Azaqova Aysu Azərbaycan tarixi-2 Mövzu: Azərbaycan Səfəvi dövlətinin digər qonşu dövlətlərlə münasibətlərinin tarixşünaslıqda əksi Plan


Plan 4. Gürcüstan knyazlıqları ilə münasibətlər



Yüklə 71,34 Kb.
səhifə5/9
tarix16.04.2022
ölçüsü71,34 Kb.
#55569
1   2   3   4   5   6   7   8   9
Aysu Azaqova

Plan 4. Gürcüstan knyazlıqları ilə münasibətlər

XVI əsrin əvvəllərində Osmanlı imperiyası ilə Azərbaycan Səfəvi dövləti arasında mühüm hərbi-strateji mövqe tutan Gürcüstan Kartli, Kaxetiya, İmeretiya və Samtsxe-Saatabaqo knyazlığına parçalanmışdı . Qeyd etmək lazımdır ki, Gürcüstan tarix boyu fərqli feodal siyasi qurumların fəaliyyət göstərdiyi bölgə olmuşdur. Ölkənin təbii-coğrafi mövqeyi buna öz təsirini göstərmişdi. Bölgənin coğrafi mövqeyi kiçik feodal dövlətlərin yaranmasına, onların bütün bölgəni əhatə edən mərkəzləşmiş dövlət yaratmasına mane olmuşdur. Osmanlı imperiyası Səfəvilərdən əvvəl Qərbi Gürcüstanda möhkəmlənmişdi. Yaxın Şərqin Osmanlı imperiyası və Səfəvi dövləti kimi iki qüdrətli siyasi qurumunun qarşısında dayana bilməyən gürcü knyazları sultanla şah arasında manevr etməklə öz torpaqlarının bütövlüyünü saxlamağa çalışırdılar.

Gürcüstan knyazlıqları qərbdən Osmanlı, şərqdən Səfəvi dövlətinin təzyiqinə məruz qalmış və iki dövlət arasında mübarizə meydanına çevrilmişdir. Sadıq Bilge yazır ki, 1514-cü ildə Çaldıran döyüşündə Sultan Səlim qızılbaşları ağır məğlubiyyətə uğratdığı üçün Kartli-Kaxeti hakimləri Osmanlı sultanının hakimiyyətini qəbul etdilər. 1514-cü ilin oktyabrında yaradılan Ərzincan əyalətinin tərkibinə Gürcüstanın Meqrel, Gürel,İmeret və Abxaziya bölgələri daxil edildi. Buna görə də, I Şah İsmayıl Gürcüstanda öz mövqeyini möhkəmləndirməyə çalışdı. Venesiya səyyahlarının verdiyi məlumata görə, 1514-1515-ci ilin qışında I Şah İsmayılın təşəbbüsü ilə Məmlük dövləti, Zülqədər bəyliyi və Gürcüstan knyazları arasında Osmanlılara qarşı ittifaq yaradıldı . Lakin bu ittifaq gözlənilən nəticəni vermədi. Çünki tezliklə Osmanlı ordusu ittifaq üzvlərindən zülqədərləri və məmlükləri məğlubiyyətə uğratdı. Bu zaman Ərzincan bəylərbəyi Bıyıklı Mehmed paşanın başçılığı altında Osmanlı ordusunun Gürcüstana yürüşü baş verdi. Bəzi gürcü knyazları Osmanlılarla sıx əməkdaşlıq edərək Səfəvilərə düşmən mövqedə olduqlarını nümayiş etdirdilər. Hətta, Kartli knyazı VIII David (1505-1525) Səfəvilər əleyhinə fəaliyyətdə Osmanlı kəşfiyyatçılarına kömək göstərdi. Həmçinin, İmeretiya, Kartli və Kaxeti hakimlərinin qoşunları Azərbaycanın Qarabağ vilayətiə qarətçi yürüşlər etdilər.Osmanlı-Səfəvi rəqabətinin güclənməsi, I Şah İsmayılı Gürcüstanda öz mövqeyini möhkəmləndirmək üçün tədbirlər görməyə vadar etdi.İsgəndər bəy Münşinin verdiyi məlumatdan aydın olur ki, Kaxeti və Mesxi hakimləri Səfəvi şahına itaət göstərərək vassal asılılığını qəbul etdiyi halda, Kartli hakimi Luarsab nəinki itaətdən boyun qaçırdı, hətta Səfəvilərin vassal asılılığını qəbul edən Mesxi hakimi üzərinə yürüş etməkdən çəkinmədi.

Sultan Səlimin Misiri fəth etməsindən sonra 1517-ci ol oktyabrın 24-də Osmanlılara itaətlərini bildirməsi I Şah İsmayılın 1518-ci ildə böyük bir ordu ilə Gürcüstana yürüşünə səbəb oldu. Səfəvilərə qarşı dayana bilməyəcəyini görən Kartli hakimi X David oğlu Luarsabı şahın yanına göndərərək sədaqət andı içdi və hər il üç yüz at yükü ipək göndərəcəyini qəbul etdi. 1520-ci ildə Kaxeti üzərinə yürüş edən X David Kiziki döyüşündə I Ləvənd xana məğlub oldu. Səfəvilər Ağcaqalanı aldıqdan sonra 1521-ci ildə Teletidə Kartli çarı X Davidin oğlu Luarsabın komandanlığı altında gürcü ordusunu məğlub etdi. Tiflisi ələ keçirən Səfəvilər burada xüsusi qarnizon yerləşdirdilər. I Şah İsmayıl Səfəvi hakimiyyətinin nşanəsi kimi Tiflisdə Kür çayının sahilində came tikdirdi. Kaxeti çarı I Ləvənd xan və Kartli çarı X David əfv diləyərək Səfəvilərə itaət etdilər(çünki 1518-ci il döyüşündən sonra o illik bacı verməkdən imtina etmiş,hətta Şəkiyə də hücum etmişdi).Gürcüstanın digər hökmdarları – Kvarkvare, David bəy və Mənuçöhr də bu cür hərəkət etdilər.Onlar Div sultan Rumlu ilə birlikdə Naxçıvanda qışlayan I Şah İsmayılın yanına gəldilər. Burada gürcü knyazları Səfəvilərə hər il vergi verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar.



Beləliklə, 1516-1521-ci illər ərzində həyata keçirilmiş yürüşlər nəticəsində Gürcüstanın böyük bir ərazisi Səfəvi imperiyasına tabe edildi. F.Kırzıoğlunun fikrincə, Sultan Süleyman Belqrad səfərində olduğu bir vaxtda I Şah İsmayıl Div sultan Rumlunun Kartli və Kaxeti yürüşləri nəticəsində Şərqi Gürcüstanı özünə tabe etdi. O, daha öncə Çoruk-Axısqa bölgəsini də himayəsi altına almışdı. Qərbi Gürcüstan bölgələri Osmanlı dövlətinin təsiri altında qaldı.

1524-cü il mayın 23-də I Şah İsmayılın ölümündən sonra Kartli hakimi X David Tiflis qalasındakı Səfəvi qarnizonunu qılıncdan keçirdi. O, 1525-ci ildə Ağcaqalanı da ələ keçirərək tamamilə dağıtdı . I Şah Təhmasib dövründə Səfəvilər Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizə apardılar. 1540-1554-cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etdi.

I Şah Təhmasib 1540-cı ildə birinci Gürcüstan səfərini uğurla başa çatdıraraq Təbrizə qayıtdı. Səfəvi şahının göstərişi ilə mərkəzi Tiflis olan Kartli-Gürcüstan əyaləti yaradıldı. Əyalətə xan ünvanı daşıyan valilər təyin edildi. S.M.Bilgenin fikrincə, Kaxeti çarı I Ləvənd xanın Səfəvilərin Şəki valisini öldürməsi I Şah Təhmasibin 1546-cı ildə Gürcüstana ikinci yürüşünə səbəb oldu. Lakin onun bu fikrini dövrün qaynaqları təsdiq etmir.( Çünki onun şimal-qərb torpaqlarına yürüşünün səbəbi üsyan qaldırmış Əlqas Mirzəni cəzalandırmaq idi,anası onun adına üzr istədiyi üçün o Şəkiyə getməkdən vaz keçmiş,yolunu Gürcüstana salmışdı). 1546-47-ci illərdəki ikinci yürüşün nəticəsində bütün Kür boyları – Mesxi, Kartli və Kaxetdən başqa, Osmanlılardan üz döndərən Açıqbaş hakimi Məlik Baqrat da(II Baqrat) Səfəvi şahına itaət göstərərək ölkəsini talan edilməkdən xilas etdi. 1551-ci ildə Osmanlıların Gürcüstana hücum edib Ardanuç qalasını alması,Məsxi hakimimin zorakılıqla bəzi əraziləri ələ keçirməsi və Ərzurum xanının Şahdan yardım istəməsi Şah I Təhmasibin üçüncü yürüşünə səbəb oldu. F.Kırzıoğlu yazır ki, Səfəvi şahı Osmanlıların əlinə keçən Ardanuç və Ərdahan bölgələrinə qarşılıq Axalkələk və Tümük bölgələrini atabəy II Keyxosrova verərək onun Səfəvilərlə münasibətini möhkəmləndirmiş oldu. Səfəvi şahının Gürcüstana dördüncü yürüşünə səbəb I Luarsabın Tiflis üzərinə yürüş etməsi oldu.Dördüncü yürüş nəticəsində I Şah Təhmasibin əlinə otuz mindən çox əsir keçdi. Luarsab qaçdığı üçün I Şah Təhmasib Qarabağa qayıtdı.

1555-ci il Amasya müqaviləsinə görə Gürcüstan Osmanlılarla Səfəvilər arasında bölüşdürüldü. Gürcüstanın şərqi – Kaxeti, Kartli və Mesxinin Şərqi Səfəvilərdə, Gürcüstanın qərbi – Başıaçıq, Meqrel, Gürel və Mesxinin Qərbi Osmanlılarda qaldı.Lakin gürcü valiləri arasında şücaətinə və cəsarətinə görə seçilən Luarsab I Şah Təhmasibin dəfələrlə Gürcüstana yürüş etməsinə baxmayaraq itaət etməyi və xərac verməyi üzərinə götürmədi.

Bu dövrdən etibarən də Luarsab və onun oğlu Simon Tiflisi geri qaytarmaq siyasəti yeridirdilər. Həmçinin Kaxeti çarı Levend də Səfəvilərin tabeçiliyi altından çıxmaq üçün Moskva knyazlığına müraciət etmiş,1564-cü ildə Moskvanın tabeliyini qəbul etmişdi. Amma I Şah Təhmasibin I Ləvənd xanı təhdid etməsi və Krım xanının Moskva üzərinə yürüşü rusların 1571-ci ildə Kaxetini tərk etməsinə səbəb oldu. Osmanlı dövləti rus çarının Gürcü knyazları vasitəsi ilə Cənubi Qafqaza nüfuz etməsinin qarşısını almaq üçün Şərqi Gürcüstanı Osmanlı dövlətinə birləşdirməyə çalışdı. 1572-ci ildə Kaxeti çarlığının Ərzurum əyələtindən bəzi sancaqlıqlarla birlikdə Gürcüstan əyaləti adı altında Osmanlı torpaqlarına birləşdirildiyi elan edildi. Lakin bu proses uzun çəkmədi. 1574-cü ildə Ləvənd xanın ölümü ilə vəziyyət dəyişdi. Onun oğlu Aleksandr Torq adlı yerdə hakimiyyətə gəldi və 1604-cü ilə qədər Kaxeti hakimi vəzifəsində qaldı.

S.Bilgenin fikrincə, I Şah Təhmasibin səyləri nəticəsində bu dövrdə Qafqazdakı Səfəvi ərazisi Kür çayının mənbəyindən başlayaraq Xəzər dənizinin qərb sahilində yerləşən Dərbəndin şimalına qədər genişləndirildi. 1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsində Səfəvi şahının müttəfiqi olan Kartli hakimi I Simon Osmanlı işğalına qarşı mübarizədə yaxından iştirak edirdi. 1588-ci ildə I Simon Fərhad paşa ilə əldə olunan razılığa əsasən Osmanlı dövlətinə tabe oldu. 1589-cu ildə sultan III Murad ildə 100 min sikkə qızıl xərac verməklə Kaxetinin idarə edilməsini I Simona verdi. Buna baxmayaraq, Kartli çarı Osmanlılara qarşı gizli fəaliyyətini davam etdirdi.

1590-cı il İstanbul sülhünə görə əksər Azərbaycan torpaqları kimi Gürcüstan və Dağıstan əraziləri də Osmanlı dövlətinin hakimiyyəti altında qaldı. I Şah Abbas Osmanlılara qarşı müharibəyə hərtərəfli hazırlaşdığı bir dövrdə Kartli-Kaxeti hakimlərini bu mübarizəyə cəlb etmək üçün təşəbbüs göstərdi. 1595-ci ildə Şah Abbas və Kartli hakimi(I Simon) ilə Kaxeti hakimi (II Aleksandr) arasında Osmanlıya qarşı sülh imzalanmış,1598-ci ildə Simon Osmanlıya qarşı partizan müharibəsi etsə də,əsir alınmışdı. Onun ölümündən sonra II Georginin dövründə bu ittifaq davam etmiş,1604-cü ildə İrəvanın geri alınmasında yaxından iştirak etmişlər.Amma qeyd etmək lazımdır ki, bu hakimlər müstəqilliyə can atır, Moskva knyazlığına, həmçinin Osmanlıya yaxınlaşırdılar. Şah Abbas bu münasibətləri izləmiş,II Aleksandrın ona xəyanət edəcəyini əvvəldən zənn etmişdi,buna görə də Kaxeti hakimini bağışlamayıb qətl etdirmişdi. 1605-ci ildə İslamı qəbul etmiş Konstantin hakimiyyətə gəldi,o Moskva ilə əlaqələri kəsdi və bir müddət sonra rus elçiləri və qüvvələri ölkədən çıxdılar.

1606-ci ildə Gəncəni aldıqdan sonra Şah Abbasın ordusu Əliqulu xanın rəhbərliyi ilə Tiflisə daxil oldu və şəhəri ciddi müqavimətə rast gəlmədən aldılar. Dəli Məhəmmədi Tiflis komendantı qoyan şah Gürcüstan məsələsinin həll olduğunu bilərək müharisəsi nəticəsiz qalmış Şamaxıya yürüşə keçdi.

Osmanlılarla müharibənin gedişində ardıcıl qələbələr qazanan I Şah Abbası təbrik etmək və öz itaətlərini bildirmək üçün gürcü əmirləri onun hüzuruna gəldi. Yalnız Kaxeti hakimi Teymuraz öz itaətini bildirmədi. Gürcü əmirləri I Şah Abbasın qətiyyəti qarşısında boyun əyməyə məcbur oldular. I Şah Abbas bəzi gürcü əmirlərinin bölgədə qarışıqlıq yaratmaq və gözlənilən üsyanlarda əsaslı rol oynamalarına yol verməmək üçün onları özü ilə Səfəvi sarayına apardı.

XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibəsinin gedişində üstünlüyü ələ alan I Şah Abbas Azərbaycan torpaqlarının azad edilməsini başa çatdıraraq Osmanlı sultanını sülh bağlamağa vadar etdi. 1612-ci noyabrın 20-də imzalanmış İstanbul sülhü Amasya sülhünün (1555) şərtlərini bərpa etdi. Lakin Osmanlı tərəfi bir sıra yeni şərtlər irəli sürdü. Buna baxmayaraq, müqaviləyə görə Şərqi Gürcüstan və Dağıstan Səfəvi dövlətinin nəzarəti altında qaldı.

I Şah Abbas 1612-ci ildə Osmanlı dövləti ilə sülh bağlamasına baxmayaraq, Gürcüstanda hakimiyyətini qəbul etməyən Kaxeti hakimi Teymurazı və bəzi yerli hakimləri itaət altına almaq üçün 1613-cü il oktyabrın 24-də İsfahandan Gürcüstan səfərinə çıxdı.

Burada bir məsələyə aydınlıq gətirməyə ehtiyac vardır. Belə ki, əksər Türkiyə tarixçiləri I Şah Abbası 1612-ci il İstanbul sülhünün şərtlərini pozaraq Gürcüstana yürüş etdiyini qeyd edirlər. Onlar İstanbul sülhünə görə Şərqi Gürcüstanın Osmanlı dövlətinin nəzarətinə keçdiyini əsas gətirirlər. Lakin Sadıq Bilge Səfəvi şahının bu yürüşünün səbəbi ilə bağlı yazır ki, Kaxeti hakimi I Teymurazın Van bəylərbəyi Hüseyn paşa vasitəsilə Osmanlı dövlətindən yardım istəməsi və Osmanlı himayəsinə girməyə hazır olduğunu bildirməsi I Şah Abbasın Kaxetiyə yürüşünə səbəb oldu. I Teymurazın Səfəvi şahına sədaqətli olduğunu göstərmək üçün anası Ketavan, oğlanları Levan və Aleksandrı əmanət göndərməsinə baxmayaraq yürüşü davam etdirən Səfəvi ordusu Zəgəmi ələ keçirdi. I Teymuraz qaçaraq Kartliyə sığındı. Kaxeti taxtı I Teymurazın əmisi oğlu müsəlman İsa xana verildi. Zəgəmi qarət edən I Şah Abbas şəhəri yenidən bərpa etmək məqsədi ilə əhalini üç illik vergilərdən azad etdi.

Göründüyü kimi, Kaxeti hakimi I Teymurazın Osmanlı dövləti ilə münasibətləri möhkəmləndirmək cəhdləri Səfəvi hökmdarının 1613-cü ildə Gürcüstan yürüşünə təkan vermişdi. Türkiyə tarixçiləri unudurlar ki, 1612-ci il İstanbul müqaviləsi faktiki olaraq Amasya sülhünün şərtlərini bərpa etdiyi üçün Şərqi Gürcüstan Səfəvilərin nəzarətində qalmışdı. C.Aydoğmuşoğlu hadisələrin şahidi İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, Səfəvi şahı bu yürüş nəticəsində 30 min adamı əsir aldı, 40 min baş inək və qoyunu ələ keçirdi və 30 min insanı müsəlman dininə gətirdi.

1619-28-ci Gürcüstanda üsyanlar baş vermiş,hakimlər Səfəvilər dövlətinə hücumlar etmiş, Qızılbaş ordusuna zərər də vermişlər. Hücumlar dəf edilib Kartli və Kaxetiya nəzarət altına alınsa da,1629-cu ildə Abbasın xəstələnməsi və vəfatı onun Giorgiyə qarşı yürüşünün qarşısını almışdı. Beləliklə Şah Abbasın dövründə də Qərbi Gürcüstana və Qara dənizə çıxış əldə edilə bilməmişdi.

Şah Səfinin dövründə də Teymuraz şaha tabe olmaqdan boyun qaçırdı,hətta onun dövründə Qarabağ bəybəlbəyi Davud xan da şaha qarşı çıxdı. Onlar birləşib Gəncə və Qarabağı ələ keçirmək istəsələr də,sarayda böyük nüfuza malik qacarlar onların tərəfində olmadı. Müttəfiqlərin Gəncə və Bərdə şəhərinin qarət etmələrindən sonra Şah Səfi Rüstəm xanın başçılığı ilə qoşun göndərdi və Teymuraz məğlub olub Başıaçıqa sığındı. Rüstəm xanın daha sonra gürcülərlə qohum olması onun sarayda nüfuzunu artırmaqla bərabər gürcülərdə dayaq yaratmasına gətirib çıxardı.İ.K.Pavlova Məhəmməd Məsumun verdiyi məlumata əsaslanaraq yazır ki, yaranmış vəziyyətdə I Teymuraz Kaxetidə hakimiyyəti bərpa etmək üçün Səfəvi şahı ilə əvvəlki münasibətləri bərpa etmək məcburiyyətində qaldı. O qızı Tinatini Rüstəm xan vasitəsilə Səfəvi sarayına yola saldı və Şah Səfi Teymurazın qızı ilə evləndi. Bundan sonra Teymuraz yenidən Kaxeti hakimi vəzifəsinə qayıda bildi.

Şübhəsiz ki, Rüstəm xanın Kartli valisi təyin edilməsi, I Şah Səfinin I Teymurazın qızı ilə evlənməsi Səfəvi-Osmanlı müharibəsinin gedişində Qızılbaşlara qarşı Gürcüstanda etibarlı dayağın yaradılmasına əlverişli şərait yaratdı.

II Şah Abbas (1642-1666) dövründə də Səfəvi dövlətinə sədaqətlə xidmət edən Rüstəm xan Kartlidə mərkəzi hakimiyyətə tabe olmayan yerli hakimləri məğlub edib daxili ixtişaşları aradan qaldırmağa müvəffəq oldu.Rus çarından gözlədiyi yardımı ala bilməyən I Teymuraz 1648-ci ildə II Şah Abbasın Kaxetiyə göndərdiyi Rüstəm xana məğlub olaraq ölkəni tərk etdiyi üçün Kaxeti Kartliyə birləşdirildi . Lakin 1656-cı ildə Teymurazın Kaxetiyaya qayıtmasından ehtiyat edən Şah onu Səfəvilər dövlətinə birləşdirdi və Səlim xanın başçılığı ilə ərazi 1656-64-cü illərdə mərkəzə tabe oldu. 1660-cı ildə Böyük Moskva knyazlığının yardımından ümidlərini kəsən I Teymuraz İsfahana gedərək Kaxeti taxtının Moskvadakı nəvəsi İrakliyə verilməsini II Şah Abbasdan xahiş etdi. Həbsə alınaraq Astrabada göndərilən I Teymuraz 1663-cü ildə orada vəfat etdi . Şübhəsiz ki, Səfəvi hakimiyyətinə qarşı əlli ildən çox mübarizə aparan I Teymurazın II Şah Abbasa itaət etməsi Qızılbaşların mühüm qələbəsi, Gürcüstanda möhkəmlənməyə çalışan Böyük Moskva knyazlığının bütün cəhdlərinə baxmayaraq uğursuzluqla nəticələndi.Şah Süleyman dövründə Gürcüstanda mərkəzi hakimiyyətə qarşı yerli hakimlər tərəfindən baş qaldırılan ixtilaflar mərkəzi hakimiyyət tərəfindən yerli valiləri dəyişmək yolu ilə aradan qaldırıldı.

Beləliklə, Türkiyə tarixçilərinin verdiyi məlumatlardan aydın olur ki, XVI-XVII əsrlərdə Səfəvi dövlətinin bir tərəfdən Osmanlı imperiyası və digər tərəfdən Qafqazda möhkəmlənmək uğrunda mübarizəyə başlayan Böyük Moskva knyazlığı ilə rəqabətdə Şərqi Gürcüstanı öz nəzarətində saxlamağa nail oldu, hətta müəyyən dövrlərdə Qərbi Gürcüstanın bəzi vilayətlərində möhkəmlənməyə çalışdı. Türkiyə tarixçilərinin tədqiqatları bunu söyləməyə imkan verir ki, Səfəvi şahları regionda Osmanlı sultanının və rus çarının yerli hakimləri mərkəzi hakimiyyətə qarşı açıq mübarizəyə sövq etməsinə baxmayaraq, öz mövqelərini qoruyub saxlamağa nail oldular.


Yüklə 71,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin