabona, sonra isə Venesiyaya qayıtmağa nail olur.

Bu dövrdə Osmanlı imperiyası Venesiyaya qarşı uğurlu hərbi əməliyyatlar apardığından narahat olan Roma papası II Şah Abbası Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara başlamaqq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdı. Bunu papa X İnnokentinin II Şah Abbasa göndərdiyi 30 yanvar 1646-cı il tarixli məktubu da təsdiq edir. Məktubdan aydın olur ki, daima incə və ehtiyatlı siyasət yürüdən Roma papası «türk təhlükəsi» qarşısında aciz olduqlarını dilə gətirməklə, müxtəlif şirnikləndirici vədlərlə Azərbaycan Səfəvi imperiyasını Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara başlamağa sövq etmək niyyətində olmuşdu. Lakin Səfəvi şahının Roma papasının məktubunu cavabsız qoyması onu II Şah Abbasa növbəti məktubu göndərməyə vadar etmişdi.Papa X İnnokentinin II Şah Abbasa göndərdiyi 31 avqust 1647-ci il tarixli məktubunda da Osmanlı sultanına qarşı birgə mübarizəyə çağırış açıq-aşkar hiss olunur. Bu dövrdə II Şah Abbas Qəndəharı azad etmək üçün hərbi əməliyyatlara ciddi hazırlıq gördüyünə görə Papanın bu çağırışını da cavabsız qoydu.

Ölkə ərazisində sabitliyin bərpa olunması II Şah Abbasa geniş ticarət əlaqələri qurmağa da imkan verirdi. Qonşu dövlətlərlə, həmçinin Avropa ölkələri ilə genişlənən iqtisadi münasibətlər nəticəsində ölkəyə gələn əcnəbilərin sayı durmadan artmağa başladı. Aydındır ki, bu dövrdə də Azərbaycana ticarət adı altında gələnlərin heç də hamısı bəyan etdikləri fəaliyyət növü ilə məşğul deyildi. Tacir maskası altında gizlənən xarici casusların, əsl məqsədləri katolikliyi yaymaq olan missionerlərin sayı da ölkəyə gələn əcnəbilər arasında heç də az deyildi. Səfəvilərin Avropa dövlətləri ilə birbaşa düşmənçiliyi olmadığından, xarici kəşfiyyatın ölkəmizdəki fəaliyyət məqsədləri arasında siyasi vəziyyəti gərginləşdirmək, təxribatlar həyata keçirmək kimi vəzifələr yox idi. Onların başlıca niyyəti Səfəvi sarayında güclü anti-Osmanlı mühiti yaratmaq və iki müsəlman dövləti arasında müharibəni alovlandırmaqdan uzağa getmirdi. Lakin II Şah Abbasın ağıllı xarici siyasəti Avropa dövlətlərinin bu istəyini gözündə qoydu. Vəziyyəti belə görən missioner təşkilatları öz fəaliyyətlərini yerli əhali arasında xristianlılığın təbliğinə yönəltdilər. Şübhəsiz ki, XVII əsrin ortalarında müstəmləkəçilik meyllərinin güclənməsi Azərbaycan, İran, Hindistan və Çin bazarlarını nəzarət altına almaq uğrunda Avropa dövlətləri arasında mübarizənin daha kəskin xarakter alması həmin ölkələrdə tədricən səyyah və tacirlərlə yanaşı, Vatikan tərəfindən göndərilən xüsusi missioner təşkilatlarının nümayəndələri peyda olmağa başladılar. İtaliya, İngiltərə, Portuqaliya, Fransa və Hollandiya kimi Avropa dövlətlərini təmsil edən katolik missionerləri Qərb kapitalı üçün Azərbaycan və İran vasitəsilə Şərqə yol açmaq məqsədilə göndərilirdi. Lakin bu missiya üzvlərinin rəsmi fəaliyyətinin arxasında bir sıra siyasi, iqtisadi məqsədlər, o cümlədən də kəşfiyyat niyyətləri gizlənirdi.

XVII əsrin II yarısında Azərbaycan Səfəvi dövləti ilə Venesiya respublikası arasında qarşılıqlı əlaqələr daha çox diplomatik xarakter daşımış, Səfəvi şahı və senat din xadimləri vasitəsilə məktublar göndərməklə kifayətlənmişlər. 1661 və 1662-ci illərdə Venesiya hökumətinin Səfəvi şahını mühribəyə cəlb etmək məqsədilə göndərdiyi məktublar, eləcə də 1669-cu ildə Naxçıvanlı Mateos Avanik vasitəsilə göndərilən məktublar cavabsız qaldı.

Qeyd etmək lazımdır ki, Şah Süleymanın hakimiyyətə gəlməsindən sonra başda papa olmaqla Avropanın xristian hökmdarları bir tərəfdən Osmanlı imperiyasına qarşı mübarizədə Səfəvi şahından yardım almaq, digər tərəfdən yeni Səfəvi şahından katolik missionerlər üçün lazımı güzəştlər əldə etmək məqsədilə öz elçilərini davamlı olaraq Səfəvi sarayına göndərirdilər.XVII əsrin sonlarında Osmanlı imperiyasının Avropada zəfər yürüşləri «xristian dövlətlərini təhdid edən başlıca məsələ» olaraq qalırdı. Buna görə də, başda Papalıq olmaqla əksər Avropa ölkələrindən Səfəvi sarayına göndərilən elçilər Şah Süleymanı Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara başlamağa razı salmağa çalışırdı. Bu barədə «Karmelit xronikası»nın 1685-ci il tarixli məlumatında yazılmışdı.Dövrün mənbəyi bir daha təsdiq edir ki, Avropa ölkələrindən Səfəvi sarayına göndərilən elçilərdən dördü – dominikan yepiskopu, Polşa, İsveç və Moskva nümayəndələri Şah Süleyman tərəfindən qəbul edlib. Onlar Səfəvi hökmdarına türklərə qarşıüharibə başlamaq üçün hətta yalvarsa da, bir nəticə alınmayıb.

1694-cü ildə Şah Sultan Hüseynin Səfəvi taxtına çıxmasından sonra Avropa dövlətləri Osmanlı imperiyasına qarşı müttəfiqlik münasibətlərini davam etdirməyə təşəbbüs göstərsələr də, Səfəvi sarayında bu istiqamətdə elə bir planın olmadığı da vurğulanır. Bu baxımdan 5 oktyabr 1696-cı ildə İsfahandan göndərilmiş məktubda deyilirdi: «Türklərə qarşı hər hansı birüharibədən belə söz getmir...» .

XVII əsrin sonlarında Osmanlı hərbi təzyiqlərindən ehtiyat edən və Avropanın başı üzərini almış «türk təhlükəsi»ndən qurtulmaq üçün papa başda olmaqla Avropanın xristian dövlətləri Səfəvi dövlətindən bir vasitə kimi istifadə etməyə – Osmanlı imperiyasının hərbi qüvvələrini iki cəbhəyə parçalamağa cəhd edirdilər. XVIII əsrin əvvəllərinə doğru Azərbaycan Səfəvi dövləti ilə Venesiya və Papalıq arasında qarşılıqlı əlaqələr davam edirdi. Onların Səfəvi dövlətinə mütəmadi olaraq öz səfir və elçilərini göndərməsi, bu dövlətin beynəlxalq münasibətlər sistemində mühüm yer tutmasına dəlalət edirdi. 1699-cu ildə papa, Venesiya respublikası və Böyük Toskana hersoqunun nümayəndəsi – Ankor arxiyepiskopunun xüsusi missiya ilə İsfahana gəlişi, habelə sarayda İstanbul, Moskva, Moğol, ərəb, tatar, özbək, siam və həbəş səfirlərinin olması bunu təsdiq edən faktlardandır.

Qeyd etmək lazımdır ki, Şah Sultan Hüseynin dövründə yeridilən qeyri-tolerant siyasətdən təkcə sünni məzhəbində olan əhali deyil, atəşpərəstlər, yəhudilər və nisbətən azsaylı xristianlar da əziyyət çəkirdi. R.Seyvorinin fikrincə, Şah Sultan Hüseyn xristianlara qarşı düşmən münasibətdə olmamışdı, lakin onun üzərində güclü təsir qüvvəsinə malik dini liderlər, xüsusilə Mollabaşı Məhəmməd Bağır Məclisi, sonralar isə onun nəvəsi Mir Məhəmməd Hüseyn Xatunabadi tərəfindən ədalətsiz və qeyri-tolerant qərar qəbul etməyə təhrik edildi. Bu dini siyasət Səfəvi dövlətinin həm daxilindəki vəziyyətə, həm də onun xarici ölkələrlə münasibətlərinə mənfi təsir göstərirdi. Buna görə də, Şah Sultan Hüseyn dövründə Azərbaycan Səfəvi dövlətinin Papalıqla münasibətlərində ciddi soyuqluq hiss olunmaqda idi.

Səfəvi dövləti ilə Venesiya respublikası və Papalıq arasındakı qarşııqlı əlaqələrin müasir tarixşünaslıqdakı tədqiqi səviyyəsinin öyrənilməsi göstərir ki, bu əlaqələr iki mərhələdən keçmişdir. XVI əsri əhatə edən birinci mərhələdə tərəflərdən hər biri digərini Osmanlı imperiyasına qarşı mübarizədə əsasən müttəfiq saymışdır. Bu məqsədlə bir-birinə elçilər göndərirdilər. XVII əsrdə, ikinci mərhələdə isə qarşılıqlı münasibətlərdə ticarət əlaqələri üstünlük təşkil etmişdi. Bu məqsədlə tərəflərin bir-birinə göndərdikləri diplomatik missiyanı daha çox tacirlər həyata keçirmişdi. I Şah Abbas və xələfləri dövründə də Səfəvi-Venesiya münasibətlərində daha çox iqtisadi-ticarət əlaqələri üstünlük təşkil etmişdi.




Yüklə 71,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin