1. Azərbaycan multikulturalizmin əsas xüsusiyyətləri



Yüklə 87,55 Kb.
səhifə3/8
tarix24.12.2023
ölçüsü87,55 Kb.
#193584
1   2   3   4   5   6   7   8
multikulturalizm

Yəhudilik (digər adları: iudaizm, musəvilik, yəhudi dini) dünyanın ən qədim monoteist dinlərindən sayılır. İbrahimi (yaxud səmavi) dinlər qrupunda yer alan iudaizm, eyni zamanda yəhudi xalqının dini-etnik kimliyini ifadə edir. Hazırda dünyada iudaizmin mənsubları hesab olunan yəhudilərin sayı 14 milyondan yuxarıdır. Yəhudiliyin ilk dövrü ilə bağlı yeganə mənbə “Tövrat”dır. Bu müqəddəs kitaba əsasən, yəhudiliyin kökləri İbrahim peyğəmbərə gedib çıxır. Belə ki, Mesopotamiyanın Ur şəhərində yaşayan İbrahim Tanrının istəyi ilə Kənan diyarına (hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlar. –Red.) köçmüşdür. “Tövrat”dakı rəvayətə görə, ilahi vədin təzahürü olaraq İbrahimin yaşlı vaxtında cariyəsi Həcərdən İsmayıl, sonra isə həyat yoldaşı Saradan İshaq adlı iki oğlu doğulmuşdur. Lakin Tanrı İshaqın oğlu Yaqubun soyundan gələnləri seçilmiş nəsil kimi tanıdığını bəyan etmiş və bu nəslin Kənan torpaqlarına sahib olacağına dair vəd vermiş, beləcə “İsrail övladları” adlanan nəsil meydana gəlmişdir. İbrahim peyğəmbərin digər oğlu İsmayıldan isə “İsmail oğulları” adlı nəsil törəmişdir. Bununla yanaşı, “Tövrat”ın “Yaradılış” kitabında İsrail övladlarının on iki qəbiləyə bölünməsindən bəhs olunmuşdur. Qeyd edək ki, tədqiqatçılar tərəfindən yəhudilərin əcdadlar dövründəki dini inancları ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzi araşdırmaçılara görə, yəhudilər arasında əcdadlar dövründə animist inanclar geniş yayılmış və çoxallahlılıq hökm sürmüşdür. Digər nəzəriyyəyə görə isə, hələ əcdadlar dövründə yəhudilər arasında monoteizm mövcud olmuşdur.
“Tövrat”ın “Yaradılış” kitabına görə, yəhudilərin Misirdəki tarixi Yaqub peyğəmbər və onun oğullarının bu ölkəyə köçməsi ilə başlayır. On iki qəbiləyə bölünən yəhudi xalqı Misirdə bir müddət firavan yaşamış, lakin sonradan qula çevrilmişlər. “Tövrat”a əsasən, Misirdə yəhudiləri köləlikdən Musa peyğəmbər xilas etmişdir. Rəvayətə görə, Horeb dağında Tanrı Musaya səslənmiş və ona İsrail övladlarını Misirdəki əsarətdən xilas etmək tapşırığını vermişdir. Bu hadisə Musanın peyğəmbərliyinin başlanğıcı hesab olunur. Rəbbin əmrini insanlara çatdıran Musa peyğəmbər bu işdə qardaşı Harunu özünə köməkçi götürmüşdür. Musanın rəhbərliyi altında yəhudilərin Misirdən çıxardılması, onların möcüzəvi şəkildə fironun zülmündən xilas olmaları, Sina dağında Tanrı ilə əhd bağlamaları İsrail övladlarının tarixində ikinci dönüş nöqtəsi sayılır. “Sina əhdi” adlanan bu razılıq zamanı Yahova (“Tövrat”a görə, Tanrının adı) tərəfindən Musaya “Tövrat” verilmişdir. Həmçinin Yahova yəhudilərə vəd etmişdir ki, İsrail övladları onun əmrinə uyğun şəkildə yaşayacaqları təqdirdə, onlar Tanrının seçilmiş milləti olacaq və Kənan torpaqlarını əldə edəcəklər. Buna baxmayaraq İsrail övladları vəd edilən Kənan torpaqlarına daxil ola bilməmişlər. Belə ki, Tanrının “On əmri”ni almaq üçün Musa peyğəmbər Sina dağına qalxır və orada qırx gün qalır. Bu zaman yəhudilər qızıldan buzov bütü düzəldərək ona ibadət etməyə başlayır və Musaya üsyan qaldırırlar. Bu xəyanətə görə, Tanrı onları qırx il səhrada yaşamağa məcbur edir və vəd olunmuş torpaqları onlara vermir. Rəvayətə görə, Musa 120 yaşında Moav ölkəsində (Qərbi İordaniya) vəfat etmişdir. Onun ölümündən sonra Yeşu peyğəmbərin başçılığı ilə Kənan torpaqları yəhudilər tərəfindən ələ keçirilmiş və on iki yəhudi qəbiləsi arasında bölüşdürülmüşdür. Yeşu peyğəmbərin ölümündən sonra bir müddət lidersiz qalan yəhudilər “Şoftim” adlanan hakimlər tərəfindən idarə olunmuşlar. Sonra isə onlara Samuel adlı peyğəmbər göndərilmişdir. Samuel İsrail övladlarına Saulu (Talut) kral təyin etmişdir. Saulun ölümündən sonra fələstinlilərlə döyüşdə böyük uğur qazanan Davudu Yəhuda qəbiləsi kral seçmişdir. Davud Yerusəlim (Qüds) şəhərini azad edərək birləşmiş İsrail krallığının paytaxtı elan etmişdir. Onun dövründə yəhudilər tərəfindən bütün Kənan diyarının fəthi yekunlaşmışdır. Davud yəhudi tarixinin ən mühüm şəxsiyyətlərindən biridir və peyğəmbər hesab olunur. Onun ölümündən sonra yerinə keçən oğlu Süleyman müdrik hökmdar kimi tanınmış və ona da peyğəmbərlik verilmişdir. Süleyman həmçinin Qüds şəhərində Moria təpəsində böyük məbəd inşa etdirmişdir. Rəvayətə görə, həmin məbəddə “Əhd sandığı” yerləşdirilmişdi. Bu sandıqda Sina dağında Tanrı tərəfindən Musaya verilən və üzərində on ilahi əmr həkk olunmuş daş lövhələr saxlanılırdı. O zamanlar Süleyman Məbədi yəhudilərin yeganə məbədi idi. Dini mərkəz rolunu oynayan həmin ibadətgahda dini məsələlər həll olunurdu. Buna görə də yəhudi tarixində sözügedən dövr “Birinci Məbəd dövrü” adlandırılır. Süleyman peyğəmbərin vəfatından sonra İsrail krallığı iki hissəyə parçalanmışdır. Belə ki, Yəhuda tayfası və Binyamin qəbiləsinin yarısı Süleymanın oğlu Rovoamı öz hökmdarı kimi tanımışdır. Bununla da paytaxtı Qüds şəhəri olan və Davudun nəsli tərəfindən idarə olunan Yəhuda krallığı meydana gəlmişdir. Digər on yəhudi qəbiləsi isə Rovoamın hakimiyyətini qəbul etməyərək I İyerovoamı öz hökmdarı kimi tanımış, nəticədə Şimali İsrail krallığı yaranmışdır. Müxtəlif hökmdar nəsilləri tərəfindən idarə olunan bu krallığın paytaxtı əvvəlcə Şxem (indiki Nablus), sonra isə Tirsa şəhərləri olmuşdur. Tövrata görə, I İyerovoam Yəhuda krallığı ilə əlaqəni tamamilə kəsmək üçün Qüdsdəki Süleyman Məbədinə alternativ olaraq Dan və Beytel şəhərlərində iki ibadət yeri tikdirmişdir. Habelə Süleyman Məbədinə gedişin qarşısını almaq üçün bayram günlərinin tarixini dəyişdirmişdir. Yəhudilər belə davranışı Tanrıya üsyan kimi qəbul etmişlər. Əhdi-Ətiqdə qeyd olunur ki, I İyerovoam və sonrakı krallar peyğəmbərlərin xəbərdarlıqlarına baxmayaraq, doğru yoldan azaraq bütpərəst olmuşlar. Odur ki, Tanrı Şimali İsrail krallığını cəzalandırmış, bu yəhudi dövləti Assuriya imperiyası tərəfindən işğal olunmuş və burada məskunlaşmış on yəhudi qəbiləsi sürgünə məruz qalmışdır. Tarixi mənbələrdə assurlular tərəfindən əsir alınan on qəbilənin aqibəti haqqında dəqiq məlumatlara rast gəlinmir. Həmin tayfaların sürgün edildikləri yerlərdə assimilyasiyaya məruz qaldıqları ilə bağlı nəzəriyyələr mövcuddur. Əksər yəhudilər on qəbilənin Məsih (gəlişi gözlənilən qurtarıcı.- Red.) dövründə vəd edilən torpaqlara qayıdacağına inanırlar. Şimali İsrail krallığının süqutundan sonra Yəhuda krallığı da e.ə. 586-cı ildə Babil kralı II Navuxodonosor tərəfindən işğal edilmişdir. Bu zaman Qüds şəhəri məhv edilmiş, 364 il mövcud olan Süleyman Məbədi dağıdılmış, Yəhuda krallığının əhalisinin xeyli hissəsi Babilə sürgünə göndərilmişdir. Beləliklə, yəhudi dövlətçiliyinə son qoyulmuşdur. Əlli ildən yuxarı davam etmiş Babil sürgünü və ya Babil əsarəti yəhudilərin dini həyatlarına təsir göstərmişdir. Vətəndən kənarda qapalı icma halında yaşamağa məcbur qalan yəhudilər üçün Tövrat birləşdirici rol oynamışdır. Babil əsarəti vaxtı yəhudilər Tövratı öyrənmək və birlikdə ibadət etmək üçün evlərdə toplaşmağa başlamışlar. Daha sonra ibadət etmək üçün onlar xüsusi binalar – sinaqoqlar (yunancadan tərcümədə “yığıncaq” mənasını verir. İvrit dilində “beyt knesset” – yəni “yığıncaq evi”) tikmişlər. Beləliklə, günümüzdə yəhudilərin dini həyatında böyük rol oynayan sinaqoqlar məhz Babil əsarəti dövründə yaranmışdır. Həmçinin məhz Babil əsarəti dövründə başqa xalqların nümayəndələri onları yəhudi adlandırmışdır. Çünki onlar əslən Yəhuda krallığından olmuşlar. İkinci Məbəd dövrü Yəhudilərin Babil əsarətinə Əhəməni imperiyasının banisi II Kir son qoydu. O, e.ə. 539-cu ildə Babilistanı tutaraq öz imperiyasının tərkibinə qatdı. Elə həmin il yəhudilərin öz vətənlərinə qayıtmalarına icazə verildi. Lakin yəhudilərin əksər hissəsi Babilistanda qalmağa üstünlük verdi. Həmçinin II Kir Süleyman Məbədinin bərpa olunmasını əmr etdi və bu ibadət yerinin inşası e.ə. 516-cı ildə başa çatdı. Beləliklə, yəhudi tarixində “İkinci Məbəd dövrü” başladı. 585 il davam edən İkinci Məbəd dövrü ərzində yəhudilər farsların, makedoniyalıların, yunanların hakimiyyəti altında yaşamışlar. Yalnız e.ə. 152- ci ildə onlar yəhudi dövlətini bərpa etməyə nail olmuşlar. Eramizdan əvvəl 37-ci ilədək mövcud olan bu yəhudi dövləti sonda qədim Roma imperiyasının vassalına çevrilmişdir. İşğal zülmündən əziyyət çəkən yəhudilər qədim Roma imperiyasına qarşı silahlı üsyan qaldırdılar. Bizim eranın 70-ci ilində bu üsyan amansızlıqla yatırıldı. Buna baxmayaraq, 132-135-ci illərdə yenidən üsyan qopdu. Bu üsyanların yatırılması nəticəsində Qüds şəhəri romalılar tərəfindən tamamilə dağıdıldı, İkinci Məbəd məhv edildi, yəhudi dövləti birdəfəlik Roma imperiyasının tərkibinə qatıldı. Beləliklə, İkinci Məbəd dövrü başa çatdı. Bu dövrdən etibarən yəhudilər bir daha dövlət qura bilmədilər. Belə vəziyyət 15 may 1948-ci ildə İsrail dövlətinin qurulmasınadək davam etdi. Qeyd edək ki, İkinci Məbədin yalnız qərb divarı günümüzədək gəlib çıxmışdır. “Ağlama divarı” adlanan bu tikili yəhudilər üçün müqəddəs sayılır. Onu da qeyd etmək lazımdır ki, İkinci Məbəd dövründə yəhudilərin dini dünyagörüşündə mühüm dəyişikliklər baş verdi. Bəzi alimlər hesab edirlər ki, İkinci Məbəd dövründə müxtəlif xalqların mədəniyyətləri ilə yaxından təmasda olan yəhudilər digər dini inancların təsiri altına düşmüşlər. Məsələn, bir sıra tədqiqatçıların fikrincə, İblis, mələk, öldükdən sonra cismən dirilmə və sorğusuala çəkilmə, qiyamət günü, cənnət və cəhənnəm haqqında inanclar yəhudi ənənəsinə zərdüştilikdən keçmişdir. Qüds şəhərindəki “Ağlama divarı”. Həmçinin İkinci Məbəd dövründə “Tora” (“Tövrat” və ya Musanın beş kitabı) yəhudilərin dini və dünyəvi həyatlarında əsas rol oynamağa başladı. Odur ki, İkinci Məbəd dövründə yəhudilər bu müqəddəs kitabın öyrənilməsi və şərhinə böyük əhəmiyyət vermişlər. Bu isə yəhudilikdə fariseylər adlanan dini-ictimai cərəyanın yaranmasına səbəb olmuşdur. Fariseylər cərəyanı yəhudi cəmiyyətinin müxtəlif təbəqələrinə məxsus olan azad düşüncəli şəxslərdən ibarət idi. Özlərini “Tora”nın öyrənilməsinə həsr edən fariseylər dini hökmləri gündəlik həyata uyğunlaşdırmağa çalışırdılar. İkinci Məbəd dövründə yəhudilər arasında fariseylərlə yanaşı, sadukkeylər və yesseylər adlı daha iki dini cərəyan təşəkkül tapmışdır. Sadukkeylər cərəyanı əsasən ruhanilərdən və varlı tacirlərdən ibarət olmuşdur. Fariseylərdən fərqli olaraq, sadukkeylər mühafizəkarlıqları ilə seçilir və dini hökmlərə hərfən riayət etməyə səy göstərirdilər. Zərdüştilikdən təsirlənən yesseylər cərəyanının mənsubları isə qapalı icma halında yaşayır, tərki-dünya həyat tərzi sürür, ruhaniləri riyakər sayır, qiyamətə hazırlaşaraq Xilaskarın (Məsihin) gəlişini gözləyirdilər.

Yüklə 87,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin