Aydin talibzadə



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə4/24
tarix26.02.2017
ölçüsü2,76 Kb.
#9887
1   2   3   4   5   6   7   8   9   ...   24

                   ÖHDƏÇİLİK 
 
     Mən, sənədi imzalamış Azərbaycan Dövlət Dram Teatrının keçmiş 
işçisi Məmmədov Mehdi, Moskva şəhərində Dövlət Teatr Sənəti 
İnstitutunda oxuyub Azərbaycan Dövlət Dram Teatrından sabit təqaüd 
ala-ala öhdəçilik götürürəm ki, institutu bitirəndən sonra yalnız bu 
teatrda işləyəcəyəm. Yazdıqlarımı öz şəxsi imzamla təsdiqləyirəm. 
                

______________Milli Kitabxana_______________ 
38 
                 İmza        /Məmmədov M.Ə/ 
22.09.35 
 
     Bu  sənədi yadda saxlayın. Mühüm bir sübut kimi onun 
üzərinə bir də qayıdacağıq. 
     Moskvaya  yollandıqdan sonra Mehdi düz dörd ay, yəni 
sentyabrdan dekabra kimi, sinif içində heç kimlə bir kəlmə də 
kəsmir: eləcə susub oturur. Mən burada Hamletsayağı, və bəlkə 
də Komandorsayağı  rəftarın ilk əlamətlərini, cizgilərini 
görürəm. Dördcə ay prinsip gözləyib  ətrafındakı insanlarla 
aktiv ünsiyyətdə olmamaq və ya bilərəkdən ünsiyyətdən 
qaçmaq, özünü səssiz tənhalıq qəsrinin könüllü əsiri eləmək 
Hamlet tipli bir qəhrəmanın səciyyəsi, ya da “daş qonağın” 
özünü başqalarına təqdim etmə  tərzi.  Mehdi rus dilində 
savadsız-savadsız danışmaqdan, sözləri gülməli intonasiyada, 
cənublu ləhcəsində tələffüz etməkdən utanırdı, xəcalət çəkirdi,  
lağ obyektinə çevrilməsindən ehtiyatlanırdı. Belə qapalı olum 
tərzi də axırı ona gətirib çıxartdı ki, Mehdi özünü xəstə saldı,  
psixi stress yaşadı,  əsəb gərginliyinə dözəmmədi, bir illik 
möhlət istədi institutun rəhbərliyindən... və Moskvadan Bakıya 
döndü. 
     Teatrşünas 
İlham Rəhimlinin yazdıqları: “Mehdi 
Məmmədov Moskvaya ali məktəbə  qəbul olandan sonra rus 
dilini öyrənmək üçün gecə-gündüz çalışır və nəticədə psixikası 
pozulur. Bir il fasilə almağa müyəssər olan gənc Mehdi Bakıya 
gəlir. Burada da kamına çatmadığı  məhəbbət macərası onu 
əməlli-başlı sarsıdır. Ruhi xəstəxanada müalicə almalı olur. 
Buna görə Mehdi Məmmədovdan xoşu gəlməyənlər küncdə-
bucaqda ona “dəli” yarlığı” yapışdırırdılar. Mehdi müəllim 
ciddi müalicədən sonra həmişə fikirləşib danışırdı ki, 
cümlələrində nahamvarlıq olmasın, ona irad tutmasınlar. Get-
gedə də bu, onun xarakterində ciddi vərdişə çevrildi. Sonralar 
Mirzağa  Əliyev həmişə zarafatla deyirdi ki, Mehdi müəllimə 
bu gün salam verirsən, sabah “əleykə salam” alırsan”.
40
 Bu 
sitatda mən bir sevgi macərası gördüm, amma ha çalışdım, 

______________Milli Kitabxana_______________ 
39 
təfsilatını araşdıra bilmədim. Mehdinin ilk sevgi obyekti, onun 
“məcnun”luğunun səbəblərindən biri, mənim üçün sirr olaraq 
qaldı. O xanımın kim olduğunu məndən gizlətdilər.  
     XX  əsr nəsrinin dahilərindən biri Xulio Kortasarın bir 
hekayəsi var, qəhrəmanı mənim kimi bir tədqiqatçıdır. Həmin 
bu tədqiqatçı ünlü bir yazar haqqında bir monoqrafiya nəşr 
etdirir və bu əsər qısa bir müddətdə bestsellerə, yəni  ən çox 
satılan oxunaqlı bir kitaba çevrilir və məşhurlaşır. Öz uğurunun 
dadını  çıxaran monoqrafiya müəllifinə elə bu məqamda xəbər 
çatır ki, bəs bir qadın həmin yazıçının havaxtsa ona 
ünvanladığı ikicə sevgi məktubunu tədqiqatçıya təqdim etmək 
istyəyir. Qısa eləyirəm: tədqiqatçı gedib o qadını tapır, bu 
“didərgin” iki məktubu alır, açıb oxuyur və öz kitabının 
yayımına qadağa qoyub deyir ki, mən kitabın konsepsiyasından 
imtina edirəm və monoqrafiyanı bir də təzədən yazacağam. 
     Amma  bizdə  əksinədir: qohumlar, tanışlar dahi 
şəxsiyyətlərin olum və ölüm tarixləri arasına vecsiz bir tire 
atmağa çalışırlar ki, amanın günüdür, birdən nəsə deyilsə, bir 
kimsənin xətrinə dəyə bilər, kiminsə üzüyünün qaşı düşə bilər. 
Söyləyirlər ki, sən onun həyatından yazma, sənətindən yaz. 
Onda  əla monoqrafiyalar yaranmır, atam-atam. Yaransa da, 
bestseller olmur. Əgər müəllif tədqiqatının qəhrəmanını öz 
əsəri çərçivəsində “diriltmirsə”, onu başqalarından ötrü maraqlı 
etmirsə, həmin monoqrafiya arxiv materialına dönür.  Nə isə... 
Hərə öz vicdanının qəbul elədiyi mənəvi hüdudlara görə 
cəmiyyəti refleksiya eləyir və buna əsasən həyatını qurur... 
Başlıca məsələ budur ki, heç kimi mühakimə etməyəsən... 
     Qayıdaq Azərbaycan teatrosunun əvəzsiz, təkrarsız 
Mehdisinə. 1935-ci ilin sonunda o, Bakıya dönür: üzgün, 
xəstəhal, yorğun. Bunun səbəbini onun hədsiz çalışqanlığında, 
məğrurluğunda, uğursuz sevgisində axtaranlar var. Lakin heç 
kim heç yerdə yazmayıb ki, 1935-ci ildə Mehdinin atası 
Əsədulla kişi dünyasını dəyişir (?). Soruşacaqsınız ki, niyə sual 
işarəsi var mötərizə içində. Məsələ bu ki, tarixi sənədlər bu 

______________Milli Kitabxana_______________ 
40 
faktı iki versiyada təqdim edir: 1945-ci ilin sentyabrında 
Azərbaycan Dövlət Teatr İnstitutunda müəllim vəzifəsini 
tutmaq üçün təqdim edilmiş avtobioqrafiyada Mehdi atasının 
qoca yaşlarında 1935-ci ildə öldüyünü öz əliylə yazıb. “Qoca 
yaş” bizim şüurumuzda hər halda 70-i keçmiş yaş  həddidir. 
Buradansa belə  çıxır ki, ya Əsədulla kişi gec evlənib; ya 
onların uzun müddət övladları olmayıb, ya da Sayalı xanım 
onun ikinci arvadıdır. Mən bunları güman  eləyərkən, adi 
faktlardan “kriminal oxu” variantı düzüb-qoşmaq bacarığımı 
göstərmək istəyərkən yenə  qəfildən (mən fakt axtarmıram, 
faktlar özü gəlib məni tapır) öyrəndim ki (yaşasın dedi-qodu 
zəncirinin yaratdığı folklor!), Əsədulla kişi Sayalı xanımdan 
çox-çox öncə ayrı bir qadınla kəbin kəsdiribmiş və bu izdivac 
Mehdiyə ögey bir bacı “bağışlayıbmış” ki, o da qardaşından 
yaşca xeyli böyük imiş... 
     Əgər  Əsədulla kişinin təxminən 70 yaşında vəfat etdiyini 
götürsək, deməli, Mehdi doğularkən, onun haradasa 50 yaşı 
olub (hələ  mən artığını hesablamıram). Niyə  mən bu fakt 
üzərində dayanıb mövzunu gəlişdirirəm? Məsələ bu ki, 
Əsədulla kişi rəhmətə gedəndə Mehdinin 20, Xəlilin 15, 
Teymurun isə 13 yaşı vardı. Beləliklə, hadisələrin real 
mənzərəsinin mozaikası... Gərçi  Əsədulla kişi 1935-ci ilin 
sentyabrına qədər dünyasını  dəyişsəydi, yəqin ki, Mehdi evin 
böyük oğlu kimi anasını kiçik qardaşlarının umuduna buraxıb 
Moskvaya yollanmazdı, ailəni təmin etmək qayğısı ilə 
yaşayardı. Deməli,  Əsədulla kişinin ölüm xəbəri Mehdini 
Moskvada haqlayır. Haqlayırmı? Yox, bu, əsla düz deyil. 
Doğrusu olanı odur ki, Mehdi 1945-ci ildə öz 
avtobioqrafiyasında atasının 1935-ci ildə öldüyünü öz əliylə 
yazanda səhv eləyib. Görünür, nəyisə unudub, yadından 
çıxarıb. Məsələ budur ki, 1936-cı il fevralın 13-ü tarixində 
Mehdi Moskvaya Rza Təhmasibə  ərəb  əlifbası ilə bir məktub 
göndərib. Həmin məktubda da göstərilir ki, Əsədulla kişi bərk 

______________Milli Kitabxana_______________ 
41 
xəstədir, can üstədir. Deməli, Mehdinin atası 1935-də yox, 36-
da vəfat eləyib. Məktubu oxuyaq: 
 
     “Hörmətli Təhmasib! 
     Bu 
vaxta 
qədər 
əgər məni xatırlamışsınızsa, deməli, 
töhmətləndirmişsiniz. Sizə  məktub yazmamaqda özümü müdafiə üçün 
səbəblər bulsam da, yenə təqsirli olduğumu etirafa məcburam. “Vaxtım 
olmamışdır” deyə bilmərəm. Nə  qədər təlaşlı  və münasibətsiz günlər 
keçirmiş olsam belə, bir məktub üçün imkan bulunardı. Qızarmış üzlə 
də olsa, yazmalıyam ki, bunun səbəbi qətiyyətsizlik və  tənbəllik 
olmuşdur. Odur ki, Sizə məktub yazmağa həvəsim yox idi. Bu tənbəllik 
ən zəruri işlərdə mənə mane olur. Mən yuxarıdakı “qətiyyətsiz” sözünü 
burada “iradəsiz” sözü ilə  əvəz edə bilərəm. Nə isə… İnanıram ki, bu 
səmimi etirafdan sonra məni bağışlarsınız. Sizə qarşı hörmət və 
məhəbbətim əskilməzdir. 
     Nədən yazım? Atam iki aya yaxındır ki, ağır surətdə xəstələnmişdir. 
Sağalmasına ümid yoxdur. Anam dəxi arada on gün maşara xəstəliyinə 
tutulub xəstəxanada yatdı.  İndi sağalmışdır. Evimizdə ah və iniltidən 
başqa bir şey yoxdur. Görünür, mən Bakıya bunları dinləmək üçün 
gəlməliymişəm. Mən istəməzdim ki, bunlar Sizdə bir dəqiqəlik də olsa, 
kədər doğursun. Mənə  də bunlar bir o qədər təsir etmir. Özüm də 
təəccüb edirəm. Atam gözümün önündə iki-üç dəfə olüm dəqiqələri 
keçirmiş. Mən isə tam laqeydliklə onlara tamaşa etmişəm. Atamın xəstə 
olduğunu yalnız evimizdə olduğum zamanlar xatırlayıram. Halbuki 
cocuqluğumda evimizdə birinin başı  ağrısaydı, o, yaxşı olana qədər 
onun yanında oturub sakit göz yaşı tökərdim. Bu, cocuqluğun həssaslığı 
imiş, artıq ondan bir nişanə qalmayıb. İndi mən özümün və evdəkinin 
acılarını çox soyuq və laqeyd qarşılayıram. Düşünürəm ki, bu kəskin 
dəyişkənlik olmasaydı, mənim indiki halım nə qədər fəna keçərdi. 
     Teatrodan  maaş alıram. Lakin heç bir iş aparmıram. Ehtimal ki, 
gələcəkdə  də aparmayam. Hazırda Maqbetin məşqləri gedir. Fevralın 
sonunda premyeradır. Məşqlərdə  iştirak etmədiyimdəm inək qabadiş 
haqqında yaza bilmərəm. Maqbetdən sonra “Şahnamə” hazırlanacaq. 
Daha nə yazım? Müalicəmi müvəqqəti saxlatdırmışam. Sağlamlığım… 
və vəziyyətim yaxşıdır. Moskvaya gəlməyi və orada, heç olmasa bir ay, 
qalmağı çox arzu edirəm. Lakin bəzi səbəblərdən gəlmək mümkün 
deyil. Artıq yazmaq üçün maraqlı bir şey yoxdur. Bəlkə bilirsiniz,  
burada Xalq Komissarları  Şurası yanında sərbəst incəsənət komitəsi 
təşkil edilmişdir. Komitənin naçalniki Ruhulla Axundov, müavinləri 
Çubar və Qulam Sultanovdurlar. Çubar maarif komissarı 
müavinliyindən azad edilmişdir. Maqbetin premyerasından sonra Sizə 

______________Milli Kitabxana_______________ 
42 
yenə  məktub yazaram. Əgər Həbib və  Şeyxov oradadırlarsa, məndən 
onlara salam söyləyin. Mən məktubuma cavab istəmirəm. Onun 
oxunması  mənim üçün sevindiricidir. Təsadüfən adresim lazım olsa, 
belədir: Баку, Сураханская, тупик №17, дом №5. Мамедов Мехти. 
                                                   
                      Hələlik, hörmətlə: Mehdi 
13/II-36” 
 
     Mən bu məktubu oxudum və elə bildim ki, mənə dünyanı 
bağışladılar. Mehdi haqqında heç bir qohum, heç bir tanış, heç 
bir professor belə  səmimi danışa bilməzdi. Birinci bu 
məktubdan o məlum olur ki, Mehdi ərəb əlifbasını mükəmməl 
öyrənibmiş. Harada? Nə zaman? Axı o yeddiillik məktəbdə və 
sonradan Teatr Texnikumunda latın qrafikası ilə  dərs keçirdi. 
Düzdür, latın qrafikası ilə paralel Azərbaycanda hələ müəyyən 
müddət  əski  əlifba da dövriyyədə idi: qəzetlər iki dildə çap 
olunurdu. Amma bununla belə  tədris müəssisələrində ciddi 
nəzarət edilirdi ki, latın qrafikasının prioriteti zaman-zaman 
gücləndirilsin. Ol səbəbdən Mehdinin ərəb  əlifbasını  məktub 
yazacaq səviyyədə yaxşı bilməsindən mən belə qənaətə gəlirəm 
ki, o, Bakıya köçməmişdən öncə Əsədulla kişinin iradəsilə iki 
ilə yaxın bir dövrdə, bəlkə bir az da artıq, olsun elə öz 
atasından, mollaxana təhsili alıbmış. Bu da Mehdinin 1915-ci 
ildə doğulması versiyasının xeyrinə  işləyir.  İkinci bu 
məktubdan o da məlum olur ki, Əsədulla kişi fevralda hələ ağır 
xəstə imiş. Deməli, onun ölüm tarixi 1936-cı ildir: haradasa 
fevral-mart aylarına təsadüf edir. Mümkün ki, A.V.Lunaçarski 
adına Dövlət Teatr Sənəti  İnstitutunun azərbaycanlı  tələbə-
rejissora verdiyi möhlət də elə Mehdinin atasının ağır fiziki 
durumu ilə  əlaqədardır. Mənə elə  gəlir ki, tədqiqatçılar 
Mehdinin rus dilinin öyrənilməsiylə bağlı problemlərini çox 
şişirdiblər. 1935-ci ilin sentyabrında onun yazdığı öhdəçilik 
buna  əyani bir sübutdur. Əslində, onun depressiyada 
bulunmasının mühüm şərtlərindən biri atasının ölüm yatağında 
uzanması, ailəsinin çətin iqtisadi vəziyyəti olub (Şuşadan 
Bakıya köçdükdən sonra onların yaşayışı daha da pisləşib, pul 

______________Milli Kitabxana_______________ 
43 
sarıdan sıxıntıları artıb). Evin böyük oğlu ailənin ağır 
günlərində geri dönməyə bilərdimi?  Əzizlərinin maddi 
vəziyyətini sahmana salmadan təhsilini özgə bir şəhərdə davam 
etdirmək Sayalı xanımın ilk övladına yaraşardımı? Əgər belə iş 
tutsaydı, qohum-əqrəba Mehdiyə  şəbədə etməzdimi? Bəziləri 
deyirlər ki, Mehdi ruhi xəstəxanada uzun müddət müalicə alıb. 
Boş söhbətdir. İzah edim niyə... Mehdi 1935-ci ilin dekabrında 
gəlir Bakıya, 1936-cı ilin sentyabrında yenidən qayıdır 
Moskvaya... Hanı burda bir illik möhlət? Barmaqlarınızı 
bükün, hesablayın: cəmi səkkiz ay eləyir. Cəfər Cəfərov 
möhlətin müddətini “bir il” yazıb, başqaları da fərqinə 
varmadan götürüb onu təkrarlayıblar. Olsa-olsa burada bir 
semestrlik möhlətdən danışmaq mükündür. Görünür, tədris 
ilindəki möhləti kimlərsə Mehdinin xəstələnmə faktoru ilə 
bağlı cuşa gəlib bir illik möhlət kimi yozublar. Mehdinin ruhi 
xəstəxanada müalicə alması  məsələsində  də  rəngləri (aktrisa 
Barat  Şəkinskayanın öz üçüncü əri Mehdi Məmmədovdan 
zarafatyana öc almaq, onu boşanmış qadın  ərköyünlüyü, 
cığallığı ilə  aşağılamaq xatirinə  ləzzətlə xatırladığı epizodlara 
istinadən) qatılaşdırmaq, tündləşdirmək, məncə, lazım deyil. 
Bu, psixoloji gərginliyin, yorğunluğun, yaşanılmış olayların, 
mühit dəyişkənliyinin nəticəsi olub, vəssalam. Mənim haqq 
söylədiyimi təsdiqləyən faktlar çoxdur. Biri elə Rza Təhmasibə 
məktub. Qiymətsiz sənəddir: bizə Mehdi səmimiyyətinin, 
Mehdi sadəliyinin qütblərini göstərir. O, R.Təhmasibin 
qınağından çəkinmədən, bu sənətçidən cavab gözləmədən və 
ummadan öz yaşantılarını ona olduğu kimi danışır,  
emosiyalarından utanmır, özünü gah tənbəllikdə, gah 
qətiyyətsizlikdə, gah iradəsizlikdə, gah laqeydlikdə 
günahlandırır. Amma bununla yanaşı... zarafatından da qalmır. 
Mən çox düşündüm ki, “inək qabadiş” kim ola bilər, özü də 
“Maqbet”in məşqlərində. “Maqbet”i tamaşaya o zaman 
A.A.Tuqanov hazırlayırdı. Fotolara baxdım və məhz onun kök, 
qabadiş simasını  şəkillərdən gördüm.. Mehdi sonralar bu 

______________Milli Kitabxana_______________ 
44 
adamın barəsində yaxşı bir mini monoqrafiya yazacaq və biz 
orada “inək qabadiş” ayamasına rast gəlməyəcəyik. Ancaq 
düzünü söyləyək ki, “inək qabadiş” ləqəbi Tuqanovun dəqiq 
ədəbi  şarjıdır, ona əntiqə yaraşır. Görünür, bəzi adamlar heç 
kəs duymasın deyə, Tuqanovu öz aralarında bu ayama ilə 
tanıdırlarmış.  
     Mehdinin  o  biri  məqalələri: bu məqalələr həm onun həyat 
faktlarına bir işıq salır, həm də teatr düşüncələrinə. Tələbə 
Mehdi 1936-cı ildə Bakıda qaldığı  təqribən 8 aylıq müddət 
ərzində respublika mətbuatında iki resenziya dərc elətdirir: 
“Maqbet” və  “Şahnamə”. Birinci tamaşa ilk dəfə göstərilib 
martın 15-də, ikinci tamaşa isə - may ayının 28-də. Buna 
müvafiq resenziyalardan biri martda, o biriysə iyunda qəzet 
səhifələrində teatr ictimaiyyətinə təqdim olunub. Deməli, 1936-
cı ilin martından Mehdi respublikanın teatr həyatına qoşulub, 
rus dili üzərində çalışıb, gələcək dərslərinə hazırlaşıb: bu onu 
bildirir ki, mart ayında Mehdinin səhhətiylə bağlı 
problemlərdən daha söhbət gedə bilməzdi. Qaldı yanvar, fevral 
ayları. Bu arada o, ata-anasının səhhəti, öz müalicəsiylə məşğul 
olub, naxoşun yastığının yanında oturub. Yəqin ki, fevraldan 
sonra atasının ölümü münasibətilə evdə yas mərasimi keçirilib. 
Bəs onda xəstəxanada nə vaxt  yatıb Mehdi? Rza Təhmasibə 
göndərilmiş  məktubdan öyrənirəm ki, onun müalicəsi qısa bir 
müddətə tamamlanıb. Yəni Mehdinin xəstəliyilə  əlaqədar 
söhbətlərin böyük əksəriyyəti şəhər folklorunun içində gəlişib, 
folklor mənşəli olub. 
     Bax,  bu  da  belə: nə bir artıq, nə bir əskik; real hadisələrin 
mozaikasından görünən olum və ölüm fakturası. 1936-cı ildə 
Mehdinin məqalələrində  sərgilənən güclü analitik pafos, 
inandırıcı  tənqid, məntiqli mühakimə yürütmək qabiliyyəti də 
bu insanın sağlam psixoloji bir durumda olduğunu təsdiqləyir. 
“Maqbet” tamaşasının quruluşçu rejissorunun Aleksandr 
Tuqanov (“inək qabadiş”) olmasına baxmayaraq Mehdi 
resenziyasının iki əsas fiquru, iki əsas qəhrəmanı vardı: cənab 

______________Milli Kitabxana_______________ 
45 
Şekspir və  cənab  Şərifzadə. Bu məqalənin birinci hissəsi ona 
həsr olunub ki, mən Azərbaycanda  Şekspir  əsərlərinin  əla 
bilicisiyəm; ikinci hissənin aparıcı leytmotivisə budur ki, 
Şərifzadə əla Maqbetdir. Öz resenziyası ilə Mehdi Məmmədov 
sanki deyirdi: “Mən rejissor Abbas Mirzəni birinci məqaləmdə 
tənqid eləsəm də, siz indi görürsünüz ki, o mənim aktyor 
idealımdır”. Buyurun, bu da həmin resenziyadan bir sitat: 
“Maqbet” tamaşası öz qələbəsi üçün hər şeydən əvvəl Maqbet və 
Ledi Maqbet rollarının qüdrətli ifaçılarına, Azərbaycan 
səhnəsinin böyük sənətkarları Abbas Mirzə  Şərifzadəyə  və 
Mərziyə xanıma borcludur. Maqbet obrazı tamaşada baş verən 
bütün hadisələri öz ətrafında toplayır və  əsas konflikti sanki öz 
daxilində  mərkəzləşdirir. Maqbet əsasən öz daxili aləmi ilə 
yaşayan obrazdır. Onun bütün mübadiləsi öz hissi, öz ehtirası və 
mühakiməsi ilədir. Aktyor bu daxili aləmdə  məharətlə yaşayır, 
obrazın psixoloji ziddiyyətlərini, odlu mühakimələrini, iztirablı 
tərəddüdlərini, sonralar isə getdikcə daşa dönən qəlbinin kin və 
qəzəbini məharətlə yaradır  (aktyor kin və  qəzəbi yarada bilərmi; 
aktyor kin və qəzəbi oynaya bilərmi? - A.T.). Lakin heyf ki, aktyor 
Maqbetin zahiri görkəmini, sifətini eybəcər cizgilərlə örtür. 
Maqbetin qatil sifətli olması vacib deyil. O hətta pyesin əvvəlində 
də  hələ müti və sadiq bir sərkərdə, təmiz bir adamdır. 
A.M,Şərifzadə özü də obrazın həyatını belə başlayır, düzgün 
inkişaf etdirir və onun faciəli ömrünü belə də sona çatdırır”.
41 
     1937-ci ildə Abbas Mirzəni güllələyəcəklər. 
      Mehdi  bu  zaman  Moskva  şəhərində kommunizm 
ideallarına sədaqətlə inana-inana təhsilini davam etdirəcək və 
bir də 1963-cü ildə A.M.Şərifzadə haqqında portret yazı 
işləyəcək; bu yazıda, bəlkə  də eyhamla, bəlkə  də üstüörtülü 
məna ilə, bəlkə də hamletcəsinə, yazacaq ki, 
“o, faciə ustası idi. 
Dünya dramaturgiyasının faciə repertuarında elə rol tapmaq 
çətindir ki, onun qarşısında Abbas Mirzə aciz qalsın. Faciə janrı 
onun stixiyası, onun əsl yaradıcılıq meydanı idi”;
42
  və Mehdi 
Məmmədov açıq mətnlə bu yazıda yazmayacaq ki,  sövet 
ideologiyasının ona “sırıdığı”, ona təhlükəsizlik orqanlarının 
metodu ilə təlqin etdiyi “siyasi düşmən” obrazı A.M.Şərifzadə 

______________Milli Kitabxana_______________ 
46 
kimi səhnəni titrədən bir nəhəngi  əlacsız, sısqa bir zavallıya 
döndərmişdi. 
     Hələliksə, 1936-cı ildir və Mehdi tərifindən də  çəkinmir, 
tənqidindən də: obyektivliyini də maksimal şəkildə qoruyub 
saxlayır, “Maqbet”i “gözəl tamaşa” adlandırmaqla yanaşı onun 
rejissor partiturasını qədərincə qüsurlu görür. 1936-cı ilin daha 
bir resenziyası rejissor İsmayıl Hidayətzadənin “Şahnamə” 
tamaşasına həsr olunub. Mehdi məqaləsinin yarısında 
pozitivlər, yarısında isə neqativlər sadalanıb çözülür: 
R.Mustafayevin bədii tərtibatı,  Ə.Əzimzadənin geyim və 
əlbəsə eskizləri, S.Paniyevin bəstələri,  Ə.Ələkbərovun, 
İ.Osmanlının, Abbas Mirzənin, Mərziyə xanımın, Sidqi 
Ruhullanın ifaları tamaşanın müsbət cəhətləri siyahısındadır; 
A.S.Gəraybəyliyə, Rza Əfqanlıya irad tutulur ki, onlar səhnədə 
öz personajlarının bədii səciyyəsinə adekvat oyun 
sərgiləmirlər. Amma bununla belə Mehdi tamaşanın mənalar 
spektrini, estetik rəngarəngliyini özündə fokuslaşdıran,  Şərq 
ekzotikasını emblemə çevirən,  Şərq mövcudluq tərzini 
markalaşdıran və bir çox sənətçilərin,  şünasların bəh-bəhlə 
bəyəndikləri səhnəni bəyənmir, onu rejissor fikrinə uyğun 
hesab eləmir: 
“Bazar səhnəsi  (tamaşanın estetikası üçün mühüm 
bir epizod - A.T.) Şərq koloriti, oriyental boyalar, tipik cizgilərlə 
yaranmışdır. Buna görə çoxlarının xoşuna da gəlir. Lakin “Şərq 
bazarı” müstəqil mövzu kimi, tamaşadan asılı olmayaraq, bizi 
maraqlandıra bilərmi? Tamaşadan, rejissor fikrindən kənarda 
bu səhnə  əlvan, bəzəkli,  şən, bu qədər canlı  və oynaq 
görünməməli idi. Çünki pyesdə deyilənlərə görə, məmləkət çətin 
vəziyyətdədir. Əhali aclıq, yoxsulluq, zillət içində yaşayır. Ticarət 
ölmüşdür. Müharibə bu çətinliyi bir qədər də artırmışdır. Bunu 
əks etdirən bir lövhə  əvəzinə bizim qarşımızda  şən musiqinin 
müşayətilə  dəbdəbəli, izdihamlı, qızğın alver təsvir edən səhnə 
açılır. Hətta  əyyarlar camaatı  əyləndirir. Xalqın güzəranını 
təsvir edən küçə  səhnələri və xalça karxanasındakı  əhvalat 
tamaşanın ruhuna, rejissor fikrinə uyğun və düzgün qurulduğu 
halda, bazar səhnəsi ümumi traktovkaya müvafiq 
qurulmamışdır”.
43
 Mehdi “Şahnamə”ni vahid üslublu, bədii 

______________Milli Kitabxana_______________ 
47 
obrazlı tamaşa” kimi dəyərləndirsə də, onu İ.Hidayətzadə üçün 
uğurlu bir addım saysa da, bu səhnənin  əleyhinə  çıxmaqla 
faktiki surətdə rejissorun təklif etdiyi milli teatr modelilə 
prinsipcə razı olmadığını bildirirdi. Bunun səbəbi o zaman 
aydınlaşacaq ki, nə vaxt Mehdi Məmmədov özünü rejissor 
kimi tanıdacaq. 
     Hələliksə, Moskva şəhəridir, xoşbəxt  əməkçilərin xoşbəxt 
partiya rəhbərlərinə verdiyi gurultulu xoşbəxt raportlar 
dövrüdür, oğulun atanı, qonşunun qonşunu, arvadın  ərini 
satdığı,  şeytanladığı illərdir, üzü qırmızı demaqoqların  ən ali 
dəyərləri amansızcasına təpiklədiyi bir zəmanədir. 1936-cı ildə 
rusların dahi teatr reformatoru K.S.Stanislavski öləcək... 1937-
ci ildə digər dahi rus rejissoru V.E.Meyerholdun özünü, adını, 
irsini teatr tarixindən silməyə çalışacaqlar... Realist rus teatr 
məktəbinin yetirmələri, K.S.Stanislavskinin tələbələri 
Moskvanın sənət mühitində lider mövqelərə yiyələnmək 
əzmində bulunacaqlar... və “sistem”i sovet teatr mədəniyyəti 
üçün doqmaya, peşəkarlıq möhürünə çevirəcəklər, əməkçilərin 
gurultulu raportlarından fışqıran  şadyanalıq aurasının içinə 
qatacaqlar... Mehdi də basma kağızı kimi Moskva teatr 
prosesinin bütün bu əlamətlərini özünə hopduracaq... 
     1937-ci il Moskvada Puşkin ilidir, ərəb mənşəli rus şairinin 
yubiley mərasimlərinin gurhagur vaxtıdır.... Bu təmtəraqlı şeir 
ilində, humanizmə görk olası Puşkin ilində,  şairlər qırılacaq... 
Cavid sürgün ediləcək, Müşfiq öldürüləcək... və başqa 
millətlərin adını bilmədiyim daha hansısa  şair və yazarlarının 
həyatına nöqtə qoyulacaq... Qəsdən bunu belə düşünmək 
olmaz... Qəribə deyilmi?! Şübhəsiz.  Kimsə ruslardan möhkəm 
öc alıb, Puşkinin bütün yubileylərinin məxmər təntənə pərdəsi 
üstünə əbədilik faciə ləkəsi salıb. Puşkini xatırlayanda həmişə 
37-nin qurbanları da xatırlanacaq! 37-ci il Aleksandr 
Sergeyeviçi də rusların  əlindən, faktiki surətdə, alır! Və  sən 
yenə  fələyin oyunlarına bax ki, həmin 1937-ci ildə bizim 
Mehdi Moskva şəhərində Dövlət Teatr Sənəti  İnstitutunun 

______________Milli Kitabxana_______________ 
48 
tədris səhnəsində Puşkinin “Boris Qodunov” pyesindən bir 
monoloqu azəri türkcəsində deklamasiya eləyir və bu an sanki 
bütün institut çevrilib ona baxır, onu görür. Mehdi diqqət 
mərkəzindədir! Pedaqoq və  tələbələr Mehdiyə istedadlı  bədii 
qiraət ustası kimi yanaşmağa başlayırlar. Bu dövrdə onun sənət 
müəllimi birbaşa K.S.Stanislavskidən dərs almış Nikolay 
Mixayloviç Qorçakov idi; o Qorçakov ki, sonralar 
“Stanislavskinin rejissor dərsləri” adlı  dəyərli bir kitab 
yazacaq. Məhz həmin bu Nikolay Mixayloviç Mehdini Moskva 
teatr mühitinin formatına salır; Mehdiyə kömək olur ki, öz 
psixoloji komlekslərindən yaxa qurtarsın, heç kimdən və heç 
nədən utanmasın. Elə bu əsnada tələbə Mehdi Məmmədov 
“faciənin atası” Esxilin dramaturgiyası barədə  məruzə 
hazırlayır və zamanı çatanda o qədər danışır ki, hamının baş-
beynini aparır... Görünür, bu nisbi uğursuzluq Mehdini heç də 
ruhdan salmayıb və o, “Boris Qodunov”dan hazırladığı 
monoloqu  əla ifa eləyib. Beləliklə, Mehdi qısa bir müddətdə 
məşhur və sevimli bir adam olur teatr institutunda. Onun 
məşhurluğunu təkcə ekstra çalışqanlığı, istedadı 
şərtləndirmirdi. Burada effektli kişi fakturasının və baritonal 
səsin də rolu az deyildi. Bir dəfə  “əməli təhlil metodu”nun 
gözəl bilicisi Aleksandr Mixayloviç Polamişevdən Mehdini 
necə xatırladığını soruşanda cavab verir ki, “... çox yaraşıqlı 
görkəmə malik birisi idi. Dəhlizdən keçəndə bütün qızlar 
çevrilib Mehdiyə baxırdılar və onun qızlarla heç vaxt heç bir 
problemi olmurdu. Yalnız bizim problemimiz vardı 
qızlarnan...” A.M.Polamişevin bu səmimiyyəti də göstərir ki, 
Mehdinin Moskva həyatı təkcə əziyyətli tədris illərindən, uzun 
sürən çalışmalardan, məşqlərdən ibarət deyildi. Burada 
əyləncəyə də yer tapılırdı, qızlara da və hətta... yəqin ki içkiyə 
də... 
     Bununla  belə... heç nə Mehdinin çalışmalarına xətər yetirə 
bilmirdi.  Əgər Mehdi öz teatr sevgisinə  nəyinsə naminə 
xəyanət etsəydi, Mehdi Mehdi olmazdı. Odur ki, 1939-cu ildə  

______________Milli Kitabxana_______________ 
49 
Mixail Yuryeviç Lermontovun anadan olmasının 125 illiyi 
şərəfinə keçirilən təntənələrdə Mehdi şairin “İfrit”  əsərindən 
müəyyən parçaları  tədris teatrının səhnəsindən moskvalılar 
üçün rus dilində əzbər söyləyir və... mükafata layiq görülür. Bu 
mükafat nədən ibarətdi, onu bilə bilmədim.  Əlbəttə ki, pul 
mükafatı Mehdiyə daha sərfəli olardı. Mən bunu yüz faizli 
əminliklə deyirəm. İş bu ki, Mehdi, 75 rubl miqdarında təqaüd 
almasına baxmayaraq, Moskvada ehtiyac içində yaşayırdı. Belə 
ki, evdən əlavə pul göndərəni yox idi.  
     Avropa  ölkələrinin birində,  əgər səhv etmirəmsə, ya 
Finlyandiyada, ya da Almaniyada, universitetin qarşısında  
postament üzərinə adi boz daş qoyulub, ortasında iri bir dəlik: 
abidə statusunda qavranılır. Soruşanda “bu nədir”, cavab 
verirlər ki, tələbənin cibidir, çünki adətən boş olur, deşik olur 
və orada heç vədə pul “dayanmır”.   
    Keçmiş zamanlarda tələbə bu boş cibini ovcuyla xamçalayıb 
həmişə vurnuxardı ki, özünə kitabı necə, hansı pula alsın. 
Mehdi də belə bir kasıb tələbə arzusuyla yaşayırdı:  Şekspirin 
külliyyatına sahib olmaq istəyirdi. Odur ki, bu sənət xiridarı, 
sənət fədaisi bir dəfə qəpiyi-qəpiyə calayıb pul yığır və nəhayət 
ki,  Şekspirin cildlərini  əldə eləyir. Bir gün... iki gün... beş 
gün... bir həftə... bir ay... Mehdinin maddi sıxıntısı azalmır ki, 
azalmır və o, məcbur olur Şekspir cildlərini bir-bir satmağa. 
“Sarı sim”ə dəyəsi bir not. Mənə şəxsən yaman bərk toxundu. 
Lakin Mehdi heç nədə geri qalmaq istəmirdi: həm Moskvanın, 
həm də Bakının teatr həyatında, sözün əsl mənasında, olmağa 
çalışırdı, bütün sənət hadisələrinə fiziki imkanları daxilində 
reaksiya verməyə, münasibət bildirməyə  səy göstərirdi. Onun 
Ədil  İskəndərova ünvanladığı  məktubu da mən elə bu 
kontekstdə oxudum və özüm üçün daha bəzi məsələləri 
konkretləşdirdim:   
                              
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin