Azaqova Aysu Azərbaycan tarixi-2 Mövzu: Azərbaycan Səfəvi dövlətinin digər qonşu dövlətlərlə münasibətlərinin tarixşünaslıqda əksi Plan


Plan 8. İngiltərə ilə münasibətlər



Yüklə 71,34 Kb.
səhifə9/9
tarix16.04.2022
ölçüsü71,34 Kb.
#55569
1   2   3   4   5   6   7   8   9
Aysu Azaqova

Plan 8. İngiltərə ilə münasibətlər

Uzun sürən Osmanlı-Səfəvi müharibələri dövründə zəifləmiş olan Səfəvi-Avropa əlaqələri XVI əsrin ortalarında yenidən canlanmağa başladı. Bəhs etdiyimiz dövrdə Səfəvi dövləti ilə Qərbi Avropa ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi ancaq Osmanlı imperiyasının hər iki tərəf üçün təhlükə törətməsi ilə bağlı deyildi . Səfəvi dövləti özünün xarici iqtisadi və siyasi mənafelərini tənzim etmək niyyəti ilə Qərb dövlətlərinə müraciət edərkən, bəzi Avropa dövlətləri bundan istifadə edib özlərinin Şərqlə bağlı müstəmləkəçilik planlarını həyata keçirməyə çalışırdılar. XVI əsrin 60-70-ci illərində Səfəvi-İngiltərə əlaqələrinə məhz bu baxımdan yanaşılmalıdır.

Amerika və Hindistana gedən dəniz yollarında ağalıq edən İspaniya və Portuqaliya ilə, həmçinin Aralıq dənizi hövzəsini öz nəzarəti altında saxlayan Osmanlı imperiyasına qarşı hərbi-siyasi rəqabətə girməyə qadir olmayan gənc ingilis burjuaziyası Hindistana şimal dəniz yolunu açmaq cəhdi uğursuz olduğu üçün Rusiya ərazisindən keçib Volqa-Xəzər yolu, Azərbaycan və İran vasitəsilə Hindistanla birbaşa əlaqə yaratmaq qərarına gəldi. Bu məqsədlə yaradılan «Moskva» kompaniyası XVI əsrin 60-80-ci illərində Səfəvi dövlətinə altı ekspedisiya (1561-1581) göndərdi. Bununla, Azərbaycan Səfəvi dövləti ilə İngiltərə arasında əlaqə yarandı. Bu əlaqələr Türkiyə tarixçilərindən Özər Küpəlinin «Səfəvi ölkəsinin ingilis qonaqları (İngilis tacirlərin İran səyahətləri 1562-1581)» adlı məqaləsində tədqiq edilmişdir.

Ö.Küpəlini fikrincə, Antoni Cenkinson «Moskva» şirkətinə Səfəvi dövlətinin ərazisində ticarət aparması üçün sərbəstlik verilməsinə nail olmaq üçün göndərilmişdi. İngilis diplomatı I Şah Təhmasibdən Səfəvilər dövləti ərazisində müxtəlif ingilis mallarını satmaq və istədiyi malları alıb İngiltərəyə gətirmək üçün toxunulmazlıq fərmanı almalı idi. Səfəvilərlə əlaqə yaradarkən «Moskva» şirkətinin qarşısına qoyduğu ən mühüm məqsədlərdən biri də Azərbaycan ipəyini ələ keçirmək, ümumiyyətlə Səfəvi dövləti ərazisində ipək ticarətini inhisara alıb başqa Avropa ölkələrinin tacirlərini, xüsusən venesiyalıları sıxışdırmaq və Səfəvi dövləti ilə Avropa ölkələri arasında ipək ticarətində vasitəçiliyi ələ keçirmək idi.

Çar IV İvan Qroznı icazə vermədiyi üçün 1562-ci ilin yazına kimi gözləməli olan Cenkinson iki gəmi ilə Həştərxana hərəkət etdi və Şamaxıda Abdulla xanla görüşdü. Noyabrın 20-də I Şah Təhmasib tərəfindən qəbul edilən ingilis diplomatı kraliçanın dostluq məktubunu təqdim edərək Səfəvi ölkəsi daxilində sərbəst hərəkət etmək və ticarət aparmaq hüququnun verilməsini xahiş etsə də, onun bu tələbi Səfəvi hökmdarı tərəfindən rədd edildi. I Şah Təhmasibin ingilislərlə ticarət rəqabətinin doğuracağı nəticələri, osmanlıların və venesiyalıların etirazını nəzərə alaraq bu təklifi müsbət qarşılamadığını yazır.Cenkinsonun I Şah Təhmasibdən ticarət imtiyazları almaq təşəbbüsü uğursuz olsa da o, Səfəvi dövlətinin ticarət potensialını ortaya qoyaraq «Moskva» şirkətinin tacirlərinin diqqətini buraya yönəltməyi bacardı. O, həmçinin Səfəvi şahı ilə görüşən ilk ingilis olması və Səfəvi-İngiltərə əlaqələrinin əsasını qoyan şəxs kimi tarixə düşdü.

1564-cü il avqustun 21-də «Moskva» şirkətinin Tomas Olkok, Riçard Çini və Corc Renndən ibarət nümayəndə heyəti Şamaxıya gəldi. Oktyabrın 20-də Tomas Olkok Qəzvinə yola düşsə də, yolda onun soyulması və öldürülməsi xəbərinin alınması heyət üzvlərini geri dönməyə vadar etdi. Beləliklə, ingilislərin ikinci səyahəti istənilən nəticəni vermədi.

İlk iki səyahətdə arzu edilən nəticələr əldə edilməsə də, «Moskva» şirkəti Səfəvi dövləti ilə ticarət əlaqələri yaratmaq istəyindən imtina etmədi. Bu məqsədlə yeni bir heyətin göndərilməsinə hazırlıq görüldü. Göndəriləcək heyətə rəhbərlik Ricard Consona həvalə olundu, onu Aleksandr Kitç və Artur Edvards müşayiət etməli idi. 1565-ci il mayın 15-də Yaroslavldan yola düşən ingilis heyəti sentyabrın 11-də Şamaxıya çatdı və sentyabrın 17-də Abdulla xan tərəfindən qəbul edildi. Oktyabrın 2-də Abdulla xanın ölümü vəziyyəti dəyişdirdi. Aleksandr Kitç Qəzvinə getməyə hazırlaşsa da, oktyabrın 23-də qəza nəticəsində onun ölməsi şahla görüşə getmək vəzifəsi Artur Edvardsa tapşırıldı. Qışı Həştarxanda keçirən A.Edvards 1566-cı il mayın 25-də Qəzvinə gəldi və dörd gün sonra I Şah Təhmasib tərəfindən mehriban qarşılandı . Ö.Küpəlinin fikrincə, Artur Edvardsın Səfəvi şahı tərəfindən isti qarşılanmasına səbəb, onun İngiltərəyə bəslədiyi yaxınlıq deyil, bir il əvvəl Qəzvinə gələn Osmanlı elçisinin təhdidləri ilə bağlı idi. Osmanlı elçisi iki dövlət arasında sülhü pozduğu təqdirdə Osmanlı limanlarından Səfəvilərə heç bir şəkildə qumaş gəlməyəcəyi ilə bağlı şahı təhdid etmişdi. Buna görə də, I Şah Təhmasib belə bir ehtimal ortaya çıxarsa Avropa mallarını necə qəbul edəcəyini təmin etməyi düşünürdü və indi ingilislər bunun bir alternativi ola bilərdi. İyunun 29-də Artur Edvards yenidən I Şah Təhmasiblə görüşdü və arzu etdiyi imtiyazları əldə etdi. I Şah Təhmasib xüsusi fərmanla ingilis tacirlərinə geniş imtiyazlar verdi. Şahın fərmanına əsasən «Moskva» şirkətinin tacirləri Səfəvi dövlətinin bütün ərazisində heç bir gömrük vermədən sərbəst ticarət etmək və ticarət faktoriyaları açmaq hüququ əldə etdilər; ingilis tacirləri və onların əmlakı dövlət tərəfindən mühafizə olunacaqdı; «Moskva» şirkətinin tacirləri Səfəvi dövləti ərazisindən keçib qonşu ölkələrə də gedə bilərdilər.

Səfəvi şahının ingilis tacirlərinə verdiyi imtiyazlar «Moskva» şirkətini Səfəvilərlə ticarətə başlamaq üçün həvəsləndirsə də, bunun reallaşdırılması mövcud imkanlar daxilində mümkün görünmürdü. Şirkətin qarşısında həll edilməli olan bəzi məsələlər vardı. Əsas fəaliyyət sahəsi Rusiya olan şirkətinin İngiltərə-Rusiya əlaqələrini və ölkə daxilində ticarətlə bağlı üzərinə götürdüyü öhdəlikləri pozmamalı idi. Eyni zamanda şirkətin tacir korpusu Rusiya və Səfəvi ticarətini həyata keçirmək üçün yetərsiz olduğuna görə yeni üzvlərə ehtiyac vardı. Şərq malları dəniz yolu ilə Həştərxana daşındığı üçün yeni gəmilərə ehtiyac duyulurdu. Mümkün şərait ancaq 1567-ci il sentyabrın 22-sində IV İvanın fərman ilə yarandı. Çar IV İvanın verdiyi imtiyaz fərmanına görə, «Moskva» şirkətinin tacirləri rəsmi razılıq almadan, malları yoxlanılmadan gömrüksüz ticarət etmək hüququ qazandılar. Beləliklə, «Moskva» şirkətinin önündə Azərbaycanla ticarəti genişləndirmək və Hindistan yoluna çıxmaq üçün hər hansı bir əngəl qalmadı. Buna görə də Azərbaycana növbəti səyahət gündəmə gəldi. İngilislərin Tomas Benister və Ceffri Deketin başçılığı ilə 1569-cu ilin oktyabrından 1574-cü ilə qədər davam etmiş beşinci ekspedisiyası Səfəvilər dövlətində «Moskva» şirkətinin fəaliyyətində ən yüksək nöqtə oldu. Davamiyyətinə və ticarətin həcminə görə ingilislərin bu ekspedisiyası daha böyük idi.

«Moskva» şirkətinin uzun fasilədən sonra 1579-1581-ci ildə A.Edvardsın rəhbərliyi ilə tərkibində Viliam Tornbull, Matey Talboys, Peter Qarrad, Roberd Qoldinq kimi tacirlərin Azərbaycana altıncı səfəri Səfəvi-Osmanlı Rus çarının ciddi maneələrinə baxmayaraq təşkil olunan son səfərin uğursuzluğu şirkəti Səfəvilərlə bağlı planlarını yenidən gözdən keçirməyə vadar etdi. 1581-ci ildə Levant şirkətinin yaranması və Osmanlı ərazisi üzərindən şərq mallarını Avropaya daşımağa başlaması «Moskva» şirkətinin Xəzər dənizi arxasına marağını tamamilə azaltdı.XVI əsrin 60-cı illərində Azərbaycan Səfəvi dövlətinin İngiltərə ilə əlaqələri iki dövlət arasında fasiləsiz davam edən iqtisadi və siyasi münasibətlərə çevrilmədi. Livoniya müharibəsində (1558-1583) İngiltərəni öz tərəfinə çəkə bilməyən IV İvan ingilis tacirlərinə verdiyi ticarət imtiyazlarını ləğv etdi. Onlara Rusiya ərazisindən keçib Volqa-Xəzər yolu ilə Şərqə ticarətə getmək qadağan olundu. Bununla da ingilis tacirlərinin Səfəvilər dövlətinin bazarlarında möhkəmlənmək cəhdləri boşa çıxdı.

I Şah Abbasın hakimiyyətə gəlməsindən sonra Səfəvilər dövlətinin güclənməsi Avropa dövlətlərini onunla yaxınlaşmağa sövq edirdi. Papalıq, Venesiya, İspaniya və Almaniya imperiyası kimi İngiltərə də Səfəvilər dövlətinə xüsusi maraq göstərirdi. Bu xristian qərbinin güclü Osmanlı imperiyasını zəiflətmək istəyi ilə bağlı idi. Həmçinin Hörmüz məsələsinə görə iki ölkə daha da yaxınlaşmışdı.

1621-ci ilin dekabrında Ost-Hind şirkətinin nümayəndəsi Edvard Monoks və şirkətin prezidenti Tomas Ratselin Səfəvi hökmdarı I Şah Abbasla İngiltərə kralı adından aşağıdakı şərtlərlə bağladıqları müqavilədə deyilirdi:

«1. Hörmüzdə Portuqaliya əleyhinə ingilis gəmilərinə yardım üçün Hörmüzün yarısı Səfəvilər, yarısı isə ingilislər üçün bölünməlidir; 2. Hörmüz qalasında Səfəvi və ingilis qoşunu yerləşdirilməlidir; 3. Hindistanda ələ keçirilmiş qala və limanlar tərəflər arasında bərabər şəkildə bölünməlidir; 4. Hindistana gedən həm ingilis, həm də Səfəvi gəmiləri gömrükdən azad olmalıdır; 5. Xaricilərdən gələn gömrük haqqı həm ingilis, həm də Səfəvi arasında bərabər şəkildə bölünməlidir; 6. Bütün xristian əsirləri ingilislərin, müsəlman əsirləri Səfəvilərin nəzarətində olmalıdır; 7. Silah-sursat, ərzaq təchizatı və digər ləvazimatların bütün xərcləri iki dövlət tərəfindən bərabər şəkildə bölünməlidir...» .

1621-ci ildə I Şah Abbas ingilis tacirlərinə xam ipəyi birinci əldən almağa icazə verdi. Müqayisə üçün deyək ki, yerli tacirlərə belə bir hüquq 1629-cu ildə onun ölümündən sonra, I Şah Səfi tərəfindən verildi. 1622-ci ildə ingilislər yaranmış siyasi vəziyyətdən şah hökumətinin rəğbətini qazanmaq üçün istifadə etdilər. Belə ki, Hörmüzdən və Kəngər körfəzindəki daha bir neçə adadan portuqalları qovub çıxarmaqda şaha yardım göstərdilər .

1622-ci ildə I Şah Abbasın İngiltərənin Ost-Hind şirkəti ilə bağlı imzaladığı fərmana görə, Səfəvi şahı hər il min kiloqramdan üç min kiloqrama qədər ipəyi ingilis şirkətinə verməyi rəsmən qəbul etdi. Müəyyən ticarət güzəştlərinə yiyələnən ingilislər bununla kifayətlənməyərək Kəngər körfəzində Portuqaliyanın nəzarətində olan Hörmüz limanına yiyələnmək üçün I Şah Abbası portuqallara qarşı qaldırmaqdan çəkinmədilər . 1622-ci il fevralın 10-da ingilis donanmasının yardımı ilə Hörmüz əməliyyatı başlandı. Kişm qalasının azad edilməsi Hörmüzün süqutunun başlanğıcı oldu. Kişm qalası tutulduqdan dərhal sonra Hörmüzə hücum başlandı. Aprelin 23-də Portuqliya qarnizonu təslim oldu. I Şah Abbas qələbə münasibətilə ingilislərə ticarət imtiyazları ilə bərabər Bəndər Abbasda iki binada faktoriya təsis etməyə icazə verdi.



Beləliklə Şah Abbasın dövründə İngiltərə ilə sıx əlaqələr yaradıldı. Bu hətta I Yakov ilə ticarət müqaviləsinin imzalanmasının təsdiqinə qədər gəlib çıxmışdı. Amma I Yakovun ölümü və Karlın hakimiyyətə gəlməsi bunu təxirə saldı, həmçinin Səfəvilər dövlətinə gələn səfirlərin də vəfatı və bir digərinin uzun müddət burda qalması şahın xoşuna gəlmədi və o da(R.Şerli) Qəzvində vəfat etdi. Bununla da, Səfəvi dövləti ilə İngiltərə arasında iqtisadi sahədə aparılan danışıqlar nəticəsiz başa çatdı. I Şah Abbasın Avropa dövlətlərinin hökmdarları ilə yaratdığı diplomatik əlaqələr Osmanlılar əleyhinə hərbi ittifaqın yaranmasına, ipək ticarət yolunun dəyişdirilməsinə gətirib çıxarmadı. Bununla belə, Səfəvi şahının Avropa ölkələrindən gələn elçilərə, səyyahlara, tacir və hətta rahiblərə qarşı xoş rəftarı Səfəvilərlə qarşılıqlı əlaqələrin güclənməsinə təsir etdi, I Şah Abbasın dövrünə aid çoxlu əsərlərin meydana gəlməsinə yol açdı.
Yüklə 71,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin