1. Azərbaycan multikulturalizmin əsas xüsusiyyətləri



Yüklə 87,55 Kb.
səhifə6/8
tarix24.12.2023
ölçüsü87,55 Kb.
#193584
1   2   3   4   5   6   7   8
multikulturalizm

3.Buddizmin tarixi
Buddizm eramızdan əvvəl I minilliyin ortalarında qədim Hindistanın şimal-şərqində yaranmışdır. Bu dövrdə Hindistanın məhz həmin bölgəsində yeni dini təlimin yaranmasına bir sıra faktorlar təsir göstərmişdir. Belə ki, kasta sisteminin hakim olduğu qədim veda dinində yüksək imtiyaz tanınan brahman sinfinin (ruhanilərdən ibarət ali təbəqə) bu bölgədə təsirləri nisbətən zəif idi. Kasta sisteminin digər nüfuzlu zümrəsi sayılan kşatrilərin (döyüşçü və dünyəvi hakimlər sinfinin) təsirləri isə əksinə daha güclü idi. Bundan başqa, həmin bölgədə dini prinsiplərə deyil, dünyəvi qanunlara əsaslanan dövlət quruculuğu prosesi gedirdi. Bu da sözügedən iki təbəqə arasında fikir ayrılığına, hətta konfliktlərin yaranmasına səbəb olurdu. Tədqiqatçıların fikrincə, məhz dünyəvi hakimlərə istinad edən Buddizm kasta sistemini tamamən rədd etmiş və bununla da brahmanizmə müxalif dünyagörüşü kimi meydana çıxmışdır. Qeyd etmək lazımdır ki, brahmanizm həmin tarixi dönəmdə dini ideya baxımından da ciddi böhran dövrünü yaşayırdı. Brahmanların təlimlərinin və formal icra olunan ayinlərin təsiri insanlar arasında getdikcə zəifləyirdi. Bunun əvəzinə şramanlar adlanan yeni, ənənəvi olmayan cərəyan təşəkkül tapmağa başlayırdı. Şramanlar zahid (asket) həyat tərzini seçən, daim səyahət edərək həyatın mənasını axtaran azad filosoflar kimi tanınırdılar. Onlar ənənəvi din xadimlərini (brahmanları) qəbul etmir, həyatın mahiyyətinin yoqa və fəlsəfə vasitəsi ilə dərk ediləcəyinə inanırdılar. Məhz belə şramanlardan biri Sakya qəbiləsindən olan və daha sonra “Budda” adı ilə məşhurlaşan Siddhartha Qautama idi. Siddharthanın hansı tarixlərdə yaşadığı, ümumiyyətlə, Buddizmin dəqiq yaranma tarixi barədə tədqiqatçılar arasında yekdil fikir mövcud deyil. Ona görə də şərti olaraq e.ə. 544-cü il UNESKO tərəfindən bu dinin yaranma tarixi kimi qəbul edilmiş və buna əsasən 1956-cı ildə Buddizmin 2500 illiyi qeyd olunmuşdur. Buddizmin mahiyyətini anlamaq üçün ilk növbədə Siddhartha Qautamanın ənənəvi həyat hekayəsini bilmək olduqca vacibdir. Buddizmin mənbələrində qeyd olunur ki, gələcək Budda döyüşkən Sakya çarlığının hökmdarı Suddhodananın ailəsində şahzadə olaraq dünyaya gəlmişdir. Paytaxtı Kapilavastu şəhəri olan bu kiçik dövlət Hindistanın şimal-şərqində, Himalay dağlarının ətəyində yerləşirdi (hazırda Nepalın ərazisidir). Ənənəyə görə, uşağın dünyaya gəlməsinə az qalmış anası, şahzadə Mahamaya, ata evinə yollanır. Lumbini kəndinin meşəliyində övladını dünyaya gətirir. Lakin yeddi gündən sonra o vəfat edir və dayəlik yeni doğulmuş şahzadənin xalasına həvalə olunur. Hökmdar Suddhodana övladının gələcəyini öyrənmək üçün məşhur münəccim Aşitаnı saraya çağırır və o, uşağın bədənində onun böyük şəxsiyyət olacağını göstərən otuz iki əlamət müəyyənləşdirir. Bu əlamətlər əsasında Aşita qeyd edir ki, balaca şahzadə gələcəkdə ya böyük bir hökmdar - bütün dünyanın hakimi (çakravartin), ya da həqiqəti dərk edəcək müqəddəs zahid (budda) olacaq. Bundan sonra uşağın adını Siddhartha Qautama qoydular. “Siddhartha” – “məqsədinə tam nail olmuş şəxs” mənasını verir. “Qautama” isə onun mənsub olduğu sülalənin adıdır. Suddhodana oğlunun gələcəkdə zahid deyil, onun yerinə keçəcək böyük hökmdar olmasını arzulayırdı. Bu məqsədlə o, övladının ömrü boyu həyatın mənası, əzab və ölüm haqqında fəlsəfi düşüncələrə meyllənərək zahid olmaması üçün onu xarici aləmdən təcrid edir, gözəl sarayda zənginlik və firavanlıq içində yaşamasını təmin edir. Hətta əhalinin qoca, xəstə və kasıb insanlarını paytaxt Kapilavastudan ayrı bir şəhərə köçürdür. Siddhartha məhz belə bir mühitdə böyüyür. Dövrünə görə yaxşı təhsil alan, öz yaşıdlarını həm elmdə, həm də idmanda üstələyən Siddhartha uşaqlıqdan düşünməyə, fikir yürütməyə meyl göstərir, xeyirxahlığı hər şeydən üstün tutur, kin, nifrət və düşmənçilikdən uzaq olmağa çalışır. On altı yaşında Siddhartha Yaşodhara adlı şahzadə qızla evlənir və Rahula adlı oğlu dünyaya gəlir. Hər şey atasının istədiyi kimi getdiyi halda 29 yaşlı Siddhartha ova getmək üçün ilk dəfə icazəsiz saraydan kənara çıxır və bu onun həyatını tamamilə dəyişir. Yolda şahzadə Siddharthanın qarşılaşdığı dörd hadisə onu həyatın məşəqqət və əzab-əziyyəti barədə dərin düşünməyə vadar edir və nəticədə o, mənəvi sarsıntı keçirir. Belə ki, şahzadə həyatında ilk dəfə dəfn mərasimi görür və anlayır ki, özü də daxil olmaqla bütün insanlar ölümlüdür. Nə var-dövlət, nə də səltənət ölümdən xilas etməyə qadir deyil. Daha sonra cüzama tutulmuş xəstəyə rast gəlir və başa düşür ki, hər bir insan xəstəliyə mübtəla ola bilər. Şahzadə bir müddət sonra pul istəyən dilənçi ilə qarşılaşır və var-dövlətin, ad-sanın mahiyyət etibari ilə ötəri və bihudə olduğunu anlayır. Nəhayət o, dünyadan əlini çəkərək zahidlik edən və bununla da həyatdan razı qalan müdrik bir qocaya rast gəlir. Qoca ilə görüşdən sonra şahzadə başa düşür ki, insanın zahidlik edərək öz nəfsinə yönəlməsi və daxili dünyasını dərk etməsi həyatın əzab-əziyyətinin səbəbini bilmək və ondan qurtulmağın yeganə yoludur. Rastlaşdığı hadisələrdən sonra şahzadə Siddhartha artıq dəbdəbəli sarayda rahat yaşaya bilmir və bir gün gecə yarı xidmətçisinin müşayiəti ilə sarayı tərk edir. Meşənin kənarında atını və qılıncını xidmətçiyə verir və onunla vidalaşır. Dünya həyatından əl çəkir, uzun saçlarını kəsdirib sadə geyim geyinir və meşəyə yollanır. Bununla da Siddhartha mənəvi axtarış yoluna – zahidliyə qədəm qoyur. Siddhartha əvvəlcə yuxarıda qeyd olunan müxtəlif şraman qruplara qoşulur və onların təlimlərini öyrənir. Şramanlar cəmiyyətdən kənar gəzərək, özlərini hər şeydən məhrum edir, ac qalmaq və digər üsullarla nəfslərini sınağa çəkirdilər. Onlar həmçinin yoqa və nəfəsin gimnastikası metodu ilə ruhun bədəndən asılılığını azaltmağa çalışırdılar. Siddhartha tezliklə şramanların bütün təlimlərini mənimsəyir, tətbiq edir, amma heç kimin davamçısına çevrilmir. Beş yoldaşı ilə birlikdə qidadan imtina edərək asketizmin sərt metodlarını tətbiq edir, lakin gəldiyi nəticələr insan, həyat və həqiqət mövzusunda axtardığı suallara cavab vermədiyindən onu razı salmır. Belə olan təqdirdə Siddhartha sərt zahidlikdən əl çəkir və yaxınlıqda yaşayan bir qızdan sadə, lakin kifayət qədər qidalı yemək (südlü düyü sıyığını) qəbul edir. Bunu görən ətrafındakı yoldaşları Siddharthanı dönük adlandırıb, tənha qoyub tərk edirlər. Siddhartha qatı zahidliyin əvəzinə nə nəfsin hər istəyinə boyun əyən, nə də bədəni zəiflədəcək qədər məhrum buraxan orta yol müəyyənləşdirir və meşənin dərinliyində tənha altı il yaşayır. Otuz beş yaşı olanda bir gün Neranjara çayının sahilində bodhi ağacının (əncir ağacının bir növü) altında oturur və and içir ki, həyatın, ölümün, əzab və əziyyətin həqiqi mahiyyətini və səbəbini dərk etməyənə qədər yerindən durmayacaqdır. O, meditasiya icra edir və dərin düşüncələrə dalır. Buddizmin mistik ənənəsində bildirilir ki, dərin düşüncə zamanı Siddharthanın ölüm və doğuş dünyalarına qalib gələcəyini görən şər qüvvə Mara vəsvəsə edərək onu əvvəlcə qorxutmağa, daha sonra qızlarının gözəlliyi vasitəsilə yoldan çıxartmağa çalışır. Lakin bütün bunlar Siddharthaya təsir etmir və Mara təslim olur. Siddhartha düçüncənin ən dərin qatlarına enəndə artıq ona əzab, əzabın səbəbləri, əzabın qurtarması və onun sona çatmasına aparan yollar barədə Dörd nəcib həqiqət aşkar olur. Bir az da dərinə enəndən sonra ona səbəb-asılılıq əlaqəsinin yaranmasının ümumi prinsipi aydın olur. Nəhayət, Siddharthanın dərrakəsi dördüncü mərhələyə çatır və zehnində nirvananın pozulmayan sükunət nuru parlayır. Bu vaxt o, trans (samadhi) vəziyyətinə düşür və artıq şahzadə Siddhartha Qautama şəxsiyyət kimi əriyib yox olur, əvəzində dünyaya aydınlanmış, oyanmış müdrik – Budda qayıdır. Həmçinin Buddizmin mistik ənənəsində qeyd olunur ki, Budda yeddi gün trans vəziyyətində qalır, səkkizinci gün bu haldan çıxır. Dərhal Mara yaxınlaşıb sonuncu dəfə onu yoldan azdırmağa çalışır. O, Buddaya təklif edir ki, heç yerə getmədən bodhi ağacının altında qalsın, qazandığı xoşbəxtlik hissindən həzz alsın, həqiqəti digər insanlara təbliğ etməsin. Lakin Budda bunu rədd edir və Hindistanın dini mərkəzlərindən biri olan Benaresə (Varanasi) yollanır. Benaresdə Maral parkında özünün Budda olduğunu elan edir və “Təlim təkərinin dönüşü” mövzusunda ilk möizəsini söyləyir. Buddanın ilk dinləyiciləri vaxtı ilə onu “dönük” adlandıraraq tərk edən beş zahid yoldaşı idi. Onlar Buddanı dinlədikdən sonra söylədiklərinə iman gətirirlər, beləliklə “sanqha” adlanan buddist icmasının ilk rahibləri olurlar. Siddhartha bundan sonra hər yerdə Budda Şakyamuni (Sakya qəbiləsinin aydınlanmış müdriki) kimi tanınır və ömrünün son qırx beş ilini Hindistanın şimal-şərqində yerləşən dövlətlərdə təlimini yaymağa həsr edir. Varlı tacir Anathapindada Koşala dövlətinin paytaxtı Şravasti şəhərinin yaxınlığında yerləşən meşəliyi yeni yaranmış icmaya bağışlayır. İcmaya qoşulanların sayı sürətlə artır. Budda qadınlar üçün də ayrı icma yaradır və beləliklə kişi rahiblərlə (bhikşu) yanaşı, qadın rahibələr (bhikşuni) meydana gəlir. Budda ailəsini və yaxın qohumlarını unutmayaraq öz məmləkətinə qayıdır. Başda atası hökmdar Suddhodana, həyat yoldaşı Yaşodhara olmaqla Buddizmin simvolu - Sansara Çarxı sakya qəbiləsi onu böyük sevinclə qarşılayır. Budda ilə söhbətdən sonra xanımı Yaşodhara və oğlu Rahula rahibliyi qəbul edirlər. Hökmdar Suddhodana vəliəhdsiz qalır və Buddadan söz alır ki, o bir daha ailənin bir oğul övladını valideynlərinin icazəsi olmadan icmaya qəbul etməyəcək. Budda buna söz verir və bu adətə indinin özündə də Buddizmin yayıldığı ölkələrdə ciddi riayət olunur. Buddanın məşhurluğu onun əmisi oğlu Devadattanın paxıllığına səbəb olur. O, əvvəllər də şahzadə Siddharthanın uğurlarını paxıllıqla qarşılayırdı. İndi isə Buddanı fiziki olaraq məhv etməyə cəhd göstərir, lakin uğursuzluğa düçar olur. Daha sonra icmanı daxildən parçalamaq üçün yalandan rahibliyi qəbul edir. Amma onun bütün fitnə-fəsadları ifşa olunur və o, icmadan rüsvayçı şəkildə qovulur. Zaman ötür, Budda yaşlanırdı. Mənbələrə görə, o, 80 yaşında Nayrancani çayının sahilində, Kuşinaqara adlanan yerdə tələbələri ilə vidalaşır, onlara öz güvvələrinə güvənmək və xilas olmaq naminə səylə çalışmaq barədə son məsləhətlərini verir. Daha sonra sağ tərəfi üstündə uzanır, üzünü şərqə çevirir, sağ əlini başının altına qoyaraq meditasiyaya qərq olur və əbədi nirvanaya qovuşur (parinirvana). Onun vəfatından sonra tələbələri adət-ənənə üzrə Buddanın nəşini yandırdılar. Hörmət əlaməti olaraq, ətraf dövlətlərin hökmdarları onun yanmış cəsədinin külündən bir hissə götürüb saxladılar. Daha sonra həmin külü “stupa” adlanan və konusvari formada inşa olunan xüsusi tikililərin içərisinə yerləşdirdilər. Budda sağlığında özündən sonra icmanı idarə etmək üçün heç kəsi təyin etməmişdir. Ona görə də onun vəfatından qısa müddət sonra tələbələri Rajagriha şəhərində toplaşaraq ilk böyük şura yığıncağı çağırdılar. Şuranın məqsədi Buddanın dediyi və öyrətdiyi bütün məsələlərin şifahi ötürülməsində səhvlərin baş verməməsini təmin etmək idi. Buddanın üç məşhur tələbəsi – Ananda, Mahakaşyapa və Mahamaudqalyayana hafizələrindən Buddanın fəlsəfi təlimini, moizələrini, nəsihətlərini, öyrətdiyi normaları, icmanın qayda və qanunlarını bir araya gətirirlər. Sonrakı dövrlərdə də buddist rahiblər arasında yaranmış müəyyən fikir ayrılıqlarını aradan qaldırmaq üçün üç böyük şura yığıncağı çağırılmış və imperator Aşokanın (e.ə. 273-232) bu məsələdə xüsusi xidmətləri olmuşdur. Ümumiyyətlə, Buddizmin tarixi baxımından e.ə. III əsrdə Hindistanda hakimiyyətdə olmuş imperator Aşokanın fəaliyyəti böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, Aşoka Buddizmi qəbul etdikdən sonra, onun geniş arealda yayılması istiqamətində tədbirlər görmüş, bu dinin təbliğatçılarını dəstəkləməklə onu dövrünün ən böyük dininə çevirmişdir.


Yüklə 87,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin