Azaqova Aysu Azərbaycan tarixi-2 Mövzu: Azərbaycan Səfəvi dövlətinin digər qonşu dövlətlərlə münasibətlərinin tarixşünaslıqda əksi Plan


Plan 3: Böyük Moğol dövləti ilə qarşılıqlı münasibətlər



Yüklə 71,34 Kb.
səhifə4/9
tarix16.04.2022
ölçüsü71,34 Kb.
#55569
1   2   3   4   5   6   7   8   9
Aysu Azaqova

Plan 3: Böyük Moğol dövləti ilə qarşılıqlı münasibətlər

Azərbaycan Səfəvi dövləti cənub-şərqdə Moğol dövləti ilə həmsərhəd idi. I Şah İsmayıl digər qonşularından fərqli olaraq Baburla sıx münasibətlər yaratmışdı. Onların ümumi düşməni yalnız Xorasana deyil, habelə Əfqanıstana və Şimali Hindistana basqınlar təşkil edən Şeybani hökmdarı idi. C.Ayddoğmuşoğlunun fikrincə, I Şah İsmayıl dövründə Baburla əldə olunan əlaqələr elçilərin gedib-gəlməsinə şərait yaratdı. Elçi mübadiləsi gələcəkdə iki dövlət arasında dostluq münasibətlərinin yaranmasında mühüm rol oynadı. I Şah İsmayıl Baburun Türküstan və Mavəraünnəhrdə möhkəmlənməsinə yardım göstərdi.

Şah İsmayılla Babur arasında dostluğun əsası hələ 1510-cu ildə Mərvi ələ keçirmək üçün olan döyüş zamanından başlamışdı. Belə ki şəhəri ələ keçirib, xanları əmirləri əsir götürən şah onların arasında Baburun bacısı Xanzadə bəyimin olduğunu da bilirdi və ona ehtiramla yanaşmışdı,bu hadisədən xəbər tutan və Şeybanilərlə tək döyüşün asan başa gəlməyəcəyini bilən Babur Xan Mirzəni dəyərli hədiyyələrlə Şah İsmayılın yanına göndərmişdi. Beləliklə onlar Şeybanilərə qarşı birgə mübarizəyə başlamışdılar.

Qeyd etmək lazımdır ki, Babur mirzə ilə I Şah İsmayıl arasında dostluq əlaqələrinin möhkəmlənməsində onun şiəliyi qəbul etməsi önəmli rol oynadı. Babur mirzə hələ I Şah İsmayılla yaxınlaşmasına qədər şiə məzhəbindən olan tanınmış alimlərdən astronom Qiyasəddin Mənsurla və tarixçi Qiyasəddin Xondəmirlə dost olmuşdu. O, bir müddət sonra Qızılbaş baharlı tayfasından olan Bayram bəy Baharlını dəvət edərək oğlu Hümayunun tərbiyəçisi təyin etmişdi. Babur mirzənin şiəlyi qəbul etməsi, xütbəni şiə qaydasında oxutdurması, hətta qızılbaşlara məxsus paltar geyməsi sünni özbək təhlükəsini özünə qarşı qaldırdı. Digər tərəfdən, Babur mirzənin atdığı addımlar onu Səfəvilərə yaxınlaşdırdı və dostluq münasibətini daha da möhkəməndirdi. Lakin Babur şahın şiəlikdən sadəcə siyasi məqsədlər üçün istifadə etməsi,daha sonra yenidən sünniliyə qayıtması Səfəvilərlə münasibəti bir müddət pozdu. Amma bu ittifaqın bərpasına ümidini itirməyən Şah İsmayıl Baburla yenidən danışıqlar aparmış, soyuqluq aradan qalxmışdı. Qeyd etmək lazımdır ki, Səfəvi şahı ilə Babur arasında hərbi ittifaq pozulsa da, bu ittifaqın gələcək qarşılıqlı əlaqələrdə böyük rolu oldu. Hadisələrin sonrakı inkişafı göstərdi ki, müəyyən müddət əlaqələrin kəsilməsinə baxmayaraq, sonralar iki qüdrətli dövlət arasında qarşılıqlı əlaqələr yenidən bərpa olundu, tərəflər arasında sıx diplomatiq əlaqələr yaradıldı.

«Baburnamə»nin verdiyi məlumata görə, Babur I Şah İsmayılın ölümündən sonra taxta keçən I Şah Təhmasibi təbrik etmək və diplomatik əlaqələri canlandırmaq məqsədilə elçisi Hacəyi Əsədi Səfəvi sarayına göndərdi. Şah I Təhmasib bu dövrdə Özbəklərlə mübarizə aparırdı,1528-ci ildə Babur şah göndərdiyi elçisi vasitəsilə Təhmasibin Özbəklər üzərində qələbəsi xəbərini aldı. Bu hal göstərir ki, Moğol dövləti Səfəvilərlə siyasi-diplomatik əlaqələrdə maraqlı olmuşdur. Şeybanilərlə mübarizə aparan Səfəvilərin də bir ittifaqa ehtiyacı var idi.

I Şah Təhmasibin Moğol hökmdarı Hümayunla (1530-1555) dostluq əlaqələri daha da möhkəmləndi. Lakin iki dövlət arasında çox mühüm hərbi-strateji məntəqəyə – Qəndəhara yiyələnmək uğrunda münaqişə baş verdi. Qəndəharın həm də böyük ticarət-iqtisadi əhəmiyyəti var idi. Hindistandan İrana mallarla yüklənmiş təxminən 14 min dəvə hər il buradan keçirdi . Təbiidir ki, buna görə də şəhər Səfəvilər və Moğollar arasında münaqişə obyektinə çevrildi və o, əldən-ələ keçməyə başladı.

Səfəvi-Moğol münasibətlərində Hümayunun hərbi yardım haqqında I Şah Təhmasibə müraciət etməsi əlamətdar hadisə oldu. Hümayun əfqan hakimi Şirxan tərəfindən darmadağın edildiyi üçün qardaşları da onu yalqız buraxdılar. Vəziyyət o dərəcədə ağırlaşdı ki, o, arvadı, qulluqçusu və 40 etibarlı adamının müşayiəti ilə Səfəvi ərazisində təqibdən yaxa qurtarmağa məcbur oldu . I Şah Təhmasib tərəfindən mehribanlıqla qarşılan Moğol hökmdarının şərəfinə böyük ziyafət verildi və ona qiymətli hədiyyələr təqdim olundu. 1544-cü ildə I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla qızılbaş ordusu Hümayunun sərəncamına verildi. Hümayun həmin hərbi yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi. I Şah Təhmasib Hümayun şahla sıx diplomatik əlaqələr saxladı.

1556-cı ilin yanvarında Hümayun şahın ölümü ilə hakimiyyətə 14 yaşlı oğlu Əkbər keçdi. Əkbər şah (1556-1605) dövründə də Azərbaycan Səfəvi dövləti ilə Moğol imperiyası arasında diplomatik əlaqələr davam etdirildi. Əkbər şahın «xanlar xanı» olan Bayram xan Şah Qazi sultanı xüsusi məktubla I Şah Təhmasibin sarayına göndərdi. O, Səfəvi və Moğol dövlətləri arasında dostluq münasibətlərinin yaradılmasını zəruri hesab edirdi. Çünki Hindistanda müəyyən çətinliklərlə qarşılaşan Əkbər şahın I Şah Təhmasibin mənəvi yardımına böyük ehtiyacı var idi.



Mühüm strateji məntəqə olan Qəndəhara sahib olmaq Moğollar və Səfəvilər üçün olduqca vacib idi. Şərqdə alınmaz qala olan Qəndəhar elə bir bölgədə yerləşirdi ki, o, Kabilin və Xorasanın təhlükəsizliyi üçün önəmli rol oynayırdı. Buna görə, Moğollarla Səfəvilər arasında münaqişə mənbəyinə çevrildi və onlar arasında ənənəvi dostluq əlaqələrinin pozulmasına səbəb oldu . Qeyd etmək lazımdır ki, Hindistan tarixçiləri Qəndəharı Hindistanın ilk müdafiə xətti hesab edirlər. Onlar bu müdafiə xətti olmadan Moğol imperiyasının tam təhlükəsiz olmayacağını düşünürlər. Qəndəhar qalası iri ticarət mərkəzi kimi karvan yollarının qovşağında yerləşirdi və Asiyanın müxtəlif bölgələrindən tacirlər buraya gəlirdi.

Şah Təhmasibin Əkbər şahın atasının ölümü ilə bağlı baş sağlığı verdiyi məktubu cavab qaldı,bir müddət sonra saraya göndərilən yeni məktubda Humayun şahın dövründə dostluq münasibətləri xatırladıldı,amma yenə də Əkbər şah bunu soyuq qarşıladı. Görünür Qəndəhar məsələsi iki dövlət arasında diplomatik əlaqələrə öz təsirini göstərmiş, siyasi əlaqələr faktiki olaraq kəsilmişdir. Bu vəziyyət Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin Osmanlılara qarşı mübarizədə Əkbər şahdan yardım almağa ehtiyac duyduğu dövrə kimi davam etdi. Səfəvi şahı Sultan Qulu Çandanoğlunu Hindistana göndərərək Əkbər şahdan yardım istədi. Əkbər şah oğlanlarından birini Səfəvi srayına göndərərək itaət göstərməyən qızılbaş əmirlərini cəzalandırmağı məsləhət gördü, hətta Xorasana gələrək Osmanlılara qarşı şaha yardım etməyi düşünsə də, onun bu planı gerçəkləşmədi.

I Şah Abbasın Moğol imperiyası ilə dostluq əlaqələri yaratması şərqdə Özbəklər və qərbdə osmanlılarla mübarizədə özünə müttəfiq tapmaq zərurətindən yarandı. Buna görə o, Əkbər şaha göndərdiyi məktublarda yardım göstərilməsini xahiş edərək, bu köməyin onun üçün vacib olduğunu, iki dövlət arasında dostluq müqaviləsinin bağlanmasına mühüm ehtiyac olduğunu göstərirdi . Lakin Əkbər şah ölkəsindəki gərginliyi və Şeybani hökmdarı II Abdulla xanın gənc Səfəvi hökmdarından daha güclü olduğunu düşünərək zəifin yanında olmaq istəmədiyinə görə əməli yardım göstərməsə də, elçisini I Şah Abbasın yanına yolladı və göndərdiyi məktubunda ona bəzi tövsiyələr verdi.I Şah Abbas daxildə və xaricdə əldə etdiyi qələbələrlə dövlətini gücləndirərək Moğol hakimləri tərəfindən idarə olunan Qəndəhara qarşı iddia ilə çıxış etdi. I Şah Abbas Əkbər şaha məktub göndərmədən öncə dövlətin rəsmi vəliəhdi olan oğlu Cahangirə məktub yollayaraq qarşı tərəfin mövqeyini öyrənmək istədi. I Şah Abbasın şahzadəyə göndərdiyi məktubda iki dövlət arasında dostluq əlaqələri yaratmaq istəyi öz əksini tapdı. Şah Abbas vəliəhd Cahangirə (Şah Səlim) göndərdiyi məktubda qarşılıqlı əlaqədən və qədim dostluqdan bəhs edərək bu dostluğun köklərinin Teymura dayandığını bildirir.

Şah I Abbas hakimiyyətə gəldiyi vaxtdan həm daxili vəziyyəti düzəltməyə çalışır,həm də Özbəklərlə mübarizə aparırdı,eyni zamanda qərbdə Osmanlılarla da mübarizə aparırdı,belə bir vaxtda o Əkbər şahdan dəstək istədi, Əkbər şah da bu dövrdə Hindistana yürüşlərinə davam edirdi. Belə vəziyyətdə o Abbasa ancaq tövsiyə məktubu göndərib,daxili vəziyyəti düzəltməyi, Özbəklərlə də sülh müqaviləsi bağlamağı tövsiyə etdi. Həmin vaxtda Şeybanilərdən II Abdulla xan da Əkbərdən yardım istədi,onun bir məqsədi də məhz Səfəvi-Moğol ittifaqının qarşısını almaq idi. Əkbər şah ona da eyni mahiyyətdə məktub göndərdi. Beləliklə Əkbər şah Moğolun vəziyyətini, sonrakı durumunu düşünüb heç bir ölkəyə yardım etmədi.



Qeyd etmək lazımdır ki, Səfəvi şahları Hindistanla İranı birləşdirən tranzit ticarət yollarının üzərində yerləşən, Hindistanın qərb bölgələrini Heratla birləşdirən başlıca mərkəz olan Qəndəhar şəhərini Xorasanın bir hissəsi hesab edirdilər. Səfəvilərə görə Xorasan dörd şəhərdən – Herat, Məşhəd, Mərv və Qəndəhar – ibarət olmuşdur. Buna görə də, onlar hər zaman Qəndəharı öz hakimiyyətləri altına almağa çalışmışdılar. Xorasan bölgəsinin təhlükəsizliyi üçün Qəndəharı hakimiyyətləri altında saxlamağa çalışan Səfəvi şahlarına qarşı Moğol hökmdarları Kabilin və Şimali Hindistanın müdafiəsi üçün Qəndəhara nəzarət etmək istəyirdilər. Buna görə də, Qəndəhar iki dövlət arasında dəfələrlə əldən-ələ keçmişdir. Qəndəhar mühüm ticarət mərkəzi idi. Lahordan Qəndəhar yolu ilə İsfahana uzanan yol müəyyən çətinliklərə baxmayaraq ən çox müraciət olunan ticarət yollarından biri idi. Ticarət karvanları bu yolla şəkər, indiqo, daş-qaş, pambıq parçalar və paltarlar daşıyırdılar. Çalma ticarəti də önəmli yer tuturdu. Çünki İranda istifadə olunan çalmaların hamısı Hindistandan gətirilirdi.

1597-98-ci illərdə qarşılıqlı məktublar göndərilmiş,Əkbər şah həm daxili,həm də xarici münasibətləri qaydaya salacağına dair Şah Abbasa inamını bildirmişdir. Və dostluq münasibətləri bir qədər qaydaya salınmışdı.XVI əsrin sonlarında Səfəvi-Moğol münasibətləri daha da möhkəmləndi. 1599-cu ildə Əkbər şah elçisi vasitəsilə I Şah Abbasa məktub yollayaraq öz nəvəsi ilə Səfi Mirzənin evlənməsini arzu etdiyini bildirdi. Əkbər şah bu evlilik gerçəkləşərsə, I Şah Abbas yeddi il ərzində hansı dövlətlə savaşarsa-savaşsın ona yardıma 30 minlik qüvvə göndərəcəyini öz üzərinə götürürdü .Lakin dövrün qaynaqlarında Moğol hökmdarının bu təklifinə I Şah Abbasın hansı cavab verməsi ilə bağlı mühüm məlumat yoxdur. I Şah Abbas Əkbər şahın ölümündən sonra taxta keçən oğlu Cahangirlə (1605-1627) yaxşı əlaqələr yaratmağa səy göstərərək, ona səmimi məktublar göndərmiş və iki dövlət arasındakı dostluğun davam etdirilməsinə çalışmışdır. Şah Cahangirə təbrik məktubu və atasının ölümü ilə bağlı baş sağlığı məktubu da göndərmiş,Cahangir şah bunu yaxşı qarşılamışdı. Həmin dövrdə şah Osmanlılarla da mübarizə aparırdı və müharibə uğurla nəticələnmişdi.

İki dövlət arasındakı dostluq münasibətləri 1622-ci ildə I Şah Abbasın Qəndəharı Moğollardan alaraq Səfəvi imperiyasına birləşdirməsinə qədər pozulmadı. Səfəvi hökmdarı 1620-ci ildə Zeynal bəy Şamlının səfarət heyətinin Moğol sarayına göndərilməsindən 1622-ci ildə Qəndəharın ələ keçirilməsinə kimi Cahangirin sarayına qiymətli hədiyyələrlə özünün beş elçisini göndərdi. I Şah Abbas diplomatik vasitələrlə Qəndəharı geri qaytarmağın mümkün olmadığına əmin olduqdan sonra 1622-ci ilin fevralında onu hərbi yolla azad etməyə qərar verdi. Bu dövrdə Cahangir şah Dekan xanları ilə mübarizə aparırdı, müəyyən səbəblərdən onun oğlu sərkərdə Cahan xan da atasına qarşı üsyan qaldırdı. Belə bir vəziyyətdə, Qəndəhar hakimi Əbdüləziz xan I Şah Abbasın hücumu qarşısında yalnız üç həftə dayana bildi. 1622-ci il iyunun 21-də şəhər Qızılbaşlar tərəfindən ələ keçirildi.

Qəndəharın ələ keçirilməsindən sonra Cahangir şahın Şah Abbasa qarşı qardaşlıq münasibətinə inamı qırılmış,hətta Səfəvilərə qarşı yürüşə böyük hazırlıq gördüyü də məlum olmuşdur. Daha önəmlisi o Özbəklərlə də ittifaq bağlamışdı. Amma ölkə daxilində xoşagəlməz hadisələr,sarayda baş verən intriqalar, şahın özünün də sağlamlığının yaxşı olmaması buna imkan vermədi.



I Şah Abbasın qüdrətinin zirvəsində olması, özbəklərin Moğol sərhədlərini pozması və ölkə daxilindəki problemlər Cahangirin sərt mövqeyinin yumşalmasına və Qəndəharın fəthi ilə bağlı barışmaq məcburiyyətində qaldı.

Beləliklə, XVII əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin baş verdiyi bir şəraitdə Şərqin iki böyük hərbi-siyasi güc mərkəzləri – Azərbaycan Səfəvi dövləti ilə Böyük Moğol dövləti arasında sülh və dostluq zəmininə əsaslanan münasibətləri Qəndəhar üstündə çəkişmələr tam poza bilmədi. Məlum olduğu kimi, Qəndəhar Hindistanla Səfəvi dövləti arasında çox mühüm hərbi-strateji məntəqə – keçid qapısı olub, iqtisadi-strateji əhəmiyyət kəsb edirdi . Daha öncə də qeyd etdiyimiz kimi, Qəndəharın Böyük Moğol dövləti üçün çox böyük strateji əhəmiyyəti vardı. Belə ki, Qəndəhar Səfəvi dövlətinə tabe olduqda istər-istəməz Kabul, Qəznə və Bəlucustanın bir hissəsi onların nəzarəti altına düşürdü. Əksinə olduqda isə Əfqanıstanda Moğolların nüfuzu artır, Heratın təhlükəsizliyinin təşkili çətinləşirdi. Elə buna görə də, hər iki dövlət bu qalaya sahib olmaqda maraqlı idi və onlar arasında baş vermiş münaqişələrin də başlıca mövzusu bu məntəqə olmuşdu .

Sonrakı hökmdarların hakimiyyəti dövründə də münasibətlər davam etmişdir. Şah Cahanın əsas xarici siyasəti Qəndəharı geri qaytarmaq olsa da,siyasi diplomatik əlaqələrin pozulmaması naminə buna cəhd etmədi. Həmçinin bu dövrdə Mərkəzi Asiya xanlıqları ilə də Moğol dövləti arasında münasibətlər gərginləşmişdi.

Şah Sultan Hüseynin hakimiyyətinin erkən vaxtlarında Kabil əyalətinə hakim təyin olunan Moğol imperatorunun ikinci oğlu Şah Aləm Qəndəharda güclü tayfa olan gilzay əfqanlarını şaha qarşı üsyana qaldırmağa, son nəticədə isə itirilmiş ərazini geri qaytarmağa uğursuz cəhd etdi. XVII sərin sonlarında Böyük Moğol imperatoru İsfahana səfirlik göndərib, Qəndəharın geri qaytarılmasında təkid etdi, lakin şah ona rədd cavabı verdi.

Beləliklə, dövrün qaynaqlarının təsdiq etdiyi kimi, Səfəvi və Böyük Moğol dövlətləri arasındakı əlaqələr, diplomatik münasibətlər dərin tarixi köklərə söykənirdi. Bu münasibətlərin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinin öyrənilməsi bir daha göstərir ki, iki dövlət arasında uzun müddət davam edən qarşılıqlı əlaqələrdə Qəndəhar istisna olmaqla heç bir mübahisəli ərazi yox idi. Qəndəhar üstündə onlar arasında yüz ildən artıq davam edən çəkişmələr aralarındakı sülh və dostluq əlaqələrini tamamilə pozmamış, çox ciddi qarşıdurmaya səbəb olmamışdır.


Yüklə 71,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin