Excel pəncərəsinin strukturu demək olar ki, Word mətn prosessorunun strukturuna oxşayır. Burada da baş menyu sətri, alətlər paneli, aktiv işçi kitab pəncərəsi, Excel-in sistem menyusunun düyməsi, Excel və sənəd pəncərəsinin ölçülərini idarə edən düymələr, vəziyyət sətri və fırlatma zolaqları var. Bu elementlər Word-un eyni adlı elementlərinin vəzifəsinə uyğundur. Əsas pəncərənin xarici görünüşünü müəyyən parametrləri seçməklə dəyişdirmək mümkündür.(şək.1)
Excel pəncərəsinin Word mətn prosessorunda olmayan elementlərini şərh edək.
Düsturlar sətri- cari xananın tərkibini əks etdirmək və redaktə etmək üçün nəzərdə tutulub. Sağ hissədə xananın tərkibi təsvir olunur ki, bunu da sətrin mərkəzində yerləşən düymənin köməyi ilə redaktə etmək mümkündür. Xanaya verilənlərin daxil edilməsi və onun tərkibinin redaktəsi bilavasitə xananın özündə həyata keçirilir. Düsturlar sətrində cədvəlin cari xanasına yazılan düstur əks olunur. Sol hissə sahələr adı adlanır və buradan aktiv xananın ünvanı, seçilmiş xanalar diapazonun adı və ya ölçüsü əks olunur.