Fəal dərsin qiymətləndirmə və refleksiya mərhələsi.
Qiymətləndirmə və ya refleksiya. Qiymətləndirmə şagirdlərin təlimdəki nailiyyətlərinin dəyərləndirilməsi prosesi olub konkret meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir. Qiymətləndirmə həmçinin istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmidir. Təkmilləşmək üçün vaxtında öz qüsur və nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətinin qiymətləndirmə və refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir. Fəal təlimin mühüm xüsusiyyətlərindən biri olan şagirdlərin müstəqil təlim (öyrənməyi öyrətmək), müstəqil özünü inkişaf vərdişlərinə yiyələnməsinə imkan yaradılmasını təmin etmək üçün dərs başa çatdıqdan sonra qiymətləndirmə və ya refleksiyanı həyata keçirərkən müstəqil Öyrənmə proseslərinin nəzərdən keçirilməsi və bunun nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun olardı.
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmilərdən biridir. Refleksiyanı həyata keçirmək üçün şagirdlərə onları yeni biliyin kəşfinə gətirib çıxarmış təlim hərəkətlərinin alqoritmini (addımlarını) izləməyə kömək edə biləcək bir neçə sual vermək kifayətdir. Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini və komponentlərini, nailiyyət qazanmaq üçün amilləri dərk etmiş olur. Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar. Bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər. Şagirdlərin işinin effektivlik dərəcəsi həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə, müxtəlif metodlarla və fərqli formalarda həyata keçirilə bilər.
Təlimin təşkili formaları müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə həyata keçirilən birgə fəaliyyətidir. Təlimin təşkili formaları müxtəlif meyarlara əsasən təsnif olunur: şagirdlərin sayına görə, öyrənmə yerinə görə, tədris məşğələlərinin müddətinə görə və s. Şagirdlərin sayına görə təlimin kütləvi, kollektiv, qrup, kiçik qrup və fərdi təşkilat formaları vardır;
Yerinə görə təlimin məktəb və məktəbdən kənar formaları vardır;
Təlimin müddətinə görə: klassik dərslər (45 dəqiqə), cüt məşğələlər (90 dəqiqə), qısaldılmış cüt məşğələlər (70 dəqiqə), “zəngsiz” dərslər (istənilən müddətdə keçilən dərslər).
Təlimin digər təşkilat formalarından üstünlük təşkil edəni sinif-dərs sisteminin əsas komponenti olan dərsdir. Dərs tədris prosesinin məna, vaxt və təşkili baxımdan bitkin kəsiyidir. Qısa müddətdə keçilməsinə baxmayaraq dərs tədris prosesinin mürəkkəb və məsul mərhələsidir. Dərs anlayışının əsas xüsusiyyətləri onun məqsədi, məzmunu, vasitələri, metodlarının olması və tədris fəaliyyətinin təşkilidir. Bu əsas xüsusiyyətlərin başlıcasını dərsin təhsil, tərbiyə və inkişaf məqsədləri təşkil edir. Dərsin təhsil məqsədinə riyazi bilik, bacarıq və vərdişlərin formalaşdırılması aid edilir. Dərsdə təlim ilə vəhdətdə tərbiyə və şagird şəxsiyyətinin inkişaf etdirilməsi həyata keçirilir. Təlimin tərbiyəedici təsirini gücləndirmək məqsədilə müəllim riyaziyyatın tərbiyələndirici imkanlarını diqqətlə təhlil etməli və hər bir dərsin tərbiyəvi məqsədini ayırmalıdır. Dərsin məqsədinə uyğun olaraq onun məzmunu seçilir. Tədris materialının seçilməsində müəllimə tədris proqramları, dərsliklər, metodik vəsaitlər, didaktik materiallar və s. kömək edir. Müəyyən optimal təlim metodunun seçilməsi mürəkkəb metodik məsələdir. Təlim metodunun seçilməsinə aid aşağıdakı tövsiyələr vardır. “Əgər seçilən metod onun asılı olduğu şərtlərdən heç olmasa birini ödəmirsə, onda metodun seçilməsi optimal deyildir: